Yeqovanın xeyir–duası sənin üzərində yerinə yetəcəkmi?
“Əgər Allahın Rəbbin sözünü dinləsən, bütün bu bərəkətlər sənin üzərinə gələcək və sənə çatacaqlar” (TƏSNİYƏ 28:2).
1. İsraillilərin lə’nət və ya xeyir–dua almaları nədən asılı idi?
SƏHRADAKI 40 illik səyahətlərinin sonunda israillilər Moav düzənliyində düşərgə saldılar. Onlar, Və’d edilən diyarın lap yaxınlığında idilər. “Təsniyə” kitabını Musa elə həmin vaxt yazmışdı; bu kitabda bir sıra xeyir–dualar və lə’nətlər sadalanırdı. İsrail xalqı itaətkarlıqla “Rəbbin sözünü dinləsəydi”, xeyir–dualar onun üzərində yerinə yetərdi. Yeqova israilliləri Özünün “xüsusi xalqı” kimi sevir və qüdrətini onların rifahı üçün istifadə etmək istəyirdi. Lakin əgər Yeqovanı dinləməzdilərsə, onları hökmən lə’nət yaxalamalı idi (Təsniyə 8:10—14; 26:18; 28:2, 15).
2. Təsniyə 28:2 ayəsində “qulaq asmaq” və “çatmaq” kimi tərcümə edilən qədim ibrani fe’lləri hansı mə’nanı daşıyır?
2 Təsniyə 28:2 ayəsində “qulaq asmaq” kimi tərcümə edilən qədim ibrani fe’li, fasiləsiz hərəkəti bildirir. Yeqovanın xalqı Ona hərdənbir yox, daima qulaq asmalıdır. Allahın xeyir–duaları yalnız o zaman bu xalqın üzərində yerinə yetəcəkdir. “Yerinə yetmək” və “çatmaq” kimi tərcümə edilən qədim ibrani fe’li ovçuluqla bağlı olub, daha çox “çatmaq” və ya “yaxalamaq” mə’nasını daşıyır.
3. Nun oğlu Yeşunu nədə təqlid edə bilərik və bunu etmək nə üçün vacibdir?
3 İsrail xalqının başçısı olan Nun oğlu Yeşu, Yeqovaya qulaq asmağı qərara aldı və buna görə də xeyir–dualara sahib oldu. Yeşu dedi: “Kimə qulluq edəcəyinizi bu gün seçin; fəqət mən və evimin xalqı, biz Rəbbə qulluq edəcəyik”. Xalq cavab verdi: “Başqa ilahilərə qulluq etmək üçün Rəbbi buraxmaq bizdən uzaq olsun” (Yeşu 24:15, 16). Göstərdiyi gözəl əhval–ruhiyyə sayəsində Nun oğlu Yeşu, onun nəsli arasında Və’d edilən diyara keçmək şərəfinə layiq görülən azsaylı adamların sırasında oldu. Bu gün biz, daha gözəl Və’d edilən diyarın — cənnət dünyasının astanasındayıq. Həmin cənnətdə, Allahın gözündə lütf tapan insanlar, Nun oğlu Yeşunun günlərində İsrail xalqının ümid etdiyindən qat–qat artıq xeyir–dualar alacaqlar. Bu xeyir–dualar sənin üzərində yerinə yetəcəkmi? Əgər Yeqovaya daima qulaq assan, yerinə yetəcəkdir. Bunu etməkdə qətiyyətli olmağımız üçün, gəlin qədim İsrail xalqının tarixini, eləcə də bu xalq arasında ayrı–ayrı adamların ibrətverici nümunəsini nəzərdən keçirək (Romalılara 15:4).
Xeyir–dua, yoxsa lə’nət?
4. Süleymanın duasına cavab olaraq, Allah ona nə bəxş etdi və bu cür xeyir–dualara biz necə yanaşmalıyıq?
4 Demək olar ki, Süleyman padşahın rəhbərlik etdiyi illər ərzində Yeqova israillilərə bol–bol xeyir–dua verirdi. Onlar təhlükəsiz şəraitdə yaşayır və maddi cəhətdən inkişaf edirdilər (1 Krallar 4:25). Süleyman Allahdan var–dövlət xahiş etməsə də, onun zənginliyi barədə nəticədə rəvayətlər qoşuldu. Süleyman gənc və təcrübəsiz olarkən, Allahdan anlayışlı ürək dilədi. Yeqova, ona müdriklik və anlayış bəxş etməklə, həmin xahişə cavab verdi. Bunun sayəsində Süleyman, yaxşını pisdən ayırmağı bacararaq, xalqı lazımi qaydada mühakimə edə bilirdi. Allah Süleymana həm var–dövlət, həm də şan–şöhrət versə də, ruhani zənginliyin nə dərəcədə dəyərli olduğunu Süleyman gənclik illərindən dərk edirdi (1 Krallar 3:9—13). Maddi vəziyyətimizdən asılı olmayaraq, Yeqovanın lütfünə və ruhani zənginliyə malik olduğumuza görə minnətdar ola bilərik!
5. İsrail və Yəhudi xalqı Yeqovaya qulaq asmadığına görə nə baş verdi?
5 İsraillilər Yeqovanın xeyir–duasına görə minnətdarlıq göstərmədilər. Allaha qulaq asmadıqları üçün, xəbərdar olunduqları lə’nət onları yaxaladı. İsrail və Yəhuda padşahlıqları düşmənlər tərəfindən zəbt edildi, xalq isə əsir alındı (Təsniyə 28:36; 2 Krallar 17:22, 23; 2 Tarixlər 36:17—20). Bütün bu əzablara düçar olaraq, İsrail xalqı Yeqovaya daima qulaq asan kəslərin xeyir–dualara nail olduqlarını başa düşdümü? Sağ qalıb, eramızdan əvvəl 537–ci ildə vətənə qayıdan yəhudilərin, “anlayışlı ürəyə” malik olub olmadıqlarını və Allaha daima qulaq asmağın vacibliyini dərk edib etmədiklərini əməldə göstərmək imkanları vardı (Məzmur 90:12).
6. a) Yeqova nəyə görə Haqqay və Zəkarya peyğəmbəri xalqın yanına göndərdi? b) Allahın Haqqay vasitəsilə dediyi sözlərdə hansı prinsip əks olunur?
6 Vətənə qayıdan yəhudilər Yerusəlimdə qurbangah düzəltdilər və mə’bədi bərpa etməyə başladılar. Lakin düşmənləri tərəfdən göstərilən müqavimətə görə onların sə’yləri zəifləməyə başladı, tikinti işi isə dayandı (Ezra 3:1—3, 10; 4:1—4, 23, 24). Bundan əlavə, rahat həyat şəraiti yəhudilər üçün mə’bədin tikintisindən vacib olmağa başladı. Allah, xalqda həqiqi ibadətə sə’yi alovlandırmaq üçün, Haqqay və Zəkarya peyğəmbəri onların yanına göndərdi. Yeqova, Haqqayın vasitəsilə dedi: “Bu ev [ibadət evi] xarab ikən sizin üçün bəzəkli evlərinizdə oturmaq vaxtıdırmı?... Yollarınızı yaxşı düşünün. Çox əkdiniz, fəqət evə az gətirdiniz; yeyirsiniz və doymursunuz... muzd alan da dəlik kisə üçün muzd alır” (Haqqay 1:4—6). Maddi rifaha nail olmaq naminə ruhani mənafeləri qurban vermək, Yeqovanın xeyir–duasını gətirmir (Luka 12:15—21).
7. Yeqova nəyə görə yəhudiləri: “Yollarınızı yaxşı düşünün” — deyə də’vət edirdi?
7 Bütün vaxtlarını gündəlik işlərinə sərf edən yəhudilər unudurdular ki, Allahın yağmurlu və bəhrəli mövsümlər xüsusunda verdiyi xeyir–dualara, yalnız Ona itaətkar qaldıqları zaman ümid bəsləyə bilərdilər. İtaətkarlığı isə, hətta düşmənlər tərəfindən müqavimətlə toqquşarkən də göstərməli idilər (Haqqay 1:9—11). Bu səbəbdən, “yollarınızı yaxşı düşünün” çağırışı necə də yerində idi! (Haqqay 1:7). Əslində Yeqova onlara deyirdi: “Fikirləşin! Anlayın ki, tarlada çəkdiyiniz boş zəhmətinizlə Mənim ibadət evimdəki xarabalıq arasında bağlılıq var”. Peyğəmbərlərin Yeqovadan ilham almış sözləri nəhayətdə yəhudilərin qəlbinə yol tapdı: xalq işə başladı və b. e. ə. 515–ci ildə mə’bəd bərpa olundu.
8. Malakinin günlərində Yeqova yəhudilərə hansı çağırışla müraciət etdi və nəyə görə?
8 Sonralar, Malaki peyğəmbərin günlərində yəhudilər yenə ruhən zəifləməyə başladılar, hətta Allaha məqbul olmayan qurbanlar da gətirirdilər (Malaki 1:6—8). Belə olduqda, Yeqova onları də’vət etdi ki, məhsullarının onda birini anbara gətirsinlər və Onu sınasınlar: göylərin pəncərələrini onlara açmayacaqmı və lüzumundan artıq xeyir–dualar yağdırmayacaqmı? (Malaki 3:10). Yəhudilərin zəhmət çəkib alın təri ilə müəyyən şeylərə nail olmağa çalışmaları, doğrudan da ağılsızlıq idi, axı Allaha qulaq asardılarsa, həmin ne’mətləri onlara Allahın özü bol–bol verərdi! (2 Tarixlər 31:10).
9. Müqəddəs Kitabda xatırlanan hansı üç şəxsin həyatı haqqında öyrənəcəyik?
9 Müqəddəs Kitabda İsrail xalqının tarixindən əlavə Yeqovaya qulaq asıb asmadıqlarından, Ondan xeyir–dua və ya lə’nət aldıqlarından asılı olmayaraq, bu xalq içərisində yaşayan ayrı–ayrı şəxslərin həyatından da bəhs olunur. Gəlin görək həmin şəxslərin — Boaz, Nabal və Hannanın nümunələrindən nə öyrənə bilərik. Bunun üçün yaxşı olardı ki, Rut kitabını, həmçinin 1 Samuel 1:1—2:21 və 1 Samuel 25:2—42 ayələrini oxuyasınız.
Boaz Yeqovaya qulaq asırdı
10. Boaz və Nabal arasında hansı oxşarlıq vardı?
10 Boaz ilə Nabal müxtəlif dövrlərdə yaşamış olsalar da, onların arasında müəyyən oxşarlıq vardı. Misal üçün, onların hər ikisi Yəhuda torpağında yaşayırdı. Hər ikisi zəngin mülkədar olub, ehtiyac içində olanlara mərhəmət göstərmək imkanına malik idilər. Lakin onlar arasındakı oxşarlıq yalnız bundan ibarət idi.
11. Yeqovaya qulaq asdığını Boaz əməldə necə göstərdi?
11 Boaz, İsrail hakimlərinin dövründə yaşamışdı. O, insanlara hörmətlə yanaşırdı, biçinçiləri isə ona ehtiram bəsləyirdilər (Rut 2:4). Qanuna tabe olaraq, Boaz çalışırdı ki, kasıb və məzlum insanlar üçün tarlasında sünbüllər saxlasınlar (Levililər 19:9, 10). Boaz, Rut ilə Naomi haqqında biləndə və yaşlı qaynanasının maddi tələbatları üçün Rutun canıyananlıqla qayğı çəkdiyini görəndə nə etdi? O, Ruta xüsusi diqqət yetirdi və öz adamlarına tapşırdı ki, tarladan sünbül yığmağı Ruta qadağan etməsinlər. Boazın sözləri və məhəbbətdən irəli gələn əməlləri, onun Yeqovaya qulaq asmağı bacaran ruhən yetkin adam olduğuna şəhadət edirdi. Buna görə də, Allah ona lütf göstərdi və xeyir–dua verdi (Levililər 19:18; Rut 2:5—16).
12, 13. a) Boaz, müəyyən əmlakı geri almaq barədə Yeqovanın qanununa ehtiramını necə göstərdi? b) Allahın hansı xeyir–duaları Boazın üzərində yerinə yetdi?
12 Boazın Yeqovaya qulaq asdığına ən parlaq şəhadət, qohumun mülkünü geri almaq haqqında Allahın verdiyi qanununa riayət etməyə çalışaraq, alicənablıqla davranması oldu. Boaz, qohumunun — Naominin mərhum əri Elimelekin mirasının yenə Elimelekin evində qalması üçün əlindən gələni etdi. Levirat nikahın şərtinə əsasən, dul qadın mərhum ərinin yaxın qohumuna ərə getməli idi ki, onların doğulacaq oğulları varis ola bilsin (Təsniyə 25:5—10; Levililər 25:47—49). Rut, artıq qoca yaşında olduğuna görə uşaq doğa bilməyən Naominin əvəzinə ərə getməyə razı oldu. Elimelekin yaxın qohumu Naomiyə kömək etməyə boyun qaçırdıqdan sonra, Boaz Rutla evləndi. Onların oğulları Oved, Naominin nəsli və Elimelekin qanuni varisi sayılırdı (Rut 2:19, 20; 4:1, 6, 9, 13—16).
13 Allahın qanununa təmənnasız riayət etməsi Boaza bol–bol xeyir–dua gətirdi. O və Rut, oğulları Ovedin nəsil şəcərəsi vasitəsilə İsa Məsihin ulu valideynləri olmaq şərəfinə layiq görüldülər (Rut 2:12; 4:13, 21, 22; Matta 1:1, 5, 6). Boazın xeyirxah əməlləri göstərir ki, xeyir–dualar, başqalarına məhəbbət təzahür etdirən və Allahın tələblərinə müvafiq surətdə davranan kəslərin üzərində yerinə yetir.
Nabal Yeqovaya qulaq asmadı
14. Nabal necə adam idi?
14 Boazdan fərqli olaraq, Nabal Yeqovaya qulaq asmadı. O, Allahın “qonşunu özün kimi sevəcəksən” qanununu pozdu (Levililər 19:18). Nabal ruhani əhval–ruhiyyəyə malik deyildi; o, “kobud və işlərində pis” adam idi, hətta qulluqçuları da onu “yaramaz adam” sanırdılar. Buna münasib olaraq, onun daşıdığı Nabal adının mə’nası “axmaq” və ya “ağılsız” deməkdir (1 Samuel 25:3, 17, 25). Nabal, ehtiyac içində olan Davuda — Yeqovanın məsh edilmişinə kömək göstərmək imkanından istifadə etdimi? (1 Samuel 16:13).
15. Nabal Davudla necə davrandı və Abiqail, ərindən fərqli olaraq, nə etdi?
15 Davud və onun adamları Nabalın sürüsü yaxınlığında düşərgə salanda, onun sürüsünü quldurlardan müdafiə edirdilər, əvəzində isə Nabaldan haqq istəmirdilər. Onlar haqqında Nabalın çobanlarından biri dedi: “Gecə gündüz bizim üçün sipər oldular”. Lakin Davudun göndərdiyi adamlar yemək istədikdə, Nabal “onlara kobud cavab verdi” və gələn adamları əliboş qaytardı (1 Samuel 25:2—16). Nabalın arvadı Abiqail dərhal Davud üçün azuqə hazırladı. Qəzəbdən coşan Davud, Nabalı və onun adamlarını məhv etməyə hazır idi. Öz davranışı ilə Abiqail bir çoxlarının həyatını xilas etdi və Davudu qan tökməkdən saxladı. Amma Nabal öz xəsisliyində və kobudluğunda həddini aşdı. Təxminən 10 gün sonra “Rəbb Nabalı vurdu və o öldü” (1 Samuel 25:18—38).
16. Boazdan nümunə götürməyə və Nabal kimi olmamağa biz necə nail ola bilərik?
16 Doğrudan da, Boaz ilə Nabal arasında böyük fərq vardı! Gəlin var qüvvəmizlə çalışaq ki, Nabal kimi kobud və eqoist olmayaq. Əksinə, Boazın xeyirxahlığı və təmənnasız davranışından nümunə götürək (İbranilərə 13:16). Biz Pavelin məsləhətinə əməl edəriksə, buna nail ola bilərik; o yazırdı: “Deməli, nə qədər fürsətimiz varsa, hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq edək” (Qalatiyalılara 6:10). Bu gün, İsanın “başqa qoyunları”, yə’ni yer üzündə yaşamaq ümidi olan məsihçilər, Yeqovanın məsh edilmişlərinə — göylərdə əbədi həyat alacaq 144 000–dən hələ yer üzündə olanlara xeyirxahlıq etmək imkanına malikdirlər (Yəhya 10:16; 1 Korinflilərə 15:50—53; Vəhy 14:1, 4). İsa bu cür işləri, onun özünə edilən xeyirxahlıq kimi qəbul edir, bu xeyirxahlıqlar isə, Yeqovanın bol–bol xeyir–duasına səbəb olur (Matta 25:34—40; 1 Yəhya 3:18).
Hannanın sınaqları və aldığı xeyir–dualar
17. Hanna üçün sınaq olan nə idi və o, hansı əhval–ruhiyyəni təzahür etdirirdi?
17 Yeqovanın xeyir–duaları, Hanna adlı mö’min qadının üzərində də yerinə yetdi. Bu qadın, levit olan əri Elkana ilə, dağlıq ərazidə yerləşən Efraimdə yaşayırdı. Qanunun yol verdiyi üçün, Elkana Peninna adlı başqa bir qadınla da evlənmişdi. Peninnanın övladı vardı, amma Hanna sonsuz idi; bu isə, israilli qadın üçün rüsvayçılıq sayılırdı (1 Samuel 1:1—3; 1 Tarixlər 6:16, 33, 34). Hannaya təsəlli vermək əvəzinə, Peninna onu elə kədərləndirirdi ki, Hanna ağlayır və yemək yemirdi. Ən dəhşətlisi isə o idi ki, bu kədərli vəziyyət, onların ailəsi hər il birlikdə Şiloya Yeqovanın mə’bədinə getdiyi zaman “ildən ilə” təkrarlanırdı (1 Samuel 1:4—8). Peninna necə də amansız davranırdı və bu, Hanna üçün doğrudan da sınaq idi! Buna baxmayaraq, Hanna bu işdə heç zaman Yeqovanı təqsirkar tutmurdu və əri Şiloya gedəndə o da ərinə qoşulurdu. Şübhəsiz ki, Hanna əvvəl–axır bol–bol xeyir–dua almalı idi.
18. Hanna hansı nümunəni verdi?
18 Hanna, Yeqovanın müasir xidmətçilərinə, xüsusən də olsun ki, başqalarının tikanlı sözlərindən zərər çəkən kəslərə gözəl nümunə verdi. İnciklik olanda tənhalığa çəkilmək problemi həll etmir (Süleymanın məsəlləri 18:1). Hanna yol vermədi ki, mə’ruz qaldığı çətinliklər, Allahın Kəlamı öyrədilən və ibadət üçün Allahın xalqının toplaşdığı yerdə olmaq istəyini söndürsün. Bunun sayəsində, o, ruhən güclü qala bildi. Hannanın ruhən yetkin olması, etdiyi gözəl duada əks olunur; həmin dua 1 Samuel 2:1—10 ayələrində yazılıba.
19. Ruhani şeylərə görə minnətdarlığımızı necə ifadə edə bilərik?
19 Yeqovanın müasir xidmətçiləri olan bizlər, Allaha səyyar mə’bəddə ibadət etmirik. Buna baxmayaraq, Hanna kimi, ruhani şeylərə görə minnətdarlığımızı ifadə edə bilərik. Məsələn biz, məsihçi yığıncağının görüşlərində və konqreslərdə müntəzəm iştirak etməklə ruhani zənginlik üçün dərin təşəkkürümüzü bildirmiş olarıq. Gəlin, “qorxmadan qüdsiyyət və salehliklə bütün ömrümüz boyu Onun hüzurunda ibadət” etməyə bizi layiq görən Yeqovaya etdiyimiz həqiqi ibadətdə bir–birimizə dayaq olmaq üçün bu cür imkanların hamısından istifadə edək (Luka 1:74, 75; İbranilərə 10:24, 25).
20, 21. Allaha sadiq qaldığı üçün Hanna necə mükafatlandı?
20 Yeqova Hannanın sadiqliyini gördü və bu qadına bol–bol mükafat verdi. Şiloya hər il etdikləri ziyarətin birində, gözüyaşlı Hanna səmimi qəlbdən Allaha dua edib, söz verdi: “Ey orduların Rəbbi, əgər gerçəkdən öz cariyənin düşkünlüyünə baxarsan və məni xatırlarsan və cariyəni unutmazsan və cariyənə bir oğlan uşağı verərsən, həyatının bütün günlərində onu Rəbbə verəcəyəm” (1 Samuel 1:9—11). Allah Hannanın yalvarışını eşidib, ona bir oğul ilə xeyir–dua verdi; Hanna oğlunu Samuel adlandırdı. Uşaq ana südündən kəsiləndə, səyyar mə’bəddə xidmət etsin deyə, Hanna onu Şiloya apardı (1 Samuel 1:20, 24—28).
21 Hanna, Samuel haqqında verdiyi əhdini yerinə yetirməklə, Allaha məhəbbət təzahür etdirmiş oldu. Düşünün: sevimli oğullarının Yeqovanın səyyar mə’bədində xidmət etməsi Hanna və Elkana üçün necə də böyük xeyir–dua idi! Bu kimi sevinc və xeyir–duanı, övladları tammüddətli və xüsusi pioner, Beyt–Eldə könüllü xidmətçilər kimi və ya xidmətin başqa növlərində Yeqovaya izzət verdikləri üçün bir çox məsihçi valideynlər də duyurlar.
Yeqovaya həmişə qulaq asın!
22, 23. a) Yeqovaya qulaq asırıqsa, nəyə əmin ola bilərik? b) Növbəti məqalədə nədən bəhs ediləcəkdir?
22 Əgər Yeqovaya həmişə qulaq asırıqsa, nəyə əmin ola bilərik? Allahı ürəkdən sevib, Ona həsr olunmağımıza müvafiq yaşayırıqsa, ruhən zəngin olacağıq. Hətta bu cür həyat tərzi ciddi problemlərlə bağlı olsa da, Yeqovanın təsəvvürümüzə gətirə bilmədiyimiz xeyir–duaları mütləq bizim üzərimizdə yerinə yetəcəkdir (Məzmur 37:4; İbranilərə 6:10).
23 Gələcəkdə Allahın xalqı üzərinə çoxsaylı xeyir–dualar yağacaqdır. “Böyük... izdiham”, Yeqovaya qulaq asdığına görə “böyük məşəqqətdən” sağ çıxacaq və Allahın yeni dünyasındakı həyatdan həzz alacaq (Vəhy 7:9—14; 2 Peter 3:13). Yeqova orada öz xidmətçilərinin düzgün arzularını tə’min edəcəkdir (Məzmur 145:16). Növbəti məqalənin göstərəcəyi kimi, Yeqovaya qulaq asan kəslər, yuxarıdan olan “hər bir yaxşı bəxşiş və hər kamil hədiyyəni” artıq indidən alırlar (Yaqub 1:17).
[Haşiyə]
a Hannanın sözlərilə, Məsihin anası olacağını bildikdən tez sonra Məryəmin dediyi sözlərdə bir oxşarlıq var (Luka 1:46—55).
Yadınızdadırmı?
• İsrail xalqının tarixini nəzərdən keçirdikdə, Allahın xeyir–duaları haqda nəyi öyrənirik?
• Boaz və Nabal bir–birindən nədə fərqlənirdilər?
• Biz Hannadan nədə nümunə götürə bilərik?
• Yeqovaya nə üçün qulaq asmalıyıq?
[8-ci səhifədəki şəkil]
Süleyman padşah Allahdan anlayışlı ürək dilədi, Yeqova da ona müdriklik bəxş etdi.
[10-cu səhifədəki şəkil]
Boaz insanlara hörmət və xeyirxahlıqla yanaşırdı.
[13-cü səhifədəki şəkil]
Yeqovaya e’tibar etdiyinə görə, Hanna bol–bol xeyir–dua aldı.