Allahın məhəbbətindən bizi kim məhrum edə bilər?
“Biz Onu sevirik, çünki O bizi birinci sevmişdir” (1 YƏHYA 4:19).
1, 2. a) Sevildiyimizi bilmək bizim üçün nəyə görə vacibdir? b) Kimin məhəbbətinə daha çox ehtiyacımız var?
SEVİLDİYİNİZİ bilmək sizin üçün nə dərəcədə vacibdir? İnsan həmişə - körpəlikdən qocalana qədər - məhəbbətə ehtiyac duyur. Ananın qucağında nəvazişlə tutduğu körpəni heç seyr etmisinizmi? Ətrafda nə baş verirsə versin, anasının mehriban gözlərini gördüyü müddətdə körpə özünü, sevən ananın qucağında rahat və təhlükəsiz hiss edir. Bəs coşğun yeniyetməlik illərində bə’zən hansı vəziyyətdə olduğunuzu xatırlayırsınızmı? (1 Saloniklilərə 2:7). Bu yaşda, nə istədiyimizi hərdən özümüz də bilməmişik, hətta hisslərimizi belə anlamamışıq. Lakin ata və anamızın bizi sevdiklərini bilmək necə də vacibdir! Məgər bütün problem və suallarınızla valideynlərinizə müraciət edə biləcəyinizi fikirləşəndə, rahatlıq duymurdunuzmu? Bəli, həyatımız boyu başqaları tərəfindən sevilməyə daha çox ehtiyac duyuruq. Başqalarının məhəbbəti, bizi, onlar üçün dəyərli olduğumuza əmin edir.
2 Valideynlərin sönməz məhəbbəti, insanın düzgün inkişaf etməsi və təmkinli olması üçün vacibdir. Lakin ruhani və emosional rifahımız üçün, səmavi Atamız Yehovanın bizi sevdiyini bilmək daha zəruridir. Olsun ki, əlinizdəki jurnalın bə’zi oxucularını valideynləri heç vaxt əsl mə’nada sevməyiblər. Əgər bu sözlər sənə də aiddirsə, onda ruhdan düşmə. Əgər sən valideyn məhəbbətini dadmamısan və ya bu məhəbbət sənə həddindən artıq az ifadə olunubsa da, onu Allahın tükənməz məhəbəti əvəz edə bilər.
3. Yehova xalqını öz məhəbbətinə necə əmin etdi?
3 Yehova, İşaya peyğəmbərin vasitəsilə bildirdi ki, ana özünün südəmər uşağını “unuda bilər”, amma Allah öz xalqını heç zaman unutmayacaq (İşaya 49:15). Davud da əminliklə deyirdi: “Anam və atam məni buraxdıqları zaman, Rəbb mənə himayəçilik edər” (Məzmur 27:10). Doğrudan da ruhlandırıcı sözlərdir! Hansı vəziyyətdə olsan da, əgər Yehova Allahın həsr olunmuş xidmətçisisənsə və Onunla şəxsi münasibət inkişaf etdirmisənsə, həmişə yadda saxlamalısan ki, Yehovanın sənə bəslədiyi məhəbbət, hər bir insanın məhəbbətindən üstündür!
Özünüzü Allahın məhəbbətində saxlayın
4. Birinci əsrdə yaşamış məsihçilər Allahın məhəbbətinə necə əmin oldular?
4 Sən, Yehovanın məhəbbəti haqqında ilk dəfə nə vaxt öyrənmisən? Yəqin ki, sənin başına gələn əhvalat, birinci əsrdəki məsihçilərin əhvalatına bənzəyir. Pavelin romalılara yazdığı məktubun 5-ci fəslində, bir zamanlar Allahdan üz döndərmiş günahkarların Yehovanın məhəbbəti haqda necə öyrəndikləri səlis dildə təsvir edilir. Həmin fəslin 5-ci ayəsində oxuyuruq: “Müqəddəs Ruh vasitəsilə Allahın məhəbbəti ürəklərimizdə dolub daşır”. Pavel 8-ci ayədə əlavə edir: “Allah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü”.
5. Allahın məhəbbətinin dərinliyini qiymətləndirməkdə sənə nə kömək etdi?
5 Bunun kimi, Allahın Kəlamından həqiqəti öyrəndikdə və iman təzahür etdirdikdə, Yehovanın müqəddəs ruhu sənin qəlbində fəaliyyət göstərməyə başladı. Elə bunun sayəsində, Yehovanın öz sevimli Oğlunu sənin uğrunda ölməyə göndərərək etdiyi işin bütün əhəmiyyətini dərk etməyə və qiymətləndirməyə başladın. Bununla da Yehova sənə kömək etdi ki, Onun insanları nə dərəcədə çox sevdiyini öyrənəsən. Sən, Yehovanı tanımayan günahkar bir şəxs kimi doğulduğuna baxmayaraq, Onun insanlara saleh e’lan edilmək və əbədi həyata nail olmaq imkanı verdiyini anladıqda, məgər bu sənin ürəyinə tə’sir göstərmədimi? Yehovaya qarşı məhəbbət hissi duymadınmı? (Romalılara 5:10).
6. Nəyə görə bə’zən özümüzü Yehovadan uzaq hiss edə bilərik?
6 Səmavi Atamız məhəbbəti ilə səni özünə cəlb etdikdən və sən həyatını Ona məqbul olacaq tərzdə dəyişdikdən sonra, özünü Allaha həsr etdin. İndi Allahla sülh münasibətindəsən. Bə’zən özünü Yehovadan uzaq hiss edirsənmi? Belə hisslər hər birimizdə yarana bilər. Lakin gəlin, Allahın dəyişməz olduğunu həmişə yadda saxlayaq. Onun məhəbbəti, Yer kürəsinə daim isti işıq şüalarını göndərən Günəş kimi, əbədi və dəyişməzdir (Malaki 3:6; Yaqub 1:17). Bunun əksinə olaraq, biz, müvəqqəti də olsa dəyişə bilərik. Yer fırlandıqca planetin yarısı qaranlığa qərq olur. Buna bənzər vəziyyət bizimlə də baş verər: əgər bir az da olsa Allahdan uzaqlaşarıqsa, Onunla olan münasibətimizin soyuduğunu hiss edə bilərik. Belə vəziyyəti düzəltmək üçün nə edə bilərik?
7. Özümüzü yoxlamaq, Allahın məhəbbətində qalmaqda bizə necə kömək edə bilər?
7 Əgər nəyinsə bizi Allahın məhəbbətindən ayırdığını hiss ediriksə, özümüzdən soruşmalıyıq: “Allahın məhəbbətinə adi bir şey kimimi yanaşıram? İmanda zəifləyərək, yaşayan və sevən Allahdan tədricən üz döndərirəmmi? Öz fikirlərimi “ruhani” deyil, “cismani” şeylərəmi yönəldirəm?” (Romalılara 8:5-8; İbranilərə 3:12). Əgər biz Yehovadan uzaqlaşmışıqsa, yaranan vəziyyəti düzəldərək, Onunla münasibətimizi yenidən yaxın və səmimi etmək üçün tədbirlər görməliyik. Yaqub bizi təşviq edir: “Allaha yaxınlaşın, O da sizə yaxınlaşar” (Yaqub 4:8). Gəlin, Yəhudanın sözlərini də dinləyək: “Sevimlilər, özünüzü son dərəcə müqəddəs olan imanınızın təməli üzərində inkişaf etdirin və Müqəddəs Ruhla dua edin... özünüzü Allahın məhəbbətində saxlayın” (Yəhuda 20, 21).
Dəyişən şəraitlər Allahın məhəbbətinə tə’sir göstərmir
8. Həyatımızda qəfildən hansı dəyişikliklər baş verə bilər?
8 İndiki əşyalar sistemindəki həyat çoxsaylı dəyişikliklərlə bağlıdır. Süleyman padşahın müşahidəsinə əsasən, insanların “hamısı üçün vaxt və təsadüf” mövcuddur (Vaiz 9:11). Həyatımız bir an içində kəskin surətdə dəyişə bilər. Bu gün sağlamıq, sabah isə ciddi xəstəliyə tutula bilərik. Bu gün işimiz sabit göründüyü halda, sabah işsiz qala bilərik. Ölüm, soruşmadan bizə əziz olanları həyatdan apara bilər. Bə’zi ölkələrdə məsihçilər bir müddət rahat şəraitlərdə yaşayır, sonra isə qəfildən bir yığın tə’qiblərə mə’ruz qalırlar. Olsun ki, bizi nədə isə yalandan ittiham edirlər və biz başqaları tərəfindən ədalətsiz münasibətlərə düçar oluruq. Bəli, həyatımız heç də sabit və tam təhlükəsiz deyil (Yaqub 4:13-15).
9. Romalılara olan məktubun 8-ci fəslinin bə’zi hissələrini nəzərdən keçirəmək bizim üçün nəyə görə faydalı olacaq?
9 Gözlənilmədən bizə bir fəlakət üz verəndə, özümüzü tərk olunmuş hiss edib, hətta Allahın bizi əvvəlki kimi sevmədiyini də düşünə bilərik. Bu hamının başına gələ bilər. Buna görə də, həvari Pavelin romalılara yazdığı məktubun 8-ci fəslindəki təsəlliverici sözlər üzərində dərindən düşünməyimiz faydalı olacaq. Pavel həmin sözləri müqəddəs ruhla məsh edilmiş məsihçilərə yazmışdı. Lakin bu sözlər, əsas e’tibarilə, saleh e’lan olunan və məsihçilikdən əvvəlki dövrlərdə yaşayıb, İbrahim kimi, Allahın dostları adlanan başqa qoyunlara da tətbiq edilir (Romalılara 4:20-22; Yaqub 2:21-23).
10, 11. a) Düşmənlər Allahın xalqını bə’zən nədə ittiham edirlər? b) Bu ittihamlar nəyə görə məsihçilər üçün heç bir əhəmiyyət daşımır?
10 Romalılara 8:31-34 ayələrini oxuyun. Pavel soruşur: “Əgər Allah bizimlədirsə, kim bizə qarşı ola bilər?” Əlbəttə, Şeytan və onun pis dünyası bizə qarşı çıxır. Hətta məhkəmələrdə belə, düşmənlərimiz bizi yalandan ittiham edə bilərlər. Hərdən məsihçi valideynlər, övladlarının Allahın qanununa zidd olan tibbi üsullarla müalicə olunmalarına və ya onlara bütpərəst bayramlarda iştirak etməyə icazə vermədikləri üçün, öz övladlarının düşməni hesab olunurlar (Həvarilərin işləri 15:28, 29; 2 Korinflilərə 6:14-16). Sadiq məsihçilərdən bə’zilərini müharibə illərində insanları öldürmədiklərinə və ya siyasətdə iştirak etmədiklərinə görə, onlardan kimi isə hakimiyyətə zidd gedən təşviqatda ittiham edə bilərlər (Yəhya 17:16). Bə’zi rəqiblərimiz isə, kütləvi informasiya vasitəsilə böhtanlar yayıb, yalandan Yehovanın Şahidlərinin təhlükəli təriqət olduğunu iddia edirlər.
11 Amma gəlin həvarilərin günlərində deyilənləri unutmayaq: “Bizə mə’lumdur ki, bu təriqətə qarşı hər yerdə söz söylənir” (Həvarilərin işləri 28:22). Məgər yalan ittihamların bir əhəmiyyəti varmı? Axı, məsihçiləri saleh e’lan edən Allahdır və bu zaman O öz xidmətçilərinin Məsihin fidiyə qurbanlığına olan imanlarına əsaslanır. Xidmətçilərinə ən dəyərli hədiyyəni - öz sevimli Oğlunu verdikdən sonra Yehovanın onlara olan məhəbbəti necə soyuya bilər? (1 Yəhya 4:10). Məsih indi, ölülərdən dirildildiyi və Allahın sağında oturduğu bir vaxtda, məsihçilər üçün vasitəçidir. Məsihin öz davamçılarına təqdim etdiyi mühafizənin tutarsız olduğunu kim sübut edə bilər? Yaxud, Allahın öz sadiqlərinin xeyrinə qəbul etdiyi qərarı kim yalana çıxara bilər? Heç kim! (İşaya 50:8, 9; İbranilərə 4:15, 16).
12, 13. a) Hansı şərait və ya vəziyyətlər bizi Allahın məhəbbətindən ayıra bilməz? b) Bizə çətinliklər törətməklə İblis nəyə nail olmaq istəyir? c) Məsihçilər nə üçün həmişə qalib gəlirlər?
12 Romalılara 8:35-37 ayələrini oxuyun. Özümüzdən başqa, bizi Yehovanın və Onun Oğlu İsa Məsihin məhəbbətindən kim və ya nə ayıra bilər? Şeytan yer üzündəki qulluqçuları vasitəsilə məsihçiləri bir sıra əziyyətlərə düçar edə bilər. Keçən yüzillikdə bir çox məsihçi qardaş-bacılarımız çox ölkələrdə şiddətli tə’qiblərə mə’ruz qalmışlar. Bu gün qardaşlarımız bə’zi ərazilərdə gündəlik iqtisadi çətinliklərlə qarşılaşırlar. Bə’ziləri aclıq çəkir və ya geyməyə paltar tapmırlar. Bütün bu çətinlikləri yaratmaqla İblis nəyə nail olmaq istəyir? Onun məqsədlərindən biri, Yehovaya edilən həqiqi ibadətə maneçilik törətməkdir. Şeytan bizi inandırmağa çalışır ki, Allahın bizə qarşı məhəbbəti soyuyubdur. Bəs bu doğrudurmu?
13 Məzmur 44:22 ayəsini sitat gətirən Pavel kimi, biz də Allahın Kəlamını tədqiq edirik. Anlayırıq ki, bütün bunlar bizimlə - Allahın “qoyunları ilə” - Onun isminə görə baş verir. Allahın isminin təqdis edilməsi və Onun hökmranlığına haqq qazandırılması haqqındakı suallar həll olunur. Allah bizi artıq sevmədiyi üçün deyil, məhz bu vacib sualları həll etmək məqsədilə əzablara yol verir. Vəziyyət nə dərəcədə çətin olursa-olsun, biz əminik ki, Allahın öz xalqına, o cümlədən bizlərdən hər birimizə olan məhəbbəti zərrə qədər də azalmayıb. Əgər nöqsansızlığımızı qoruyuruqsa, məğlubiyyət kimi görünən hər bir çətinlik qələbəyə çevriləcəkdir. Allahın sarsılmaz məhəbbətinə dair verilən əminlikdən qüvvət və ruh yüksəkliyi alırıq.
14. Məsihçilərin qarşılaşacaqları çətinliklərə baxmayaraq, Pavel Allahın məhəbbətinə nəyə görə əmin idi?
14 Romalılara 8:38, 39 ayələrini oxuyun. Nəyə görə Pavel əmin idi ki, məsihçiləri Allahın məhəbbətindən heç nə ayıra bilməz? Şübhəsiz ki, xidmət etdiyi müddətdə Pavelin başına gələn hadisələr, Allahın bizə olan məhəbbətinə heç bir çətinliyin tə’sir göstərə bilməyəcəyinə dair əminliyini möhkəmləndirirdi (2 Korinflilərə 11:23-27; Filipililərə 4:13). Pavel, həmçinin Yehovanın əbədi niyyəti və keçmişdə Onun öz xalqı ilə necə davrandığı haqda da bilirdi. Bəs ölüm, Allahın öz sadiq xidmətçilərinə olan məhəbbətindən güclü ola bilərmi? Əsla yox! Ölən həmin sadiq insanlar Allahın kamil yaddaşında yaşayacaqlar. Vaxtı gəldikdə isə, Allah onları dirildəcəkdir (Luka 20:37, 38; 1 Korinflilərə 15:22-26).
15, 16. Allahın öz sadiq xidmətçilərinə duyduğu sevgini soyutmağa qadir olmayan bə’zi səbəbləri sadalayın.
15 Bu gün düçar olduğumuz fəlakətlərdən - bədbəxtlik, ölümcül xəstəlik və iqtisadi çətinliklərdən asılı olmayaraq, Allahın öz xalqına bəslədiyi məhəbbəti heç nə puç edə bilməz. Şeytan adını qazanan itaətsiz mələk kimi qüvvətli mələklər, Yehovaya tə’sir göstərə bilməzlər ki, Onun öz sadiq xidmətçilərinə olan məhəbbəti soyusun (Eyub 2:3). Hakimiyyətlər Allahın xidmətçilərinin fəaliyyətini qadağan edər, onları həbsxanalara saldırar, onlarla pis rəftar edər və ya onları qeyri-qanuni e’lan edə bilərlər (1 Korinflilərə 4:13). Xalqlar tərəfindən göstərilən bu qədər haqsız nifrət insanları bizə qarşı qalxmağa məcbur edə bilər. Amma bu münasibət Kainatın Hökmdarına tə’sir göstərə bilməz ki, O, bizi tərk etsin.
16 Biz, bir məsihçi kimi, Pavelin “indiki” adlandırdığı, yə’ni bu əşyalar sistemində təşəkkül tapan hadisələr, şəraitlər, vəziyyətlərin və ya “gələcək şeylər”in Allahın öz xalqına olan sədaqətini poza biləcəyindən qorxmalı deyilik. Həm yer üzündəki, həm də ruhani qüvvələrin bizə qarşı çıxdıqlarına baxmayaraq, Allahın sədaqətli məhəbbəti bizə həmişə dayaq olacaq. Pavelin qeyd etdiyi kimi, bizi Allahın məhəbbətindən “nə hündürlük, nə dərinlik” məhrum edə bilər. Bəli, mə’yusluğumuza səbəb olan heç nə, hətta güclü də olsa, heç bir tə’sir bizi Allahın məhəbbətindən məhrum edə bilməz. Yaradanın öz sadiq xidmətçiləri ilə olan münasibətini heç bir başqa varlıq poza bilməz. Allahın məhəbbəti heç zaman tükənmir - bu məhəbbət əbədidir (1 Korinflilərə 13:8).
Allahın mərhəmətini daima yüksək qiymətləndirin
17. a) Allahın məhəbbəti nəyə görə “həyatdan yaxşıdır”? b) Allahın məhəbbətini yüksək qiymətləndirdiyimizi necə göstərə bilərik?
17 Allahın məhəbbəti sizin üçün nə dərəcədə vacibdir? Davudun hisslərini yaşayırsınızmı? O yazırdı: “Dodaqlarım səni mədh edər; çünki inayətin həyatdan yaxşıdır. Həyatım boyu səni belə təqdis edərəm; sənin isminlə əllərimi qaldıraram” (Məzmur 63:3, 4). Doğrudan da, bu dünyada sürülən həyatda Allahın məhəbbətindən və Onunla dostluq münasibətindən başqa yaxşı bir şey varmı? Məsələn, daha yaxşı nə ola bilər: gəlirli vəzifə, yoxsa Allahla yaxın qarşılıqlı münasibətin gətirdiyi daxili əmin-amanlıq və xoşbəxtlik? (Luka 12:15). Bə’zi məsihçilər, Yehovadan üz döndərmək və ya ölümü seçmək məcburiyyətində qalmışlar. Bu cür seçimi, Yehovanın Şahidləri İkinci dünya müharibəsi illərində tez-tez etməli olmuşlar. Məsihçi qardaşlarımız, bə’zi halları çıxmaq şərtilə, hətta ölmək lazım gəlsə də Allahın məhəbbətində qalmağı üstün tutmuşlar. Sədaqətlə Allahın məhəbbətində qalan kəslər əmin ola bilərlər ki, Allah onlara, bu dünyanın verə bilmədiyi əbədi gələcəyi bəxş edəcəkdir (Mark 8:34-36). Amma söhbət yalnız əbədi həyatdan getmir.
18. Əbədi həyat nə üçün bu qədər cəlbedicidir?
18 Əbədi həyat Yehovasız qeyi-mümkün olsa da, sonsuz həyatı Yaradansız təsəvvür etməyə çalışın. Belə həyat boş və mə’nasız olardı. Bu son günlərdə Yehova öz xalqına, yerinə yetirilməsi məmnunluq gətirən iş tapşırıb. Buna görə də biz əmin ola bilərik ki, öz niyyətlərini həyata keçirən Dahi Yehovanın bizə verəcəyi əbədi həyatda, öyrənilməsi və yerinə yetirilməsi məmnunluq gətirən çoxlu işlər olacaq (Vaiz 3:11). Gələcək minillikdə biz nə qədər bilik alsaq da, “Allahın zənginlik və hikmət və elminin dərinliyi”ni axıradək qavraya bilməyəcəyik (Romalılara 11:33).
Ata sizi sevir
19. İsa Məsih, ayrılarkən şagirdlərini nədə əmin etdi?
19 Eramızın 33-cü ilinin 14 nisanında, on bir sadiq həvarisi ilə keçirdiyi sonuncu axşamda İsa onlara çox şey söylədi. Onun dedikləri, qarşıda baş verəcək hadisələr üçün həvariləri möhkəmləndirməli idi. İsanın keçirdiyi sınaqlarda həvariləri onunla birlikdə qalmış və onun məhəbbətini öz üzərlərində hiss etmişlər (Luka 22:28, 30; Yəhya 1:16; 13:1). Buna görə də İsa: “Ata Özü sizi sevir” - deyə, onları əmin etdi (Yəhya 16:27). Bu sözlər, səmavi Atanın şagirdlərə bəslədiyi nəcib hissləri anlamaqda onlara necə də kömək etdi!
20. Siz nəyi etməyə qəti qərarlısınız və nəyə əmin ola bilərsiniz?
20 Bu gün yaşayan insanlardan bir çoxu artıq onillərdir ki, Yehovaya sədaqətlə xidmət edirlər. Bu pis əşyalar sisteminin sonuna qədər, şübhəsiz, hələ çox sınaqlarımız olacaq. Heç zaman yol verməyin ki, bu sınaqlar və fəlakətlər, Allahın sizi ürəkdən sevdiyinə dair sizdə şübhələr oyatsın. Yehova sizi sevir və buna çoxlu sübutlar var (Yaqub 5:11). Gəlin buna cavab olaraq, Allahın əmrlərinə sədaqətlə riayət edək (Yəhya 15:8-10). Gəlin hər fürsətdən istifadə edib, Onun ismini izzətləndirək. Biz, qətiyyətli olmaq üçün möhkəmlənməli, Yehovaya dua edərək və Onun Kəlamını öyrənərək bundan sonra da Ona yaxınlaşmalıyıq. Sabahkı gündə nə ilə qarşılaşsaq da, əgər Yehovanı məmnun etməyə var qüvvəmizlə çalışırıqsa, qəlbimizdə əmin-amanlığı və Allahın tükənməz məhəbbətinə tam əminliyi qoruyub saxlayacağıq (2 Peter 3:14).
Siz necə cavab verərdiniz?
• Ruhani və emosional tarazlığı qorumaq üçün, biz daha çox kimin məhəbbətinə ehtiyac duyuruq?
• Yehovanın öz xidmətçilərinə bəslədiyi məhəbbətin soyumasına nələr tə’sir edə bilməz?
• Nəyə görə Yehovanın məhəbbəti “həyatdan yaxşıdır”?
[16-cı səhifədəki şəkillər]
Əgər bir şeyin bizi Allahın məhəbbətindən ayırdığını hiss ediriksə, buna düzəliş verə bilərik.
[17-ci səhifədəki şəkil]
Pavel tə’qib olunduğunun səbəbini anlayırdı.