Oxucuların sualları
Eden bağında xeyir və şər bilmə ağacına dair verilmiş qanunu pozmaq ideyasını ilan Həvvanın beyninə necə yeritdi?
Yaradılış 3:1 ayəsində (MKŞ) deyilir: “Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: “Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?” İlanın Həvva ilə ünsiyyətdə olmasına dair müxtəlif rə’ylər mövcuddur. Nəzəriyyələrdən birinə əsasən o, bunu bədən hərəkətləri və ya işarələrlə etmişdir. Misal üçün, bununla əlaqədar ingilis dindarı Cozef Benson deyir: “Yəqin ki, bu ünsiyyət hansısa işarələrin vasitəsilə yaranmışdı. Lakin bə’ziləri elə hesab edirlər ki, o zaman ilanlar düşünmək və danışmaq bacarığına malik idilər... bunun isə heç bir təsdiqi yoxdur”.
Amma yalnız bədən hərəkətləri ilə ilan Həvvanın beyninə necə yeridə bilərdi ki, qadağan edilmiş meyvədən yeyərsə, Allah kimi olacaq, nəyin xeyir, nəyin isə şər olduğuna dair özü qərar çıxara biləcək? Bundan əlavə, ilanın suallarına cavab verməklə Həvva özü də söhbətdə iştirak edirdi (Yaradılış 3:2-5, MKŞ). Müqəddəs Kitabda Həvvanın danışdığı qeyd olunur. İlanın isə Həvva ilə işarə və bədən hərəkətləri ilə ünsiyyətdə olması fikrindən elə nəticəyə gəlmək olar ki, guya Həvva ona jestlərdən istifadə edərək cavab verirdi.
Bu hadisəyə istinad edərək həvari Pavel həmimanlılarını xəbərdar edirdi: “İlan Həvvanı öz hiyləgərliyi ilə necə aldatdısa, qorxuram ki, sizin düşüncələriniz... pozulsun”. Pavelin söylədiyi təhlükə, “hiyləgərliklə fəaliyyət göstərən adamlar” tərəfindən törədilirdi. Həmin “fövqəlhəvarilər”in yalnız bədən hərəkətləri, işarə və jestləri bu cür təhlükə yarada bilməzdi. Burada böyük rol oynayan onların söhbətləri - insanları aldadan hiyləgər sözləri idi (2 Korinflilərə 11:3-5, 13).
Eden bağında Həvva söhbət və ya sözlərlə aldadılsa da, bu o demək deyil ki, ilanın səs telləri vardı. Səs tellərinə ehtiyac yox idi. Allahın mələyi, eşşəyin vasitəsilə Balaamla danışarkən, heyvan insan orqanizminin üzvlərindən biri olan qırtlağa ehtiyac duymurdu (Saylar 22:26-31). Aydındır ki, “dilsiz eşşək, insan səsi ilə” ruhani aləmdən kiminsə tə’siri altında danışmağa başlamışdı (2 Peter 2:16).
Müqəddəs Kitab ilanın əvəzinə danışan ruhani varlığın kim olduğunu aşkar edir. O, “İblis və şeytan adlanan böyük əjdaha, bütün dünyanı aldadan qədim ilan”dır (Vəhy 12:9). Həvvanın eşitdiyi və cavab verdiyi sözlər Şeytandan, “nur mələyi cildinə girə”n İblisdəndir (2 Korinflilərə 11:14).
[31-ci səhifədəki şəkil]
“Xeyirlə şəri bilərək Allah kimi olacaqsınız”.