Oxucularımız soruşur...
Nəyə görə Həvva ilə danışmaq üçün Şeytan ilandan istifadə etdi?
▪ Yəqin razılaşacaqsınız ki, 8-ci səhifədə qeyd olunduğu kimi, Həvva ilə danışan ilanın arxasında duran qüvvə Şeytan idi. Müqəddəs Kitab da elə bunu öyrədir. Lakin, ola bilsin, sizi yenə də bir sual düşündürür: «Nəyə görə belə güclü ruhani varlıq məhz ilan vasitəsilə danışdı?»
Müqəddəs Kitab Şeytanın üsullarının çox hiyləgər olduğunu göstərir və bu hadisə bunu bir daha təsdiq edir (Efeslilərə 6:11). Edendə baş vermiş hadisə danışa bilən heyvan haqqında nağıl deyil; insanları Allahdan uzaqlaşdırmaq məqsədilə qurulmuş fəndlərin tükürpədici nümunəsidir. Nəyə görə belə demək olar?
Şeytan öz şikarını seçərkən çox ehtiyatla və diqqətlə davranır. Həvva kainatda şüurlu varlıqlardan ən gənci idi. Şeytan onun təcrübəsizliyindən istifadə edib aldadaraq onu tələyə saldı. Adətən, çox ehtiyatlı heyvan olan ilanın arxasında gizlənməklə Şeytan öz məkrli və çirkin niyyətini ört-basdır etdi (Yaradılış 3:1). Həmçinin gəlin görək, Şeytan ilanı danışırmış kimi göstərməklə nəyə nail oldu.
Birincisi, Şeytan bununla Həvvanın diqqətini cəlb etməyə müvəffəq oldu. Həvva bilirdi ki, ilanlar danışa bilmir; bütün heyvanların, eləcə də ilanın adını, ehtimal ki, diqqətlə müşahidə etdikdən sonra onun əri qoymuşdu (Yaradılış 2:19). Şübhə yoxdur ki, ehtiyatlı olan bu heyvanı Həvva da müşahidə etmişdi. Buna görə də, Şeytanın bu hiyləsi onda güclü maraq oyatdı; onun diqqətini o boyda bağda qadağan olunmuş bir şeyə yönəltdi. İkincisi, əgər ilan qadağan olunmuş ağacın budaqlarında gizlənmişdisə, Həvva bundan hansı qənaətə gələ bilərdi? Bəlkə, Həvva danışa bilməyən bu sürünən heyvanın həmin meyvədən yediyinə görə dil açıb danışdığını düşündü? O, düşünə bilərdi ki, əgər bu meyvə ilana danışmaq qabiliyyəti veribsə, gör, onda mənim üçün nələr edə bilər?! Həvvanın nə fikirləşdiyini və ilanın meyvədən yeyib-yemədiyini dəqiq bilmirik, lakin bir şey danılmazdır: ilan Həvvaya meyvədən yeyərsə, «Allah kimi» olacağını deyəndə o, bu yalana inanmağa hazır idi.
Şeytanın söz seçimi də çox şeydən xəbər verir. O, Həvvanın ürəyinə şübhə toxumunu səpməklə bildirdi ki, Allah ondan nə isə yaxşı bir şey gizlədir və lazımsız yerə onun sərbəstliyini məhdudlaşdırır. Şeytanın qurduğu fəndin uğurlu olması Həvvanın xudbinliyinin malik olduğu hər şeyi verən Allaha olan məhəbbətini üstələməsindən asılı idi (Yaradılış 3:4, 5). Təəssüf ki, Şeytanın işlətdiyi fənd baş tutdu; nə Həvva, nə də Adəm ürəklərində Allaha qarşı lazımi məhəbbət və minnətdarlıq inkişaf etdirməmişdilər. Şeytan eynilə bu gün də insanlarda xudbinlik yaratmaqla və ona bəraət qazandırmaqla məşğul deyilmi?
Bəs Şeytanın niyyəti haqda nə demək olar? O, daha sonra nə etmək fikrində idi? Eden bağında Şeytan öz şəxsiyyətini və niyyətlərini gizli saxlamağa çalışırdı. Lakin sonralar əslində kim olduğunu göstərdi. O, İsa Məsihi sınağa çəkəndə bilirdi ki, kimliyini gizlədə bilməyəcək. Buna görə də İsaya açıq-aydın bildirdi: «Diz çöküb mənə səcdə... [qıl]» (Matta 4:9). Görünür, Şeytan Yehova Allaha ibadət edildiyi üçün Ona paxıllıq edir. O, bundan sonra əlindən gələni edəcək ki, insanları Allaha ibadətdən döndərsin. İnsanların Allah qarşısında nöqsansızlığını pozmaq onun xoşuna gəlir.
Müqəddəs Kitab göstərir ki, Şeytan öz qurbanlarını məhv etməyə çalışır. Ancaq xoşbəxtlikdən, o, Həvvanı aldatdığı kimi, bizi aldada bilməz, çünki «biz onun fəndlərindən bixəbər deyilik» (2 Korinflilərə 2:11).