Təmizlik nə dərəcədə vacibdir?
HƏR bir insanın təmizlik haqqında öz təsəvvürü var. Məsələn, ana uşağına əl-üzünü yu dedikdə, o, elə düşünür ki, əllərini suyun altında tutmaq və bir az da ağzını islatmaq kifayətdir. Lakin ana bununla razılaşmır. O, səs-küylü e’tirazlara baxmayaraq, oğlunu yenidən vanna otağına aparır, əl-üzünü necə lazımdır sabunlayır və yuyur.
Əlbəttə, dünyada təmizlik normaları müxtəlifdir və insanlar təmizlik haqqında müxtəlif təsəvvürlərlə böyüyürlər. Vaxtilə bir çox ölkələrdə məktəbdəki təmizlik və səliqə, şagirdlərdə təmizliyə qarşı yaxşı vərdişlər inkişaf etdirməkdə kömək edirdi. Bu gün bir çox məktəb həyətləri və idman meydançaları o qədər çirkli və baxımsız vəziyyətdədir ki, oyun və ya idman meydançasından çox zibilliyi xatırladır. Bəs sinif otaqları barədə nə demək olar? Avstraliya məktəblərindən birində süpürgəçi işləyən Darren, “indi artıq sinif otaqları da çirklidir” deyə, qeyd edir. Bə’zi şagirdlər “bunu götür” və ya “buranı sil” tapşırığını cəza hesab edirlər. Problem ondadır ki, bə’zi müəllimlər təmizlikdən həqiqətən də cəza tədbiri kimi istifadə edirlər.
Bundan əlavə, böyüklər də gündəlik həyatlarında, yaxud iş yerlərində təmizliyə dair hər zaman yaxşı nümunə vermirlər. Məsələn, bir çox ictimai yerlərdə insanlar səliqə-səhmana riayət etmir və özlərindən sonra çoxlu zibil qoyurlar. Bə’zi sənaye müəssisələri ətraf mühiti çirkləndirirlər. Lakin zavod və fabriklər özbaşına işləmir, onları insanlar idarə edirlər. Ətraf mühitin çirklənməsinin ümumdünya probleminə çevrilməsinin əsas səbəbi yalnız insanların tamahkarlığı deyil, həm də onların təmizliyə alışmamasıdır. Avstraliya İttifaqının keçmiş müdirinin söylədiyi sözlər bu faktı təsdiq edir: “Bütün səhiyyə məsələləri, hər bir kişinin, qadının və uşağın təmizliyə nə dərəcədə riayət etməsindən asılıdır”.
Lakin bə’ziləri elə düşünürlər ki, təmizlik hər kəsin şəxsi işidir və başqaları buna qarışmamalıdır. Bəs bu həqiqətən də belədirmi?
Qidanı bazardan almağımızdan, restoranda və ya qonaqlıqda yeməyimizdən asılı olmayaraq, təmizlik olduqca vacibdir. Qida məhsulları ilə məşğul olanlardan, təmizliyə dəqiq riayət etmələri gözlənilir. Onların və ya öz əllərimizin çirkli olması, çoxlu xəstəliklərə gətirib çıxara bilər. Bəs xəstəxanalarda necə? Məgər xəstəxanada təmizliyə daha çox riayət edilməli deyilmi? Bir tibb jurnalında deyildiyi kimi, müalicəsinə ildə on milyard dollara yaxın pul xərclənən müxtəlif infeksion xəstəliklərin səbəbini onunla izah etmək olar ki, bir çox həkim və tibb bacıları əllərini yumurlar (“The New England Journal of Medicine”). Əlbəttə, heç kəs istəməz ki, bir başqası təmizliyə riayət etməməklə onun sağlamlığını təhlükə altına alsın.
Kim isə təsadüfən və ya bilərəkdən su ehtiyatını çirkləndirən zaman da bu cür ciddi problemlər yaranır. Bəs narkomanlar və ya başqaları tərəfindən istifadə olunmuş şprislər atılan çimərlikdə ayaqyalın gəzmək nə dərəcədə təhlükəlidir? “Öz evimizdə təmizliyə riayət edirikmi?” sualı, yəqin ki, ən vacib suallardan biridir.
Suellen Hoy yazdığı “Çirklə mübarizə” adlı kitabında belə bir sual verir: “Həmişə olduğu kimi, indi də təmizliyə riayət edirikmi?” O cavab verir: “Ehtimal ki, yox”. Onun fikrincə, belə vəziyyətin əsas səbəbi, həyat dəyərlərinin dəyişməsidir. İnsanlar get-gedə evdə daha az vaxt keçirdikləri üçün, sadəcə başqalarına pul verib evlərini təmizlətdirirlər. Nəticə e’tibarı ilə, təmizliyin qayğısına qalmağı onlar artıq şəxsi vəzifələri hesab etmirlər. Bir kişi deyir: “Mən vanna otağını təmizləmirəm, mən özüm çimirəm. Evim çirkli olsa da, hər-halda özüm təmizəm” (“Chasing Dirt”).
Lakin təmizlik yalnız xarici görünüş demək deyil. Təmizlik özünə, sağlam həyat tərzi ilə bağlı olan dərin etik mə’nanı daxil edir. Bu həmçinin əqlə və ürəyə, əxlaq dəyərlərinə və Allaha olan inama da toxunur. Gəlin bu haqda daha geniş mə’lumat əldə edək.