Allahın Kəlamını şəxsən öyrənməkdən zövq alın
“Sənin bütün işlərini dərin düşünərəm və sənin etdiklərin haqqında düşüncəyə dalaram” (MƏZMUR 77:12).
1, 2. a) Dərindən düşünməyə nəyə görə vaxt ayırmalıyıq? b) Dərindən düşünmək və ya düşüncəyə dalmaq nə deməkdir?
İSA MƏSİHİN şagirdləri olan bizləri, Allahla olan münasibətimiz və Ona hansı məqsədlə xidmət etməyimiz dərindən narahat etməlidir. Lakin bu gün insanların başı o qədər qarışıqdır ki, oturub sakitcə düşünməyə vaxtları yoxdur. Onlar maddi ne’mətlər toplamağa, əşyalar əldə etməyə və mə’nasız zövq dalınca düşməyə aludə olublar. Bu cür boş cəhdlərdən qaçınmağa bizə nə kömək edər? Biz hər gün qida və yuxu kimi vacib şeylərə xüsusi vaxt ayırdığımız kimi, Yehovanın işləri haqqında dərindən düşünməyə də vaxt ayırmalıyıq (Təsniyə 8:3; Matta 4:4).
2 Dərindən düşünmək üçün hərdən vaxt ayırırsanmı? Ümumiyyətlə, dərindən düşünmək və ya düşüncəyə dalmaq nə deməkdir? Bu, “bir şey haqqında dərin fikrə getmək, dərindən düşünmək” mə’nalarını verir. Yə’ni nə isə haqqında tələsmədən, ciddi surətdə və dərindən fikirləşmək. Bu bizim üçün nə mə’na daşıyır?
3. Ruhani tərəqqi bilavasitə nə ilə bağlıdır?
3 Hər şeydən əvvəl, bu bizə Pavelin öz əməkdaşı Timoteyə yazdığı sözləri xatırlatmalıdır: “Mən gəlincəyə qədər, Müqəddəs Yazıları cəmiyyətə oxumaqla, nəsihət və tə’lim verməklə məşğul ol. [...] Bu işlərə fikir ver [“bu şeylərin üzərində dərindən düşün”, YD] və onlarla məşğul ol ki, sənin tərəqqin hamıya aşkar olsun”. Bəli, Timoteydən tərəqqi edəcəyi gözlənilirdi, bu isə, Pavelin sözlərindən göründüyü kimi, bilavasitə ruhani şeylərin üzərində dərindən düşünməklə bağlı idi. Bu indi də belədir. Ruhani tərəqqidən zövq almaq üçün, Allahın Kəlamı ilə bağlı olan şeylərin ‘üzərində dərindən düşünməli’ və ‘onlarla məşğul olmalıyıq’ (1 Timoteyə 4:13-15).
4. Yehovanın Kəlamı üzərində müntəzəm olaraq dərindən düşünməkdə bizə nə kömək edə bilər?
4 Dərindən düşünmək üçün ən münasib vaxt sənin özündən və ailənin qrafikindən asılıdır. Çoxları Müqəddəs Kitab ayələrinin üzərində səhərlər, “Müqəddəs Yazıları gündəlik araşdırmaq” broşürasını oxuyan zaman düşünürlər. Bütün dünya üzrə Beyt-Ellərdə xidmət edən 20 minə yaxın könüllü xidmətçi günlərini 15 dəqiqə ərzində Müqəddəs Kitab ayəsini müzakirə etməklə başlayır. Gündəlik ayəyə dair Beyt-El ailəsinin yalnız bir neçə üzvünün şərh verməsinə baxmayaraq, başqaları oxunulanların və deyilənlərin üzərində düşünürlər. Başqa Şahidlər isə Yehovanın Kəlamının üzərində işə gedərkən düşünürlər. Onlar Müqəddəs Kitabın, “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarının audiolentə alınmış yazısına qulaq asırlar. Bu cür audiokasetlər bir sıra dillərdə buraxılır. Evdar qadınların çoxu iş görərkən bu kasetləri dinləyirlər. Demək olar ki, onlar: “Rəbbin işlərini anıram; çünki köhnə vaxtdan olan mö’cüzələrini anaram. Və sənin bütün işlərini dərin düşünərəm və sənin etdiklərin haqqında düşüncəyə dalaram” — deyə yazan məzmurçu Asafı təqlid edirlər (Məzmur 77:11, 12).
Düzgün əhval-ruhiyyə faydalı səmərələr gətirir
5. Şəxsi öyrənmə bizim üçün nəyə görə vacib olmalıdır?
5 Televiziya, videomaqnitofon və kompüter əsri hesab olunan müasir dövrdə qiraətə maraq nəzərə çarpacaq dərəcədə azalıb. Lakin bu vəziyyət Yehovanın Şahidlərinə tə’sir etməli deyil. Çünki Müqəddəs Kitabı oxumaq, bizi Yehovaya bağlayan həyat yoludur. Min illər bundan əvvəl, Yeşu Musadan sonra İsrail xalqının rəhbəri oldu. Yehovanın xeyir-duasına sahib olmaq üçün, Yeşu Allahın Kəlamını özü oxumalı idi (Yeşu 1:8; Məzmur 1:1, 2). Bu tələb bizə də aiddir. Lakin bə’zi insanlara, kifayət qədər təhsil almadıqlarına görə, oxumaq çətin və yorucu gələ bilər. Bu halda, Allahın Kəlamını oxumaq və öyrənmək istəyi inkişaf etdirməkdə bizə nə kömək edə bilər? Cavabı, Süleymanın məsəlləri 2:1-6 ayələrində, Süleyman padşahın sözlərində tapa bilərik. Gəlin Müqəddəs Kitabı açaq və bu ayələri oxuyaq. Sonra isə birlikdə müzakirə edək.
6. Biz Allah haqqında biliyə necə yanaşmalıyıq?
6 Həmin ayələr ibrətamiz sözlərlə başlayır: “Oğlum, əgər sözlərimi qəbul etsən, əmrlərimi hifz eləsən, qulağını hikmətə tərəf çevirsən, ürəyini dərrakəyə tərəf meyl etdirsən...” (Süleymanın məsəlləri 2:1, 2, MKŞ). Bu sözlər nəyi göstərir? Buradan görünür ki, hər birimiz məs’uliyyət daşıyırıq. Bu ayədə “əgər sözlərimi qəbul etsən” şərtinə diqqət yetirək. Bəli, məhz “əgər”, çünki insanların əksəriyyəti Allahın Kəlamına diqqətli deyillər. Allahın Kəlamını öyrənməkdən sevinc əldə etmək üçün, biz Yehovanın sözlərini ürəkdən qəbul etməli və onlara, itirmək istəmədiyimiz bir xəzinə kimi yanaşmalıyıq. Gündəlik qayğıların bizə, Allahın Kəlamına e’tinasız yanaşacaq, hətta onun doğruluğuna şübhə edəcək dərəcədə hakim kəsilməsinə və ya diqqətimizi yayındırmasına yol verməli deyilik (Romalılara 3:3, 4).
7. Nəyə görə imkan daxilində məsihçi görüşlərində iştirak etməli və diqqətli olmalıyıq?
7 Məsihçi görüşlərində Allahın Kəlamı izah olunan zaman, ‘qulağımızı hikmətə tərəf çeviririkmi’? (Efeslilərə 4:20, 21). Ürəyimizi dərrakəli olmağa meylləndiririkmi? Mə’ruzəçi təcrübəli olmasa da, Allahın Kəlamını öyrətdiyi üçün, bizim diqqətimizə layiqdir. Sözsüz ki, qulağımızı Yehovanın hikmətinə tərəf çevirmək üçün, biz imkan daxilində məsihçi görüşlərində iştirak etməliyik (Süleymanın məsəlləri 18:1). Əgər kim isə eramızın 33-cü ilinin Pentikost günündə Yerusəlimdə yuxarı otaqda keçirilən görüşü buraxmışdısa, həmin adamın sonradan nə qədər təəssüfləndiyini təsəvvür et! Bugünkü görüşlərimizdə, o vaxtlar olduğu kimi, qeyri-təbii şeylər baş verməsə də, orada əsas dərsliyimiz olan Müqəddəs Kitab müzakirə olunur. Deməli, əgər diqqətliyiksə və deyilənləri Müqəddəs Kitabdan izləyiriksə, hər görüş bizim üçün xeyir-dua ola bilər (Həvarilərin işləri 2:1-4; İbranilərə 10:24, 25).
8, 9. a) Şəxsi öyrənmə bizdən nə tələb edir? b) Qızılın qiyməti ilə Allah haqqındakı dəqiq biliyin qiymətini necə müqayisə edərdiniz?
8 Müdrik padşah daha sonra deyir: “Gerçək, əgər idrakı çağırarsan və anlayışa səsini yüksəldərsənsə...” (Süleymanın məsəlləri 2:3). Bu sözlər bizdə hansı həvəsi oyatmalıdır? Əlbəttə ki, Yehovanın Kəlamını anlamaq üçün güclü istək! Bu sözlərdə, anlayışa nail olmaq, Yehovanın iradəsini dərk etmək məqsədilə həvəslə öyrənmə ilə məşğul olmaq fikri vurğulanır. Bu, Süleymanın növbəti sözlərindən və gətirdiyi nümunədən göründüyü kimi, sözsüz ki, sə’y tələb edir (Efeslilərə 5:15-17).
9 O davam edir: “Əgər gümüş axtarar kimi onu [anlayışı] axtararsan və xəzinələr araşdırar kimi onu araşdırarsansa...” (Süleymanın məsəlləri 2:4). Bu sözlər, qiymətli sayılan gümüş və qızıl kimi metalların axtarışına əsrlər ərzində vaxt sərf edən qızılçıxardanları xatırladır. Qızıl üstündə insanlar qətlə yetirilmişlər. Başqaları qızılın axtarışına həyatlarını həsr etmişlər. Bəs qızıl doğrudanmı bu qədər qiymətlidir? Səhrada susuzluqdan ölmək üzrə olsaydın, nəyi üstün tutardın: qızıl külçəsini, yoxsa bir stəkan suyu? Ancaq insanlar sün’i və dəyişkən qiymətli qızılı necə də sə’ylə axtarırlar!a Hikməti, dərrakəni axtarmaqda, həmçinin Allahı və Onun iradəsini dərk etməkdə biz daha çox sə’y göstərməliyik. Bəs bu axtarışlar hansı faydanı gətirir? (Məzmur 19:7-10; Süleymanın məsəlləri 3:13-18).
10. Allahın Kəlamını öyrəniriksə, nəyi tapa bilərik?
10 Süleyman davam edir: “Rəbb qorxusunu o zaman anlayacaqsan və Allah biliyini tapacaqsan” (Süleymanın məsəlləri 2:5). Biz günahlı insanların “Allah biliyini”, yə’ni Kainatın Yaradanı olan Küll-İxtiyar Rəbb Yehova haqqında bilik tapa bilməyimiz necə də valehedici fikirdir! (Məzmur 73:28; Həvarilərin işləri 4:24). Bu dünyanın filosofları və hikmətli insanları yüz illərdir ki, həyatın və Kainatın sirlərini öyrənməyə can atırlar. Lakin onlar “Allah biliyini” tapmağa müvəffəq olmurlar. Nə üçün? Çünki bu biliyin Allahın Kəlamı olan Müqəddəs Kitabda min illərlə olmasına baxmayaraq, onlar bunu çox sadə bir şey kimi rədd edir və nəticə e’tibarilə, həmin biliyi qiymətləndirib, anlaya bilmirlər (1 Korinflilərə 1:18-21).
11. Şəxsi öyrənmə hansı faydaları gətirir?
11 Süleyman daha bir təşviqedici amil gətirir: “Rəbb hikmət verir; ağzından bilik və anlayış çıxar” (Süleymanın məsəlləri 2:6). Yehova hikmət, bilik və anlayış axtarmaq istəyənlərin hamısına, onu könüllü surətdə və səxavətlə verir. Allahın Kəlamını şəxsən öyrənmək sə’y, şəxsi intizam və qurbanlar tələb etsə də, bunu qiymətləndirmək üçün, sözsüz ki, bütün əsaslarımız var. Hər halda Müqəddəs Kitab əlimizdə çap edilmiş şəkildə var və keçmişdə olduğu kimi, onu əllə köçürmək lazım gəlmir (Təsniyə 17:18, 19).
Yehovaya layiq şəkildə davranmaq
12. Allah haqqında bilik əldə etməkdə məqsədimiz nə olmalıdır?
12 Biz şəxsi öyrənmə ilə hansı məqsədlə məşğul olmalıyıq? Başqalarından yaxşı görünmək üçünmü? Biliyimizi başqalarına nümayiş etdirmək üçünmü? Canlı Müqəddəs Kitab ensiklopediyası olmaq üçünmü? Xeyr. Məqsədimiz — Məsihin təravət gətirən ruhunda başqalarına həmişə kömək etməyə hazır olaraq, əməllərimizdə məsihçi olmaqdır (Matta 11:28-30). Həvari Pavel xəbərdarlıq etmişdir: “Bilik insanı lovğalandırır, məhəbbət isə ruhən inkişaf etdirir” (1 Korinflilərə 8:1). Buna görə də, Yehovaya müraciət edərkən Musanın təzahür etdirdiyi təvazökarlıq ruhuna sahib olmalıyıq: “Mənə yollarını indi bildir, ta ki, gözündə lütf tapım deyə səni tanıyım” (Çıxış 33:13). Bəli, biz biliyi başqalarına təəssürat bağışlamaq üçün deyil, Allahı məmnun etmək üçün arzulamalıyıq. Təvazökar və Yehovaya layiq xidmətçilər olmalıyıq. Bu məqsədə necə nail ola bilərik?
13. Allaha layiq xidmətçi olmaq üçün nə lazımdır?
13 Allahı necə məmnun etməklə əlaqədar Pavel Timoteyə məsləhət vermişdir: “Çalış ki, özünü Allaha sınaqdan çıxmış, utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi kimi təqdim edəsən” (2 Timoteyə 2:15). “Doğruluqla öyrədən” ifadəsi, “düz kəsmək” mə’nasını verən qədim yunan dilinin mürəkkəb fe’lidir (“Kingdom Interlinear”). Bə’zi alimlərin fikrincə, bu fe’li parçanı ülgü üzrə kəsən dərziyə, tarlada şırım açan cütçüyə və sairəyə dair istifadə etmək olar. Hər necə olsa da, nəticə düzgün, yə’ni dəqiq olmalıdır. Beləliklə, Timotey Allaha layiq və məqbul xidmətçi olmaq üçün ‘çalışmalı’ idi ki, onun tə’limi və davranışı həqiqət sözünə müvafiq olsun (1 Timoteyə 4:16).
14. Şəxsi öyrənməmiz davranış və sözlərimizə necə tə’sir göstərməlidir?
14 Pavel Kolos şəhərindəki həmimanlılarını təşviq edərkən də həmin fikri vurğulamışdı: “Rəbbə layiq şəkildə hərəkət edib, Onu hər cəhətdən razı salasınız; hər cür xeyirli işdə səmərə verib, Allahı tanımaqda tərəqqi edəsiniz” (Koloslulara 1:10). Burada Pavel ‘Rəbbə layiq şəkildə davranışı hər cür xeyirli işdə səmərə verməklə və Allahı tanımaqda tərəqqi etməklə’ əlaqələndirir. Başqa sözlərlə desək, Yehova üçün yalnız biliyi nə qədər qiymətləndirməmiz deyil, Onun Kəlamına davranışlarımız və sözlərimizdə nə dərəcədə sadiq qalmağımız da vacibdir (Romalılara 2:21, 22). Yə’ni əgər Allahı məmnun etmək istəyiriksə, şəxsi öyrənməmiz bizim düşüncə tərzimizə və davranışımıza tə’sir göstərməlidir.
15. Əqlimizi və düşüncə tərzimizi necə qoruya bilər və ona necə nəzarət edə bilərik?
15 Bu gün Şeytan, nəyin bahasına olursa-olsun, əqlimizin apardığı mübarizəyə tə’sir göstərərək ruhaniliyimizi məhv etmək niyyətindədir (Romalılara 7:14-25). Buna görə də, Allahımız Yehovaya layiq olmaq üçün, əqlimizi və düşüncə tərzimizi qorumalı, ona nəzarət etməliyik. Silahımız, “hər düşüncəni Məsihə itaət etsin deyə əsir” edən “Allah biliyidir”. Bunu bilərək biz Müqəddəs Kitabın gündəlik öyrənməsinə daha həvəslə vaxt ayıracağıq, çünki əqlimizdən xudbin və cismani fikirləri çıxarmaq istəyirik (2 Korinflilərə 10:5).
Anlayışımıza kömək edən vəsaitlər
16. Biz Yehovanın tə’limindən necə faydalana bilərik?
16 Yehovanın tə’limi həm ruhani, həm də fiziki cəhətdən faydalıdır. Bu tə’lim, səmərədən və praktiki dəyərdən uzaq dini nəzəriyyə deyil. Biz oxuyuruq: “Faydalı olanı sənə öyrədən, yeriyəcəyin yolda səni güdən, Allahın Rəbb mənəm” (İşaya 48:17). Bəs Yehova bizi faydalı yol ilə necə aparır? Əvvəla, Onun Kəlamı olan Müqəddəs Kitaba sahibik. Bu bizim daim müraciət etdiyimiz əsas dərslikdir. Elə bu səbəbdən, məsihçi görüşlərində deyilənləri Müqəddəs Kitabı açaraq həmişə izləməyimiz yaxşı olar. Bunun faydalı olduğu, “Həvarilərin işləri” kitabının 8-ci fəslində təsvir edilən həbəşistanlı xədimlə baş verən hadisədən görünür.
17. Həbəşistanlı xədimlə bağlı hadisədə nə baş verdi və bu nəyi göstərir?
17 Həbəşistanlı xədim yəhudiliyi qəbul etmişdi. O, Allaha səmimi qəlbdən inanır və Müqəddəs Yazıları öyrənirdi. Xədim arabasında gedərkən İşayanın peyğəmbərliyini oxuyurdu. Bu zaman onun arabasının yanında qaçan Filip ondan soruşdu: “Oxuduğunu heç anlayırsanmı?” Xədim nə cavab verdi? “Mənə yol göstərən olmasa necə anlaya bilərəm?” Və Filipdən rica etdi ki, arabaya minib onun yanında otursun”. Sonra Filip müqəddəs ruhdan rəhbərlik alaraq, xədimə İşayanın peyğəmbərliyini anlamağa kömək etdi (Həvarilərin işləri 8:27-35). Bu hadisə nəyi göstərir? Müqəddəs Kitabı təkbaşına oxumağın kifayət olmadığını. Yehova, Onun Kəlamını vaxtında anlaya bilməyimiz üçün, müqəddəs ruhunun köməyi ilə sadiq və ağıllı quldan istifadə edir. O, bunu necə edir? (Matta 24:45-47; Luka 12:42).
18. Sadiq və ağıllı qul sinfi bizə necə kömək edir?
18 İsa qul sinfinin “ağıllı və sadiq” adlandırsa da, onun səhvlərə yol verməyəcəyini deməmişdi. Məsh edilmiş sadiq qardaşlardan ibarət olan bu qrup yenə də qeyri-kamil məsihçilərdən ibarətdir. Onlar ən yaxşı niyyətlərdən irəli gələrək davransalar da, birinci əsrdə yaşamış qardaşları kimi, hərdən səhvə yol verə bilərlər (Həvarilərin işləri 10:9-15; Qalatiyalılara 2:8, 11-14). Lakin onların niyyəti təmizdir və Yehova, Onun Kəlamına və və’dlərinə olan imanımızı möhkəmləndirən vəsaitlərlə bizi təchiz etmək üçün, onlardan istifadə edir. Şəxsi öyrənmə üçün sadiq və ağıllı qulun təqdim etdiyi ən əsas kömək “Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi”dir. Hal-hazırda bu tərcümə tam, yaxud qismən 42 dildə mövcuddur və 114 milyon nüsxədə çap edilmişdir. Bu vəsaitdən şəxsi öyrənmə zamanı faydalı şəkildə necə istifadə edə bilərik? (2 Timoteyə 3:14-17).
19. “Müqəddəs Yazıların qeydlərlə Yeni Dünya Tərcüməsi”nin şəxsi öyrənmə zamanı kömək edəcək bə’zi səciyyəvi xüsusiyyətləri hansılardır?
19 “Müqəddəs Yazıların qeydlərlə Yeni Dünya Tərcüməsi”ndə çarpaz sitatlarla verilmiş sütunlar, haşiyələr, qısa simfoniya (“Müqəddəs Kitab sözlərinin indeksi”), “Haşiyələrdəki sözlərin indeksi” və 43 mövzunun geniş müzakirə olunduğu Əlavə bənd, xəritələr və cədvəllər mövcuddur. “Müqəddimə”də, Müqəddəs Kitabın bu nadir tərcüməsi üçün istifadə edilən çoxsaylı mənbələr haqqında bəhs edilir. Əgər bu tərcümə sənin başa düşdüyün dildə varsa, hökmən onun səciyyəvi xüsusiyyətləri ilə tanış ol və onları tətbiq et. Hər necə olsa da, Müqəddəs Kitab öyrənmə üçün əsas vəsaitdir. Və “Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi”nin üstünlüyü ondadır ki, bu mənbə diqqəti Allahın Padşahlığının hökmranlığına yönəltməklə yanaşı, Allahın adının nə dərəcədə əhəmiyyətli olduğunu da layiqincə vurğulayır (Məzmur 149:1-9; Daniel 2:44; Matta 6:9, 10).
20. Şəxsi öyrənmə ilə bağlı hansı suallar indi cavab tələb edir?
20 Müqəddəs Kitabı anlamamız üçün daha hansı kömək tələb olunur? Şəxsi öyrənmə üçün vaxtı necə tapmaq olar? Öyrənməni daha səmərəli necə etmək olar? Öyrənmə bizim başqaları ilə olan münasibətimizə necə tə’sir göstərməlidir? Ruhani irəliləyişimizin bu vacib sahələri növbəti məqalədə müzakirə olunacaqdır.
[Haşiyə]
a 1979-cu ildən qızılın qiyməti aşağadakı qaydada enib-qalxmışdır: 1980-ci ildə ən yüksək həddə, qramı 27,33 dollara çatmışdı, 1999-cu ildə isə olduqca aşağı, qramı 8,13 dollara qədər enmişdi.
Xatırlayırsınızmı?
• Dərindən düşünmək nə deməkdir?
• Allahın Kəlamını öyrənməyə necə yanaşmalıyıq?
• Şəxsi öyrənmə ilə hansı niyyətlərdən irəli gələrək məşğul olmalıyıq?
• Müqəddəs Kitabı öyrənmək üçün hansı vəsaitlərimiz var?
[21-ci səhifədəki şəkil]
Beyt-El ailəsinin üzvləri hər günü Müqəddəs Kitab ayəsini müzakirə etməklə başlayaraq ruhani cəhətdən möhkəmlənirlər.
[21-ci səhifədəki şəkillər]
Yol gedərkən Müqəddəs Kitaba əsaslanan audiokasetləri dinləməklə vaxtdan səmərəli istifadə etmiş oluruq.
[22-ci səhifədəki şəkil]
İnsanlar qızıl əldə etmək üçün vaxt və qüvvələrini əsirgəməmişlər. Sən Allahın Kəlamını öyrənməkdə sə’y göstərirsənmi?
[İcazə ilə]
Courtesy of California State Parks, 2002
[23-cü səhifədəki şəkillər]
Müqəddəs Kitab əbədi həyata yol açan xəzinədir.