Padşahların nümunəsinə riayət edin
“Bu şəriətin bir nüsxəsini kitaba yazacaq; və yanında olacaq və həyatının bütün günlərində ondan oxuyacaq” (TƏSNİYƏ 17:18, 19).
1. Məsihçi kimə bənzəməlidir?
YƏQİN ki, özünüzü padşah və ya padşah arvadı kimi təsəvvür etmək çətindir. Sadiq məsihçilər və ya Müqəddəs Kitabı öyrənənlərdən kim özünü Allah qorxusuna malik olan Davud, Yoşiya, Hezekiel və ya Yehoşafat kimi padşahların yerində təsəvvür edə bilər? Lakin biz müəyyən dərəcədə nədə isə onlar kimi ola bilərik və olmalıyıq da. Belə isə nədə və nəyə görə?
2, 3. Yehova insan padşahları ilə bağlı nəyi qabaqcadan görürdü və həmin padşah nə etməli idi?
2 Allah Musanın günlərində israillilərə insanlardan padşah verməzdən çox əvvəl, Onun xalqında belə bir istəyin oyanacağını qabaqcadan görmüşdü. Buna görə də, Allah ruhunun vasitəsilə Musanı təşviq etdi ki, Qanun əhdinə müvafiq tə’limatlar daxil etsin. Bu tə’limatlar padşahlar üçün tə’yin edilmişdi.
3 Yehova dedi: “Allahın Rəbbin sənə verməkdə olduğu diyara gəldiyin... və: “Ətrafımda olan bütün millətlər kimi üzərimə padşah qoyacağam”, dediyin zaman; mütləq Allahın Rəbbin seçəcəyi adamı üzərinə padşah qoyacaqsan... və elə olacaq ki, padşahlığının taxtı üzərinə oturduğu zaman... bu şəriətin bir nüsxəsini kitaba yazacaq; və yanında olacaq və həyatının bütün günlərində ondan oxuyacaq, ta ki, Allahı Rəbdən qorxmağı, bu şəriətin bütün sözlərini və bu qanunları icra etmək üzrə onları tutmağı öyrənsin” (Təsniyə 17:14-19).
4. Padşahlar üçün verilən tə’limatlar özünə nələri daxil edirdi?
4 Bəli, Yehovanın öz xalqına seçəcəyi padşah, bu gün Müqəddəs Kitabda oxuduqlarımızı özü üçün köçürməli idi. Sonra o bu surətləri hər gün təkrar-təkrar oxumalı idi. Bu, hafizəni möhkəmlətmək üçün məşq deyildi, faydalı öyrənmə idi. Yehovanın tə’yin etdiyi padşah, ürəyində düzgün əhval-ruhiyyə inkişaf etdirmək və onu qoruyub saxlamaq üçün belə öyrənmə ilə vicdanla məşğul olmalı idi. Həmçinin o, müvəffəqiyyətli və fərasətli padşah olmaq üçün də, ilham almış bu yazıları öyrənməli idi (2 Krallar 22:8-13; Süleymanın məsəlləri 1:1-4).
Padşahlar kimi öyrənin
5. Davudun Müqəddəs Kitabın hansı hissələrinin üzünü köçürüb, oxumaq imkanı vardı və bu onda hansı hissləri oyadırdı?
5 Necə düşünürsünüz, Davud İsrailin padşahı olan zaman ondan nə tələb olunurdu? O, Tövratın (Təkvin, Çıxış, Levililər, Saylar, Təsniyə) üzünü köçürməli idi. Davudun Qanunu şəxsən oxuyub, öz əlləri ilə köçürməsinin onun hafizəsinə və ürəyinə necə tə’sir bağışladığını təsəvvür edin. Ehtimal ki, Musa, həmçinin Eyub kitabını və Məzmurun 90, 91-ci fəsillərini də yazmışdı. Davud onları köçürdümü? Bəlkə də. Ehtimal ki, Davudda Yeşu, Hakimlər və Rut kitabları da vardı. Gördüyümüz kimi Davud, oxuyub mənimsəmək üçün, Müqəddəs Kitabın çox hissəsinə malik idi. Onun məhz bu cür davrandığına inanmaq üçün tam əsasımız var. Məzmur 19:7-11 ayələrində Allahın qanunları haqqında Davudun dedikləri sözlərə diqqət yetirin.
6. Ulu babası Davud kimi, İsanın da Müqəddəs Yazılara maraq göstərdiyinə necə əmin ola bilərik?
6 Böyük Davud, yə’ni “Davud Oğlu” İsa da bu cür davranırdı. Hər həftə yerli sinaqoqa getmək İsanın adəti idi. O, orada Müqəddəs Yazıları necə oxuyub izah etdiklərini dinləyirdi. Bundan əlavə, İsanın özü də Allahın Kəlamını ucadan oxuyur və onu izah edirdi (Luka 4:16-21). Onun Müqəddəs Yazıları yaxşı bilməsi dərhal nəzərə çarpır. “İncil” kitabında İsanın “yazılmışdır” dediyini və yaxud hər hansı başqa yolla Müqəddəs Yazıların müxtəlif parçalarından sitat gətirdiyini xatırlayın. Mattanın Müjdəsinə əsasən, İsa Dağüstü təbliğində İbranicə Müqəddəs Yazılardan 21 dəfə sitat gətirir (Matta 4:4-10; 7:29; 11:10; 21:13; 26:24, 31; Yəhya 6:31, 45; 8:17).
7. İsa din rəhbərlərindən nə ilə fərqlənirdi?
7 İsa, Məzmur 1:1-3 ayələrində yazılan məsləhətə riayət edirdi: “Nə bəxtiyardır o adam ki, pislərin öyüdü ilə yeriməz... Ancaq zövqü Rəbbin şəriətindədir. Və gecə-gündüz onun şəriətini dərin düşünür... Etdiyi hər iş də yaxşı gedər”. “Musanın kürsüsündə” oturub, amma “Rəbbin şəriətinə” diqqət yetirməyən həmin dövrün din rəhbərləri bu sözlərdən necə də uzaq idilər (Matta 23:2-4).
8. Müqəddəs Yazıları oxumaq və öyrənmək yəhudi din rəhbərlərinə nəyə görə fayda gətirmirdi?
8 Lakin Müqəddəs Kitabın bir parçası bə’zilərini çaşdıra bilər: sanki burada İsa Müqəddəs Kitabı öyrənənləri fikirlərindən daşındırmaq istəyir. Yəhya 5:39, 40 ayələrində İsanın öz müasirlərinə dediyi sözləri oxuyuruq: “Müqəddəs Yazıları araşdırırsınız, çünki əbədi həyata onlarla malik olacağınızı fikirləşirsiniz; Mənim haqqımda şəhadət edənlər də onlardır. Siz isə həyatınızın olması üçün Mənə tərəf gəlmək istəmirsiniz”. Bununla İsa demək istəmirdi ki, onu dinləyən yəhudilər Müqəddəs Yazıları öyrənməli deyillər. Bu sözlərlə İsa onların səmimi və ardıcıl olmadıqlarını göstərirdi. Onlar dərk edirdilər ki, Müqəddəs Yazılar əbədi həyata aparan yolu göstərir, fəqət tədqiq etdikləri elə həmin Müqəddəs Yazılar Məsihə — İsaya da işarə edirdi. Onlar isə İsanı Məsih kimi qəbul etməkdən imtina edirdilər. Onlar qeyri-səmimi və öyrətməyə qabiliyyətsiz olduqları üçün, bu cür öyrənmə onlara fayda gətirmirdi (Təsniyə 18:15; Luka 11:52; Yəhya 7:47, 48).
9. Həvarilər və qədim peyğəmbərlər hansı gözəl nümunəni vermişlər?
9 İsanın şagirdləri, o cümlədən həvariləri onlardan necə də fərqlənirdilər! Onlar “Müqəddəs Yazıları... xilas gətirən hikməti verməyə” qadir olan bir kitab kimi öyrənirdilər (2 Timoteyə 3:15). Bununla onlar sə’ylə “araşdırma və tədqiqatlar” aparan qədim peyğəmbərləri xatırladırdılar. Həmin peyğəmbərlər araşdırmaya bir neçə ay və yaxud bir il həsr etməyin kifayət olduğunu düşünmürdülər. Həvari Peter, onların araşdırma ilə fasiləsiz məşğul olduqlarını, xüsusilə də Məsihlə və onun bəşəriyyəti xilas edəcəyi şərəfli işlərilə bağlı mə’lumatlarla maraqlandıqlarını qeyd edirdi. Peterin birinci məktubunda Müqəddəs Yazıların 10 kitabından 34 sitata rast gəlinir (1 Peter 1:10, 11).
10. Nəyə görə hər birimiz Müqəddəs Kitabın öyrənilməsinə maraq göstərməliyik?
10 Aydın olduğu kimi, qədim İsraildə padşahlara Allahın Kəlamını diqqətlə öyrənmək həvalə olunmuşdu. İsa da bu göstərişə riayət edirdi. Məsihlə bərabər göydə idarə edəcək kəslər də Allahın Kəlamını öyrənirdilər (Luka 22:28-30; Romalılara 8:17; 2 Timoteyə 2:12; Vəhy 5:10; 20:6). Padşahlığın yer üzündə idarə edəcəyi zaman xeyir-dua almağa ümid edən kəslərin də, padşahların nümunəsinə riayət etmələri eyni dərəcədə vacibdir (Matta 25:34, 46).
Padşahlara və bizlərə verilən tapşırıq
11. a) Müqəddəs Kitabın öyrənilməsi ilə əlaqədar məsihçilər üçün hansı təhlükə var? b) Özümüzə hansı sualları verməyimiz yaxşı olardı?
11 Cəsarətlə və tam əminliklə demək olar ki, hər bir məsihçi Müqəddəs Kitabı şəxsən tədqiq etməlidir. Bu yalnız Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə öyrənməyə başlayanlar üçün zəruri deyil. Həvari Pavelin müasirləri vaxtilə şəxsi öyrənməyə e’tinasız yanaşmağa başladılar. Biz onlara oxşamamaqda qərarlı olmalıyıq. Onlar “Allahın sözlərinin ibtidai qaydalarını”, məsələn, “Məsih haqqındakı ibtidai elmi” öyrənmişlər. Lakin onlar öyrənməyə davam etmədilər, deməli, “kamilliyə doğru” tərəqqi etməyə tələsmirdilər (İbranilərə 5:12-6:3). Bununla əlaqədar özümüzdən soruşa bilərik: “Allahın Kəlamını şəxsi olaraq öyrənməyə mən necə yanaşıram?” Bu, həm məsihçi yığıncağına yenicə qoşulanlara, həm də onillərlə artıq bu yığıncağa məxsus olanlara aiddir. Pavel dua edirdi ki, müasirləri olan məsihçilər “Allahı tanımaqda” tərəqqi etməyə davam etsinlər. Belə bir istəyə malik olduğumu mən də göstərirəmmi? (Koloslulara 1:9, 10).
12. Allahın Kəlamına sönməz məhəbbət bəsləmək nə üçün vacibdir?
12 Müqəddəs Kitabı müntəzəm surətdə və diqqətlə öyrənmək üçün, Allahın Kəlamına dərin məhəbbət inkişaf etdirmək çox vacibdir. Məzmur 119:14-16 ayələrindən göründüyü kimi, Allahın Kəlamından məmnunluq duymağı öyrənmək üçün, oxuduqlarımız üzərində müntəzəm və məqsədyönlü düşünmək lazımdır. Yenə də, nə qədər vaxt məsihçi olmağımız vacib deyil. Timoteyin nümunəsi bu fikri vurğulayır. Məsihçi ağsaqqalı olan Timotey artıq “İsanın yaxşı əsgəri kimi” xidmət etsə də, Pavel onu təşviq edirdi ki, “həqiqət sözünü doğruluqla” öyrətmək üçün əlindən gələni etsin (2 Timoteyə 2:3, 15; 1 Timoteyə 4:15). “Əlimizdən gələni etmək” üçün biz də Müqəddəs Kitabı müntəzəm və diqqətlə öyrənməliyik.
13. a) Müqəddəs Kitabı öyrənmək üçün daha çox vaxtı necə tapmaq olar? b) Öyrənməyə daha çox vaxt ayırmaq üçün hansı dəyişiklikləri edə bilərsiniz?
13 Müqəddəs Kitabı müntəzəm surətdə və sə’ylə öyrənmək üçün xüsusi vaxt ayırmaq lazımdır. Bu sahədə siz nə edirsiniz? Verdiyiniz cavabdan asılı olmayaraq, şəxsi öyrənməyə daha çox vaxt həsr etmək imkanınız varmı? Siz soruşa bilərsiniz: “Axı vaxtı necə tapa bilərəm?” Bə’ziləri, öyrənmənin keyfiyyətini artırmaq üçün, səhərlər bir az tez dururlar. Onlar 15 dəqiqə ərzində ya Müqəddəs Kitabı oxuyur, ya da ona dair hər hansı bir mövzunu öyrənirlər. Bəlkə, həftəlik planınızda kiçik dəyişiklik etməyə dəyər? Məsələn, əgər hər gün qəzet oxumaq və axşamlar xəbərlərə baxmaq kimi adətiniz varsa, heç olmasa, həftədə bir dəfə də olsa bu məşğuliyyətləri öyrənməyə qurban verə bilməzsinizmi? Əldə edilən vaxt sayəsində Müqəddəs Kitab öyrənməsini daha da genişləndirmək olar. Əgər həftədə bir dəfə xəbərlərə baxmağın əvəzinə yarım saata yaxın şəxsi öyrənmə ilə məşğul olsanız, ildə 25 saatdan artıq alınacaqdır. Təsəvvür edirsinizmi Müqəddəs Kitabı 25 saat əlavə oxumaq və ya şəxsi öyrənmə ilə məşğul olmaq necə böyük fayda gətirə bilər! Daha bir məsləhət: növbəti həftə ərzində hər axşam gün ərzində nə ilə məşğul olduğunuz haqqında düşünün. Müqəddəs Kitabı oxumaq və ya şəxsi öyrənmə ilə məşğul olmaq üçün nəyi isə tə’xirə salmaq, yaxud nədənsə imtina etmək olmazmı? (Efeslilərə 5:15, 16).
14, 15. a) Şəxsi öyrənmədə məqsədlər nəyə görə vacibdir? b) Müqəddəs Kitabı oxumaqla bağlı qarşımıza hansı məqsədləri qoymaq olar?
14 Necə etmək olar ki, öyrənmə daha asan və maraqlı olsun? Qarşımıza məqsədlər qoyaraq. Bəs qarşımıza hansı real məqsədləri qoya bilərik? Çoxlarının ilk və tə’rifə layiq məqsədi Müqəddəs Kitabı bütünlüklə oxumaq olmuşdur. Ola bilsin ki, siz Müqəddəs Kitabın ayrı-ayrı hissələrini oxumaqla fayda əldə etmisiniz. Bəs nəyə görə Müqəddəs Kitabı bütünlüklə oxumağı qərara almayasınız? Əvvəlcə dörd Müjdəni, sonra isə bütünlüklə Yunanca Müqəddəs Yazıları oxumağa can atmaq olar. Bundan məmnunluq duyub, fayda əldə etdikdə, qarşımıza növbəti məqsədi qoya bilərik: Musanın bütün kitablarını və Ester də daxil olmaqla qalan tarixi kitabları oxumaq olar. Bu məqsədə çatdıqda görəcəksiniz ki, Müqəddəs Kitabı bütünlüklə oxuyub başa vurmaq mümkündür. Təxminən 65 yaşında məsihçi olan bir qadın Müqəddəs Kitabın ön vərəqində onu oxumağa başladığı və qurtardığı tarixləri qeyd etmişdir. İndi həmin vərəqdə beş cüt tarix durur! (Təsniyə 32:45-47). Üstəlik, o qadın Müqəddəs Kitabı kompüterin ekranından və ya vərəqdən deyil, məhz əlində tutaraq oxumağı üstün tutur.
15 Müqəddəs Kitabı bütünlüklə oxumağa nail olan kəslərin bə’ziləri, müntəzəm öyrənmələrini daha səmərəli və xoşagələn etmək üçün yeni tədbirlər görürlər. Məsələn, Müqəddəs Yazıların hər hansı kitabını oxumağa başlamazdan əvvəl, ona uyğun material tapıb üzərində işləmək olar. “Hər Müqəddəs Yazı Allahdan ilham alıb və faydalıdır” və “Müqəddəs Yazıların dərk edilməsi” kimi nəşrlərdə Müqəddəs Yazıların hər kitabının tarixi şəraitləri, üslub və faydası haqqında dəyərli mə’lumat tapmaq olara.
16. Müqəddəs Kitabı öyrənən zaman kimlərin nümunəsini təqlid etməkdən qaçınmalıyıq?
16 Öyrənmə zamanı Müqəddəs Kitab üzrə bir çox alimlərə xas olan üsuldan qaçınmaq lazımdır. Onlar, Müqəddəs Kitab insan əsəri imiş kimi, mətnlərin təhlilinə həddindən artıq diqqət yetirirlər. Onlardan bə’ziləri Müqəddəs Yazıların hər bir kitabının müəyyən qrup oxucular üçün tə’yin edildiyini zənn edir, ya da həmin kitabları yazan müəllifin qarşısına qoyduğu məqsədi və mə’lumatı hansı nöqteyi-nəzərlə verdiyini özləri qərara alırlar. Bu cür sırf insani düşüncələr sayəsində, Müqəddəs Kitab sadəcə tarixi dəyərlərə malik olan və ya dini fikirlərin inkişafını əks etdirən əsər kimi təqdim edilir. Digər alimlər, Müqəddəs Kitabın filologiyası ilə məşğul olaraq, bütünlüklə sözlərin tədqiqatına qapılırlar. Onları Allahın nə demək istədiyindən çox, qədim ibrani və yunan sözlərinin mənşəyi və mə’nası maraqlandırır. Müqəddəs Kitabı öyrənməyə bu cür yanaşmaq, fəaliyyətə təşviq edən dərin iman inkişaf etdirməyə kömək edəcəkmi? (1 Saloniklilərə 2:13).
17. Müqəddəs Kitabın hamı üçün tə’yin edildiyini düşünməyə hansı əsaslarımız var?
17 Bəs alimlərin çıxardıqları nəticələrlə razılaşmaq olarmı? Həqiqətənmi Müqəddəs Yazıların hər kitabı yalnız bir əsas fikrə malikdir və doğrudurmu ki, hər kitab yalnız kiçik qrup oxucular üçün tə’yin edilib? (1 Korinflilərə 1:19-21). Əslində Allahın Kəlamına daxil olan kitablar müxtəlif yaşlı, mənşəli və məşğuliyyətli insanlar üçün sönməz dəyərlərə malikdir. Hər hansı kitab, əvvəlcə Timotey və ya Titus kimi şəxslər, yaxud müəyyən qrup insanlar, məsələn, Qalatiya və ya Filip şəhərindəki məsihçilər üçün nəzərdə tutulsa da, həmin kitabları öyrənmək hər birimizə nəinki faydalı olardı, hətta zəruridir də. Hər birimiz üçün bu kitablar vacibdir. Bundan əlavə, bir kitab özünə bir neçə mövzu daxil edə bilər və müxtəlif oxucular üçün faydalı ola bilər. Bəli, Müqəddəs Kitab hər bir insan üçün yararlıdır, bu isə, onun nəyə görə az qala dünyanın bütün dillərinə tərcümə olunduğunu anlamaqda bizə kömək edir (Romalılara 15:4).
Sizin üçün və başqaları üçün olan fayda
18. Allahın Kəlamını oxuyarkən nəyin üzərində düşünməliyik?
18 Öyrənmə ilə məşğul olarkən görəcəksiniz ki, Müqəddəs Kitabı anlamağa sə’y göstərmək və təfərrüatlar arasındakı bağlılığı düzgün müəyyən etmək nə qədər faydalıdır (Süleymanın məsəlləri 2:3-5; 4:7). Yehovanın Kəlamı vasitəsilə aşkar etdiyi şeylər Onun niyyəti ilə sıx bağlıdır. Bu səbəbdən oxu zamanı Müqəddəs Kitab faktlarını və məsləhətlərini Allahın niyyəti ilə əlaqələndirin. Bu və ya digər hadisənin, fikrin və ya peyğəmbərliyin Yehovanın niyyətləri ilə necə bağlı olduğu barədə düşünün. Özünüzə belə suallar verin: “Bu, Yehova haqqında mənə nəyi çatdırır? Bu, Allahın səmavi Padşahlıq vasitəsilə həyata keçirilən niyyəti ilə necə bağlıdır?” Növbəti sualların da üzərində düşünmək olar: “Bu mə’lumat mənim üçün necə faydalı ola bilər? Başqalarına Müqəddəs Kitab əsasında tə’lim və nəsihət verdikdə, bu mə’lumatı necə tətbiq etmək olar?” (Yeşu 1:8).
19. Öyrəndiklərinizi başqalarına danışdıqda kimlər faydalanacaq? İzah edin.
19 Başqaları haqqında düşünmək daha bir səbəbə görə də faydalıdır. Siz Müqəddəs Kitabı oxuyub tədqiq edərək, yeni şeylər öyrənəcək və anlayacaqsınız. Çalışın bunu doğmalarınızla və başqa insanlarla ünsiyyət zamanı yaradıcı söhbətlərə daxil edəsiniz. Əgər bunu müvafiq vaxtda və təvazökarlıqla etsəniz, belə söhbətlər, şübhəsiz ki, fayda gətirəcək. Öyrəndiyinizi, yaxud maraqlı bir şeyi səmimiliklə və ruh yüksəkliyi ilə danışmağınız isə, çox ehtimal ki, həmsöhbətlərinizə daha çox təəssürat bağışlayacaq. Bundan başqa, bu sizin özünüz üçün də faydalı olacaq. Nəyə görə? Mütəxəssislər müşahidə ediblər ki, insan müəyyən mə’lumatı yaddaşında hələ yeni ikən praktikada tətbiq edərsə, yaxud başqalarına danışmaqla təkrar edərsə, öyrənilən şey onun yaddaşında daha çox qalarb.
20. Müqəddəs Kitabı təkrar-təkrar oxumaq nəyə görə faydalıdır?
20 Hər dəfə Müqəddəs Yazıların bir kitabını təkrar oxuduqda, özünüz üçün yeni mə’lumat əldə edəcəksiniz. Əvvəllər xüsusi bir şey görmədiyiniz parçalar indi sizi valeh edəcək. Onlar sizin üçün yeni mə’na kəsb edəcək. Bu bir daha vurğulayır ki, Müqəddəs Yazılara daxil olan kitablar sadəcə insanlar tərəfindən yaradılan ədəbiyyat deyil, sizin üçün tə’yin edilmiş xəzinədir. Bu kitabları təkrar-təkrar tədqiq etmək və hər dəfə nə isə dəyərli bir şey əldə etmək olar. Unutmayın ki, padşahlara, məsələn, Davuda “bütün günlərində ondan [Müqəddəs Kitabdan]” oxumaq əmr edilmişdi.
21. Allahın Kəlamını daha çox öyrənsəniz, sizi hansı mükafat gözləyir?
21 Bəli, Müqəddəs Kitabın dərindən tədqiq edilməsinə vaxt ayıranlar böyük fayda əldə edirlər. Onlar ruhani xəzinə və anlayış əldə edirlər. Onların Allahla münasibətləri möhkəmlənir, zənginləşir. Üstəlik, onlar yaxınları üçün, məsihçi yığıncağındakı bacı-qardaşlar üçün, eləcə də hələ Yehovanın xidmətçiləri olacaq kəslər üçün daha qiymətli olurlar (Romalılara 10:9-14; 1 Timoteyə 4:16).
[Haşiyələr]
a Bu vəsaitlər Yehovanın Şahidləri tərəfindən çox dillərdə nəşr edilib.
b “Gözətçi Qülləsi”nin 1993-cü il, 1 avqust sayına baxın, səh. 13, 14, (rusca).
Yadınızdadırmı?
• İsrail padşahlarından nə gözlənilirdi?
• Müqəddəs Kitabı tədqiq etməklə bağlı İsa və həvarilər hansı nümunəni verdilər?
• Şəxsi öyrənməyə daha çox vaxt sərf etmək üçün hansı dəyişikliyi etmək olar?
• Allahın Kəlamını öyrənməyə necə yanaşmaq lazımdır?
[11-ci səhifədəki çərçivə]
“Əlimizdə tutaraq”
“Əgər bizə Müqəddəs Kitabla bağlı hər hansı ayəni və ya sözü tapmaq lazımdırsa... İnternetdən istifadə etmək daha yaxşıdır. Amma əgər Müqəddəs Kitabı oxumaq, öyrənmək və üzərində dərindən düşünmək istəyiriksə, onu əlimizdə tutmalıyıq ki, ürəyimizə və əqlimizə tə’sir etsin” (Qertrud Himmelfarb, iste’fada olan əməkdar professor, Siti Universiteti Nyu-York ştatı).