“Oyaq durun!”
“Sizə nə söyləyirəmsə, hamıya söyləyirəm: Oyaq durun!” (MARK 13:37).
1, 2. a) Öz mülkünü qorumağa dair bir nəfər hansı ibrət dərsini götürdü? b) İsanın oğru ilə əlaqədar gətirdiyi məsəldən oyaq durmağın vacibliyi haqqında nə öyrənirik?
XUAN qiymətli əşyalarını evdə saxlayırdı. O, həmin şeyləri çarpayısının altında — onun fikrincə ən təhlükəsiz yerdə gizlədirdi. Lakin gecənin birində, Xuan və arvadı yatarkən, oğru yataq otağına girir. Görünür, oğru haranı axtarmaq lazım olduğunu bilirmiş. Oğru səssizcə çarpayının altında olan bütün qiymətli şeyləri, həmçinin Xuanın siyirtməyə qoyduğu pulları götürdü. Səhəri gün Xuan soyulduğunu başa düşdü. Öz acı təcrübəsində öyrəndiyi ibrət dərsi uzun müddət Xuanın xatirəsindən silinməyəcəkdir: yatmış adam öz mülkünü qoruya bilməz.
2 Bu, ruhani cəhətdən də belədir. Əgər yatsaq, ümidimizi və imanımızı qoruya bilmərik. Buna görə də Pavel nəsihət verirdi: “Digərləri kimi yatmayaq; lakin oyaq durub ayıq olaq” (1 Saloniklilərə 5:6). Oyaq durmağın nə qədər vacib olduğunu göstərmək üçün, İsa oğru ilə bağlı bir məsəl çəkdi. İsa özünün Hakim timsalında gəlişindən qabaq baş verəcək hadisələri təsvir edib, sonra xəbərdarlıq etdi: “Beləliklə, oyaq durun; çünki Rəbbinizin hansı gün gələcəyini bilməzsiniz. Amma bunu bilin ki, əgər ev sahibi oğrunun hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb öz evini oğurlamağa qoymazdı. Bunun üçün siz də hazır olun; çünki İnsan Oğlu sizin zənn etmədiyiniz saatda gələcəkdir” (Matta 24:42-44). Oğru öz gəlişi barədə əvvəlcədən xəbər vermir. Onun məqsədi heç kimin onu gözləmədiyi vaxtda gəlməkdir. Buna bənzər şəkildə, İsanın dediyi kimi, bu sistemin də sonu bizim ‘zənn etmədiyimiz saatda gələcəkdir’.
“Ayıq olun, imanda sabit durun”
3. İsa toydan qayıdan ağalarının gəlişini gözləyən qulların nümunəsində oyaq durmağın vacibliyini necə göstərdi?
3 Lukanın Müjdəsinə əsasən İsa məsihçiləri, toydan qayıdan ağanın gəlişini gözləyən qullarla müqayisə etmişdir. Onlar oyaq durmalı idilər ki, ağaları gəldikdə yatmasınlar və onu qarşılaya bilsinlər. Eynilə də İsanın sözlərinə görə ‘İnsan Oğlu bizim zənn etmədiyimiz saatda gələcəkdir’ (Luka 12:40). Yehovaya artıq uzun illər xidmət edən insanların bə’ziləri oyaqlıqlarını itirib, hansı vaxtda yaşadığımızı nəzərdən qaçıra bilərlər. Onlar, hətta belə bir qərara gələ bilərlər ki, sonun gəlməsinə, ola bilsin, hələ çox var. Lakin bu cür düşüncə tərzi bizim diqqətimizi ruhani şeylərdən yayındıraraq və maddi məqsədlər güdməyə yönəldərək ruhən mürgüləməyimizə səbəb ola bilər (Luka 8:14; 21:34, 35).
4. Nəyə əmin olmağımız bizi sayıq olmağa təşviq edəcəkdir və İsa bunu necə göstərdi?
4 Biz İsanın çəkdiyi məsəldən daha bir dərs götürə bilərik. Görünür, qullar ağanın hansı saatda gələcəyini bilməsələr də, onun hansı gecə gələcəyindən xəbərdar idilər. Əgər onlar ağalarının başqa bir gecə gələ biləcəyini düşünsəydilər, onda sübhəcən oyaq qalmaq çətin olardı. Lakin göründüyü kimi, onlar ağalarının hansı gecə gələcəyini bilirdilər və bu, onların oyaq durmaları üçün güclü stimul idi. İndiki vəziyyət də buna çox bənzəyir. Müqəddəs Kitab peyğəmbərlikləri aydın göstərir ki, biz sonun vaxtında yaşayırıq, lakin həmin peyğəmbərliklər sonun məhz hansı gün və hansı saatda gələcəyini demir (Matta 24:36). Sonun gələcəyinə iman etməyimiz bizə oyaq durmağa kömək edir, amma əgər Yehovanın gününün həqiqətən də yaxın olduğuna əminiksə, ayıq olmağa daha güclü təşviq duyacağıq (Tsefanya 1:14).
5. Pavelin “oyaq durun” təşviqinə necə hay verə bilərik?
5 Pavel Korinflilərə olan məktubunda təşviq edirdi: “Ayıq olun, imanda sabit durun” (1 Korinflilərə 16:13). Bəli, oyaq durmağımız, məsihçi imanında nə dərəcədə möhkəm olmağımızdan asılıdır. Oyaq durmaqda bizə nə kömək edə bilər? Allahın Kəlamından daha dərin biliklər əldə etmək (2 Timoteyə 3:14, 15). Müqəddəs Kitabı sə’ylə öyrənmək və yığıncaq görüşlərində müntəzəm iştirak etmək imanımızı möhkəmlətməyə kömək edir. Yehovanın gününü yaddaşımızda möhkəm saxlamaq da imanımızın vacib sahəsidir. Buna görə də, yaxınlaşmaqda olan sona dair vacib həqiqətləri nəzərdən qaçırmayaq deyə, vaxtaşırı bu sistemin sonunun artıq yaxın olduğuna dair Müqəddəs Yazıların sübutlarını özümüzə xatırlatmaq yaxşı olardıa. Həmçinin Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetdiyini göstərən dünya hadisələrinin gedişatını da müşahidə etmək faydalıdır. Almaniyada yaşayan bir qardaş yazır: “Mən xəbərlərə baxıb, müharibələr, zəlzələlər, zorakılıqlar və planetin çirklənməsi haqqında eşitdikdə sonun yaxın olduğuna əminliyim artır”.
6. İsa, vaxt keçdikcə ruhani oyaqlığı itirməyə meylli olmağı əyani surətdə necə göstərdi?
6 Markın Müjdəsinin 13-cü fəslində biz yenə də İsanın öz davamçılarını oyaq durmağa təşviq etdiyi haqda oxuyuruq. Burada İsa onların vəziyyətini başqa ölkəyə səyahətə getmiş ev sahibinin qayıtdığını gözləyən qapıçının vəziyyəti ilə müqayisə edir. Qapıçı sahibin nə zaman qayıdacağından xəbərsizdir. Onun oyaq durmaqdan başqa çıxış yolu yoxdur. İsa ev sahibinin gələ biləcəyi dörd növbədən bəhs edir. Dördüncü növbə təxminən gecə saat üçdən səhərədək davam edir. Sonuncu növbədə qapıçını asanlıqla yuxu basa bilərdi. Mə’lumdur ki, əsgərlər düşməni yaxalamaq üçün sübh çağını ən əlverişli vaxt hesab edirdilər. Bunun kimi bu gün bizə də, axır günlərin sonunda bütün dünyanın ruhən möhkəm yatdığı bir vaxtda, oyaq durmaq üçün, ehtimal ki, bütün qüvvəmizi sərf etmək lazım gəlir (Romalılara 13:11, 12). Bu səbəbdən, İsa çəkdiyi məsəldə dönə-dönə təkrar edir: “Diqqətli və oyaq olun... Beləliklə, oyaq durun... Sizə nə söyləyirəmsə, hamıya söyləyirəm: Oyaq durun!” (Mark 13:32-37).
7. Bizə qarşı hansı ciddi təhlükə mövcuddur və bunu nəzərə alaraq, Müqəddəs Kitabda biz tez-tez nəyə təşviq olunuruq?
7 İsa xidməti ərzində və artıq dirildikdən sonra da dəfələrlə ayıq olmağa təşviq etmişdir. Üstəlik, demək olar ki, Müqəddəs Yazılarda hər dəfə bu sistemin sonu haqqında danışılanda oyaq durmaq üçün bizə xəbərdarlıq olunurb (Luka 12:38, 40; Vəhy 3:2; 16:14-16). Sözsüz ki, ruhən mürgüləmək çox ciddi təhlükədir. Hamımızın bu cür xəbərdarlıqlara ehtiyacı var! (1 Korinflilərə 10:12; 1 Saloniklilərə 5:2, 6).
Oyaq qalmağı bacarmayan üç həvari
8. İsanın üç həvarisi Getsamani bağında onun oyaq durmaq xahişinə necə münasibət göstərdilər?
8 Peter, Yaqub və Yəhyanın nümunəsindən göründüyü kimi, oyaq qalmaq üçün sadəcə yaxşı niyyətlər kifayət etmir. Onların üçü də İsanın ardınca sədaqətlə gedən və ona qarşı dərin bağlılıq hissi duyan ruhani kişilər idi. Bununla belə, onlar eramızın 33-cü ilinin 14 nisan axşamında oyaqlığı qoruya bilmədilər. Bu üç həvari Pasxanı qeyd etdikləri otağı tərk edib, İsa ilə bərabər Getsamani bağına tərəf yola düşdülər. İsa onlara bir xahişlə müraciət etdi: “Canım ölüm dərəcəsində kədərlidir; burada qalıb, Mənimlə oyaq durun” (Matta 26:38). İsa səmavi Atasına üç dəfə qızğın dua etmiş və hər üç dəfə də dostlarının yanına qayıdanda onları yatmış görmüşdür (Matta 26:40, 43, 45).
9. Həvarilərin mürgüləmələrinə, ehtimal ki, nə tə’sir etmişdi?
9 Bu sadiq kişilər həmin gecə İsanın ümidini nəyə görə doğrultmadılar? Burada yorğunluq da özünü göstərdi. Artıq gec idi, bəlkə də, gecə yarısından keçmişdi və onların “gözləri ağırlaşmışdı” (Matta 26:43). İsa yenə də dedi: “Oyaq durub dua edin ki, imtahana uğramayasınız. Doğrudan da ruh qeyrətli, bədən isə zəifdir” (Matta 26:41).
10, 11. a) Getsamani bağında yorğunluğuna baxmayaraq, oyaq durmaqda İsaya nə kömək etdi? b) İsanın oyaq durmağı xahiş etdiyi üç həvari ilə baş verən hadisədən nə öyrənirik?
10 Həmin tarixi gecədə, sözsüz ki, İsa da özünü yorğun hiss edirdi. Lakin yatmaq əvəzinə, İsa azadlığın həmin son dəyərli anlarını qızğın dualara həsr etmişdi. Bir neçə gün əvvəl o, davamçılarını dua etməyə təşviq etmişdi: “Buna görə də bütün baş verəcək bu fəlakətlərdən qaçınmağa layiq olmaq və İnsan Oğlunun hüzuruna çıxa bilmək üçün, hər an dua edin və ayıq olun” (Luka 21:36; Efeslilərə 6:18). Əgər biz İsanın məsləhətinə diqqət yetirir və onun duaya olan münasibətini təqlid ediriksə, Yehovaya ürəkdən etdiyimiz yalvarışlar ruhən oyaq durmaqda bizə kömək edəcəkdir.
11 Əlbəttə, şagirdlərinin həmin an anlamadıqları bir şeyi İsa anlayırdı — o bilirdi ki, bir azdan onu tutacaq və ölümə məhkum edəcəklər. İsa qarşıda onu sınaqlar və işgəncə dirəyində dəhşətli ölüm gözlədiyindən xəbərdar idi. Bu haqda İsa həvarilərini xəbərdar etmişdi, lakin onlar onun sözlərini anlamamışdılar. Elə bu səbəbdən də onlar yatmış, İsa isə oyaq qalıb dua edə bilmişdi (Mark 14:27-31; Luka 22:15-18). Həvarilər kimi, bizim də bədənimiz zəifdir və biz də hələ çox şeyi bilmirik. Əgər biz hansı vacib dövrdə yaşadığımızı nəzərdən qaçırsaq, ruhani mə’nada yuxuya gedə bilərik. Ancaq ayıq qalsaq, oyaq durmağa nail ola biləcəyik.
Üç mühüm keyfiyyət
12. Həvari Pavelin sözlərinə görə, oyaqlıq hansı üç keyfiyyətlə bağlıdır?
12 Oyaqlığı qorumaqda bizə nə kömək edə bilər? Biz duanın və Yehovanın gününü yaddaşımızda saxlamağın vacibliyini artıq müzakirə etdik. Bundan əlavə Pavel, inkişaf etdirməmiz lazım olan üç mühüm keyfiyyəti xatırladır. O yazır: “Biz isə gündüzə aid olduğumuza görə ayıq olaq, köksümüzə iman və məhəbbət zirehini, başımıza dəbilqə olaraq xilas ümidini geyək” (1 Saloniklilərə 5:8). Gəlin iman, məhəbbət və ümidin ruhən oyaq qalmaqda bizə necə kömək etdiyini qısaca olaraq nəzərdən keçirək.
13. Oyaqlığı qorumaqda iman bizə necə kömək edir?
13 Yehovanın mövcudluğuna və ‘Onu axtaranlara mükafat verdiyinə’ sarsılmaz imanımız olmalıdır (İbranilərə 11:6). İsanın sona dair peyğəmbərliyinin birinci əsrdə ilk dəfə yerinə yetməsi, bu peyğəmbərliyin bizim günlərdə də geniş miqyasda yerinə yetəcəyinə imanımızı möhkəmlədir. İman bizi Yehovanın gününü, peyğəmbərlik rö’yalarının gecikməyəcəyinə, mütləq yerinə yetəcəyinə əmin olaraq gözləməyə təşviq edir (Habaqquq 2:3).
14. Oyaq qalmaq üçün nəyə görə ümidə sahib olmaq vacibdir?
14 Bizim möhkəm ümidimiz “can lövbəri kimi”dir; hətta Allahın dəyişməz və’dlərini gözləmək lazım gəlirsə də, belə ümid bizə çətinliklərə tab gətirməyə kömək edir (İbranilərə 6:18, 19). 90-dan artıq yaşı olan və 70 il bundan qabaq vəftiz olub müqəddəs ruhla məsh olunmuş bacımız Marqaret deyir: “1963-cü ildə ərim xərçəng xəstəliyindən ölən zaman düşünürdüm ki, son tez gəlsəydi, nə yaxşı olardı! Lakin indi başa düşürəm ki, mən başlıca olaraq özüm üçün necə yaxşı olacağını düşünürdüm. O zaman heç ağlımıza da gəlməzdi ki, işimiz bütün dünyada bu qədər genişlənəcəkdir. Hətta indi də çoxlu yerlər var ki, fəaliyyətimiz üçün qapılar hələ təzə-təzə açılır. Buna görə də şadam ki, Yehova səbir göstərdi”. Həvari Pavel bizi əmin edir ki, ‘dözümlülükdən təcrübə və təcrübədən ümid hasil olur... və ümid utandırmaz’ (Romalılara 5:3-5).
15. Hətta kifayət qədər vaxt gözlədiyimizi düşünsək də, məhəbbət bizim üçün necə təşviqedici qüvvə olacaqdır?
15 Məsihçi məhəbbəti ən böyük keyfiyyətdir, çünki etdiyimiz hər işin arxasında duran məhəbbətdir. Yehovanın və’dlərini nə qədər gözləməli olsaq da, biz Onu sevdiyimiz üçün Ona xidmət edirik. Allahın səbri nə qədər davam etsə də və eyni qapını neçə dəfə döymək lazım gəlsə də, bizi Padşahlıq haqqında təbliğ etməyə yaxınlarımıza olan məhəbbət təşviq edir. Pavelin yazdığı kimi, “üç şey baqidir: iman, ümid, məhəbbət; amma məhəbbət bunların hamısından üstündür” (1 Korinflilərə 13:13). Məhəbbət bizə möhkəm və oyaq qalmaqda kömək edir. “[Məhəbbət] hər şeyə ümid bəsləyər, hər şeyə tab gətirər... məhəbbət əsla tükənməz” (1 Korinflilərə 13:7, 8).
“Malik olduğuna möhkəm sarıl”
16. Yubanmaq əvəzinə, biz hansı əhval-ruhiyyəni inkişaf etdirməliyik?
16 Elə bir mühüm dövrdə yaşayırıq ki, dünya hadisələri axır günlərin sonunda yaşadığımızı bizə hər vaxt xatırladır (2 Timoteyə 3:1-5). İndi yubanmağın vaxtı deyil, bunun əvəzinə ‘malik olduğumuza möhkəm sarılmağın’ vaxtıdır (Vəhy 3:11). Əgər biz ‘dua etmək üçün ayıq durur’ və iman, ümid, məhəbbət inkişaf etdiririksə, sınaqlar zamanı hazır olacağıq (1 Peter 4:7). Rəbbin yolunda görüləsi işlərimiz çoxdur. Allaha məqbul işlərlə məşğul olmaq bizə oyaq durmağa və sayıq qalmağa kömək edəcəkdir (2 Peter 3:11).
17. a) Nəyə görə bə’zən yerinə yetməyən ümidlər bizi mə’yus etməli deyil? (31-ci səhifədəki çərçivəyə baxın.) b) Biz Yehovanı necə təqlid edə bilərik və bunu edən kəsləri hansı xeyir-dualar gözləyir?
17 Yeremya yazırdı: “Mənim payım Rəbdir; bundan ötrü ona ümid bağlaram. Onu gözləyənlərə, onu arayan cana, Rəbb yaxşıdır. Ümid etmək və Rəbbin qurtarışını susaraq gözləmək yaxşıdır” (Yeremyanın mərsiyələri 3:24-26). Bizlərdən bə’zilərimiz Yehovanın xilasını yenicə gözləməyə başlamışıq. Başqaları bunu artıq uzun illərdir ki, gözləyirlər. Lakin qarşıda bizi gözləyən əbədiyyətlə müqayisədə bu vaxt nə qədər qısa görünəcəkdir! (2 Korinflilərə 4:16-18). Hələlik, Yehovanın tə’yin etdiyi vaxtı gözlədiyimiz müddətdə biz olduqca vacib məsihçi keyfiyyətlərini inkişaf etdirə bilərik. Həmçinin başqalarına Yehovanın səbrindən faydalanmağa və həqiqəti qəbul etməyə kömək edə bilərik. Bu səbəbdən, gəlin bundan sonra da oyaq duraq. Gəlin, Yehovanı təqlid edərək səbirli olaq və Onun bizə verdiyi ümidə görə minnətdar olaq. Oyaqlığımızı qorumağa sədaqətlə davam edərək, əbədi həyata olan ümidə möhkəm sarılaq. O zaman bu peyğəmbərlik və’dləri mütləq bizim üzərimizdə yerinə yetəcəkdir: “Yeri miras almaq üçün [Yehova] səni yüksəldəcəkdir; pislərin kəsilib atılacağı zaman bunu görəcəksən” (Məzmur 37:34).
[Haşiyələr]
a “Gözətçi Qülləsi”nin 2000-ci il, 15 yanvar sayının (rus.) 12 və 13-cü səhifələrində gətirilən “axır günlərdə” yaşadığımızı göstərən altı sübutu təkrarlamaq faydalı olardı (2 Timoteyə 3:1).
b Oyaq durmaq” kimi tərcümə edilən yunan sözünə gəldikdə, leksikoqraf V. E. Vayn qeyd edir ki, bu söz hərfi mə’nada “yuxunu qovmaq” deməkdir və bu, “sadəcə yuxusuzluğu deyil, diqqətini nəyə isə cəmləşdirən adamın oyaqlığını ifadə edir”.
Siz necə cavab verərdiniz?
• Bu dünya sisteminin sonunun yaxın olduğuna əminliyimizi necə möhkəmlədə bilərik?
• Peter, Yaqub və Yəhyanın nümunəsindən nə öyrənirik?
• Hansı üç keyfiyyət ruhən oyaq durmaqda bizə kömək edəcəkdir?
• Nə üçün indi ‘malik olduğumuza möhkəm sarılmağın’ vaxtıdır?
[31-ci səhifədəki çərçivə/şəkil]
“Gözləyib... yetişən nə bəxtiyardır” (Daniel 12:12)
Təsəvvür edin ki, qoruduğu evə oğrunun girəcəyini güman etməyə gözətçinin əsası var. Gecə düşməsi ilə gözətçi oğrunun gəldiyinə işarə edə biləcək hər bir səsə diqqətlə qulaq asır. Saatlar ötdükcə o bütün diqqətini cəmləşdirərək hər şeyi görməyə və eşitməyə çalışır. Aydındır ki, gözətçi yarpaqların xışıltısından, yaxud pişiyin səsindən çaşıb, hətta yalandan haray sala bilər (Luka 12:39, 40).
“Rəbbimiz İsa Məsihin zühurunu” səbirsizliklə gözləyənlərlə də buna bənzər vəziyyət baş verə bilər (1 Korinflilərə 1:7). Həvarilər elə düşünürdülər ki, İsa İsrailin padşahlığını dirildikdən sonra bərpa edəcəkdir (Həvarilərin işləri 1:6). İllər keçdikdən sonra, Salonik şəhərində yaşayan məsihçilərə İsanın iştirakının yalnız gələcəkdə baş verəcəyini xatırlatmaq lazım idi (2 Saloniklilərə 2:3, 8). Lakin İsanın ilk davamçıları, Yehovanın günü ilə bağlı olan ümidlərinin yerinə yetmədiyinə görə həyata aparan yoldan sapmadılar (Matta 7:13).
Bizim günlərdə bu sistemin sonunun guya yubandığından yaranan mə’yusluq oyaqlığımızı boğmalı deyil. Ayıq gözətçi yalan səslərə aldansa da, yaxşı olardı ki, o oyaq qalmağa davam etsin! Bu, onun vəzifəsidir. Bunu eyni ilə məsihçilər haqqında da demək olar.
[28-ci səhifədəki şəkil]
Yehovanın gününün yaxın olduğuna əminsənmi?
[29-cu səhifədəki şəkillər]
Yığıncaq görüşləri, dua və Müqəddəs Kitabı diqqətlə öyrənməyimiz oyaq durmaqda bizə kömək edir.
[32-ci səhifədəki şəkil]
Gəlin, Marqaret kimi səbir edək və fəal surətdə oyaq duraq.