İndi oyaq durmaq həmişə olduğundan daha vacibdir!
“Beləliklə, digərləri kimi yatmayaq; lakin oyaq durub ayıq olaq” (1 SALONİKİLİLƏRƏ 5:6).
1, 2. a) Pompey və Herkulanum şəhərləri haqqında nə mə’lumdur? b) Pompey və Herkulanumun bir çox sakinləri hansı həyəcanlı əlamətlərə məhəl qoymadılar və bu nə ilə nəticələndi?
ERAMIZIN birinci əsrində Vezuvi vulkanının yaxınlığında Romanın çiçəklənən Pompey və Herkulanum şəhərləri yerləşirdi. Bu şəhərlər varlı romalıların sevimli istirahət yerləri idi. Oradakı amfiteatrlar min nəfərdən artıq tamaşaçı tuturdu, Pompeydəki böyük amfiteatra isə, demək olar ki, bütün şəhər sığırdı. Pompeydə arxeoloji qazıntılar aparan alimlər 118 bar və meyxana tapmışlar ki, həmin evlər qumarxana və fahişəxanalar kimi xidmət etmişdir. Divarüstü rəsm və qalıqların şəhadət etdiyi kimi, orada əxlaqsızlıq və var-dövlətə hərislik geniş yayılmışdı.
2 Eramızın 79-cu ilinin avqust ayının 24-də Vezuvi vulkanı püskürdü. Vulkanoloqlar güman edirlər ki, hər iki şəhərin üzərinə pemza və kül yağdıran ilk partlayış sakinlərin qaçmasına mane ola bilməmiş və görünür çoxları qaçmışlar. Təhlükəyə diqqət yetirməyən, yaxud həyəcanlı əlamətlərə sadəcə məhəl qoymayan başqaları isə orada qalmaq qərarına gəlmişlər. Sonra gecənin yarısına yaxın qızğın qaz, pemza və daşlardan ibarət axın gurultu ilə Herkulanum şəhərinin üzərinə tökülmüş və şəhərin bütün sakinləri boğulmuşlar. Növbəti günü səhər tezdən, həmin axından Pompeyin də bütün sakinləri həlak olmuşlar. Yaxınlaşan fəlakətin əlamətlərinə məhəl qoymamaq bu insanlara çox baha başa gəldi!
Yəhudi sisteminin sonu
3. Yerusəlimin məhv edilməsi ilə Pompey və Herkulanumun məhvi arasında hansı oxşarlıq var?
3 Pompey və Herkulanum şəhərlərinin sonu nə qədər dəhşətli olsa da, bu hadisədən doqquz il qabaq insanlar tərəfindən törədilən Yerusəlimin üzərini almış fəlakət daha dəhşətli idi. “Dünya tarixində ən dəhşətli” adlanan bu mühasirə milyondan artıq yəhudinin ölümünə səbəb oldu. Ancaq, Pompey və Herkulanum şəhərləri ilə olduğu kimi, Yerusəlimin də məhv ediləcəyini bildirən həyəcanlı əlamətlər vardı.
4. İsa davamçılarına, sistemin sonunun yaxınlaşmasına dair hansı peyğəmbərlik əlamətlərini təsvir etdi və həmin peyğəmbərlik ilk dəfə birinci əsrdə necə yerinə yetdi?
4 Şəhərin məhv ediləcəyi barədə İsa Məsih peyğəmbərlik etmişdi. O, bu dəhşətli hadisədən əvvəl olacaq müharibələr, qida çatışmazlığı, zəlzələlər və qanunsuzluq kimi həyəcan doğuran hadisələri qabaqcadan demişdi. Yalançı peyğəmbərlər fəaliyyət göstərməli, Allahın Padşahlığı haqqındakı xoş xəbər isə bütün dünyada təbliğ edilməli idi (Matta 24:4-7, 11-14). Baxmayaraq ki, İsanın sözləri geniş miqyasda bu gün yerinə yetir, həmin sözlər birinci əsrdə də kiçik miqyasda yerinə yetmişdir. Tarixi mə’lumatlara əsasən, Yəhudeyada şiddətli aclıq yaranmışdı (Həvarilərin işləri 11:28). Yəhudi tarixçisi İosif Flavinin dediyinə görə, şəhərin məhv edilməsinə qədər Yerusəlimin ətrafında az-az zəlzələlər baş verirdi. Yerusəlimin sonu yaxınlaşdıqca fasiləsiz üsyanlar, Yəhudeyanın siyasi fraksiyaları arasında daxili müharibələr, yəhudi və qeyri-yəhudilərin yaşadığı bir neçə şəhərlərdə kütləvi qırğınlar baş verirdi. Bütün bunlara baxmayaraq, Padşahlıq haqqındakı xoş xəbər “göy altında olan hər məxluqa təbliğ edilmişdir” (Koloslulara 1:23).
5, 6. a) Eramızın 66-cı ilində İsanın dediyi hansı peyğəmbərlik sözləri yerinə yetdi? b) Eramızın 70-ci ilində Yerusəlim məhv edilən zaman nəyə görə bu qədər insan həlak oldu?
5 Eramızın 66-cı ilində yəhudilər Romaya qarşı üsyan qaldırdılar. Bunun ardınca Sestiy Qallın komandanlığı altında qoşunlar Yerusəlimi mühasirəyə aldılar və bu zaman İsanın davamçıları onun sözlərini xatırladılar: “Qoşunların Yerusəlimi mühasirə etdiyini gördüyünüz zaman bilin ki, onun viranəliyinin vaxtı yaxınlaşmışdır. O zaman Yəhudeyada olanlar dağlara qaçsınlar; şəhərdə olanlar oradan çıxsınlar və ətrafda olanlar oraya girməsinlər” (Luka 21:20, 21). Yerusəlimi tərk etməyin vaxtı çatmışdı — bəs bunu necə etmək olardı? Gözlənilmədən Sestiy Qall qoşunlarını geri çəkdi, bu isə Yerusəlimdə və Yəhudeyada yaşayan məsihçilərə İsanın sözlərinə tabe olub, dağlara qaçmağa imkan yaratdı (Matta 24:15, 16).
6 Dörd ildən sonra, təxminən Pasxa bayramı vaxtı Roma qoşunları bu dəfə yəhudilərin üsyanını yatırmaq niyyətində olan general Titin komandanlığı altında qayıtdılar. Onun qoşunları Yerusəlimi mühasirəyə aldı və ‘səngərlərlə əhatə etdi’, buna görə də şəhərdən qaçmaq mümkün deyildi (Luka 19:43, 44). Müharibə təhlükəsinə baxmayaraq, yəhudilər Roma imperiyasının hər yerindən Yerusəlimə Pasxa bayramına axışırdılar. Onlar tələyə düşdülər. İosif Flavinin xəbər verdiyi kimi, Roma müharibəsində həlak olanların əksəriyyətini həmin zavallı ziyarətçilər təşkil edirdia. Yerusəlim axırda məhv edildikdə Roma imperiyasında yaşayan yəhudilərin yeddidə bir hissəsi həlak oldu. Yerusəlim və onun mə’bədinin dağıdılması Yəhudi dövlətinin və Musanın qanununa əsaslanan dini sistemin sonu demək idib (Mark 13:1, 2).
7. Nəyə görə sadiq məsihçilər Yerusəlim məhv edilən zaman sağ qaldılar?
7 Eramızın 70-ci ilində şəhərə toplaşan başqa insanlarla bərabər, yəhudilərdən olan məsihçilər də öldürülə, yaxud kölə edilə bilərdilər. Lakin tarixi sübutların göstərdiyi kimi, onlar İsanın 37 il əvvəl verdiyi xəbərdarlığa diqqət yetirmişdilər. Həmin məsihçilər şəhəri tərk etmiş və oraya qayıtmamışdılar.
Həvarilər tərəfindən vaxtında edilən xəbərdarlıq
8. Peter nəyin zəruriliyini görürdü və ehtimal ki, İsanın hansı sözlərini nəzərdə tuturdu?
8 İndi dünyanı, mövcud olan sistemə tamamilə son qoyacaq daha ciddi fəlakət gözləyir. Yerusəlimin məhv edilməsindən altı il əvvəl, həvari Peter vaxtında, həm də olduqca vacib bir məsləhət vermişdir ki, bu da indi yaşayan məsihçilər üçün xüsusilə faydalıdır. O demişdir: “Oyaq durun!” Peter görürdü ki, məsihçilərə ‘Rəbbin [İsa Məsihin] əmrini’ nəzərdən qaçırmamaq üçün ‘pak düşüncələrini’ canlandırmaq lazım idi (2 Peter 3:1, 2). Peter məsihçiləri oyaq durmağa təşviq edərək, ehtimal ki, İsanın öz həvarilərinə ölümündən bir neçə gün əvvəl dediyi sözləri nəzərdə tuturdu: “Diqqətli və oyaq olun! Dua edin! Çünki o vaxtın nə zaman gələcəyini bilməzsiniz” (Mark 13:33).
9. a) Bə’zilərində hansı təhlükəli nöqteyi-nəzər yarana bilərdi? b) Nəyə görə şübhəli münasibət olduqca təhlükəlidir?
9 Bu gün bə’ziləri istehza ilə soruşurlar: “Bəs Onun və’d edilmiş zühuru hanı?” (2 Peter 3:3, 4). Görünür, bu insanlar elə düşünürlər ki, əslində heç bir şey dəyişmir, hər şey dünya yaranandan bəri necə vardısa, elə də qalmaqdadır. Bu cür şübhəli münasibət təhlükəlidir. Şübhələr hansı zəmanədə yaşadığımızı dərketmə qabiliyyətimizi kütləşdirə və öz istəklərimizi yerinə yetirməyə təşviq edə bilər (Luka 21:34). Bundan başqa, Peterin qeyd etdiyi kimi, bu cür rişxəndçilər, Nuhun günlərində bütün dünya sistemini məhv etmiş Tufanı yaddan çıxarırlar. Məgər o zaman heç nə dəyişmədimi? (Təkvin 6:13, 17; 2 Peter 3:5, 6).
10. Peter, ola bilsin, səbri tükənən kəsləri hansı sözlərlə ruhlandırır?
10 Peter məktubunu ünvanladığı həmimanlılarına, Allahın bə’zən nəyə görə dərhal fəaliyyət göstərmədiyini xatırladaraq, səbir inkişaf etdirməyə kömək edir. Əvvəlcə Peter deyir: “Rəbbin gözündə bir gün min il, min il də bir gün kimidir” (2 Peter 3:8). Yehova əbədi yaşadığı üçün, bütün amilləri nəzərə alıb, fəaliyyət göstərmək üçün daha münasib vaxt seçə bilər. Peter həmçinin vurğulayır ki, Yehova dünyada yaşayan bütün insanların tövbə etməyini istəyir. Allahın səbri sayəsində çoxları xilas ola bilər, ancaq Allah tez-tələsik fəaliyyət göstərsəydi, həmin insanlar məhv olardılar (1 Timoteyə 2:3, 4; 2 Peter 3:9). Lakin Yehovanın səbri o demək deyil ki, O, heç zaman fəaliyyət göstərməyəcəkdir. Peter yazırdı: “Rəbbin Günü isə, gecə gələn oğru kimi gələcəkdir” (2 Peter 3:10).
11. Ruhən oyaq qalmaqda bizə nə kömək edə bilər və bu, Yehovanın gününün yaxınlaşmasını necə “tezləşdirə” bilər?
11 Peterin müqayisəsi diqqətəlayiqdir. Həqiqətən də oğrunu yaxalamaq bir o qədər asan deyil, lakin bunu etmək üçün bütün gecəni oyaq duran gözətçinin vaxtaşırı mürgüləyən kəsdən daha çox şansı var. Oyaq qalmaq üçün gözətçi nə etməlidir? Ən yaxşısı bütün gecəni gəzməkdir, çünki bu, oyaq qalmağa kömək edir. Buna bənzər şəkildə, əgər məsihçilər ruhani fəaliyyətlə məşğuldurlarsa, oyaq qalmaq onlar üçün asan olacaqdır. Bu səbəbdən Peter bizi “müqəddəs və Allaha ixlaskar” davranışa şəhadət edən işlərə təşviq edir (2 Peter 3:11). Bu cür fəaliyyət Yehovanın gününün zühurunu ‘yaddaşımızda möhkəm saxlamağa’ kömək edəcəkdir. “Yaddaşımızda möhkəm saxlayaraq” kimi tərcümə olunmuş yunan sözü hərfi mə’nada “tezləşdirmək” deməkdir (2 Peter 3:11, YD). Doğrudur ki, biz Yehovanın nə zaman fəaliyyət göstərəcəyinə tə’sir edə bilmərik. Yehovanın günü Onun tə’yin etdiyi saatda gələcəkdir. Lakin əgər Allaha xidmətlə məşğuluqsa, vaxt hiss olunmadan keçəcəkdir (1 Korinflilərə 15:58).
12. Yehovanın səbri hər birimizə necə fayda gətirir?
12 Beləliklə, Yehovanın gününün gecikdiyini düşünən hər kəs, Peterin məsləhətinə diqqət yetirməli və Yehovanın tə’yin etdiyi vaxtı səbirlə gözləməlidir. Yehovanın səbri sayəsində yerdə qalan vaxtımızı müdrikliklə istifadə edə bilərik. Məsələn, biz ən vacib məsihçi keyfiyyətlərini yaxşılaşdırmağa, həmçinin hələ bir çox insanlarla xoş xəbəri bölüşməyə davam edə bilərik, lakin son gəlsəydi, bütün bunlar mümkün olmazdı. Əgər oyaq dursaq, Yehova bu dünya sisteminin sonunda bizi “nöqsansız, ləkəsiz və sülh içində” tapacaqdır (2 Peter 3:14, 15). Bu necə də böyük xeyir-dua olacaqdır!
13. Pavelin Salonik şəhərindəki məsihçilərə dediyi hansı sözlər bu gün xüsusilə tətbiq ediləndir?
13 Pavel Salonik şəhərində yaşayan məsihçilərə yazdığı birinci məktubunda da oyaq durmağın gərəkliyindən danışırdı. O, onlara məsləhət verirdi: “Digərləri kimi yatmayaq; lakin oyaq durub ayıq olaq” (1 Saloniklilərə 5:2, 6). Oyaq durmaq, bu gün, bütün dünya sisteminin sonu yaxınlaşan dövrdə necə də vacibdir! Yehovanın xidmətçiləri ruhani şeylərə laqeydliklə dolu bir dünyada yaşayırlar və bu əhval-ruhiyyə onlara da tə’sir göstərə bilər. Pavel bunu nəzərə alaraq məsləhət verirdi: “Ayıq olaq, köksümüzə iman və məhəbbət zirehini, başımıza dəbilqə olaraq xilas ümidini geyək” (1 Saloniklilərə 5:8). Pavelin məsləhətinə diqqətli olmağa və oyaq durmağa bizə Allahın Kəlamını müntəzəm olaraq öyrənmək və qardaşlarımızla yığıncaq görüşlərində müntəzəm ünsiyyətdə olmaq kömək edəcəkdir (Matta 16:1-3).
Milyonlarla insanlar oyaq dururlar
14. Hansı rəqəmlər göstərir ki, bu gün çoxları Peterin məsləhətinə riayət edir və oyaq dururlar?
14 Bu gün Allahdan ilham almış məsləhətlərə diqqət yetirib oyaq duranlar çoxdurmu? Bəli, çoxdur. 2002-ci xidmət ili ərzində təbliğçilərin yüksək sayı 6 304 645-ə çatmışdır, bu isə 2001-ci ilə nisbətən 3,1 faiz çoxdur. Onların hamısı ruhən oyaqdırlar. Bu ondan görünür ki, onlar insanlara Allahın Padşahlığı haqqında danışmağa 1 202 381 302 saat həsr etmişlər. Onlar öz işlərinə e’tinasız yanaşmırlar. Bu iş həyatlarında ən vacib yeri tutur. Onların əksəriyyəti öz xidmətlərinə Salvadordan olan Noemi və Eduardo kimi yanaşırlar.
15. Salvadorda baş verən hansı hadisədən görünür ki, çoxları ruhani cəhətdən oyaq dururlar?
15 Bir neçə il qabaq Eduardo və Noemi Pavelin “dünyanın indiki surəti keçib gedir” sözlərinə diqqət yetirdilər (1 Korinflilərə 7:31). Onlar yaşayış tərzlərini sadələşdirdilər və tammüddətli pioner xidmətinə başladılar. Vaxt keçdikcə çoxlu xeyir-dua qazandılar, məsələn, rayon və vilayət işlərində iştirak etdilər. Eduardo və Noemi ciddi problemlərlə qarşılaşsalar da, əmindirlər ki, tammüddətli xidmət naminə maddi imkanlarını qurban verməklə düzgün qərar qəbul etmişlər. 2 454 pioneri də daxil etməklə, Salvadorda yaşayan 29 269 təbliğçinin çoxu bu cür fədakarlıq göstərir. Bu isə son il ərzində təbliğçilərin 2 faiz artmasına səbəb olan amillərdən biridir.
16. Kot-d’İvuarda bir gənc qardaşımız hansı ruhu təzahür etdirdi?
16 Kot-d’İvuarda yaşayan bir gənc məsihçi də bu cür əhval-ruhiyyəyə sahibdir. O, filiala belə bir məktub yazıb: “Mən xidməti köməkçiyəm. Lakin mən qardaşları pioner xidmətinə təşviq edə bilmirdim, çünki özüm bu sahədə yaxşı nümunə deyildim. Buna görə də mən yaxşı gəlirli işdən çıxdım və indi ancaq özümü tə’min etmək üçün işləyirəm, bunun sayəsində də xidmət üçün daha çox vaxtım olur”. Bu gənc Kot-d’İvuarda xidmət edən 983 pionerdən biridir. Bu ölkədə keçən il 6 701 təbliğçi vardı, bu isə artımın 5 faizini təşkil edir.
17. Belçikadan olan gənc bacımız, ətrafdakıların qabaqcadan yaranmış yanlış fikirlərinin onu qorxutmadığını əməldə necə göstərdi?
17 Belçikada xidmət edən 24 961 təbliğçi yenə də dözülməzlik, qabaqcadan yaranmış yanlış fikirlər və hüquq tapdalanması ucbatından əziyyət çəkir. Lakin onlar qorxuya qapılmır və sə’ylə xidmət edirlər. Məktəbdə etika dərsində Yehovanın Şahidləri təriqətlərlə bir sıraya qoyulduqda, 16 yaşlı bacımız müəllimdən icazə aldı ki, bu məsələnin digər tərəfi haqqında danışsın. “Yehovanın Şahidləri. Adına layiq təşkilat” videofilminin və “Yehovanın Şahidləri. Onlar kimdirlər?” broşürasının köməkliyi ilə bacımıza nəsib oldu ki, Yehovanın Şahidlərinin əslində kim olduqlarını izah etsin. Onun izahatı yaxşı qarşılandı və növbəti həftə şagirdlərə yoxlama işi verildi. Orada bütün suallar Yehovanın Şahidlərinin məsihçi dininə aid idi.
18. Nədən görünür ki, çətin şəraitlər Argentina və Mozambik kimi ölkələrdə yaşayan təbliğçiləri Yehovaya xidmətdən yayındıra bilmir?
18 Məsihçilərin çoxu bu son günlərdə ciddi çətinliklərlə qarşılaşırlar. Ancaq onlar öz əsas işlərindən yayınmamağa çalışırlar. Argentinada geniş yayılmış iqtisadi problemlərə baxmayaraq, keçən il təbliğçilərin yeni yüksək sayı — 126 709 nəfər müşahidə olunmuşdur. Mozambikdə əvvəl olduğu kimi yenə də hər yanda yoxsulluqdur. Bununla belə təbliğ işində 37 563 adam fəaliyyət göstərmişdir ki, bu da keçən ilə nisbətən 4 faiz çoxdur. Albaniyada çoxları çətinlik içində yaşayır, lakin bu ölkədə təbliğçilərin sayı 12 faiz artmış və 2 708-ə çatmışdır. Aydındır ki, əgər Allahın xidmətçiləri Padşahlığın maraqlarını birinci yerə qoyurlarsa, çətin şəraitlər Yehovanın ruhuna mane ola bilməz (Matta 6:33).
19. a) Nədən görünür ki, Müqəddəs Kitab həqiqətlərinə susayan həlim insanlar hələ çoxdur? b) İllik hesabatın bə’zi hansı təfsilatlarından görünür ki, Yehovanın xidmətçiləri ruhən oyaq dururlar? (20-23-cü səhifələrdəki hesabata baxın.)
19 Keçən il ərzində bütün dünyada hər ay 5 309 289 Müqəddəs Kitab öyrənməsi keçirilmişdir. Buradan görünür ki, Müqəddəs Kitab həqiqətlərinə susayan həlim insanlar hələ çoxdur. Xatirə Gecəsinə gələn 15 597 746 insandan — bu isə yeni yüksək saydır — hələ çoxları Yehovanın fəal xidmətçiləri deyillər. Qoy onlar bilikdə, Yehovaya və qardaşlığa məhəbbətdə böyüsünlər. “Başqa qoyunlar”dan ibarət olan “böyük izdiham”ın məsh edilmiş qardaşları ilə birlikdə “gecə-gündüz” Yaradana xidmətdə səmərə gətirməyə davam etdiklərini görmək necə də sevindiricidir! (Vəhy 7:9, 15; Yəhya 10:16).
Lutun nümunəsindən ibrət dərsi götürürük
20. Lutun və onun arvadının nümunəsindən biz nə öyrənirik?
20 Əlbəttə ki, hətta Allahın sadiq xidmətçiləri də bir anlıq oyaqlığı itirə bilərlər. İbrahimin qardaşı oğlu Lut haqda düşünək. Lut yanına gələn iki mələkdən öyrəndi ki, Allah Sodom və Homorranı məhv etməyə hazırlaşır. Bu mə’lumat Lutu təəccübləndirə bilməzdi, çünki o, “pozğun adamların səfahətə düşkün həyat tərzindən” əziyyət çəkirdi (2 Peter 2:7). Ancaq mələklər onu Sodomdan çıxaranda o, “yavaş davrandı”. Mələklər onu və ailəsini, demək olar ki, güclə şəhərdən çıxarmalı oldular. Nəticədə, Lutun arvadı mələklərin xəbərdarlığına qulaq asmadı və arxaya baxdı. Qadının diqqətsizliyi ona baha başa gəldi (Təkvin 19:14-17, 26). “Lutun arvadını xatırlayın!” deyə, İsa xəbərdarlıq etdi (Luka 17:32).
21. Nəyə görə bu gün oyaq durmaq həmişə olduğundan daha çox vacibdir?
21 Pompey və Herkulanum şəhərlərində baş vermiş fəlakət, Yerusəlimin məhv edilməsi, Nuhun günlərindəki Tufan və Lutun nümunəsi göstərir ki, xəbərdarlıqlara ciddi yanaşmaq olduqca vacibdir. Yehovanın xidmətçiləri olan bizlər, dövrün sonunun əlamətlərini görürük (Matta 24:3). Yalan dindən ayrılmışıq (Vəhy 18:4). Birinci əsrin məsihçiləri kimi, biz də Yehovanın gününü ‘yaddaşımızda möhkəm saxlamalıyıq’ (2 Peter 3:11, YD). Bəli, biz bu gün həmişə olduğundan daha oyaq durmalıyıq. Bundan sonra da oyaq durmaq üçün hansı addımları atmalı və hansı keyfiyyətləri inkişaf etdirməliyik? Bu, növbəti məqalədə müzakirə olunacaqdır.
[Haşiyələr]
a Birinci əsrdə Yerusəlimin əhalisinin 120 000-dən artıq olduğuna güman azdır. Yevsevinin hesablamalarına görə, eramızın 70-ci ilində Yerusəlimə Pasxa bayramına Yəhudeya əyalətinin 300 000 sakini gəlmişdi. Qalan həlak olanlar isə, görünür, imperiyanın başqa hissələrindən gələnlər idi.
b Əlbəttə, Yehovanın nöqteyi-nəzərindən eramızın 33-cu ilində Musanın qanunu yeni əhdlə əvəz edilmişdi (Efeslilərə 2:15).
Siz necə cavab verərdiniz?
• Hadisələr zamanı hansı dəyişikliklər yəhudilərdən olan məsihçilərə qaçmağa imkan yaratdı?
• Həvari Peterin və Pavelin yazdıqları hansı məsləhətlər bizə oyaq durmaqda kömək edir?
• Bu gün kimlər oyaq durur və fəaliyyət göstərirlər?
• Lutun və onun arvadının nümunəsindən hansı ibrət dərsini götürə bilərik?
[20-23-cü səhifələrdəki cədvələ nəşrin özündə baxın]
2002 YEHOVANIN ŞAHİDLƏRİNİN XİDMƏT İLİ ÜÇÜN ÜMUMDÜNYA HESABATI
[24-cü səhifədəki şəkillər]
Fəallıq məsihçilərə oyaq durmaqda kömək edir.