Rəbbin Xatirə gecəsi sənin üçün nə mə’na kəsb edir?
“Kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib, yaxud bu kasasından içərsə, Rəbbin bədəninə və qanına qarşı günahkar olur” (1 KORİNFLİLƏRƏ 11:27).
1. Hansı hadisə 2003-cü ildə ən vacib hadisə olacaqdır və bu bayram nə vaxtdan e’tibarən qeyd olunur?
APREL ayının 16-da gün batandan sonra, 2003-ci ilin ən vacib hadisəsi gözlənilir. Həmin vaxt Yehovanın Şahidləri İsa Məsihin ölümünün Xatirə Gecəsini qeyd etmək üçün bir yerə toplaşacaqlar. Əvvəlki məqalədə göstərildiyi kimi, eramızın 33-cü ilinin 14 nisanında İsa sadiq həvariləri ilə birlikdə Pasxa bayramını qeyd etdikdən sonra, Rəbbin Xatirə Gecəsi adlanan bu bayramı tə’sis etdi. Xatirə Gecəsinin simvolları olan mayasız çörək və qırmızı şərab, Məsihin günahsız bədənini və tökülən qanını — bəşəriyyəti miras alınmış günah və ölümdən qurtaran yeganə qurbanı təmsil edir (Romalılara 5:12; 6:23).
2. 1 Korinflilərə 11:27 ayəsində nə haqda xəbərdarlıq olunur?
2 Xatirə Gecəsində simvollardan qəbul edənlər bunu layiqli tərzdə etməlidirlər. Həvari Pavel bunu, qədim Korinfdə yaşayan və Rəbbin Xatirə Gecəsini layiq olmayan tərzdə qeyd edən məsihçilərə məktubunda aydın şəkildə göstərmişdir (1 Korinflilərə 11:20-22). Pavel yazırdı: “Kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib, yaxud bu kasasından içərsə, Rəbbin bədəninə və qanına qarşı günahkar olur” (1 Korinflilərə 11:27). Bu sözlər nə mə’na daşıyır?
Xatirə Gecəsinin layiq olmayan tərzdə qeyd edilməsi
3. Korinf məsihçilərinin bir çoxu Rəbbin Xatirə Gecəsində özlərini necə aparırdılar?
3 Korinf məsihçilərinin bir çoxu Xatirə Gecəsində layiq olmayan tərzdə iştirak edirdilər. Onların arasında parçalanma vardı, bə’ziləri isə müəyyən müddət özləri ilə şam yeməyi gətirir, çox vaxt da yeməkdə və içməkdə tarazlığı unudaraq, görüşə qədər, yaxud görüş vaxtı yeyirdilər. Onlar ruhani və mə’nəvi cəhətdən ayıq deyildilər. Bununla onlar “Rəbbin bədəninə və qanına qarşı günahkar” olurdular. Şam yeməyini yeməyənlər isə ac qaldıqlarından diqqətlərini toplaya bilmirdilər. Bəli, çoxları bu hadisənin ciddiliyinə varmadan, ona hörmətsiz şəkildə yanaşırdılar. Onların mühakiməyə layiq olmaları heç də təəccüblü deyil! (1 Korinflilərə 11:27-34).
4, 5. Adətən Xatirə Gecəsində simvollardan qəbul edənlərin özlərini yoxlamaları nəyə görə vacibdir?
4 Adətən simvollardan qəbul edənlər hər il Xatirə Gecəsinin yaxınlaşması ilə əlaqədar özlərini yoxlamalıdırlar. Bu ümumi süfrədə layiqli tərzdə iştirak etmək üçün onlara ruhani cəhətdən sağlam olmaq gərəkdir. Murdar olduğu halda sülh təqdimələri qurbanının ətindən yeyən, yə’ni ümumi süfrədə iştirak edən israilli kimi, İsanın qurbanlığına hörmətsizlik göstərən, hətta ona nifrət edən hər bir kəsi Allahın ‘xalqından atılmaq’ təhlükəsi gözləyir (Levililər 7:20; İbranilərə 10:28-31).
5 Pavel Xatirə Gecəsini qədim İsraildəki ümumi süfrə ilə, yə’ni sülh təqdimələrinin qurbanını dadmaqla müqayisə etdi. O, süfrənin iştirakçılarının Məsihə qovuşmaları haqqında yazaraq deyir: “Siz həm Rəbbin kasasından, həm də cinlərin kasasından içə bilməzsiniz; həm Rəbbin, həm də cinlərin süfrəsinə ortaq ola bilməzsiniz” (1 Korinflilərə 10:16-21). Adətən simvollardan qəbul edən şəxs ağır günah işlədərsə, bunu Yehovanın qarşısında e’tiraf etməli, həmçinin yığıncağın ağsaqqallarından ruhani kömək istəməlidir (Süleymanın məsəlləri 28:13; Yaqub 5:13-16). Əgər həmin insan həqiqətən də tövbə edir və tövbəyə layiq səmərələr gətirirsə, onun süfrədə iştirakı nalayiq hesab edilməyəcəkdir (Luka 3:8).
Hörmətcil müşahidəçilər
6. Allah Rəbbin Xatirə Gecəsində iştirak etmək imtiyazını kimlər üçün nəzərdə tutub?
6 Bu gün Məsihin 144 min qardaşının qalığına yaxşılıq edən kəslər Rəbbin Xatirə Gecəsində simvollardan qəbul etməlidirlərmi? (Matta 25:31-40; Vəhy 14:1). Xeyr. Süfrədə iştirak etməyi Allah yalnız ‘Məsihin həmvarisləri’, yə’ni müqəddəs ruhla məsh etdiyi kəslər üçün nəzərdə tutub (Romalılara 8:14-18; 1 Yəhya 2:20). Bəs Padşahlığın rəhbərliyi altında yer üzü cənnətdə əbədi yaşamaq ümidi olan kəslər haqqında nə demək olar? (Luka 23:43; Vəhy 21:3, 4). Onlar İsanın səmavi ümidə malik olan həmvarisləri olmadıqları üçün, Xatirə Gecəsində hörmətcil müşahidəçilər kimi iştirak edirlər (Romalılara 6:3-5).
7. Birinci əsrin məsihçiləri Xatirə Gecəsində simvollardan qəbul edib-etməyəcəklərini hansı əlamətlərə əsasən müəyyən edirdilər?
7 İsanın həqiqi davamçıları birinci əsrdə müqəddəs ruhla məsh edilmişdilər. Onların çoxu müqəddəs ruhdan başqa dillərdə danışmaq kimi bir və ya daha artıq fövqəltəbii bəxşişlər almışdılar. Onlara məsh olunduqlarını və Xatirə Gecəsində simvollardan qəbul edib-edə bilməyəcəklərini müəyyən etmək çətin deyildi. Bizim günlərdə isə insanın ruhla məsh olunub-olunmadığını Allahdan ilham almış bu sözlərin əsasında müəyyən etmək olar: “Allahın Ruhu ilə idarə olunanların hamısı Allahın oğullarıdır. Çünki siz yenə də qorxu içində yaşamaq üçün köləlik ruhunu almadınız, oğulluq ruhunu aldınız. Bu ruhla, “Abba, Ata!”,— deyə səslənirik” (Romalılara 8:14, 15).
8. “Matta” kitabının 13-cü fəslində bəhs edilən “buğda” və “dəlicələr” kimləri təmsil edir?
8 Əsrlər boyu həqiqi məsh edilmişlər, yalançı məsihçiləri təmsil edən “tarladakı dəlicələr” arasında “buğda” kimi böyüyürdülər” (Matta 13:24-30, 36-43). XIX əsrin 70-ci illərindən e’tibarən “buğda” daha çox seçilməyə başladı və bundan bir neçə il sonra, məsh edilmiş məsihçi nəzarətçilərinə aşağıdakı göstərişlər verildi: “Ağsaqqallar... [Xatirə Gecəsinə] toplaşanların qarşısına növbəti şərtləri qoymalıdırlar: 1) [Məsihin] qanına iman gətirmək və 2) Rəbbə həsr olunaraq ölənə qədər özünü müqəddəs xidmətə həsr etməyə hazır olmaq gərəkdir. Bu cür əhval-ruhiyyəyə malik olan və özünü Allaha tam həsr edən hər bir kəsi Rəbbin ölümünün Xatirə Gecəsində iştirak etməyə də’vət etmək lazımdır” (“Müqəddəs Yazıların tədqiqatı”, VI cild, “Yeni Yaradılış”, səh. 473, ing.)a.
“Başqa qoyunlar”ın axtarışı
9. “Böyük izdihamın” kimləri təmsil etdiyi 1935-ci ildə necə izah olundu və simvollardan qəbul edənlərin bə’zilərinə bu necə tə’sir göstərdi?
9 Vaxtilə Yehovanın təşkilatı yalnız Məsihin məsh edilmiş davamçılarına deyil, başqa insanlara da diqqət yetirməyə başladı. Bununla bağlı 1930-cu illərin ortasında vacib hadisə baş verdi. O vaxta qədər Allahın xalqı Vəhy 7:9 ayəsində təsvir edilən “böyük... izdihamı” göylər həyatına dirildilən 144 min məsh edilmişlərlə birlikdə Məsihin gəlininin rəfiqələri və ya yoldaşları timsalında göydə yaşayacaq ikinci dərəcəli ruhani sinif hesab edirdi (Məzmur 45:14, 15; Vəhy 7:4; 21:2, 9). Lakin 1935-ci il may ayının 31-də Yehovanın Şahidlərinin Vaşinqtonqda (ABŞ) keçirilən konqresində səslənən mə’ruzədə Müqəddəs Kitab əsasında göstərildi ki, “böyük izdiham” sonun vaxtında yaşayan “başqa qoyunlara” aiddir (Yəhya 10:16). Bu konqresdən sonra, əvvəllər Xatirə Gecəsində simvollardan qəbul edənlər səmavi ümidə deyil, yer üzündə əbədi yaşamaq ümidinə malik olduqlarını anlayaraq buna son qoydular.
10. Müasir “başqa qoyunların” ümidini və məs’uliyyətlərini necə təsvir edərdiniz?
10 1935-ci ildən e’tibarən, fidiyə qurbanlığına iman gətirən, Allaha həsr olunan və Padşahlığın təbliği üçün məsh edilmiş “kiçik sürü”yə kömək edən “başqa qoyunlar” sırasına daxil olan kəslərin axtarışına xüsusi diqqət yetirilir (Luka 12:32). Bu başqa qoyunlar yer üzü cənnətdə əbədi yaşamaq ümidinə malikdirlər, amma Padşahlığı miras alan müasir qalıqdan başqa heç bir sahədə fərqlənmirlər. Qədim İsraildə Yehovaya ibadət edən və Qanuna tabe olan gəlmələr kimi, bugünkü başqa qoyunlar da xoş xəbərin təbliği kimi məsihçi vəzifəsini ruhani İsrailin üzvləri ilə birlikdə icra edirlər (Qalatiyalılara 6:16). Lakin qədim İsraildə gəlmələrdən heç kim padşah, yaxud kahin ola bilməzdi, eyni ilə başqa qoyunlardan da heç kim səmavi Padşahlıqda idarə edə və ya kahin kimi xidmət edə bilməz (Təsniyə 17:15).
11. İnsanın vəftiz olunma tarixi onun hansı ümidə malik olmasına nəyə görə tə’sir edə bilər?
11 1930-cu illər üçün aydın oldu ki, səmavi sinfin əksəriyyəti artıq seçilib. İndi isə, artıq bir neçə onillikdir ki, yer üzündə yaşamaq ümidinə malik olan başqa qoyunların axtarışı gedir. Əgər məsh edilmişlərdən kim isə sadiq qalmazsa, 144 minin arasında onun yerini, ehtimal ki, “başqa qoyunlardan” artıq uzun illərdir ki, Allaha xidmət edən kəs tutacaqdır.
Yanlış fərziyyələr necə yaranır?
12. Hansı hallarda simvollardan qəbul etməyə son qoymaq lazımdır və nəyə görə?
12 Məsh edilmiş məsihçilər səmavi də’vətə malik olduqlarına tamamilə əmindirlər. Bəs belə də’vətə malik olmayan kəs Xatirə Gecəsində simvollardan qəbul edərsə, onda necə? Əlbəttə, onlar indi heç vaxt səmavi də’vətə malik olmadıqlarını biləndə vicdanları təşviq edəcək ki, bu işə son qoysunlar. Belə də’vətə malik olmadığını bilərək özünü səmavi padşah və kahin kimi təqdim edən kəsə Allah iltifat göstərməyəcəkdir (Romalılara 9:16; Vəhy 20:6). Harunun evinə məxsus olan kahinliyi özündən razı halda əldə etməyə can atdığı üçün, Yehova levi nəslindən olan Korahı ölümə məhkum etdi (Çıxış 28:1; Saylar 16:4-11, 31-35). Əgər məsihçilərdən kim isə Xatirə Gecəsində simvollardan qəbul etməyə haqqı olmadığını anlayarsa, bu işə son qoymalı və bağışlasın deyə, Yehovaya təvazökarcasına dua etməlidir (Məzmur 19:13).
13, 14. Nəyə görə bə’zilərində səmavi də’vətə malik olduqlarına dair yanlış fərziyyələr yarana bilər?
13 Bə’zilərində səmavi də’vətə malik olduqlarına dair yanlış fərziyyə necə yarana bilər? Həyat yoldaşının ölümü, yaxud başqa bir faciə ucbatından insan yer üzündəki həyata olan marağını itirə bilər. Başqası isə, ola bilsin, özünü məsh edilmiş məsihçi hesab edən yaxın dostunun səmavi ümidinə şərik olmaq istəyir. Lakin Allah ruhla məsh edilmişlərin sırasını doldurmağı heç kimə həvalə etməyib. Və kimi isə Padşahlığın varisi kimi məsh edərkən, bu xəbəri həmin insana hansısa səslərin vasitəsilə bildirmir.
14 Bütün yaxşı insanların göyə getməsi kimi yanlış dini təsəvvürlərin tə’siri altında kim isə elə düşünə bilər ki, səmavi də’vətə malikdir. Buna görə də ehtiyatlı olmaq lazımdır ki, keçmişdə malik olduğumuz, yaxud başqa yanlış nöqteyi-nəzərlər bizə tə’sir göstərməsin. Məsələn, kim isə özündən soruşa bilər: “Emosional vəziyyətimə tə’sir edən dərmanlar qəbul edirəmmi? Yanlış qərar qəbul etməyimə səbəb olacaq dərəcədə güclü hisslər keçirməyə meylliyəmmi?”
15, 16. Nəyə görə bə’ziləri yanlış olaraq özlərinin məsh olunduqlarını güman edə bilərlər?
15 Başqaları özlərindən soruşa bilərlər: “Yüksək mövqe tutmağa can atırammı? İndi, yaxud gələcəkdə Məsihin həmvarisi kimi hakimiyyətə nail olmaq arzusunda olaraq şöhrətpərəstlik axtarmıram ki?” Qeyd etmək lazımdır ki, birinci əsrdə də’vət olunan Padşahlığın varislərinin hamısı yığıncaqda məs’uliyyətli vəzifəyə malik deyildilər. Bundan savayı, səmavi də’vətə malik olanlar yüksək mövqe axtarmır və məsh edildiklərinə görə lovğalanmırlar. Onlar, “Məsihin ağlına” malik olan kəslərdən gözlənilən təvazökarlığı təzahür etdirirlər (1 Korinflilərə 2:16).
16 Bə’ziləri geniş Müqəddəs Kitab biliyinə sahib olduqlarına görə də elə qərara gələ bilərlər ki, səmavi də’vətə malikdirlər. Lakin ruhla məsh olunmaq o demək deyil ki, insan qeyri-adi anlayışlara sahibdir; Pavel bə’zi məsh edilmişlərə tə’lim və məsləhət verməli olmuşdur (1 Korinflilərə 3:1-3; İbranilərə 5:11-14). Allah bütün xalqını ruhani qida ilə tə’min etmək üçün tədbir görüb (Matta 24:45-47). Buna görə də düşünmək lazım deyil ki, məsh edilmişlər yer üzündə yaşamaq ümidinə malik olanlardan daha çox hikmətlidirlər. Müqəddəs Kitaba əsaslanan suallara cavab verməkdə, şahidlik etməkdə və ya Müqəddəs Kitaba əsaslanan mə’ruzələr ilə çıxış etməkdə məharətli olmaq insanın müqəddəs ruhla məsh olunmasına işarə deyil. Bütün bunları yer üzündə yaşamaq ümidinə malik olan məsihçilər də yaxşı bacarır.
17. Ruhla məsh olunmaq nədən və kimdən asılıdır?
17 Əgər həmimanlımız səmavi də’vət haqqında soruşursa, ağsaqqal, yaxud başqa bir yetkin məsihçi bu sualı onunla müzakirə edə bilər. Lakin başqasının yerinə qərar qəbul etmək olmaz. Həqiqətən səmavi də’vətə malik olan insanın bu haqda başqaları ilə məsləhətləşməyə ehtiyacı yoxdur. Məsh edilmişlərə “fani toxumdan deyil, fani olmayandan, Allahın həyatbəxş və əbədiyyətə qədər baqi olan kəlamı vasitəsilə” yenidən doğulmaq verilib (1 Peter 1:23). Allah müqəddəs ruhunun və Kəlamının vasitəsilə insanda sanki “toxum” yaradır, bu isə insanı səmavi ümidə malik olan “yeni məxluq” edir (2 Korinflilərə 5:17). Məsh edilmişləri Yehova Özü seçir. Məsh olunmaq “arzu edən, yaxud sə’y göstərən insandan deyil, ancaq... Allahdan asılıdır” (Romalılara 9:16). Bəs insan səmavi də’vətə malik olduğuna necə əmin ola bilər?
Onlar nəyə görə əmindirlər?
18. Hansı mə’nada Allahın ruhu məsh edilmişlərin ruhuna şəhadət edir?
18 Allahın ruhunun şəhadəti, məsh edilmiş məsihçiləri səmavi də’vətə malik olduqlarına əmin edir. Pavel yazırdı: “Siz... oğulluq ruhunu aldınız. Bu ruhla, “Abba, Ata!”, — deyə səslənirik. Elə həmin Ruh bizdəki ruha şəhadət edir ki, biz Allahın övladlarıyıq. Və əgər övladıyıqsa, deməli, eyni zamanda varislərik, Allahın varisləriyik; və əgər Məsihlə bərabər izzət qazanmaq üçün Onunla iztirab çəkiriksə, Məsihin həmvarisləriyik” (Romalılara 8:15-17). Müqəddəs ruh elə tə’sir göstərir ki, məsh olunmuşlardakı ruh, yə’ni hökm sürən əhval-ruhiyyə Müqəddəs Yazılarda Yehovanın ruhani övladları haqqında deyilənləri özlərinə aid etməyə təşviq edir (1 Yəhya 3:2). Allahın ruhu onları Allahın oğulları olduğuna əmin edir və onlarda xüsusi ümid oyadır (Qalatiyalılara 4:6, 7). Kamil bir insan kimi yer üzündə əbədi olaraq doğma və əzizlərin əhatəsində yaşamaq çox gözəldir, lakin Allahın məsh edilmişlərə verdiyi ümid bundan ibarət deyil. Allah öz müqəddəs ruhunun vasitəsilə onlarda səmavi ümidə qarşı o qədər güclü istək hasil edir ki, onlar yer üzündəki bütün sevinc və ümidləri qurban verməyə hazırdırlar (2 Korinflilərə 5:1-5, 8; 2 Peter 1:13, 14).
19. Yeni əhd məsh edilmiş məsihçilərin həyatında hansı rolu oynayır?
19 Məsh edilmiş məsihçilər səmavi də’vətə malik olduqlarına, onlarla yeni əhd bağlandığına tam əmindirlər. Xatirə Gecəsini tə’sis edərkən İsa bu haqda dedi: “Bu kasa Mənim sizin üçün tökülən qanımla gerçəklənən Əhdi-Cədiddir [yeni əhddir]” (Luka 22:20). Yeni əhd Allahla məsh edilmişlər arasında bağlanıb (Yeremya 31:31-34; İbranilərə 12:22-24). İsa vəsatətçidir. Yeni əhd Məsihin qanı tökülən zaman qüvvəyə mindi və bu əhdə yalnız yəhudilər deyil, başqa xalqlardan olan insanlar da qoşuldu. Və onların hamısı Yehovanın adı naminə xalq təşkil etdilər və İbrahimin “nəsli”nin bir hissəsi oldular (Qalatiyalılara 3:26-29; Həvarilərin işləri 15:14). Bu “əbədi əhdin” sayəsində ruhani israillilərin hər birinin göylər həyatına dirilməsi və əbədiliyə nail olması mümkün olur (İbranilərə 13:20).
20. Məsihlə məsh edilmişlər arasında hansı əhd bağlanmışdır?
20 Məsh edilmişlər malik olduqları ümidə əmindirlər. Onlarla daha bir əhd — Padşahlıq əhdi kəsilmişdir. İsa şagirdlərinin onunla şərikliyi haqda demişdir: “Keçirtdiyim sınaqlarda Mənimlə bərabər olanlar sizsiniz və Atam Mənə Padşahlığı vəsiyyət etdiyi kimi, Mən də sizə vəsiyyət edirəm” (Luka 22:28-30, İ–93). Məsih və onunla birlikdə padşahlıq edəcək kəslər arasında bağlanan bu əhd əbədidir (Vəhy 22:5).
Xatirə Gecəsi ərəfəsi gözəl vaxtdır
21. Xatirə Gecəsi ərəfəsi bizə böyük fayda gətirsin deyə nə edə bilərik?
21 Xatirə Gecəsi ərəfəsi özü ilə bir çox xeyir-dualar gətirir. Bu vaxt üçün planlaşdırılan Müqəddəs Kitab hissələrinin oxunmasından fayda əldə edə bilərik. Bundan başqa, bu ərəfə, dua etmək, İsanın yer üzündəki həyatı və ölümü üzərində düşünmək, həmçinin Padşahlıq haqqındakı təbliğ işində iştirak etmək üçün xüsusilə münasib vaxtdır (Məzmur 77:12; Filipililərə 4:6, 7). Bu bayramı qeyd etmək bizə, fidiyə qurbanlığı ilə bağlı Allahın və Məsihin göstərdikləri məhəbbəti xatırladır (Matta 20:28; Yəhya 3:16). Onların bizim üçün etdikləri bizə ümid və təsəlli verir, həmçinin Məsihin yolu ilə yeriməkdə qətiyyətimizi möhkəmlətməlidir (Çıxış 34:6; İbranilərə 12:3). Xatirə Gecəsi, Allaha həsr olunmağımıza müvafiq yaşamaqda və Onun əziz Oğlunun sədaqətli davamçıları olmaqda bizi möhkəmləndirməlidir.
22. Allahın insanlara verdiyi ən böyük bəxşiş hansıdır və bu bəxşişə görə minnətdarlığı necə göstərmək olar?
22 Yehova bizə necə də gözəl bəxşişlər təqdim edir! (Yaqub 1:17). Biz Onun Kəlamından rəhbərliyə, Onun ruhunun köməyinə və əbədi həyat ümidinə malikik. Allahın ən böyük bəxşişi isə, məsh edilmişlərin və iman gətirən başqa insanların günahları üçün verilən İsanın qurbanlığıdır (1 Yəhya 2:1, 2). Bəs İsanın ölümü sənin üçün nə mə’na kəsb edir? Rəbbin Xatirə Gecəsini qeyd etmək üçün 2003-cü il aprelin 16-da gün batandan sonra yığılacaq minnətdar insanların arasında olacaqsanmı?
[Haşiyə]
a Əsər Yehovanın Şahidləri tərəfindən dərc olunmuşdur, artıq nəşr edilmir.
Siz necə cavab verərdiniz?
• Xatirə Gecəsində simvollardan kimlər qəbul etməlidir?
• Nəyə görə “başqa qoyunlar” Xatirə Gecəsində sadəcə olaraq hörmətcil müşahidəçilər kimi iştirak edirlər?
• Məsh edilmiş məsihçilər haradan bilirlər ki, Məsihin ölümünün Xatirə Gecəsində simvollardan qəbul etməlidirlər?
• Xatirə Gecəsi ərəfəsi hansı işlər üçün gözəl vaxtdır?
[14-cü səhifədəki diaqram/şəkillər]
(Diaqrama nəşrin özündə baxın)
Xatirə Gecəsində toplaşanlar
MİLYONLARLA
15,597,746
15
14
13,147,201
13
12
11
10
9
8
7
6
5
4,925,643
4
3
2
1
878,303
63,146
1935 1955 1975 1995 2002
[14-cü səhifədəki şəkil]
Bu il Rəbbin Xatirə Gecəsinə gələcəksinizmi?
[17-ci səhifədəki şəkillər]
Xatirə Gecəsi ərəfəsi — Müqəddəs Kitabı daha çox oxumaq və Padşahlıq haqqındakı təbliğ işində daha çox iştirak etmək üçün münasib vaxtdır.