Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/3 s. 12—16
  • Göylərdə və yerdə olan hər şeyin toplanması

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Göylərdə və yerdə olan hər şeyin toplanması
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • ‘Göylərdə olanlar’
  • Toplanış başlanır
  • Padşahlıq əhdinə qəbul edilənlər
  • Simvollardan qəbul etmək
  • ‘Yerdə olanların toplanması’
  • Rəbbin Xatirə gecəsi sənin üçün nə mə’na kəsb edir?
    Gözətçi qülləsi 2003
  • Məsihin Xatirə gecəsini nəyə görə qeyd edirik?
    Gözətçi qülləsi 2015
  • Rəbbin Xatirə gecəsi necə qeyd olunur?
    Gözətçi qülləsi 2004
  • Biz sizinlə gedəcəyik
    Gözətçi qülləsi 2020
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/3 s. 12—16

Göylərdə və yerdə olan hər şeyin toplanması

‘Allahın iltifatı həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihin başçılığı altında [«yenidən toplamaqdır», YD]’ (EFESLİLƏRƏ 1:9, 10).

1. Yehovanın göy və yer üçün ‘iltifatı’ nədən ibarətdir?

KAİNATDA əmin-amanlığın hökm sürməsi — «sülh mənbəyi olan» Yehova Allahın izzətli niyyətidir! (İbranilərə 13:20). Həvari Pavel müqəddəs ruhun tə’siri altında yazmışdır ki, Yehovanın ‘iltifatı’ — «həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihin başçılığı altında [«yenidən toplamaqdır», YD]» (Efeslilərə 1:9, 10). Bu ayədə «yenidən toplamaq» kimi tərcümə olunan fe’l hansı mə’nanı daşıyır? Müqəddəs Kitab alimi C. B. Laytfut qeyd edir: «Bu ifadə Kainatda hökm sürən tam harmoniyanı bildirir. Artıq orada yad və ahəngsiz ünsürlərə yer olmayacaq, lakin bütün tərkib hissələr Məsihin ətrafında birləşəcək. Günah, ölüm, kədər, uğursuzluq və iztirablar bitəcək».

‘Göylərdə olanlar’

2. ‘Göylərdə olanların’ toplanması dedikdə kimlər nəzərdə tutulur?

2 Həvari Peter məsihçilərin malik olduqları gözəl ümid haqqında yazırdı: «Biz Onun və’dinə görə yeni göylər və yeni yer gözləyirik ki, onlarda salehlik ömür sürür» (2 Peter 3:13). Burada və’d edilən «yeni göylər» altında yeni hökumət — Xilaskar Padşahlıq nəzərdə tutulur. Həvari Pavelin efeslilərə yazdığı məktubunda xatırlanan ‘göylərdə olanlar’ ‘Məsihin başçılığı altında’ toplanmalıdırlar. Onlar, Məsihlə göydə hökmranlıq edəcək məhdud saylı 144 000 nəfər insandır (1 Peter 1:3, 4). Məsh edilmiş məsihçilər İsa Məsihin səmavi Padşahlığının həmvarisləri olmaq üçün «yer üzündən», ‘insanlar arasından satın alınırlar’ (Vəhy 5:9, 10; 14:3, 4, İ–93; 2 Korinflilərə 1:21; Efeslilərə 1:11; 3:6).

3. Məsh edilmiş məsihçilər hələ yer üzündə ikən, hansı mə’nada ‘səmavi aləmdə otururlar’?

3 Məsh edilmiş məsihçilər Yehovanın ruhani övladları olmaq üçün müqəddəs ruhdan yenidən doğulurlar (Yəhya 1:12, 13; 3:5-7). Yehovanın onları ‘oğulluğa’ götürməsi nəticəsində onlar İsanın qardaşları olurlar (Romalılara 8:15; Efeslilərə 1:5). Buna görə, hələ yer üzündə yaşayarkən bu məsihçilər haqda deyilir ki, onlar ‘Məsihlə bərabər səmavi aləmdə otururlar’ (Efeslilərə 1:3; 2:6). Onlar göylərdə hazırlanmış belə uca ruhani mövqeyə ‘miraslarının rəhni olan və’d olunmuş Müqəddəs Ruh ilə möhürləndikləri’ üçün sahibdirlər (Efeslilərə 1:13, 14; Koloslulara 1:5). Deməli, toplanmalı olan ‘göylərdə olanlar’, Yehovanın ümumi sayını qabaqcadan müəyyən etdiyi məsh edilmiş məsihçilərdir.

Toplanış başlanır

4. ‘Göylərdə olanların’ toplanması nə vaxt və necə başlandı?

4 Yehovanın ‘işləri idarə’ etmək üsuluna müvafiq olaraq ‘göylərdə olanların’ toplanması «vaxt tamam olduqda» başlanmalı idi (Efeslilərə 1:10). Gözlənilən bu «vaxt», eramızın 33-cü ilinin Pentikost günündə yetişdi. Həmin gün Məsihin həvarilərinin və digər şagirdlərin, kişi və qadınların üzərinə Allahın müqəddəs ruhu tökülmüşdü (Həvarilərin işləri 1:13-15; 2:1-4). Bu, yeni əhdin qüvvəyə minməsini, məsihçi yığıncağının və ‘Allahın İsrailinin’, yə’ni yeni ruhani İsrail xalqının doğulmasını sübut etdi (Qalatiyalılara 6:16; İbranilərə 9:15; 12:23, 24).

5. Yehova nəyə görə cismani İsraili əvəz edən yeni ‘xalq’ yaratdı?

5 Cismani İsraillə Qanun əhdi bağlansa da, onlar göydə əbədiyyən xidmət edəcək ‘kahinlər səltənəti [və] müqəddəs millət’ ola bilmədi (Çıxış 19:5, 6). İsa yəhudi din rəhbərlərinə demişdi: «Allahın Səltənəti [Padşahlığı] sizdən alınıb, onun meyvələrini yetişdirəcək bir xalqa veriləcəkdir» (Matta 21:43). Bu xalq, yeni əhdə daxil olan məsh edilmiş məsihçilərdən ibarət ruhani İsraildir. Həvari Peter bu məsihçilərə yazmışdı: «Siz isə, seçilmiş nəsil, Hökmdarın kahin tayfası, müqəddəs millət, Allaha məxsus xalqsınız ki, sizi qaranlıqdan Öz valehedici nuruna çağıranın fəzilətlərini e’lan edəsiniz. Siz bir zamanlar xalq deyildiniz, indi isə Allahın xalqısınız» (1 Peter 2:9, 10). Yehova cismani İsraillə əhdinə son qoydu, onlar artıq Allahın xalqı deyildi (İbranilərə 8:7-13). İsanın peyğəmbərlik etdiyi kimi, Xilaskar Padşahlığın bir hissəsi olmaq üstünlüyü onlardan alınıb, 144 000 nəfərdən ibarət ruhani İsrailə verildi (Vəhy 7:4-8).

Padşahlıq əhdinə qəbul edilənlər

6, 7. İsa müqəddəs ruhdan doğulmuş qardaşları ilə hansı xüsusi əhdi bağladı və onlar üçün bu nə deməkdir?

6 İsa Məsih, ölümünün Xatirə Gecəsini tə’sis edən axşam sadiq həvarilərinə demişdi: «Keçirdiyim sınaqlarda Mənimlə bərabər olanlar sizsiniz və Atam Mənə bir səltənət [padşahlıq] tapşırdığı kimi Mən də sizə bir səltənət [padşahlıq] tapşırıram ki, Mənim Səltənətimdə [Padşahlığımda] süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız» (Luka 22:28-30). İsa burada xüsusi əhdi — 144 000 nəfərdən ibarət müqəddəs ruhdan doğulan qardaşları ilə bağladığı əhdi nəzərdə tuturdu. Onlar «ölümədək» sadiq qalacaq və ‘qalib gələcəkdilər’ (Vəhy 2:10; 3:21).

7 Bu kiçik qrupa daxil olanlar yer üzündə insan kimi əbədi yaşamaq ümidindən imtina etdilər. Onlar bəşəriyyətə hökm etmək üçün göydə İsa ilə birlikdə hakimiyyət sürəcəklər (Vəhy 20:4, 6). Gəlin yalnız məsh edilmişlərə aid olan və ‘başqa qoyunların’ çörək və şərab simvollarından niyə qəbul etmədiklərini izah edən digər Müqəddəs Kitab ayələrini tədqiq edək (Yəhya 10:16).

8. Məsh edilmiş məsihçilərin çörəkdən qəbul etmələri nəyi təmsil edir? (13-cü səhifədə olan çərçivəyə baxın.)

8 Məsh edilmiş məsihçilər İsanın iztirablarına şərikdirlər və İsa kimi ölümə belə getməyə hazırdırlar. Onlardan biri olan Pavel ‘Məsihi əldə etmək, Onun dirilmə qüdrətini dərk etmək, Onun iztirablarına şərik olmaq üçün’ hər cür qurbanlar verməyə hazır olduğu haqqında yazmışdı. Bəli, Pavel ‘[İsanın] ölümündə Ona bənzəməyə’ belə hazır idi (Filipililərə 3:8, 10). Bir çox məsh edilmiş məsihçilər fiziki bədənlərində ‘İsanın ölümünü gəzdirirlər’, yə’ni onun mə’ruz qaldığı iztirablara mə’ruz qalırlar (2 Korinflilərə 4:10).

9. Xatirə Gecəsində istifadə olunan çörək hansı mə’nada bədənin rəmzidir?

9  İsa Xatirə Gecəsini tə’sis edəndə demişdi: «Bu Mənim bədənimdir» (Mark 14:22). O, tezliklə döyüləcək və qana boyanacaq bədənindən danışırdı. Mayasız çörək İsanın bədəninin müvafiq rəmzi idi. Nəyə görə? Çünki Müqəddəs Kitabda maya günah və nöqsanlılığa işarə edir (Matta 16:4, 11, 12; 1 Korinflilərə 5:6-8). İsa kamil insan idi, onun insan bədəni günahsız idi. Buna görə də, Məsih öz bədənini əfv tə’min edən qurban kimi verə bilərdi (İbranilərə 7:26; 1 Yəhya 2:2). Onun qurbanı bütün məsihçilərə — həm göylər, həm də yer üzü Cənnətdə əbədi yaşamaq ümidi olanlara fayda gətirəcək (Yəhya 6:51).

10. Xatirə Gecəsində şərabdan qəbul edənlər «Məsihin qanına» necə ‘şərik’ olurlar?

10 Xatirə Gecəsində məsh edilmiş məsihçilərin içdikləri şəraba gəldikdə isə Pavel yazmışdı: «Şükür etdiyimiz şükran kasası Məsihin qanına şəriklik deyilmi?» (1 Korinflilərə 10:16). Şərabdan qəbul edənlər hansı mə’nada ‘Məsihin qanına şərikdirlər’? Əlbəttə ki, onlar fidiyə qurbanının gətirilməsində iştirak etmirlər, çünki onların özlərinin günahlarının bağışlanmasına ehtiyacları var. Məsihin, günahları yumaq gücünə malik olan qanına iman gətirmələri sayəsində, onların günahları bağışlanır və göydə yaşamaq üçün saleh e’lan edilirlər (Romalılara 5:8, 9; Titusa 3:4-7). Məsihin tökülmüş qanı vasitəsilə, onun 144 000 Padşahlıq şəriki ‘müqəddəslər’ olmaq üçün ‘təqdis edilir’, ayrılır və günahlardan təmizlənir (İbranilərə 10:29; Daniel 7:18, 27; Efeslilərə 2:19). Bəli, məhz tökülmüş qanının vasitəsilə Məsih ‘hər qəbilədən, dildən, xalqdan və millətdən [onları] Allah üçün satın aldı, Allaha xidmət üçün padşah və kahin tə’yin etdi və [onlar] dünya üzərində səltənət sürəcəklər’ (Vəhy 5:9, 10).

11. Məsh edilmiş məsihçilər Xatirə Gecəsində şərabdan içməklə nəyi bildirirlər?

11 İsa Xatirə Gecəsini tə’sis edəndə, bir kasa şərab götürüb, onu şagirdlərinə uzadaraq dedi: «Bundan hamınız için! Çünki bu, Mənim qanım, günahların bağışlanması üçün bir çoxları uğrunda tökülən Əhdi-Cədidin qanıdır» (Matta 26:27, 28). Buğa və təkələrin qanı Allahla İsrail xalqı arasında bağlanan Qanun əhdinə qanuni qüvvə verdiyi kimi, Məsihin tökülən qanı da Yehovanın ruhani İsraillə bağladığı yeni əhdə eramızın 33-cü ilinin Pentikost günündən başlayaraq qanuni qüvvə verdi (Çıxış 24:5-8; Luka 22:20; İbranilərə 9:14, 15). ‘Əhdi-Cədidin qanının’ rəmzi olan şərabı içməklə məsh edilmiş məsihçilər bu yeni əhdə qəbul olunduqlarını göstərir və onun xeyir-dualarını alırlar.

12. Məsh edilmiş məsihçilər Məsihin ölümünə necə vəftiz olunurlar?

12 Məsh edilmiş məsihçilərə bir şeyi də yadda saxlamaq lazımdır. İsa sadiq şagirdlərinə demişdi: «Mənim içəcəyim kasadan içəcəksiniz və Mən vəftiz olduğum kimi vəftiz olacaqsınız» (Mark 10:38, 39). Bir qədər sonra həvari Pavel demişdir ki, məsihçilər Məsihin ‘ölümünə vəftiz olunurlar’ (Romalılara 6:3). Məsh edilmiş məsihçilər həyatlarını qurban verirlər, yə’ni onlar yer üzündə əbədi yaşamaq ümidindən imtina edirlər. Məsihin ölümünə vəftiz olunmaları sadiq qalaraq ölüb, İsa ilə birlikdə göydə ‘səltənət [padşahlıq] etmək’ üçün ruhani məxluqlar kimi diriləndən sonra başa çatır (2 Timoteyə 2:10-12; Romalılara 6:5; 1 Korinflilərə 15:42-44, 50).

Simvollardan qəbul etmək

13. Yer ümidi olanlar nəyə görə simvollardan qəbul etmir, lakin nəyə görə Xatirə Gecəsinə gəlirlər?

13 Xatirə gecəsində çörək və şərabdan qəbul etmək sadaladığımız mə’naları daşıdığından aydındır ki, yer ümidi olanların bu simvollardan qəbul etməsi yersiz olardı. Onlar başa düşürlər ki, Məsihin bədəninin məsh edilmiş üzvləri deyillər və Yehovanın İsa Məsihin həmvarisləri ilə bağladığı yeni əhdə daxil edilmirlər. «Kasa» yeni əhdi təmsil etdiyi üçün, yalnız bu əhddə olanlar simvollardan qəbul edir. Kamil insan kimi Padşahlığın rəhbərliyi altında yerdə əbədiyyən yaşamaq ümidi olanlar İsanın ölümünə vəftiz olmadıqları kimi, göylərdə hökmranlıq etmək üçün də çağrılmayıblar. Simvollardan qəbul etmələri göstərəcək ki, onlar özlərinə aid olmayan şeyin iddiasındadırlar. Hörmətcil müşahidəçilər kimi mərasimdə iştirak etsələr də, onlar simvollardan qəbul etmirlər. Bu məsihçilər Yehovanın onlar üçün etdiyi hər şeyə, həmçinin Oğlunun tökülmüş qanı vasitəsilə günahlarını bağışladığına görə Ona dərindən minnətdardırlar.

14. Məsh edilmiş məsihçilər çörək və şərabdan qəbul edərək ruhani cəhətdən necə möhkəmlənirlər?

14 Məsihlə birgə göydə hökmranlıq edəcək nisbətən azsaylı məsihçilərin qəti olaraq möhürlənməsi başa çatmaq üzrədir. Məsh edilmiş məsihçilər qurban verdikləri həyatlarının sonunadək simvollardan qəbul edəndə ruhən möhkəmlənirlər. Onlar, Məsihin bədəninin üzvləri kimi, məsh olunmuş digər bacı və qardaşları ilə vəhdətdə olduqlarını hiss edirlər. Simvolik mə’na daşıyan çörək və şərabdan qəbul etmələri məsh edilmişlərə ölümədək sadiq qalmaq məs’uliyyətlərini xatırladır (2 Peter 1:10, 11).

‘Yerdə olanların toplanması’

15. Məsh edilmiş məsihçilərin ətrafına kimlər toplanmağa başladı?

15 1930-cu illərin ortalarından e’tibarən məsh edilmiş məsihçilərin tərəfini tutan ‘digər qoyunların’ sayı get-gedə artır. ‘Kiçik sürünün’ üzvləri olmayan bu insanlar yer üzündə yaşayacaqlar (Yəhya 10:16; Luka 12:32; Zəkəriyyə 8:23). Onlar «Səmavi Səltənət [Padşahlıq] haqqında olan... Müjdə» barədə bütün millətlərə şahidlik etməkdə əvəzsiz kömək göstərməklə Məsihin qardaşlarının sadiq həmkarları oldular (Matta 24:14; 25:40). Buna görə, Məsih onları öz ‘qoyunları’ hesab edəcək və millətlərə hökm vermək vaxtı gələndə, onları sağ tərəfinə qoyacaq (Matta 25:33-36, 46). Məsihin qanına iman gətirdikləri üçün onlar «böyük məşəqqətdən» sağ çıxacaq ‘böyük izdihamı’ təşkil edəcəklər (Vəhy 7:9-14).

16. ‘Yerdə olanlara’ kimlər daxildir və onların hamısı ‘Allahın övladları’ necə ola bilərlər?

16 Yüz qırx dörd min nəfərin qəti olaraq möhürlənməsi başa çatdıqdan sonra dağıdıcı ‘küləklər’ Şeytanın yer üzündəki pis sistemini məhv edəcək (Vəhy 7:1-4). Məsihin və digər kahin-padşahların Minillik Hökmranlığı zamanı sayı-hesabı mə’lum olmayan dirilənlər böyük izdihama qoşulacaqlar (Vəhy 20:12, 13). Onların Xilaskar Padşah İsa Məsihin daimi təbəələri olmaq imkanı olacaqdır. Minillik Hökmranlığın sonunda ‘yerdə olanlar’ son imtahandan keçəcəklər. Saleh qalanlar Allahın yer ‘övladları’ olacaqlar (Efeslilərə 1:10; Romalılara 8:21; Vəhy 20:7, 8).

17. Yehovanın niyyəti necə həyata keçiriləcək?

17 Beləliklə, Yehova misilsiz müdrikliyi ilə ‘işləri idarə’ edərək ‘həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihin başçılığı altında yenidən toplamaq’ niyyətini həyata keçirəcək. Bütün Kainatda sülh bərqərar olunacaq. Göydə və yerdə olan bütün süurlu məxluqlar toplanaraq böyük niyyətlər Allahı Yehovanın adil hökmranlığına sevinclə tabe olacaqlar.

18. Məsh edilmiş məsihçilər və onların əməkdaşları Xatirə Gecəsindən hansı faydanı əldə edəcəklər?

18 2006-cı il aprelin 12-də keçiriləcək görüş sayca az olan məsh edilmiş məsihçilərin və onların əməkdaşları olan milyonlarla ‘digər qoyunların’ imanını möhkəmləndirəcək. Onlar, İsanın tapşırdığı kimi, Məsihin ölümünün Xatirə Gecəsini qeyd edəcəklər: «Bunu Məni anmaq üçün edin» (Luka 22:19). Bütün iştirak edənlər Yehovanın sevimli Oğlu İsa Məsihin vasitəsilə onlar üçün etdiyini yaddan çıxarmamalıdırlar.

Təkrar üçün suallar

• ‘Göylərdə və yerdə olan hər şey’ üçün Yehovanın niyyəti nədən ibarətdir?

• ‘Göylərdə olanlar’ kimlərdir və onlar necə toplanıblar?

• ‘Yerdə olanlar’ kimlərdir və onların hansı ümidi var?

[13-cü səhifədəki çərçivə]

‘Məsihin bədəni’

Pavel 1 Korinflilərə 10:16, 17 ayələrində çörəyin Məsihin ruhla məsh edilmiş qardaşları üçün xüsusi əhəmiyyət kəsb etdiyini müzakirə edərkən «bədən» sözünü xüsusi mə’nada işlətmişdi: «Böldüyümüz çörək, Məsihin bədəninə şəriklik deyilmi? Madam ki, çörək birdir, deməli çox olan bizlər də bir bədənik; çünki hamımız bir çörəkdən pay alırıq». Məsh edilmiş məsihçilərin yığıncağı sanki başı Məsih olan bir bədəndir. Məsh edilmiş məsihçilər Xatirə Gecəsində çörəkdən ‘pay alanda’ həmin yığıncaq ilə vəhdətdə olduqlarını e’lan edirlər (Matta 23:10; 1 Korinflilərə 12:12, 13, 18).

[13-cü səhifədəki şəkillər]

Nəyə görə çörək və şərabdan yalnız məsh edilmiş məsihçilər qəbul edirlər?

[15-ci səhifədəki şəkil]

‘İşləri idarə etmək’ üsulu vasitəsilə Yehova göydə və yerdə olan bütün məxluqları birləşdirəcək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş