Qüvvətli və cəsarətli olun!
“Cəsur olun, Mən dünyaya qalib gəldim” (YƏHYA 16:33).
1. Kən’an diyarında israilliləri nə gözləyirdi və onlar hansı köməyi aldılar?
İSRAİLLİLƏR İordan çayını keçib, Allahın və’d etdiyi diyara daxil olmaq üzrə olduqları zaman, Musa onlara dedi: “Qüvvətli olun və ürəkli olun, qorxmayın və onların üzlərindən hürkməyin; çünki səninlə bərabər yeriyən Allahın Rəbdir”. Sonra Musa israilliləri Kən’an diyarına aparmaq üçün seçilən Yeşunu çağırıb, cəsarətli olmaq nəsihətini ona şəxsən təkrar etdi (Təsniyə 31:6, 7). Daha sonra Yehova özü Yeşunu ürəkləndirərək dedi: “Qüvvətli... və ürəkli ol... ancaq... qüvvətli ol və çox ürəkli ol” (Yeşu 1:6, 7, 9). Bu sözlər vaxtında deyilmişdi. İordan çayının o biri sahilindəki güclü düşmənlərlə qarşılaşmaq üçün, israillilərdən qüvvə və cəsarət tələb olunurdu.
2. Bu gün biz hansı şəraitlərdə yaşayırıq və nəyə ehtiyac duyuruq?
2 Bu gün məsihçilər də Allahın və’d etdiyi yeni dünyaya daxil olmaq üzrədirlər və Yeşu kimi, onlar da cəsarətli olmalıdırlar (2 Peter 3:13, Vəhy 7:14). Lakin bizim vəziyyətimiz Yeşunun vəziyyətindən fərqlidir. O, qılınc və mizraqla döyüşürdü. Biz isə ruhani müharibə aparır və heç zaman əlimizə həqiqi silah almırıq (İşaya 2:2-4; Efeslilərə 6:11-17). Yeşu Və’d edilən diyara daxil olduqdan sonra da bir çox amansız döyüşlərdə iştirak etmişdi. Biz isə indi — yeni dünyaya daxil olmazdan əvvəl gərgin mübarizə aparmalı oluruq. Gəlin, bizdən cəsarət tələb edən bə’zi vəziyyətləri nəzərdən keçirək.
Biz nə üçün mübarizə aparmalı oluruq?
3. Müqəddəs Kitabda baş düşmənimiz haqqında nə deyilir?
3 Həvari Yəhya yazırdı: “Bilirik ki, biz Allahdanıq, bütün dünya isə şəririn hakimiyyəti altındadır” (1 Yəhya 5:19). Bu sözlər, məsihçilərin öz imanlarını qorumaq üçün nəyə görə mübarizə aparmalı olduqlarının əsas səbəbini göstərir. Məsihçi öz nöqsansızlığını qoruduqda, Şeytan İblisi müəyyən dərəcədə məğlub etmiş olur. Buna görə də Şeytan, sadiq məsihçiləri qorxutmağa və aşırmağa çalışaraq, “nə’rə çəkən... aslan kimi gəzir” (1 Peter 5:8). Doğrudan da, Şeytan məsh edilmiş məsihçilərlə və onların yoldaşları ilə müharibə aparır (Vəhy 12:17). Bu müharibədə Şeytan elə insanlardan istifadə edir ki, onlar bilərəkdən, yaxud bilmədən onun istəyinə uyğun hərəkət edirlər. Şeytana və onun tərəfdarlarına qarşı möhkəm durmaq üçün cəsarət tələb olunur.
4. İsa nə barədə xəbərdarlıq etmişdi və məsihçilər hansı keyfiyyəti təzahür etdirirlər?
4 İsa bilirdi ki, Şeytan və onun tərəfdarları xoş xəbərə güclü müqavimət göstərəcəklər, buna görə də öz davamçılarına xəbərdarlıq etdi: “Sizə əziyyət verib öldürəcəklər; və Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcəklər” (Matta 24:9). Bu sözlər birinci əsrdə yerinə yetmiş və indi də yerinə yetməkdədir. Doğrudan da, Yehovanın müasir Şahidlərindən bə’zilərinin tab gətirdikləri tə’qiblər, tarix ərzində baş vermiş başqa tə’qiblər kimi sərt olmuşdur. Lakin məsihçilər bu cür çətinliklərin qarşısında cəsarətsizlik göstərmirlər. Onlar bilirlər ki, “insandan qorxan özünü tələyə salar”, onlar isə bu tələyə düşmək istəmirlər (Süleymanın məsəlləri 29:25, MKŞ).
5, 6. a) Hansı hallarda bizdən cəsarət tələb olunur? b) Cəsarət tələb olunan vəziyyətlərdə sadiq məsihçilər necə davranırlar?
5 Biz tə’qiblərdən savayı, cəsarət tələb edən başqa sınaqlarla da qarşılaşırıq. Bə’zi təbliğçilər üçün xoş xəbəri tanımadıqları insanlara çatdırmaq sınaqdır. Bə’zi məktəblilərdən dövlətə sədaqətli olduqlarını bəyan etməyi və ya bayrağa tə’zim etməyi tələb etdikdə, bu onlar üçün böyük sınağa çevrilir. Bu cür hallar əslində dini xarakter daşıdığı üçün gənc məsihçilər cəsarətlə öz mövqelərini qoruyurlar — onlar özlərini Allaha məqbul tərzdə aparırlar və onların gözəl davranış tərzləri bizi çox sevindirir.
6 Düşmənlərin təhriki ilə kütləvi informasiya vasitələri bizim haqqımızda yalan mə’lumat yaydıqda, yaxud onların özləri “qanun ilə pislik” edərək məsihçilərin dininə məhdudiyyət qoymağa çalışdıqda da bizdən cəsarət tələb olunur (Məzmur 94:20). Məsələn, qəzet, radio və ya televiziya vasitəsilə insanlara Yehovanın Şahidləri haqqında təhrif olunmuş mə’lumat və ya ağ yalan çatdırıldıqda biz necə münasibət göstərməliyik? Biz buna təəccüb etməliyikmi? Xeyr. Biz belə şeylərin baş verəcəyini gözləyirik (Məzmur 109:2). Həmçinin bizi bə’zilərinin təhrif edilmiş mə’lumatlara, yaxud yalanlara inanmaları da təəccübləndirmir, çünki “təcrübəsiz adam hər sözə inanar” (Süleymanın məsəlləri 14:15). Lakin sadiq məsihçilər onların qardaşları haqqında deyilənlərə inanmır və heç zaman yol vermirlər ki, yalan mə’lumatlar onları məsihçi görüşlərini buraxmağa, təbliğ xidmətində az iştirak etməyə və imanda büdrəməyə vadar etsin. Əksinə, onlar ‘özlərini Allahın xidmətkarları kimi təqdim edirlər... şərəf və şərəfsizliklə, məzəmmət və tə’riflə. Yalançı sayılırlar [düşmənlərin iddiasına görə]’, amma [əslində] düzünü söyləyirlər’ (2 Korinflilərə 6:4, 8).
7. Hansı suallarla özümüzü yoxlaya bilərik?
7 Pavel, Timofeyə müraciət edərək yazırdı: “Allah bizə qorxaqlıq ruhunu deyil, fəqət qüdrət... ruhunu vermişdir. Rəbbimizin şəhadətindən... utanma” (2 Timoteyə 1:7, 8, KM; Mark 8:38). Bu sözləri oxuyarkən özümüzdən soruşa bilərik: “Dini e’tiqadlarıma görə utanırammı, yoxsa onu cəsarətlə müdafiə edirəm? Bir yerdə işlədiyim (yaxud oxuduğum) kəslərə Yehovanın Şahidi olduğumu demişəmmi, yoxsa bu haqda susmağa çalışıram? Başqalarından seçilməyə utanıram, yoxsa Yehova ilə münasibətimin məni başqalarından fərqləndirdiyi üçün fəxr edirəm?” Əgər kim isə xoş xəbəri təbliğ etməyə qorxursa və ya populyar olmayan nöqteyi-nəzərə malik olduğuna görə utanırsa, qoy Yehovanın Yeşuya dediyini xatırlasın: “Qüvvətli... və ürəkli ol”. Unutmayın ki, ən vacibi iş və sinif yoldaşlarımızın deyil, Yehova ilə İsa Məsihin rə’yidir (Qalatiyalılara 1:10).
Cəsarəti necə inkişaf etdirə bilərik?
8, 9. a) Bir dəfə ilk məsihçilərin cəsarəti necə sınağa mə’ruz qaldı? b) Peter və Yəhya hədə-qorxuya necə cavab verdilər və sonradan onlarla və onların qardaşları ilə nə baş verdi?
8 Bu çətin günlərdə nöqsansızlığımızı qorumaq üçün, cəsarəti necə inkişaf etdirə bilərik? Bəs cəsarəti ilk məsihçilər necə inkişaf etdirirdilər? Yerusəlimin baş kahinləri və ağsaqqalları Peter və Yəhyaya İsanın adından təbliğ etməyi qadağan etdikdə nə baş verdiyini xatırlayaq. Şagirdlər onları dinləməkdən imtina etdilər, kahin və ağsaqqallar isə onları hədələyib buraxdılar. Sonra onlar qardaşlarının yanına gəlib, birlikdə dua etdilər: “Ya Rəbb, onların təhdidlərinə bax və Öz qullarına qüvvə ver ki, Sənin sözünü tam cəsarətlə söyləsinlər” (Həvarilərin işləri 4:13-29). Cavab olaraq Yehova onları müqəddəs ruhla möhkəmləndirdi və sonradan yəhudi rəhbərlərinin şəhadət etdikləri kimi, onlar tə’limlərini “Yerusəlimin hər yerinə” yaydılar (Həvarilərin işləri 5:28).
9 Gəlin baş vermiş hadisəni analiz edək. Yəhudi rəhbərlərinin hədə-qorxu gəlmələrinə baxmayaraq, şagirdlər təslim olmaq fikrində deyildilər. Əksinə, təbliği davam etdirməkdə cəsarətli olmaq üçün dua etdilər. Sonra dualarına uyğun davrandılar və Yehova ruhunun vasitəsilə onları möhkəmləndirdi. Onlarla baş verən hadisədən görünür ki, Pavelin bir qədər sonra başqa bir kontekstdə yazılan sözləri tə’qib olunan məsihçilərə tətbiq ediləndir. Pavel deyirdi: “Məni möhkəmləndirən... vasitəsilə hər şeyi etməyə qadirəm” (Filipililərə 4:13).
10. Təbiətcə utancaq olan kəslərə Yeremyanın nümunəsi necə kömək edir?
10 Əgər insan təbiətcə utancaqdırsa, bəs onda necə? Belə insan müqavimətlərə baxmayaraq, cəsarətlə Yehovaya xidmət edə bilərmi? Əlbəttə, edə bilər! Yehova Yeremyanı peyğəmbər tə’yin edəndə, bu gəncin reaksiyasını xatırlayın. O dedi: Mən “uşağam”. Gördüyümüz kimi, o, özünü bu işə yararlı saymırdı. Lakin Yehova onu bu sözlərlə ürəkləndirdi: “Mən uşağam, demə; çünki kimə səni göndərsəm gedəcəksən və sənə əmr etdiyim hər şeyi söyləyəcəksən. Onların üzündən qorxma; çünki səni qurtarmaq üçün mən səninlə bərabərəm” (Yeremya 1:6-10). Yeremya Yehovaya e’tibar edirdi və buna görə də Onun gücü sayəsində qətiyyətsizliyinə qalib gəldi və İsraildə son dərəcə cəsarətli şahid oldu.
11. Bu gün məsihçilər nəyin sayəsində Yeremya kimi cəsarətli ola bilərlər?
11 Bu gün məsh edilmiş məsihçilər, demək olar ki, Yeremya kimi, eyni tapşırığa malikdirlər və onlar e’tinasızlığa, istehzalara, tə’qiblərə baxmayaraq, “başqa qoyunlardan” ibarət olan “böyük izdihamın” köməyi ilə Yehovanın niyyətləri haqqında bəyan etməkdədirlər (Yəhya 10:16; Vəhy 7:9). Onları Yehovanın Yeremyaya dediyi: “Qorxma” kəlməsi ürəkləndirir. Onlar tapşırıqlarının Allahdan olduğunu və Onun xəbərini təbliğ etdiklərini bir an belə unutmurlar (2 Korinflilərə 2:17).
Təqlid edilməyə layiq cəsarət nümunələri
12. İsa cəsarətli olmağa dair hansı gözəl nümunəni verdi və öz davamçılarını necə möhkəmləndirdi?
12 Cəsarət inkişaf etdirmək cəhdimizdə Yeremya kimi cəsarətli davranan insanların nümunəsi üzərində düşünmək bizə kömək olacaqdır (Məzmur 77:12). Məsələn, İsanın xidmətini tədqiq edərkən, onun Şeytan tərəfindən sınağa çəkiləndə və yəhudi rəhbərlərinin kəskin müqavimətləri ilə qarşılaşanda göstərdiyi cəsarətə heyran oluruq (Luka 4:1-13; 20:19-47). Yehovanın qüvvəsi sayəsində İsa sarsılmaz idi və ölümündən bir az əvvəl şagirdlərinə belə demişdi: “Dünyada kədəriniz olacaqdır; amma cəsur olun, Mən dünyaya qalib gəldim” (Yəhya 16:33; 17:16). İsanın nümunəsini təqlid etməklə, onun şagirdləri də dünyaya qalib gələ bilərdilər (1 Yəhya 2:6; Vəhy 2:7, 11, 17, 26). Lakin onlar “cəsur” olmalı idilər.
13. Pavel filipililəri necə ruhlandırdı?
13 İsanın ölümündən bir qədər sonra Pavel və Silanı Filipi şəhərindəki zindana saldılar. Sonra Pavel bu şəhərdəki yığıncağı növbəti sözlərlə ruhlandırdı: “Siz bir ruhda sabit durursunuz, Müjdəyə iman üçün yekdilliklə sə’y göstərirsiniz. Və heç vəchlə əleyhdarlarınızdan qorxmursunuz”. Bu sahədə onları möhkəmlətmək üçün Pavel yazırdı: “Bu da [məsihçilərin tə’qib edilməsi] onlar [tə’qibçilər] üçün həlak əlaməti, sizin üçün isə xilas əlamətidir bu da Allahdandır. Çünki Məsih naminə yalnız Ona iman etmək deyil, Onun uğrunda əzab çəkmək imtiyazı da sizə ehsan olundu” (Filipililərə 1:27-29).
14. Pavelin cəsarəti Romadakı qardaşlara necə tə’sir göstərdi?
14 Pavel Filipi şəhərindəki yığıncağa məktub yazanda yenidən — bu dəfə isə Romada — zindanda idi. Lakin o, cəsarətlə təbliğ etməyə davam edirdi. Bu hansı nəticələri verdi? O yazırdı: “Bütün saray mühafizlərinə və digərlərinin hamısına mə’lum oldu ki, mənim həbsim Məsih üçündür. Və qardaşlardan çoxu, həbsimdən ötrü Rəbbə güvənərək, Allahın kəlamını qorxusuz bəyan etmək üçün daha çox cəsarət göstərdilər” (Filipililərə 1:13, 14).
15. Cəsarətli olmaq qətiyyətimizi möhkəmlədən gözəl iman nümunələrini haradan tapa bilərik?
15 Pavelin nümunəsi bizi möhkəmləndirir. Bunu, hakimiyyət diktator və ruhanilərin əlində olan ölkələrdə indiyədək tə’qiblərə dözən müasir məsihçilərin gözəl nümunələri haqqında da demək olar. Bu məsihçilərin çoxunun tərcümeyi-halları “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarında, həmçinin “Yehovanın Şahidlərinin illik məcmuəsi”ndə dərc olunmuşdur. Bu cür məqalələri oxuduqda yadda saxlamaq lazımdır ki, tərcümeyi-halları yazılan həmin qardaşlar da bizim kimi adi adamlardır, lakin onlar çox çətin vəziyyətlərə düşdükdə, Yehova onlara ən üstün qüdrəti vermiş və onlar tab gətirə bilmişlər. Biz də əmin ola bilərik ki, əgər vəziyyət tələb edərsə, Yehova bunu bizim üçün də edəcəkdir.
Cəsarətimiz Yehovaya sevinc və şərəf gətirir
16, 17. Bu gün cəsarəti necə inkişaf etdirmək olar?
16 Əgər məsihçi qorxu hissi keçirməsinə baxmayaraq, həqiqət və düzgünlük tərəfində möhkəm durursa, onu cəsarətli adlandırmaq olar. Bəli, hər bir məsihçi, əgər sidqi-ürəkdən Yehovanın iradəsini yerinə yetirməyi arzu edirsə, sadiq qalmaqda qətiyyətlidirsə və Yehovanın keçmişdə onun kimi saysız-hesabsız insanları möhkəmləndirdiyini bir an da olsa unutmursa, cəsarətli ola bilər. Bundan əlavə, əgər cəsarətimizin Yehovaya sevinc və şərəf gətirdiyini unutmuruqsa, bu zəifləməmək üçün bizə daha çox qətiyyət verəcəkdir. Biz rişxəndlərə və daha kəskin davranışlara dözməyə hazırıq, çünki Allahı dərin məhəbbətlə sevirik (1 Yəhya 2:5; 4:18).
17 Heç vaxt unutmayın ki, əgər imanımız uğrunda əzab çəkiriksə, bu o demək deyil ki, biz nə isə pis iş görmüşük (1 Peter 3:17). Biz Yehovanın hakimiyyətinin tərəfində olduğumuza, yaxşılıq etdiyimizə və dünyadan olmadığımıza görə əzab çəkirik. Bu haqda həvari Peter yazmışdı: “Əgər siz yaxşı iş görərək, ələm çəkib, təhəmmül etsəniz, bu Allah qarşısında məqbuldur”. Peter həmçinin yazır: “Qoy Allahın iradəsinə görə əzab çəkənlər yaxşılıq edərək, canlarını sadiq olan Yaradana tapşırsınlar” (1 Peter 2:20; 4:19). Bəli, imanımız sevən Atamız Yehovanı sevindirir və Ona şərəf gətirir. Cəsarətli olmaq üçün bu necə də vacib amildir!
Hakim dairələri qarşısında
18, 19. Cəsarət təzahür etdirdikdə, əslində hakimlərə nəyi bildirmiş oluruq?
18 İsa davamçılarının tə’qib olunacaqları haqqında deyərkən, həmçinin əlavə etdi: “[İnsanlar] sizi məhkəmələrə verəcək, sinaqoqlarında döyəcəklər; onlara və digər xalqlara şəhadət üçün Mənə görə valilərin və hökmdarların yanına aparılacaqsınız” (Matta 10:17, 18). Hakim və ya rəhbərlər qarşısında yalan ittihamlara cavab vermək üçün cəsarət tələb olunur. Lakin çətin vəziyyətə baxmayaraq, şahidlik etmək üçün fürsətdən istifadə edəriksə, vacib iş görmüş olarıq. Əslində bizi mühakimə edən kəslərə Yehovanın “Məzmur” kitabının 2-ci fəslində yazılmış sözlərini çatdırırıq: “Ey padşahlar, artıq ağlınızı başınıza alın; ey dünya hakimləri, ibrət alın. Rəbbə qorxu ilə qulluq edin” (Məzmur 2:10, 11). Çox vaxt məhkəmədə Yehovanın Şahidlərinə qarşı yalan ittihamlar irəli sürüldükdə, hakimlər din azadlığını müdafiə edirlər, biz də bunun üçün onlara minnətdarıq. Ancaq bə’zi hakimlər düşmənlərin tə’sirinə düşürlər. Müqəddəs Kitabda onlara deyilir: “İbrət alın”.
19 Hakimlər bilməlidirlər ki, ən yüksək qanun Yehova Allahın qanunudur. Onlar yadda saxlamalıdırlar ki, bütün insanlar, o cümlədən hakimlər də, Yehova Allaha və İsa Məsihə hesabat verəcəklər (Romalılara 14:10). Buna görə də, insan hakimləri ədalətli qərar qəbul edib-etməsələr də, cəsarətli olmağa əsasımız çoxdur, çünki bizi Yehova dəstəkləyir. Müqəddəs Kitabda deyilir: “Bütün ona sığınanlar nə bəxtiyardır!” (Məzmur 2:12).
20. Tə’qib və böhtanlara tab gətirməli olsaq da, nəyə görə sevinə bilərik?
20 Dağüstü təbliğində İsa demişdir: “Mənə görə insanlar sizi təhqir və tə’qib edəcəkləri, yalan söyləyib sizə hər cür böhtan atacaqları zaman, siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür; çünki sizdən qabaq peyğəmbərləri də belə tə’qib etmişlər” (Matta 5:11, 12). Əlbəttə ki, tə’qib olunmaq heç də xoş deyil, lakin tə’qiblərə, o cümlədən kütləvi informasiya vasitəsilə verilən yanlış mə’lumatlara baxmayaraq, möhkəm mövqe tuturuqsa, sevinə bilərik. Bu o deməkdir ki, biz Yehovanı məmnun edirik və mükafat alacağıq. Cəsarət göstərməklə sübut edirik ki, həqiqi imana malikik və Allahın iltifatına əminlik əldə edirik. Həmçinin cəsarətimizlə göstəririk ki, biz tamamilə Yehovaya güvənirik. Növbəti məqalədən görəcəyimiz kimi, Yehovaya bu cür güvənmək məsihçi üçün olduqca vacibdir.
Nə öyrəndiniz?
• Bu gün hansı vəziyyətlərdə cəsarət tələb olunur?
• Cəsarəti necə inkişaf etdirə bilərik?
• Cəsarətə dair kimlər gözəl nümunə verirlər?
• Cəsarətli olmağı nə üçün arzulayırıq?
[20-ci səhifədəki şəkillər]
Biz xoş xəbərə görə utanmırıq.
[21-ci səhifədəki şəkillər]
Almaniyada Simon Arnold (indi Libster), Malavidə Uiddas Madona, Ukraynada Lidiya və Aleksey Kurdas cəsarət göstərmiş və şərə qalib gəlmişlər.
[22-ci səhifədəki şəkil]
Müqəddəs Yazılara əsaslanan mövqeyimizi hakimə cəsarətlə izah ediriksə, vacib məqsədə çatırıq.
[23-cü səhifədəki şəkil]
Pavelin zindanda göstərdiyi cəsarət xoş xəbərin yayılmasına əhəmiyyətli dərəcədə tə’sir etdi.