İnsanlara Yehovanın gözü ilə baxmağa çalışın
“Rəbb insanın gördüyü kimi görməz” (1 SAMUEL 16:7).
1, 2. Yehova ilə Samuelin Eliab haqqındakı nöqteyi-nəzərləri nədə fərqlənirdi və bundan nə öyrənə bilərik?
ERAMIZDAN əvvəl XI əsrdə Yehova peyğəmbər Samuelə gizli bir tapşırıq verdi. Allah ona Yesse adlı adamın evinə gedib, onun oğullarından birini İsrailin gələcək padşahı kimi məsh etməsini buyurdu. Samuel Yessenin ilkin oğlu Eliabı gördükdə məhz Allahın seçdiyi adamı tapdığına əmin idi. Lakin Yehova dedi: “Onun görünüşünə və boyunun uzunluğuna baxma; çünki onu rədd etdim; çünki Rəbb insanın gördüyü kimi görməz; çünki insan üzə baxar, fəqət Rəbb ürəyə baxar” (1 Samuel 16:6, 7). Görünür, Samuel Eliaba Yehovanın gözü ilə baxmırdıa.
2 Başqaları haqqında mülahizələrimizdə necə də asanlıqla yanıla bilərik. Bir tərəfdən, zahirən gözəl, lakin əxlaq dəyərlərindən uzaq insana aldanmaq olar. Digər tərəfdən isə, xarakteri xoşumuza gəlməyən səmimi insanlara qarşı sərt və qəti davrana bilərik.
3, 4. a) Əgər iki məsihçi arasında ixtilaf yaranırsa, onların hər biri nəyə can atmalıdır? b) Həmimanlımızla aramızda ciddi ixtilaf yaranarsa, özümüzə hansı sualları verməliyik?
3 Əgər biz başqalarını, hətta uzun illər tanıdığımız kəsləri belə mühakimə etməyə meylliyiksə, bu, çətinliklərə gətirib çıxara bilər. Ola bilsin, əvvəllər yaxın dost olduğun həmimanlınla sənin aranda ciddi ixtilaf yaranıb. Əvvəlki münasibətləri bərpa etmək istərdinmi? Bu işdə sənə nə kömək edə bilər?
4 Məsihçi bacına və ya qardaşına bir daha diqqətlə və müsbət nöqteyi-nəzərdən bax. Bunu İsanın sözlərini nəzərində tutaraq et: “Əgər Məni göndərən Atam cəlb etmirsə, heç kim Mənim yanıma gələ bilməz” (Yəhya 6:44). Sonra özündən soruş: Yehova bu insanı Oğluna nə üçün cəlb edib? O, hansı müsbət keyfiyyətlərə malikdir? Bəlkə, bu keyfiyyətləri mən görmürəm, yaxud lazımınca qiymətləndirmirəm? Əvvəllər biz onunla nə üçün dost olmuşduq? Məni ona cəlb edən nə idi? Artıq bir neçə vaxtdır ki, inciklik hissləri səni üzürsə, ola bilsin, əvvəlcə insanın müsbət keyfiyyətləri barədə düşünmək çətin olsun. Lakin bu vacib addım münasibətinizi bərpa etmək üçün olduqca zəruridir. Bunu necə etməyin mümkün olduğunu nümunədə görmək üçün, bə’zi hallarda yalnız qüsurları nəzərə çarpan iki adamın yaxşı cəhətlərini nəzərdən keçirək. Bu, peyğəmbər Yunus və həvari Peterdir.
Yunusa olan qərəzsiz baxış
5. Yunusa hansı tapşırıq verilmişdi və o həmin tapşırığa necə yanaşdı?
5 Yunus, Yoaşın oğlu II Yeroboamın günlərində İsrailin şimal padşahlığında peyğəmbərlik edirdi (2 Krallar 14:23-25). Bir dəfə Yehova Yunusa İsraildən çıxıb qüdrətli Assuriya imperiyasının paytaxtı olan Nineviya şəhərinə yola düşməyi buyurdu. Onun tapşırığı nədən ibarət idi? O, oranın sakinlərinə xəbərdarlıq etməli idi ki, onların böyük şəhəri məhv olacaq (Yunus 1:1, 2). Lakin Yunus Allahın göstərişlərinə əməl etmək əvəzinə, qaçdı! O, Nineviyanın tam əks tərəfində yerləşən Tarşişə yollanan gəmiyə mindi (Yunus 1:3).
6. Nineviyaya göndərmək üçün, Yehova nəyə görə Yunusu seçmişdi?
6 Yunus haqqında düşündükdə ağlına ilk növbədə nə gəlir? Onun itaətsiz peyğəmbər olduğumu? Əgər səthi baxsaq, məhz bu cür qənaətə gəlmək olar. Bəs Allah Yunusu onun itaətsizliyinə görəmi peyğəmbər tə’yin etmişdi? Əlbəttə ki, yox! Yəqin Yunusun müsbət keyfiyyətləri də vardı. Gəlin, onun bir peyğəmbər kimi həyatını nəzərdən keçirək.
7. Yunus İsraildə hansı şəraitdə xidmət edirdi və bu, onun haqqındakı rə’yinizə necə tə’sir edir?
7 Əvvəllər Yunus Allahın xəbərini qətiyyən dinləməyən israillilərə sədaqətlə və sə’ylə təbliğ edirdi. Təxminən Yunusun günlərində yaşayan peyğəmbər Amos o vaxtı yaşayan israilliləri var-dövlətə can atan və zövq dalınca qaçan insanlar kimi təsvir etmişdib. Ölkəni pisliklər baş alıb gedirdi, lakin israillilər buna laqeyd yanaşırdılar (Amos 3:13-15; 4:4; 6:4-6). Bütün bunlara baxmayaraq, Yunus ona verilən tapşırığı sədaqətlə yerinə yetirərək gündən-günə təbliğ edirdi. Əgər sən xoş xəbərin təbliğçisisənsə, özündən razı və e’tinasız insanlarla danışmağın nə qədər çətin olduğunu bilirsən. Buna görə də, Yunusun çatışmazlıqlarına göz yummadan, onun imansız israillilərə təbliğ edərkən göstərdiyi sədaqət və sarsılmazlıq kimi keyfiyyətlərini unutmayaq.
8. İsrail peyğəmbərini Nineviyada hansı çətinliklər gözləyirdi?
8 Nineviyaya getmək tapşırığı daha çətin idi. Bu şəhərə çatmaq üçün Yunus piyada 800 km yol qət etməli idi, bu isə bir aya yaxın davam edəcək üzücü səyahət demək idi. Orada peyğəmbər öz qəddarlıqları ilə tanınmış assuriyalılara təbliğ etməli idi. Müharibələr apararaq bu xalq çox vaxt dözülməz işgəncələrə əl atırdı. Assuriyalılar öz vəhşilikləri ilə hətta öyünürdülər. Doğrudan da, Nineviyanın “qanlı şəhər” adlanması təəccüblü deyil! (Nahum 3:1, 7).
9. Dənizçilər güclü fırtınaya düşdükdə Yunus hansı keyfiyyətləri təzahür etdirdi?
9 Yunus Yehovanın əmrinə tabe olmaq istəmədiyindən, getməli olduğu yeri qoyub əks tərəfə üzən gəmiyə mindi. Lakin Yehova öz peyğəmbərindən üz döndərib, onu başqası ilə əvəz etmədi. Bunun əvəzinə O, Yunusa, verilən tapşırığın nə dərəcədə ciddi olduğunu anlatmağa çalışdı. Həmin vaxt Allah dənizdə güclü fırtına qopardı. Peyğəmbərin üzdüyü gəmini dalğalar döyməyə başladı. Onun ucbatından günahsız insanların həyatı təhlükə altında idi! (Yunus 1:4). Yunus nə etdi? Onun ucbatından gəmidəkilərin də məhv olmasını istəmədiyinə görə, o dedi: “Məni götürüb dənizə atın, onda dəniz qarşınızda sakitləşər” (Yunus 1:12, MKŞ). Dənizçilər onu suya atacaqları zaman Yehovanın onu xilas edəcəyinə Yunusun əsası yox idi (Yunus 1:15). Lakin o, gəmidəki insanların xilas olması üçün, canını verməyə hazır idi. Bu hadisədə onun cəsarət, təvazökarlıq və məhəbbət əks etdirdiyini görmürükmü?
10. Yehova Yunusa peyğəmbərlik etməyi bir daha həvalə etdikdə nə baş verdi?
10 Yehova nəhayət Yunusu xilas etdi. Kim isə düşünə bilər ki, Yunus etdiyi hərəkət ucbatından artıq Yehovanın təmsilçisi kimi xidmət etməyə layiq deyildi. Lakin Yehova ona nineviyalılara təbliğ etməyi bir daha həvalə edərək şəfqət və məhəbbət göstərdi. Nineviyaya çatdıqda Yunus şəhərin sakinlərinə, onların pis əməllərinin Allahın diqqət mərkəzində olduğunu və 40 gündən sonra şəhərin məhv ediləcəyini cəsarətlə bəyan etməyə başladı (Yunus 1:2; 3:4). Nineviyalılar bu xəbəri eşitdikdə tövbə etdilər, Yehova isə onların şəhərinə rəhm etdi.
11. Yunusun vacib dərsi mənimsəməsi nədən görünür?
11 Lakin Yunus hələ də düzgün nöqteyi-nəzərə sahib deyildi. Yehova Yunusa əyani nümunənin köməyi ilə, bir Allah kimi insanlardan daha çox gördüyünü səbrlə öyrətdi. Yehova ürəkləri sınayır (Yunus 4:5-11). Yunusun bu vacib dərsi mənimsəməsi onun özünün yazdığı açıq hekayədən görünür. Utandırıcı təfsilatları da daxil etməklə qüsurlarını qələmə alması, onun təvazökarlığına şəhadət edir. Bundan əlavə insanın öz səhvini e’tiraf etməsi üçün cəsarət tələb olunur!
12. a) Haradan bilirik ki, İsa Yehovanın insanlara olan nöqteyi-nəzərinə sahibdir? b) Xoş xəbəri təbliğ etdiyimiz insanlara hansı nöqteyi-nəzərdən baxmalıyıq? (12-ci səhifədəki çərçivəyə baxın.)
12 Yüzilliklər sonra, İsa Məsih Yunusun həyatından bir hadisəni müsbət nöqteyi-nəzərdən danışdı. O dedi: “Yunis [Yunus] üç gün, üç gecə nəhəng balığın qarnında necə qalmışdısa, İnsan Oğlu da üç gün, üç gecə yerin bağrında elə qalacaqdır” (Matta 12:40). Yunus dirilən zaman biləcək ki, İsa özünün qəbirdə olduğu vaxtı onun həyatının bu qaranlıq anı ilə müqayisə etmişdir. Məgər xidmətçiləri səhvə yol verəndə onlardan üz döndərməyən Allaha xidmət etməyə şad deyilikmi? Məzmurçu yazırdı: “Ata uşaqlarına necə acıyırsa, Rəbb ondan qorxanlara o cür acıyır. Çünki yaradılışımızı bilir; xatırlayır ki, biz torpağıq” (Məzmur 103:13, 14). Bu “torpaq” — o cümlədən bu gün yaşayan qeyri-kamil insanlar — Allahın müqəddəs ruhunun köməyi ilə böyük işlər görməyə qadirdir!
Peterə olan tarazlı baxış
13. Peterin hansı cəhətləri dərhal ağlımıza gələ bilər, amma İsa onu nəyə görə öz həvarisi seçmişdi?
13 İndi isə gəlin ikinci nümunəni, həvari Peterin nümunəsini qısa nəzərdən keçirək. Əgər səndən Peteri təsvir etməyi xahiş etsəydilər, dərhal onun ehtiyatsız, qeyri-iradi hərəkət edən və hətta özündən razı olduğu haqqındamı düşünərdin? Söz yox ki, bə’zən Peter özünü məhz bu cür aparırdı. Əgər o həqiqətən də, ehtiyatsız, düşünmədən hərəkət edən və özündən razı olsaydı, İsa onu 12 həvarisindən biri seçərdimi? (Luka 6:12-14). Əlbəttə ki, yox! İsa diqqətini Peterin çatışmazlıqlarına cəmləşdirmirdi, o, onun müsbət keyfiyyətlərini görürdü.
14. a) Peterin hamıdan birinci danışmasını nə ilə izah etmək olar? b) Peterin dönə-dönə suallar verdiyinə görə nə üçün minnətdar olmalıyıq?
14 Kim isə bu hadisədə onun təvazökarlıq göstərmədiyini düşünə bilər. Bəs bu doğrudanmı belədir? Hesab olunduğu kimi, Peter yaşca digər həvarilərdən, hətta, ola bilsin, İsadan da böyük idi. Əgər bu belədirsə, Peterin nəyə görə çox vaxt birinci danışması aydındır (Matta 16:22). Başqa bir amili də nəzərə almaq lazımdır. Peter ruhani şeylərə dərin marağı olan insan idi. Bilik əldə etmək arzusu onu suallar verməyə təşviq edirdi. Bundan biz də fayda əldə edirik. İsa Peterin suallarına cavab verərək bir çox dəyərli fikirlər söyləmiş və sonradan həmin fikirlər Müqəddəs Kitabda qələmə alınmışdır. Məsələn, məhz Peterin sualına cavab olaraq İsa “sadiq və ağıllı nökərbaşı” haqqında danışdı (Luka 12:41-44). Peterin növbəti sualının da üzərində düşünməyə dəyər: “Budur, biz hər şeyi atıb Sənin ardınca gəldik; elə isə, bizim nəyimiz olacaq?” Bu suala cavabında İsa insana qüvvətləndirici və’d verdi: “Hər kim Mənim adım naminə evlərini, qardaşlarını, bacılarını, atasını, anasını, arvadını, uşaqlarını və yaxud tarlalarını atmışsa, yüz dəfə artıq alacaq və əbədi həyatı miras götürəcəkdir” (Matta 15:15; 18:21, 22; 19:27-29).
15. Nəyə görə demək olar ki, Peter əsl sədaqət göstərmişdi?
15 Peter daha bir səciyyəvi keyfiyyəti ilə fərqlənirdi. O, sədaqətli insan idi. İsanın bir çox şagirdləri onun tə’limlərindən birini anlamayıb ondan ayrılanda, məhz Peter 12 həvarinin hamısının yerinə tərəddüd etmədən dedi: “Ya Rəbb, biz kimin yanına gedə bilərik? Əbədi həyatın sözləri Səndədir” (Yəhya 6:66-68). Olsun ki, bu sözlər İsanı nə qədər sevindirmişdi! Sonradan İsanı tutmaq üçün izdiham gələndə həvarilərin əksəriyyəti qaçmışdı. Lakin bir az aralıda Peter izdihamın dalınca düşmüş və birbaşa baş kahinin həyətinə daxil olmuşdu. Oraya getməyə onu qorxaqlıq deyil, cəsarət təşviq etmişdi. İsanı sual-cavab etdikləri müddətdə Peter parlaq ocağın ətrafında isinən bir qrup yəhudiyə qoşuldu. Baş kahinin qullarından biri onu tanıdı və onun İsa ilə bərabər olduğunu iddia etməyə başladı. Bəli, bu cür çətin vəziyyətə düşən Peter Rəbbini inkar etdi, lakin unutmayaq ki, o, bu vəziyyətə sədaqətli və İsa üçün nigaran olduğundan düşmüşdü. Həvarilərin isə əksəriyyəti İsanın dalınca getməyə cür’ət etməmişdilər (Yəhya 18:15-27).
16. Yunusla Peterin müsbət keyfiyyətlərini hansı praktiki məqsədlə nəzərdən keçirdik?
16 Peterin müsbət keyfiyyətləri onun çatışmazlıqlarına üstün gəlirdi. Həmin şeyi Yunus haqqında da demək olar. Biz Yunus və Peterdə, ola bilsin, adətən görməyə alışdığımız xüsusiyyətlərdən bir balaca artıq yaxşı şeylər görməyə çalışdıq. Eynilə ruhani bacı-qardaşlarımızda yaxşını görməyə özümüzü öyrətməliyik. O zaman bizim onlarla münasibətlərimiz yaxşılaşacaq. Bu, nəyə görə bu qədər vacibdir?
Bu günümüz üçün ibrət dərsi
17, 18. a) Nəyə görə məsihçilər arasında ziddiyyətlər yarana bilər? b) Müqəddəs Kitabın hansı prinsipləri həmimanlılarımızla aramızda yaranan çətinlikləri həll etməyə kömək edə bilər?
17 Bütün millətlərdən və hər təbəqədən olan kişilər, qadınlar və uşaqlar Yehovaya birlikdə xidmət edirlər (Vəhy 7:9, 10). Məsihçi yığıncağında nə qədər müxtəlif xarakterlər görürük! Biz Allaha xidmət edərək sıx əməkdaşlıq etdiyimizə görə ziddiyyətlər vaxtaşırı olacaqdır (Romalılara 12:10; Filipililərə 2:3).
18 Biz bacı-qardaşlarımızın səhvlərini görsək də, diqqətimizi ancaq onların üzərinə cəmləşdirmirik. Məzmurçunun haqqında oxuduğu Allahı təqlid etməyə çalışırıq: “Əgər nöqsanları hesaba alsan, ey Yehova, ya Rəbb, kim dura bilər?” (Məzmur 130:3). Bizi qardaşlardan ayıra biləcək cəhətlərin üzərində düşünməkdənsə, “sülh gətirən və bir-birimizi ruhən inkişaf etdirən şeylərə” can atırıq (Romalılara 14:19). İnsanları Yehovanın gördüyü kimi görməyə çalışırıq. Bu, çatışmazlıqlara böyük əhəmiyyət vermədən, yaxşı cəhətlərə diqqət yetirmək deməkdir. Bu cür davranırıqsa, ‘bir-birimizə təhəmmül etmək’ asan olur (Koloslulara 3:13).
19. Ciddi anlaşılmazlıqları həll etmək üçün məsihçinin ata biləcəyi praktiki addımları təsvir edin.
19 Əgər həmimanlınla sənin aranda anlaşılmazlıq yaranıbsa və bu sənə rahatlıq vermirsə, necə? (Məzmur 4:4). Nəyə görə problemi həll etməyə çalışmayasan? (Təkvin 32:13-15). Əvvəlcə Yehovadan rəhbərlik diləyərək duada Ona müraciət et. Sonra həmimanlının müsbət cəhətlərini yadda saxlayaraq, “hikmətdən gələn həlimliklə” ona yaxınlaş (Yaqub 3:13). Ona aranızdakı münasibətləri bərpa etmək istədiyini söylə. Allah tərəfindən ilhamlanmış məsləhəti unutma: “Qoy hər bir adam eşitməkdə iti, söz söyləməkdə təmkinli və qəzəbdə təmkinli olsun” (Yaqub 1:19). ‘Qəzəbdə təmkinli olmaq’ məsləhəti onu göstərir ki, başqa adam səni qəzəbləndirəcək nə isə edə və ya deyə bilər. Əgər bu belədirsə, Yehovadan dilə ki, sənə özünə hakim olmaq keyfiyyətini qorumaqda kömək etsin (Qalatiyalılara 5:22, 23). Qardaşına izn ver ki, şikayətini söyləsin və onu diqqətlə dinlə. Dediyi sözlərin hər biri ilə razı olmasan da, sözünü kəsmə. Onun fikri düz olmaya bilər, ancaq yenə də bu onun fikridir. Vəziyyəti onun nöqteyi-nəzərindən görməyə çalış. Bunun üçün, yəqin ki, özünə qardaşının gözü ilə baxmaq lazım gələcək (Süleymanın məsəlləri 18:17).
20. Anlaşılmazlıqları həll edərkən, nə isə deməmişdən öncə başqasını diqqətlə dinləmək nəyə görə vacibdir?
20 Danışmaq növbəsi sənə çatdıqda nəvazişlə danış (Koloslulara 4:6). Qardaşına onda xoşun gələn cəhətləri de. Anlaşılmazlığın yaranmasına səbəb olan nə isə etdiyinə görə üzr istə. Əgər təvazökarlıqla gördüyün sə’ylər barışığa gətirib çıxardarsa, Yehovaya minnətdarlığını bildir. Yox, əgər hələ də anlaşılmazlıq davam edirsə, Yehovadan rəhbərlik diləməyə davam et və münasibətlərinizi bərpa etmək üçün başqa imkanlar axtar (Romalılara 12:18).
21. Bu müzakirə başqalarına Yehovanın gözü ilə baxmağa sizə necə kömək etdi?
21 Yehova bütün xidmətçilərini sevir. Qeyri-kamilliyimizə baxmayaraq, O hamımızı xidmətdə istifadə etməyə şaddır. Onun insanlara necə baxdığına dair daha çox öyrəndikcə, bacı-qardaşlarımıza olan məhəbbətimiz də artacaq. Əgər həmimanlılarımıza qarşı məhəbbətimiz sönübsə, onu yenidən alışdırmaq olar. İnsanlarda yaxşı cəhətləri görməyə sə’y göstərir və onlara Yehovanın gözü ilə baxmağa çalışırıqsa, biz böyük xeyir-dualar əldə edəcəyik!
[Haşiyələr]
a Sonradan aşkar oldu ki, zahirən gözəl Eliabın İsrailin padşahı olmaq üçün lazımi keyfiyyətləri yox idi. Məsələn, filistimli pəhləvan Qolyat israilliləri davaya çağıranda, Eliab digər İsrail əsgərləri ilə bərabər qorxuya düşdü (1 Samuel 17:11, 28-30).
b İri məhəlli zəbtlərin, əvvəlki sərhədlərin bərpa olunmasının və ola bilsin, bunun nəticəsində II Yeroboam tərəfindən yığılan vergilərin sayəsində, ehtimal olunduğu kimi, şimal padşahlığının zənginliyini əhəmiyyətli dərəcədə artırdı (2 Samuel 8:6; 2 Krallar 14:23-28; 2 Tarixlər 8:3, 4; Amos 6:2).
Siz necə cavab verərdiniz?
• Yehova sədaqətli xidmətçilərinin çatışmazlıqlarına necə baxır?
• Yunusla Peterin hansı yaxşı cəhətlərini sadalaya bilərsiniz?
• Məsihçi qardaşlarımıza həmişə hansı nöqteyi-nəzərdən baxmaq istəyirik?
[12-ci səhifədəki çərçivə]
Allahın insanlara necə baxdığı üzərində düşün
Müqəddəs Kitabda Yunus haqqında yazılmış hadisənin üzərində düşündükdə, müntəzəm olaraq təbliğ etdiyin insanlara başqa cür baxmağın gərəkliyini görürsənmi? Bu insanlar həmin israillilər kimi özündən razı və e’tinasız görünə bilər və ya Allahın xəbərinə qarşı dura bilərlər. Bəs Yehova onlara necə baxır? Yunusun təbliğini eşidib tövbə edən Nineviyanın padşahı kimi, bu sistemdə yüksək vəzifələrdə çalışan kəslər belə, bir zaman Yehovaya tərəf dönə bilərlər (Yunus 3:6, 7).
[8-ci səhifədəki şəkil]
Başqalarına Yehovanın gözü iləmi baxırsan?
[10 və 11-ci səhifələrdəki şəkil]
İsa, Yunusla baş verən hadisəyə müsbət nöqteyi-nəzərdən baxırdı.