Əsl məhəbbəti necə inkişaf etdirmək olar?
“Məhəbbət — ab-həyatdır; məhəbbət — həyatın özüdür” (Cozef Conson, “Living to Purpose”, 1871-ci il).
İNSAN sevməyi necə öyrənir? Psixologiyanı öyrənməkləmi? Özünü təkmilləşdirməyə dair kitablar oxumaqlamı? Məhəbbət haqqında filmlər seyr etməkləmi? Çətin. İnsan sevməyi ilk növbədə valideynlərinin nümunəsindən və onlardan aldığı tərbiyənin sayəsində öyrənir. Uşaqlar valideynləri tərəfindən mehribançılıq və nəvazişlə əhatə olunarsa, bəslənib müdafiə edilərsə, valideynləri onlarla ünsiyyətdə olar və dərindən maraqlanarsa, onlar o zaman məhəbbətin nə demək olduğunu başa düşərlər. Uşaqlar valideynləri tərəfindən xeyir və şərə dair sağlam təsəvvür əks etdirən prinsiplərə riayət etməyə öyrədilən zaman da sevməyi öyrənirlər.
Əsl məhəbbət — yalnız incə duyğulardan və emosiyalardan ibarət deyil. Məhəbbət daim başqalarının xeyrinə çalışmağa təşviq edir, hətta onlar bunu hələ layiqincə qiymətləndirməyi bacarmasalar da. Bu hal, çox vaxt valideynlərinin məhəbbətdən irəli gələrək tərbiyə etdikləri və cəzalandırdıqları uşaqlarla baş verir. Qərəzsiz məhəbbət təzahür etdirməkdə mükəmməl nümunə — Yaradan Özüdür. Həvari Pavel yazırdı: “Oğlum, Rəbbin tərbiyəsinə xor baxma, O səni məzəmmət edəndə ruhdan düşmə. Çünki Rəbb sevdiyini tərbiyə edər” (İbranilərə 12:5, 6).
Valideynlər, siz Yehovanın uşaqlara məhəbbət göstərməsini necə təqlid edə bilərsiniz? Və sizin ər-arvad kimi bir-birinizə münasibətlərinizdə verdiyiniz nümunə nə dərəcədə vacibdir?
Məhəbbət göstərməyi öz nümunənizlə öyrədin
Əgər siz ərsinizsə, arvadınızı qiymətləndirirsinizmi, onunla hörmət və ehtiramla davranırsınızmı? Əgər ərli qadınsınızsa, ərinizi sevir və ona dəstək olursunuzmu? Müqəddəs Kitabda deyilir ki, ər və arvad bir-birlərini sevməli və bir-birlərinə hörmət etməlidirlər (Efeslilərə 5:28; Titusa 2:4). Onlar bu cür davrandıqda uşaqlar məsihçi məhəbbətinin əməldə əks olunduğunu görürlər, bu isə onlar üçün unudulmaz və qiymətli dərs olur.
Valideynlər əyləncəyə, əxlaq qaydalarına, məqsəd və üstünlüklərlə bağlı yüksək normalara riayət etməklə də evdə məhəbbətin hökm sürməsinə kömək edirlər. Bütün dünyada insanlar əmin olurlar ki, ailələr üçün bu cür normaların tə’yin edilməsində Müqəddəs Kitab böyük yardım göstərir. Onlar şəxsi nümunələri ilə sübut edirlər ki, Müqəddəs Kitab həqiqətən də “Allahdan ilham almış və tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır” (2 Timoteyə 3:16). Doğrudan da, təkcə Dağüstü təbliğdə yazılan əxlaq prinsiplərini və hikmətli məsləhətləri bir çoxları misilsiz sayırlar (Matta 5–7-ci fəsillər).
Bütün ailə rəhbərlik almaq üçün Allaha müraciət edib, Onun normalarına əməl etdikdə, hər kəs özünü rahat və əmin hiss edir. Uşaqların valideynlərini sevib, onlara hörmət edəcəklərinə isə daha çox ümid yaranır. Və əksinə, ikili, səhv və ya anlaşılmaz normalar hökm sürən evdə isə uşaqlar qəzəbli, sərt və üsyankarlığa meylli olurlar (Romalılara 2:21; Koloslulara 3:21).
Bəs uşaqları valideynlərdən biri böyüdürsə, onda necə? Belə halda uşaqlara məhəbbəti aşılamağın hədsiz dərəcədə çətin olduğu doğrudurmu? Xeyr, əslində bu belə deyil. Yaxşı ata-ananın möhkəm birliyi heç nə ilə əvəz olunmasa da, təcrübə göstərir ki, valideynlərdən biri olmazsa, ailədəki münasibətlərin keyfiyyətli olması sayəsində bu boşluğun yerini müəyyən dərəcədə doldurmaq mümkündür. Tənha valideynlərə Müqəddəs Kitab prinsiplərini rəhbər tutmaq gərəkdir. Bir məsəldə belə təşviqedici sözlər var: “Bütün ürəyinlə Rəbbə güvən və öz anlayışına arxalanma; bütün yollarında onu tanı, o da sənin yollarını doğruldar” — o cümlədən uşaqları tərbiyə etmək yollarını da (Süleymanın məsəlləri 3:5, 6; Yaqub 1:5).
Natamam ailələrdə çoxlu gözəl gənc oğlan və qızlar boya-başa çatmışdır. Onlar hazırda bütün dünyada Yehovanın Şahidlərinin minlərlə məsihçi yığıncaqlarında Allaha sədaqətlə xidmət edirlər. Bu sübut edir ki, natamam ailədə də valideynlər uşaqlarına məhəbbəti müvəffəqiyyətlə aşılaya bilərlər.
Məhəbbəti hamı necə inkişaf etdirə bilər?
Müqəddəs Kitabın qabaqcadan xəbər verdiyi kimi, “axır günlər” ‘şəfqətsizlik’ xüsusiyyəti ilə, yə’ni adətən ailənin üzvlərini bir-birinə bağlayan təbii qohumluq hisslərinin olmaması ilə əlamətdar olmalı idi (2 Timoteyə 3:1, 3). Lakin məhəbbəti, hətta mehribançılığın və zərif duyğuların nə demək olduğunu bilmədən böyüyən kəslər də inkişaf etdirə bilərlər. Onlar bunu necə edə bilərlər? Məhəbbətin Mənbəyi olan və Ona ürəkdən müraciət edən hər kəsə məhəbbət və zərif duyğular təzahür etdirən Yehova Allahdan öyrənməklə (1 Yəhya 4:7, 8). Məzmurçu demişdir: “Anam və atam məni tərk etdikləri zaman, Rəbb məni qəbul edər” (Məzmur 27:10).
Yehova bizə öz məhəbbətini çox müxtəlif üsullarla göstərir. Bura həm Müqəddəs Kitabda yazılan ata nəsihəti, həm müqəddəs ruhun köməyi, həm də məsihçi qardaşlığı tərəfindən göstərilən səmimi kömək daxildir (Məzmur 119:97-105; Luka 11:13; İbranilərə 10:24, 25). Gəlin görək bu üç ən’am Allaha və yaxınlarımıza qarşı məhəbbətdə inkişaf etməkdə bizə necə kömək edir.
İlham almış ata nəsihəti
Kiminləsə səmimi, yaxın münasibətlər inkişaf etdirmək üçün onu yaxşı tanımaq lazımdır. Yehova Müqəddəs Kitabda öz şəxsiyyətinin müxtəlif cəhətlərini açıqlayaraq, bizi özünə yaxınlaşmağa də’vət edir. Lakin təkcə Müqəddəs Kitabı oxumaq kifayət deyil. Biz onun tə’limlərinə əməl etməli və bunun bizə fayda gətirdiyinə şəxsi təcrübəmizdə əmin olmalıyıq (Məzmur 19:7-10). İşaya 48:17 ayəsində deyilir: “Faydalı olanı sənə öyrədən, yeriyəcəyin yolda səni güdən, Allahın Rəbb mənəm”. Bəli, məhəbbətin təcəssümü olan Yehova lazımsız qayda-qanunlarla azadlığımızı məhdudlaşdırmaq istədiyi üçün deyil, bizim öz xeyrimizə nəsihət verir.
Müqəddəs Kitabdan aldığımız dəqiq biliklər, həmçinin bizi əhatə edən kəslərə qarşı məhəbbətdə inkişaf etməyimizə də kömək edir. İş ondadır ki, Müqəddəs Kitab həqiqəti bizə Allahın insanlara necə yanaşdığını öyrədir və bir-birimizlə münasibətdə hansı prinsipləri rəhbər tutmalı olduğumuzu göstərir. Bu cür mə’lumat yaxınlarımıza qarşı məhəbbət inkişaf etdirmək üçün möhkəm əsas kimi xidmət edir. Həvari Pavel demişdir: “Dua edirəm ki, məhəbbətiniz [“dəqiq”, YD] bilik və hər cür idrak baxımından getdikcə daha çox artsın” (Filipililərə 1:9).
Məhəbbətin “dəqiq bilik” tərəfindən necə istiqamətləndirildiyini göstərmək üçün, Həvarilərin işləri 10:34, 35 ayələrindəki əsas həqiqəti nəzərdən keçirək: “Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur”. Əgər Allah insanlar haqqında onların milliyətinə və irqi mənsubluğuna görə deyil, saleh əməllərinə və Allah qorxusuna malik olmalarına əsasən mühakimə yürüdürsə, bunun kimi biz də öz yaxınlarımıza ayrı-seçkilik etmədən yanaşmalı deyilikmi? (Həvarilərin işləri 17:26, 27; 1 Yəhya 4:7-11, 20, 21).
Məhəbbət — Allahın ruhunun səmərəsidir
Vaxtında yağan yağış meyvə bağını suvararaq məhsulun bol olmasına kömək etdiyi kimi, Allahın ruhu da həssas insanlarda Müqəddəs Kitabda ruhun səmərəsi adlanan keyfiyyətləri hasil edir (Qalatiyalılara 5:22, 23). Bu səmərənin vacib tərkib hissəsi məhəbbətdir (1 Korinflilərə 13:13). Bəs Allahın müqəddəs ruhunu necə almaq olar? Ən vacib üsullardan biri, bu haqda duada xahiş etməkdir. Əgər biz Allahın ruhu haqqında dua ediriksə, Allah onu bizə verəcəkdir (Luka 11:9-13). Siz duada müntəzəm olaraq müqəddəs ruh diləyirsinizmi? Əgər diləyirsinizsə, onda müqəddəs ruhun özünə məhəbbəti daxil edən qiymətli səmərəsi sizin həyatınızda getdikcə daha aydın şəkildə büruzə verməlidir.
Lakin Allahın ruhuna qarşı duran başqa bir ruh mövcuddur. Müqəddəs Kitab onu “bu dünyanın ruhu” adlandırır (1 Korinflilərə 2:12; Efeslilərə 2:2). Bu zərərli tə’sirin mənbəyi başqa heç kim deyil, “bu dünyanın”, yə’ni Allahdan uzaqlaşmış insan cəmiyyətinin “rəisi” olan Şeytan İblisdir (Yəhya 12:31). Tozu və zibili havaya sovuran külək kimi, “bu dünyanın ruhu” da insanlarda məhəbbətə yer qoymayan və cismani zəifliklərə sürükləyən zərərli istəklər oyadır (Qalatiyalılara 5:19-21).
İnsanlar özlərini var-dövlət yığmaq, xudbinliyin ifrat dərəcəsi və acgözlük kimi nöqteyi-nəzərlərin tə’sirinə mə’ruz qoyduqda, həmçinin bu dünyada məhəbbətə olan geniş yayılmış və təhrif olunmuş, çox vaxt isə pozğun nöqteyi-nəzəri qəbul etdikdə, bu zərərli ruhu özlərinə hopdururlar. Əgər siz əsl məhəbbətdə inkişaf etmək istəyirsinizsə, onda siz mətanətlə bu dünyanın ruhuna qarşı durmalısınız (Yaqub 4:7). Lakin öz gücünüzə güvənmək lazım deyil, Yehovanı köməyə çağırın. Kainatda ən qüdrətli qüvvə sayılan Allahın ruhu sizi möhkəmləndirər və sizə qələbə bəxş edə bilər (Məzmur 121:2).
Məhəbbəti məsihçi qardaşlığından öyrənin
Evlərində hiss etməklə məhəbbət göstərməyi öyrənən uşaqlar kimi, yaşımızdan asılı olmayaraq biz hamımız başqa məsihçilərlə ünsiyyətdə olarkən məhəbbətdə böyüyə bilərik (Yəhya 13:34, 35). Axı məsihçi yığıncağının ən əsas rollarından biri — “məhəbbətə və xeyirli işlərə” təşviq etmək mümkün olan atmosfer yaratmaqdır (İbranilərə 10:24).
Bu cür məhəbbət, bizi əhatə edən soyuq və sərt dünyada “taqətsiz və dağınıq” olanlar üçün xüsusilə dəyərli olacaqdır (Matta 9:36). Təcrübə göstərir ki, yetkin yaşlarında səmimi münasibətlər qurmaq, məhəbbətdən məhrum edilmiş uşaqlığın acı nəticələrinin öhdəsindən gəlməkdə kömək edə bilər. Özlərini Allaha həsr etmiş məsihçilərin yanlarına gələn yeni kəsləri mehribanlıqla qarşılamaları necə də vacibdir!
“Məhəbbət əsla tükənməz”
Müqəddəs Kitab deyir ki, “məhəbbət əsla tükənməz” (1 Korinflilərə 13:8). Bu nə deməkdir? Həvari Pavel bizə deyir: “Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz. Məhəbbət lovğalanmaz, qürrələnməz. Kobud davranmaz, öz mənfəətini axtarmaz, hirslənməz, ona edilən pisliklərin hesabını tutmaz” (1 Korinflilərə 13:4, 5). Bu cür məhəbbət xülya və səthi hisslərdən ibarət deyildir. Əksinə, bu məhəbbəti təzahür etdirən kəslər həyatın bə’zən ağrıya və mə’yusluğa səbəb olduğunu bilir və e’tiraf edirlər, lakin onlar yaxınlarına qarşı olan məhəbbətlərini heç nəyin söndürməsinə yol vermirlər. Bu cür məhəbbət həqiqətən də “kamil birliyin bağı”dır (Koloslulara 3:12-14).
Koreyadan olan 17 yaşlı məsihçi qızın nümunəsini nəzərdən keçirək. Onun Yehova Allaha xidmət etməyə başlaması ailəsinin xoşuna gəlmədi və o, evdən getməli oldu. Qəzəblənmək əvəzinə, o, dua edib Allahın Kəlamının və ruhunun onun düşüncəsini formalaşdırmasına yol verirdi. O, doğmalarına tez-tez məktub yazırdı. Onun məktubları əzizlərinə qarşı duyduğu ən səmimi hisslərlə dolu idi. Nəticədə, onun iki böyük qardaşı Müqəddəs Kitabı öyrənməyə başladılar. Hazırda isə onlar özlərini Allaha həsr etmiş məsihçi kimi xidmət edirlər. Onun anası və kiçik qardaşı da Müqəddəs Kitab həqiqətini qəbul etdilər. Nəhayət, ən qəti əleyhdar olan atasının ürəyində də dəyişiklik baş verdi. Bacımız yazır: “Bizim hamımız həmimanlılarımızla ailə qurmuşuq və indi ailəmizin 23 üzvü birlikdə Allaha ibadət edir”. Məhəbbətin gücünə baxın!
Siz əsl məhəbbəti inkişaf etdirməyi və bunda başqalarına yardım etməyi istəyərdinizmi? Onda bu qiymətli keyfiyyətin Mənbəyi olan Yehovaya müraciət edin. Onun Kəlamını ürəkdən qəbul edin, müqəddəs ruh almaq üçün dua edin və məsihçi qardaşlığı ilə ünsiyyətdə olun (İşaya 11:9; Matta 5:5). Tezliklə pislərin yox olacaqlarını, yalnız əsl məsihçi məhəbbəti təzahür etdirən kəslərin qalacağını bilmək necə də sevindiricidir! Həqiqətən də məhəbbət xoşbəxtliyin və həyatın açarıdır (Məzmur 37:10, 11; 1 Yəhya 3:14).
[6-cı səhifədəki şəkillər]
Dua və Allahın Kəlamını öyrənmək əsl məhəbbəti inkişaf etdirməkdə bizə kömək edəcəkdir.