Nikahınızı möhkəmləndirməyin üsulu
UÇMAQ üzrə olan evi təsəvvür edin. Suvaq qopub tökülür, dam deşilib, hətta həyəti də artıq çoxdandır ki, yığışdırılmayıb. Aydındır ki, bu ev dəfələrlə pis hava şəraitinə tab gətirməli olmuş və artıq uzun illərdir ki, ona qayğıkeş əllər dəyməyib. Onda elə çıxır ki, onu sökmək lazımdır? Heç də yox. Əgər evin təməli və dayağı möhkəmdirsə, onu tə’mir etmək tamamilə mümkündür.
Sizin nikahla yuxarıda təsvir olunan ev arasında hər hansı oxşarlıq varmı? Ehtimal ki, ailədəki münasibətləriniz həyatın çətinlikləri ucbatından illər ərzində zərər çəkib. Yaxud sizlərdən biriniz və ya hər ikiniz münasibətlərinizi yaxşılaşdırmaq üçün artıq çoxdandır ki, heç bir təşəbbüs göstərməmisiniz. Yəqin Sendinin hissləri sizə tanışdır. 15 il ailə həyatından sonra o qeyd edir: “Bizi bir-birimizə bağlayan yalnız rəsmi qeydiyyat idi. Lakin bu kifayət deyildi”.
Əgər vəziyyət sizin ailənizdə də bu səviyyəyə çatıbsa, çıxış yolunun yalnız ayrılmaqda olduğunu düşünməyə tələsməyin. Ehtimal ki, sizin münasibətlərinizi qaydasına salmaq mümkündür. Çox şey sizin bir-birinizə nə dərəcədə sadiq olmağınızdan asılıdır. Sadiqlik ailə cütlərinin çətin anlarda tab gətirmələrinə kömək edə bilər. Bəs sadiqlik nə deməkdir? Ailə münasibətlərinin bu sahəsini Müqəddəs Kitabın köməyilə necə möhkəmləndirmək olar?
Sadiqlik və borc hissi
Bir lüğətə əsasən “sadiqlik” — “öz məs’uliyyətlərini və borcunu yerinə yetirərkən hisslərdə və münasibətlərdə sarsılmazlıq və dəyişməzlik” kimi izah olunur. Sadiqlik təkcə insanlara qarşı təzahür etdirilmir. Misal üçün, inşaatçı evin tikintisi ilə bağlı imzaladığı müqaviləni yerinə yetirməyi özünə borc hesab edir. Ehtimal ki, o, sifarişçini şəxsən tanımır, lakin özünü borclu hiss etdiyi üçün müqaviləyə əsasən davranır.
Nikah soyuq işgüzar müqavilə olmasa da, sadiqlik öhdəmizə götürdüyümüz işin yerinə yetirilməsini tələb edir. Siz və həyat yoldaşınız, hər bir şəraitdə birlikdə olacağınıza dair Allah və insanlar qarşısında təntənəli surətdə söz vermisiniz. İsa qeyd etmişdir ki, Yaradan “başlanğıcdan... [insanları] kişi və qadın yaratdı və dedi: “Buna görə insan ata-anasını buraxacaq və arvadına bağlanacaqdır”. Sonra İsa əlavə etdi: “Allahın birləşdirdiyini insan ayırmamalıdır” (Matta 19:4-6). Çətinliklər yaranan zaman siz və həyat yoldaşınız üzərinizə götürdüyünüz öhdəliyə müvafiq yaşamağa tam qərarlı olmalısınıza. Bir qadın deyir: “Münasibətlərimiz, boşanma haqda fikirlərdən tamamilə imtina etdikdən sonra düzəlməyə başladı”.
Lakin nikahdakı sadiqlik yalnız borc hissindən ibarət deyil. Bəs bunun üçün daha nə tələb olunur?
Sadiqlik və ərlə arvadın bir-birinə dayaq olması
Ərlə arvad bir-birlərinə sadiq olsalar belə, bu o demək deyil ki, onların fikirləri hər zaman və hər şeydə bir-birinə uyğun gələcək. Fikir ayrılığı yaranan zaman ər-arvadı barışmağa yalnız borc hissi deyil, eləcə də onların emosional bağlılığı təşviq etməlidir. İsa ər-arvadlar haqqında belə dedi: “Onlar artıq iki deyil, bir bədəndirlər”.
Həyat yoldaşı ilə “bir bədən” olmaq nə deməkdir? Həvari Pavel yazmışdır ki, “ərlər... öz arvadlarını, öz bədənləri qədər sevməlidirlər” (Efeslilərə 5:28, 29). Deməli, “bir bədən” olmaq, hər şeydən əlavə, həyat yoldaşının rifahına öz şəxsi rifahı kimi qayğı göstərmək deməkdir. Nikah tellərilə bir-birinə bağlı olan insanlara düşüncə tərzlərini dəyişmək lazımdır: “mənim” yerinə “bizim”, “mən” yerinə isə “biz” olmalıdır. Bir məsləhətçi qadın yazmışdır: “Sizin nikahınız ürəyinizdə bağlanmalıdır. Məhz ürək başa düşməlidir ki, “mən” artıq “biz” olub”.
Bəs sizinlə həyat yoldaşınız haqqında nə demək olar? Həqiqətən də nikahınız ürəyinizdəmi bağlanıb? Uzun illər birlikdə yaşamaq, amma yenə də sözün əsl mə’nasında “bir bədən” olmamaq olar. Bu mümkündür, lakin “Vaxta şans verin” adlı kitabda qeyd edilir: “Nikah iki nəfərə bir həyat deməkdir və ərlə arvadın təmas nöqtəsi nə qədər çox olarsa, nikah da bir o qədər xoşbəxt olar” (“Giving Time a Chance”).
Bə’zi xoşbəxt olmayan ər-arvad cütləri ya uşaqları, ya da maddi tə’minat xatirinə birlikdə yaşamağa davam edirlər. Digərləri ətrafdakıların onları mühakimə edəcəklərindən qorxduqları və ya ümumiyyətlə, boşanmanın əleyhinə olduqları üçün birlikdə yaşamağa üstünlük verirlər. Bu ər-arvadların birlikdə yaşamağa davam etmələri özlüyündə tə’rifəlayiqdir, ancaq yadda saxlamağa dəyər ki, sizin məqsədiniz təkcə davamedici münasibətlər deyil, məhəbbət üzərində qurulan münasibətlər olmalıdır.
Təmənnasızlıq ərlə arvadın sadiqliyini inkişaf etdirir
Müqəddəs Kitabda qabaqcadan deyilir ki, “son günlərdə” insanlar “xudbin” olacaqlar (2 Timoteyə 3:1, 2). Bu peyğəmbərliyin göstərdiyi kimi müasir cəmiyyətdə insanlar özlərini ilahiləşdirirlər. Əfsuslar olsun ki, bir çox ailələrdə qarşılıq gözləmədən özünü başqası naminə sərf etməyin zəiflik əlaməti olduğuna dair fikri mövcuddur. Lakin sağlam ailə münasibətləri ərlə arvadın özlərini bir-birləri naminə fəda etmələrinin əsasında qurulur. Fədakarlıq ruhunu siz necə əks etdirə bilərsiniz?
Həmişə “bu münasibətlər mənə nə verir?” sualının üzərində düşünmək əvəzinə özünüzdən soruşun: “Nikahımı möhkəmləndirmək üçün mən nə edirəm?” Müqəddəs Kitabda deyilir ki, məsihçilər “yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini” güdməlidirlər (Filipililərə 2:4). İndi isə Müqəddəs Kitabın bu prinsipi üzərində bir dəqiqəlik dayanın və son həftə ərzində etdikləriniz haqqında düşünün. Yalnız həyat yoldaşınızın mənafeyi naminə nə qədər iş görmüsünüz? Hər hansı bir şeyi müzakirə etmək istəyiniz olmadığı hallarda həyat yoldaşınızı dinləmək sizə müyəssər olubmu? Sizə bir o qədər də maraqlı olmayan, amma həyat yoldaşınızın xoşuna gələn işi etməyə neçə dəfə müvəffəq olmusunuz?
Bu sualların üzərində düşünərkən, sizin xeyirxah işlərinizi hiss etməyəcəkləri və qiymətləndirməyəcəkləri haqda narahat olmayın. Bir kitabda qeyd olunur: “Nikahların çoxunda yaxşılıq yaxşılıqla mükafatlandırılır, buna görə də özünüz mümkün qədər çoxlu yaxşılıq edərək, həyat yoldaşınızı xeyirxah işlərə təşviq edin”. Siz təmənnasızlıq əks etdirərək, nikah bağını qiymətləndirdiyinizi və onu qorumağa can atdığınızı göstərirsiniz, bu isə nikahı möhkəmləndirir.
Ömürlük öhdəlik
Yehova Allah sadiqliyi qiymətləndirir. Müqəddəs Kitabda deyilir: “[Yehova,] sədaqətli ilə sədaqətlə davranırsan” (2 Samuel 22:26, YD). Allaha sədaqətli olmaq, həmçinin özünə Onun nikah quruluşuna sədaqətli olmağı daxil edir (Təkvin 2:24).
Əgər bir-birinizə qarşı sadiqsinizsə, onda münasibətlərinizin sabitliyindən zövq alacaqsınız. Yaxın və ya uzaq gələcəyi təsəvvür edərkən siz onu ikiniz üçün təsəvvür edirsiniz. Birlikdə olmamaq fikri sizə tamamilə yaddır. Bir qadın deyir: “Ərim məni özümdən çıxardığı anlarda belə, mən yalnız həmin an aramızda hər şeyin yaxşı olmadığı üçün kədərlənirəm, amma nikahımız üçün qorxmuram. Mən yalnız münasibətlərimizi necə bərpa edəcəyimiz haqda narahat oluram. Və mən hər şeyin qaydasına düşəcəyinə qətiyyən şübhə etmirəm, sadəcə bunun necə baş verəcəyini həmin an tam anlamıram”.
Təəssüflər olsun ki, bir çox ər-arvadlar ömürlük öhdəliyin həyat yoldaşına sadiqliyin vacib hissəsi olduğunu dərk etmirlər. Dilcavabı atışmanın qızğın çağında ər və ya arvad fikirləşmədən belə söz ata bilər: “Mən çıxıb gedirəm!” və ya “Yaxşısı budur məni layiqincə qiymətləndirən birini axtarım!” Əlbəttə ki, bunlar çox vaxt sadəcə olaraq sözlərdir. Lakin Müqəddəs Kitab qeyd edir ki, dil “öldürücü zəhərlə” dolu ola bilər (Yaqub 3:8). Hədə-qorxu gəlmək və ultimatumlar belə mə’na daşıyır: “Mən münasibətlərimizi daima qoruyub-saxlamaq lazım gəldiyini düşünmürəm. Mən istədiyim vaxt çıxıb gedə bilərəm”. Belə düşüncə tərzi nikahı dağıtmağa qadirdir.
Əgər nikah sizin üçün ömürlük öhdəlikdirsə, onda siz hər bir şəraitdə həyat yoldaşınızın yanında qalmağa ümid edirsiniz. Bu isə fayda gətirir. Sizə və həyat yoldaşınıza bir-birinizin zəiflikləri və səhvləri ilə barışmaq, bir-birinizə təhəmmül etmək və bir-birinizi bağışlamaq daha asan olacaq (Koloslulara 3:13). Bir kitabda deyilir: “Yaxşı nikah odur ki, həyat yoldaşlarından hər birinin səhv etdiyi hallarda da dağılmır”.
Evlənən zaman siz nikah quruluşuna deyil, canlı insana — həyat yoldaşınıza sadiq qalmağı söz vermişdiniz. Bu sizin nikahdakı düşüncə tərzinizə və davranışınıza güclü tə’sir göstərməlidir. Məgər razı deyilsinizmi ki, həyat yoldaşınızla qalmaq yalnız nikah birliyini müqəddəs saydığınıza görə deyil, həm də nikaha daxil olduğunuz insanı sevdiyinizə görə də vacibdir?
[Haşiyə]
a Ərlə arvadın yalnız çarəsiz qaldıqları zaman ayrı yaşamalarına bəraət qazandırmaq olar. (1 Korinflilərə 7:10, 11; “Ailə xoşbəxtliyinin sirri” kitabının 160-cı və 161-ci səhifələrinə baxın; Yehovanın Şahidləri tərəfindən nəşr olunmuşdur). Bundan əlavə, Müqəddəs Kitab zina (cinsi əxlaqsızlıq) baş verən zaman boşanmaya yol verir (Matta 19:9).
[5-ci səhifədəki çərçivə/şəkil]
İndi siz hansı addımı ata bilərsiniz?
Sizin nikahınızda sadiqliklə bağlı vəziyyət necədir? Ehtimal ki, nəyin üzərində işləməli olduğunuzu bilirsiz. Əgər bu belədirsə, onda növbəti məsləhətləri tətbiq edin:
● Özünüzü yoxlayın. Özünüzdən soruşun: “Mən nikahda olduğumu ürəyimlə hiss edirəmmi, yoxsa hələ də subay kimi düşünməyə və davranmağa davam edirəm?” Bu barədə həyat yoldaşınızın sizin haqqınızda nə düşündüyünü öyrənin.
● Bu məqaləni birlikdə oxuyun. Sonra nikahda sadiqliyi daha yaxşı necə əks etdirə biləcəyinizi sakitcə müzakirə edin.
● Bir-birinizə qarşı sadiqliyi qorumaq qətiyyətinizi möhkəmləndirən məşğuliyyətlərə birgə vaxt sərf edin. Məsələn, birlikdə toy şəkillərinə və həyatınızda başqa vacib hadisələri xatırladan şəkillərə baxın; tanışlıq zamanı və ya birgə həyatınızın ilk illərində sizə məmnunluq gətirən işləri görün; “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarından nikah haqqında Müqəddəs Kitaba əsaslanan məqalələri birlikdə öyrənin.
[6-cı səhifədəki çərçivə/şəkil]
Nikahda sadiqlik...
● borc hissi. “Və’d etdiyini ödə. Və’d verib ödəməməkdənsə, və’d verməməyin daha yaxşıdır” (Vaiz 5:4, 5).
● ərlə arvadın bir-birinə dayaq olması. “İki nəfər bir nəfərdən yaxşıdır... Çünki düşərlərsə, biri dostunu qaldırar” (Vaiz 4:9, 10).
● fədakarlıq ruhu. “Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir” (Həvarilərin işləri 20:35).
● ömürlük öhdəlikdir. “Məhəbbət... hər şeyə tab gətirər” (1 Korinflilərə 13:4, 7).
[7-ci səhifədəki şəkillər]
Həyat yoldaşınız sizinlə söhbət etmək istəyəndə onu dinləyirsinizmi?