Ruhani mövzuda söhbətlər inkişaf etdirir
“Ağzınızdan heç bir çürük söz çıxmasın, ancaq ehtiyaca görə, ruhi inkişaf üçün yaxşı söz söyləyin ki, sizi dinləyənlərə ne’mət versin” (EFESLİLƏRƏ 4:29).
1, 2. a) İnsan nitqi nə qədər qiymətlidir? b) Yehovanın xidmətçiləri nitq ən’amından necə istifadə etmək istəyirlər?
“İNSAN nitqi bir sirdir; bu, Allahın verdiyi ən’am, mö’cüzədir”. Bu sözləri leksikoqraf Lüdviq Keller yazmışdır. Bəlkə də, biz Allahdan olan bu ən’ama qeyri-adi bir şey kimi baxmırıq (Yaqub 1:17). Amma bizə əziz olan adam iflic olduğu üçün aydın danışa bilməyəndə, ünsiyyət çatışmazlığı nə qədər də güclü hiss olunur! Bu yaxınlarda əri iflic olan Coan deyir: “Bizim aramızda çox gözəl yaxın ünsiyyət mövcud idi. Ünsiyyətlərimiz üçün çox darıxıram!”
2 Nitq ən’amından istifadə edərək dostluğu möhkəmlədə, anlaşılmazlıqları aradan qaldıra, ruhdan düşənləri həvəsləndirə, imanı inkişaf etdirə və həyatı zənginləşdirə bilərik, lakin bunun üçün şüurlu surətdə sə’y göstərmək lazımdır. Müdrik Süleyman padşah qeyd edir: “Düşünmədən danışanın dili qılınc kimi yaralar, hikmətlinin dili isə insanları sağaldar” (Süleymanın məsəlləri 12:18, MKŞ). Biz, Yehovanın Şahidləri, istəyirik ki, söhbətimiz şəfa versin və inkişaf etdirsin, qətiyyən yaralamasın və ya parçalamasın. Həmçinin nitqimizlə istər təbliğ xidmətində, istərsə də şəxsi söhbətlərimizdə Yehovaya izzət verək. Məzmurçu oxuyurdu: “Hər gün Allah ilə öyünərik və sənin isminə əbədiyyən şükr edərik” (Məzmur 44:8).
3, 4. a) Nitqimizdən lazımi qaydada istifadə etmək nəyə görə çətindir? b) Nəyə görə işlətdiyimiz sözlərə diqqət yetirməliyik?
3 Şagird Yaqub xəbərdar edir: “Dili... heç bir insan əhliləşdirə bilmir”. Yaqub bizə həm də yaddaşlıq edir: “Hamımız çox səhv edirik. Sözündə səhv etməyən, kamil insandır. O bütün bədənini də yüyənləyə bilər” (Yaqub 3:2, 8). Aramızda kamil insan yoxdur. Buna görə də, səmimi sə’ylərimizə baxmayaraq, nitqimiz başqalarını həmişə inkişaf etdirmir və Yaradana izzət gətirmir. Əgər belədirsə, biz sözlərimizə diqqət yetirməyi öyrənməliyik. Bundan əlavə İsa demişdir: “İnsanlar söyləyəcəkləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər. Çünki öz sözlərinə görə bəraət qazanacaq və öz sözlərinə görə məhkum olunacaqsan” (Matta 12:36, 37). Bəli, sözlərimizə görə həqiqi Allah qarşısında cavab verəcəyik.
4 Zərərli nitqdən qaçınmağın ən yaxşı üsullarından biri — ruhani mövzuda söhbətlər etmək vərdişini inkişaf etdirməkdir. Bu məqalədə bunu necə edə biləcəyimizi, nə barədə danışacağımızı və inkişafetdirici nitqin gətirdiyi faydanı nəzərdən keçirəcəyik.
Ürəyinə diqqət yetir
5. Söhbətlərin inkişafetdirici olmasında ürək hansı tərzdə həlledici rol oynayır?
5 Ruhani mövzuda söhbət etmək vərdişini inkişaf etdirmək üçün, əvvəlcə dərk etmək lazımdır ki, bizim nitqimiz ürəyimizin vəziyyətini əks etdirir. İsa demişdir: “Ağız ürəyin daşmasından söylər” (Matta 12:34, İ–93). Başqa sözlərlə desək, ürəyimizə yatan şeylər haqqında danışmaq bizə xoşdur. Buna görə hər bir kəs özündən soruşmalıdır: “Mənim söhbətim ürəyimin vəziyyəti haqqında nəyi aşkar edir? Ailəmlə və ya həmimanlılarımla bir yerdə olanda ruhani mövzudamı söhbət edirəm, yoxsa həmişə idmandan, geyimdən, filmlərdən, qidadan, təzəlikcə aldığım, yaxud da əhəmiyyətsiz şeylərdənmi danışıram?” Ola bilər ki, özümüzün xəbəri olmadan həyatımız və fikirlərimiz ikinci dərəcəli şeylərin ətrafında dövr edir. Bizim üçün vacib olan şeyləri müəyyənləşdirəndən və lazımi dəyişiklikləri edəndən sonra, biz yalnız söhbətlərimizin məzmununu deyil, həyatımızı da yaxşılaşdıracağıq (Filipililərə 1:10).
6. Götür-qoy etmək söhbətlərə necə tə’sir edir?
6 Məqsədyönlü götür-qoy etmək — söhbətlərimizin məzmununu yaxşılaşdırmağın daha bir üsuludur. Əgər biz ruhani məsələlər barədə şüurlu şəkildə düşünməyə çalışarıqsa, ruhani mövzuda edilən söhbətlərin bizim üçün təbii forma aldığını görəcəyik. Davud padşah bu bağlılığı görürdü. O oxuyurdu: “Ağzımın sözləri və ürəyimin düşüncəsi sənin önündə məqbul olsunlar, ya Rəbb” (Məzmur 19:14). Məzmurçu Asaf isə deyirdi: “Sənin bütün işlərini dərin düşünərəm və sənin etdiklərin haqqında düşüncəyə dalaram” (Məzmur 77:12). Əgər ürəyimiz və əqlimiz Allahın Kəlamında olan həqiqətlərlə dolarsa, onda tə’rifəlayiq söhbətlər bizim ağzımızdan həqiqi mə’nada daşıb töküləcək. Yeremya Yehovanın öyrətdiyi həqiqətlər barədə danışmaya bilmirdi (Yeremya 20:9). Əgər biz də ruhani şeylər barədə müntəzəm olaraq düşünəriksə, həmin vəziyyət bizimlə də baş verəcəkdir (1 Timoteyə 4:15).
7, 8. İnkişafetdirici söhbətlər üçün hansı mövzular yarayır?
7 Yaxşı ruhani qrafik sayəsində biz inkişafetdirici söhbətlər üçün bol mövzulara malikik (Filipililərə 3:16). Konqreslər, yığıncaq görüşləri, yeni jurnallar, həmçinin gündəlik ayələr və çap olunmuş şərhlər — bölüşə biləcəyimiz ruhani xəzinənin mənbəyidir (Matta 13:52). Məsihçi xidmətimizdə baş verən hadisələr isə ruhən daha çox həvəsləndirir!
8 Süleyman padşahın İsraildə müşahidə etdiyi ağacların, heyvanların, quşların və balıqların böyük müxtəlifliyi onu heyrətə gətirirdi (1 Krallar 4:33). Allahın yaratdıqlarından danışmaq ona məmnunluq gətirirdi. Eyni şeyi biz də edə bilərik. Yehovanın xidmətçiləri çox şey haqda danışmağı xoşlayırlar, lakin ruhani mövzular, ruhani əhval-ruhiyyəli adamların söhbətlərini həmişə bəzəyə bilər (1 Korinflilərə 2:13).
“Bunları daima düşünün”
9. Pavel filipililərə hansı nəsihəti verdi?
9 Söhbətimiz mövzusundan asılı olmayaraq həvari Pavelin Filipi şəhərindəki yığıncağa verdiyi nəsihətə müvafiq gəlirsə, inkişaf etdirəcək. O yazırdı: “Beləliklə, qardaşlar, doğru, ehtiramlı, ədalətli, pak, cazibəli, e’tibarlı olan nə varsa, əgər bir fəzilət və tə’rifə layiq bir şey varsa, bunları [“daima”, YD] düşünün” (Filipililərə 4:8). Sadalanan amillərin hamısı o qədər vacib idi ki, Pavel demişdi: “Bunları [“daima”, YD] düşünün”. Biz ürəklərimizi və zehnimizi bunlarla doldurmalıyıq. Gəlin Pavelin istinad etdiyi bu səkkiz amili nəzərdən keçirək və onların bizim söhbətlərimizin keyfiyyətini necə yaxşılaşdıra biləcəyinin üzərində düşünək.
10. Bizim söhbətlərimiz doğru olanı özünə necə daxil edə bilər?
10 Doğru olan — sadəcə olaraq düzgün mə’lumatdan daha vacib mə’na kəsb edir. Bu, dürüst və e’tibarlı olanı, məsələn, Allahın Kəlamında olan həqiqəti nəzərdə tutur. Buna görə də, bizdə təəssürat yaradan Müqəddəs Kitab həqiqətləri, bizi ruhlandıran mə’ruzələr və nitqlər, yə’ni bizə kömək edən Müqəddəs Kitab nəsihətləri barədə başqaları ilə danışanda, doğru olan şeylər barədə düşündüyümüzü göstəririk. Eyni zamanda, biz “yalan yerə “elm” adlanan” və yalnız görünüşcə həqiqi görünən şeylərdən qaçınırıq (1 Timoteyə 6:20). Həm də biz, qeybət etmir və yoxlanılması qeyri-mümkün olan şübhəli hadisələri yaymırıq.
11. Söhbətlərimizə ehtiramlı olan hansı ciddi mövzuları daxil etmək olar?
11 Ehtiramlı olan — boş və ya əhəmiyyətsiz şeylərə deyil, ləyaqətli və vacib olan şeylərə aiddir. Bu, özünə məsihçi xidmətimizi, yaşadığımız çətin anları və nümunəvi davranmaq zərurətini daxil edir. Bu cür ciddi məsələləri müzakirə edəndə ruhən oyaq qalmaq, nöqsansızlığı qorumaq və xoş xəbəri daim təbliğ etmək qətiyyətimiz möhkəmlənir. Şübhəsiz ki, xidmətimiz zamanı baş verən maraqlı hadisələr və axır günlərdə yaşadığımızı xatırladan cərəyan edən hadisələr təşviqedici söhbətlər üçün çoxlu material təqdim edir (Həvarilərin işləri 14:27; 2 Timoteyə 3:1-5).
12. Pavelin ədalətli və pak olan şeyləri düşünmək nəsihətini nəzərə alaraq nədən qaçınmaq lazımdır?
12 Ədalətli olan — Allahın gözündə doğru olan, Onun normalarına müvafiq olan deməkdir. Pak olan — düşüncə və əməldəki təmizliklə bağlıdır. Bizim söhbətlərimizdə böhtanlara, ləyaqətsiz zarafatlara və seksual him-cimə yer yoxdur (Efeslilərə 5:3; Koloslulara 3:8). İş yerində və ya məktəbdə bunlardan biri haqqında söhbət düşəndə, məsihçilər müdrik davranır və oradan uzaqlaşırlar.
13. Cazibəli və e’tibarlı olan şeylərə dair nümunələr söyləyin.
13 Cazibəli olan şey üzərində düşünməyi məsləhət verərkən, Pavel nə isə sevimli və xoş olan, məhəbbətə təşviq edən şeyləri nəzərdə tutur və onları nifrət, qəzəb oyadan və münaqişə yaradan şeylərə qarşı qoyurdu. E’tibarlı olan isə yaxşı rə’yə, hörmətə layiq olana aiddir. Məsələn, buna, “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarında müntəzəm olaraq dərc olunan sadiq bacı və qardaşların tərcümeyi-halları aiddir. İmanı möhkəmlədən bu cür məqalələri oxuduqdan sonra nəyə görə təəssüratlarını başqaları ilə bölüşməyəsən? Həmimanlılarımızın ruhani nailiyyətləri haqqında eşitmək də çox ruhlandırıcıdır! Bu cür söhbətlər yığıncaqda məhəbbəti və birliyi inkişaf etdirəcək.
14. a) Fəzilətli olmaq üçün bizdən nə tələb olunur? b) Bizim söhbətlərimiz tə’rifəlayiq olan şeyləri özünə necə daxil edə bilər?
14 Pavel deyirdi: “Əgər bir fəzilət... varsa”. Fəzilət yüksək əxlaqla bağlıdır. Biz diqqət yetirməliyik ki, danışıqlarımızda Müqəddəs Kitab prinsiplərini əldə rəhbər tutaq və ədalətli, pak və fəzilətli olan şeylərdən yayınmayaq. Tə’rifəlayiq isə tə’rifləmək mə’nasını daşıyır. Əgər kim isə mə’ruzə ilə yaxşı çıxış edibsə və ya sadiqlik nümunəsi göstərirsə, bu barədə həm o adamın özünə, həm də başqalarına söylə. Həvari Pavel gözəl keyfiyyətlərinə görə həmimanlılarını tez-tez tə’rifləyirdi (Romalılara 16:12; Filipililərə 2:19-22; Filimona 4-7). Və sözsüz ki, Yaradanımızın əl işləri xüsusilə tə’rifəlayiqdir. Onlarda inkişaf etdirən söhbətlər üçün daha çox mövzu tapırıq (Süleymanın məsəlləri 6:6-8; 20:12; 26:2).
İnkişaf etdirən söhbətlərdə iştirak et
15. Müqəddəs Kitabın hansı əmri valideynlərin üzərinə uşaqları ilə ətraflı söhbətlər etmək öhdəliyi qoyur?
15 Təsniyə 6:6, 7 ayələrində deyilir: “Bu gün sənə əmr etməkdə olduğum bu sözlər sənin ürəyində olacaqlar; və onları oğullarının zehninə yaxşıca qoyacaqsan və evində oturduğun və yolda yeridiyin və yatdığın və qalxdığın zaman bunlar haqqında danışacaqsan”. Aydındır ki, bu əmr valideynlərdən uşaqları ilə ətraflı ruhani söhbətlər etməyi tələb edir.
16, 17. Məsihçi valideynlər Yehovanın və İbrahimin nümunəsindən nə öyrənə bilərlər?
16 İsanın yer üzündə yerinə yetirəcəyi tapşırığı müzakirə edərək, səmavi Atası ilə, ehtimal ki, uzun müddət ünsiyyətdə olduğunu təsəvvür edə bilərik. İsa öz şagirdlərinə izah edirdi: “Məni göndərən Ata Özü nə deyəcəyimi və nə söyləyəcəyimi Mənə əmr etdi” (Yəhya 12:49; Təsniyə 18:18). Qəbilə başçısı olan İbrahim oğlu İshaqa Yehovanın onlara və əcdadlarına necə xeyir-dualar verdiyi barədə danışaraq, ehtimal ki, onunla uzun müddət söhbət etmişdir. Bu cür söhbətlər, şübhəsiz ki, necə İsaya, eləcə də İshaqa Allahın iradəsinə təvazökarlıqla tabe olmağa kömək etmişdi (Təkvin 22:7-9; Matta 26:39).
17 Bizim uşaqlarımız da inkişaf etdirən söhbətlərə ehtiyac duyurlar. Valideynlər uşaqları ilə söhbət etmək üçün, boş olmayan qrafiklərində vaxt tapmalıdırlar. Əgər mümkündürsə, nəyə görə heç olmaya gündə bir dəfə bütün ailə bir yerə yığılmasın? Yemək vaxtı və ya yeməkdən sonra, ailənin ruhani sağlamlığına qiymətli fayda gətirən inkişafetdirici söhbətlər üçün imkan yaranır.
18. Valideynlər və övladlar arasındakı yaxşı ünsiyyətin faydasını göstərən nümunə danışın.
18 Alexandro pionerdir və onun 20-dən artıq yaşı var. Alexandro 14 yaşında olarkən onu narahat edən şübhələr barədə xatırlayır: “Məktəb yoldaşlarımın və müəllimlərimin tə’siri ucbatından, məndə Allahın mövcudluğuna və Müqəddəs Kitabın doğruluğuna şübhə yaranmışdı. Valideynlərim vaxtı əsirgəmədən mənə hər şeyi səbirlə izah edirdilər. Həmin söhbətlər o cür çətin anlarda mənə yalnız şübhələrimi aradan qaldırmağa deyil, həm də həyatda düzgün qərarlar qəbul etməyə kömək etdi”. Bəs hal-hazırda vəziyyət necədir? Alexandro davam edir: “Mən hələ də valideynlərimlə yaşayıram. Lakin bizim qrafikimiz, atamla üz-üzə oturub söhbət etməyə çətinlik yaradır. Buna görə də həftədə bir dəfə onun iş yerində bir yerdə nahar edirik. Doğrusu mən bu söhbətləri çox qiymətləndirirəm”.
19. Nəyə görə biz hamımız ruhani söhbətlərə ehtiyac duyuruq?
19 Məgər həmimanlılarımızla ruhən zənginləşdirən mövzuda söhbətləri biz azmı qiymətləndiririk? Bu cür söhbətlər üçün yığıncaq görüşlərində, təbliğçilər üçün görüş zamanı, dostluq görüşlərində və ya səyahət edərkən imkan yaranır. Pavel Romadakı məsihçilərlə ünsiyyətdə olmağa can atırdı. Pavel onlara yazırdı: “Sizi görməyi çox arzulayıram [ki,]... aranızda ikən, sizdə və məndə olan müştərək iman vasitəsilə təşviq olunaq” (Romalılara 1:11, 12). Məsihçi ağsaqqalı Yohannes qeyd edir: “Həmimanlılarla ruhani mövzuda söhbətlər zəruri tələbatı tə’min edir. Bu söhbətlər ürəyi isidir və gündəlik qayğıların yükünü yüngülləşdirir. Mən tez-tez yaşlı bacı-qardaşlardan həyatları barədə və nəyin sayəsində sadiq qalmaları haqda danışmalarını xahiş edirəm. İllər ərzində çoxları ilə söhbət etmişəm və hər birindən bir qədər həyatıma zənginlik gətirən müdriklik və təcrübə mənimsəmişəm”.
20. Utancaq kəslərlə ünsiyyətdə olarkən nə etmək olar?
20 Bəs sənin ruhani mövzuda söhbətə başlamağın başqalarında maraq oyatmayan kimi görünsə, nə etməli? Təslim olma. Ehtimal ki, növbəti dəfə daha əlverişli şərait yaranacaq. Süleyman qeyd etmişdir: “Yerində deyilən sözlər, gümüş oymalar içində qızıl almalara bənzər” (Süleymanın məsəlləri 25:11, MKŞ). Utancaq kəslərə anlayışla yanaş. “Ürəyin düşüncələri dərin sulara oxşar, dərrakəli adam onu çəkib çıxarar”a (Süleymanın məsəlləri 20:5, MKŞ). Ən başlıcası isə, başqalarının əhval-ruhiyyəsinin sənin ürəyinə yatan şeylər barədə danışmağına mane olmasına yol vermə.
Ruhani mövzuda edilən söhbətlər mükafatlandırılır
21, 22. Ruhani mövzuda olan söhbətlərdə iştirak etmək hansı faydanı gətirir?
21 Pavel məsləhət edirdi: “Ağzınızdan heç bir çürük söz çıxmasın, ancaq ehtiyaca görə, ruhi inkişaf üçün yaxşı söz söyləyin ki, sizi dinləyənlərə ne’mət versin” (Efeslilərə 4:29; Romalılara 10:10). Söhbətə düzgün istiqamət vermək həmişə asan olmur, lakin nəticə buna dəyər. Ruhani mövzuda söhbət etməklə biz imanımızla bölüşər və qardaşlığımızı inkişaf etdirərik.
22 Gəlin nitq ən’amından istifadə edərək yaxınlarımızı möhkəmlədək və Allaha izzət verək. Bu cür söhbətlər bizə məmnunluq, başqalarına isə ruh yüksəkliyi gətirər. Bundan əlavə, bu cür söhbətlər Yehovanın ürəyinə sevinc gətirər, çünki O, bizim söhbətlərimizə diqqət yetirir və dilimizi düzgün tətbiq edəndə sevinir (Məzmur 139:4; Süleymanın məsəlləri 27:11). Bizim söhbətlərimiz ruhani mövzuda olarsa, Yehovanın bizi unutmayacağına əmin ola bilərik. Bizim günlərdə Yehovaya xidmət edənlər barəsində Müqəddəs Kitabda yazılıb: “O zaman Rəbdən qorxanlar bir-birləri ilə söyləşdilər; və Rəbb yaxşı dinlədi və eşitdi və Rəbdən qorxub ismini düşünənlər üçün onun önündə bir anılma kitabı yazıldı” (Malaki 3:16; 4:5). Söhbətlərimizin bizi ruhən inkişaf etdirməsi necə də vacibdir!
[Haşiyə]
a İsraildəki bə’zi su quyuları çox dərin idi. Gibeonda arxeoloqlar 25 metr dərinliyində quyu aşkar etmişlər. Quyunun daxilində pilləkənlər vardır ki, insanlar su çıxarmaq üçün bundan istifadə edib quyunun dibinə düşürdülər.
Necə cavab verərdiniz?
• Söhbətlərimiz bizim haqqımızda nəyi aşkar edir?
• Biz hansı inkişafetdirici mövzularda danışa bilərik?
• Ailə daxilində və məsihçi yığıncağında olan söhbətlər hansı mühüm rolu oynayır?
• İnkişafetdirici söhbətlər hansı faydanı gətirir?
[10-cu səhifədəki şəkillər]
İnkişaf etdirən söhbətlər...
“doğru”,
“ehtiramlı,”
“tə’rifə layiq”,
“fəzilətli” olan şeylərin ətrafında dövr edir.
[İcazə ilə]
Video cover, Stalin: U.S. Army photo; Creator book cover, Eagle Nebula: J. Hester and P. Scowen (AZ State Univ.), NASA
[11-ci səhifədəki şəkil]
Yemək vaxtı ruhani mövzuda söhbət etmək üçün gözəl imkandır.