Sadiq məsihçi qadınlar Allahın qiymətli xidmətçiləridir
“Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir, yalnız Rəbdən qorxan qadın tə’rifə layiqdir” (SÜLEYMANIN MƏSƏLLƏRİ 31:30, MKŞ).
1. Yehovanın gözəlliyə olan nöqteyi-nəzəri dünyanınkından nə ilə fərqlənir?
DÜNYA xarici görünüşə, xüsusən də qadınların xarici görünüşünə daha çox diqqət yönəldir. Yehova isə ilk növbədə, illər ötdükcə daha da gözəlləşə biləcək daxili şəxsiyyətə diqqət yetirir (Süleymanın məsəlləri 16:31). Buna görə də Müqəddəs Kitab qadınlara öyüd verir: “Qoy sizin bəzəyiniz, saç hörmə, qızıl taxma və təmtaraqla geyinmə kimi zahiri şeylərdən ibarət olmasın. Gizli olan daxili varlığınız, həlim və sakit ruhun faniləşməz gözəlliyi ilə sizin bəzəyiniz olsun. Bu, Allahın qarşısında çox qiymətlidir” (1 Peter 3:3, 4).
2, 3. Qadınlar I əsrdə xoş xəbərin yayılmasına necə kömək etmişlər və bu barədə əvvəlcədən necə deyilmişdir?
2 Bu cür tə’rifəlayiq ruhu Müqəddəs Kitabda adları çəkilən bir çox qadınlar əks etdirmişlər. I əsrdə onlardan bə’ziləri İsaya və onun həvarilərinə xidmət etmək şərəfinə malik olmuşlar (Luka 8:1-3). Sonradan isə, bə’zi məsihçi qadınlar çalışqan müjdəçilər olmuş, digərləri, üzərinə rəhbərlik götürən məsihçi kişilərə, o cümlədən həvari Pavelə olduqca dəyərli yardım göstərmiş, başqaları isə qeyri-adi qonaqpərvərlik göstərmiş, hətta yığıncaq görüşlərinin keçirilməsi üçün öz evlərini təqdim etmişdilər.
3 Öz niyyətini yerinə yetirməkdə Yehovanın qadınları fəal və geniş surətdə istifadə edəcəyi Müqəddəs Yazılarda qabaqcadan deyilmişdir. Məsələn, Yoel 2:28, 29 ayələrində əvvəlcədən deyilirdi ki, həm kişilər, həm də qadınlar — yaşlılar və cavanlar — müqəddəs ruh alacaq və Padşahlıq haqqındakı xoş xəbərin yayılmasında iştirak edəcəklər. Bu peyğəmbərlik eramızın 33-cü ilinin Pentikost günündə yerinə yetməyə başladı (Həvarilərin işləri 2:1-4, 16-18). Ruhla məsh edilmiş qadınlardan bə’zilərinə fövqəltəbii ən’amlar, məsələn, peyğəmbərlik etmək ən’amı verilmişdir (Həvarilərin işləri 21:8, 9). Bu sadiq bacıların böyük izdihamı xidmətdəki sə’yləri ilə məsihçiliyin I əsrdəki sür’ətli artımına kömək etmişlər. Eramızın təxminən 60-cı ilində həvari Pavel yazırdı ki, xoş xəbər “göy altında olan hər məxluqa təbliğ edilmişdir” (Koloslulara 1:23).
Cəsarətlərinə, sə’ylərinə və qonaqpərvərliklərinə görə tə’rifəlayiq görülmüşlər
4. Pavel I əsrin məsihçi yığıncağında olan bə’zi qadınları hansı ciddi əsaslara görə tə’rifləyirdi?
4 Həvari Pavel bə’zi qadınların xidmətləri barədə böyük hörmətlə danışdığı kimi, məsihçi nəzarətçiləri də bu gün sə’y göstərən bacıların xidmətlərini qiymətləndirirlər. Pavelin adlarını çəkdiyi qadınların arasında “Rəbb üçün zəhmət çəkən Trifena və Trifosa”, həmçinin “Rəbb üçün çox zəhmət çəkmiş sevimli Persis” də vardı (Romalılara 16:12). Pavel yazırdı ki, Evodiya və Sintixi “[onunla bərabər]... Müjdəni yaymaq üçün cəhd göstərmiş”lər (Filipililərə 4:2, 3). Əri Akila ilə yanaşı Priskila da Pavellə birlikdə xidmət etmişdi. Bu ər-arvad hətta Pavelin uğrunda “öz başlarını qoydular”, bu da Paveli növbəti sözləri deməyə təşviq etdi: “Onlara, yalnız mən deyil, digər millətlərdən olanların bütün cəmiyyətləri təşəkkür edirlər” (Romalılara 16:3, 4, İ–93; Həvarilərin işləri 18:2).
5, 6. Priskila hansı sahələrdə bugünkü bacılar üçün gözəl nümunə kimi xidmət edir?
5 Priskila nəyə görə bu cür sə’yli və cəsarətli idi? Cavabı Həvarilərin işləri 18:24-26 ayələrində tapırıq. Orada deyilir ki, Priskila əri Akila ilə birlikdə Apollosa, qabiliyyətli natiqə Allahın açdığı həqiqətlə ayaq-ayağa yeriməkdə kömək etdi. Buna görə də, məntiqi nəticə çıxara bilərik ki, Priskila Allahın Kəlamını sə’ylə öyrənir və həvari tə’limi ilə məşğul olurdu. Bu, Priskilanı Allahın və ərinin gözündə ucaldan, həmçinin onu erkən məsihçi yığıncağının dəyərli üzvü edən gözəl keyfiyyətləri yetişdirməkdə ona kömək etdi. Müqəddəs Kitabı çalışqanlıqla tədqiq edən və “sadiq və ağıllı nökərbaşı” vasitəsilə Yehovanın təqdim etdiyi ruhani qidanı qəbul edən, çalışqan bir çox müasir məsihçi bacılarımız da az dəyərli deyillər (Luka 12:42).
6 Akila və Priskila xüsusi tərzdə qonaqpərvər idilər. Onlarla birlikdə çadır hazırlayarkən Pavel Korinf şəhərində onların evində yaşayırdı (Həvarilərin işləri 18:1-3). Bu ər-arvad əvvəl Efesə, bir qədər sonra isə Romaya köçəndə məsihçi qonaqpərvərliyi göstərməyə davam edirdilər və hətta evlərini yığıncaq görüşləri keçirmək üçün təqdim edirdilər (Həvarilərin işləri 18:18, 19; 1 Korinflilərə 16:8, 19). Nimfanın, həmçinin Mark ləqəbli Yəhyanın anası Məryəmin evində də yığıncaq görüşləri keçirilirdi (Həvarilərin işləri 12:12; Koloslulara 4:15).
Bugünkü qiymətli xəzinə
7, 8. Müqəddəs xidmətlə əlaqədar bir çox müasir məsihçi qadınlar hansı adı qazanmışlar və onlar nədə əmin ola bilərlər?
7 Birinci əsrdə olduğu kimi bu gün də sadiq məsihçi qadınlar Allahın iradəsinin yerinə yetirilməsində, xüsusilə də təbliğ işində aparıcı rol oynayırlar. Bu bacılar necə də gözəl ad qazanmışlar! 2002-ci ildə vəfat edənə qədər Yehovaya 50 ildən artıq sədaqətlə xidmət edən Qvenin nümunəsini nəzərdən keçirək. Onun əri deyir: “Təbliğdəki sə’yinə görə Qven, demək olar ki, bütün şəhərdə şöhrət qazanmışdır. O, hər bir kəsə Yehovanın məhəbbətinə və və’dinə hay verə bilən adam kimi baxırdı. Qvenin Allaha, Onun təşkilatına və ailəmizə olan sadiqliyi, həm də biz kefsiz olan zaman həvəsləndirici ruhu, mənim və uşaqlarımız üçün birgə yaşadığımız dolğun və məmnunedici həyatımız boyu böyük dayaq olub. Onun üçün çox darıxırıq”. Qven əri ilə birlikdə 61 il həyat sürmüşdür.
8 Ərdə və ya subay olan on minlərlə məsihçi qadınlar pioner və missioner kimi xidmət edir və ancaq zəruri şeylərlə kifayətlənərək Padşahlıq haqqındakı xəbəri ən müxtəlif yerlərdə — səsli-küylü şəhərlərdən tutmuş Yer kürəsinin ucqar yerlərinə kimi yayırlar (Həvarilərin işləri 1:8). Bir çoxları Yehovaya daha artıq dərəcədə xidmət etmək üçün evə və uşağa sahib olmaq imkanından imtina etmişlər. Bu, səyyar nəzarətçi kimi xidmət edən ərlərini sədaqətlə dəstəkləyən və ya dünya üzrə Beyt-El evlərində çalışan minlərlə bacılardır. Heç bir şübhə yoxdur ki, bu fədakar bacılar, Yehovanın evini izzətlə dolduran “bütün millətlərin dəyərli şeyləri” sırasına daxildirlər (Haqqay 2:7).
9, 10. Məsihçi qadınların və anaların gözəl nümunələrinə görə ailə üzvləri öz minnətdarlıqlarını necə bildirdilər?
9 Bir çox məsihçi qadınlar çiyinləri üzərində ailə məs’uliyyəti daşısalar da, əvvəlcə Padşahlığı axtarırlar (Matta 6:33). Subay olan pioner bacı yazmışdır: “Mənim anam, sarsılmaz imanı və gözəl nümunəsi ilə mənim pioner olmağımda başlıca rol oynamışdır. O, hətta mənim ən yaxşı xidmət yoldaşlarımdan biri olmuşdur”. Ər öz arvadı, yetkin yaşa çatmış beş qızının anası barəsində deyir: “Evimizdə həmişə təmizlik və səliqə olub. Bonni nəzarət edirdi ki, evdə sadə şərait olsun və lazımsız şeylər olmasın, buna görə də ailəmiz ruhani şeylərə üstünlük verə bilirdi. Qənaətcil evdar qadın olmasının sayəsində, mən 32 il müddətində natamam iş günü işləyib, ailəyə və ruhani işlərə daha çox vaxt ayıra bilmişəm. Arvadım uşaqlara da işgüzar olmağı öyrətmişdir. Həyat yoldaşım ancaq tə’riflənməyə layiqdir”. Bu gün həmin ər-arvad Yehovanın Şahidlərinin ümumdünya mərkəzi idarəsində xidmət edirlər.
10 İki böyük uşaqlarının anası barədə bir ər bunları deyir: “Syuzanda hər şeydən çox xoşuma gələn, onun Allaha və insanlara coşğun məhəbbəti, həmçinin anlayışı, şəfqəti və doğruluğudur. O həmişə hesab edib ki, Yehova, bizim malik olduğumuz hər şeyin ən yaxşısına layiqdir və o bu prinsipi həm Allahın xidmətçisi kimi, həm də ana kimi özünə tətbiq edirdi”. Arvadının köməyi sayəsində bu kişi yığıncaqda çoxsaylı vəzifələri yerinə yetirə bilirdi: hər şeydən əlavə o ağsaqqal, pioner, rayon nəzarətçisinin müavini və Xəstəxanalarla əlaqə komitəsinin üzvü kimi xidmət edirdi. Bu cür qadınlar ərlərinin, həmimanlılarının və hər şeydən öncə Yehovanın gözündə necə də qiymətlidirlər! (Süleymanın məsəlləri 31:28, 30).
Dəyərli subay bacılar
11. a) Yehova sadiq qadınlarla, xüsusilə də dul qadınlarla maraqlandığını necə bildirirdi? b) Dul məsihçi qadınlar və subay olan digər sadiq bacılar nədə əmin ola bilərlər?
11 Yehova dul qadınların rifahı ilə maraqlandığını tez-tez bildirirdi (Təsniyə 27:19; Məzmur 68:5; İşaya 10:1, 2). O, dəyişilməyib. O, dul qadınlarla və yalnız onlarla deyil, tənha analar, həmçinin öz iradəsinə görə, ya da ki, məsihçilər arasında münasib gələn həyat yoldaşı tapmadıqları üçün ərə getməyən qadınlarla da əvvəlki kimi dərindən maraqlanır (Malaki 3:6; Yaqub 1:27). Əgər sən də Yehovaya məsihçi həyat yoldaşının köməyi olmadan xidmət edirsənsə, əmin ola bilərsən ki, Allah səni çox qiymətləndirir.
12. a) Bə’zi məsihçi bacılar Yehovaya sədaqətlərini necə sübut edirlər? b) Bacılarımızdan bə’ziləri hansı hisslərlə mübarizə aparırlar?
12 Yehovanın yalnız “Rəbbə bağlı” olan kəslərlə ailə qurmaq öyüdünə sədaqətlə itaət etdikləri üçün subay qalan məsihçi bacılarımızın nümunəsini nəzərdən keçirək (1 Korinflilərə 7:39; Süleymanın məsəlləri 3:1). Allahın Kəlamı onları əmin edir: ‘[Yehova] sədaqətli ilə sədaqətlə davranır’ (2 Samuel 22:26, YD). Yenə də, onlardan çoxları üçün subay qalmaq əsl sınaqdır. Bir bacı deyirdi: “Ancaq Rəbbə bağlı olan kəslə ailə qurmaq niyyətində olsam da, rəfiqələrimin gözəl məsihçilərlə ailə qurduqlarını, özümün isə tənha qaldığımı görüb çox göz yaşları tökmüşəm”. Başqa bir bacı qeyd edir: “Artıq 25 ildir ki, Yehovaya xidmət edirəm. Ona sadiq qalmaq qərarında qətiyyətliyəm, lakin çox vaxt tənhalıq hissi məni kədərləndirir”. O əlavə edir: “Mənim kimi bacılar ruhlandırılmağın həsrətini çəkirlər”. Biz bu cür sadiq bacılara necə kömək edə bilərik?
13. a) Yeftahın qızının yanına gedənlərin nümunəsi bizə nə öyrədir? b) Yığıncağımızdakı subay bacıların qayğılarına qaldığımızı daha hansı üsulla göstərə bilərik?
13 Bunu etməyin üsullarından birini bizə qədim dövrün nümunəsi göstərir. Yeftahın qızı ərə getmək imkanından imtina edəndə, bu, insanların gözündə böyük bir qurban idi. Onu necə ruhlandırırdılar? “İldən ilə İsrail qızları Gileadlı Yeftahın qızı üçün dörd gün yas tutmağa [“qızını dörd gün mədh etməyə”, YD] gedərdilər” (Hakimlər 11:30-40). Biz də Allahın qanununa sədaqətlə itaət edən subay bacılarımızı ürəkdən tə’rifləməliyika. Biz onların qayğılarına qaldığımızı daha hansı üsulla göstərə bilərik? Xidmətlərini sədaqətlə davam etdirən bu sevimli, sadiq bacıları dəstəkləməsi haqqında duada Yehovadan xahiş etməklə. Onlar Yehova və məsihçi yığıncağı tərəfindən hərarətlə sevildiklərinə və yüksək qiymətləndirildiklərinə dair zəmanətə layiqdirlər (Məzmur 37:28).
Tənha analar tərk edilməyiblər
14, 15. a) Uşaqlarını tənha böyüdən məsihçi qadınlar kömək üçün nəyə görə Yehovaya müraciət etməlidirlər? b) Tənha valideynlər öz dualarına əsasən necə davrana bilərlər?
14 Uşaqlarını tənha böyüdən məsihçi qadınlar da bir çox çətinliklərlə qarşılaşırlar. Buna baxmayaraq, uşaqlarını Müqəddəs Kitab prinsipləri əsasında böyütmək üçün onlar Yehovanın köməyinə ümid bəsləyə bilərlər. Sözsüz ki, əgər sənin ərin yoxdursa, sən hər cəhətdən həm atanın, həm də ananın vəzifələrini yerinə yetirə bilməzsən. Bununla belə, əgər sən Yehovanı imanla çağırırsansa, O sənə, çoxsaylı vəzifələrinin öhdəsindən gəlməyə kömək edəcək. Buna bir nümunənin əsasında baxaq: Təsəvvür et ki, evə, 9-cu mərtəbəyə qaldıracağın ərzaqla dolu çantan var. Əgər lift işləyirsə, özünü əldən salaraq pilləkənlə qalxarsanmı? Sözsüz ki, yox! Eyni tərzdə, Yehovadan kömək etməsi üçün xahiş edə biləcəyin halda, ağır emosional yükü tənha daşımağa çalışma. Əslində Yehova Özü səni Ona müraciət etməyə də’vət edir. Məzmur 68:19 ayəsində deyilir: “Hər gün yükümüzü daşıyan Rəbb... mübarək olsun”. Eyni zamanda 1 Peter 5:7 ayəsi də səni, bütün yüklərini Yehovanın üzərinə qoymağa təşviq edir, ‘çünki sənin qayğına qalan Odur’. Buna görə də, problemlər və narahatçılıqlar səni üzəndə, “durmadan” hər şey barəsində səmavi Atana danış (1 Saloniklilərə 5:17; Məzmur 18:6; 55:22).
15 Misal üçün, səni bir ana kimi, şübhəsiz ki, məktəbdə tay-tuşlarının uşaqlarına göstərdikləri tə’sir və ya imanları ilə əlaqədar qarşılaşdıqları sınaqlar narahat edir (1 Korinflilərə 15:33). Bu cür narahatçılıqlar əsaslıdır. Lakin bu məsələlər də sənin dualarının mövzusuna çevrilə bilər. Nəyə görə bu barədə uşaqlar məktəbə getməzdən əvvəl onlarla bir yerdə, məsələn, Müqəddəs Kitabın gündəlik ayəsini birlikdə müzakirə etdikdən sonra dua etməyəsən? Səmimi və konkret dualar uşaqların gənc ağlında güclü təəssürat yarada bilər. Bundan əlavə, əgər sən Allahın Kəlamını səbirlə uşaqlarına öyrətməyə çalışırsansa, səni Yehovanın xeyir-duaları gözləyir (Təsniyə 6:6, 7; Süleymanın məsəlləri 22:6). Yadda saxla ki, “Rəbbin gözləri salehlərə, qulaqları onların dualarına tərəf yönəlmişdir” (1 Peter 3:12; Filipililərə 4:6, 7).
16, 17. a) Bir qardaş anasının məhəbbəti haqqında nə demişdir? b) Həmin bacının ruhani əhval-ruhiyyəsi uşaqlarına necə tə’sir göstərmişdir?
16 Altı uşaq anası olan Oliviyanın nümunəsini nəzərdən keçirək. Onun, imanına şərik olmayan əri, demək olar ki, sonuncu uşaq doğulandan dərhal sonra ailəni tərk etmişdir, lakin qadın uşaqlarına Allahın yolunu öyrətmək vəzifəsini hazırlıqla öz üzərinə götürmüşdür. Oliviyanın hal-hazırda məsihçi ağsaqqalı və pioner kimi xidmət edən oğlu Darrenin o zaman 5 yaşı vardı. Oliviyanın bütün qayğılarının üzərinə daha bir dərd, Darreni indiyədək narahat edən ciddi xəstəliyi əlavə olundu. Hal-hazırda 31 yaşında olan Darren uşaqlığını yada salaraq yazır: “Xəstəxana çarpayısında oturub səbirsizliklə anamı gözlədiyimi indi də xatırlayıram. O, hər gün yanıma gəlir, mənimlə oturub Müqəddəs Kitabı oxuyurdu. Sonra da “Yehova, şükr olsun sənə” adlı Padşahlıq mahnısını oxuyurdub. Bu mahnı indiyədək mənim ən sevdiyim mahnıdır”.
17 Yehovaya güvənməsi və Ona olan məhəbbəti, analıq vəzifəsinin öhdəsindən müvəffəqiyyətlə gəlməkdə Oliviyaya kömək etdi (Süleymanın məsəlləri 3:5, 6). Onun gözəl əhval-ruhiyyəsi, uşaqlarının qarşısına qoyduğu məqsədlərdə əks olunmuşdur. Darren deyir: “Anam bizi həmişə tammüddətli xidmətə can atmağa təşviq edirdi. Və budur, beş bacımdan dördü və mən tammüddətli xidmətdə çalışırıq. Lakin buna görə anam başqalarının qarşısında heç zaman öyünməyib. Mən onun gözəl keyfiyyətlərini təqlid etməyə çox çalışıram”. E’tiraf etmək lazımdır ki, Oliviyanın uşaqları kimi, bütün uşaqlar Allahın xidmətçiləri kimi böyümürlər. Lakin ana Müqəddəs Kitab prinsiplərinə əsasən yaşamaq üçün əlindən gələni edirsə, Yehovanın verdiyi rəhbərliyə və sevən yardımına əmin ola bilər (Məzmur 32:8).
18. Yehovanın bizə verdiyi məsihçi yığıncağına görə olan minnətdarlığımızı necə göstərə bilərik?
18 Çox vaxt Yehova bizi məsihçi yığıncağı, yığıncağın müntəzəm ruhani qidalanma proqramı, məsihçi qardaşlığı və ruhən yetkin “insanlar timsalında hədiyyələr” vasitəsilə müdafiə edir (Efeslilərə 4:8, YD). Sadiq ağsaqqallar ‘yetimlərə və dullara məşəqqətli anlarında’ xüsusi diqqət ayırmaqla, yığıncağın bütün üzvlərini inkişaf etdirmək üçün sə’ylə çalışırlar (Yaqub 1:27). Buna görə də Allahın xalqına yaxınlaş, ondan uzaqlaşma (Süleymanın məsəlləri 18:1; Romalılara 14:7).
Tabeçilik gözəlləşdirir
19. Qadının tabeçiliyi nəyə görə onu alçaltmır və bunu Müqəddəs Kitabın hansı nümunəsi sübut edir?
19 Yehova qadını kişiyə münasib olan bir köməkçi yaratmışdır (Yaradılış 2:18, MKŞ). Buna görə də qadının ərinə tabeçiliyi onu heç cür alçaltmır. Əksinə, qadının çoxsaylı iste’dad və qabiliyyətlərini Allahın iradəsinə müvafiq tərzdə istifadə etməsinə imkanlar yaradaraq, onu yüksəldir. “Süleymanın məsəlləri” kitabının 31-ci fəslində qədim İsraildə xeyirxah arvadın gördüyü işlər geniş təsvir edilir. O, ehtiyacı olanlara kömək edir, üzüm bağları salır və torpaq əldə edirdi. “Ərinin qəlbi ondan arxayındır, dayanmadan bərəkət qazanır” (11, 16, 20-ci ayələr, MKŞ).
20. a) Məsihçi qadın Allahdan aldığı bacarıqlara necə baxmalıdır? b) Ester hansı gözəl keyfiyyətlərə sahib idi və bunun sayəsində Yehova onu necə istifadə etdi?
20 Təvazökar, Allah qorxusuna malik olan qadın şöhrətpərəst deyil və ərini özünə rəqabətçi sanmır (Süleymanın məsəlləri 16:18). O, cəmiyyət arasında da öz qabiliyyətləri ilə başqalarından üstün olmağa can atmır, lakin Allahın ona verdiyi iste’dad və bacarıqlardan ilk növbədə başqalarına — ailəsinə, həmimanlılarına, yaxınlarına və ən başlıcası isə Yehovaya xidmət etmək üçün istifadə edir (Qalatiyalılara 6:10; Titusa 2:3-5). Müqəddəs Kitabdan şahzadə Esterin nümunəsini nəzərdən keçirək. Zahiri gözəlliyinə baxmayaraq, o, təvazökar və itaətkar idi (Ester 2:13, 15). Ərə getdikdən sonra, o, əri Ahaşveroş padşaha, onun əvvəlki arvadı Vaştidən fərqli olaraq ehtiram bəsləyirdi (Ester 1:10-12; 2:16, 17). Ester həm də özündən böyük olan əmisi oğlu Mordekaya hörmət edir və şahzadə olandan sonra da ona qulaq asırdı. Lakin o heç də zəif iradəli adam deyildi! O, Hamanı, yəhudiləri məhv etmək üçün sui-qəsd hazırlayan qüdrətli və insafsız şəxsi, cəsarətlə ifşa etdi. Yehova Esteri, Öz xalqını xilas etmək kimi böyük işdə istifadə etdi (Ester 3:8–4:17; 7:1-10; 9:13).
21. Məsihçi qadın Yehova üçün daha necə dəyərli ola bilər?
21 Aydındır ki, keçmişdə olduğu kimi, Allah qorxusuna malik olan qadınlar bu gün də Yehovaya hədsiz sədaqət göstərir və Ona fədakarlıqla xidmət edirlər. Buna görə də onlar Yehovanın gözündə dəyərlidirlər. Əziz bacılar, yol verin ki, Yehova müqəddəs ruhu vasitəsilə sizi tədricən daha arzu edilən, “hər xeyirli iş üçün hazırlanmış” ‘qaba’ çevirsin (2 Timoteyə 2:21; Romalılara 12:2). Allahın bu cür qiymətli xidmətçiləri barədə Müqəddəs Kitabda deyilir: “Ona əlinin bəhrəsini verin, qoy şəhər darvazasında əməlləri ona tə’rif gətirsin” (Süleymanın məsəlləri 31:31, MKŞ). Qoy bu sözlər sizlərdən hər birinizin üzərində yerinə yetsin.
[Haşiyələr]
a Bu cür bacıları tə’rifləməyin üsullarına “Gözətçi Qülləsi”nin 2002-ci il 1 iyun sayının, 30-32-ci səhifələrində baxın.
b Yehovanın Şahidləri tərəfindən dərc olunan “Yehovaya həmd mahnıları oxuyun” kitabından 212-ci mahnı.
Xatırlayırsınızmı?
• I əsrin bə’zi məsihçi qadınları nəyin sayəsində Yehovanın gözündə dəyərli idilər?
• Bizim dövrdə bir çox bacıları Allah üçün dəyərli edən nə olmuşdur?
• Tənha anaları və əri olmayan digər bacıları Yehova necə dəstəkləyir?
• Qadın başçılığa olan səmimi hörmətini necə göstərə bilər?
[27-ci səhifədəki çərçivə]
ÜZƏRİNDƏ DÜŞÜNMƏK ÜÇÜN NÜMUNƏLƏR
Allaha sadiq olan, Müqəddəs Kitabda adları çəkilən başqa qadınların da nümunələrini nəzərdən keçirmək istəyərdinizmi? Əgər elədirsə, onda aşağıda göstərilən ayələri oxuyun. Adları sadalanan qadınların nümunələri üzərində düşünərək onları daha artıq dərəcədə nədə təqlid edə biləcəyinizi görməyə çalışın (Romalılara 15:4).
❖ Sara. Təkvin 12:1, 5; 13:18a; 21: 9-12; 1 Peter 3: 5, 6.
❖ Səxavətli israilli qadınlar. Çıxış 35:5, 22, 25, 26; 36: 3-7; Luka 21: 1-4.
❖ Debora. Hakimlər 4:1—5:31.
❖ Rut. Rut 1:4, 5, 16, 17; 2:2, 3, 11-13; 4:15.
❖ Şunemdən olan qadın. 2 Krallar 4:8-37.
❖ Kən’anlı qadın. Matta 15:22-28.
❖ Marta və Məryəm. Mark 14:3-9; Luka 10:38-42; Yəhya 11:17-29; 12:1-8.
❖ Tabita. Həvarilərin işləri 9:36-41.
❖ Filipin dörd qızı. Həvarilərin işləri 21:9.
❖ Fibi. Romalılara 16:1, 2.
[25-ci səhifədəki şəkil]
Allahın qanununa sədaqətlə itaət edən subay bacıları tə’rifləyirsinizmi?
[26-cı səhifədəki şəkil]
Uşaqları məktəbə yola salarkən konkret olaraq nə barədə dua etmək olar?