“Müjdəçi işini yerinə yetir”
“Hər vəziyyətdə ayıq dur... müjdəçi işini yerinə yetir” (2 TİMOTEYƏ 4:5).
1. İsa öz davamçılarına hansı tapşırığı verdi?
YEHOVANIN adı və niyyətləri bütün dünyada bəyan edilir. Bu ona görə baş verir ki, Allaha həsr edilmiş xalq, İsa Məsihin öz davamçılarına verdiyi növbəti tapşırığa ciddi yanaşır: “Gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin” (Matta 28:19, 20).
2. Nəzarətçi olan Timotey hansı nəsihəti aldı və məsihçi ağsaqqallarının bizim günlərdə öz xidmətlərini icra etmək üsullarından biri hansıdır?
2 İsanın birinci əsrdəki şagirdləri bu tapşırığa ciddi yanaşırdılar. Məsələn, həvari Pavel həmimanlısını, məsihçi nəzarətçisi olan Timoteyi təşviq edirdi: “Müjdəçi işini yerinə yetir, öz xidmətini tam şəkildə icra et” (2 Timoteyə 4:5). Bu gün ağsaqqalların öz xidmətlərini icra etmək üsullarından biri — Padşahlıq haqqındakı təbliğ işində müntəzəm surətdə və sə’ylə iştirak etməkdir. Məsələn, yığıncağın kitaböyrənmə nəzarətçisinin təbliğ işində və başqalarını öyrətməkdə rəhbərliyi öz üzərinə götürmək kimi şərəfli və xoş vəzifəsi var. Pavel şəxsən onun özünə məxsus olan vəzifəni — xoş xəbəri təbliğ etmək vəzifəsini yerinə yetirirdi, həm də qardaşları xidmətə hazırlayaraq onlara kömək edirdi (Həvarilərin işləri 20:20; 1 Korinflilərə 9:16, 17).
Keçmişdəki çalışqan müjdəçilər
3, 4. Müjdəçi kimi Filipin işi barədə nə demək olar?
3 Erkən məsihçilər çalışqan müjdəçilər kimi tanınmışdılar. Müjdəçi Filip haqqında danışaq. O, Yerusəlimdə yaşayan yunanca və ibranicə danışan dul məsihçi qadınlar arasında qərəzsiz olaraq gündəlik qida paylamağa layiq görülmüş, “müqəddəs Ruh və hikmətlə dolu yeddi nəfər”dən biri idi (Həvarilərin işləri 6:1-6). Xidmətin bu xüsusi növü sona çatanda və tə’qiblər ucbatından həvarilərdən başqa hamı dağılanda Filip Samariyaya getdi. Orada o, xoş xəbəri bəyan edir, müqəddəs ruhun qüvvəsi ilə cinləri qovur, topalları və iflic olanları sağaldırdı. Samariyalıların bir çoxu Padşahlıq haqqındakı xəbəri qəbul edib, vəftiz olundular. Yerusəlimdəki həvarilər bu barədə eşidən kimi, həvari Peteri və Yəhyanı Samariyaya göndərdilər ki, yeni vəftiz edilən imanlılar müqəddəs ruh ala bilsinlər (Həvarilərin işləri 8:4-17).
4 Sonra Allahın ruhu Filipi Qəzzə yoluna, həbəşistanlı xədimin qarşısına yolladı. Filip ona İşayanın peyğəmbərliyini aydın izah etdikdən sonra, “həbəşlərin mələkəsi Qandaqnın vəziri” olan bu adam İsa Məsihə iman gətirdi və vəftiz olundu (Həvarilərin işləri 8:26-38). Bundan sonra Filip yolda ‘bütün şəhərlərə Müjdəni yayaraq’, Aşdoda, sonra isə Qeysəriyəyə getdi (Həvarilərin işləri 8:39, 40). Həqiqətən də müjdəçi işinə dair gözəl nümunədir!
5. Filipin dörd qızı xüsusilə nə ilə tanınmışdılar?
5 Təxminən 20 ildən sonra da Filip Qeysəriyədə sə’ylə xidmət etməyə davam edirdi. Pavel və Luka Filipin evində qonaq qalanda, “onun ərə getməmiş, peyğəmbərlik edən dörd qızı var idi” (Həvarilərin işləri 21:8-10). Onlar, şübhəsiz ki, yaxşı ruhani tə’lim almışdılar və xidmətə sə’ylə yanaşırdılar, hətta peyğəmbərlik etmək şərəfinə belə layiq görülmüşdülər. Bizim günlərimizdə valideynlərin sə’yi uşaqlara yaxşı tə’sir bağışlaya, onları həyatları boyu çalışqan müjdəçi olmağa təşviq edə bilər.
Bugünkü çalışqan müjdəçilər
6. Birinci əsrin müjdəçiləri hansı nailiyyətləri əldə etmişdilər?
6 İsa Məsih bizim günlərə və sonun vaxtına işarə edən peyğəmbərliyində demişdir: “Əvvəlcə bütün xalqlarda Müjdə təbliğ edilməlidir” (Mark 13:10). Son gələnə qədər xoş xəbər “bütün dünyada” təbliğ olunmalıdır (Matta 24:14). Pavelin və birinci əsrin başqa müjdəçilərinin təbliğ fəaliyyəti sayəsində çoxları imana gəlir və Roma imperiyası boyunca bir çox yerlərdə yığıncaqlar təşkil edilirdi. Bu yığıncaqlarda xidmət etmək üçün tə’yin olunmuş ağsaqqallar, məsihçi bacı və qardaşları ilə müjdənin təbliğ işində iştirak edir, həmçinin yeni ərazilərdə təbliğ fəaliyyətinə başlayırdılar. Həmin günlərdə Yehovanın Kəlamı qüdrətlə yayılıb nüfuz qazanırdı; həmin vəziyyət bu gün də davam edir, çünki Yehovanın milyonlarla Şahidi müjdəni təbliğ edir (Həvarilərin işləri 19:20). Bəs sən Yehovanı sevinclə mədh edənlərə qoşulmusanmı?
7. Padşahlığın müjdəçiləri bu gün hansı işi yerinə yetirirlər?
7 Padşahlığın bir çox müjdəçiləri bizim günlərdə təbliğ işində bacardıqca daha çox iştirak etməyə çalışırlar. Minlərlə bacı-qardaşlar missioner olmuşlar, yüz minlərlə başqaları isə pioner və köməkçi pioner kimi təbliğ fəaliyyətində tammüddətli surətdə iştirak edirlər. Padşahlığın çalışqan təbliğçiləri kimi xidmət edən kişilər, qadınlar və uşaqlar necə də gözəl işi yerinə yetirirlər! Məsihçi müjdəçiləri kimi Yehovanın “çiyin-çiyinə” xidmət edən bütün xidmətçiləri Onun tərəfindən bol xeyir-dua alırlar (Tsefanya 3:9, YD).
8. Bu gün insanların alınlarına hansı işarə qoyulur və bu işdə kimlər iştirak edir?
8 Allah İsanın məsh edilmiş davamçılarına xoş xəbəri bütün dünyada təbliğ etmək məs’uliyyətini həvalə edib. Təbliğ işində onları Məsihin “başqa qoyunları”nın artan sayı dəstəkləyir (Yəhya 10:16). Peyğəmbərlik dili ilə desək, bu xilasedici iş yerinə yetirilərkən, bu gün edilən məkruh işlərdən ötrü inləyib fəğan edən kəslərin alınlarına işarə qoyulur. Tezliklə pisləri həlak gözləyir. Hələ ki, vaxt var, gəlin xilasedici həqiqətləri yerin bütün sakinlərinə çatdıraq! (Hezekiel 9:4-6, 11).
9. Yığıncağın yeni üzvlərinə xidmətdə necə kömək etmək olar?
9 Əgər biz müjdəçi işi ilə artıq xeyli vaxt məşğuluqsa, çox ehtimal ki, yığıncağın yeni üzvlərinə hansısa praktiki üsulla köməklik edə bilərik. Bə’zən onları özümüzlə xidmətə götürə bilərik. Ağsaqqal kimi xidmət edən qardaşlar, həmimanlılarını ruhən inkişaf etdirmək üçün əllərindən gələni etməyə təşviq olunurlar. Təvazökar nəzarətçilər sə’y göstərəndə, çox güman ki, həmimanlılar müjdəni sə’ylə təbliğ edəcək və xidmətdə yaxşı bəhrələr gətirəcəklər (2 Peter 1:5-8).
Evdən-evə şahidlik etməyə münasibət
10. Məsih və onun erkən davamçıları xidmətə dair hansı nümunəni verdilər?
10 İsa Məsih bir müjdəçi kimi öz davamçılarına gözəl nümunə verdi. Məsihin və onun həvarilərinin xidməti barədə Müqəddəs Kitabda deyilir: “İsa Onikilərlə bərabər şəhərləri və kəndləri dolaşıb təbliğ edərək Allahın Səltənətini [Padşahlığını] müjdələyirdi” (Luka 8:1). Bəs həvarilər barədə nə demək olar? Eramızın 33-cü ilinin Pentikost günündə müqəddəs ruhun tökülməsindən sonra onlar “hər gün mə’bəddə və evdən-evə tə’lim verməkdən və İsanın Məsih olduğunu müjdələməkdən vaz keçmirdilər” (Həvarilərin işləri 5:42).
11. Həvarilərin işləri 20:20, 21 ayələrinə əsasən Pavelin xidmətinə nə daxil idi?
11 Çalışqan müjdəçi olan həvari Pavel Efes şəhərindən olan ağsaqqallara deyə bilmişdi: “Sizə faydalı olan heç bir şeyi bəyan etməkdən, istər açıqca, istərsə də evdən-evə sizə tə’lim etməkdən çəkinmədim”. Pavel “evdən-evə” tə’lim edərkən artıq Yehovaya xidmət edən həmimanlılarının evlərinə onlara çobanlıq ziyarəti etmək məqsədi iləmi gəlirdi? Yox. Ardını o özü izah edir: “Allaha tövbə və Rəbbimiz İsa Məsihə iman etməyi yəhudilərə və yunanlara ciddi tapşırdım [“əsaslı surətdə öyrətdim”, YD]” (Həvarilərin işləri 20:20, 21). Ümumiyyətlə, artıq Yehovaya həsr olunmuş kəslərə “Allaha tövbə və Rəbbimiz İsa Məsihə iman etməyi” öyrətmək lazım deyil. Pavel imanda olmayan insanlara tövbə və iman etməyi öyrədərək, Efes ağsaqqallarına evdən-evə təbliğ etməyi öyrədirdi. Bu üsuldan istifadə etməklə, Pavel İsanı təqlid edirdi.
12, 13. Yehovanın xidmətçiləri Filipililərə 1:7 ayəsini rəhbər tutaraq, təbliğ etmək hüquqları ilə əlaqədar nə etmişlər?
12 Evdən-evə xidmət bizim üçün çətinlik təşkil edə bilər. Məsələn, bə’zilərini, bizim onların qapılarına Müqəddəs Kitab xəbəri ilə gəlməyimiz əsəbiləşdirir. Sözsüz ki, biz insanları əsəbiləşdirmək istəmirik. Lakin bizim evdən-evə xidmətimiz Müqəddəs Kitaba əsaslanır və həm Allaha, həm də yaxınlarımıza məhəbbətimiz bizi bu üsulla təbliğ etməyə təşviq edir (Mark 12:28-31). Evdən-evə təbliğ etmək hüququmuzu ‘müdafiə və təsdiq etmək’ üçün biz dəfələrlə məhkəmələrə, o cümlədən ABŞ-ın Ali Məhkəməsinə müraciət etmişik (Filipililərə 1:7). Bu məhkəmə, demək olar ki, həmişə bizim xeyrimizə qərar çıxarmışdır. Növbəti hökm səciyyəvidir:
13 “Dini ədəbiyyatları yaymaq missioner müjdəçi işinin çoxəsrlik üsuludur. Bu üsul da kitab çapı kimi qədimi tarixə malikdir. Müxtəlif dini hərəkatlar, uzun illər ərzində bu üsuldan istifadə etmişlər. Bu gün müjdəni yaymaq üçün istifadə olunan bu üsul, nümayəndələri müjdəni minlərlə evlərə çatdıran və birbaşa ünsiyyət vasitəsilə imanlarına şərik olacaq yeni məsləkdaşlar axtaran müxtəlif təriqətlər tərəfindən geniş miqyasda istifadə olunur. [...] Dini fəaliyyətin bu üsulu, [ABŞ-ın Konstitusiyasına] daxil edilən Birinci dəyişiklik nöqteyi-nəzərindən kilsədə keçirilən ibadət və kafedrada söylənilən təbliğ kimi yüksək statusa malikdir” (“Merdok Pensilvaniya ştatına qarşı” əməliyyatı, 1943-cü il).
Nəyə görə təbliğ etməyə davam edirik?
14. Bizim müştərək sə’ylərimiz hansı nəticələrə gətirib çıxara bilər?
14 Evdən-evə şahidlik etməyimizə çox səbəblər var. Biz hər dəfə kiminsə yanına gələndə, həqiqət toxumlarını səpməyə çalışırıq. Əkiləni sulamaq məqsədi ilə insana təkrar baş çəkirik. Bizim müştərək sə’ylərimiz, Pavelin yazdığı kimi, gözəl nəticələrə gətirib çıxara bilər: “Mən əkdim, Apollos suvardı, amma Allah böyütdü” (1 Korinflilərə 3:6). Buna görə də, gəlin, Yehovanın ‘böyüdəcəyinə’ ümid edərək ‘əkək’ və ‘suvaraq’.
15, 16. İnsanların evinə nəyə görə təkrar-təkrar gəlirik?
15 Söhbət insanların həyatından getdiyi üçün biz müjdəçi işini icra edirik. Təbliğ vasitəsilə biz həm özümüzü, həm də bizə qulaq asanları xilas edə bilərik (1 Timoteyə 4:16). Əgər insanın həyatının təhlükədə olduğunu bilsəydik, ona kömək etmək üçün yalnız zəif bir cəhdlə kifayətlənərdikmi? Çətin ki! Söhbət insanların həyatından getdiyi üçün, biz insanların yanına təkrar-təkrar gəlirik. Şəraitlər daima dəyişilir. Bizi bu gün dinləmək üçün başları həddindən artıq qarışıq olanlar, ehtimal ki, Müqəddəs Kitab xəbərini gələn dəfə dinləməyə meylli olacaqlar. Bəlkə də qapıya ailənin başqa üzvü çıxacaq və onunla Müqəddəs Kitab mövzusunda danışmaq mümkün olacaq.
16 İnsanların yalnız şəraitləri deyil, həm də münasibətləri dəyişilir. Məsələn, Padşahlıq haqqındakı xəbəri dinləməyə kimi isə əziz adamının ölümü təşviq edə bilər. Biz iztirab çəkən adama təsəlli vermək, ona ruhani tələbatlarını anlamağa kömək etmək və bu tələbatları tə’min etmək ümidindəyik (Matta 5:3, 4).
17. Biz hansı əsas səbəbə görə təbliğ edirik?
17 Evdən-evə təbliğ etməyimizin və məsihçi xidmətinin digər növləri ilə məşğul olmağımızın əsas səbəbi — Yehovanın adını e’lan etmək işində iştirak etmək arzusudur (Çıxış 9:16; Məzmur 83:18). Həqiqəti və salehliyi sevən insanların təbliğimiz sayəsində Yehovaya izzət verməyə başladıqlarını görmək necə də xoşdur! Məzmurçu oxuyurdu: “Gənc igidlər və qızlar; ixtiyarlar və körpələr; Rəbbin isminə həmd etsinlər; çünki yalnız onun ismi yüksəlmişdir; onun calalı yerin və göylərin üstündədir” (Məzmur 148:12, 13).
Müjdəçi işi şəxsən bizə də fayda gətirir
18. Müjdəçi işi bizə hansı faydanı gətirir?
18 Müjdəçi işi bizə müxtəlif sahələrdə fayda gətirir. Xoş xəbərlə evdən-evə gedəndə, xüsusən də bizi mehribançılıqla qarşılamayanda özümüzdə həlimliyi yetişdiririk. Müvəffəqiyyətli müjdəçilər olmaq üçün, ‘hər necə olursa-olsun bə’zilərini xilas etməkdən ötrü hər kəs üçün hər şey olan’ Paveldən nümunə götürməliyik (1 Korinflilərə 9:19-23). Xidmət bizə həm də nəzakətli olmağa kömək edir. Yehovaya bel bağlayaraq və münasib sözlər seçərək, biz həvari Pavelin nəsihətinə riayət edirik: “Qoy sözünüz həmişə nəvazişli olsun və ona duz qatılmış kimi olsun ki, siz hər adama necə cavab vermək lazım olduğunu biləsiniz” (Koloslulara 4:6).
19. Müqəddəs ruh müjdəçilərə necə kömək edir?
19 Müjdəçi işi həm də bizi Allahın müqəddəs ruhuna bel bağlamağa təşviq edir (Zəkarya 4:6). Nəticədə bizim xidmətimizdə ruhun “məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq” kimi səmərəsi bəlli olur (Qalatiyalılara 5:22, 23). Müqəddəs ruh bizim insanlarla münasibətlərimizə tə’sir edir, belə ki, biz özümüzü onun tə’sirinə təslim edəndə məhəbbətimizi təzahür etdirmək, sevincli və sülhpərvər, səbirli və lütfkar olmaq, yaxşılıq etmək və sədaqət göstərmək, həmçinin xoş xəbərin təbliğində həlimlik göstərmək və özünə hakim olmaq bizim üçün asan olur.
20, 21. Müjdəçi işi ilə məşğul olanlar hansı xeyir-duaları əldə edirlər?
20 Müjdəçi işimizdən əldə etdiyimiz daha bir xeyir-dua ondan ibarətdir ki, biz daha mərhəmətli oluruq. İnsanlar bizə öz problemləri — xəstəliklər, işsizlik, ailədəki çətinliklər barədə danışanda, biz məsləhətçilər rolunda iştirak etmirik, lakin Müqəddəs Yazılardan ruhlandırıcı və təsəlliverici ayələr oxuyuruq. Biz ruhən kor edilmiş, lakin salehliyə məhəbbət əlamətləri göstərən insanlar üçün narahat oluruq (2 Korinflilərə 4:4). Bəs “əbədi həyata tə’yin olunan”, yə’ni meylli olan insanlara ruhani köməklik göstərmək necə də böyük xeyir-duadır! (Həvarilərin işləri 13:48).
21 Müjdəçi işində müntəzəm olaraq iştirak etmək bizə ağlımızı ruhani şeylərə cəmləməyə kömək edir (Luka 11:34). Bu, şübhəsiz ki, bizə fayda gətirir, çünki əks halda biz bu dünya üçün səciyyəvi olan var-dövlətə həris olmaq meylinə təslim ola bilərik. Həvari Yəhya məsihçilərə öyüd verirdi: “Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevərsə, onda Atanın məhəbbəti yoxdur. Çünki dünyada olan hər şey, yə’ni cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbürü Atadan deyil, dünyadandır. Dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır” (1 Yəhya 2:15-17). Təbliğ işi ilə məşğul olan və Rəbbin işində tərəqqi edən kəsə bu dünyanı sevməmək asan olur (1 Korinflilərə 15:58).
Göydə xəzinələr yığın
22, 23. a) Məsihçi müjdəçiləri hansı xəzinələri toplayırlar? b) Növbəti məqalə bizə nədə kömək edəcək?
22 Padşahlıq haqqındakı təbliğ işində sə’ylə iştirak etmək əbədi fayda gətirir. İsa bunu növbəti sözləri deyərkən göstərdi: “Yer üzündə özünüzə xəzinələr yığmayın; orada güvə və pas onları məhv edər; və oraya oğrular girər və oğurlarlar. Lakin özünüzə göydə xəzinələr yığın ki, orada nə güvə, nə pas məhv edər və nə oğrular oraya girərlər, nə də oğurlarlar. Çünki xəzinəniz haradasa, ürəyiniz də orada olacaqdır” (Matta 6:19-21).
23 Hökmdar Allah Yehovanı Onun Şahidləri kimi təmsil etmək şərəfindən yüksək bir şeyin ola bilməyəcəyini yadda saxlayaraq, gəlin bundan sonra da göydə xəzinələr toplayaq (İşaya 43:10-12). Allahın xidmətçiləri olmaq tapşırığımızı yerinə yetirərək, biz, ehtimal ki, artıq 90-dan çox yaşı olan və Allaha uzun müddət etdiyi xidmət haqqında növbəti sözləri deyən məsihçi bacımızın hisslərinə şərik olacağıq: “Bütün bu illər ərzində mənə səbirlə yanaşdığı üçün Yehovaya minnətdaram və ürəkdən dua edirəm ki, O, bütün əbədiyyət boyu mənim sevən Atam olsun”. Əgər Allahla olan münasibətlərimizi biz də bu cür qiymətləndiririksə, sözsüz ki, müjdəçi işini əsaslı surətdə yerinə yetirməyi arzu edəcəyik. Növbəti məqalə, xidmətimizi tam şəkildə necə icra edə biləcəyimizi görməkdə bizə kömək edəcək.
Necə cavab verərdiniz?
• Biz nəyə görə müjdəçi işi ilə məşğul olmalıyıq?
• Keçmişdə və hazırkı zamanda müjdəçilərin fəaliyyəti barədə nə demək olar?
• Biz nəyə görə evdən-evə şahidlik edirik?
• Müjdəçi işi hansı tərzdə bizim hər birimizə fayda gətirir?
[8-ci səhifədəki şəkillər]
Bu gün də Filip və onun qızları kimi müjdəçilər var.
[12-ci səhifədəki şəkil]
Xoş xəbəri başqaları ilə bölüşərkən hansı faydanı əldə edirsən?