Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/7 s. 8—12
  • Allahın xidmətçiləri xeyirxahlığı sevməlidirlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın xidmətçiləri xeyirxahlığı sevməlidirlər
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • Xeyirxahlıq nədir?
  • Həqiqi xeyirxahlıq zəiflik deyil
  • Xeyirxahlıq və Allaha məqbul olan digər keyfiyyətlər
  • Dünya nəyə görə bu qədər qəddardır?
  • Allahın Padşahlığının rəhbərliyi altında xeyirxahlıq üstünlük təşkil edəcək
  • Nəyə görə xeyirxah olmaq lazımdır?
  • Ədavətli dünyada xeyirxahlıq göstərməyə çalışın
    Gözətçi qülləsi 2004
  • Xeyirxahlıq. Sözdə və əməldə izhar olan fəzilət
    Gözətçi qülləsi 2018
  • «Xeyirxahlıq qanunu» dilinizdə olsun
    Gözətçi qülləsi 2022
  • Lütfünə görə Allaha minnətdarıq
    Gözətçi qülləsi 2016
Gözətçi qülləsi 2004
w04 1/7 s. 8—12

Allahın xidmətçiləri xeyirxahlığı sevməlidirlər

“Haqq olanı etmək və mərhəməti [“xeyirxahlığı”, YD] sevmək və Allahınla təvazökar olaraq yeriməkdən başqa Rəbb səndən nə istər?” (MİKA 6:8).

1, 2. a) Yehovanın Öz xidmətçilərindən xeyirxah olmağı tələb etməsi nəyə görə bizi təəccübləndirməli deyil? b) Xeyirxahlıqla bağlı olan hansı suallar bizim diqqətimizə layiqdir?

YEHOVA xeyirxahlıq Allahıdır (Romalılara 2:4; 11:22). İlk insanlar olan Adəm və Həvva buna görə necə də minnətdar olmalı idilər! Eden bağında onları Allahın insanlara olan xeyirxahlığının görünən sübutları əhatə edirdi, Allahın xəlq etdikləri onlara sevinc gətirirdi. Allah bu gün də bütün insanlara, hətta pis insanlara belə xeyirxah olmağa davam edir.

2 İnsanlar Allahın surətində yaradıldıqları üçün, Ona xas olan xüsusiyyətləri əks etdirməyə qadirdirlər (Təkvin 1:26). Yehovanın bizdən xeyirxah olmağımızı tələb etməsi təəccüblü deyil. Mika 6:8 ayəsində deyildiyi kimi Allahın xidmətçiləri ‘xeyirxahlığı sevməlidirlər’. Bəs xeyirxahlıq nədir? O, Allaha məqbul olan digər xüsusiyyətlərlə necə bağlıdır? İnsanların xeyirxahlıq edə bilmələrinə baxmayaraq, nəyə görə dünyada bu qədər çox kobudluq və qəddarlıq var? Və nəyə görə biz məsihçilər başqaları ilə davranışımızda xeyirxahlıq göstərməyə çalışmalıyıq?

Xeyirxahlıq nədir?

3. Siz xeyirxahlığa hansı tə’rifi verərdiniz?

3 Xeyirxahlıq başqalarının rifahına canlı maraq göstərməkdə təzahür olunur. Bu keyfiyyət faydalı işlərdə və ədəbli sözlərdə göstərilir. Xeyirxah olmaq — başqalarına pislik deyil, yaxşılıq etmək deməkdir. Xeyirxah insan mehriban, mülayim, canıyanan və mərhəmətlidir. O, əliaçıq və başqalarına qarşı diqqətlidir. Həvari Pavel məsihçilərə öyüd verirdi: “Şəfqət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirlilik geyin” (Koloslulara 3:12). Beləliklə, xeyirxahlıq hər bir məsihçinin məcazi geyiminin bir hissəsidir.

4. Yehova insanlara xeyirxahlıq göstərməkdə ilk addımı necə atır?

4 Xeyirxahlıq göstərməkdə ilk addımı Yehova Allah Özü atır. Həvari Pavelin dediyi kimi, “Xilaskarımız Allahın xeyirxahlığı və insanpərvərliyi izhar olunduğu zaman”, “bizi yenidən doğulma suyu ilə yumaqla və Müqəddəs Ruhla təzələməklə xilas etdi” (Titusa 3:4, 5). Allah məsh edilmiş məsihçilərə Məsihin fidiyə qurbanlığının dəyərini tətbiq etməklə, onları İsanın qanında ‘yuyur’, yə’ni təmizləyir. O, həm də onları müqəddəs ruh ilə təzələyir, onlar da Allahın ruhdan doğulmuş oğulları kimi “yeni məxluq” olurlar (2 Korinflilərə 5:17). Bundan əlavə, Allah ‘libaslarını yuyub, onları Quzunun qanı ilə ağardan’ ‘böyük izdihama’ da xeyirxahlıq və məhəbbət göstərir (Vəhy 7:9, 14; 1 Yəhya 2:1, 2).

5. Allahın ruhu ilə idarə olunanlar nəyə görə xeyirxahlıq etməlidirlər?

5 Xeyirxahlıq həm də Allahın ruhunun, yə’ni fəal qüvvəsinin səmərəsinə daxildir. Pavel demişdir: “Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq [xeyirxahlıq], sədaqət, həlimlik, özünə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur” (Qalatiyalılara 5:22, 23). Belə isə Allahın ruhu ilə idarə olunanlar başqalarına xeyirxahlıq etməli deyillərmi?

Həqiqi xeyirxahlıq zəiflik deyil

6. Xeyirxahlıq nə zaman zəiflik olur və nəyə görə?

6 Bə’ziləri xeyirxahlığa zəiflik kimi baxırlar. Onlar düşünürlər ki, başqaları onların xarakterlərinin gücünü görsünlər deyə, sərt, bə’zən isə kobud olmaq lazımdır. Lakin əslində həqiqi mə’nada xeyirxah olmaq və yersiz xeyirxahlıqdan qaçmaq üçün güc lazımdır. Həqiqi xeyirxahlıq Allahın ruhunun səmərəsi olduğu üçün, onun günahlı hərəkətə göz yuman zəif iradəliklə heç bir müştərəkliyi yoxdur. Günaha göz yumduğu üçün yersiz xeyirxahlıq zəiflik sayılır.

7. a) Eli nəyə e’tinasızlıq göstərdi? b) Ağsaqqallar nəyə görə yersiz xeyirxahlıq göstərməyə ehtiyat etməlidirlər?

7 İsrailin baş kahini Elini xatırlayaq. O, çadırda kahin olaraq xidmət edən oğulları Hofni və Finehası cəzalandırmaq məs’uliyyətinə e’tinasız yanaşırdı. Hofni və Finehas qurban gətirilən heyvanın Allahın Qanununa görə onların payına düşən hissəsinə razı deyildilər, buna görə də qulluqçunu göndərirdilər ki, qurbangahda heyvanın iç yağı yandırılmamışdan qabaq, qurban gətirən adamdan çiy ət tələb etsin. Elinin oğulları həm də çadırın girəcəyində xidmət edən qadınlarla yataraq əxlaqsızlıq edirdilər. Eli isə Hofni və Finehası xidmətdən kənar etmək əvəzinə, onları sadəcə olaraq yüngül məzəmmət edirdi (1 Samuel 2:12-29). Təəccüblü deyil ki, “o günlərdə Rəbbin kəlamı seyrək idi”! (1 Samuel 3:1). Məsihçi ağsaqqallar yığıncağın ruhaniliyinə təhlükə yaradan günahkarlara yersiz xeyirxahlıq göstərməyə ehtiyat etməlidirlər. Həqiqi xeyirxahlıq Allahın normalarını pozan pis sözlərə və əməllərə göz yummur.

8. İsa həqiqi xeyirxahlığı necə təzahür etdirirdi?

8 Nümunəmiz olan İsa Məsih heç zaman ­yersiz xeyirxahlıq göstərmirdi. O, həqiqi xeyirxahlığın təcəssümü idi. Məsələn, “izdihamı gördükdə İsanın onlara yazığı gəldi; çünki çobansız qoyunlar kimi taqətsiz və dağınıq idilər”. Səmimi qəlbli insanlar İsanın yanına gəlməyə qorxmurdular, onlar hətta körpə uşaqlarını da onun yanına gətirirdilər. Onun onları necə xeyirxahlıq və ürək yanğısı ilə ‘qucaqlayıb, xeyir-dua verdiyi’ haqda düşünün (Matta 9:36; Mark 10:13-16). İsa xeyirxah olsa da, o, səmavi Atasının gözündə doğru olan şeylərə qarşı dəyişməz idi. İsa heç zaman pis şeylərə yol verməzdi; o, Allahın ona verdiyi qüvvə ilə riyakar din rəhbərlərini ifşa edirdi. Matta 23:13-26 ayələrindən göründüyü kimi, o, bir neçə dəfə növbəti sözləri işlədir: “Vay halınıza, din alimləri və fəriseylər, ikiüzlülər!”

Xeyirxahlıq və Allaha məqbul olan digər keyfiyyətlər

9. Xeyirxahlıq səbirlilik və lütfkarlıqla necə bağlıdır?

9 Xeyirxahlıq, Allahın ruhunun hasil etdiyi “səbir” və “lütfkarlıq” kimi digər keyfiyyətlərlə də bağlıdır. Doğrudan da, özündə xeyirxahlığı inkişaf etdirən adam səbirlidir. O, hətta sərt adamlarla da səbirlidir. Xeyirxahlıq lütfkarlıqla ona görə bağlıdır ki, bu keyfiyyət çox vaxt insanlara kömək etmək, başqalarının rifahı üçün nə isə etmək hazırlığında təzahür olunur. Müqəddəs Kitabda “xeyirxahlıq” mə’nasını daşıyan yunan sözü bə’zən “lütfkarlıq” kimi də tərcümə oluna bilər. Erkən məsihçilər tərəfindən göstərilən xeyirxahlıq bütpərəstləri o qədər valeh edirdi ki, Tertullianın yazdığına görə, onlar İsanın davamçılarını “xeyirxahlıqdan ibarət olan insanlar” adlandırırdılar.

10. Xeyirxahlıq və məhəbbət necə əlaqəlidir?

10 Xeyirxahlıq həm də məhəbbətlə əlaqəlidir. İsa öz davamçıları barəsində demişdir: “Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək” (Yəhya 13:35). Bu cür məhəbbət barəsində Pavel yazırdı: “Məhəbbət səbirli, xeyirxahdır” (1 Korinflilərə 13:4). Xeyirxahlıq həmçinin “Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi” nəşrində tez-tez işlənən “sevgi dolu xeyirxahlıq” ifadəsindəki məhəbbətlə əlaqəlidir. Bu cür xeyirxahlıq sadiq məhəbbətdən doğur. “Sevgi dolu xeyirxahlıq” kimi tərcümə olunan ibrani dilindəki isim özünə zərif bağlılıqdan artıq şey daxil edir. Bu xeyirxahlıq kimə isə münasibətdə öz məqsədinə nail olana qədər məhəbbətlə və sabitliklə təzahür olunur. Yehovanın sevgi dolu xeyirxahlığı — sadiq məhəbbəti — müxtəlif üsullarla göstərilir. Məsələn, bu keyfiyyət Onun, Öz xidmətçilərini azad etməyə və qorumağa yönəltdiyi işlərində görünür (Məzmur 6:4; 40:11; 143:12).

11. Allahın sevgi dolu xeyirxahlığı bizə nədə zəmanət verir?

11 Yehovanın sevgi dolu xeyirxahlığı insanları Ona cəlb edir (Yeremya 31:3). Allahın sadiq xidmətçiləri köməyə və ya qurtuluşa ehtiyac duyanda bilirlər ki, Onun sevgi dolu xeyirxahlığı doğrudan da sadiq məhəbbətdir. Onlar bilirlər ki, bu keyfiyyət onları ümidsiz qoymayacaq. Buna görə də onlar da məzmurçu kimi imanla dua edə bilərlər: “Fəqət mən sənin inayətinə [“sevgi dolu xeyirxahlığına”, YD] güvəndim; ürəyim qurtuluşunla məsrur olacaqdır” (Məzmur 13:5). Yehovanın məhəbbəti sadiq olduğu üçün, Onun xidmətçiləri bütünlüklə Ona bel bağlaya bilərlər. Onlar belə zəmanətə malikdirlər: “Rəbb xalqını özündən atmayacaq və mirasını buraxmayacaqdır” (Məzmur 94:14).

Dünya nəyə görə bu qədər qəddardır?

12. Qəddar rəhbərlik nə vaxt və necə başlandı?

12 Bu sualın cavabı Eden bağında baş verən hadisə ilə bağlıdır. Xudbin və lovğa olan bir ruhani məxluq dünyanı idarə etmək meylinə düşdü. Bəşər tarixinin başlanğıcında öz niyyətini həyata keçirməyə başladı və nəticədə həqiqətən də “bu dünyanın rəisi”, özü də çox qəddar bir rəhbər oldu (Yəhya 12:31). O, Allahın və insanların baş düşməni olan Şeytan İblis kimi tanınmağa başlandı (Yəhya 8:44; Vəhy 12:9). Onun xudbinlikdən irəli gələrək Yehovanın xeyirxah rəhbərliyinə alternativ bir rəhbərlik yaratmaq fikrində olduğu, Həvva yaradıldıqdan tezliklə sonra mə’lum oldu. Adəm Allahın xeyirxahlığını bütünlüklə rədd edərək, Onun rəhbərliyindən müstəqil olmaq yolunu seçəndə, pis rəhbərliyin başlanğıcı qoyuldu (Təkvin 3:1-6). Həqiqi mə’nada müstəqil olmaq əvəzinə, Adəm və Həvva sözün əsl mə’nasında İblisin tə’siri altına düşdülər və bu xudbin və məğrur hökmdarın tabeliyinə keçdilər.

13-15. a) İnsanların Yehovanın ədalətli rəhbərliyini rədd etmələrinin nəticələrindən bə’ziləri hansılar oldu? b) Nəyə görə dünyada bu qədər kobudluq və qəddarlıq mövcuddur?

13 Gəlin bə’zi nəticələri nəzərdən keçirək. Adəm və Həvva, Cənnət olan ərazidən qovuldular. Onlar bol sağlam qidanın, göyərtinin və meyvələrin olduğu gözəl parkı, Eden bağından kənarda olan çətin şəraitlərə dəyişdilər. Allah Adəmə dedi: “Arvadının sözünə qulaq asdığın üçün, qadağan etdiyim, “meyvəsini yemə” dediyim ağacdan yediyin üçün, sənə görə torpaq lə’nətlənir. Ömrün boyu zəhmətlə torpaqdan yemək əldə edəcəksən. O sənə tikan və qanqal bitirəcək”. Torpağın lə’nətlənməsi o demək idi ki, torpağı becərmək indi çox ağır olacaqdı. Torpağın “tikan və qanqal” ilə lə’nətlənməsinin nəticəsi Adəmin nəsli tərəfindən o qədər güclü şəkildə duyulurdu ki, Nuhun atası Lamek, ‘Rəbbin lə’nətlədiyi torpağı becərəndə çəkdikləri əziyyətlər’ barəsində danışırdı (Yaradılış 3:17-19; 5:29, MKŞ).

14 Həm də Adəmlə Həvva dinc həyatı iztirab və kədərə dəyişdilər. Allah Həvvaya dedi: “Boylu olanda sənə ağır əziyyət verəcəyəm, uşaqlarını ağrı içində doğacaqsan. Ərinə ehtiyacın olacaq, o sənə ağalıq edəcək”. Sonradan Adəm və Həvvanın ilk oğlu olan Qabil qəddarcasına qardaşı Habili qətlə yetirdi (Yaradılış 3:16; 4:8, MKŞ).

15 Həvari Pavel bildirmişdir: “Bütün dünya... şəririn hakimiyyəti altındadır” (1 Yəhya 5:19). Bugünkü dünya, öz hökmdarına bənzər tərzdə, özünə xudbinlik və məğrurluq daxil edən pis xüsusiyyətləri büruzə verir. Dünyanın kobudluq və qəddarlıqla dolu olması təəccüblü deyil! Lakin həmişə belə olmayacaq. Yehova qayğı göstərəcək ki, Onun Padşahlığının rəhbərliyi altında kobudluq və qəddarlığın əvəzinə xeyirxahlıq və mərhəmət üstünlük təşkil etsin.

Allahın Padşahlığının rəhbərliyi altında xeyirxahlıq üstünlük təşkil edəcək

16. Allahın Məsih İsa vasitəsilə etdiyi rəhbərlik nəyə görə xeyirxahlığı ilə fərqlənir və bu bizdə hansı istəyi oyadır?

16 Yehova və Onun Padşahlığının tə’yin edilmiş Padşahı Məsih İsa tələb edir ki, onların təbəələri xeyirxahlıqları ilə tanınsınlar (Mika 6:8). İsa Məsih göstərdi ki, Atasının ona e’tibar etdiyi hakimiyyətdən xeyirxahlıqla istifadə edəcək (İbranilərə 1:3). Bu, İsanın xalqı ağır yüklərlə əziyyətə salan yalançı din rəhbərlərini ifşa edən sözlərindən görünür. O dedi: “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız. Çünki boyunduruğum asan [hərfən “xeyirxah”] və yüküm yüngüldür” (Matta 11:28-30). Dünyəvi hakimiyyətlər, dini rəhbərlər və ya başqa sahələrdə rəhbərlik edən kəslər, insanları çox tez-tez sonsuz qayda-qanunlarla əldən salır və onları dəyərsiz işləri yerinə yetirməyə vadar edirlər. İsanın öz davamçılarından tələb etdikləri isə, onların ehtiyac və imkanlarına müvafiqdir. Həqiqətən də rahat və xeyirxah boyunduruqdur! Bu bizi İsanı təqlid etməyə və başqalarına qarşı xeyirxah olmağa təşviq etmirmi? (Yəhya 13:15).

17, 18. Nəyə görə inanmaq olar ki, Məsihlə göydə idarə edəcək kəslər və onun yer üzündəki nümayəndələri xeyirxahlıq göstərəcəklər?

17 İsanın həvarilərə söylədiyi valehedici fikirlərdən, Allahın Padşahlığının rəhbərliyi ilə insan rəhbərliyinin arasında nə qədər böyük fərqin olduğunu görürük. Müqəddəs Kitabda deyilir: “Onların [şagirdlərin] arasında bir mübahisə də oldu: onlardan kim ən böyük sayılmalıdır. İsa isə onlara dedi: “Hakimlər xalqlar üzərində hökm sürürlər və bu hökmdarlıq edənlərə havadar deyirlər; siz isə belə olmamalısınız; lakin aranızda ən böyük olan ən kiçik kimi olsun və rəislik edən xidmətkar kimi olsun. Axı kim daha böyükdür: süfrədə oturan, yoxsa xidmət edən? Süfrədə oturan deyilmi? Mən isə sizin aranızda xidmətkar kimiyəm” (Luka 22:24-27).

18 Rəhbərlər insanların üzərində ‘hökm sürərək’ və özlərinə böyük titullar axtararaq yüksəlməyə çalışırlar, sanki bu cür titullar onları, üzərlərində rəhbərlik etdikləri adamlardan daha yaxşı edir. Lakin İsa dedi ki, başqalarına xidmət edənlər və bunu sə’ylə və daima edənlər həqiqətən böyükdürlər. Həm Məsihlə göydə idarə edəcək kəslər, həm də onun yer üzündəki nümayəndələri onun təvazökarlıq və xeyirxahlıq nümunəsinə riayət etməyə çalışmalıdırlar.

19, 20. a) Yehovanın nə dərəcədə xeyirxah olduğunu İsa necə göstərdi? b) Yehovanın xeyirxahlığını biz necə təqlid edə bilərik?

19 Gəlin İsanın məhəbbətlə verdiyi digər məsləhətə baxaq. Yehovanın nə qədər xeyirxah olduğunu göstərərək İsa dedi: “Əgər sizi sevənləri sevirsinizsə, hansı təşəkkürə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı təşəkkürə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. Əgər geri almağı ümid etdiyiniz kimsələrə borc verirsinizsə, hansı təşəkkürə layiqsiniz? Çünki günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. Amma düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Mükafatınız böyük olacaqdır; və siz Haqq-Təalanın oğulları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara qarşı da xeyirxahdır. Atanız necə mərhəmətli isə, siz də elə mərhəmətli olun” (Luka 6:32-36).

20 Allaha xas olan xeyirxahlıq təmənnasızdır. Bu xüsusiyyət əvəz olaraq heç bir şey gözləmir və tələb etmir. Yehova xeyirxahlıqla “Öz günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun; və saleh olanlar ilə olmayanların üzərinə yağışlar göndərir” (Matta ­5:43-45; Həvarilərin işləri 14:16, 17). Səmavi Atamızı təqlid edərək biz nankor adamlara nəinki pislik etmir, hətta bizə düşmənçiliklə yanaşanlara belə xeyirxahlıq göstəririk. Xeyirxahlıq təzahür etdirərək biz Yehovaya və İsaya göstəririk ki, xeyirxahlığın və digər gözəl keyfiyyətlərin bütün insan münasibətlərinin təməlini təşkil edəcəyi Allahın Padşahlığının rəhbərliyi altında yaşamağı arzulayırıq.

Nəyə görə xeyirxah olmaq lazımdır?

21, 22. Biz nəyə görə xeyirxah olmalıyıq?

21 İsanın həqiqi davamçılarına xeyirxah olmaq xüsusilə vacibdir. Bu, Allahın ruhunun bizə olan tə’sirinə sübutdur. Bundan əlavə, biz həqiqi xeyirxahlığı təzahür etdirəndə Yehova Allahı və Məsih İsanı təqlid edirik. Həm də Allahın Padşahlığının vətəndaşları olmaq üçün xeyirxah olmaq tələb olunur. Buna görə də biz xeyirxahlığı sevməli və onu təzahür etdirməyi öyrənməliyik.

22 Gündəlik həyatımızda xeyirxahlığın praktiki üsullarını necə təzahür etdirə bilərik? Bu barədə növbəti məqalədə danışılacaq.

Necə cavab verərdiniz?

• Xeyirxahlıq nədir?

• Nəyə görə dünyada bu qədər kobudluq və qəddarlıq var?

• Haradan bilirik ki, Allahın Padşahlığının rəhbərliyi altında xeyirxahlıq üstünlük təşkil edəcək?

• Allahın Padşahlığının rəhbərliyi altında yaşamaq arzusunda olanlara xeyirxah olmaq nəyə görə vacibdir?

[9-cu səhifədəki şəkil]

Məsihçi ağsaqqallar sürü ilə xeyirxahlıqla rəftar etməyə çalışırlar.

[10-cu səhifədəki şəkil]

Yehovanın sevgi dolu xeyirxahlığı Onun xidmətçilərini çətin anlarda ümidsiz qoymayacaq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş