«Xeyirxahlıq qanunu» dilinizdə olsun
«MƏSİHİ bacı-qardaşların göstərdiyi xeyirxahlıq mənim üçün nəyə desən dəyərdi». Bu sözləri Liza demişdia. Onu həqiqətə ilk dəfə məhz bu cəlb etmişdi. Eyni şeyi Anna barədə də demək olar. O deyir: «Yehovanın Şahidlərinin öyrətdiklərindən çox, göstərdikləri xeyirxahlıq məni həqiqətə cəlb etdi». İndi bu bacıların hər ikisi Müqəddəs Kitabı oxuyub mütaliə etməyi çox sevir, amma vaxtilə onlara xeyirxah əməlin böyük təsiri olmuşdu.
Ətrafımızdakı insanlara belə gözəl təsir bağışlayan xeyirxahlığı necə təzahür etdirə bilərik? Bu məqalədə bunu etməyin iki yolu haqda, sözdə və əməldə xeyirxahlıq göstərmək haqda danışacağıq. Sonra öyrənəcəyik ki, kimlərə qarşı xeyirxah olmalıyıq.
«XEYİRXAHLIQ QANUNU» DİLİNİZDƏ OLSUN
Məsəllər 31-ci fəsildə yaxşı arvad barədə deyilir ki, «xeyirxahlıq qanunu» onun dilindədir (Məs. 31:26). O izin verir ki, bu «qanun» onun səs tonuna, danışığına təsir etsin. Xeyirxahlıq qanunu ərlərin və ataların da dilində olmalıdır. Valideynlər yaxşı bilir ki, kobud sözlər uşağa pis təsir edir. Onlar uşaqla sərt, soyuq danışanda uşaq onlara qulaq asmağa meyilli olmur. Buna görə də valideyn istəyirsə ki, uşaq sözünə qulaq assın, onunla mehriban danışmalıdır.
Valideyn olub-olmamağımızdan asılı olmayaraq, nə edə bilərik ki, xeyirxahlıq qanunu bizim də dilimizdə olsun? Məsəllər 31:26 ayəsinin birinci hissəsində bunu etməyin yolu göstərilir. Orada deyilir: «Ağzını hikmətlə açar». Bu, o deməkdir ki, biz səs tonumuza fikir verməliyik, sözlərimizi hikmətlə seçməliyik. Özümüzə belə sual verə bilərik: «Deyəcəyim söz qarşı tərəfi daha da əsəbiləşdirəcək, yoxsa gərgin vəziyyətə su səpəcək?» (Məs. 15:1). Bəli, danışmazdan öncə düşünmək hikmətli addımdır.
Növbəti məsəldə deyilir: «Düşünmədən deyilən söz qılınc zərbəsinə bənzər» (Məs. 12:18). Sözlərimizin və səs tonumuzun başqalarına necə təsir etdiyini nəzərə alsaq, çox yəqin ki, dilimizə hakim olmağı daha yaxşı bacaracağıq. Bəli, xeyirxahlıq qanununa əməl etmək bizə kömək edəcək ki, danışığımızda və səs tonumuzda kobudluğa yol verməyək (Efes. 4:31, 32). Biz mənfi fikirləri müsbət fikirlərlə, sərt sözləri xoş sözlərlə, kobud səs tonunu mülayim tonla əvəz edəcəyik. Biz Yehovadan örnək götürməliyik. O, qorxuya qapılan İlyas peyğəmbəri mələyi vasitəsilə ürəkləndirərkən mələk «sakit, həzin» səslə danışmışdı (1 Pad. 19:12). Amma bizim xeyirxah olduğumuz təkcə danışığımızdan yox, əməllərimizdən də görünməlidir. Gəlin görək bunu necə edə bilərik.
XEYİRXAH ƏMƏLİN GƏTİRDİYİ BƏHRƏLƏR
Yehovadan örnək götürürüksə, xeyirxahlıq təkcə sözlərimizdə yox, əməllərimizdə də görünəcək (Efes. 4:32; 5:1, 2). Əvvəldə adı çəkilən Liza Yehovanın Şahidlərinin göstərdikləri xeyirxahlıq barədə belə deyir: «Ailəmiz qəfil köçməli olmuşdu. İki ər-arvad işdən məzuniyyət götürüb, bizə yır-yığış etməyə kömək etdi. Həmin vaxt mən heç Müqəddəs Kitab dərsi də keçmirdim». Onların bu xeyirxahlığı Lizada həqiqətə maraq oyatmışdı.
Yuxarıda adı çəkilən Anna da göstərdikləri xeyirxahlığa görə Yehovanın Şahidlərinə minnətdardır. O deyir: «Bu dünyada insanlardan o qədər pislik görmüşdüm ki, heç kimə etibarım qalmamışdı. Buna görə də Yehovanın Şahidləri ilə rastlaşanda onların niyyətinin təmiz olduğuna inanmırdım. Onların mənə bu qədər maraq göstərməsi mənə şübhəli gəlirdi. Amma mənə dərs keçən məsihinin səmimi-qəlbdən mənə xeyirxahlıq göstərdiyini görəndə ona etibar etməyə başladım». Bu hansı bəhrələri gətirdi? O deyir: «Bundan sonra diqqətimi öyrəndiklərimə cəmlədim».
Fikir verdinizsə, Liza ilə Annaya yığıncaqdakı bacı-qardaşların xeyirxah əməlləri çox gözəl təsir bağışlamışdı. Bu, onların həqiqəti öyrənməsində vacib rol oynamışdı. Məhz xeyirxahlıq onlara Yehovaya və yığıncaqdakı bacı-qardaşlara etibar etməyə kömək etmişdi.
İLAHİ XEYİRXAHLIQ TƏZAHÜR ETDİRİN
Bəzilərinin şirindil, gülərüz olması böyüdüyü mədəniyyətdən qaynaqlanır. Əlbəttə ki, insanın təbiətən və ya böyüdüyü mühitdən irəli gələrək nəzakətli olması tərifəlayiqdir. Amma bizim xeyirxah olmağımız təkcə bu kimi amillərdən qaynaqlanırsa, bu, ilahi xeyirxahlıq deyil. (Həvarilərin işləri 28:2 ayəsi ilə əlaqələndirin.)
İlahi xeyirxahlıq Allahın ruhunun bəhrəsinə daxildir (Qal. 5:22, 23). Buna görə də bu xüsusiyyətə yiyələnmək və onu təzahür etdirmək üçün müqəddəs ruh bizdə fəaliyyət göstərməlidir. Bu xüsusiyyəti təzahür etdirəndə biz Yehovadan və İsadan örnək alırıq. Bu isə Yehovanı sevdiyimizi göstərir. Həmçinin İsadan örnək götürərək biz başqalarının rifahı ilə ürəkdən maraqlanmalıyıq. Bununla da insanları sevdiyimizi göstəririk. Deməli, ilahi xeyirxahlığı göstərməyə bizi təşviq edən qüvvə həm Yehova Allaha, həm də insanlara məhəbbətdir. Belə olan halda xeyirxahlığımız ürəkdən gəlir və Yehovanı razı salır.
KİMLƏRƏ XEYİRXAHLIQ GÖSTƏRMƏLİYİK?
Biz təbii olaraq yaxınımıza və ya bizə yaxşılıq edən insana xeyirxahlıq göstəririk, minnətdarlığımızı bildiririk (2 İşm. 2:6; Kol. 3:15). Bəs əgər düşünürüksə ki, kimsə ona xeyirxahlıq göstərməyimizə layiq deyil, onda necə?
Bu sahədə Yehova ən gözəl nümunədir və Onun Kəlamından bu xüsusiyyətin təzahürü ilə bağlı vacib dərs öyrənirik. Yehova hər kəsə, həm layiq olanlara, həm də layiq olmayanlara xeyirxahlıq göstərir. Onun bu xüsusiyyəti lütf adlanır. Lütf kiməsə layiq olmadığı halda xeyirxahlıq göstərmək deməkdir. Bu ifadəyə İncildə dəfələrlə rast gəlinir. Bəs Yehova bu xüsusiyyəti necə təzahür etdirir?
Yehova indiyə kimi yaşamış milyonlarla insana lütf göstərərək onları yaşamaq üçün zəruri şeylərlə təmin edib (Mət. 5:45). Bəşəriyyət Yehovanı tanımazdan öncə O, onlara lütf göstərib (Efes. 2:4, 5, 8). Məsələn, Ona əziz olan yeganə Oğlunu bütün insanlar uğrunda qurban verib. Həvari Bulus yazmışdı ki, Yehovanın fidyə verməsi Onun lütfünün bolluğundan qaynaqlanır (Efes. 1:7). Bundan əlavə, biz günah edib, Yehovanı məyus etsək də, O bizə yenə də təlim verir, düzgün yola yönəldir. Onun nəsihətləri və sözləri «çəmənliyə çisələyən narın yağışlar» kimi yumşaqdır (Qan. 32:2). Yehovanın bizə göstərdiyi lütfün qarşılığını heç vaxt ödəyə bilmərik. Bir danılmaz fakt var ki, Yehova bizə lütf göstərməsə idi, bizim gələcəyə ümidimiz olmazdı. (1 Butrus 1:13 ayəsi ilə əlaqələndirin.)
Şübhəsiz, Yehovanın xeyirxahlığı qəlbimizi oxşayır və bizi hərəkətə təşviq edir. Biz Yehovadan örnək götürərək tək-tük insana yox, hamıya xeyirxahlıq göstərməliyik (1 Salon. 5:15). Biz hər zaman xeyirxahlıq edəndə soyuq havada isti ocağa bənzəyirik. Ailə üzvlərimizin, dindaşlarımızın, iş yoldaşlarımızın, sinif yoldaşlarımızın, qonşularımızın və qohum-əqrəbamızın qəlbini isindiririk.
Sizcə, sözdə və əməldə xeyirxah olmağınız ailənizdə və yığıncağınızda kimlərə fayda gətirə bilər? Ola bilsin, yığıncaqda kiminsə ev, həyət-baca işlərində və ya alış-veriş məsələsində xüsusilə köməyə ehtiyacı var. Həmçinin xidmət zamanı görsək ki, kiminsə köməyə ehtiyacı var, ondan köməyimizi əsirgəməyəcəyik.
Gəlin Yehovadan örnək alaq və həmişə sözümüzdə və əməlimizdə «xeyirxahlıq qanunu» olsun.
a Adlar şərtidir.