Xoş müjdəni bəyan edirik
«Dağları aşıb-gələn müjdəçinin ayaqları necə də gözəldir! O, xoş müjdə gətirir» (YEŞAYA 52:7).
1, 2. a) Hər gün hansı faciələr baş verir? b) Bir çox insanlar hər gün pis xəbərlər eşidəndə özlərini necə hiss edirlər?
BU GÜN bütün dünyada insanlar daima pis xəbərlər eşidirlər. Onlar radionu açır və yeni ölümcül xəstəliklər haqqında dəhşətli xəbərlər eşidirlər. Televizorda xəbərlərə baxdıqdan sonra, kömək diləyən ac uşaqların sifətləri uzun müddət insanların yaddaşından silinmir. Onlar əllərinə qəzet götürür və partladılmış binaların qalıqları altında qalan çoxsaylı günahsız qurbanlar haqqında oxuyurlar.
2 Elə gün olmur ki, faciə baş verməsin. Bu dünyanın surətinin pisliyə doğru dəyişdiyinə şübhə yoxdur (1 Korinflilərə 7:31). Qərbi Avropada çıxan ictimai-siyasi jurnalda qeyd edilirdi: «Hərdən elə təəssürat yaranır ki, sanki dünya uçuruma doğru gedir». Getdikcə daha çox insanın əldən düşməsi təəccüblü deyil! Bir nəfər Birləşmiş Ştatlarda televiziya xəbərlərinə dair keçirilən ictimai rə’y sorğusu zamanı, ehtimal ki, milyonlarla insanın şərik olduqları fikri söyləmişdir: «Xəbərlərə baxdıqdan sonra tamamilə ruhdan düşürəm. Heç bir yaxşı xəbər yoxdur. Adamın əlləri yanına düşür».
Hamının eşitməli olduğu xəbər
3. a) Müqəddəs Kitabda hansı sevindirici xəbər var? b) Padşahlıq haqqındakı xoş xəbər bizim üçün nəyə görə dəyərlidir?
3 Bu zülmət dünyada sevindirici xəbər eşitmək mümkündürmü? Bəli, mümkündür! Müqəddəs Kitabda xoş xəbərin olduğunu bilməyimiz təsəllivericidir. Bu xəbər Allahın Padşahlığının xəstəliklərə, aclığa, cinayətə, müharibələrə və bütün əzablara birdəfəlik son qoyacağı barədədir (Məzmur 46:9; 72:12). Məgər bu xəbəri hamı eşitməli deyilmi? Yehovanın Şahidləri də məhz belə düşünürlər. Buna görə də onlar hər yerdə Allahın Padşahlığı haqqındakı xoş xəbəri bütün millətlərdən olan insanlara sə’ylə çatdırmaqla tanınırlar (Matta 24:14).
4. Bu və növbəti məqalədə təbliğimizin hansı sahələrini müzakirə edəcəyik?
4 Bu dərəcədə vacib olan xoş xəbərin, hətta az qəbul olunan yerlərdə belə bəyan edilməsində tam surətdə iştirak etməkdə bizə nə kömək edəcək? (Luka 8:15). Bu işdə bizə təbliğ fəaliyyətimizin üç vacib sahəsinin qısa icmalını nəzərdən keçirmək kömək edəcək. Birincisi, niyyətlərimizi, yə’ni nə üçün təbliğ etdiyimizi; ikincisi, bəyan etdiyimiz xəbəri, yə’ni nəyi təbliğ etdiyimizi və üçüncüsü, istifadə etdiyimiz metodları, yə’ni necə təbliğ etdiyimizi araşdıracağıq. Əgər düzgün niyyətlə təbliğ etməyə davam ediriksə, Allahın xəbərini dəqiq çatdırırıqsa və effektli təbliğ üsullarından istifadə ediriksə, onda müxtəlif mənşəli insanlara ən yaxşı xəbəri — Allahın Padşahlığı haqqındakı xoş xəbəri eşitmək imkanı verəcəyika.
Xoş xəbəri nə üçün bəyan edirik?
5. a) Təbliğ etməyə ilk növbədə bizi nə təşviq edir? b) Nəyə görə demək olar ki, Müqəddəs Kitabın təbliğ etmək əmrini yerinə yetirməyimiz Allaha bəslədiyimiz məhəbbətin ifadəsidir?
5 Əvvəlcə gəlin xidmətimizin birinci sahəsini — niyyətlərimizi nəzərdən keçirək. Xoş xəbəri nə üçün bəyan edirik? Biz bunu İsanın etdiyi səbəbdən irəli gələrək edirik. O demişdir: «Mən Atanı sevirəm» (Yəhya 14:31; Məzmur 40:8). Bizi təbliğ etməyə hər şeydən öncə Allaha olan məhəbbət təşviq edir (Matta 22:37, 38). Müqəddəs Kitab göstərir ki, Allaha xidmət etməklə məhəbbət arasında bağlılıq var. Orada deyilir: «Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir» (1 Yəhya 5:3; Yəhya 14:21). Allahın əmrləri arasında gedib şagirdlər hazırlamaq əmri varmı? (Matta 28:19). Bəli, var. Düzdür, bu sözlər İsa tərəfindən deyilsə də, onlar Yehovaya məxsusdur. Axı bu necə ola bilər? İsa izah etmişdir: «Özümdən bir şey etmirəm, amma bunları Atanın Mənə öyrətdiyi kimi söyləyirəm» (Yəhya 8:28; Matta 17:5). Beləliklə, xoş xəbəri təbliğ etmək əmrini yerinə yetirməklə Yehovaya Onu necə sevdiyimizi göstəririk.
6. Yehovaya olan məhəbbət bizi təbliğ etməyə necə təşviq edir?
6 Yehovaya olan məhəbbətin bizdə təbliğ etmək arzusu yaratmasının digər səbəbi isə, Şeytanın Allah haqqında yaydığı yalana qarşı durmaq istəyimizdir (2 Korinflilərə 4:4). Şeytan Allahın hakimiyyətinin ədalətli olduğunu şübhə altına qoydu (Yaradılış 3:1-5). Yehovanın Şahidləri olan bizlər Şeytanın böhtanlarını ifşa etməyə və Allahın adını insanlar qarşısında izzətləndirməyə can atırıq (Yeşaya 43:10-12). Bundan əlavə, biz Yehovanın xüsusiyyətlərini və yollarını öyrəndiyimiz üçün susa bilmərik. Biz özümüzü Allaha yaxın hiss edir və səmimi qəlbdən Onun haqqında başqalarına danışmağa can atırıq. Yehovanın xeyirxahlığı və yollarının salehliyi bizə o qədər sevinc gətirir ki, daima Onun haqqında danışırıq (Məzmur 145:7-12). Ürəyimiz, Ona həmd etməyə və qulaq asacaq hər bir insana Onun «fəzilətlərini» bəyan etməyə təşviq edir (1 Peter 2:9; Yeşaya 43:21).
7. Allaha olan məhəbbətdən başqa daha hansı vacib səbəbə görə təbliğ işində iştirak edirik?
7 Lakin xidmətimizi davam etdirməyimizin başqa bir vacib səbəbi də var. Biz, pis xəbərlərin amansız təzyiqi altında əzilən və ya hər hansı başqa səbəblər üzündən əziyyət çəkən insanlara təsəlli vermək istəyirik. Bununla biz İsanı təqlid etməyə can atırıq. Gəlin görək, «Markın Müjdəsi»nin 6-cı fəslində bu haqda nə deyilir.
8. «Markın Müjdəsi»nin 6-cı fəslində İsanın insanlara bəslədiyi hisslər haqqında nə deyilir?
8 Həvarilər təbliğ xidmətindən qayıtdıqdan sonra etdikləri və öyrətdikləri hər şey haqqında İsaya danışdılar. İsa həvarilərinin yorğun olduqlarını gördü və birlikdə gedib ‘bir az dincəlməyi’ təklif etdi. Onlar qayığa minib sakit bir yerə getdilər. İnsanlar sahil boyunca dallarınca qaçıb, onlara çatdılar. Bəs bu zaman İsa nə etdi? Müqəddəs Kitabda: «İsa... böyük bir izdihamla qarşılaşdı və onlara yazığı gəldi; çünki çobansız qoyunlar kimi idilər. Və onlara çox şeylər öyrətməyə başladı» deyə yazılmışdır (Mark 6:31-34). İsa yorğun olmasına baxmayaraq, insanlara yazığı gəldiyindən onlara xoş xəbəri təbliğ etməyə başladı. Bundan görünür ki, İsa bu insanları çox sevir və onlara dərin şəfqət hissi bəsləyirdi.
9. «Markın Müjdəsi»nin 6-cı fəslindəki parçadan hansı niyyətlə təbliğ etməli olduğumuza dair nə öyrənirik?
9 Müqəddəs Kitabın bu parçasından nə öyrənirik? Biz bir məsihçi kimi xoş xəbəri bəyan etməyi və şagirdlər hazırlamağı özümüzə borc bilirik. Allahın iradəsinin ‘bütün insanların xilas olmasından’ ibarət olduğu üçün xoş xəbəri bəyan etmək məs’uliyyətini daşıdığımızı dərk edirik (1 Timoteyə 2:4). Lakin biz yalnız borc hissindən deyil, həmçinin insanlara yazığımız gəldiyi üçün xidmət edirik. İsa kimi biz də insanlara şəfqət hissi bəsləyiriksə, ürəyimiz bizi, bundan sonra da xoş xəbəri onlarla bölüşmək üçün əlimizdən gələni etməyə təşviq edəcək (Matta 22:39). Əgər düzgün niyyətlə təbliğ ediriksə, bu işi davam etdirməkdə bizə heç nə mane ola bilməz.
Bəyan etdiyimiz xəbər — Allahın Padşahlığı haqqındakı xoş xəbərdir
10, 11. a) Bəyan etdiyimiz xəbəri Yeşaya peyğəmbər necə təsvir edir? b) İsa xoş xəbəri necə bəyan edirdi və müasir məsihçilər onun nümunəsinə necə riayət edirlər?
10 İndi isə xidmətimizin ikinci sahəsinə, təbliğ etdiyimiz xəbərə nəzər salaq. Biz nəyi təbliğ edirik? Yeşaya peyğəmbər təbliğ etdiyimiz xəbəri çox gözəl təsvir etmişdir: «Sülh xəbəri gətirən, dağları aşıb-gələn müjdəçinin ayaqları necə də gözəldir! O, xoş müjdə gətirir, qurtuluş xəbəri verir, Sion xalqına “Allahınız hökm sürür!” bəyan edir» (Yeşaya 52:7).
11 Bu ayədəki «Allahınız hökm sürür!» açar ifadəsi xatırladır ki, bəyan etməli olduğumuz xəbər — Allahın Padşahlığı haqqındakı xoş xəbərdir (Mark 13:10). Həmçinin diqqət yetirin ki, bu ayədə bəyan etdiyimiz xəbərin müsbət cəhətləri qeyd edilir. Yeşaya «qurtuluş», «xoş müjdə» və «sülh» kimi ifadələrdən istifadə edir. Bu peyğəmbərlik yüzilliklər sonra, eramızın birinci əsrində, İsa Məsih Allahın gələcək Padşahlığı haqqında sə’ylə təbliğ edərək nümunə verdiyi zaman yerinə yetdi (Luka 4:43). Bizim günlərdə, xüsusilə də 1919-cü ildən e’tibarən, Yehovanın Şahidləri Allahın tə’sis edilmiş Padşahlığı və onun gətirəcəyi xeyir-dualar haqqında sə’ylə təbliğ etməklə İsanın qoyduğu nümunəni təqlid edirlər.
12. Padşahlıq haqqındakı xoş xəbər onu qəbul edənlərə necə tə’sir göstərir?
12 Padşahlıq haqqındakı xoş xəbər ona hay verən insanlara necə tə’sir edir? İsanın günlərində olduğu kimi, xoş xəbər insanlara bu gün də ümid və təsəlli gətirir (Romalılara 12:12; 15:4). Səmimi qəlbli insanlar qarşıda daha yaxşı bir dövrün olacağını gözləməyə tam əsasları olduğunu öyrənəndə ümid əldə edirlər (Matta 6:9, 10; 2 Peter 3:13). Bu cür ümid Allah qorxusuna malik olan insanlara müsbət baxışları qoruyub saxlamağa kömək edir. Məzmurçu deyir ki, onları «pis xəbərlər qorxutmaz» (Məzmur 112:1, 7).
‘Qəlbləri sınıq olanların yaralarını sarıyan’ xəbər
13. Yeşaya peyğəmbər xoş xəbəri qəbul edənlərin dərhal aldıqları xeyir-duaları necə təsvir edir?
13 Xoş xəbəri qəbul edənlər dərhal təsəlli və xeyir-dualar əldə edirlər. Necə? Yeşaya peyğəmbər bu xeyir-dualardan bə’zilərinə diqqət yetirmişdir: «Xudavənd Rəbbin Ruhu üzərimdədir, çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbləri sınıq olanların yaralarını sarımaq üçün, əsirlərə azadlıq, dustaqlara hürriyyət e’lan etmək üçün, Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, yaslıların hamısına təsəlli vermək üçün... Rəbb məni göndərdi» (Yeşaya 61:1-3; Luka 4:16-21).
14. a) «Qəlbləri sınıq olanların yaralarını sarımaq» ifadəsi Padşahlıq haqqındakı xəbərə dair bizə nə öyrədir? b) Qəlbləri sınıq olanlara qayğı göstərməkdə Yehovanı necə təqlid edirik?
14 Bu peyğəmbərliyə əsasən, İsa xoş xəbəri təbliğ etməklə ‘qəlbləri sınıq olanların yaralarını sarıyacaq’. Yeşaya necə də parlaq obraz yaratmışdır! Bir Müqəddəs Kitab lüğətinə əsasən, burada istifadə olunan ibranicə «sarımaq» fe’li «çox vaxt dərman sürtərək və sarıyaraq xəstəni müalicə etməyi nəzərdə tutur». Qayğıkeş tibb bacısı xəstənin yarasını sarıyaraq və ya üzərinə kompress qoyaraq onun ağrılarını azalda bilər. Eynilə qayğıkeş təbliğçilər də, Padşahlıq haqqındakı xoş xəbəri təbliğ edərkən bu xəbərə hay verən və müəyyən səbəblər üzündən kədər içində olan insanlara yardım edirlər. Təsəlliyə ehtiyacı olanların qayğısına qalmaqla, biz Yehovanı təqlid edirik (Yezekel 34:15, 16). Məzmurçu deyir ki, Allah «sınıq qəlblərə şəfa verər, yaralarını sarıyar» (Məzmur 147:3).
Padşahlıq haqqındakı xəbər insanların həyatını dəyişir
15, 16. Həyatda baş verən hansı hadisələr göstərir ki, Padşahlıq haqqındakı xəbər insanlar üçün kömək və qüvvə mənbəyidir?
15 Həyatda baş verən çoxsaylı hadisələr Padşahlıq haqqındakı xəbərin qəlbi sınıq olanlara necə təsəlli verdiyini və onları möhkəmləndirdiyini göstərir. Cənubi Amerikadan olan Oreanna adlı qadının hadisəsini nəzərdən keçirək. Bu yaşlı qadın yaşamaq arzusunu itirmişdi. Yehovanın Şahidi olan bir qadın ona baş çəkməyə, Müqəddəs Kitabı və «Mənim Müqəddəs Kitab hekayələri kitabım» nəşrini oxumağa başladıb. Depressiyada olan bu qadın əvvəlcə yataqda gözləri yumulu qulaq asır və hərdənbir dərindən ah çəkirdi. Lakin çox keçmədən, onun üçün oxuyanda o, çarpayıda oturmağa çalışırdı. Bir müddət keçdikdən sonra isə o, artıq qonaq otağında kresloda oturub bacımızı gözləyirdi. Sonra isə qadın Padşahlıq Zalında keçirilən məsihçi görüşlərinə getməyə başladı. Bu görüşlərdə öyrəndikləri onu ruhlandırdı və o, evinin yanından keçənlərin hamısına Müqəddəs Kitaba əsaslanan ədəbiyyat təklif etməyə başladı. Oreanna 93 yaşında vəftiz olunub, Yehovanın Şahidi oldu. Padşahlıq haqqındakı xəbər onda yaşamaq arzusu oyatdı (Süleymanın məsəlləri 15:30; 16:24).
16 Padşahlıq haqqındakı xəbər sağalmaz xəstəlik ucbatından tezliklə öləcəklərini bilən insanlara da güclü kömək edir. Qərbi Avropadan olan Mariyanın nümunəsini nəzərdən keçirək. O, sağalmaz xəstəlikdən əziyyət çəkir və bütün ümidini itirmişdi. Yehovanın Şahidləri onun yanına gələndə depressiyada idi, lakin Allahın niyyətləri haqqında öyrənəndə həyatı mə’na ilə doldu. O vəftiz olunub, sə’ylə təbliğ etməyə başladı. Ömrünün son iki ili ərzində gözləri ümid və sevinclə dolu idi. Mariya öləndə dirilməyə möhkəm ümidi vardı (Romalılara 8:38, 39).
17. a) Padşahlıq haqqındakı xəbəri qəbul edənlərin həyatı necə dəyişilir? b) Şəxsən siz necə əmin olmusunuz ki, Yehova «qəddi əyilənlərin hamısını qaldırır»?
17 Bu kimi hadisələr şəhadətlik edir ki, Padşahlıq haqqındakı xəbər Müqəddəs Kitab həqiqətini arzulayan insanların həyatını dəyişir. Əzizlərinin ölümünə görə kədər içində olanlar dirilməyə olan ümid barəsində eşidəndə yenidən qüvvə əldə edirlər (1 Saloniklilərə 4:13). Ehtiyac içində yaşayanlar və ailələrini güclə dolandıranlar, əgər Yehovaya sadiq qalarlarsa onları heç vaxt tərk etməyəcəyini öyrənəndə, şəxsi ləyaqət hissi əldə edir və cəsarətlənirlər (Məzmur 37:28). Depressiya ilə mübarizədə ümidsizliyə qapılanlar Yehovanın köməyi sayəsində tədricən daxili qüvvə əldə edir və hətta bu xəstəliyin öhdəsindən gələ bilirlər (Məzmur 40:1, 2). Yehova Kəlamındakı qüvvənin vasitəsilə artıq indidən «qəddi əyilənlərin hamısını qaldırır» (Məzmur 145:14). Allahın Padşahlığı haqqındakı xoş xəbərin sahəmizdəki və məsihçi yığıncağındakı qəlbi sınıq insanlara necə təsəlli gətirdiyini görəndə, bu gün ən yaxşı xəbərə malik olduğumuza dönə-dönə əmin oluruq (Məzmur 51:17).
«Allaha duam, onların xilası üçündür»
18. Yəhudilər xoş xəbəri rədd etdikdə Pavel hansı hissləri keçirirdi və nəyə görə?
18 Bəyan etdiyimiz xəbərin ən yaxşı xəbər olmasına baxmayaraq, çoxları onu qəbul etmir. Belə hallarda hansı hissləri keçiririk? Pavelin keçirdiyi hissləri. O, tez-tez yəhudilərə təbliğ edirdi, lakin onların əksəriyyəti qurtuluş xəbərini rədd etdilər. Pavel buna görə çox kədərlənmişdi. O e’tiraf edirdi: «Böyük kədərim və ürəyimdə daimi iztirabım var» (Romalılara 9:2). O, təbliğ etdiyi yəhudilərə şəfqət hissi bəsləyir və onların bu xəbərə qulaq asmadıqları üçün kədərlənirdi.
19. a) Nəyə görə hərdən kədərlənməyimiz təəccüblü deyil? b) Durmadan təbliğ etməkdə Pavelə nə kömək edirdi?
19 Biz də insanlara şəfqət hissi bəslədiyimiz üçün təbliğ edirik. Buna görə də təəccüblü deyil ki, insanlar Padşahlıq haqqındakı xəbəri rədd edəndə kədərlənirik. Bu, bizim təbliğ etdiyimiz insanların ruhani rifahının qeydinə qaldığımızı göstərir. Ancaq biz həvari Pavelin nümunəsini unutmamalıyıq. Durmadan təbliğ etməkdə ona nə kömək edirdi? Yəhudilərin Allahın kəlamını rədd etməsi onun üçün çox ağır olsa da, Pavel onların arasında xoş xəbərə hay verənlərin olacağına inanırdı. O ümid edirdi ki, Məsihi qəbul edəcək insanlar tapılacaq. Buna görə də Pavel ayrı-ayrılıqda hər bir yəhudi haqqında düşünərək yazmışdır: «Ürəyimdəki arzu və İsrail üçün Allaha duam, onların xilası üçündür» (Romalılara 10:1).
20, 21. a) Təbliğ xidmətimizdə Pavelin nümunəsini necə təqlid edə bilərik? b) Növbəti məqalədə təbliğ xidmətimizin hansı sahəsi müzakirə olunacaq?
20 Pavelin iki vacib şeyi qeyd etdiyinə nəzər salaq: o, heç olmazsa, bə’zi insanların xilas olmasını bütün ürəkdən arzu edir və bu haqda Allaha yalvarırdı. Bu gün biz Pavelin nümunəsini təqlid edirik. Biz xoş xəbərə meylli olanları axtarıb tapmağı səmimi qəlbdən arzulayırıq. Biz belə insanları tapa bilmək və onların xilasa aparan yol ilə getmələrinə kömək edə bilmək üçün, həmişə Yehovaya dua edirik (Süleymanın məsəlləri 11:30; Yezekel 33:11; Yəhya 6:44).
21 Lakin Padşahlıq haqqındakı xəbərin mümkün qədər çox insanlara çatması üçün, biz nə üçün və nəyi təbliğ etdiyimizdən başqa, necə təbliğ etdiyimizə də diqqət yetirməliyik. Bu mövzu növbəti məqalədə müzakirə olunacaq.
[Haşiyələr]
a Bu məqalədə ilk iki sahə, növbəti məqalədə isə üçüncü sahə nəzərdən keçiriləcək.
b Yehovanın Şahidləri tərəfindən bir çox dillərdə dərc olunub.
Siz nə öyrəndiniz?
• Biz nə üçün təbliğ edirik?
• İnsanlara çatdırmaq istədiyimiz ən vacib xəbər hansıdır?
• Padşahlıq haqqındakı xəbəri qəbul edənlər hansı xeyir-duaları alırlar?
• Təbliğ xidmətimizi davam etdirməkdə bizə nə kömək edəcək?
[20-ci səhifədəki şəkillər]
Padşahlıq haqqındakı xəbər qəlbləri sınıq olanlara qüvvə verir.
[22-ci səhifədəki şəkillər]
Dua təbliğ xidmətində dözümlü olmağa kömək edir.