Allahın niyyətini yerinə yetirmək üçün ‘işlərin idarəsi’
‘[Allah] Öz iradəsinin qərarına görə hər şeyi icra edir’ (EFESLİLƏRƏ 1:11).
1. 2006-cı il aprelin 12-də Yehovanın Şahidlərinin bütün yığıncaqlarında hansı görüş keçiriləcək?
ÇƏRŞƏNBƏ gününün axşamı 2006-cı il aprelin 12-si təxminən 16 milyon insan İsa Məsihin Xatirə Gecəsini qeyd etmək üçün toplaşacaq. Bu mərasimin keçiriləcəyi hər yerdə, İsanın bədəninin rəmzi olan mayasız çörək və onun tökülən qanını təmsil edən qırmızı şərab olacaq. Xatirə Gecəsinin mə’nasını izah edən mə’ruzə söylənildikdən sonra, əvvəlcə çörək, sonra isə şərab bütün iştirak edənlərə ötürüləcək. Yehovanın Şahidlərinin yalnız bə’zi yığıncaqlarında bir və ya bir neçə nəfər bu simvollardan qəbul edəcəkdir. Lakin yığıncaqların çoxunda bunu heç kim etməyəcək. Nəyə görə bu simvollardan yer üzündə yaşamaq ümidi olanlar deyil, yalnız göydə yaşamaq ümidinə malik olan azsaylı məsihçilər qəbul edir?
2, 3. a) Yehova hər şeyi Öz niyyətinə müvafiq olaraq necə yaradırdı? b) Yehova Yer kürəsini və bəşəriyyəti hansı məqsədlə yaratmışdır?
2 Yehova Allahın niyyəti vardır. O, Öz niyyətini yerinə yetirərək ‘hər şeyi Öz iradəsinin qərarına görə icra edir’ (Efeslilərə 1:11). Yehova başlanğıcda vahid Oğlunu yaratdı (Yəhya 1:1, 14; Vəhy 3:14). Sonra onunla birlikdə digər ruhani oğullarını, yə’ni mələkləri, Yer kürəsini və insanlar da daxil olmaqla fiziki Kainatı yaratdı (Əyyub 38:4, 7; Məzmur 103:19-21; Yəhya 1:2, 3; Koloslulara 1:15, 16).
3 Xristian dünyasının bir çox kilsələrində öyrədildiyi kimi, Yehova Yer kürəsini insanları sınamaq, sonra da layiq olanları göylər həyatına götürmək üçün yaratmamışdı. O, Yeri müəyyən məqsədlə, «yaşamaq üçün» yaratmışdı (Yeşaya 45:18). Allah Yeri insan, insanı isə Yer üçün yaratmışdır (Məzmur 115:16). Bütün Yer kürəsi Cənnətə çevrilməli, orada saleh insanlar yaşamalı və onu becərib, saxlamalı idilər. İlk insan cütünün nə vaxtsa göydə yaşaması Allahın niyyətində yox idi (Yaradılış 1:26-28; 2:7, 8, 15).
Yehovanın niyyətinin yerinə yetməsi sual altındadır
4. Bəşər tarixinin başlanğıcında Yehovanın hökmranlıq hüququ necə şübhə altına alındı?
4 Allahın ruhani oğullarından biri Ona qarşı üsyan qaldırdı və iradə azadlığı ən’amından sui-istifadə edərək Allahın niyyətinə əngəl törətmək qərarına gəldi. O, Allaha məhəbbətlə tabe olanlar arasında hökm sürən sülhü pozdu. Şeytan ilk insan çütünü Yehovaya itaətsiz olmağa təhrik etdi (Yaradılış 3:1-6). O, Yehovanın qüvvəyə malik olub-olmadığını deyil, Onun hökmranlıq hüququnu və hakimiyyətinin ədalətliliyini şübhə altına qoydu. Beləliklə, Yehovanın hökmranlığına dair mübahisəli sual ilk dəfə burada, yer üzündə, bəşər tarixinin başlanğıcında qaldırılmışdır.
5. Hansı ikinci mübahisəli sual qaldırılmışdı və bu kimlərə aid idi?
5 Əyyubun günlərində Şeytan Yehovanın Kainatda hökmranlıq etmək hüququ ilə bağlı ikinci mübahisəli sualı da qaldırdı. O, insanların və mələklərin səmimiliyini şübhə altına aldı. Şeytan iddia edirdi ki, onlar Yehovaya xudbin məqsədlərlə itaət və xidmət edirlər, sınağa çəkildikləri təqdirdə isə Allahdan üz döndərəcəklər (Əyyub 1:7-11; 2:4, 5). İblisin qaldırdığı sual Allahın yerdəki xidmətçilərinə aid olsa da, bu sual Yehovanın ruhani oğullarına, hətta Onun vahid Oğluna da toxunurdu.
6. Yehova Öz niyyətinə və adının mə’nasına necə sadiq qaldı?
6 Niyyətinə və adının mə’nasına sadiq qalaraq Yehova Özünün Peyğəmbər və Xilaskar olmasına yol verdia. O, Şeytana demişdi: «Mən səninlə qadın arasına, sənin balanla [«zürriyyətinlə», KM] onun övladı [«zürriyyəti», KM] arasına düşmənçilik salıram. Bu övlad [«zürriyyət», KM] sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan» (Yaradılış 3:15). Yehova ‘qadının’ Zürriyyəti, yə’ni Öz təşkilatının səmavi hissəsinin vasitəsilə Şeytanın meydan oxumasına cavab vermək və Adəmin övladlarına azad olunmaq və yaşamaq ümidini vermək fikrində idi (Romalılara 5:21; Qalatiyalılara 4:26, 31).
Onun iradəsinin müqəddəs sirri
7. Yehova həvari Pavelin vasitəsilə hansı niyyətini açıqladı?
7 Həvari Pavel Efes şəhərindəki məsihçilərə yazdığı məktubunda Yehovanın Öz niyyətini yerinə yetirmək üçün işləri necə idarə etdiyini çox gözəl izah etdi. O yazmışdı: «Allah, Məsihdə niyyət etdiyi Öz iltifatına görə, Öz iradəsinin [«müqəddəs», YD] sirrini bizə bildirdi. Vaxt tamam olduqda [«işlərin idarəsi vasitəsilə», YD] icra ediləcək bu niyyət, həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihin başçılığı altında birləşdirməkdir» (Efeslilərə 1:9, 10). Yehovanın izzətli niyyəti ondan ibarətdir ki, Kainatda Onu sevən və yekdilliklə Onun hökmranlığına itaət edənlər yaşasın (Vəhy 4:11). Onda Şeytanın yalanı ifşa olunacaq, Yehovanın adı izzətlənəcək və Onun müqəddəs iradəsi «göydə olduğu kimi, yerdə də» yerinə yetəcəkdir (Matta 6:10).
8. «İşlərin idarə edilməsi» kimi tərcümə olunan sözün mə’nası nədir?
8 Pavelin yazdığı kimi, Yehovanın «iltifatı», yə’ni niyyəti «işlərin idarəsi» vasitəsilə yerinə yetəcək. Pavelin burada işlətdiyi sözün hərfi mə’nası «ev işlərini görmək» deməkdir; bu söz heç bir hökumət orqanına, məsələn, Xilaskar Padşahlığa aid deyilb. Yehovanın Öz niyyətini yerinə yetirərək işləri görmək üsulu, əsrlər boyunca açıqladığı ‘müqəddəs sirlə’ bağlıdır (Efeslilərə 1:10; 3:9).
9. Yehova Öz niyyətinin müqəddəs sirrini tədricən necə açıqlayırdı?
9 Yehova Eden bağında və’d etdiyi Zürriyyətlə bağlı niyyətinin necə yerinə yetəcəyini, bağladığı bir sıra əhdlər vasitəsilə tədricən açıqlayırdı. İbrahimlə bağladığı əhddən mə’lum oldu ki, Zürriyyət İbrahimin nəslindən gələcək və onun vasitəsilə ‘bütün millətlər’ xeyir-dua alacaq. Bu əhd, həmçinin nəzərdə tuturdu ki, Zürriyyətin əsas hissəsi ilə yanaşı, ikinci dərəcəli hissə də olacaq (Yaradılış 22:17, 18). Yehovanın İsrail xalqı ilə bağladığı Qanun əhdi, Onun «kahinlər səltənəti» yaratmaq niyyətində olduğunu göstərdi (Çıxış 19:5, 6). Davudla bağlanan əhd Zürriyyətin ‘əbədiyyən’ padşahlıq edəcəyini açıqladı (2 Şamuel 7:12, 13; Məzmur 89:3, 4). Qanun əhdi yəhudiləri Məsihin gəlişinə hazırladıqdan sonra, Yehova Öz niyyətinin həyata keçməsinə dair növbəti açıqlamaları etdi (Qalatiyalılara 3:19, 24). Zürriyyətin əsas hissəsi ilə bağlı olanlar peyğəmbərlik edilmiş ‘kahinlər səltənətini’ təşkil edəcək, onlarla — yeni, ruhani ‘İsraillə’ ‘yeni əhd’ bağlanacaqdı (Yeremya 31:31-34; İbranilərə 8:7-9)c.
10, 11. a) Və’d edilmiş Zürriyyətin kim olduğunu Yehova necə göstərdi? b) Allahın vahid Oğlu nəyə görə yer üzünə gəlmişdi?
10 Allah ‘işləri’ elə ‘idarə edirdi’ ki, Zürriyyət, niyyətinə müvafiq olaraq, tə’yin olunmuş vaxtda yer üzünə gəldi. Yehova Cəbrayıl mələyi Məryəmin yanına göndərib, bir uşaq doğacağı və adını İsa qoyacağı haqda xəbər verməyi tapşırdı. Mələk ona dedi: «O, böyük olacaq, Haqq-Taala Allahın Oğlu adlanacaqdır; və Rəbb Allah Ona atası Davudun taxtını verəcəkdir. Əbədi olaraq Yaqubun soyu üzərində hökmranlıq edəcək və Onun Səltənətinin [Padşahlığının] sonu olmayacaqdır» (Luka 1:32, 33). Və’d edilmiş Zürriyyətin kim olduğu belə aydın oldu (Qalatiyalılara 3:16; 4:4).
11 Yehovanın vahid Oğlu yer üzünə gəlməli və axıra qədər imtahan olunmalı idi. Şeytana qəti cavabın verilməsi tamamilə İsadan asılı idi. O, Atasına sadiq qalacaqdımı? Bu, müqəddəs sirrin bir hissəsi idi. Bir qədər sonra həvari Pavel, İsanın yer üzünə gəlməsinin məğzini izah edərək, demişdir: «Kimsə inkar etməz ki, Allah yolunun [«müqəddəs», YD] sirri böyükdür: ...[İsa] bədəndə zühur etdi, Ruh tərəfindən təsdiq olundu, mələklərə göründü, xalqlar arasında təbliğ olundu, dünyada imanla qarşılandı, izzətlə yuxarı qaldırıldı» (1 Timoteyə 3:16). Bəli, İsa ölümədək sadiq qalaraq Şeytanın meydan oxumasına qəti cavab verdi. Lakin müqəddəs sirrin bə’zi təfsilatları hələ də açılmamış qalırdı.
Allahın Padşahlığının müqəddəs sirri
12, 13. a) Allahın Padşahlığının müqəddəs sirrinin bir hissəsi nədən ibarətdir? b) Bə’zi insanları göylər həyatına hazırlamaq üçün Yehovaya nə etmək lazım gəldi?
12 Qalileyadakı təbliğ səyahətlərindən birində İsa göstərdi ki, müqəddəs sirr onun Xilaskar Padşahlığı ilə sıx bağlıdır. O, şagirdlərinə dedi: «Göylərin Padşahlığının [«Allahın Padşahlığının», Mark 4:11] sirrlərini bilmək sizə verilmişdir» (Matta 13:11, İ–93). Bu sirrin bir hissəsi Yehova tərəfindən «kiçik sürü»nün, 144 000 nəfər adamın seçilməsi idi; onlar Zürriyyətin bir hissəsini təşkil edərək, Onun Oğlu ilə birlikdə göydə padşahlıq etməli idilər (Luka 12:32; Vəhy 14:1, 4).
13 İnsanlar yer üzündə yaşamaq üçün yaradılıblar, buna görə məsh edilmişlərin göyə gedə bilməsi üçün, Yehovaya ‘yeni məxluqlar’ yaratmaq lazım gəldi (2 Korinflilərə 5:17). Belə ümidə malik olanlardan biri, həvari Peter yazırdı: «Rəbbimiz İsa Məsihin Allahı və Atasına həmd olsun ki, Öz böyük mərhəmətinə görə, İsa Məsihin ölülərdən dirilməsi ilə yenidən doğulmamızı tə’min edib, bizi yaşayan bir ümidə, göylərdə sizin üçün saxlanmış, çürüməz, ləkəsiz, solmaz bir mirasa çatdırdı» (1 Peter 1:3, 4).
14. a) Allahın Padşahlığının müqəddəs sirri qeyri-yəhudilərlə necə bağlıdır? b) Biz «Allahın dərin düşüncələrini» nəyin sayəsində başa düşürük?
14 Müqəddəs sirrin digər hissəsi ondan ibarət idi ki, Yehova İsanın səmavi hakimiyyət şəriklərinin sırasına qeyri-yəhudiləri də daxil etmək qərarına gəldi. Pavel Yehovanın ‘işləri idarə etməsinin’ bu cəhətini belə izah etdi: «Bu sirr başqa nəsillərdə insan oğullarına, indi Məsihin müqəddəs həvarilərinə və peyğəmbərlərinə Ruh vasitəsilə açıldığı kimi açılmamışdı. Sirr budur ki, yəhudi olmayanlar da Müjdə vasitəsilə eyni mirasın ortaqları, eyni bədənin üzvləri və Məsih İsada gerçəkləşən və’din şərikləridir» (Efeslilərə 3:5, 6). Müqəddəs sirrin başa düşülməsi ‘müqəddəs həvarilərə’ açıqlandı. Buna bənzər tərzdə, əgər müqəddəs ruhun köməyi olmasaydı, biz «Allahın dərin düşüncələrini» başa düşməzdik (1 Korinflilərə 2:10; 4:1; Koloslulara 1:26, 27).
15, 16. Yehova nəyə görə Məsihin hakimiyyət şəriklərini insanlardan seçdi?
15 «Quzu» ilə səmavi Sion dağında duran «yüz qırx dörd min adam» haqqında deyilir ki, onlar «yer üzündə», ‘Allaha və Quzuya [İsa Məsihə] aid olanların ilki olmaq üçün insanlar arasından satın alınmışlar’ (Vəhy 14:1-4). Yehovanın Eden bağında haqqında danışdığı Zürriyyətin əsas hissəsi Onun ilkin Oğlu oldu. Bəs onda nə üçün Allah Məsihin Padşahlıq şəriklərini insanlardan seçdi? Həvari Pavel izah edir ki, bu insanlar «Onun [Yehovanın] muradına görə», «iradəsinin iltifatına» görə də’vət olundular (Romalılara 8:17, 28-30; Efeslilərə 1:5, 11; 2 Timoteyə 1:9).
16 Yehovanın niyyəti Öz böyük və müqəddəs adını izzətləndirmək və hakimiyyətinə bəraət qazandırmaqdır. O, ‘işləri idarə etməkdə’ müqayisəyə gəlməz müdriklik təzahür etdirərək, Oğlu ölümədək imtahan olunsun deyə onu yer üzünə göndərdi. Bundan əlavə Yehova qərara gəldi ki, Oğlunun Xilaskar Padşahlığına ölümədək sadiq qalan insanlar daxil olacaq (Efeslilərə 1:8-12; Vəhy 2:10, 11).
17. Məsih və onun hakimiyyət şəriklərinin nə vaxtsa insan kimi yaşadıqları bizi nəyə görə sevindirir?
17 Oğlunu yerə göndərməklə və Məsihin hakimiyyət şəriklərini insanların arasından seçməklə, Yehova Adəmin nəsillərinə qarşı böyük məhəbbət təzahür etdirdi. Allahın ilk xidmətçisi olan Habildən başlayaraq Onun müasir xidmətçilərinədək hamı bundan hansı faydanı əldə edir? Ölüm və günahın qulları olan qeyri-kamil insanlara ruhani və fiziki şəfa veriləcək və onlar, Yehovanın bəşəriyyət üçün ilk niyyətinə müvafiq olaraq, kamilliyə gətiriləcəklər (Romalılara 5:12). Yer üzündə əbədi həyatı səbirsizliklə gözləyən bizlər üçün, səmavi Padşahın yer üzündə olarkən şagirdlərinə göstərdiyi məhəbbət və xeyirxahlığı bizə də təzahür etdirəcəyini bilmək çox təsəllivericidir (Matta 11:28, 29; İbranilərə 2:17, 18; 4:15; 7:25, 26). Məsihlə birgə göydə padşah və kahin kimi xidmət edəcək imanlı kişi və qadınların bizim kimi nə vaxtsa zəifliklərlə mübarizə apardıqlarını və həyatın çətinliklərinin öhdəsindən gəldiklərini bilmək necə də təsəllivericidir! (Romalılara 7:21-25).
Yehovanın niyyəti yerinə yetəcək
18, 19. Pavelin Efeslilərə 1:8-11 ayələrində yazılan sözlər bizim üçün indi nəyə görə daha aydındır və növbəti məqalədə nə müzakirə ediləcək?
18 İndi biz həvari Pavelin məsh edilmiş məsihçilərə Efeslilərə 1:8-11 ayələrində yazdığı sözlərini daha aydın başa düşürük. Onun sözlərinə görə Yehova «Öz iradəsinin müqəddəs sirrini» onlara açıqladı, onlar ‘Məsihdə mirasa nail oldular’ və «Öz iradəsinin qərarına görə hər şeyi icra Edənin məqsədinə əsasən əvvəldən tə’yin edildilər». Biz görürük ki, Yehovanın ‘işləri idarə etməsi’ Onun niyyətinin yerinə yetməsinə çox gözəl xidmət edir. Bu, həmçinin bizə kömək edir ki, Rəbbin axşam yeməyinə gələnlərdən nəyə görə yalnız bə’zilərinin simvollardan qəbul etməsini başa düşək.
19 Növbəti məqalədən biz Məsihin Xatirə Gecəsinin göylər ümidinə malik olan məsihçilər üçün hansı mə’na kəsb etdiyini və yer üzündə əbədi yaşamaq ümidinə malik olanların bu mərasimin simvolik mə’nası ilə nəyə görə dərindən maraqlanmalı olduğunu görəcəyik.
[Haşiyələr]
a Allahın adının hərfi mə’nası «olmasına səbəb Olan» deməkdir. Niyyətini həyata keçirmək üçün Yehova istədiyi Kəs ola bilər (Çıxış 3:14, YD).
b Pavelin sözlərindən görünür ki, «işlərin idarə edilməsi» artıq onun günlərində qüvvədə idi, halbuki Müqəddəs Yazılar Xilaskar Padşahlığın 1914-cü ildə tə’sis edildiyini göstərir.
c Allahın niyyətinin yerinə yetməsinə aid olan əhdlərin daha ətraflı izahatı üçün «Gözətçi Qülləsi»nin 1989-cu il 1 iyul sayının 10-15-ci səhifələrinə (rus.) baxın.
Təkrar üçün suallar
• Yehova Yer kürəsini və insanları hansı məqsədlə yaratmışdır?
• Yehovanın vahid Oğlunun ölümədək imtahan olunması nəyə görə lazım idi?
• Yehova nəyə görə Məsihin hakimiyyət şəriklərini insanlardan seçmişdir?