İnsanlara Müqəddəs Kitabın tə’limlərinə əməl etməyə kömək edin
«Bərəkətli torpaq üzərinə düşənlər isə onlardır ki, kəlamı eşidib, sadiq və təmiz ürəkdə saxlayırlar və səbrlə səmərə verirlər» (LUKA 8:15).
1, 2. a) «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabı hansı məqsədlə nəşr olunub? b) Ötən iki il ərzində Yehova xalqının şagird hazırlamaq işində göstərdiyi sə’yə necə xeyir-dua verib?
«KİTABA söz ola bilməz. Müqəddəs Kitabı öyrətdiyim insanların o çox xoşuna gəlir. Elə mənim də ürəyimcədir. Onun köməyilə düz qapının ağzında asanlıqla öyrənməyə başlamaq olur». Bu, Yehovanın Şahidlərinin tammüddətli xidmətçilərindən birinin «Müqəddəs Kitab əslində nə öyrədir?»a kitabı haqqında dediyi sözlərdir. Xoş xəbəri çoxdan təbliğ edən bir qardaş isə deyir: «Təbliğ etdiyim bu əlli il ərzində bir çoxlarına Yehovanı tanımağa kömək etmişəm. Ancaq bu kitab kimi öyrənmə vəsaiti hələ olmamışdı. Gözəl əyani nümunələrə və misallara heç sözüm yoxdur». Bəs sən bu kitab haqqında nə fikirləşirsən? «Müqəddəs Kitab öyrədir» kitabı İsanın «gedin, bütün xalqları şagirdim edin... Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» tapşırığını yerinə yetirməyə kömək etmək üçün nəşr olunub (Matta 28:19, 20).
2 Şübhəsiz, təxminən 6,6 milyon Şahidin İsanın tapşırığını həvəslə yerinə yetirməsi Yehovanı sevindirir (Süleymanın məsəlləri 27:11). Aydındır ki, Yehova onların sə’ylərinə xeyir-dua verir. 2005-ci xidmət ili ərzində müjdə 235 ölkə və ərazidə təbliğ olunub, orta hesabla 6 061 500 Müqəddəs Kitab öyrənməsi keçirilib. Bunun sayəsində bir çox insanlar Allahın kəlamını eşidib ‘onu bəşəri söz olaraq deyil, əslində olduğu kimi, Allahın kəlamı olaraq qəbul etmişlər’ (1 Saloniklilərə 2:13). Ötən iki il ərzində yarım milyondan çox yeni şagird həyatını Yehovanın normalarına uyğunlaşdırmış və özünü Allaha həsr etmişdir.
3. Müzakirəmiz hansı suallar ətrafında qurulacaq?
3 Sən kiminləsə Müqəddəs Kitab öyrənməsi aparırsanmı? Bütün dünyada sadiq və təmiz ürəkli insanlar hələ də vardır. Onlar Allahın Kəlamını eşidəndə onu ‘saxlayıb, səbrlə səmərə verəcəklər’ (Luka 8:11-15). Gəlin görək «Müqəddəs Kitab öyrədir» kitabından şagirdlər hazırlamaq işində necə istifadə edə bilərik. Müzakirəmiz üç sual ətrafında qurulacaq: 1) Müqəddəs Kitab öyrənməsinə necə başlamaq olar? 2) Hansı tə’lim metodları ən effektivdir? 3) Müqəddəs Kitabı öyrənən insana yalnız şagird yox, həm də Allahın Kəlamının müəllimi olmağa necə kömək etmək olar?
Müqəddəs Kitab öyrənməsinə necə başlamaq olar?
4. Nəyə görə bə’zi insanlar Müqəddəs Kitabı öyrənməyə tərəddüd edirlər və onlara necə kömək etmək olar?
4 Əgər sənə çayı bir addıma tullanıb keçməyi təklif etsəydilər, ola bilsin, boyun qaçırardın. Ancaq çayın bir sahilindən o biri sahilinədək daşlar düzülsəydi, bəlkə də, çayı keçməyə razılaşardın. Eynilə, məşğul insan Müqəddəs Kitab öyrənməsinə başlamağa tərəddüd edə bilər. Ona elə gələ bilər ki, bunun üçün çox vaxt və qüvvə tələb olunur. Bəs ona necə kömək etmək olar? Hər təkrar başçəkmə zamanı «Müqəddəs Kitab öyrədir» kitabına əsaslanan qısa müzakirələr etməklə müntəzəm öyrənməyə yol açmaq olar. Əgər yaxşı hazırlaşsan, hər təkrar başçəkmə, həmin adamın Yehovaya yaxınlaşması üçün çayın bir sahilindən o birisinədək düzülən daşlara bənzəyəcək.
5. Nə üçün «Müqəddəs Kitab öyrədir» kitabını oxumağın yaxşı olardı?
5 Kiməsə «Müqəddəs Kitab öyrədir» kitabını keçməzdən əvvəl sən özün bu nəşrlə yaxşı tanış olmalısan. Kitabı başdan axıra kimi oxumusanmı? Bir ər-arvad mə’zuniyyətə gedəndə kitabı özləri ilə götürmüşdülər. Sahildə dincələrkən onu oxumağa başladılar. Turistlərə mal satan qadın onlara yaxınlaşanda gözü kitabın adına sataşdı. Qadın ürəyini açıb dedi ki, cəmi bir neçə saat əvvəl o, duada Allaha məhz kitabın üzündəki sualı vermişdi. Onlar sevinclə kitabı qadına hədiyyə etdilər. Bəs sən vaxtı satın alaraq, növbədə durarkən, məktəbdə və ya işdə fasilə zamanı bu kitabı ikinci dəfə olsa belə oxuyursanmı? (Efeslilərə 5:15, 16). Belə etməklə bu öyrənmə vəsaiti ilə yaxşı tanış ola, həmçinin başqaları ilə onun əsasında söhbətə başlaya bilərsən.
6, 7. «Müqəddəs Kitab öyrədir» kitabı ilə öyrənməyə necə başlamaq olar?
6 Kitabı təbliğdə kiməsə təklif edəndə 4, 5 və 6-cı səhifələrdəki şəkillərdən, ayələrdən və suallardan istifadə et. Məsələn, söhbətə belə başlaya bilərsən: «Bəşəriyyətin bu gün üz-üzə gəldiyi problemləri nəzərə alsaq, sizin fikrinizcə, e’tibarlı rəhbərliyi haradan tapa bilərik?». Həmsöhbətinin cavabını diqqətlə dinləyəndən sonra 2 Timoteyə 3:16, 17 ayələrini oxu və problemlərin həllinin Müqəddəs Kitabda yazıldığını izah et. Sonra 4 və 5-ci səhifələri açıb soruş: «Burada göstərilən problemlərdən hansı sizi daha çox narahat edir?». Onun cavabından sonra kitabı ona ver ki, sən Müqəddəs Kitabdan müvafiq ayəni oxuyub qurtarana qədər tutsun. Sonra 6-cı səhifəni oxu və həmsöhbətindən soruş: «Bu altı sualdan hansına cavab tapmaq istəyərdiniz?». O, birini seçəndə həmin suala cavab verən fəsli göstərib, kitabı ona ver. Sualı müzakirə etmək üçün növbəti görüşü tə’yin et.
7 Təqdimə təxminən beş dəqiqə çəkəcək. Ancaq bu vaxt ərzində sən həmsöhbətini narahat edən problemi öyrənəcək, iki ayə oxuyub onu izah edəcək və təkrar başçəkmə üçün təməl qoyacaqsan. Bu qısa söhbət onun axır vaxtlarda etdiyi ən ruhlandırıcı və ən təsəlliverici söhbət ola bilər. Ehtimal ki, o, nə qədər məşğul olsa da, növbəti gəlişini səbirsizliklə gözləyəcək və sənin ‘həyata aparan yolda’ yeni addım atmaq üçün ona kömək etmək imkanın olacaq (Matta 7:14). Ev sahibinin marağı artdıqca öyrənmənin vaxtını da uzatmaq lazımdır. Bunun üçün ona öyrənməni ev şəraitində, bir qədər çox vaxt ərzində keçirməyi təklif etmək olar.
Effektiv tə’lim metodları
8, 9. a) Öyrənəni maneə və sınaqlara necə hazırlamaq olar? b) Möhkəm imanı inşa etmək üçün odadavamlı materialları haradan tapa bilərsən?
8 İnsan Müqəddəs Kitabdan öyrəndiklərini həyatında tətbiq etməyə başlayanda ehtimal ki, o, ruhani inkişafını ləngidən maneələrlə üzləşəcək. Həvari Pavel demişdi: «Allah yolunda Məsih İsaya bağlı olaraq yaşamaq istəyənlərin hamısı da tə’qibə mə’ruz qalacaqdır» (2 Timoteyə 3:12). Pavel bu sınaqları keyfiyyətsiz tikinti materialları külə döndərən, lakin qızıl, gümüş və qiymətli daşlar kimi materiallara zərər vura bilməyən odla müqayisə etdi (1 Korinflilərə 3:10-13; 1 Peter 1:6, 7). Odadavamlı materiallardan tikərək öyrənənə üzləşəcəyi sınaqlara mətanətlə tab gətirmək üçün lazım olan keyfiyyətləri inkişaf etdirməyə kömək et.
9 Məzmurçu «Rəbbin kəlamları»nı «kürədə əridilən, yeddi dəfə təmizlənən gümüş»ə bənzədir (Məzmur 12:6). Bəli, möhkəm imanın inşasında istifadə olunan bütün qiymətli materialları Müqəddəs Kitabda tapmaq olar (Məzmur 19:7-11; Süleymanın məsəlləri 2:1-6). «Müqəddəs Kitab öyrədir» kitabı ayələrdən effektiv surətdə istifadə etməyi öyrədir.
10. Öyrənənin diqqətini Müqəddəs Kitaba necə yönəldə bilərsən?
10 Öyrənmə zamanı öyrənənin diqqətini fəsildəki ayələrə yönəlt. Düşündürücü suallar verərək öyrənənə əsas ayələri başa düşməyə və şəxsən özünə tətbiq etməyə kömək et. Ona nə etmək lazım olduğunu demə. İsadan nümunə götür. Qanunu yaxşı bilən bir nəfər İsaya sual verəndə o dedi: «Qanunda nə yazılıb? Necə oxuyursan?». Həmin adam Müqəddəs Yazılardan cavab verəndə İsa bir məsəl çəkərək ayədəki prinsipi başa düşməyə və onu şəxsən özünə necə tətbiq edə biləcəyini görməyə kömək etdi (Luka 10:25-37). «Müqəddəs Kitab öyrədir» kitabında bir çox sadə əyani misallar var. Onlardan istifadə edərək öyrənənə Müqəddəs Kitab prinsiplərinin şəxsən ona necə aid olduğunu göstər.
11. Hər dərsdə nə qədər material keçmək lazımdır?
11 İsa mürəkkəb fikirləri sadə sözlərlə çatdırdığı kimi, «Müqəddəs Kitab öyrədir» kitabında da Allahın Kəlamı sadə və aydın tərzdə izah edilir (Matta 7:28, 29). Sən də İsadan nümunə götürərək fikirləri sadə, aydın və düzgün tərzdə çatdır. Materialı tez-tələsik keçməyə çalışma. Hər dəfə neçə abzas keçəcəyini müəyyən edəndə şagirdin qabiliyyətini və vəziyyətini nəzərə al. İsa şagirdlərinin imkanlarını bilirdi və onlara həmin vaxt lazım olandan artıq mə’lumat vermirdi (Yəhya 16:12).
12. «Əlavələr»dən necə istifadə etmək lazımdır?
12 «Müqəddəs Kitab öyrədir» kitabında 14 mövzudan ibarət «Əlavələr» bölməsi var. Sənə bir müəllim kimi, öyrənənin tələbatlarını nəzərə alaraq, materialı necə keçəcəyini müəyyən etmək lazımdır. Məsələn, ola bilər ki, o, əvvəlki dini e’tiqadına görə hansısa mövzunu çətin qavrayır və ya onda çoxlu suallar yaranır. Bə’zi hallarda bölmənin müvafiq mövzusunu ona göstərmək olar ki, özü tək araşdırsın. Digər tərəfdən isə, öyrənənin tələbatlarını nəzərə aldıqdan sonra, həmin mövzunu onunla birlikdə araşdırmaq qərarına gələ bilərsən. Bu bölmədə «“Can” və “ruh” anlayışlarının mə’nası nədir?», «“Böyük Babil” nədir?» kimi vacib mövzular nəzərdən keçirilir. Ola bilər, bu mövzuları öyrənənlə müzakirə etmək istəyəsən. «Əlavələr»də suallar yoxdur, buna görə də, mə’nalı suallar tərtib etmək üçün sən özün oradakı mə’lumatla yaxşı tanış olmalısan.
13. İmanın möhkəmlənməsində dua hansı rolu oynayır?
13 Məzmur 127:1 ayəsində deyilir: «Evi Rəbb tikməzsə, bənnaların zəhməti boşa gedər». Öyrənməyə başlamazdan əvvəl Yehovaya kömək üçün dua et. Qoy hər dərsin əvvəlindəki və sonundakı dualarından Yehova ilə münasibətlərinin yaxın və səmimi olduğu hiss olunsun. Öyrənəni Yehovadan Kəlamını başa düşmək üçün hikmət və məsləhətlərinə riayət etmək üçün güc istəməyə təşviq et (Yaqub 1:5). Əgər o belə etsə, sınaqlara tab gətirə biləcək və imanı getdikcə möhkəmlənəcək.
Öyrənənə Müqəddəs Kitab müəllimi olmağa kömək et
14. Müqəddəs Kitabı öyrənənlər hansı addımı atmalıdırlar?
14 Əgər Müqəddəs Kitabı öyrətdiyimiz adam İsanın tapşırdığı «hər şeyə» əməl etməlidirsə, onda o, təkcə öyrənməklə kifayətlənməməli, həm də Allahın Kəlamının müəllimi olmalıdır (Matta 28:19, 20; Həvarilərin işləri 1:6-8). Bu məqsədə doğru ruhani inkişaf etməkdə ona necə kömək edə bilərsən?
15. Müqəddəs Kitabı öyrənənləri nə üçün məsihçi görüşlərinə gəlməyə təşviq etmək lazımdır?
15 Elə ilk dərsdən öyrənəni yığıncaq görüşlərinə də’vət et. Ona izah et ki, məhz görüşlərdə Allahın Kəlamının məharətli müəllimi olmaq üçün lazımi tə’lim verilir. Bir neçə həftə ərzində hər dərsin sonunda görüşlər və konqreslərdə verilən ruhani tə’lim proqramı haqqında danışmağa vaxt ayır. Bunun sənə gətirdiyi faydadan şövqlə danış (İbranilərə 10:24, 25). Müqəddəs Kitabı öyrənən adam görüşlərdə müntəzəm iştirak edərsə, çox ehtimal ki, o, Allahın Kəlamının müəllimi olacaq.
16, 17. Öyrənən qarşısına hansı əlçatan məqsədlər qoya bilər?
16 Öyrənənə qarşısına əlçatan məqsədlər qoymağa kömək et. Məsələn, onu təşviq et ki, öyrəndiklərini dost-tanışları ilə bölüşsün və ya Müqəddəs Kitabı başdan axıra kimi oxusun. Əgər o, indi Allahın Kəlamını hər gün oxusa, bu vərdiş ona vəftizdən sonra da uzunmüddətli fayda gətirəcək. Bundan başqa, nəyə görə şagirdə hər fəslin əsas sualına cavab verən heç olmasa bir ayəni yadda saxlamağı təklif etməyəsən? Bu məsləhətlərə riayət etsən o, «utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi» olacaq (2 Timoteyə 2:15).
17 Öyrənənə sadəcə olaraq ayəni əzbərləməyi və ya onu öz sözləri ilə söyləməyi öyrətmə. İmanı barəsində ondan hesabat istəyənlərə cavab verən zaman olduğu kimi, qoy o, ayənin müzakirə olunan mövzu ilə bağlılığını izah etsin. Sən ondan imanını izah etməyi xahiş edən qohumu və ya iş yoldaşı rolunda çıxış edə bilərsən. Belə qısa məşqlərin faydası dəyə bilər. Öyrənənə «mülayimliklə və ehtiramla» cavab verməyi öyrət (1 Peter 3:15).
18. Müqəddəs Kitabı öyrənən adam vəftiz olunmamış təbliğçi olanda ona daha necə kömək edə bilərsən?
18 Müəyyən vaxtdan sonra ola bilsin ki, öyrənən təbliğçi üçün tələblərə cavab verəcək. Onunla söhbətdə vurğula ki, xidmətdə iştirak etməyə icazə verilməsi böyük şərəfdir (2 Korinflilərə 4:1, 7). Ağsaqqallar öyrənənin vəftiz olunmamış təbliğçi üçün tələblərə cavab verdiyini müəyyən etdikdə, ona sadə təqdimə hazırlamağa kömək et və birlikdə xidmətə gedin. Yeni təbliğçi ilə xidmətin müxtəlif növlərində iştirak et, həmçinin ona təkrar başçəkməyə hazırlaşmağı və təkrar başçəkmə etməyi öyrət. Sənin yaxşı nümunən ona müsbət tə’sir göstərəcək (Luka 6:40).
‘Həm özünü, həm də sənə qulaq asanları xilas et’
19, 20. Qarşımıza hansı məqsədi qoymalıyıq və nə üçün?
19 Sözsüz ki, insanın ‘həqiqəti dərk etməsi’ üçün bizdən çoxlu sə’y tələb olunur (1 Timoteyə 2:4). Ancaq həyatda az şey bizə Müqəddəs Kitab tə’limlərini öyrətməkdən aldığımız qədər sevinc bəxş edə bilər (1 Saloniklilərə 2:19, 20). Bəli, ümumdünya tə’lim işində ‘Allahın əməkdaşları’ olmaq bizim üçün böyük şərəfdir! (1 Korinflilərə 3:9).
20 Yehova tezliklə İsa Məsihin və qüdrətli mələklərin vasitəsilə «Allahı tanımayan və... [Rəbb İsa] barəsindəki Müjdəyə itaət etməyənlərə cəza verəcəkdir» (2 Saloniklilərə 1:6-8). İnsanların həyatı təhlükədədir. Sən «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabı vasitəsilə heç olmasa bir öyrənmə aparmağı qarşına məqsəd qoya bilərsənmi? Bu işdə iştirak etməklə sən ‘həm özünü, həm də sənə qulaq asanları xilas edəcəksən’ (1 Timoteyə 4:16). İnsanlara Müqəddəs Kitabın tə’limlərinə əməl etməyi öyrətmək indi xüsusilə vacibdir.
[Haşiyə]
a Yehovanın Şahidləri tərəfindən dərc olunub.
Siz nə öyrəndiniz?
• «Müqəddəs Kitab öyrədir» kitabı hansı məqsədlə nəşr edilib?
• «Müqəddəs Kitab öyrədir» kitabının köməyi ilə öyrənməyə necə başlamaq olar?
• Hansı tə’lim metodları effektivdir?
• Öyrənənə Allahın Kəlamının müəllimi olmağa necə kömək edə bilərsən?
[13-cü səhifədəki şəkil]
Sən bu kitabdan məharətlə istifadə edirsənmi?
[14-cü səhifədəki şəkil]
Qısa müzakirə insanda Müqəddəs Kitaba qarşı maraq oyada bilər.
[15-ci səhifədəki şəkil]
Öyrənənin diqqətini Müqəddəs Kitaba necə yönəldə bilərsən?
[16-cı səhifədəki şəkil]
Müqəddəs Kitabı öyrənənə ruhani cəhətdən inkişaf etməyə kömək et.