‘Öyrətmək bacarığına’ diqqət yetir
«Allahın kəlamını təbliğ et... insanları tam səbirlə və təlimlə [«öyrətmək bacarığı ilə», YD] iqna, məzəmmət, təşviq et». 2 TİM. 4:2
1. İsa şagirdlərinə hansı tapşırığı vermişdi və özü necə nümunə qoymuşdu?
İSA MƏSİH yer üzündəki xidməti zamanı insanlara şəfa verərək bir çox valehedici işlər etsə də, təbib və ya möcüzə göstərən kimi yox, əsas etibarı ilə müəllim kimi tanınırdı (Mark 12:19; 13:1). İsa üçün ən vacib iş Allahın Padşahlığı haqqında xoş xəbəri bəyan etmək idi. Bu iş onun müasir davamçıları üçün də vacibdir. Məsihçilər İsanın əmr etdiyi hər şeyə riayət etməyi insanlara öyrədərək şagird hazırlamaq işini davam etdirmək tapşırığını alıblar (Mat. 28:19, 20).
2. Təbliğ etmək tapşırığını yerinə yetirmək üçün bizdən nə tələb olunur?
2 Şagird hazırlamaq tapşırığını yerinə yetirmək üçün biz öyrətmək bacarığımızı daima inkişaf etdirməyə çalışmalıyıq. Həvari Pavel bu bacarığın vacibliyini əməkdaşı Timoteyə yazarkən vurğulamışdı: «Özünə və verdiyin təlimata diqqət yetir və bu işləri davam etdir. Çünki bunu etməklə sən həm özünü, həm də sənə qulaq asanları xilas edərsən» (1 Tim. 4:16). Pavel təlimat sözü altında sadəcə bilik verməyi nəzərdə tutmurdu. Məharətli təbliğçi insanların ürəyinə yol tapır və onları həyatlarında dəyişikliklər etməyə təşviq edir. Bax, bu əsl bacarıqdır. Bəs başqalarına Allahın Padşahlığı haqqında xoş xəbəri çatdırmaq üçün ‘öyrətmək bacarığını’ necə inkişaf etdirə bilərik? (2 Tim. 4:2).
‘Öyrətmək bacarığını’ inkişaf etdir
3, 4. a) ‘Öyrətmək bacarığını’ necə inkişaf etdirə bilərik? b) Teokratik Xidmət Məktəbi məharətli müəllim olmağımıza necə kömək edir?
3 Bir lüğətə əsasən, «bacarıq — araşdırma, tətbiq və müşahidə etmək nəticəsində əldə edilən qabiliyyətdir». Allahın Kəlamını məharətlə öyrətmək üçün biz bu üç amilə diqqət yetirməliyik. Mövzunu düzgün başa düşməyin yeganə yolu, onu dua edərək araşdırmaqdır. (Məzmur 119:27, 34 ayələrini oxu.) Məharətli təbliğçilərin necə öyrətdiyini müşahidə etsək, onların tətbiq etdiyi üsulları mənimsəyər və təqlid edə bilərik. Öyrəndiklərimizi daima tətbiq etməyə çalışmaqla bacarığımızı inkişaf etdirə bilərik (Luka 6:40; 1 Tim. 4:13-15).
4 Yehova bizim ‘Dahi Nəsihətçimizdir’ (YD). O, xidmətçilərinin təbliğ tapşırığını yerinə yetirə bilmələri üçün təşkilatının yerdəki hissəsi vasitəsilə onlara rəhbərlik verir (Yeşaya 30:20, 21). Belə ki, yığıncaqlarda hər həftə Teokratik Xidmət Məktəbi keçirilir və bu Məktəbin məqsədi, ona yazılanlara Allahın Padşahlığını məharətlə təbliğ etməyi öyrətməkdir. Məktəbin əsas dərsliyi Müqəddəs Kitabdır. Bizim nə öyrətməli olduğumuzu Yehovanın ilhamlanmış Kəlamından öyrənirik. Üstəlik, orada hansı təlim üsullarının effektiv və münasib olduğu da göstərilir. Teokratik Xidmət Məktəbi daima bizə xatırladır ki, daha bacarıqlı müəllim olmaq üçün təlimlərimizi Allahın Kəlamına əsaslandırmalı, suallardan məharətlə istifadə etməli, sadə tərzdə öyrətməli və insanlara səmimi maraq göstərməliyik. Gəlin bütün bu bəndləri bir-bir araşdıraq. Sonra isə müzakirə edəcəyik ki, Müqəddəs Kitabı öyrənən adamın ürəyinə necə yol tapa bilərik.
Verdiyin təlimi Allahın Kəlamına əsaslandır
5. Öyrətdiklərimiz nəyə əsaslanmalıdır və nə üçün?
5 Yer üzündə ən Böyük Müəllim olmuş İsa təlimlərini Müqəddəs Yazılara əsaslandırırdı (Mat. 21:13; Yəh. 6:45; 8:17). O öz adından yox, onu göndərənin adından danışırdı (Yəh. 7:16-18). Biz də belə davranmalıyıq. İstər evdən-evə təbliğ edək, istərsə də Müqəddəs Kitab öyrənməsi keçirək, həmişə insanların diqqətini Allahın Kəlamına yönəltməliyik (2 Tim. 3:16, 17). Söylədiyimiz fikirlər nə qədər məntiqli olsa da, Allahın ilhamlanmış Kəlamının təsiri və gücü ilə müqayisəyə gələ bilməz. Müqəddəs Kitabın təsiri güclüdür. Müqəddəs Kitabı öyrənən adama hər nəyi başa salsaq da, ən yaxşı üsul bu haqda Müqəddəs Yazıların nə dediyini onun özünə oxutdurmaqdır. (İbranilərə 4:12 ayəsini oxu.)
6. Müqəddəs Kitabı öyrənən adamın araşdırılan materialı başa düşdüyünə necə əmin ola bilərik?
6 Əlbəttə, bu o demək deyil ki, biz Müqəddəs Kitab öyrənməsinə hazırlaşmalı deyilik. Əksinə, öyrənmə zamanı hansı ayələri açıb oxumaq lazım olduğu üzərində əvvəlcədən yaxşı-yaxşı düşünməliyik. İmanımızın təməlini təşkil edən əsas ayələri oxumaq yaxşı olardı. Həmçinin öyrənənə oxuduğu hər bir ayənin mənasını başa düşməyə kömək etmək də vacibdir (1 Kor. 14:8, 9).
Suallardan məharətlə istifadə et
7. Suallardan istifadə etmək nə üçün effektiv təlim üsuludur?
7 Suallardan məharətlə istifadə etmək insanı düşünməyə təşviq edir və təbliğçiyə kömək edir ki, öyrətdiyi adamın ürəyinə yol tapsın. Öyrənən adama Müqəddəs Kitab ayələrini izah etmək əvəzinə, xahiş et ki, bunu onun özü etsin. Bəzən öyrənənin düzgün nəticəyə gəlməsi üçün əlavə sual, yaxud bir neçə sual vermək lazım gələ bilər. Öyrənmə zamanı sən bu üsuldan istifadə etməklə öyrətdiyin adama yalnız hansısa nəticənin səbəbini başa düşməyə yox, həmçinin belə nəticənin düzgünlüyünə onun özünün əmin olmasına kömək edirsən (Mat. 17:24-26; Luka 10:36, 37).
8. Öyrənənin ürəyindəkiləri necə aşkara çıxara bilərik?
8 Sual-cavab vasitəsilə müzakirə, nəşrlərimizdə istifadə olunan təlim üsuludur. Şübhəsiz, Müqəddəs Kitabı öyrənənlərin əksəriyyəti müzakirə olunan abzasdakı məlumatdan istifadə edərək çap edilmiş suallara asanlıqla cavab verə bilər. Amma öyrənən adamın ürəyinə yol tapmaq istəyən təbliğçi sadəcə düzgün cavabı eşitməklə kifayətlənməyəcək. Məsələn, öyrənən Müqəddəs Kitabın əxlaqsızlığa dair nə dediyini düzgün izah edə bilər (1 Kor. 6:18). Lakin öyrənənin nöqteyi-nəzərinə dair yerində verilən suallar onun öyrəndikləri haqqında əslində nə düşündüyünü aşkara çıxaracaq. Ondan soruşmaq olar: «Nə üçün Müqəddəs Kitab nikahdankənar cinsi əlaqəni mühakimə edir? Allahın bu qadağası haqqında nə düşünürsən? Səncə, Allahın əxlaq normalarına uyğun yaşamağın bir xeyri varmı?» Bu suallara verdiyi cavablar onun ürəyində olanları aydın görməyə sənə kömək edəcək. (Matta 16:13-17 ayələrini oxu.)
Sadə tərzdə öyrət
9. Müqəddəs Yazılardan müəyyən məlumatı başa salanda nəyi yadda saxlamalıyıq?
9 Allahın Kəlamındakı həqiqətlərin əksəriyyəti öz-özlüyündə sadədir. Amma ola bilsin, yalan dini təlimlər hələ də Müqəddəs Kitabı öyrənən adamı çaşdırır. Belə halda, bir müəllim kimi, bizim vəzifəmiz Müqəddəs Kitabı ona asan tərzdə başa salmaqdır. Məharətli müəllim məlumatı sadə, aydın tərzdə çatdırır və onu təhrif etmir. Biz də belə etsək, həqiqəti mürəkkəbləşdirməyəcəyik. Lazımsız təfsilatlardan qaç. Oxuduğumuz ayəni hərtərəfli izah etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, öyrənin diqqətini ayənin müzakirə edilən mövzu ilə bağlı olan hissəsinə yönəlt. Onun anlayışı artdıqca, dərin Müqəddəs Kitab həqiqətlərini özü başa düşəcək (İbr. 5:13, 14).
10. Bir dəfəyə keçəcəyimiz materialın həcmini necə müəyyən etmək olar?
10 Öyrənmə zamanı nə qədər material keçilməlidir? Bunu müəyyən etmək üçün bəzi şeyləri nəzərə almaq lazımdır. Həm şagirdin, həm də müəllimin qabiliyyət və şəraiti fərqli ola bilər, ancaq həmişə yadda saxlamalıyıq ki, bir müəllim kimi məqsədimiz şagirdin möhkəm imana sahib olmasına kömək etməkdir. Buna görə də, Allahın Kəlamındakı həqiqətləri oxuması, başa düşməsi və qəbul etməsi üçün ona kifayət qədər vaxt verməliyik. Onun qavraya biləcəyindən artıq material keçməməliyik. Bununla belə, bir materialın üzərində çox dayanmaq lazım deyil. Öyrətdiyimiz adam bir materialı qavradıqdan sonra o birisinə keçmək olar (Kolos. 2:6, 7).
11. Təlim vermək məsələsində həvari Paveldən nə öyrənə bilərik?
11 Həvari Pavel xoş xəbəri sadə tərzdə təbliğ edirdi. Savadlı olmasına baxmayaraq, o, sadə xalqın başa düşməyəcəyi sözləri işlətmirdi. (1 Korinflilərə 2:1, 2 ayələrini oxu.) Müqəddəs Yazılardakı həqiqətlərin sadəliyi səmimi insanları özünə cəlb edir və onlara məmnunluq gətirir. Bu həqiqətləri başa düşmək üçün ali savad şərt deyil (Mat. 11:25; Həv. iş. 4:13; 1 Kor. 1:26, 27).
Öyrənənə Müqəddəs Kitab həqiqətlərini qiymətləndirməyə kömək et
12, 13. Öyrənən adamı öyrəndiklərinə əsasən davranmağa nə təşviq etməlidir? İzah edin.
12 Verdiyimiz təlim səmərə gətirsin deyə, öyrənənin ürəyinə yol tapmalıyıq. Şagirdin məlumatın şəxsən ona hansı aidiyyəti olduğunu, faydasını və Müqəddəs Yazıların rəhbərliyinə riayət edərsə, həyatının necə yaxşılaşacağını dərk etməsinə kömək etməliyik (Yeşaya 48:17, 18).
13 Tutaq ki, biz onunla İbranilərə 10:24, 25 ayələrini araşdırırıq. Bu ayələrdə məsihçilər həmimanlılarını Allahın Kəlamı ilə ruhlandırmaq və səmimi ünsiyyət üçün bir yerə yığışmağa təşviq olunur. Əgər öyrənən adam hələ yığıncaq görüşlərinə gəlmirsə, biz görüşlərin necə keçdiyi və növbəti görüşdə nə müzakirə olunacağı haqda qısa məlumat verə bilərik. Yığıncaq görüşlərinin ibadətimizin bir hissəsi olduğunu və hər birimizə fayda gətirdiyini vurğulaya bilərik. Sonra onu görüşlərə dəvət etmək olar. Onu Müqəddəs Kitab prinsiplərinə riayət etməyə təşviq edən öyrədən adamı razı salmaq yox, Yehovaya tabe olmaq istəyi olmalıdır (Qalat. 6:4, 5).
14, 15. a) Müqəddəs Kitabı öyrənən adam Yehova haqqında nəyi öyrənə bilər? b) Allahı tanımaq öyrənənə hansı faydanı gətirə bilər?
14 İnsanın Müqəddəs Kitabı öyrənməkdən və onun prinsiplərini tətbiq etməkdən əldə edəcəyi ən əsas fayda Yehovanı tanıması və sevməsidir (Yeşaya 42:8). Yehova yalnız sevən Ata, kainatın Yaradanı və Sahibi yox, həmçinin Onu sevən və Ona xidmət edənlərə Öz şəxsiyyətini və xüsusiyyətlərini açan Allahdır. (Çıxış 34:6, 7 ayələrini oxu.) Musa İsrail xalqını Misir köləliyindən çıxaran ərəfədə Yehova Özünü bu sözlərlə tanıtmışdı: «Mən olmaq istədiyim Kəs olacağam» (Çıx. 3:13-15, YD). Bu sözlər göstərir ki, Yehova Öz seçilmiş xalqı ilə əlaqədar niyyətlərini yerinə yetirmək üçün lazım gələn şəxs ola bilər. Beləliklə, İsrail xalqı Yehovanı bir Xilaskar, Cəngavər, onları təmin edən və Öz vədlərini yerinə yetirən bir Şəxs kimi tanıdı (Çıx. 15:2, 3; 16:2-5; Yeşua 23:14).
15 Düzdür, öyrətdiyimiz adam, Musa kimi, öz həyatında Yehovanın ona möcüzəli surətdə kömək etdiyini görməyib. Ancaq onun imanı və öyrəndiklərinə görə minnətdarlığı artdıqca və onları tətbiq etməyə başladıqca, şübhəsiz ki, cəsarət, müdriklik və rəhbərlik üçün Yehovaya ehtiyacı olduğunu anlayacaq. Bunun sayəsində, o da Yehovanı müdrik və etibarlı Məsləhətçi, Müdafiəçi və bütün ehtiyaclarımızı səxavətlə ödəyən bir Şəxs kimi tanıyacaq (Məz. 55:22; 63:7; Sül. məs. 3:5, 6).
Səmimi maraq göstər
16. Allahın Kəlamını məharətlə öyrətmək üçün nəyə görə qabiliyyət və bacarıq ən vacib şərt deyil?
16 Əgər sən öyrətmək işində istədiyin kimi məharətli olmadığını hiss edirsənsə, məyus olma. Yehova və İsa bu gün bütün dünyada keçirilən təlim proqramına nəzarət edirlər (Həv. iş. 1:7, 8; Vəhy 14:6). Onlar, sözlərimiz səmimi insanlara təsir etsin deyə, səyimizi xeyir-dualandıra bilərlər (Yəh. 6:44). Təbliğçinin Müqəddəs Kitabı öyrənən adama səmimi məhəbbəti, istənilən qabiliyyət və bacarığın yerini doldura bilər. Həvari Pavelin nümunəsindən görmək olar ki, o, öyrənən adama məhəbbət göstərməyin vacib olduğunu anlayırdı. (1 Salonikililərə 2:7, 8 ayələrini oxu.)
17. Müqəddəs Kitabı öyrənən hər bir adama səmimi marağı necə göstərə bilərik?
17 Biz Müqəddəs Kitabı öyrənən hər bir adama səmimi maraq göstərmək üçün vaxt ayırıb onunla yaxından tanış olmalıyıq. Onunla Müqəddəs Kitab prinsiplərini müzakirə etdikcə, ehtimal ki, şəraiti ilə yaxından tanış olacağıq. Bəlkə, biz onun artıq Müqəddəs Kitabdan öyrəndiyi bəzi prinsiplərə əsasən yaşadığını müşahidə edirik. Ola bilsin, başqa sahələrdə onun hələ də dəyişikliklər etməsi lazımdır. Müzakirə edilən mövzunun şəxsən öyrənənə necə aid olduğunu göstərməklə, Məsihin əsl şagirdi olmasına məhəbbətlə kömək edirik.
18. Öyrənənlə birgə və onun üçün dua etmək nə üçün vacibdir?
18 Ən vacibi isə, öyrənənlə birgə dua etmək və bu dualarda onun üçün kömək diləməkdir. O aydın başa düşməlidir ki, bizim məqsədimiz ona Yaradanla yaxından tanış olmasına, Ona yaxınlaşmasına və rəhbərliyindən faydalanmasına kömək etməkdir. (Məzmur 25:4, 5 ayələrini oxu.) Biz öyrənənin öyrəndiklərini tətbiq etmək səyinə Yehovadan xeyir-dua diləyəndə, o, «kəlamın icraçısı» olmağın vacibliyini anlayacaq (Yaq. 1:22). Öyrənən bizim səmimi dualarımızı dinləməklə dua etməyi öyrənəcək. Müqəddəs Kitabı öyrənənə Yehova ilə şəxsi münasibətlərini inkişaf etdirməsinə kömək etmək necə də sevindiricidir!
19. Növbəti məqalədə nəyi müzakirə edəcəyik?
19 Bütün dünyada altı milyon yarımdan artıq Şahid ‘öyrətmək bacarıqlarını’ inkişaf etdirməyə çalışır ki, səmimi adamların İsanın əmr etdiyi hər şeyə riayət etmələrinə kömək etsin. Bu bizi çox ruhlandırır. Bəs təbliğ işində hansı nailiyyətləri əldə etmişik? Bu sualın cavabını növbəti məqalədə müzakirə edəcəyik.
Xatırlayırsınızmı?
• Məsihçilər nə üçün ‘öyrətmək bacarığını’ inkişaf etdirməlidirlər?
• Hansı üsullarla daha effektiv öyrədə bilərik?
• Öyrətmək qabiliyyətimiz zəifdirsə, onun yerini nə ilə doldura bilərik?
[9-cu səhifədəki şəkil]
Sən Teokratik Xidmət Məktəbinə yazılmısanmı?
[10-cu səhifədəki şəkil]
Öyrənəni Müqəddəs Kitabdan oxumağa təşviq etmək nə üçün vacibdir?
[12-ci səhifədəki şəkil]
Öyrənənlə birgə və onun üçün dua et