Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/12 s. 19—21
  • Yonatan «Allahın köməyi ilə iş gördü»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yonatan «Allahın köməyi ilə iş gördü»
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • İsraillilər «təhlükə qarşısında»
  • Cəsarətli hücum
  • Xalq Yonatanı xilas etdi
  • Yonatan və Davud
  • Kədərli ayrılıq
  • «Yonatanın qəlbi Davuda bağlandı»
    İman örnəkləri
  • Cəsur və vəfalı Yonatan
    Müqəddəs Kitab dünyasına səyahət
  • Yehovaya heç nə mane ola bilməz
    İman örnəkləri
  • Yehovaya sadiq qalın
    Gözətçi qülləsi 2016
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/12 s. 19—21

Yonatan «Allahın köməyi ilə iş gördü»

İSRAİLİN birinci padşahının oğlu gizlənən bir qaçağın yanına gəlir. O qaçağa deyir: «Qorxma, atam Şaulun əlinə düşməyəcəksən, İsrailin padşahı sən olacaqsan, mən səndən sonra ikinci olacağam» (1 Şamuel 23:17).

Qaçaq Davuddur, onun yanına gələn isə Yonatan. Yonatan bu hadisədən az sonra ölməsəydi, çox ehtimal ki, Davudun sağ əli olacaqdı.

Yonatanın Davudla dostluğu qeyri-adi idi. Əslində Yonatan özü qeyri-adi insan idi. Onun haqqında çağdaşlarının da belə düşündüklərini onların sözlərindən görürük: «Bu gün o, Allahın köməyi ilə iş gördü» (1 Şamuel 14:45). Onlar nəyə görə belə hesab edirdilər? Yonatana hansı xüsusiyyətlər xas idi? Biz onun nümunəsindən nə öyrənə bilərik?

İsraillilər «təhlükə qarşısında»

Müqəddəs Kitabda ilk dəfə Yonatan haqqında xatırlanan zaman israillilərin «təhlükə qarşısında» olduqları deyilir. Filiştlilər onların torpaqlarını talan etmiş və onları özlərini müdafiə etmək imkanından məhrum etmişdilər (1 Şamuel 13:5, 6, 17-19).

Lakin Yehova xalqını atmayacağını söyləmişdi, Yonatanın da buna heç bir şübhəsi yox idi. Allah məhz onun atası Şaul haqqında demişdi: «Filiştlilərin əlindən xalqımı o qurtaracaq». Yonatan bu sözlərə e’tibar edirdi. Min nəfər zəif silahlanmış israillilər onun rəhbərliyi altında artıq bir dəfə filiştlilərin üzərində qələbə çalmışdılar. İndi isə o, bu təhlükəni tamamilə aradan qaldırmaq istəyirdi (1 Şamuel 9:16; 12:22; 13:2, 3, 22).

Cəsarətli hücum

Yonatan Mikmas keçidi yaxınlığında filiştlilərin keşik dəstəsinə hücum etmək qərarına gəldi (1 Şamuel 13:23). Ora çatmaq üçün, Yonatana ‘əl və ayaqları ilə yuxarı dırmaşmaq’ lazım gələcəkdi. Ancaq bu ona əngəl olmadı. Yonatan filiştlilərə təkcə silahdarı ilə hücum etmək qərarına gələrək silahdarına dedi: «Bəlkə Rəbb bizim üçün bir iş gördü. Çünki həm çox, həm də az adamların üzərində qələbə çalmaq üçün Rəbbə mane olan yoxdur» (1 Şamuel 14:6, 13).

Bu iki israilli Yehovadan bir əlamət istədi. Onlar özlərini keşikçi əsgərlərə göstərəcəkdilər. Əgər filiştlilər «sizin yanınıza biz gəlincəyə qədər dayanın» desəydilər, Yonatan və silahdarı onların yanına qalxmayacaqdılar. Ancaq düşmənlər «yanımıza çıxın» desəydilər, bu, Yehovanın Yonatana və silahdarına qələbə bəxş edəcəyini göstərəcəkdi. Yonatan Allahın dəstəyinə əmin olanda, əsgərlərin üstünə gedib onlarla döyüşəcəkdi (1 Şamuel 14:8-10).

İki nəfər bütün dəstəyə qarşı nə edə bilərdi? Məgər hakim Ehudun başçılığı altında İsrail Moava qarşı çıxanda Yehova Ehuda kömək etməmişdimi? Bəs Allah 600 filiştlini öküz payası ilə qıran Şamqara dəstək olmadımı? Şimşon filiştlilərlə təkbaşına mübarizə aparanda, Yehova onu qüvvətləndirmirdimi? Yonatan inanırdı ki, Allah ona da kömək edəcək (Hakimlər 3:12-31; 15:6-8, 15; 16:29, 30).

Filiştlilər iki israillini görəndə qışqırdılar: «Yanımıza çıxın, sizin dərsinizi verək». Yonatan silahdarı ilə birlikdə onların yanına qalxdı. Onlar cəsarətlə dəstənin üstünə hücum çəkib 20-yə yaxın düşmən əsgərini öldürdülər və dəstəyə çaxnaşma saldılar. Yəqin filiştlilər elə düşündülər ki, bu iki nəfərin ardınca çoxlu israil əsgəri gəlir. Sonra oxuyuruq ki, «keşikçi əsgərlər... arasına elə bir çaxnaşma düşdü ki, yer sarsıldı. Bu, Allah xofu idi». Allahın göndərdiyi zəlzələ nəticəsində filiştlilərin ordugahında qarışıqlıq yarandı və «hər bir kəs qılıncını öz ətrafındakı qonşusuna qarşı çıxartdı». Bunu görən İsrail əsgərləri cəsarətləndilər. Gizlənən və filiştlilərin tərəfinə keçən israillilər də onlara qoşuldular. «İsraillilər Mikmasdan Ayyalona qədər Filiştliləri məğlub etdilər» (1 Şamuel 14:11-23, 31).

Xalq Yonatanı xilas etdi

Şaul padşah düşüncəsiz davranıb, əsgərlərini lə’nətləmişdi ki, döyüşdə qələbə qazanana qədər dillərinə heç nə vurmasınlar. Lakin müəyyən səbəbdən Yonatanın bundan xəbəri yox idi, buna görə də dəyənəyini uzadıb ucunu şanı balına batırıb bir az bal yedi. Görünür, bu ona sona qədər döyüşmək üçün güc verdi (1 Şamuel 14:24-27).

Şaul Yonatanın yediyini eşidəndə, onun öldürülməli olduğuna qərar verdi. Yonatan ölümdən qorxmadı. O, «budur, mən ölməliyəm» (KM) deyə cavab verdi. «Xalq Şaula belə dedi: “İsraildə belə böyük qurtuluş zəfəri çalan Yonatanmı öləcək? Əsla! Var olan Rəbbə and olsun, onun başından bir tük belə, yerə düşməyəcəkdir. Çünki bu gün o, Allahın köməyi ilə iş gördü”. Beləliklə, xalq Yonatanı xilas etdi və o ölmədi» (1 Şamuel 14:38-45).

Bu gün Allahın xidmətçiləri həqiqi mə’nada müharibədə iştirak etmirlər, ancaq bə’zən səndən iman və cəsarət tələb oluna bilər. Ətrafda hamı yanlış işlər gördüyü halda, bə’zən düzgün davranmaq çətin ola bilər. Lakin Yehova səni möhkəmləndirəcək və saleh normalarına bağlı qalmaq istəyini xeyir-dualandıracaq. Yehovanın təşkilatında xidmətini genişləndirmək, yeni tə’yinatı qəbul etmək və ya Padşahlığın təbliğçilərinə daha çox ehtiyac olan ərazilərə köçmək kimi xüsusi xidmət növlərinə başlamaq üçün səndən cəsarət tələb oluna bilər. Ola bilsin, bunların öhdəsindən gəlib-gəlməyəcəyinə əmin deyilsən. Şübhən olmasın: əgər sən özünü Yehovaya Onun istədiyi kimi xidmət etmək üçün təqdim edirsənsə, demək ki, tə’rifə layiqsən. Yonatanı xatırla! «O, Allahın köməyi ilə iş gördü».

Yonatan və Davud

Təxminən 20 il sonra Qolyat adlı filiştli cəngavər İsrail ordusunu ələ saldı. Ancaq Davud onu öldürdü. Yonatan Davuddan təxminən 30 yaş böyük olsa da, onların oxşar cəhətləri çox idia. Yonatanın Mikmasda göstərdiyi cəsarət Davuda da xas idi. Ən əsası isə, Yonatan kimi, Davudun da Yehovanın xilas etmək qüvvəsinə möhkəm imanı vardı, bunun sayəsində də bütün israil oğulları qorxaqlıq göstərdikləri halda, Davud qorxmadan Qolyatın qarşısına çıxdı. O zaman «Yonatanın qəlbi Davudun qəlbinə bağlandı və Yonatan onu öz canı kimi sevdi» (1 Şamuel 17:1–18:4).

Şaul padşah Davudu şücaətinə görə özünə rəqib bilsə də, Yonatanda ona qarşı zərrə qədər də paxıllıq yox idi. Onlar Davudla yaxın dost olmuşdular. Çox ehtimal ki, aralarında olan səmimi söhbət zamanı Davud Yonatana məsh olunduğu və İsrailin növbəti padşahı olacağı haqda danışmışdı. Yonatan Allahın qərarına hörmətlə yanaşdı.

Şaul padşah oğluna və ə’yanlarına Davudu öldürmək istədiyini deyəndə, Yonatan Davudu bundan xəbərdar etdi. Şaulu isə inandırdı ki, Davuddan qorxmağa heç bir əsası yoxdur. Doğrudan da, Davud padşaha qarşı heç bir günah işlətməmişdi! O, Qolyatın qarşısına çıxmaqla həyatını təhlükəyə atmamışdımı? Yonatan öz dostu üçün yalvar-yaxar edəndən sonra, Şaul sakitləşdi. Lakin tezliklə padşah yenidən Davudu öldürmək üçün fürsət axtarmağa başladı, bu da Davudu qaçıb canını qurtarmaq məcburiyyətində qoydu (1 Şamuel 19:1-18).

Yonatan Davudu tək qoymadı. Dostlar görüşdülər ki, bundan sonra necə davranacaqlarını müzakirə etsinlər. Dostuna sadiq olan Yonatan, eyni zamanda atasına da sədaqətli qalmağa çalışaraq Davuda dedi: «Əsla, sən ölməyəcəksən». Davud isə Yonatana cavab verdi: «Mənimlə ölüm arasında... ancaq bir addım var» (1 Şamuel 20:1-3).

Yonatanla Davud Şaulun niyyətini öyrənmək üçün plan qurdu. Əgər Davudun süfrə arxasında olmadığı padşahın nəzərinə çarparsa, Yonatan atasına deyəcək ki, Davud ailəsi ilə birlikdə qurban gətirmək üçün ondan izin istəyib. Əgər Şaul qəzəblənərsə, aydın olacaq ki, o, Davuda pislik etmək niyyətindədir. Yonatan dostuna xeyir-dua verdi və «Rəbb necə atamla oldusa, qoy səninlə də elə olsun» deməklə Davudu gələcək padşah kimi qəbul etdiyini göstərdi. Onlar bir-birlərinə sadiq qalacaqlarına and içdilər və Yonatanın öyrəndiklərini Davuda necə xəbər verəcəyini müəyyənləşdirdilər (1 Şamuel 20:5-24).

Şaul Davudun olmadığını görəndə, Yonatan Davudun: «Əgər indi gözündə lütf tapmışamsa, rica edirəm, məni burax, gedim qardaşlarımla görüşüm», — deyə xahiş etdiyini ona dedi. Yonatan Davuda yaxşı münasibət bəslədiyini e’tiraf etməkdən qorxmurdu. Padşahın qəzəbi alovlandı! O, Yonatanı təhqir etməyə başladı, sonra isə Davudun onun vərəsəlik hüququ üçün təhlükə törətdiyini söylədi. Şaul Yonatandan Davudu onun yanına gətirməyi tələb etdi ki, onu öldürsün. Yonatan e’tiraz etdi: «Axı nə üçün ölməlidir? O nə edib ki?» Şaul qəzəb içində nizəsini oğluna atdı. Yonatana heç bir zərər dəymədi, ancaq o, Davuda görə dərin kədər içində idi (1 Şamuel 20:25-34).

Yonatan həqiqətən də böyük sədaqət göstərdi! İnsan nöqteyi-nəzərindən Davudla dostluğu ona çox şey və’d etmirdi, əksinə, o, çox şeyi itirə bilərdi. Bununla belə, Yehova Şauldan sonra Davudu padşah tə’yin etmişdi, bu isə, həm Yonatanın, həm də başqalarının xeyrinə olacaqdı.

Kədərli ayrılıq

Yonatan gizlincə Davudla görüşüb, baş verənlərin hamısını ona danışdı. Aydın idi ki, Davud artıq Şaulun sarayına ayaq basa bilməzdi. Dostlar bir-birinə sarılıb ağlaşdılar. Sonra Davud Şauldan gizlənməyə başladı (1 Şamuel 20:35-42).

Bu hadisədən sonra Yonatan qaçaq düşmüş Davudla cəmi bir dəfə, «Zif səhrasındakı Xoreşdə» görüşdü. Onda Davudu belə sözlərlə ruhlandırdı: «Qorxma, atam Şaulun əlinə düşməyəcəksən, İsrailin padşahı sən olacaqsan, mən səndən sonra ikinci olacağam. Bunu hətta atam Şaul da bilir» (1 Şamuel 23:15-18). Bundan bir az sonra Şaul və Yonatan filiştlilərlə döyüşdə həlak oldular (1 Şamuel 31:1-4).

Allahı sevən hər kəsə Yonatanın nümunəsi üzərində düşünmək faydalı olardı. Kimə sadiq qalmaq məsələsində sənin də daxilində mübarizə gedirmi? Onda yadda saxla ki, Şaul Yonatanı öz mənfəətini güdməyə məcbur edirdi. Yonatan isə səmimi-qəlbdən Yehovaya tabe olaraq və ehtiram göstərərək, Onu izzətləndirirdi. O sevinirdi ki, İsrailin növbəti padşahı Yehovanın seçdiyi şəxs olacaq. Bəli, Yonatan Davudu dəstəkləyir və Yehovaya sadiq qalırdı.

Yonatan gözəl xüsusiyyətlərə malik idi. Sən də özündə bu cür xüsusiyyətləri inkişaf etdir! Onda, Yonatan kimi, sənin də haqqında deyəcəklər: «O, Allahın köməyi ilə iş gördü» (1 Şamuel 14:45).

[Haşiyə]

a Şaulun 40 illik padşahlığının başlanğıcında Yonatandan bir sərkərdə kimi söz edildikdə, onun ən azı 20 yaşı vardı (Saylar 1:3; 1 Şamuel 13:2). Deməli, Yonatan b. e. ə. 1078-ci ildə öləndə, 60-a yaxın yaşı var idi. O zaman Davudun 30 yaşı olduğu üçün, belə qənaətə gəlmək olar ki, Yonatan ondan təxminən 30 yaş böyük idi (1 Şamuel 31:2; 2 Şamuel 5:4).

[21-ci səhifədəki şəkil]

Yonatan Davuda paxıllıq etmirdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş