İsadan nə öyrənirik?
Həqiqi Allah haqqında
Allahın adı varmı?
İsa Allahın adının olduğunu öyrədirdi. O demişdi: «Siz belə dua edin: “Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun”» (Matta 6:9). Müqəddəs Kitabda Allahın adının Yehova olduğu deyilir (Yeşaya 42:8, KM). İsa şagirdləri üçün etdiyi duaların birində Atasına demişdi: «Sənin adını onlara bildirdim» (Yəhya 17:26).
Yehova kimdir?
Yehova Yaradan olduğu üçün İsa Onu ‘vahid həqiqi Allah’ adlandırmışdı (Yəhya 17:3). İsa demişdi: «Oxumamısınızmı ki, Yaradan başlanğıcdan “onları kişi və qadın yaratdı”?» (Matta 19:4). İsa həmçinin demişdir ki, «Allah ruhdur» (Yəhya 4:24). Buna görə də biz Allahı görə bilmirik (Çıxış 33:17-20).
Allah bizdən nə gözləyir?
Bir nəfər İsadan hansı əmrin ən böyük olduğunu soruşanda, o belə cavab verdi: «Əmrlərin ən birincisi: “Dinlə, ey İsrail! Allahımız Rəbb, bir olan Rəbdir. Və Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün düşüncənlə və bütün qüvvətinlə sev”... İkincisi buna bənzərdir: “Qonşunu özün kimi sev”» (Mark 12:28-31).
Allahı sevdiyimizi necə göstərə bilərik?
İsa demişdi: «Mən Atanı sevirəm». Bəs o, məhəbbətini necə təzahür etdirirdi? O dedi: «Ata Mənə necə əmr etmişsə, elə də icra edirəm» (Yəhya 14:31). İsa belə də demişdi: «Mən daim Onun xoşuna gələn işləri görürəm» (Yəhya 8:29). Biz Allahı Onun haqqında öyrənməklə sevindirə bilərik. İsa şagirdləri üçün dua edərkən demişdi: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı... tanısınlar» (Yəhya 17:3; 1 Timoteyə 2:4).
Allah haqqında necə öyrənə bilərik?
Allahı tanımağın bir üsulu Onun yaratdıqlarını müşahidə etməkdir. Məsələn, İsa demişdi: «Göyün quşlarına baxın, onlar nə əkir, nə biçir, nə də ambarlarda toplayırlar; və səmavi Atanız onları yedizdirir. Siz onlardan daha dəyərli deyilsinizmi?» İsa bu sözlərlə bizə nəyi öyrətmək istəyirdi? Fiziki ehtiyaclara görə narahatçılığın Allaha xidmətimizə mane olmasına yol verməməliyik (Matta 6:26-33).
Yehovanı tanımağın ən yaxşı üsulu Onun Kəlamı olan Müqəddəs Kitabı öyrənməkdir. İsa Müqəddəs Yazıları ‘Allah kəlamı’ adlandırdı (Luka 8:21). İsa Allaha demişdi: «Sənin sözün həqiqətdir» (Yəhya 17:17; 2 Peter 1:20, 21).
İsa adamlara Yehova haqqında həqiqəti öyrənməyə kömək edirdi. Şagirdlərindən biri onun haqqında demişdi: «O, yolda bizimlə danışarkən və Müqəddəs Yazıları bizə izah edərkən, bizim ürəklərimiz alışıb yanmırdımı?» (Luka 24:32). Allah haqqında bilik əldə etmək üçün biz təvazökar və öyrənməyə meylli olmalıyıq. İsa qeyd etmişdi: «Əgər siz dönüb körpə uşaqlar kimi olmasanız, Səmavi Səltənətə əsla girə bilməzsiniz» (Matta 18:3).
Nə üçün Allah haqqındakı bilik xoşbəxtlik gətirir?
Hər birimiz həyatın mənasını anlamağa ehtiyac duyuruq və bu işdə Allah bizə kömək edir. İsa demişdi: «Ruhən yoxsullar nə bəxtiyardırlar!» (Matta 5:3). Yehova bizə ən gözəl həyat yolunu öyrədir. İsa demişdir: «Allahın sözünü dinləyib ona əməl edənlər bəxtiyardır» (Luka 11:28; Yeşaya 11:9).
Daha çox məlumat almaq üçün «Müqəddəs Kitab əslində nə öyrədir?»* nəşrinin birinci fəslinə baxın.
[Haşiyə]
Yehovanın Şahidləri tərəfindən dərc edilib.
[16-cı səhifədəki şəkil]
«Sənin adını onlara bildirdim» (Yəhya 17:26)
[16 və 17-ci səhifələrdəki şəkillər]
Yehova haqqında Onun yaratdıqlarından və Müqəddəs Kitabdan öyrənə bilərik