Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/7 s. 3—7
  • Evdən-evə təbliğ nə üçün indi vacibdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Evdən-evə təbliğ nə üçün indi vacibdir?
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Həvarilərin istifadə etdiyi üsul
  • Müasir çəyirtkə ordusu
  • İnsanların xilas üçün işarələnməsi
  • Bizi qabaqda möhtəşəm hadisələr gözləyir
  • Evdən-evə təbliğ
    Müqəddəs ibadətimiz 2006
  • Evdən-evə təbliğdə yaranan çətinliklərin öhdəsindən gəlirik
    Gözətçi qülləsi 2008
Gözətçi qülləsi 2008
w08 15/7 s. 3—7

Evdən-evə təbliğ nə üçün indi vacibdir?

«Hər gün məbəddə və evdən-evə təlim verməkdən və İsanın Məsih olduğunu müjdələməkdən vaz keçmirdilər» (HƏV. İŞ. 5:42).

1, 2. a) Yehovanın Şahidləri hansı təbliğ üsuluna görə tanınırlar? b) Bu məqalədə nəyi müzakirə edəcəyik?

DEMƏK olar ki, dünyanın hər yerində bu mənzərə müşahidə edilir: səliqəli geyinmiş iki nəfər bir evə yaxınlaşır və Müqəddəs Kitabdan Allahın Padşahlığı haqqında xoş xəbəri ev yiyəsinə danışır. Əgər onların həmsöhbəti xəbərə maraq göstərirsə, onlar ona Müqəddəs Kitaba əsaslanan ədəbiyyat verirlər, həmçinin pulsuz və evdə keçirilən Müqəddəs Kitab öyrənməsi təklif edirlər. Sonra onlar növbəti qapıya yaxınlaşırlar. Əgər sən bu işdə iştirak edirsənsə, yəqin fikir vermisən ki, ağzını açmamış çox vaxt insanlar sənin Yehovanın Şahidi olduğunu bilirlər. Bəli, Yehovanın Şahidləri evdən-evə təbliğlə tanınırlar.

2 İsanın təbliğ etmək və şagird hazırlamaq tapşırığını yerinə yetirmək üçün müxtəlif üsullardan istifadə edirik (Mat. 28:19, 20). Biz ticarət yerlərində, küçələrdə və insanların olduğu başqa yerlərdə təbliğ edirik (Həv. iş. 17:17). Bir çoxları ilə telefon və məktub vasitəsilə əlaqə yaradırıq. Gündəlik işlərimizlə məşğul olarkən rastlaşdığımız insanlara Müqəddəs Kitab həqiqətlərini söyləyirik. Bizim hətta 300-dən artıq dildə Allahın Kəlamına əsaslanan məlumatın yerləşdiyi rəsmi veb-saytımız vara. Bütün bu üsullar yaxşı səmərə vermişdir. Amma əksər yerlərdə xoş xəbəri yaymaq üçün istifadə etdiyimiz başlıca üsul evdən-evə təbliğdir. Bu üsul nəyə əsaslanıb? Nəyin sayəsində Allahın müasir xalqı bu üsuldan geniş istifadə etməyə başladı? Və evdən-evə təbliğ bizim günlərdə nə dərəcədə vacibdir?

Həvarilərin istifadə etdiyi üsul

3. İsa təbliğlə əlaqədar həvarilərə hansı göstərişləri verdi və buna əsasən, onlar necə təbliğ etməli idilər?

3 Evdən-evə təbliğ üsulu Müqəddəs Yazılara əsaslanıb. İsa həvarilərini təbliğ etməyə göndərəndə onlara göstəriş verdi: «Hansı şəhərə, ya kəndə girsəniz orada ləyaqətli kimdirsə axtarın». Onlar ləyaqətli olanları necə axtarmalı idilər? İsa onlara insanların evlərinə getmələrini deyərək əlavə etdi: «Evə girərkən ev sakinlərini salamlayın. Əgər o ev ləyaqətli isə, salamınız onun üzərinə gəlsin». Şagirdlər insanların onları evə dəvət etmələrini gözləməli idilərmi? İsanın növbəti sözlərinə diqqət yetir: «Kim sizi qəbul etməz və sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızdakı tozu çırpın» (Mat. 10:11-14). İsanın bu göstərişi ona işarə edir ki, həvarilər ‘kənd-kənd dolaşıb, Müjdəni təbliğ edərək’ insanlara öz evlərində baş çəkməkdə təşəbbüsü üzərlərinə götürməli idilər (Luka 9:6).

4. Müqəddəs Kitabın hansı ayələrində evdən-evə təbliğ haqqında konkret deyilir?

4 Müqəddəs Kitab həvarilərin evdən-evə təbliğ etdiklərini konkret deyir. Məsələn, Həvarilərin işləri 5:42 ayəsində onlar haqqında oxuyuruq: «Hər gün məbəddə və evdən-evə təlim verməkdən və İsanın Məsih olduğunu müjdələməkdən vaz keçmirdilər». Təxminən 20 ildən sonra həvari Pavel Efesdəki yığıncağın ağsaqqallarına xatırlatdı: «Sizə faydalı olan heç bir şeyi bəyan etməkdən, istər açıqca, istərsə də evdən-evə sizə təlim etməkdən çəkinmədim». Bu ağsaqqallar məsihçi olmazdan əvvəl Pavel onlara baş çəkmişdimi? Çox güman ki, baş çəkmişdi, çünki o, hər şeydən əlavə, onlara «Allaha tövbə və Rəbbimiz İsa Məsihə iman etməyi» öyrətmişdi (Həv. iş. 20:20, 21). Robertsonun «Əhdi-Ətiqdə bədii təsvirlər» kitabında Həvarilərin işləri 20:20 ayəsinə verilən şərhdə deyilir: «Qeyd etməyə dəyər ki, bu dahi təbliğçi evdən-evə təbliğ edirdi» («Word Pictures in the New Testament»).

Müasir çəyirtkə ordusu

5. Yoelin peyğəmbərliyində təbliğ işi necə təsvir edilir?

5 Birinci əsrdə verilən şahidlik, bizim günlərdə həyata keçiriləcək daha böyük işə sadəcə bir nümunə idi. Yoel peyğəmbər məsh edilmiş məsihçilərin fəaliyyətini çəyirtkələrin viranedici hücumuna bənzətdi (Yoel 1:4). Ordu kimi hərəkət edən çəyirtkələr maneələri aşır, evlərə girir və qarşılarına çıxan hər bir şeyi yeyir. (Yoel 2:2, 7-9 ayələrini oxu.) Bu, Allahın xalqının bizim günlərdə təbliğ işini əzmlə və əsaslı surətdə həyata keçirdiyinin necə də parlaq təsviridir! Məsh edilmiş məsihçilərin və onların əməkdaşları olan ‘başqa qoyunların’ bu peyğəmbərlik obrazının yerinə yetməsində istifadə etdikləri ən vacib üsul evdən-evə təbliğdir (Yəh. 10:16). Biz, Yehovanın Şahidləri, həvarilərin bu təbliğ üsulundan necə istifadə etməyə başladıq?

6. 1922-ci ildə evdən-evə təbliğə dair məsihçilər nəyə təşviq edildilər və bəziləri buna necə hay verdilər?

6 1919-cu ildən etibarən, hər bir məsihçinin təbliğ işində iştirak etmək məsuliyyəti olduğu dönə-dönə vurğulanırdı. Misal üçün, «Gözətçi Qülləsi»nin 1922-ci il 15 avqust (ing.) sayında, «Xidmət etmək vacibdir» məqaləsində məsh olunmuş məsihçilərə «səmavi Padşahlığın yaxın olduğunu şahidlik edərkən çap edilmiş xəbəri insanlara çatdırmağın və qapıları ağzında onlarla söhbət etməyin» vacibliyi xatırlanırdı. «Bülleten»də (indi «Bizim Padşahlıq Xidmətimiz») ətraflı təqdimələr çap edilirdi. Lakin başlanğıcda evdən-evə təbliğ edənlərin sayı az idi. Bəziləri təbliğin bu növündə iştirak etmək istəmirdilər və müxtəlif bəhanələr gətirirdilər. Ancaq əsas problem onda idi ki, onlar evdən-evə təbliği şənlərinə sığışdırmırdılar. Sahə xidmətinin vacibliyi daha çox vurğulandıqca, belə insanların bir çoxu yavaş-yavaş Yehovanın təşkilatından uzaqlaşırdı.

7. 1950-ci illərdə nəyə ehtiyac duyulurdu?

7 Sonrakı onilliklər ərzində təbliğ işi daha geniş vüsət aldı. Amma aydın oldu ki, evdən-evə təbliğ etmək üçün hər təbliğçinin əlavə təlimə ehtiyacı var. Nümunə üçün Birləşmiş Ştatlardakı vəziyyəti götürək. 1950-ci illərin əvvəllərində həmin ölkədə Şahidlərin 28 faizi yalnız məlumat vərəqələri paylamaqla və əllərində jurnallar küçələrdə durmaqla təbliğ edirdi. 40 faizdən çoxu aylarla təbliğ etməyərək qeyri-müntəzəm təbliğçilər siyahısına düşürdü. Bütün həsr olunmuş məsihçilərə evdən-evə təbliğ etməyə necə kömək etmək olardı?

8, 9. 1953-cü ildə hansı təlim proqramına başlanğıc verildi və bunun nəticəsi nə oldu?

8 1953-cü ildə Nyu–Yorkda keçirilən beynəlxalq konqresdə evdən-evə xidmətə xüsusi diqqət yetirilmişdi. Neytan Norr qardaş bəyan etdi ki, hər Şahidə evdən-evə xidmətdə müntəzəm olmaqda kömək etmək bütün məsihçi nəzarətçilərinin başlıca vəzifəsidir. O dedi: «Hər birimiz xoş xəbəri evdən-evə təbliğ etməyi bacarmalıyıq». Bu məqsədə çatmaq üçün ümumdünya təlim proqramına başlanğıc verildi. İndiyədək evdən-evə təbliğ etməyənlərə qapının ağzında insanlarla söhbətə başlamağın, Müqəddəs Kitab əsasında onlarla mülahizə yürütməyin və suallara cavab verməyin üsulları öyrədilirdi.

9 Bu proqramın gətirdiyi nəticələr valehedici idi. On il ərzində bütün dünyada təbliğçilərin sayı 100, təkrar başçəkmələrin sayı 126 və Müqəddəs Kitabı öyrənənlərin sayı isə 150 faiz artdı. Bu gün təxminən yeddi milyon təbliğçi xoş xəbəri bütün dünyada təbliğ edir. Bu heyrətamiz artım Yehovanın Öz xalqının evdən-evə təbliğ işində göstərdiyi səyini xeyir-dualandırdığı sübutlarından biridir (Yeşaya 60:22).

İnsanların xilas üçün işarələnməsi

10, 11. a) «Yezekel» kitabının 9-cu fəslinə əsasən, Yezekelə hansı görüntü verildi? b) Bu görüntü bizim günlərdə necə yerinə yetir?

10 Evdən-evə xidmətin vacibliyini Yezekel peyğəmbərin aldığı görüntüdən də aydın görmək olar. Həmin görüntüdə Yezekel əllərində silahı olan altı nəfəri, eləcə də onların arasında kətan paltar geyinmiş və belində yazı qutusu olan yeddinci adamı görür. Yeddinci adama ‘şəhəri gəzmək və orada edilən bütün iyrənc işlərdən ötrü ah-nalə edən adamların alnına işarə qoymaq’ tapşırılır. İşarə qoyma işindən sonra alnında işarə olmayanların hamısını silahla qırmaq əmr olunur. (Yezekel 9:1-6 ayələrini oxu.)

11 Bu peyğəmbərlikdə «kətan paltar geyinmiş» adam ruhla məsh olunmuş məsihçilərin qalığını təmsil edir. Təbliğ və şagird hazırlamaq işi vasitəsilə məsh olunmuş məsihçilər Məsihin ‘başqa qoyunlarına’ qoşulanlara simvolik işarə qoyurlar (Yəh. 10:16). Bu işarə nədir? Belə insanların alnına qoyulan işarə aydın göstərir ki, onlar yeni məsihçi mənliyini geyinib və Məsihin həsr olunmuş və vəftiz edilmiş şagirdləridirlər (Efes. 4:20-24). Bu insanlar məsh edilmiş məsihçilərlə birgə bir sürü təşkil edirlər və başqalarına işarə qoymaq kimi vacib işdə onlara kömək edirlər (Vəhy 22:17).

12. Yezekelin alına işarə qoyma barədə görüntüsü səmimi insanların axtarışının vacibliyini necə vurğulayır?

12 Yezekelin görüntüsü «ah-nalə edən» insanları axtarmağımızın nəyə görə belə təxirəsalınmaz olduğunun səbəbini vurğulayır. İnsanların həyatı təhlükədədir. Əllərində silahlar olan altı insanın təmsil etdiyi Yehovanın səmavi ordusu simvolik işarəsi olmayanları tezliklə məhv edəcək. Həvari Pavel yaxınlaşmaqda olan hökm barədə yazmışdır ki, İsa Məsih «qüdrətli mələkləri ilə» birlikdə, «Allahı tanımayan və Özü barəsindəki Müjdəyə itaət etməyənlərə cəza verəcəkdir» (2 Salon. 1:7, 8). Diqqət yetir ki, insanlar xoş xəbərə necə hay verdikləri əsasında mühakimə ediləcəklər. Buna görə də, Allahın müjdəsinin təbliği zəifləmədən sona qədər davam etməlidir (Vəhy 14:6, 7). Bu, Yehovanın həsr olunmuş bütün xidmətçilərinin üzərinə məsuliyyət qoyur. (Yezekel 3:17-19 ayələrini oxu.)

13. a) Həvari Pavel hansı məsuliyyəti hiss edirdi və nəyə görə? b) Bəs sən sahəndə yaşayan insanlar qarşısına hansı məsuliyyəti hiss edirsən?

13 Həvari Pavel xoş xəbəri başqaları ilə bölüşməkdə öz məsuliyyətini hiss edirdi. O yazırdı: «Mən yunanlara və yunan olmayanlara, müdriklərə və cahillərə borcluyam. Beləliklə, mən Romada yaşayan sizlərə də var gücümlə Müjdəni təbliğ etməyə hazıram» (Rom. 1:14, 15). Pavel ona göstərilən lütfə görə minnətdarlıqdan irəli gələrək, özü Allahın lütfündən faydalandığı kimi, başqalarına da bundan faydalanmağa kömək etməyə səy göstərirdi (1 Tim. 1:12-16). O rast gəldiyi hər bir insana özünü borclu sanırdı və düşünürdü ki, bu borcu yalnız onlara təbliğ etməklə ödəmək olardı. Sən də sahəndə yaşayan insanlar qarşısında özünü borclu hiss edirsənmi? (Həvarilərin işləri 20:26, 27 ayələrini oxu.)

14. Xalq qarşısında və evdən-evə təbliğ etməyimizin ən əsas səbəbi hansıdır?

14 İnsanların həyatının xilası vacib olsa da, evdən-evə təbliğ etmək üçün daha böyük səbəb var. Malaki 1:11 ayəsindəki peyğəmbərlikdə Yehova bəyan edir: «Günəşin çıxdığı yerdən batdığı yerə qədər Mənim adım millətlər arasında əzəmətli olacaq... Adıma... pak təqdimlər gətiriləcək. Çünki millətlər arasında adım əzəmətli olacaq». Bu peyğəmbərlik bu gün yerinə yetir və Yehovanın həsr olunmuş xidmətçiləri itaətkarlıqla xidmətlərini yerinə yetirərək Onun adını bütün dünyada açıqca izzətləndirirlər (Məz. 109:30; Mat. 24:14). Yehovaya «həmd qurbanını» təqdim etmək xalq qarşısında və evdən-evə təbliğ etməyimizin ən əsas səbəbidir (İbr. 13:15).

Bizi qabaqda möhtəşəm hadisələr gözləyir

15. a) Yerixonun ətrafında dolanan israillilər yeddinci gündə necə fəal oldular? b) Bu, təbliğ işi ilə əlaqədar nəyə işarə edir?

15 Təbliğ işi ilə bağlı nə gözlənilir? «Yeşua» kitabında Yerixo şəhərinin mühasirəyə alınması barədə hekayə buna bir nümunədir. Allah Yerixonu dağıtmazdan əvvəl israillilərə tapşırdı ki, altı gün ərzində gündə bir dəfə şəhərin ətrafında dolansınlar. Yeddinci gündə isə onlar əhəmiyyətli dərəcədə fəal olmalı idilər. Yehova Yeşuaya dedi: «Yeddinci gün şəhəri yeddi dəfə dolanın və kahinlər şeypurları çalsınlar... və siz şeypurun səsini eşitdiyiniz vaxt bütün xalq gur səslə bağırsın. Onda şəhərin qala divarları yerə çökəcək» (Yeşua 6:2-5). Ola bilsin ki, təbliğ fəaliyyətimizin artması buna bənzər şəkildə olacaq. Şübhə yoxdur ki, biz indiki sistemin məhv olunmasından öncə Allahın adına və Onun Padşahlığına bəşər tarixində ən böyük şahidlik veriləcəyini görəcəyik.

16, 17. a) ‘Böyük məşəqqət’ bitməzdən öncə nəyə nail olunacaq? b) Növbəti məqalədə hansı suallar araşdırılacaq?

16 Vaxt gələcək ki, bəyan etdiyimiz xəbər ‘gur səsə’ bənzəyəcək. «Vəhy» kitabında ciddi hökm xəbəri «hər biri bir talant ağırlığında olan böyük dolu dənələri» kimi təsvir edilirb. Vəhy 16:21 ayəsində deyilir: «Bəla həddindən artıq böyük idi». Allahın hökm xəbərinin bəyan edilməsinin həlledici məqamında evdən-evə təbliğin hansı rol oynayacağı bizə məlum deyil. Amma biz əmin ola bilərik ki, ‘böyük məşəqqət’ bitməzdən öncə Yehovanın adı bəşər tarixində misli görünməmiş dərəcədə tanınacaq (Vəhy 7:14; Yez. 38:23).

17 Gəlin qarşıda olan möhtəşəm hadisələri gözlədiyimiz ərəfədə Padşahlıq haqqında xoş xəbəri durmadan səylə təbliğ edək. Bəs evdən-evə təbliğ etmək tapşırığını yerinə yetirərkən hansı çətinliklərlə üzləşirik və onların öhdəsindən necə gələ bilərik? Bu suallar növbəti məqalədə araşdırılacaq.

[Haşiyələr]

a Yehovanın Şahidlərinin veb-saytının ünvanı: www.watchtower.org.

b Əgər söhbət yunan talantından gedirsə, hər bir dolu dənəsinin çəkisi təxminən 20 kiloqram olmalıdır.

Necə cavab verərdiniz?

• Nə üçün demək olar ki, evdən-evə təbliğ Müqəddəs Kitaba əsaslanır?

• Evdən-evə təbliğin vacibliyi müasir dövrdə necə vurğulanmışdı?

• Nəyə görə Yehovanın həsr olunmuş xidmətçiləri xoş xəbəri təbliğ etməyə borcludurlar?

• Qabaqda bizi hansı möhtəşəm hadisələr gözləyir?

[4-cü səhifədəki şəkillər]

Sən də, həvari Pavel kimi, başqalarına təbliğ etmək məsuliyyətini hiss edirsənmi?

[5-ci səhifədəki şəkil]

Neytan Norr, 1953-cü il

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş