Evdən-evə təbliğdə yaranan çətinliklərin öhdəsindən gəlirik
«Allahımızdan cəsarət aldıq ki, böyük müqavimətə baxmayaraq, sizə Allahın Müjdəsini elan edək» (1 SALON. 2:2).
1. Yeremya hansı çətinliklərlə üzləşirdi və onların öhdəsindən necə gəldi?
YEREMYA bizim kimi hissləri olan adam idi. Yehova onun «millətlərə peyğəmbər» olacağını bildirəndə Yeremya dedi: «Ah, ya Xudavənd Rəbb! Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam». Buna baxmayaraq, Yeremya Yehovaya güvənərək təyinatı qəbul etdi (Yer. 1:4-10). 40 ildən çox Yeremya laqeydlik, istehza və hətta zorakılıqla üzləşirdi. Xalq onun təbliğ etdiyi xəbəri qəbul etmirdi, lakin o, bütün bunlara tab gətirdi (Yer. 20:1, 2). Yeremya hərdən tapşırığından imtina etmək istəsə də, əksəriyyət arasında yaxşı qəbul olunmayan xəbəri daşürəkli xalqa bəyan etməkdə mətanətli idi. O, heç zaman özü yerinə yetirə bilməyəcəyi işi Allahın gücünün sayəsində başa çatdırdı. (Yeremya 20:7-9 ayələrini oxu.)
2, 3. Allahın müasir xidmətçiləri Yeremyanın üzləşdiyi hansı çətinliklərlə üzləşirlər?
2 Allahın müasir xidmətçilərinin çoxuna Yeremyanın hissləri tanışdır. Evdən-evə təbliğ haqqında düşünərkən, çoxlarımız: «Mən bunu heç zaman bacarmaram», — deyə fikirləşməmiş olmazdı. Amma təbliğ işinin Yehovanın iradəsinə daxil olduğunu anlayanda, qorxularımıza üstün gəlib təbliğ etməyə başlamışıq. Bununla belə, bizlərdən çoxu, qısa müddət də olsa, təbliğ işini davam etdirməyimizi çətinləşdirən problemlərlə üzləşib. Doğrudur ki, evdən-evə təbliğ etməyə başlamaq və sona qədər təbliğ işi ilə məşğul olmaq asan deyil (Mat. 24:13).
3 Əgər müəyyən müddət Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə öyrənməyinə və yığıncaqlarda müntəzəm iştirak etməyinə baxmayaraq, evdən-evə təbliğ etməyə başlamağa tərəddüd edirsənsə, bəs onda necə? Yaxud vəftiz olunmuş Şahidsənsə və hətta sağlamlığın yol versə belə, evdən-evə təbliğ etməkdə çətinlik çəkirsənsə, necə? Əmin ol ki, müxtəlif mənşəli təbliğçilər bu çətinliklərin öhdəsindən gəlirlər. Yehovanın köməyi sayəsində bunu sən də edə bilərsən.
Cəsarət alırıq
4. Həvari Pavel xoş xəbəri nəyin sayəsində cəsarətlə bəyan edirdi?
4 Şübhəsiz, sən başa düşürsən ki, ümumdünya təbliğ işi insan gücü və ya müdrikliyi ilə deyil, Allahın ruhunun köməyi sayəsində həyata keçirilir (Zək. 4:6). Həmçinin bunu hər bir məsihçinin xidməti barədə də demək olar (2 Kor. 4:7). Gəlin həvari Pavelin xidmətinə nəzər salaq. O, missioner səyahəti zamanı əməkdaşı ilə birgə düşmənlərinin pis rəftarına məruz qaldığını xatırlayaraq yazmışdı: «Qabaqca Filipidə əzab çəkib, təhqir olunduğumuz halda, biz Allahımızdan cəsarət aldıq ki, böyük müqavimətə baxmayaraq, sizə Allahın Müjdəsini elan edək» (1 Salon. 2:2; Həv. iş. 16:22-24). Təsəvvür etmək çətindir ki, həvari Pavel kimi çalışqan təbliğçiyə bəzən təbliğ etmək çətin olarmış. Bizlərdən hər birimiz kimi, Pavel də xoş xəbəri cəsarətlə bəyan etmək üçün Yehovaya bel bağlamalı idi. (Efeslilərə 6:18-20 ayələrini oxu.) Pavelin nümunəsini necə təqlid edə bilərik?
5. Cəsarətlə təbliğ etmək üçün ilk növbədə nə lazımdır?
5 Cəsarətlə təbliğ etmək üçün ilk növbədə dua etməliyik. Bir pioner demişdi: «Mən dua edirəm ki, əminliklə danışım, dua edirəm ki, insanların ürəyinə yol tapım və dua edirəm ki, xidmətdən sevinc duyum. Axı bu bizim yox, Yehovanın işidir və Onun köməyi olmadan əlimizdən heç nə gəlməz» (1 Salon. 5:17). Cəsarətlə təbliğ etmək üçün hər birimiz durmadan Allahın müqəddəs ruhunun köməyini diləməliyik (Luka 11:9-13).
6, 7. a) Yezekelə hansı görüntü verildi və onun mənası nə idi? b) Yezekelin görüntüsündə Allahın müasir xidmətçiləri üçün hansı dərs var?
6 «Yezekel» kitabında yazılan bir məlumat da cəsarətlə təbliğ etməyimizə kömək edəcək. Görüntüdə Yehova Yezekelə önündə və arxasında «mərsiyə, matəm, bəla» sözləri yazılmış bir tumar verir və onu yeməyi əmr edərək deyir: «Ey bəşər oğlu, mədəni bununla doldur, sənə verdiyim bu tumarla qarnını doydur». Bu görüntünün mənası nədir? Yezekel bəyan edəcəyi xəbəri tamamilə mənimsəməli idi. Bu onun bir hissəsi olmalı, başqa sözlərlə desək, onun dərin hisslərinə təsir göstərməli idi. Peyğəmbər davam edir: «Mən yedim, ağzım bal kimi şirin oldu». Yezekelə Allahın xəbərini camaat qarşısında bəyan etmək bal yemək kimi ləzzət edirdi. Çoxlarının eşitmək istəmədiyi xəbəri çatdırmaq lazım gəlsə də, Yezekel üçün Yehovanın təmsilçisi olmaq və Onun tapşırığını yerinə yetirmək xüsusi şərəf idi. (Yezekel 2:8–3:4, 7-9 ayələrini oxu.)
7 Bu görüntüdə Allahın müasir xidmətçiləri üçün vacib dərs var. Biz də səylərimizi hər zaman qiymətləndirməyən insanlara onların eşitmək istəmədiyi xəbəri bəyan edirik. Xidmətimizə həmişə Allahın verdiyi şərəf kimi yanaşmaq üçün ruhani cəhətdən yaxşı qidalanmalıyıq. Səthi və ya qeyri-müntəzəm şəxsi öyrənmə Allahın Kəlamını tamamilə mənimsəmək üçün kifayət deyil. Müqəddəs Kitabı müntəzəm və ya daha yaxşı oxuyub araşdıra bilərsənmi? Oxuduqların üzərində düşünmək üçün daha çox vaxt ayıra bilərsənmi? (Məz. 1:2, 3).
Müqəddəs Kitab haqqında söhbətə başlamağın üsulları
8. Hansı üsulun köməyilə bəzi təbliğçilər evdən-evə təbliğ edərkən Müqəddəs Kitab haqqında söhbətə başlamağa müvəffəq olmuşlar?
8 Bir çox təbliğçilər üçün evdən-evə təbliğdə ən çətini ev yiyəsi ilə söhbətə başlamaqdır. Etiraf etmək lazımdır ki, müəyyən ərazilərdə söhbətə başlamaq müşkül məsələdir. Bəzi təbliğçilər fikir vermişlər ki, çərçivədə göstərildiyi kimi, bir neçə yaxşı seçilmiş sözlərlə təqdimə edib insana traktat vermək qapının ağzında söhbətə başlamağı asanlaşdırır. Traktatın adı, yaxud üzərindəki rəngli şəkil həmsöhbətimizin diqqətini cəlb edə bilər, bu isə bizə gəlişimizin məqsədini qısaca söyləmək və ona sual vermək imkanını yaradacaq. Bu təqdiməni bir az dəyişmək də olar, məsələn, ev yiyəsinə üç-dörd traktat göstərib onun üçün maraqlı olanı seçməyi təklif etmək olar. Əlbəttə, məqsədimiz sadəcə traktat paylamaq və ya onlardan hər qapıda istifadə etmək yox, Müqəddəs Kitab öyrənməsinin əsasını qoymaq üçün söhbətə başlamaqdır.
9. Yaxşı hazırlaşmaq nəyə görə vacibdir?
9 İstifadə etdiyin üsuldan asılı olmayaraq, yaxşı hazırlıq sənə evdən-evə təbliğdə əminliklə və şövqlə danışmağına kömək edəcəkdir. Bir pioner müşahidələrinə əsaslanaraq deyir: «Xidmətə yaxşı hazırlaşanda daha çox sevinc duyuram. Həmin dəqiqə gedib təqdiməmi söyləmək istəyirəm». Başqa pioner isə deyir: «Xidmətdə təklif edəcəyim ədəbiyyatları yaxşı-yaxşı oxuyanda onları şövqlə təqdim edirəm». Deyəcəklərini öz-özünə təkrar etməyin müəyyən faydası olsa da, çoxları görmüşlər ki, onu ucadan məşq etməyin daha çox köməyi dəyir. Belə etmək onlara Yehovaya ən yaxşısını verməyə kömək edir (Kolos. 3:23; 2 Tim. 2:15).
10. Təbliğ üçün görüşlərin səmərəli və faydalı olması üçün nə etmək olar?
10 Təbliğ üçün görüşlərin böyük faydası var. Orada biz evdən-evə məharətlə təbliğ etməyi və xidmətimizdən sevinc duymağı öyrənirik. Əgər gündəlik ayə təbliğlə bağlıdırsa, görüş zamanı onu oxuyub qısaca müzakirə etmək olar. Lakin təbliğ üçün görüşü aparan qardaş əraziyə uyğun olan sadə bir təqdimənin müzakirəsi və onun səhnələşdirilməsi üçün kifayət qədər vaxt ayırmalı və ya təbliğçilərin həmin gün xidmətdə istifadə edə biləcəkləri digər praktiki məlumatı müzakirə etməlidir. Bu, iştirak edənlərə xidmətdə daha da məharətli olmağa kömək edəcək. Qabaqcadan yaxşı hazırlaşmağın sayəsində ağsaqqallar, yaxud başqaları bu görüşləri səmərəli keçirə və ayrılan vaxt çərçivəsində onları bitirə bilərlər (Rom. 12:8).
Dinləməyə hazır ol
11, 12. Şəfqətlə dinləmək, təbliğ etdiyimiz insanların ürəyinə yol tapmağımıza necə kömək edə bilər? Nümunələr çəkin.
11 Yaxşı hazırlaşmaq söhbətə başlamağın və insanların ürəyinə yol tapmağın yeganə yolu deyil, təbliğ etdiyimiz insanlara səmimi maraq da göstərməliyik. Bunu etməyin üsullarından biri necə dinlədiyimizə diqqət yetirməkdir. Bir səyyar nəzarətçi fikir vermişdir: «Səbirlə və diqqətlə dinləmək insanlarda xoş xəbərə qulaq asmaq həvəsi oyadır və bu, səmimi marağımızın gözəl ifadəsidir». Aşağıdakı nümunənin göstərdiyi kimi, şəfqətlə qulaq asmaq həmsöhbətimizin ürəyinə yol tapmağımıza kömək edə bilər.
12 Fransanın Sent-Etyenn şəhərində çıxan «Proqre» qəzetində, üç aylıq qızını itirən bir qadının məktubu çap edilmişdi. Orada həmin faciədən bir qədər sonra iki adamın onun qapısını döydüyündən bəhs edilirdi. Qadın yazırdı: «Onların Yehovanın Şahidləri olduqlarını o dəqiqə bildim. Onları mədəni surətdə yola salmaq istədim, amma təklif etdikləri broşüra diqqətimi cəlb etdi. O, Allahın əzablara nə üçün yol verdiyi haqda idi. Buna görə də, gətirdikləri dəlillərin doğru olmadığını sübut etmək üçün onları içəri dəvət etdim. [...] Şahidlər bizdə təxminən bir saat oldular. Onlar məni şəfqətlə dinlədilər və onlar gedəndə özümü o qədər rahat hiss edirdim ki, təkrar gəlmələrinə razılıq verdim» (Rom. 12:15). Bir müddətdən sonra həmin qadın Müqəddəs Kitabı öyrənməyə başladı. Gördüyümüz kimi, o qadın, Şahidlərin ilk görüşdə dediklərini yox, onu necə dinlədiklərini xatırlayırdı.
13. Xoş xəbəri təbliğ edərkən təqdiməni insanların tələbatlarına necə uyğunlaşdıra bilərik?
13 Şəfqətlə dinləyəndə, əslində, insanlara Padşahlığa nə üçün ehtiyac duyduqlarını söyləməyə imkan veririk. Belə etmək xoş xəbəri onlara daha yaxşı çatdırmağımıza kömək edəcək. Yəqin diqqət yetirmisən ki, təcrübəli təbliğçilər adətən yaxşı dinləməyi bacarırlar (Sül. məs. 20:5). Onlar xidmətdə qarşılaşdıqları adamlarla səmimi maraqlanırlar. Belə təbliğçilər onların yalnız adlarını və ünvanlarını deyil, maraq və ehtiyaclarını da qeyd edirlər. Kimisə konkret bir problem narahat edəndə onlar axtarışlar aparır və öyrəndikləri ilə bölüşmək üçün qısa vaxtdan sonra yenidən həmin insana baş çəkirlər. Həvari Pavel kimi, onlar Padşahlıq haqqında xoş xəbəri təbliğ edərkən öz təqdimələrini insanların tələbatlarına uyğunlaşdırırlar. (1 Korinflilərə 9:19-23 ayələrini oxu.) Bu cür səmimi maraq insanları xoş xəbərə cəlb edir və ‘Allahın mərhəmətini əks etdirir’ (Luka 1:78).
Müsbət əhval-ruhiyyəni qoru
14. Təbliğ edərkən Yehovanın keyfiyyətlərini necə əks etdirə bilərik?
14 Yehova bizə iradə azadlığı bəxş etməklə bizi şəxsiyyət kimi qiymətləndirdiyini göstərdi. Yehova Küll-İxtiyar Allah olsa da, heç kimi Ona xidmət etməyə məcbur etmir, əksinə, istəyir ki, insanlar Onun məhəbbətinə hay versinlər. Yehova Onun göstərdiyi qayğıya minnətdar olanlara xeyir-dua verir (Rom. 2:4). Biz hər dəfə şahidlik edərkən xoş xəbəri mərhəmətli Allahımıza layiqli tərzdə bəyan etməyə hazır olmalıyıq (2 Kor. 5:20, 21; 6:3-6). Bunun üçün sahəmizdə yaşayan insanlara qarşı müsbət əhval-ruhiyyəni qorumalıyıq. Bunu necə etmək olar?
15. a) İsanın göstərişinə əsasən, insanlar xoş xəbəri rədd etdikləri təqdirdə həvarilər nə etməli idilər? b) Diqqətimizi ləyaqətli olanların axtarışına cəmləməyə nə kömək edər?
15 İsa davamçılarına tapşırdı ki, kimsə xoş xəbəri rədd edəndə buna görə həddindən artıq narahat olmaq əvəzinə, diqqətlərini ləyaqətli olanların axtarışına cəmləsinlər. (Matta 10:11-15 ayələrini oxu.) Qarşımıza kiçik, əlçatan məqsədlər qoymağımız bu işdə bizə kömək edə bilər. Bir qardaş özünü qızılaxtaranla müqayisə edir. Onun şüarı belədir: «Mən bu gün mütləq qızıl tapmalıyam!» Başqa qardaşın məqsədi isə «heç olmasa bir nəfər maraq göstərən adama rast gəlmək və marağını inkişaf etdirmək üçün bir necə gündən sonra ona təkrar baş çəkməkdir». Bəzi təbliğçilər evdən-evə təbliğdə rastlaşdıqları hər bir insana imkan daxilində ən azı bir ayə oxumağa çalışırlar. Bəs sən qarşına hansı əlçatan məqsədləri qoya bilərsən?
16. Nəyə görə xoş xəbəri durmadan təbliğ etməliyik?
16 Evdən-evə təbliğdə müvəffəqiyyət sahəmizdə yaşayan insanların xoş xəbərə yalnız necə hay vermələrindən asılı deyil. Düzdür, təbliğ səmimi insanların xilas olması üçün vacibdir, amma o, başqa vacib məqsədlərə də xidmət edir. Təbliğ edərkən biz Yehovanı sevdiyimizi göstəririk (1 Yəh. 5:3). İnsanların qanından təmiz qalırıq (Həv. iş. 20:26, 27). Allahsız insanları xəbərdar edirik ki, Yehovanın «hökmünün vaxtı gəldi» (Vəhy 14:6, 7). Ən əsası isə, xoş xəbərin təbliği sayəsində Yehovanın adına bütün dünyada həmd olunur (Məz. 113:3). Beləliklə, insanların bizi dinləyib-dinləməmələrindən asılı olmayaraq, Padşahlıq xəbərini durmadan bəyan etməliyik. Əmin ol ki, xoş xəbəri bəyan etməkdə göstərdiyimiz bütün səylərimizi Yehova yüksək qiymətləndirir (Rom. 10:13-15).
17. İnsanlar tezliklə nəyi etiraf etməli olacaqlar?
17 Çoxları bəyan etdiyimiz xəbərə laqeyd yanaşsalar da, tezliklə ona başqa gözlə baxmalı olacaqlar (Mat. 24:37-39). Yehova Yezekeli əmin etdi ki, onun bəyan etdiyi hökmlər yerinə yetəndə üsyankar İsrail evi ‘aralarında bir peyğəmbərin’ olduğunu biləcək (Yez. 2:5). Eynilə, Allah müasir sistemin üzərində hökmünü icra edəndə insanlar Yehovanın Şahidlərinin açıqca və evdən-evə təbliğ etdikləri xəbərin əslində yeganə, həqiqi Allah Yehovadan olduğunu və Şahidlərin Onun təmsilçiləri olduğunu etiraf etməli olacaqlar. Bu mühüm zəmanədə Onun adını daşımaq və xəbərini bəyan etmək necə də böyük şərəfdir! Gəlin qarşılaşdığımız çətinliklərə baxmayaraq və Onun köməyinə arxalanaraq evdən-evə təbliğimizi davam etdirək!
Necə cavab verərdiniz?
• Cəsarətlə təbliğ etmək üçün nə etməliyik?
• Evdən-evə təbliğ edərkən söhbətə necə başlamaq olar?
• İnsanlara səmimi maraq necə göstərə bilərik?
• Sahəmizdə yaşayan insanlara qarşı müsbət əhval-ruhiyyəmizi qorumaqda bizə nə kömək edər?
[9-cu səhifədəki çərçivə/şəkil]
Müqəddəs Kitab haqqında söhbətə başlamağın bir üsulu
Əvvəldə:
◼ Ev yiyəsini salamladıqdan sonra ona bir traktat verib demək olar: «Mən bu vacib mövzuya dair maraqlı bir fikirlə bölüşmək istəyirəm».
◼ Və ya traktatı təklif edərək demək olar: «Mən bu gün insanlarla qısaca söhbət edirəm və bu mövzu haqda sizin fikrinizi bilmək istərdim».
Əgər traktatı qəbul ediblərsə:
◼ Adamın fikrini öyrənmək üçün traktatın adı ilə bağlı dərhal bir sual ver.
◼ Diqqətlə dinlə və ev sakininin fikrini başa düşməyə çalış. Fikrini söylədiyinə görə ona təşəkkürünü bildir.
Söhbəti davam etdirmək üçün:
◼ Təqdiməni həmsöhbətinin maraq və ehtiyaclarına uyğunlaşdıraraq bir, yaxud bir neçə ayə oxuyub müzakirə et.
◼ İnsan maraq göstərirsə, ədəbiyyat təklif et və mümkünsə, Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini göstər. Təkrar baş çəkəcəyin vaxtı müəyyənləşdir.