Dəqiq bilikdə «böyük şövqlə» tərəqqi et
YEHOVANIN bütün xidmətçiləri Onu razı salmaq istəyir. Buna görə biz imanımızı möhkəmləndirməyə və müqəddəs xidmətimizi səylə icra etməyə can atırıq. Lakin həvari Pavel diqqətimizi, onun günlərində bəzi yəhudilərin məruz qaldıqları gizli təhlükəyə yönəldir: «Allah üçün səyləri vardır, lakin elmə [«dəqiq biliyə», YD] əsaslanmamışdır» (Rom. 10:2). Göründüyü kimi, Yehovaya imanımız və ibadətimiz sadəcə hisslərə əsaslanmamalıdır. Yaradanımız və Onun iradəsi haqqında dəqiq biliyimiz olmalıdır.
Başqa bir ayədə isə Pavel Allaha məqbul davranışla aldığımız biliyin bir-biri ilə bağlı olduğunu qeyd edir. O dua edirdi ki, Məsihin davamçıları ‘Rəbbə layiq şəkildə hərəkət edib, Onu hər cəhətdən razı salmaq’ üçün Allahın iradəsi haqqında dəqiq biliyə yiyələnərək ‘hər cür xeyirli işdə səmərə verib, Allahı tanımaqda tərəqqi etsinlər’ (Kolos. 1:9, 10). Nəyə görə «dəqiq biliyə» yiyələnmək çox vacibdir və nə üçün bu bilikdə tərəqqi etməliyik?
İmanımızın təməli
Allah və Onun iradəsi haqqında Müqəddəs Kitabda açıqlanan dəqiq bilik imanımızın təməlini təşkil edir. Belə bilik olmadan Yehovaya imanımız kartdan düzəldilən və bir balaca külək əsən kimi uçub-dağılan evə bənzəyərdi. Pavel bizi təşviq edir ki, ‘ağlımızı yeniləşdirərək’ Allaha müqəddəs xidmətimizi şüurlu şəkildə icra edək (Rom. 12:1, 2). Müqəddəs Kitabı müntəzəm oxuyub-öyrənmək bu sahədə bizə kömək edə bilər.
Polşada yaşayan daimi pioner Yeva deyir: «Əgər Allahın Kəlamını müntəzəm şəkildə araşdırmasaydım, Yehova haqqında dəqiq bilikdə tərəqqi etməzdim. Çox keçməmiş məsihçi mənliyimi itirərdim və Allaha imanım zəifləyərdi, bir sözlə, ruhani cəhətdən iflasa uğrayardım». Gəlin heç zaman buna yol verməyək! Yehova haqqında dəqiq bilikdə tərəqqi edən və bununla Onun iltifatını qazanan bir nəfərin nümunəsinə baxaq.
«Qanununu nə qədər sevirəm!»
Müqəddəs Kitabda 119-cu məzmur kimi tanınan nəğmədə məzmurçunun Yehovanın qanunları, öyüdləri, qaydaları, əmrləri və hökmləri haqqında hissləri təsvir olunur. Məzmurçu yazırdı: «Qaydalarından zövq alıram... Öyüdlərindən zövq alıram». O həmçinin yazmışdı: «Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm» (Məz. 119:16, 24, 47, 48, 77, 97).
«Zövq alıram» və «dərindən düşünürəm» ifadələri Allahın Kəlamı üzərində düşünmək, yəni düşünməkdən zövq almaq deməkdir. Bu ifadələr göstərir ki, məzmurçu Allahın qanunlarını öyrənməyi çox sevirdi. Məzmurçunun məhəbbəti sadəcə güclü emosiyalardan irəli gəlmirdi. Əksinə, o, qanunlar üzərində düşünməyi, Yehovanın sözlərini anlamağı səmimi-qəlbdən arzulayırdı. Onun əhval-ruhiyyəsindən görmək olar ki, Allah və Onun iradəsi haqqında mümkün qədər dəqiq bilik əldə etmək istəyirdi.
Şübhə yoxdur ki, məzmurçunun Allahın Kəlamına olan məhəbbəti ürəyinin dərinliyindən gəlirdi. Biz də özümüzdən soruşa bilərik: mənim də Allah Kəlamına qarşı dərin məhəbbətim varmı? Müqəddəs Kitabı hər gün oxuyub-araşdırmaqdan həzz alırammı? Allahın Kəlamını çalışqanlıqla oxuyurammı və oxumazdan əvvəl Yehovaya dua edirəmmi? Bu suallara verdiyimiz cavablardan Allah haqqında dəqiq bilikdə nə qədər tərəqqi edib-etmədiyimizi görmək olar.
Yeva deyir: «Mən daima şəxsi öyrənməmi yaxşılaşdırmağa çalışıram. «“Gözəl torpağa” baxın» (rus.) broşürasını aldıqdan sonra, demək olar ki, onu hər şəxsi öyrənməmdə istifadə edirəm. Lazım gəldikdə, “Müqəddəs Yazıların dərk edilməsi” (ing.) və digər nəşrlərdən tez-tez istifadə etməyə çalışıram».
Ailə qayğıları çox olan Voytsex ilə Malqojatanın da nümunəsini nəzərdən keçirək. Bu ər-arvad şəxsi öyrənmə üçün vaxtı haradan tapır? «Biz imkan daxilində vaxt edib Allahın Kəlamını ayrı-ayrılıqda araşdırırıq. Sonra isə tapdığımız maraqlı və ya ruhlandırıcı fikirləri ailəvi öyrənməmizdə və gündəlik söhbətlərimizdə bölüşürük». Dərin şəxsi öyrənmə onlara çox sevinc gətirir və ‘dəqiq bilikdə’ tərəqqi etməyə kömək edir.
Öyrəndiklərini minnətdarlıqla qəbul et
Biz məsihçilər bilirik ki, Allah ‘bütün insanların xilas olub, həqiqəti dərk etmələrini’ istəyir (1 Tim. 2:3, 4). Bu, Müqəddəs Kitabı oxumağın və onu ‘anlamağın’ vacibliyini vurğulayır (Mat. 15:10). Buna nail olmaq üçün öyrəndiklərini minnətdarlıqla qəbul et. Pavelin təbliğ etdiyi veriyalılarda məhz belə əhval-ruhiyyə vardı: «Bu yəhudilər... “Bu təlimlər doğrudurmu?” — deyərək hər gün Müqəddəs Yazıları araşdıraraq Allah kəlamını böyük şövqlə qəbul etdilər» (Həv. iş. 17:11).
Müqəddəs Kitabı öyrənəndə sən də qədim veriyalılar kimi bunu şövqlə və fikrini lazımsız şeylərə yayındırmadan edirsənmi? Məsihçi əvvəllər oxuyub-araşdırmağı xoşlamasa da, veriyalıların nümunəsini təqlid etməyə çalışa bilər. Bundan başqa, bəzi insanlar yaşlaşdıqca oxuyub-öyrənməyə daha az meylli olurlar, məsihçilər isə belə olmalı deyillər. Yaşımızdan asılı olmayaraq, diqqətimizi müəyyən şeyə cəmləməyə müvəffəq ola bilərik. Oxuyanda başqaları ilə bölüşə biləcəyin fikirləri axtarmaq olar. Məsələn, şəxsi öyrənmə zamanı oxuduqlarını və ya öyrəndiklərini həyat yoldaşınla, yaxud məsihçi dostunla bölüşməyi qarşına məqsəd qoya bilərsənmi? Belə etməklə bu şeylər yaddaşında və ürəyində həkk olunacaq və başqalarına da müsbət təsir göstərəcək.
Şəxsi öyrənmə zamanı Yehovanın ‘qanununu öyrənmək üçün öz ürəyini hazırlayan’ Allahın xidmətçisi Ezranın nümunəsini təqlid et (Ezra 7:10, KM). Sən bunu necə edə bilərsən? İlk növbədə, araşdırma aparmaq üçün münasib şərait yarat. Sonra otur və duada Yehovadan rəhbərlik və müdriklik istə (Yaq. 1:5). Özündən soruş: mən bu öyrənmədən nə gözləyirəm? Oxuyarkən əsas fikirləri sezməyə çalış. Ola bilsin, sən onları və ya xüsusilə yadda saxlamaq istədiyin parçaları qeyd etmək istəyəsən. Bu materiallardan təbliğ edərkən, qərar qəbul edərkən və ya həmimanlılarını ruhlandırarkən necə istifadə edəcəyini düşün. Sonda araşdırdığın materialı qısaca təkrarla. Belə etməklə öyrəndiklərin yaddaşında yaxşı həkk olunacaq.
Yeva necə araşdırma apardığı barədə danışır: «Müqəddəs Kitabı oxuyanda çarpaz istinadları açır, “Gözətçi Qülləsi nəşrlərinin indeksi”ndən və “Gözətçi Qülləsinin kitabxanası”ndan (CD-ROM) istifadə edirəm. Xidmətdə istifadə etmək istədiyim fikirləri özüm üçün qeyd edirəm».
Bəziləri ruhani işlərlə məşğul olaraq uzun illər dərin araşdırmadan həzz alırlar (Sül. məs. 2:1-5). Bununla yanaşı, onların məsuliyyətləri çoxdur və şəxsi öyrənməyə vaxt ayırmaqda çətinlikləri olur. Səninlə də vəziyyət belədirsə, qrafikində hansı dəyişiklikləri edə bilərsən?
Vaxtı necə tapa bilərik?
Yəqin razılaşarsan ki, xoşladığımız məşğuliyyətə həmişə asanlıqla vaxt tapırıq. Bir çoxları fikir vermişlər ki, Müqəddəs Kitabı bütöv oxumaq kimi real məqsədlər qoymaq şəxsi öyrənmə ilə məşğul olmağa kömək edir. Doğrudur, uzun-uzadı nəsil şəcərələrini, qədim məbədin təfərrüatı ilə təsvirini, gündəlik həyatımıza aid olmayan kimi görünən çətin peyğəmbərlikləri oxumaq asan olmaya bilər. Məqsədinə nail olmaqda sənə kömək edəcək addımlar atmağa çalış. Məsələn, Müqəddəs Kitabın çətin görünən hissələrini araşdırmazdan əvvəl, onun tarixi və praktiki tətbiqi haqqında oxuya bilərsən. Belə məlumatı, təxminən 50 dildə buraxılan «Hər Müqəddəs Yazı Allahdan ilham almış və faydalıdır» kitabında tapmaq olar.
Həmçinin Müqəddəs Kitabdan oxuduqlarını — qəhrəmanları, hadisələri təsəvvüründə canlandırmaq sənə kömək edəcək. Bu bir neçə məsləhəti tətbiq etmək sayəsində şəxsi öyrənmən sənə daha çox məmnunluq və fayda gətirəcək və bunun üçün vaxt ayırmağa daha çox səy göstərəcəksən. Müqəddəs Kitabı gündəlik oxumaq vərdişini qorumaq daha asan olacaq.
Bəs bu məsləhətlər ailə məsuliyyəti çox olan məsihçilərə də faydalı ola bilərmi? Nəyə görə bir yerdə oturub ailəvi öyrənmənin gətirə biləcəyi faydaları rahat müzakirə etməyəsiniz? Söhbət əsnasında Müqəddəs Kitabdan bir parçanı müzakirə etmək üçün hər gün və ya müəyyən günlər səhər bir qədər erkən durmaq kimi yaxşı fikirlər yarana bilər. Yaxud müzakirələrinizdən görünəcək ki, ailə qrafikinizdə dəyişiklik etmək lazımdır. Məsələn, bəzi ailələr görüblər ki, gündəlik ayəni müzakirə etmək və ya Müqəddəs Kitabdan müəyyən bir parçanı oxumaq üçün münasib vaxt ailəlikcə yeməkdən sonradır. Süfrəni yığışdırmazdan və ya başqa bir işə başlamazdan öncə ailə 10-15 dəqiqə ərzində ya gündəlik ayəni müzakirə edir, ya da Müqəddəs Kitabı oxuyur. Başlanğıcda bu, bir balaca çətin görünə bilər, amma tezliklə vərdiş halını alacaq və sevinc gətirəcək.
Voytsex və Malqojata öz ailələri barədə deyirlər: «Əvvəllər vaxtımız boş və əhəmiyyətsiz işlərə gedirdi. Qərara gəldik ki, internet vasitəsilə məktublaşmağa sərf etdiyimiz vaxtı azaldaq. Həmçinin bəzi əyləncə və sevimli məşğuliyyətlərimizdən imtina edib, dərin şəxsi öyrənməmiz üçün konkret gün və vaxt təyin etdik». Bu ailə, şübhəsiz ki, belə dəyişikliklər etdiyinə peşman deyil. Bu gözəl nümunədir, elə deyilmi?
Dəqiq bilikdə tərəqqi etməyə dəyər!
Allahın Kəlamını dərindən araşdırmaq ‘hər cür xeyirli işdə səmərə verməyimizə’ kömək edəcək (Kolos. 1:10). Bu səndə vərdiş halını alsa, tərəqqin hamıya aşkar olacaq. Sən Müqəddəs Kitab həqiqətlərini dərindən dərk edən ruhani insan olacaqsan. Qərarların daha tarazlı olacaq, başqalarına daha yaxşı kömək edə biləcəksən və adətən məlumatsız insanların düşdüyü ifrata varmayacaqsan. Üstəlik, Yehovaya daha yaxın olacaqsan. Onun xüsusiyyətlərini qiymətləndirəcəksən, bu isə sənin başqalarına Onun haqqında danışmağında özünü büruzə verəcək (1 Tim. 4:15; Yaq. 4:8).
Yaşından və təcrübəndən asılı olmayaraq, Allahın Kəlamından zövq almaq və öyrəndiklərini minnətdarlıqla qəbul etmək üçün əlindən gələni et. Əmin ola bilərsən ki, Yehova sənin səyini unutmayacaq (İbr. 6:10). O sənin başından bol xeyir-dualar yağdıracaq.
[13-cü səhifədəki çərçivə]
‘Dəqiq bilikdə tərəqqi edəndə’...
Yehovaya imanımız möhkəmlənir və Ona layiq şəkildə hərəkət edirik
biz daha anlayışlı və dərrakəli oluruq, müdrik qərarlar qəbul edirik
(Məz. 119:99).
başqalarına Yehovaya yaxınlaşmağa kömək etməkdən sevinc duyuruq
[14-cü səhifədəki şəkillər]
Öyrənmə üçün münasib yer tapmaq çətin olsa da, buna dəyər
[15-ci səhifədəki şəkil]
Bəzi ailələr Müqəddəs Kitabı yeməkdən sonra oxuyurlar