Yehovanın Şahidləri ailələri dağıdırmı?
«HƏYAT YOLDAŞINDAN biri öz dinini dəyişsə, ailə dağılar». Çoxları belə fikirləşir. Hərdən bu xəbərdarlıq Yehovanın Şahidi olmaq istəyən adama ünvanlanır. Bəs bu iddia nə dərəcədə həqiqətdir?
Aydındır ki, ailəli adamın dinlə maraqlanmağa başlaması və ya dədə-babadan qalma dinini dəyişməsi əks tərəfi sarsıda bilər. Bu, təşviş, məyusluq və hətta qəzəbə səbəb ola bilər.
Adətən, öz dinini dəyişməyə ilk ehtiyac duyan qadınlar olur. Əgər sizin arvadınız Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirsə, bu, sizin ailənizə necə təsir edə bilər? Əgər siz Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirsinizsə, ərinizin təlaşını azaltmaq üçün nə edə bilərsiniz?
Qərarın ərə təsiri
Avstraliyada yaşayan Markın arvadı Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayanda, onlar artıq 12 il idi ki, evli idilər. Mark deyir: «Mənim xoşbəxt ailəm və yaxşı işim var idi. Həyat gözəl idi. Sonra arvadım Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənmək qərarına gəldi. Mən o andaca hiss etdim ki, bu qərar həyatımızı dəyişdirəcək. Əvvəl-əvvəl arvadımın Müqəddəs Kitabla maraqlanması məni bir az narahat edirdi, ancaq Yehovanın Şahidi kimi vəftiz olmaq qərarını bildirəndə qanım əməlli-başlı qaraldı».
Mark həyat yoldaşının yeni dininə görə ailələrinin dağılacağından qorxmağa başladı. O, həyat yoldaşının Müqəddəs Kitabı öyrənməyi dayandırmasını və Yehovanın Şahidləri ilə bütün əlaqələrini kəsməsini istəyirdi. Ancaq qəti müqavimət göstərməyib, vəziyyətin bir müddət öz axarı ilə getməsinə yol verdi. Bəs onun ailəsinin axırı necə oldu?
Mark deyir: «Xoşbəxtlikdən bizim ailəmiz indi əvvəlkindən də möhkəmdir. Arvadımın 15 il əvvəl Yehovanın Şahidi olmasından bəri münasibətlərimiz daha da yaxşılaşıb». Onların nikahının xoşbəxt olmasına nə kömək etdi? Mark deyir: «Keçmişə nəzər salanda görünür ki, buna daha çox həyat yoldaşımın Müqəddəs Kitabın faydalı məsləhətlərini tətbiq etməsi sayəsində nail olunub. O, həmişə mənimlə hörmətlə davranmağa çalışıb».
Ailənin xoşbəxtliyini qorumuş qadınlardan məsləhət
Əgər siz Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirsinizsə, hansı sözlərlə və hərəkətlərlə ərinizin keçirdiyi təlaşı azalda bilərsiniz? Dünyanın müxtəlif yerlərindən olan qadınların şərhləri üzərində düşünün.
Sakiko, Yaponiya: «Mən artıq 31 ildir ki, ərdəyəm və üç oğul anasıyam. 22 il bundan əvvəl Yehovanın Şahidi oldum. Eyni imanda olmayan ərimlə yaşamaq hərdən yükə çevrilir. Ancaq ‘eşitməkdə iti, söz söyləməkdə təmkinli və qəzəbdə təmkinli olun’ məsləhətini həyata keçirmək üçün çox çalışıram (Yaqub 1:19). Mən ərimə qarşı mehriban olmağa və Müqəddəs Kitab prinsiplərinə zidd getməyəndə, istəklərini həyata keçirməyə səy göstərirəm. Bu bizim ailəmizin xoşbəxtliyinə kömək edir».
Nadejda, Rusiya: «28 ildir ki, ailəliyəm, Yehovanın Şahidi kimi vəftiz olunmağımdan isə 16 il keçib. Müqəddəs Kitabı öyrənməzdən əvvəl ərimi ailənin başçısı kimi qəbul etmirdim. Bir çox məsələlərə dair öz bildiyim kimi qərar çıxarmağı xoşlayırdım. Ancaq tədricən Müqəddəs Kitab prinsiplərini tətbiq etməyimin ailəmizə xoşbəxtlik və sülh gətirdiyini gördüm (1 Korinflilərə 11:3). İtaətkarlıq göstərmək yavaş-yavaş mənim üçün asanlaşdı, ərim də məndəki dəyişikləri görməyə başladı».
Marli, Braziliya: «İki övladım var və 21 ildir ki, ailə qurmuşam. 16 il əvvəl Yehovanın Şahidi kimi vəftiz oldum. Öyrəndim ki, Yehova Allah ərlə arvadın ayrılmasını yox, bir yerdə olmasını istəyir. Buna görə də, mən yaxşı həyat yoldaşı olmağa, Yehovanı və ərimi sevindirən tərzdə davranmağa və danışmağa çalışıram».
Larisa, Rusiya: «19 il əvvəl Yehovanın Şahidi olanda anladım ki, həyatımda mütləq dəyişiklik etməliyəm. Ərim Müqəddəs Kitabın mənə müsbət təsir etdiyini — onu daha çox qiymətləndirməyə kömək etdiyini görür. Əvvəllər uşaqların tərbiyəsi ilə bağlı tez-tez mübahisəmiz düşürdü, ancaq indi aramızda bu sahədə fikir ayrılığı yoxdur. Ərim uşaqları özümlə yığıncaq görüşlərinə aparmağa icazə verir, çünki o başa düşür ki, orada uşaqlar yalnız yaxşı şeylər öyrənirlər».
Valkeriya, Braziliya: «Mən 19 ildir ki, ailəliyəm və bir oğul anasıyam. On üç il bundan əvvəl Yehovanın Şahidi oldum. Əvvəl-əvvəl ərim təbliğ etməyimi istəmirdi. Ancaq ona mülayimliklə cavab verməyi öyrəndim və Müqəddəs Kitabın xasiyyətimə müsbət təsir etməsini görməyə kömək etdim. Ərim təbliğ xidmətində iştirak etməyin mənim üçün nə dərəcədə vacib olduğunu tədricən başa düşdü. İndi o, ruhani fəaliyyətimə tam dəstək olur. Uzaq ərazilərdə Müqəddəs Kitab öyrənməsi keçirəndə hətta məni öz maşını ilə aparır və çöldə oturub, səbirlə öyrənməni qurtarmağımı gözləyir».
Faydalı məsləhətlər mənbəyi
Əgər yoldaşınız Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirsə, bunun ailənizi dağıdacağından qorxmayın. Dünyanın müxtəlif yerlərindən olan bir çox ailəli insanların başa düşdüyü kimi, Müqəddəs Kitab nikahın xoşbəxt olması üçün faydalı məsləhətlər mənbəyidir.
Yehovanın Şahidi olmayan bir ər səmimi etiraf etmişdi: «Arvadım Yehovanın Şahidlərinin etiqadını qəbul edəndə əvvəlcə qanım qaralmışdı, ancaq indi nəticəni görəndə başa düşürəm ki, çətin də olsa, etdiyim dəyişikliklərə dəyərmiş». Bir başqası arvadı haqqında belə demişdi: «Arvadımın sadiqliyi, qətiyyətliliyi, nöqsansızlığı məndə Yehovanın Şahidlərinə qarşı böyük rəğbət hissi oyadıb. Onun dini etiqadlarının ailəmizə böyük faydası dəydi. Biz bir-birimizi nəzərə alır və nikahımıza ömürlük birlik kimi baxırıq».
[25-ci səhifədəki çərçivə/şəkil]
Yehovanın Şahidləri nikaha necə baxırlar?
Yehovanın Şahidləri Müqəddəs Kitaba Allahın ilhamlanmış Kəlamı kimi baxırlar. Buna görə də, onlar nikah haqqında orada deyilənlərə ciddi yanaşırlar. Müqəddəs Kitabın növbəti suallara necə cavab verdiyinə diqqət yetirin:
▪ Yehovanın Şahidləri həmimanlılarını Şahid olmayan həyat yoldaşından ayrı yaşamağa təşviq edirlərmi? Xeyr. Həvari Pavel yazırdı: «Əgər bir qardaşımızın arvadı imanlı deyilsə, amma onunla yaşamağa razıdırsa, əri onu boşamasın. Və eləcə də bir arvadın əri imanlı deyilsə, amma onunla yaşamağa razıdırsa, arvadı ondan boşanmasın» (1 Korinflilərə 7:12, 13). Yehovanın Şahidləri bu əmrə tabe olurlar.
▪ Yehovanın Şahidi olan qadın, əgər əri imanına şərik deyilsə, onun istəklərinə məhəl qoymamağa təşviq olunurmu? Xeyr. Həvari Peter yazırdı: «Ey qadınlar, siz də eyni şəkildə öz ərlərinizə tabe olun ki, bəziləri kəlama itaət etməzlərsə, ehtiram içində təmiz həyatınızı müşahidə edərək, siz arvadların rəftarı ilə heç bir söz söylənmədən fəth edilsinlər» (1 Peter 3:1, 2).
▪ Yehovanın Şahidləri ərin mütləq hakimiyyətə sahib olduğunumu öyrədir? Xeyr. Həvari Pavel demişdi: «Bunu da bilmənizi istəyirəm ki, hər ərin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır» (1 Korinflilərə 11:3). Məsihçi qadın ərinə ailənin başçısı kimi hörmət edir. Bununla belə, ərin hakimiyyəti nisbidir. O, Allaha və Məsihə hesabat verəcək. Buna görə də, ər arvadından Allahın qanununu pozacaq tərzdə hərəkət etməyi tələb edərsə, məsihçi qadın ‘insanlardan artıq, Allaha itaət edəcək’ (Həvarilərin işləri 5:29).
▪ Yehovanın Şahidləri boşanmağı qadağan edirlərmi? Xeyr. İsa Məsih demişdir: «Mən sizə deyirəm: Kim cinsi əxlaqsızlıqdan başqa səbəblə arvadını boşayıb başqası ilə evlənərsə, zina edər» (Matta 19:9). Buna görə də Yehovanın Şahidləri İsanın nöqteyi-nəzərini rəhbər tutaraq düşünürlər ki, xəyanət boşanmağa əsas verir. Ancaq onlar həm də tam əmindirlər ki, tutarlı olmayan səbəblərə görə nikahı pozmaq olmaz. Onlar öz həmimanlılarını İsanın növbəti sözlərinə əməl etməyə təşviq edirlər: «İnsan ata-anasını buraxacaq və arvadına bağlanacaqdır. İkisi də bir bədən olacaqdır... Beləliklə, Allahın birləşdirdiyini insan ayırmamalıdır» (Matta 19:5, 6).