Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/3 s. 3—5
  • «Rəbdən qorxanları Onun mələyi müdafiə edər»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Rəbdən qorxanları Onun mələyi müdafiə edər»
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitabı öyrənməyə təşviq olunuram
  • Şotlandiyada və İrlandiyada pionerlik edirəm
  • Gilead Məktəbinə dəvət
  • İrlandiyaya qayıdış
  • Qarışıqlıq dövründə yaşayır və xidmət edirik
  • Allaha itaət edənin neməti bol olar
    Gözətçi qülləsi 2017
  • Yehovanın xalqının böyük imanını gördüm
    Gözətçi qülləsi 2023
  • Yehova mənim qalamdır
    Gözətçi qülləsi 2008
  • Yehova mənə iradəsini yerinə yetirməyi öyrətdi
    Gözətçi qülləsi 2012
Gözətçi qülləsi 2009
w09 15/3 s. 3—5

«Rəbdən qorxanları Onun mələyi müdafiə edər»

Nəql etdi Kristabel Konnell

Kristoferin Müqəddəs Kitab suallarına cavab verməyə başımız elə qarışmışdı ki, nə vaxtın çox gec olduğunu, nə də Kristoferin vaxtaşırı pəncərəyə baxdığını hiss etmişdik. Nəhayət, o, üzünü bizə tutub dedi: «İndi getmək olar, artıq təhlükə sovuşdu». O bizi velosipedlərimizin yanına qədər ötürdü və biz vidalaşıb ayrıldıq. Bəs təhlükə nədə idi?

MƏN 1927-ci ildə İngiltərənin Şeffild şəhərində dünyaya gəlmişəm. İkinci Dünya müharibəsi zamanı bombalanma nəticəsində evimiz dağıldığından məni nənəmin yanına göndərdilər ki, məktəbi bitirənə qədər onun yanında yaşayım. Katolik kilsəsinə mənsub olan məktəblərin birində oxuyarkən həmişə rahibələrdən nəyə görə bu qədər pislik və zorakılıq olduğunu soruşurdum. Nə onlar, nə də başqa dindar adamlar bu sualıma qaneedici cavab verə bilmirdilər.

İkinci Dünya müharibəsi başa çatandan sonra mən tibb bacısı ixtisasına yiyələndim. Paddinqtonun xəstəxanalarının birində işləmək üçün Londona köçdüm, amma burada daha çox zorakılıq gördüm. Məndən böyük qardaşım Koreyaya müharibəyə yollanandan dərhal sonra işlədiyim xəstəxananın yanında baş verən dəhşətli davanın şahidi oldum. Bunun nəticəsində kor olan adama heç kim yaxın belə durmadı. Təxminən bu ərəfədə anamla mən spiritik seanslara getməyə başladıq, amma məni narahat edən sual hələ də cavabsız qalırdı.

Müqəddəs Kitabı öyrənməyə təşviq olunuram

Bir gün Yehovanın Şahidi olan böyük qardaşım Con mənə baş çəkdi. O soruşdu: «Bilirsən, nəyə görə dünyada bu qədər pislik var?» «Yox»,— deyə cavab verdim. O, Müqəddəs Kitabı açıb Vəhy 12:7-12 ayələrini oxudu. Onda mən başa düşdüm ki, dünyadakı bütün pisliklərin əsas səbəbkarı Şeytan və onun cinləridir. Conun məsləhəti ilə mən tezliklə Müqəddəs Kitabı öyrənməyə başladım. Amma o vaxt canımda insan qorxusu olduğundan vəftiz olunmaqdan çəkindim (Sül. məs. 29:25).

Bacım Doroti də Yehovanın Şahidi idi. O, 1953-cü ildə Nyu-Yorkda keçirilən beynəlxalq konqresdən nişanlısı Bill Roberts ilə qayıdanda onlara dedim ki, mən də Müqəddəs Kitabı öyrənirdim. Bill soruşdu: «Gətirilən bütün ayələri açıb oxuyurdun? Cavabların altından xətt çəkirdin?» Mən «yox» cavabını verəndə o dedi: «Onda sən heç vaxt Müqəddəs Kitabı öyrənməmisən! Həmin bacı ilə əlaqə saxla və öyrənməyə yenidən başla!» Bu vaxtlar cinlər məni narahat etməyə başladılar. Yadımdadır, necə Yehovaya yalvarıb məni qorumasını və onların təsirindən azad etməsini xahiş edirdim.

Şotlandiyada və İrlandiyada pionerlik edirəm

1954-cü il yanvarın 16-da vəftiz olundum. Xəstəxana ilə bağladığım müqavilə may ayında başa çatdı, iyun ayında isə pioner xidmətinə başladım. Səkkiz ay sonra məni xüsusi pioner kimi Qreyncmut (Şotlandiya) şəhərinə göndərdilər. Belə uzaq ərazidə xidmət edərkən Yehovanın mələklərinin necə ‘müdafiə etdiyini’ hiss edirdim (Məz. 34:7).

1956-cı ildə İrlandiyada xidmət etməyə dəvət olundum. İki bacı ilə birlikdə Qoluey şəhərinə təyin olunduq. Elə birinci gün katolik keşişinin yaşadığı evə getdim. Bir neçə dəqiqədən sonra polis gəlib əməkdaşımla məni məntəqəyə apardı. Adlarımızı və ünvanımızı öyrəndikdən dərhal sonra o, telefona yaxınlaşdı. Biz onun: «Bəli, müqəddəs ata, onların harada yaşadıqlarını öyrəndim»,— dediyini eşitdik. Polisi həmin keşiş çağırmışdı! Yaşadığımız evin sahibinə təzyiq göstərmişdilər ki, bizi evdən çıxartsın, buna görə də filial bizə həmin ərazini tərk etməyi məsləhət gördü. Biz dəmiryol stansiyasına çatanda qatarın yola düşmə vaxtından artıq on dəqiqə ötmüşdü. Ancaq qatarımız hələ tərpənməmişdi və orada bir nəfər dayanıb gözləyirdi ki, bizim qatara minib-minmədiyimizə əmin olsun. Qolueydə xidmətimiz cəmi üç həftə çəkdi!

Biz Limerik şəhərinə — katolik kilsəsinin güclü təsirə malik olduğu başqa bir şəhərə təyin olunduq. Orada camaat yığılıb daim bizi lağa qoyurdu. İnsanların çoxu qapını açıb bizimlə danışmağa qorxurdu. Bir il əvvəl yaxınlıqda yerləşən kiçik Klunlara şəhərində bir qardaşı yaman döymüşdülər. Buna görə, yuxarıda xatırlandığı kimi, Müqəddəs Kitab suallarını müzakirə etmək üçün qayıtmağımızı xahiş edən Kristoferə rast gəldiyimizə görə çox şad olduq. Orada olan zaman keşiş evə girib Kristoferdən bizi qovmasını tələb etdi. O isə keşişə dedi: «Bu qadınlar mənim dəvətimlə buradadırlar və içəri girməzdən əvvəl qapını döyüblər. Siz isə nə dəvət olunmusunuz, nə də qapını döymüsünüz». Keşiş qəzəblə evi tərk etdi.

Keşişin camaatı toplayıb bizi çöldə gözlədiyindən xəbərsiz idik. Onların çox qəzəbli olduqlarını bilən Kristofer əvvəldə yazıldığı kimi davrandı. O, camaat dağılana qədər bizi yubatdı. Daha sonra öyrəndik ki, biz gedəndən qısa müddət sonra onu ailəsi ilə birlikdə həmin ərazini tərk etməyə məcbur etmişlər və onlar İngiltərəyə köçmüşlər.

Gilead Məktəbinə dəvət

Gilead Məktəbinin 33-cü sinfinə dəvət alanda 1958-ci ildə Nyu-Yorkda keçiriləcək «Allahın iradəsi» adlı beynəlxalq konqresə getməyi planlaşdırmışdım. Konqresdən sonra evə qayıtmadım, çünki mən 1959-cu ildə keçiriləcək Gilead Məktəbi başlayana qədər Kanadanın Ontario əyalətinin Kollinqvud şəhərində xidmət etdim. Ancaq konqres zamanı Erik Konnellə tanış oldum. O, həqiqəti 1957-ci ildə öyrənmiş və 1958-ci ildə pioner xidmətinə başlamışdı. Konqresdən sonra Kanadada xidmət etdiyim və Gileadda oxuduğum müddətdə o mənə hər gün məktub yazırdı. Fikirləşirdim, görəsən, məktəbi bitirdikdən sonra necə olacaq.

Gilead Məktəbində oxumaq həyatımda vacib hadisə oldu. Doroti və yoldaşı mənimlə bir sinifdə oxuyurdular. Onların təyinatı Portuqaliya oldu. İrlandiyaya göndəriləcəyimi biləndə çox təəccübləndim. Bacımla birgə olmayacağıma görə çox məyus olmuşdum! Məktəbin müəllimlərinin birindən soruşdum: «Mən nəyisə düz etməmişəm?» «Yox»,— deyə qardaş cavab verdi və əlavə etdi: «Sən və əməkdaşın Aylin Mahoni dünyanın istənilən ölkəsinə getməyə razılıq vermisiniz». İrlandiya da elə həmin ölkələrdən biri idi.

İrlandiyaya qayıdış

1959-cu ilin avqust ayında İrlandiyaya qayıtdım və Dan-Lere yığıncağına təyin olundum. Erik artıq İngiltərəyə qayıtmışdı və mənim ona bu qədər yaxın olmağıma çox şad idi. O da missioner olmaq istəyirdi. Fikirləşirdi ki, əgər təşkilat missionerləri İrlandiyaya göndərirsə, deməli, burada tələbat var və o burada pioner kimi xidmət edəcək. O, Dan-Lere şəhərinə köçdü və biz 1961-ci ildə evləndik.

Altı ay sonra Erik ağır motosiklet qəzasına uğradı. Onun kəllə sümüyü ciddi zədə aldığından həkimlər onun sağ qalacağına əmin deyildilər. Erik üç həftə xəstəxanada yatdı. Xəstəxanadan çıxandan sonra sağalanacan mən beş ay evdə ona baxdım. Bacardığım qədər xidmətimi davam etdirirdim.

1965-ci ildə biz İrlandiyanın şimal-qərb sahilindəki liman şəhəri olan Slayqoya təyin olunduq. O zaman oradakı yığıncaq səkkiz təbliğçidən ibarət idi. Üç ildən sonra isə Slayqodan şimalda yerləşən Londonderridəki kiçik yığıncağa xidmət etməyə yollandıq. Bir gün xidmətdən qayıdanda evimizin yoluna tikanlı məftildən çəpər çəkildiyini gördük. Şimali İrlandiyada qarışıqlıq dövrü başlandı. Gənclərdən ibarət dəstələr maşınları yandırırdılar. Şəhər protestant və katoliklərin yaşadıqları iki hissəyə bölünmüşdü. Şəhərin bir hissəsindən o birisinə keçmək təhlükəli idi.

Qarışıqlıq dövründə yaşayır və xidmət edirik

Lakin xidmətimizlə əlaqədar biz hər yerə getməli olurduq. Biz yenə də mələklərin bizi necə müdafiə etdiyinin şahidi olduq. Əgər xidmət etdiyimiz yerdə toqquşma başlayırdısa, oranı dərhal tərk edib, hər şey sakitləşəndən sonra qayıdırdıq. Bir dəfə yaşadığımız evin yaxınlığında baş verən toqquşma zamanı boya mağazasının yanan qırıntıları pəncərəmizin qabağına düşdü. Bütün gecəni yatmayıb oyaq qaldıq ki, birdən evimizə od düşər. 1970-ci ildə Belfasta köçəndən sonra xəbər tutduq ki, boya mağazasına qoyulmuş əldəqayırma bomba yaşadığımız binanı da külə döndərib.

Başqa vaxt isə bacı ilə xidmətdə olarkən bir pəncərənin qabağında şübhə doğuran boru parçası gördük. Dərhal oradan uzaqlaşdıq. Bir neçə dəqiqədən sonra partlayış baş verdi. Çölə çıxan sakinlər bombanı bizim qoyduğumuzu düşündülər. Lakin o ərazidə yaşayan bacımız bizi öz evinə dəvət edəndə qonşular artıq bizdən şübhələnmirdilər.

1971-ci ildə ruhani bacımıza baş çəkmək üçün biz Londonderriyə qayıtdıq. Gəldiyimiz yol və keçdiyimiz barrikadalar haqqında danışanda o soruşdu: «Məgər barrikadalarda heç kim yox idi?» «Var idi, lakin onlar bizə fikir vermədilər»,— deyəndə bacı təəccübləndi, çünki bir neçə gün əvvəl bir həkimin və polisin maşınları qaçırılmış və yandırılmışdı.

1972-ci ildə biz Kork şəhərinə köçdük. Bir qədər sonra Neys, daha sonra isə Arklou şəhərində xidmət etdik. 1987-ci ildə Kaslbar şəhərinə təyin olunduq və indiyə qədər orada xidmət edirik. Orada Padşahlıq Zalının tikintisində kömək etmək bizim üçün şərəf idi. 1999-cu ildə Erik ciddi xəstələndi. Lakin Yehovanın köməyi və yığıncağın məhəbbətlə dəstəkləməsi sayəsində vəziyyətə tab gətirə, həmçinin sağalana qədər ona qulluq edə bildim.

Biz Eriklə iki dəfə Pioner Xidməti Məktəbini keçmişik. O, ağsaqqal kimi xidmət etməyə davam edir. Mən ağır formalı artritdən əziyyət çəkirəm və çanaq-bud və diz oynaqlarımın əvəz olunması üzrə əməliyyat keçirmişəm. Şiddətli dini təqiblərə məruz qalmışam, ciddi siyasi və ictimai qarmaqarışıqlıq dövründə yaşamışam, ancaq mənim üçün ən böyük çətinlik maşın sürməkdən imtina etmək oldu. Bu mənim üçün əsil sınaq idi, çünki sərbəstliyimi əlimdən aldı. Yığıncaq mənə çox kömək edir. İndi mən çəliksiz gəzə bilmirəm və uzaq yerlərə getmək üçün üçtəkərli elektromotosikletdən istifadə edirəm.

Eriklə birgə biz 100 ildən çox xüsusi pioner kimi xidmət etmişik və onun 98-ni burada, İrlandiyada keçirmişik. Xidmətimizi dayandırmaq ağlımızdan belə keçmir. Biz möcüzə gözləmirik, lakin inanırıq ki, Yehovanın güclü mələkləri Ondan qorxanları və Ona sədaqətlə xidmət edənləri ‘müdafiə edir’.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş