Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/4 s. 12—13
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2009
  • Oxşar material
  • Müqəddəs Kitabda abort haqda nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Abort
    Oyanın! 2017
Gözətçi qülləsi 2009
w09 15/4 s. 12—13

Oxucuların sualları

Ana bətnində ölən uşaq üçün dirilməyə ümid varmı?

Uşağı düşən və ya ölü doğulan insanların hisslərini belə bir itki ilə üzləşməyən insanlara başa düşmək çətin ola bilər. Bəzi valideynlər üçün belə itkiyə tab gətirmək dözülməz olur. Misal üçün, bir ana beş uşağını ölü doğmuş və ya salmışdır. Bir müddətdən sonra o, iki sağlam oğlan uşağı dünyaya gətirmiş və boya-başa çatdırmışdır. Bununla belə, o, ömrünün sonunadək itirdiyi uşaqlarının heç birini unuda bilməmişdi. O, həmişə oturub ölü doğduğu və saldığı uşaqlarının, ölməyib sağ qalsaydılar, neçə yaşları olacağı barədə düşünərdi. Belə məsihçilərin dirilməyə ümid etmək üçün əsasları varmı?

Biz bu sualın dəqiq cavabını bilmirik. Müqəddəs Kitabda düşən, yaxud da ölü doğulan uşaqların dirilməsi haqqında birbaşa heç nə deyilmir. Ancaq Allahın Kəlamında bu məsələyə dair bizə müəyyən dərəcədə təsəlli verə biləcək prinsiplər var.

Gəlin bir-biri ilə əlaqəli olan iki sualı nəzərdən keçirək. Birincisi, Yehovanın nöqteyi-nəzərincə, insanın həyatı nə zaman başlayır: ana bətninə düşən andan, yoxsa doğulan zaman? İkincisi, Yehova hələ dünyaya gəlməmiş körpəni təkrarolunmaz bir şəxsiyyət, yoxsa ana bətnindəki hüceyrələr və toxumalar toplusu hesab edir? Müqəddəs Kitab prinsipləri hər iki suala aydın cavab verir.

Musanın Qanununda aydın deyilirdi ki, həyat uşaq anadan olan zaman yox, ondan çox öncə başlayır. Nə üçün belə demək olar? Qanunda deyilirdi ki, hələ dünyaya göz açmamış körpənin ölümünə səbəb olan adam öldürülməlidir. Orada oxuyuruq: «Adamlar dalaşanda hamilə qadına vurarlarsa və o, vaxtından əvvəl doğarsa, ancaq ölümlə nəticələnən hadisə baş verməzsə, təqsirkar adam qadının ərinin tələb etdiyi məbləği verərək zərərin əvəzini mütləq ödəməlidir; və o, bunu hakimlər vasitəsilə verməlidir. Ancaq əgər ölümlə nəticələnən bədbəxt hadisə baş verərsə, sən can əvəzinə can verməlisən»a (Çıx. 21:22, 23, YD). Deməli, qadının bətnindəki doğulmamış uşaq canlı şəxsiyyət sayılır. Bu danılmaz həqiqəti başa düşməyin sayəsində milyonlarla məsihçilər abortun Allaha qarşı ciddi günah olduğunu dərk edərək ondan imtina etmişlər.

Nəzərə alsaq ki, ana bətnindəki uşaq canlıdır, onda bəs Yehova bu həyatı nə dərəcədə qiymətləndirir? Yuxarıda sitat gətirilən qanuna əsasən, doğulmamış uşağın ölümünə səbəb olan insana ölüm cəzası kəsilməli idi. Buradan aydın görürük ki, ana bətnindəki uşağın həyatı Allahın gözündə olduqca dəyərlidir. Üstəlik, Müqəddəs Yazılarda Yehovanın doğulmamış uşağı fərd kimi qiymətləndirdiyini göstərən bir çox ayələr var. Məsələn, Davud padşah Allahdan ilham alaraq Onun haqqında növbəti sözləri demişdi: «Mənə ana bətnindən quruluş vermisən. [...] ...Gözlərin hətta rüşeymimi görüb, onun bütün hissələri, əmələ gəldikləri günlər, onların heç biri hələ yox ikən, Sənin kitabında yazılmışdı» (Məz. 139:13-15, 16, YD; Əyy. 31:14, 15).

Yehova həmçinin ana bətnindəki uşağın səciyyəvi xüsusiyyətlərini və onun böyük imkanlara malik ola biləcəyini görür. İshaqın arvadı Rivqa əkizlərə hamilə qalanda Yehova onun bətnində çarpışan iki oğlan uşağı barədə peyğəmbərlik söylədi və bundan belə nəticəyə gəlmək olar ki, O onların gələcəkdə bir çoxlarına təsir edəcək səciyyəvi xüsusiyyətlərini artıq görürdü (Yar. 25:22, 23; Rom. 9:10-13).

Vəftizçi Yəhyanın da hadisəsi çox maraqlıdır. «İncildə» deyilir: «Elizavet Məryəmin salamını eşitdikdə uşaq onun bətnində dingildədi və Elizavet Müqəddəs Ruhla doldu» (Luka 1:41). Bu hadisəni təsvir edərək həkim Luka dölə və yaxud təzə anadan olmuş uşağa aid edilən yunan sözündən istifadə etmişdir. O, axurda yatan körpə İsaya istinad edərkən də həmin sözü işlətmişdir (Luka 2:12, 16; 18:15).

Bu faktları nəzərə alsaq, Müqəddəs Kitab ana bətnində olan uşaqla yenicə dünyaya göz açmış körpə arasında fərq qoymağa əsas verirmi? Görünür, yox. Bu da müasir alimlərin kəşflərinə müvafiqdir. Məsələn, tədqiqatçılar ana bətnində olan körpənin duyma və xarici qıcıqlandırmalara reaksiya göstərmək qabiliyyətinə malik olduğunu aşkar etmişlər. Buna görə də, gələcək ananın bətnində inkişaf edən körpəsinə sıx bağlanması təəccüblü deyil.

Uşaqlar inkişaf dövrünün müxtəlif mərhələlərində dünyaya gələ bilərlər. Nümunə üçün: bir ana dünyaya vaxtından tez uşaq gətirir, ancaq körpə bir neçə gündən sonra ölür. Başqa bir ana isə uşağını doqquz ay bətnində gəzdirdikdən sonra ölü doğur. Demək olarmı ki, birinci ana xoş təsadüf nəticəsində vaxtından əvvəl doğduğuna görə dirilməyə ümid edə bilər, o biri ana isə yox?

Yekunda demək olar ki, Müqəddəs Kitab insan həyatının mayalanma zamanı başladığını və Yehovanın ana bətnindəki uşağı təkrarolunmaz və dəyərli bir fərd kimi qiymətləndirdiyini açıq-aydın öyrədir. Bu Müqəddəs Kitab həqiqətlərini nəzərə alaraq, bəziləri fikirləşə bilərlər ki, ölü doğulan uşaq üçün dirilmə ümidinin olmadığını iddia etmək həmin həqiqətlərə ziddir. Hətta onlar düşünə bilərlər ki, belə iddialar əsas etibarilə bu həqiqətlərə əsaslan aborta dair Müqəddəs Kitab mövqeyimizi sarsıdır.

Keçmişdə bu jurnalda bəzi suallar qaldırılmışdı və görünür, bu suallar doğulmamış uşaqların dirilib-dirilməyəcəyinə dair şübhələr oyatmışdır. Məsələn, Allah qismən inkişaf etmiş rüşeymi Cənnətdə yenidən qadının bətninə qaytaracaqmı? Amma bu məsələni yenidən araşdırdıqdan, dua edərək üzərində düşündükdən sonra Rəhbərlik Şurası qənaətə gəlmişdir ki, bu kimi sual və mülahizələrin dirilmə ümidi ilə heç bir əlaqəsi yoxdur. İsa demişdir: «Allah üçün hər şey mümkündür» (Mark 10:27). İsanın öz nümunəsi bu sözlərin həqiqiliyini göstərir; onun həyatı göylərdən gənc bakirə qızın bətninə köçürülmüşdü. Əlbəttə, insan nöqteyi-nəzərincə belə bir şey əsla mümkün deyil.

Bəs bütün bunlar o deməkdirmi ki, Müqəddəs Kitab dünyaya gəlməyib, ölən uşaqların diriləcəyini öyrədir? Bir daha qeyd etməliyik ki, Müqəddəs Kitab bu suala birbaşa cavab vermir, buna görə də bu məsələdə nəyisə qəti surətdə iddia etmək üçün əsas yoxdur. Bu səbəbdən, ən yaxşısı fərziyyələrdən qaçmaqdır. Bir şey aydındır: bu məsələ məhəbbətli və rəhmli Yehova Allahın əlindədir (Məz. 86:15). Onun ölümün vurduğu zərəri dirilmə vasitəsilə aradan qaldırmaq istədiyinə şübhə yoxdur (Əyy. 14:14, 15). Əmin ola bilərik ki, O, həmişə düzgün olanı edir. Allah bu pis sistemdə yaşadığımız müddətdə aldığımız bir çox yaralara şəfa verəcək və O artıq Öz Oğluna ‘iblisin əməllərini puç etməyi’ tapşırıb (1 Yəh. 3:8).

[Haşiyə]

a Bəzi tərcümələrdə, o cümlədən azərbaycanca Müqəddəs Kitabda bu ayələrdə yalnız ananın öldüyü halda ölüm cəzası verilməli olduğu yazılıb. Lakin orijinal ibrani mətninin göstərdiyi kimi, qanunda həm ananın, həm də uşağın ölümü ilə nəticələnən hallardan danışılır.

[13-cü səhifədəki şəkil]

Yehova bütün yaralarımıza şəfa verəcək

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş