Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/4 s. 7—11
  • Sənin nöqsansızlığın Yehovanın qəlbini sevindirir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sənin nöqsansızlığın Yehovanın qəlbini sevindirir
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Əsil düşmənin kim olduğunu heç vaxt unutma
  • Yehova ilə sıx münasibət qur
  • Yehova Öz sadiq xidmətçilərinə kömək edir
  • Əyyub Yehovanın adına həmd edirdi
    Gözətçi qülləsi 2009
  • «Ümidini Yehovaya bağla»
    Gözətçi qülləsi 2022
  • «Son nəfəsimədək sadiq qalacağam!»
    İman örnəkləri
  • Kamilliyinizi qoruyun!
    Gözətçi qülləsi 2019
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/4 s. 7—11

Sənin nöqsansızlığın Yehovanın qəlbini sevindirir

«Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, onda məni utandırana cavab verə bilərəm» (SÜL. MƏS. 27:11).

1, 2. a) «Əyyub» kitabında Şeytanın irəli sürdüyü hansı ittihamdan bəhs edilir? b) Nədən görünür ki, Şeytan Əyyubun günlərindən sonra da Yehovaya istehza etməyə davam edir?

YEHOVA Şeytana sadiq xidmətçisi Əyyubun nöqsansızlığını sınamağa izin verdi. Nəticədə, o, mal-qarasından, uşaqlarından və sağlamlığından məhrum oldu. Lakin Şeytan Əyyubun nöqsansızlığını şübhə altına alarkən ancaq onu nəzərdə tutmurdu. Şeytan: «Dəri əvəzinə dəri! İnsan canına görə hər şeyini verər»,— deyə bəyan etdi. Bu sözlərlə Şeytan başqalarına da toxunan bir sual qaldırdı. O, Əyyubun günlərindən indiyədək insanların nöqsansızlığını hələ də şübhə altına almağa davam edir (Əyy. 2:4).

2 Əyyubun sınaqlarından təxminən 600 il sonra Süleyman Allahdan ilham alaraq yazmışdır: «Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, onda məni utandırana cavab verə bilərəm» (Sül. məs. 27:11). Aydındır ki, o vaxt Şeytan hələ də Yehovanı ittiham etməyə davam edirdi. Üstəlik, həvari Yəhya aldığı görüntüdə Allahın Padşahlığının 1914-cü ildə göydə qurulmasından bir qədər sonra Şeytanın yerə atıldığını və Allahın xidmətçilərini ittiham etdiyini gördü. Bəli, hətta bu gün, bu pis sistem artıq sona çatmaq üzrə olduğu vaxtda belə, Şeytan hələ də Allahın xidmətçilərinin nöqsansızlığını şübhə altına alır! (Vəhy 12:10).

3. «Əyyub» kitabından hansı vacib dərsləri öyrənirik?

3 Gəlin «Əyyub» kitabından öyrəndiyimiz üç vacib dərsi nəzərdən keçirək. Birincisi, Əyyubun sınaqları bəşəriyyətin əsil düşməninin və Allahın xalqını təqib edənin kim olduğunu ifşa edir: bu düşmən Şeytan İblisdir. İkincisi, qarşılaşdığımız sınaqlardan asılı olmayaraq, Allahla sıx münasibət nöqsansızlığımızı qorumağa kömək edəcək. Üçüncüsü, əzab-əziyyətlərlə və sınaqlarla üzləşəndə, Əyyuba yardım etdiyi kimi, Allah bizə də yardım edir. Yehova bu gün bunu Öz Kəlamı, təşkilatı və müqəddəs ruhu vasitəsilə edir.

Əsil düşmənin kim olduğunu heç vaxt unutma

4. Dünyada hökm sürən hazırkı vəziyyətə görə kim məsuliyyət daşıyır?

4 Çoxları Şeytanın mövcudluğuna inanmır. Dünyanın vəziyyəti insanları narahat etsə də, onlar bunun arxasında duranın Şeytan İblis olduğunu görmürlər. Düzdür, bəşəriyyətin bir çox bədbəxtliklərinə görə insanların özləri məsuliyyət daşıyır. Ulu valideynlərimiz Adəmlə Həvva Yaradanlarından asılı olmamağı seçdilər. O vaxtdan bəri bir-birinin ardınca gələn nəsillər çox düşüncəsiz davranmışlar. Bununla belə, Həvvanı Allaha qarşı üsyana təhrik edən İblis idi. Qeyri-kamil, fani bəşəriyyət arasında öz hakimiyyəti altında olan bir sistem yaradan da məhz o olub. Şeytan «bu əsrin tanrısı» olduğu üçün insan cəmiyyəti ona xas olan təkəbbürlülük, xudbinlik, həsəd, acgözlük, yalançılıq və üsyankarlıq kimi xüsusiyyətlər təzahür etdirir. (2 Kor. 4:4; 1 Tim. 2:14; 3:6; Yaqub 3:14, 15 ayələrini oxu.) Belə keyfiyyətlər bəşəriyyətin iztirablarını daha da artıran siyasi və dini münaqişələrə, nifrətə, korrupsiyaya və nizamsızlığa gətirib çıxarmışdır.

5. Malik olduğumuz dəyərli bilikdən necə istifadə etmək istəyirik?

5 Yehovanın xidmətçiləri olan bizlər necə də dəyərli biliyə malikik! Bəli, biz dünyanın pisləşməsinə görə kimin günahkar olduğundan agahıq. Məgər bu bizi xidmətdə insanlara əsas fitnəkarın kim olduğunu deməyə təşviq etmirmi? Həqiqi Allah olan Yehovanın tərəfini tutmaq və başqalarına Onun Şeytana və bəşəriyyətin bədbəxtliklərinə necə son qoyacağını danışmaq bizim üçün sevindirici deyilmi?

6, 7. a) Həqiqi məsihçilərin üzləşdiyi təqiblərə görə kim məsuliyyət daşıyır? b) Qədimdə yaşamış Elihunun nümunəsini necə təqlid edə bilərik?

6 Şeytan təkcə dünyanın bir çox iztirablarına görə deyil, həm də Allahın xalqının üzləşdiyi müqavimətlərə görə məsuliyyət daşıyır. O bizi imtahana çəkməyə qəti qərarlıdır. İsa Məsih həvari Peterə demişdi: «Şimon, Şimon! Şeytan sizləri tələb etdi ki, buğda kimi xəlbirləsin» (Luka 22:31). Eynilə, İsanın izləri ilə gedən hər birimiz bu və ya digər sınaqlarla üzləşəcəyik. Peter İblisi «aşırmaq üçün kimisə axtaran aslan»a bənzətmişdi. Pavel isə demişdi ki, «Allah yolunda Məsih İsaya bağlı olaraq yaşamaq istəyənlərin hamısı da təqibə məruz qalacaqdır» (1 Pet. 5:8; 2 Tim. 3:12).

7 Həmimanlımızla faciə baş verəndə əsil düşmənimizin kim olduğunu yadda saxladığımızı necə göstərə bilərik? Əziyyət çəkən qardaşdan üz döndərmək əvəzinə, biz Əyyubla əsil dost kimi danışan Elihunu təqlid edirik. Biz ümumi düşmənimiz olan Şeytana qarşı mübarizədə qardaşımıza dayaq oluruq (Sül. məs. 3:27; 1 Salon. 5:25). Bizdən nə qədər səy tələb olunursa-olunsun, məqsədimiz həmimanlımıza nöqsansızlığını qorumağa kömək etmək və bununla da Yehovanın qəlbini sevindirməkdir.

8. Nəyə görə Şeytan Əyyubu Yehovanı şərəfləndirməkdən çəkindirə bilmədi?

8 Şeytan ilk növbədə Əyyubun mal-qarasını əlindən aldı. Bu heyvanlar onun üçün vacib idi; görünür, o, ailəsini bununla dolandırırdı. Ancaq Əyyub onlardan ibadətdə də istifadə edirdi. Əyyub övladlarını təqdis etdikdən sonra «erkən qalxıb bütün övladlarının sayına görə yandırma qurbanı təqdim edərdi. Əyyub “bəlkə övladlarım günaha bataraq ürəklərində Allaha lənət ediblər” deyə düşündüyündən həmişə belə edərdi» (Əyy. 1:4, 5). Gördüyümüz kimi, Əyyub heyvanları müntəzəm olaraq Yehovaya qurban gətirirdi. Amma sınaqları başlayanda bu artıq mümkün deyildi. Yehovanı şərəfləndirmək üçün artıq Əyyubun ‘var-dövləti’ yox idi (Sül. məs. 3:9). Lakin onun Yehovanı öz dodaqları ilə şərəfləndirmək imkanı vardı. Əyyub məhz belə də edirdi!

Yehova ilə sıx münasibət qur

9. Malik olduğumuz ən dəyərli şey nədir?

9 Zəngin və ya yoxsul, cavan və ya qoca, xəstə və ya sağlam olmağımızdan asılı olmayaraq, hər birimiz Yehova ilə sıx münasibət qura bilərik. Hansı sınaqlarla üzləşiriksə-üzləşək, Yehova ilə sıx münasibətimiz olsa, nöqsansızlığımızı qoruyacaq və Onun qəlbini sevindirəcəyik. Hətta Müqəddəs Kitab bilikləri məhdud olan bəzi insanlar cəsarətli mövqe tutmuş və nöqsansızlıqlarını qorumağa müvəffəq olmuşlar.

10, 11. a) Nöqsansızlığı sınaqlara məruz qalan bir bacı onlara necə münasibət göstərdi? b) Bu bacının Şeytana verdiyi cavab nə dərəcədə güclü idi?

10 Qarnovskaya Valentina bacının nümunəsinə nəzər salaq. O, sadiq Əyyub kimi, şiddətli sınaqlar qarşısında öz nöqsansızlığını qoruyan bir çox rusiyalı Şahidlərdən biri olmuşdur. O, 1945-ci ildə təxminən 20 yaşlarında olanda bir qardaş ona təbliğ etmişdi. Bundan sonra onlar cəmi iki dəfə Müqəddəs Kitab haqqında söhbət etmişdilər və bacı bir daha onu görməmişdi. Buna baxmayaraq, Valentina öz qonşularına təbliğ etməyə başladı. Nəticədə o həbs edilib 8 illik düşərgə cəzasına məhkum olundu. 1953-cü ildə azadlığa buraxıldıqdan dərhal sonra təbliğini davam etdirdi. O, yenidən həbs olundu, bu dəfə ona on il iş kəsildi. Düşərgələrin birində bir neçə il keçirdikdən sonra onu başqa düşərgəyə keçirdilər. Həmin düşərgədə cəmi bir Müqəddəs Kitab nüsxələri olan bir neçə bacı vardı. Bir gün bacılardan biri Valentinaya Müqəddəs Kitabı göstərdi. Bu necə də həyəcan dolu bir an idi! Təsəvvür edin, o, Müqəddəs Kitabı birinci və axırıncı dəfə 1945-ci ildə ona təbliğ edən qardaşın əlində görmüşdü!

11 Valentina 1967-ci ildə azadlığa buraxıldı və nəhayət, Yehovaya həsr olunmasını suda vəftizlə simvolizə edə bildi. O, azadlığından istifadə edərək 1969-cu ilədək səylə xidmət etdi. Lakin həmin il o, yenidən həbs olundu və ona 3 il iş verildi. Buna baxmayaraq, Valentina təbliğini dayandırmırdı. 2001-ci ildə həyatını başa vuranadək o, 44 nəfərə həqiqəti öyrənməyə kömək etmişdi. Valentina ömrünün 21 ilini həbsxanalarda və düşərgələrdə keçirdi. O, nöqsansızlığını qorumaq üçün hər şeyindən, o cümlədən azadlığından belə imtina etməyə hazır idi. Həyatının sonuna yaxına Valentina demişdi: «Mənim heç vaxt öz evim olmayıb. Hər şeyimi balaca bir çamadana yerləşdirmək mümkün idi, buna baxmayaraq, Yehovaya xidmətdən məmnunluq və sevinc duyurdum». Valentina insanların sınaqlar altında Allaha sadiq qalmayacaqlarını iddia edən Şeytana necə də güclü cavab verdi! (Əyy. 1:9-11). Biz onun Yehovanın qəlbini sevindirdiyinə əmin ola bilərik. Şübhə yoxdur ki, Yehova, Valentina da daxil olmaqla, bütün sadiq xidmətçilərini dirildəcəyi vaxtı səbirsizliklə gözləyir (Əyy. 14:15).

12. Yehova ilə münasibətimizdə məhəbbət hansı rolu oynayır?

12 Yehova ilə dostluğumuz Ona olan məhəbbətimizə əsaslanır. Allahın xüsusiyyətləri bizi valeh edir və biz Onun iradəsinə uyğun yaşamaq üçün əlimizdən gələni edirik. İblisin iddialarına rəğmən biz Yehovanı ürəkdən və qeydsiz-şərtsiz sevirik. Daxilimizdən gələn bu məhəbbət sınaqlarla üzləşəndə nöqsansızlığımızı qorumaq üçün bizə güc verir. Yehova isə, Öz növbəsində, «möminlərin yollarını hifz edir» (Sül. məs. 2:8; Məz. 97:10).

13. Yehova Onun üçün etdiklərimizi necə qiymətləndirir?

13 Məhəbbət bizi, məhdudiyyətlərimizdən asılı olmayaraq, Yehovanın adını izzətləndirməyə təşviq edir. Allah bizim yaxşı motivlərimizi görür və əgər etmək istədiklərimizin hamısını edə bilmiriksə, O bizi mühakimə etmir. Onun üçün önəmli olan yalnız gördüyümüz işlər yox, həm də onları hansı səbəblərdən irəli gələrək etməyimizdir. Əyyub kədər içində olmasına və bir çox sınaqlara tab gətirməsinə baxmayaraq, ittihamçılarına Yehovanın yollarına olan məhəbbəti barədə danışırdı. (Əyyub 10:12; 28:28 ayələrini oxu.) «Əyyub» kitabının sonuncu fəslində Allah Elifaza, Bildada və Sofara qəzəbləndiyini bildirdi, çünki onların söylədikləri həqiqət deyildi. Eyni zamanda O, dörd dəfə «qulum» Əyyub deməklə və ona yalançı təsəllivericilər üçün dua etməyi tapşırmaqla ondan razı qaldığını bildirdi (Əyy. 42:7-9). Gəlin həmişə elə davranaq ki, Yehova bizə də lütf göstərsin.

Yehova Öz sadiq xidmətçilərinə kömək edir

14. Yehova Əyyuba düşüncə tərzini dəyişməyə necə kömək etdi?

14 Əyyub qeyri-kamil olsa belə, nöqsansızlığını qorudu. Bəzən böyük təzyiqlər altında o, yanlış düşüncə tərzinə qapılırdı. Məsələn, Əyyub Yehovaya demişdi: «Sənə yalvarıram, cavab vermirsən... Güclü əllərinlə məni əzirsən». Üstəlik, Əyyub: «Mən şər adam deyiləm» və «zalımlıq əlimdən gəlmir, Sənə səmimiyyətlə dua edirəm»,— deməklə diqqəti daha çox özünə bəraət qazandırmağa yönəldirdi (Əyy. 10:7; 16:17; 30:20, 21). Bununla belə, Yehova Əyyuba diqqətini özündən yayındırmaq üçün bir sıra suallar verərək xeyirxahlıqla ona kömək etdi. Bu sualların sayəsində Əyyub həm də Allahın ehtişamını və insanın Onunla müqayisəyə gəlmədiyini daha aydın gördü. Əyyub məsləhətləri qəbul etdi və düşüncə tərzini dəyişdi. (Əyyub 40:8; 42:2, 6 ayələrini oxu.)

15, 16. Bu gün Yehova Öz xidmətçilərinə nəyin vasitəsilə kömək edir?

15 Yehova həmçinin Öz xidmətçilərinə səmimi, aydın rəhbərlik və məsləhətlər verir. Üstəlik, biz böyük xeyir-dualara malikik. Məsələn, İsa Məsih öz həyatını qurban verməklə günahlarımızın bağışlanması üçün əsas qoyub. Qeyri-kamilliyimizə baxmayaraq, bu fidiyə qurbanlığının sayəsində Allahla yaxın münasibətlərə malik ola bilərik (Yaq. 4:8; 1 Yəh. 2:1). Sınaqlarla üzləşəndə biz həmçinin duada Allahdan Öz müqəddəs ruhu ilə bizə dəstək olmasını və qüvvə verməsini xahiş edirik. Bundan əlavə, əlimizdə tam Müqəddəs Kitab var və əgər biz onu oxuyub üzərində düşünürüksə, özümüzü iman sınaqlarına hazırlamış oluruq. Öyrənmə bizə Allahın ali hökmranlığına və şəxsi nöqsansızlığımıza dair qaldırılan məsələləri başa düşməyə kömək edir.

16 Bundan əlavə, Yehovanın «sadiq və ağıllı qul» vasitəsilə ruhani qida ilə təmin etdiyi ümumdünya qardaşlığının bir üzvü olmaq bizə böyük fayda gətirir (Mat. 24:45-47). Yehovanın Şahidlərinin təxminən 100 000 yığıncağının hər birində öyüd-nəsihət alır və iman sınaqları qarşısında möhkəmlənirik. Buna Almaniyada yaşayan yeniyetmə Şeylanın nümunəsini misal gətirmək olar.

17. Yehovanın təşkilatının bu gün verdiyi təlimə dəqiq riayət etməyin müdriklik olduğunu göstərən nümunə danışın.

17 Bir gün məktəbdə Şeylanın sinfi nəzarətsiz qalmışdı. Onun sinif yoldaşları spiritik seanslarda istifadə edilən əlifba lövhəciyinin köməyi ilə fala baxmaq qərarına gəldilər. Şeyla dərhal sinfi tərk etdi və sonra orada nə baş verdiyini eşidəndə bu cür davrandığına sevindi. Həmin vaxt şagirdlərdən bəziləri cinlərin orada olduğunu hiss edib təlaş içində sinifdən qaçmışdılar. Bəs Şeylaya dərhal sinfi tərk etmək qərarını qəbul etməyə nə kömək etdi? O deyir: «Bu əhvalatdan bir qədər əvvəl Padşahlıq Zalında əlifba lövhəciyinin təhlükəsi barədə danışılmışdı. Buna görə də nə etmək lazım olduğunu bilirdim. Mən, Süleymanın məsəlləri 27:11 ayəsində yazıldığı kimi, Yehovanı sevindirmək istəyirdim». Nə yaxşı ki, Şeyla həmin görüşdə iştirak edib proqrama diqqətlə qulaq asmışdı!

18. Şəxsən sən nə etməyə qərarlısan?

18 Gəlin hər birimiz Allahın təşkilatının verdiyi rəhbərliyə dəqiq riayət etməyə qəti qərarlı olaq. Biz yığıncaq görüşlərinə müntəzəm olaraq gəlməklə, Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri oxumaqla, dua etməklə və yetkin məsihçilərlə dostluq etməklə lazım olan rəhbərliyi və köməyi alırıq. Yehova bizim qələbə çalmağımızı istəyir və O əmindir ki, biz sadiqliyimizi qoruyacağıq. Yehovanın adını izzətləndirmək, nöqsansızlığımızı qorumaq və Onun qəlbini sevindirmək necə də böyük şərəfdir!

Yadınızdadırmı?

• Şeytan hansı vəziyyətə və sınaqlara görə cavabdehdir?

• Malik olduğumuz ən dəyərli şey nədir?

• Yehova ilə dostluğumuz nəyə əsaslanır?

• Yehovanın bu gün bizə kömək etdiyi üsullardan bəziləri hansılardır?

[8-ci səhifədəki şəkil]

Malik olduğun dəyərli bilikləri başqaları ilə bölüşmək istəyin varmı?

[9-cu səhifədəki şəkil]

Biz həmimanlılarımıza nöqsansızlıqlarını qorumağa kömək edə bilərik

[10-cu səhifədəki şəkil]

Valentina nöqsansızlığını qorumaq üçün hər şeyindən keçməyə hazır idi

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş