Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/10 s. 10—11
  • Yoxsulluğa baxmayaraq, xoşbəxt və nikbin qadın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yoxsulluğa baxmayaraq, xoşbəxt və nikbin qadın
  • Gözətçi qülləsi 2009
  • Oxşar material
  • Növbəti köməkçi öncül siz olun!
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
  • Qane olmaq və səxavət
    Oyanın! 2018
  • «Mən indiyədək belə məhəbbət görməmişdim»
    Gözətçi qülləsi 2008
  • Onları sevdiyini söylə
    Yehovanın Şahidlərinin sərgüzəştləri
Gözətçi qülləsi 2009
w09 1/10 s. 10—11

Boliviyadan gələn məktub

Yoxsulluğa baxmayaraq, xoşbəxt və nikbin qadın

İNKİŞAF etməkdə olan ölkədə missioner kimi xidmət etdiyim müddətdə yoxsulluğu və ümidsizliyi görməyə alışa bilmədim ki bilmədim. Mən tez bir zamanda hər kəsin əzab-əziyyətdən qurtulacağını görmək istəyirəm. Lakin bilirəm ki, bu problemləri yalnız Allahın Padşahlığı aradan qaldıracaq. Bununla belə, dəfələrlə görmüşəm ki, Allahın Kəlamını rəhbər tutan insanlar çətin vəziyyətə baxmayaraq, xoşbəxtlik tapırlar. Həmin insanlardan biri Sabinadır.

Çox illər əvvəl əri köhnə avtobusa minib gəlirli iş axtarışında başqa ölkəyə gedərkən Sabina iki balaca qızı qucağında onu yola salmışdı. Onun yolunu gözləyə-gözləyə illər ayları əvəz etdi, o isə bir daha geri qayıtmadı. O gedən gündən Sabina özünü, Milena və Gilyan adlı qızlarını dolandırmaq üçün hər gün hava açılandan qaralana kimi işləməli olurdu.

Mən ilk dəfə Sabinanı bacısının mağazasında tərs müştərilərə səbirlə xidmət edərkən görmüşdüm. Onun yorğun gözlərinə baxanda hiss etdim ki, bütün günü durmadan işləyib. Ona özü və qızları ilə Müqəddəs Kitabı öyrənməyi təklif etdim. O isə dedi: «Böyük məmnuniyyətlə istəyərdim, lakin vaxtım yoxdur. Ancaq qızlarımla öyrənə bilərsiniz». Mən də razılaşdım. Qızlarla öyrəndikcə Sabinanı daha yaxşı tanıyır, onun vəziyyətini başa düşməyə başlayırdım.

Sabina üçün gün səhər saat dörddə başlayırdı. Qızları bir otaqlı evdə yatarkən, Sabina ocaq qalayıb böyük alümin qazanı onun üstünə qoyur. O, piroq üçün ət qızardır ki, onu satıb ailəni dolandırsın. Bir gecə əvvəldən Sabina piroqun xəmirini yoğurur.

O, ehtiyatla həmin gün üçün lazım olan hər şeyi — gündən qorunmaq üçün çətiri, bir gözlü sobanı, qaz balonunu, stolu, stulları, qazanları, yağı, eləcə də əti, xəmiri və evdə meyvədən hazırladığı bir neçə litr içkini icarəyə götürdüyü əl arabasına yığır.

Artıq saat altıda Sabina iki qızı ilə hazır olur. Onlar qapını qıfıllayır və üzlərində heç bir ifadə olmadan dinməz-söyləməz yola düşürlər. Onlar var qüvvələrini görəcəkləri işə yönəldirlər. Çox vaxt səhərlər qaldığımız missioner evinin pəncərəsindən mən bu kimi səhnələri müşahidə edirdim. Bəli, Sabina Boliviyanın küçələrində yemək-içmək satmaq üçün dan yeri sökülməmiş evdən çıxan qadınlardan yalnız biridir.

Yeddinin yarısında günəş dağların üstündən boylananda Sabina qızları ilə işlədikləri yerə gəlib çatırlar. Bir kəlmə kəsmədən onlar arabanı boşaldır və mətbəxi qururlar. O, birinci piroqu yağın içinə atır və o, cızıldaya-cızıldaya bişir. Onun iştah oyadan iyi səhərin sərin havasında ətrafa yayılaraq ac alıcıları özünə cəlb edir.

«Neçə dənə?» — deyə Sabina ilk müştəridən soruşur. Başını qaldırmadan yuxulu kişi iki barmağını göstərir. Sabina yaxşıca qızarmış isti piroqları ona verir, əvəzində isə qəpik-quruş aldı. Bu minvalla bütün piroqlar gün ərzində satılır. Axırıncı piroqu satandan sonra yığışıb evə yollanırlar. Səhərki işdən sonra ayaqlarının ağrımasına baxmayaraq, Sabina bacısının mağazasına, ikinci işə gedir.

Qızları ilə Müqəddəs Kitabı öyrənməyə başlamaq üçün mağazaya gələndə artıq bir küncdə iki kiçik skamya hazır dururdu. Lap başlanğıcdan 9 və 7 yaşlarında olan Milena və Gilyan hər növbəti müzakirəni səbirsizliklə gözləyir və buna yaxşı hazırlaşırdılar. Getdikcə bu utancaq qızlar açılışmağa və mənimlə dostlaşmağa başladılar. Bu, Sabinanın ürəyinə təsir etdi. Tezliklə, yorucu cədvəlinə baxmayaraq, o da Müqəddəs Kitabı öyrənmək qərarına gəldi.

Sabinanın biliyi artdıqca Yehova Allaha məhəbbəti də artırdı. O, ürəyində yeni bir hissi — xoşbəxtliyi duymağa başladı! Bir zamanlar üzündən yorğunluq və qəm-qüssə tökülən küçə alverçisi indi başqa cür görünürdü. İndi onun qaməti düz, başı dik durur, gözləri isə alışıb-yanırdı. Onun bacısı deyir: «İndi Sabinanın üzündən təbəssüm əskik olmur. Mən onu heç vaxt belə görməmişdim». Eynilə, başqaları da Sabinada və onun qızlarında böyük dəyişikliklər baş verdiyini gördülər. İndi onun uzun müddət hiss etdiyi ruhani boşluqdan əsər-əlamət belə qalmayıb.

Öyrəndikləri Sabinanın xoşuna gəlirdi, lakin iş qrafikinə görə məsihçi görüşlərinə gələ bilmirdi. Nəhayət, bir gün dəvətimi qəbul edərək Padşahlıq Zalına gəldi. Bundan sonra o, bir görüş də olsun buraxmadı. Sabina yığıncaqda özünə əsil dostlar tapdı. O, həmçinin öz üzərində hiss etdi ki, Yehova həqiqətən də Onu sevənlərin və Ona xidmət etmək üçün qurban verənlərin qayğısına qalır (Luka 12:22-24; 1 Timoteyə 6:8).

Öyrəndikləri Sabinanın qəlbinə yatırdı və o, bunları başqaları ilə bölüşmək istəyirdi. Lakin o deyirdi: «Hər dəfə təbliğ etmək haqda düşünəndə canıma titrəmə düşür». Çünki o, belə düşünürdü: «Mənim kimi utancaq, az təhsilli qadın necə kiməsə dərs keçə bilər?» Buna baxmayaraq, ona göstərilən xeyirxahlıq və həyatında yaxşılığa doğru baş verən dəyişikliklər onu bu vacib addımı atmağa təşviq etdi. O, həmçinin başa düşürdü ki, qızları ondan nümunə götürürlər. Buna görə də çox keçmədi ki, o, xoş xəbəri başqaları ilə bölüşməyə başladı. Onun qızları da həvəslə ona qoşuldular.

Bu gün Sabina artıq hər gün yorucu işdə işləyərək sevincini itirən həmin kasıb qadın deyil. Onun maddi vəziyyəti elə də çox dəyişməyib, dəyişən onun həyata olan baxışıdır. İndi o, vəftiz olunmuş bir məsihçi kimi, dünyadakı yoxsulluğu və ümidsizliyi birdəfəlik aradan qaldıracaq Allahın Padşahlığı haqqında xoş xəbəri insanlarla bölüşür (Matta 6:10).

Saat beşdir və Sabina yenə də özünün bir otaqlı evindən çıxmağa hazırlaşır. Lakin bu səhər o, ət piroqu satmayacaq. O, bir qrup bacı-qardaşla görüşüb küçədə şahidlik edəcək. Hər həftə vaxtının bir hissəsini başqalarına kömək etməyə ayırmaq onun həyatına xoşbəxtlik gətirir. O, qapını qıfıllayır və xoş təbəssümlə küçəyə çıxır. Lakin indi o, araba ilə işə yox, əlində çanta başqa yerə gedir. Bir azdan o, çantasındakı Müqəddəs Kitabın və ona əsaslanan nəşrlərin köməyi ilə insanlara ümid xəbərini çatdıracaq. Sabina gülümsünərək əminliklə deyir: «Nə vaxtsa insanlarla Müqəddəs Kitab haqqında danışa biləcəyim heç xəyalımdan da keçmirdi». Sonra da əlavə edir: «Bu mənim çox xoşuma gəlir!»

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş