Xilasın üçün Yehovanın etdiklərini qiymətləndirirsənmi?
«İsrailin Allahı Rəbbə həmd olsun ki, Öz xalqının yardımına gəlib onu xilas elədi» (LUKA 1:68).
1, 2. Hal-hazırkı vəziyyətimizin ciddiliyini hansı nümunə əsasında göstərə bilərik və hansı sualları müzakirə edəcəyik?
TƏSƏVVÜR et ki, xəstəxanada yatırsan. Sənin olduğun palatada müalicəsi olmayan eyni ölümcül xəstəlikdən əziyyət çəkən digər xəstələr də var. Birdən xəbər tutursan ki, bir həkim həmin xəstəliyin əlacını tapmaq üçün əlindən gələni edir və bu an ürəyində ümid yaranır. İrəliləyiş barədə istənilən məlumatı böyük səbirsizliklə gözləyirsən. Nəhayət, sevindirici xəbər eşidirsən: xəstəliyinə çarə tapılıb! Dərmanı tapan həkim bunun üçün böyük qurban verib. Bu zaman hansı hissləri keçirərdin? Sözsüz ki, ürəyində sənin və bir çox başqa insanların ölümdən xilas olmalarına yol açan şəxsə qarşı ehtiram və dərin minnətdarlıq hissi yaranardı.
2 Bu nümunə şişirdilmiş kimi görünsə də, biz hamımız həmin insanın vəziyyətindəyik. Amma bizim vəziyyətimiz o insanın vəziyyətindən daha ciddidir. Xilaskara olan ehtiyacımız olduqca böyükdür. (Romalılara 7:24 ayəsini oxu.) Bizi qurtarmaq üçün Yehova çox şeylərdən keçdi. Onun Oğlu da böyük qurbanlar verdi. Buna görə də gəlin dörd əsas suala cavab tapaq: xilasa nəyə görə ehtiyacımız var? Xilasımız İsaya nəyin bahasına başa gəldi? Yehova nələrdən keçməli oldu? Allahın xilasımız naminə gördüyü tədbirləri qiymətləndirdiyimizi necə göstərə bilərik?
Xilasa nəyə görə ehtiyacımız var?
3. Hansı mənada günahı pandemiyaya bənzətmək olar?
3 Bu yaxınlarda aparılan hesablamaya əsasən, bəşər tarixinin ən dəhşətli pandemiyalarından biri 1918-ci ildə başlayan və on milyonlarla insanın ölümünə səbəb olan ispanka qripidir. Lakin ondan da dəhşətli xəstəliklər mövcuddur. Belə xəstəliklərə yoluxan insanların əksəriyyəti ölüra. Sizcə, ölümü pandemiyaya bənzətmək olarmı? Romalılara 5:12 ayəsinin sözlərini xatırlayın: «Necə ki, günah tək bir adam vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı günah işlətmişdir». Qeyri-kamil insanların hamısı günah işlətdiyi üçün demək olar ki, hamı günaha yoluxub (Romalılara 3:23 ayəsini oxu.) Bu xəstəliyə yoluxan insanların neçə faizi ölür? Pavelin dili ilə desək, ‘bütün insanlar’.
4. Yehovanın niyyətinə əsasən, biz nə qədər yaşamalıyıq və Onun nöqteyi-nəzəri çoxlarınkından necə fərqlənir?
4 Bu gün bir çox insanlar günah və ölümə adi yanaşırlar. Onları ən çox narahat edən vaxtsız ölümdür, amma insanlar qocaldıqca yaxınlaşan ölümü təbii proses kimi qəbul edirlər. İnsanlar çox asanlıqla Yaradanın niyyətini unudurlar. Bizim ömrümüz Onun nəzərdə tutduğundan olduqca qısadır. Təəccüblü olsa da, Yehovanın gözündə heç bir insan «bir gün» belə yaşamayıb (2 Pet. 3:8). Buna görə də Allahın Kəlamında deyilir ki, həyatımız bir müddət böyüyən, sonra da solub gedən ot kimidir, yaxud da nəfəs kimidir (Məz. 39:5; 1 Pet. 1:24). Biz bunu həmişə yadda saxlamalıyıq. Nəyə görə? Əgər biz yoluxduğumuz «xəstəliyin» ciddiliyini anlasaq, onun «əlacını», yəni xilasımızı daha yüksək qiymətləndirəcəyik.
5. Günah ucbatından hər birimiz nədən məhrum olmuşuq?
5 Günahın ciddiliyini və onun törətdiyi fəsadları dərk etmək üçün nəyi itirdiyimizi anlamağa çalışmalıyıq. Bu, əvvəlcə çətin ola bilər, çünki günahlı olduğumuz üçün ulu valideynlərimizin malik olduqları şey heç vaxt bizdə olmayıb. Lap başlanğıcda Adəmlə Həvvaya kamil həyat bəxş edilmişdi. Əqli və fiziki cəhətdən kamil olan bu ilk insan cütü fikirlərinə, hisslərinə və hərəkətlərinə hakim ola bilirdi. Beləliklə, onlar, Yehova Allahın xidmətçiləri kimi, daxili potensiallarının üzə çıxması üçün özlərində gözəl xüsusiyyətlər yetişdirə bilərdilər. Lakin onlar bu gözəl ənamı rədd etdilər. Yehovaya qarşı günah işlətməklə onlar özlərini və gələcək övladlarını Allahın insanlar üçün nəzərdə tutduğu həyatdan məhrum etdilər (Yar. 3:16-19). Bununla onlar yuxarıda müzakirə etdiyimiz dəhşətli «xəstəliyə» tutuldular, sonra da onu bizə ötürdülər. Tamamilə haqlı olaraq Yehova onlara qarşı hökm çıxartdı. Bizə isə xilas olmağımız üçün ümid yeri qoydu (Məz. 103:10).
Xilasımız İsaya nəyin bahasına başa gəldi?
6, 7. a) Yehova xilasımızın çox baha başa gələcəyini necə göstərdi? b) İsrail xalqına Qanun verilməzdən öncə yaşamış Habilin və digər sadiq kişilərin qurban gətirməsindən nə öyrənirik?
6 Yehova Adəmlə Həvvanın övladlarını xilas etməyin Ona çox baha başa gələcəyini bilirdi. Yaradılış 3:15 ayəsində yazılmış peyğəmbərlikdən Onun xilasımız üçün nə etdiyi barədə öyrənirik. Yehova bir gün Şeytanı məhv edəcək «övlad» — xilaskar göndərəcəkdi. Ancaq həmin xilaskar yer üzündə olduğu zaman, məcazi dillə desək, dabanından sancılaraq əzab çəkməli idi. İlanın dabandan sancması çox ağrılı olur və hətta insanın fəaliyyətini məhdudlaşdıra və ya onu zəiflədə bilər. Bəs bu peyğəmbərlikdə övladın dabanından sancılması nə deməkdir? Yehovanın Seçilmişi nələrə qatlaşmalı idi?
7 Xilaskar bəşəriyyəti günahdan azad etmək üçün fidyə, yəni günahın nəticələrini aradan qaldıraraq insanları Allahla barışdıran bir vasitə təqdim etməli idi. Bu, özünə nəyi daxil etməli idi? Bəşər tarixinin ilk çağlarında aydın idi ki, bunun üçün qurban tələb olunacaq. İlk sadiq insan Habil heyvan qurbanı gətirəndə Yehova ondan razı qaldığını bildirdi. Allahın Nuh, İbrahim, Yaqub və Əyyub kimi digər sadiq xidmətçiləri də Ona məqbul qurbanlar gətirirdilər (Yar. 4:4; 8:20, 21; 22:13; 31:54; Əyy. 1:5). Sonralar Musanın Qanununda qurban məsələsinə dair əlavə izahatlar verildi.
8. Baş kahin illik Kəffarə günündə nə edirdi?
8 Qanuna əsasən tələb olunan ən vacib qurbanlar arasında illik Kəffarə günündə təqdim olunan qurbanlar da vardı. Həmin gün baş kahin bir neçə simvolik addım atırdı. O, ilk növbədə kahin sinfinin, sonra isə bu sinfə daxil olmayan qəbilələrin günahlarının yuyulması üçün Yehovaya qurbanlar təqdim edirdi. Bunun üçün o, müqəddəs məskənin və ya məbədin Ən Müqəddəs yer adlanan hissəsinə daxil olurdu. Bu hüquq yalnız ona məxsus idi və o, bunu ildə bir dəfə edə bilərdi. Burada baş kahin Əhd sandığının önündə qurbanların qanını çiləyirdi. Bəzən müqəddəs sandığın üzərində parlaq bulud peyda olurdu ki, bu da Yehova Allahın iştirakının rəmzi idi (Çıx. 25:22; Lev. 16:1-30).
9. a) Kəffarə günündə baş kahin kimi təmsil edirdi və onun təqdim etdiyi qurbanlar hansı mənanı daşıyırdı? b) Baş kahinin Ən Müqəddəs yerə daxil olması nəyin rəmzi idi?
9 Həvari Pavel Allahdan ilham alaraq baş kahinin simvolik hərəkətlərinin mənasını izah edir. O göstərir ki, baş kahin Məsih İsanı, qurbanların təqdim edilməsi isə Məsihin qurbanlıq ölümünü təmsil edirdi (İbr. 9:11-14). Bu mükəmməl qurban iki qrup insanın — Məsihin ruhla məsh olunmuş 144 000 qardaşından ibarət kahin sinfinin və ‘başqa qoyunların’ günahlarını yumalı idi (Yəh. 10:16). Baş kahinin Ən Müqəddəs yerə daxil olması İsanın göylərə — fidyə qurbanlığının dəyərini Yehova Allaha təqdim etmək üçün göyün özünə girməsini təmsil edirdi (İbr. 9:24, 25).
10. Müqəddəs Kitab peyğəmbərliklərinə əsasən, Məsihin başına nələr gələcəkdi?
10 Aydındır ki, Adəmlə Həvvanın övladlarının xilası üçün böyük qurban tələb olunurdu. Məsih həyatını qurban verməli idi! İbranicə Müqəddəs Yazıları qələmə alan peyğəmbərlər bu həqiqəti parlaq surətdə təsvir etmişdilər. Məsələn, Daniel peyğəmbər açıq-aydın yazmışdır ki, ‘məsh olunmuş hökmdar’ «həlak olacaq», yəni öldürüləcək ki, ‘təqsirlər üçün kəffarə versin’ (Dan. 9:24-26). Yeşayanın isə peyğəmbərlik etdiyi kimi, Məsih qeyri-kamil insanların günahını üzərinə götürəcək, rədd olunacaq, təqib ediləcək və sonda onun bədəni deşiləcək, başqa sözlə, o edam ediləcək (Yeşaya 53:4, 5, 7).
11. Yehovanın Oğlu xilasımız naminə özünü qurban verməyə hazır olduğunu necə göstərdi?
11 Allahın vahid Oğlu bizi xilas etmək üçün nələrdən keçəcəyini yer üzünə gəlməzdən öncə bilirdi. Əvvəlcə o, əzab-əziyyətə məruz qalmalı, sonra isə öldürülməli idi. Atası ona bunları söyləyəndə o boyun qaçırdımı və ya Ona qarşı çıxdımı? Yox, Oğul Atasının göstərişlərinə tamamilə və canla-başla riayət edirdi (Yeşaya 50:4-6). Eynilə, yer üzündə olanda o, Atasının iradəsini itaətkarlıqla icra edirdi. Bunu etməyə onu nə təşviq edirdi? İsa deyir: «Mən Atanı sevirəm». Bu sualın digər cavabı isə budur: «Heç kimdə, bir nəfərin dostları uğrunda canını verməsindən daha böyük məhəbbət yoxdur» (Yəh. 14:31; 15:13). Beləliklə, bizim xilasımız, əsas etibarilə, Yehovanın Oğlunun göstərdiyi məhəbbət sayəsində mümkün olub. Bu, onun kamil insan həyatı bahasına başa gəlsə də, o, bizim xilasımız naminə könüllü olaraq canından keçdi.
Yehova nələrdən keçməli oldu?
12. Fidyə qurbanlığının təşəbbüskarı kimdir və O, bunu nəyə görə təqdim etdi?
12 Fidyə qurbanlığının təşəbbüskarı İsa olmamışdır. Xilas tədbiri Yehovanın iradəsinin vacib bir hissəsi idi. Həvari Pavel göstərir ki, üzərində qurban təqdim olunan məbəddəki qurbangah Yehovanın iradəsini təmsil edirdi (İbr. 10:10). Beləliklə, Məsihin qurbanlığı sayəsində əldə etdiyimiz xilasa görə ilk növbədə və daha çox Yehovaya borcluyuq (Luka 1:68). Bu, Onun kamil iradəsinin və bəşəriyyətə bəslədiyi böyük məhəbbətinin təzahürüdür. (Yəhya 3:16 ayəsini oxu.)
13, 14. İbrahimin nümunəsi Yehovanın bizim uğrumuzda etdiklərini anlamağa və qiymətləndirməyə necə kömək edir?
13 Bizə bəslədiyi məhəbbəti bu cür təzahür etdirmək üçün Yehova nələrdən keçməli oldu? Bunu dərk etmək bizim üçün çətindir. Lakin Müqəddəs Kitabda yazılan bir məlumat bunu başa düşməkdə bizə kömək edəcək. Yehova sadiq xidmətçisi İbrahimdən həddən artıq çətin olan bir işi görməyi — öz oğlu İshaqı qurban verməyi xahiş etdi. Sözsüz ki, İshaq atası üçün çox əziz idi. Yehova İbrahimlə söhbətində İshaqı onun ‘sevdiyi yeganə oğlu’ adlandırdı (Yar. 22:2). Buna baxmayaraq, İbrahim anlayırdı ki, Yehovanın iradəsi hətta onun İshaqa olan məhəbbətindən daha vacibdir. İbrahim Yehovanın bir sözünü iki etmədi. Amma Yehova Özünün bir gün edəcəyi şeyi İbrahimin etməsinə yol vermədi. İbrahim oğlunu qurban gətirməyə hazırlaşırdı ki, Allahın göndərdiyi mələk onun əlini saxladı. İbrahim bu çətin sınaqda Allahına tabe olmağa o dərəcədə qəti qərarlı idi ki, ümidi yalnız dirilməyə idi. Və o, Allahın İshaqı dirildəcəyinə zərrə qədər də şübhə etmirdi. Pavel yazır ki, İbrahim «bir nümunə olaraq» (YD) İshaqı dirilmə vasitəsilə geri aldı (İbr. 11:19).
14 Oğlunu qurban gətirməyə hazırlaşanda İbrahimin keçirdiyi ağrı-acını təsəvvürünə gətirə bilərsənmi? İbrahimlə baş verən bu hadisə Yehovanın ‘sevimli Oğlum’ adlandırdığı kəsi qurban gətirəcəyini əyani şəkildə göstərdi (Mat. 3:17). Bir şeyi unutmamalıyıq ki, Yehovanın keçirdiyi hisslər İbrahiminkindən də ağır idi. O və Oğlu milyonlarla, ola bilsin, hətta milyardlarla illər birgə ünsiyyət etməkdən zövq alırdılar. Oğul Atasının yanında sevimli «mahir usta» (YD) və Nümayəndə, yəni «Kəlam» kimi fərəhlə xidmət edirdi (Sül. məs. 8:22, 30, 31; Yəh. 1:1). Oğluna əzab veriləndə, rişxənd ediləndə və sonda bir cani kimi edam ediləndə Yehovanın nələr hiss etdiyini təsəvvürümüzə gətirmək belə çətindir. Bəli, bizim xilasımız naminə Yehova böyük qurban verib! Bəs biz bu xilas tədbirini qiymətləndirdiyimizi necə göstərə bilərik?
Allahın xilasımız naminə gördüyü tədbirləri qiymətləndirdiyimizi necə göstərə bilərik?
15. İsa möhtəşəm fidyə tədbirini necə tamamladı və bunun sayəsində nə mümkün oldu?
15 Göylər həyatına diriləndən sonra İsa möhtəşəm fidyə tədbirini tamamladı. Sevimli Atasına qovuşanda fidyə qurbanlığının dəyərini Ona təqdim etdi. Bu, böyük xeyir-dualara səbəb oldu. Bunun sayəsində ilk növbədə Məsihin məsh olunmuş qardaşlarının, sonra isə «bütün dünyanın» günahlarının tamamilə bağışlanması mümkün oldu. Günahlarına görə ürəkdən tövbə edən və Məsihin həqiqi davamçısı olan hər bir insanın bu qurbanlıq sayəsində Yehova ilə sıx münasibət qurmaq imkanı var (1 Yəh. 2:2). Bu, sənə necə aiddir?
16. Yehovaya xilas tədbirinə görə minnətdar olduğumuzun səbəbini hansı nümunə əsasında göstərə bilərik?
16 Məqalənin əvvəlindəki nümunəyə qayıdaq. Təsəvvür et ki, xəstəliyin əlacını tapan həkim səninlə eyni palatada yatan xəstələrə yaxınlaşıb deyir: «Kim müalicəni qəbul edərsə və bütün göstərişlərə riayət edərsə, hökmən sağalacaq». Bəs palata yoldaşlarından əksəriyyəti dərmanı qəbul etməyin və pəhriz saxlamağın çətin olduğundan şikayətlənsələr və həkimin dediklərini rədd etsələr, onda necə? Bu müalicə üsulunun həqiqətən də effektiv olduğuna dair əlində inandırıcı sübutun olsa, palata yoldaşların kimi davranacaqsanmı? Əlbəttə, yox! Şübhə yoxdur ki, bu müalicəyə görə öz minnətdarlığını bildirəcək və həkimin bütün göstərişlərinə xırdalığınadək riayət edəcəksən və ola bilsin, qərarını başqalarına da danışacaqsan. Oğlunu qurban verərək xilasımızın qeydinə qaldığı üçün hər birimiz Yehovaya daha çox minnətdar olmalı deyilikmi? (Romalılara 6:17, 18 ayələrini oxu.)
17. Yehovaya xilas tədbirinə görə minnətdar olduğumuzu necə göstərə bilərik?
17 Yehovanın və Onun Oğlunun bizi günah və ölümdən qurtarmaq üçün etdiklərini qiymətləndirməyimiz əməllərimizdə özünü büruzə verəcək (1 Yəh. 5:3). Biz günaha olan meyilimizlə mübarizə aparacaq, bilərəkdən günah işlətməyəcək və çox vaxt onun nəticəsi olan ikili həyat tərzi sürməkdən qaçınacağıq. Bunun əksinə davransaq, bu, fidyə qurbanlığına ümumiyyətlə qiymət vermədiyimizə dəlalət edəcək. Allahın gözündə təmiz qalmaq üçün bütün qüvvəmizi səfərbər etməklə naşükür olmadığımızı göstərəcəyik (2 Pet. 3:14). Həmçinin başqalarının Yehova ilə sıx münasibəti və əbədi gələcəyə ümidləri olsun deyə heyrətamiz xilas ümidi barədə onlara danışmaqla da minnətdarlığımızı təzahür etdirəcəyik (1 Tim. 4:16). Əlbəttə, Yehova və Onun Oğlu onları izzətləndirmək üçün imkanımızın yol verdiyi qədər vaxt və qüvvə sərf etməyimizə layiqdirlər! (Mark 12:28-30). Bu barədə bir düşün! Biz günahdan tamamilə «sağalacağımız» günü həsrətlə gözləyə bilərik. Biz, Allahın nəzərdə tutduğu kimi, kamil olacaq və əbədi yaşayacağıq. Bütün bunlar Yehovanın xilasımız üçün gördüyü tədbirlər sayəsində mümkündür! (Rom. 8:21).
[Haşiyə]
a Deyilənlərə görə, bütün yer kürəsinə yayılmış ispanka qripinə o vaxt dünya əhalisinin 20-50 faizi yoluxmuşdu. Virusa yoluxanların təxminən 1-10 faizi həyatını itirmişdi. Ondan fərqli olaraq, Ebola virusuna çox nadir hallarda rast gəlinir. Bəzi yerlərdə bu virusun törətdiyi xəstəlikdən ölənlərin sayı təxminən 90 faiz təşkil etmişdi.
Necə cavab verərdiniz?
• Nəyə görə xilasa son dərəcə ehtiyac duyuruq?
• İsanın fədakarlığı sənə necə təsir bağışlayır?
• Yehovanın təqdim etdiyi fidyə ənamı barədə nə düşünürsən?
• Yehovanın xilasın üçün etdikləri səni nəyə təşviq edir?
[27-ci səhifədəki şəkil]
Kəffarə günündə İsrailin baş kahini Məsihin canlı rəmzi olurdu
[28-ci səhifədəki şəkil]
İbrahimin oğlunu qurban gətirməyə hazır olmasından Yehovanın verdiyi daha böyük qurban barədə çox şey öyrənirik