Gəlin kar bacı-qardaşlarımızı qiymətləndirək!
ALLAHIN müasir xalqı başlanğıcını qədim dövrlərin kişi və qadınlarından götürən və ruhani bacı-qardaşlardan ibarət böyük bir ailədir. Bu siyahıya Şamuel, Davud, Şimşon, Raxav, Musa, İbrahim, Sara, Nuh və Habil daxildir. Yehovanın sadiq xidmətçiləri arasında çoxlu kar bacı-qardaşlar da var. Məsələn, Monqolustanda Yehovanın Şahidi olan ilk iki nəfər kar ər-arvad olmuşdur. Rusiyadakı kar həmimanlılarımızın nöqsansızlığı sayəsində isə Avropa İnsan Hüquqları Məhkəməsində qələbə qazanmışıq.
Bizim günlərdə «sadiq və ağıllı qul» sinfi jest dilində nəşrlər buraxır, eləcə də yığıncaq görüşləri və konqreslər təşkil edir (Mat. 24:45). Kar bacı-qardaşlar bundan böyük fayda əldə etmişləra. Bəs sən heç düşünmüsənmi ki, bunlar olmayanda bu bacı-qardaşlar həqiqi Allah haqqında necə öyrənir və həqiqətdə necə tərəqqi edirdilər? Və sən sizin ərazidə yaşayan kar insanlara necə kömək edə bilərsən?
Jest dilində yığıncaq və nəşrlər olmayanda
Nəyə görə yaşlı kar bacı-qardaşlardan həqiqətə necə gəldiklərini soruşmayasan? Onlar sənə Allahın adının olduğunu öyrənəndə hansı hissləri keçirdikləri barədə danışa bilərlər. Məsələn, onlar təkcə bu həqiqətin onların həyatını necə dəyişdiyi və daha dərin Müqəddəs Kitab həqiqətlərini jest dilində öyrənməyə kömək edən videokasetlər və ya DVD-lər meydana gələnədək illər ərzində onlara necə kömək etdiyi ilə bölüşə bilərlər. Onlar məsihçi görüşləri jest dilində keçirilməyəndə və ya bu dilə tərcümə olunmayanda vəziyyətin necə olduğunu izah edə bilərlər. Əvvəllər kimsə onların yanında əyləşir və səhnədən deyilənləri başa düşmələri üçün kağıza yazıb onlara göstərirdi. Bir kar qardaş yığıncaq görüşləri jest dilinə tərcümə olunmağa başlayana qədər yeddi il ərzində Müqəddəs Kitabı bu cür öyrənmişdir.
Bir yaşlı kar qardaş yığıncağın digər üzvləri ilə birgə eşidən insanlara necə təbliğ etdiyini xatırlayır. Onlar bir əllərində evdən-evə təbliğ etmək üçün üzərində sadə təqdimə yazılmış vərəqəni, digər əllərində isə «Gözətçi Qülləsi» və «Oyanın!» jurnalının son sayını tuturdular. Özlərinin də yaxşı başa düşmədikləri nəşrlər vasitəsilə digər kar insanlara Müqəddəs Kitabı öyrətmək onlar üçün əsil sınaq idi. Yaşlı kar təbliğçilər Müqəddəs Kitab həqiqətlərini başa düşmədikləri, buna görə də başqalarına bu həqiqətləri çatdıra bilmədikləri üçün nə qədər məyus olduqlarını, yəqin ki, xatırlayırlar. Həmçinin Yehovaya dərin məhəbbət bəsləməyin, eyni zamanda öyrəndiklərini düzgün tətbiq edib-etmədiklərinə əmin olmamağın nə demək olduğu onlara yaxşı tanışdır. Nəyə görə? Çünki onlar müəyyən şeyləri düzgün başa düşdüklərinə əmin deyildilər.
Bütün bu çətinliklərə baxmayaraq, kar bacı-qardaşlarımız nöqsansızlıqlarını qoruyub saxlamışlar (Əyy. 2:3). Onlar səbirlə Yehovanı gözləmişlər (Məz. 37:7). İndi Yehova onları gözlədiklərindən daha artıq xeyir-dualandırır.
Gəlin görək, ailə başçısı olan bir kar qardaş jest dilində videofilmlər çıxmamışdan öncə, ailəvi öyrənmə keçirmək üçün necə səy göstərirdi. O, həmişə bu məsələdə rəhbərliyi öz üzərinə götürürdü. Onun oğlu xatırlayır: «Ailəvi öyrənmə keçirmək həmişə atam üçün çətin idi, çünki o, hər şeyi çap olunmuş nəşrlərin əsasında öyrətməli olurdu. Çox vaxt o, yazılanları tam başa düşmürdü. Biz uşaqlar onun işini daha da qəlizləşdirirdik. O, nəyisə düzgün izah etməyəndə dərhal səhvini tuturduq. Bunlara baxmayaraq, o, ailəvi öyrənməni heç vaxt təxirə salmırdı. O başa düşürdü ki, bizim Yehova haqqında nəsə öyrənməyimiz daha vacibdir, nəinki onun bəzən ingilis dilini başa düşmədiyi üçün məyus olması».
Gəlin həmçinin Bruklində (Nyu-York, ABŞ) yaşayan 70 yaşlarında, eyni zamanda kar və kor olan Riçardın nümunəsinə baxaq. Onun yığıncağında hamıya məlumdur ki, Riçard heç bir görüşü buraxmır. O, yığıncağa metro ilə gəlir və hansı stansiyada düşəcəyini bilmək üçün dayanacaqları bir-bir sayır. Bir qış günü çovğun olduğundan görüş təxirə salınmışdı. Yığıncaqdakıların hamısına bu barədə xəbər verilsə də, nəyə görəsə Riçard yaddan çıxmışdı. Qardaşlar bunu biləndə onu axtarmağa başladılar və onu Padşahlıq Zalının qapısının ağzında səbirlə gözləyən tapdılar. Belə çovğunda nəyə görə çölə çıxdığını soruşanda o cavab verdi: «Çünki mən Yehovanı sevirəm».
Sən nə edə bilərsən?
Sizin ərazidə kar insanlar yaşayırmı? Onlarla ünsiyyət etmək üçün sən jest dilini öyrənə bilərsənmi? Adətən, kar insanlar başqalarına öz dillərini öyrədərkən nəzakətli və səbirli olurlar. Xidmətdə və ya başqa yerdə onlara rast gələndə söhbət etməyə çalış. Bu zaman jestlərdən, qeydlərdən, təsvirlərdən, şəkillərdən, yaxud bunların hamısından istifadə edə bilərsən. İnsan həqiqətə maraq göstərməsə də, kar olan və ya jest dilini bilən məsihçiyə bu haqda məlumat ver. Xoş xəbər jest dilində çatdırılanda bu, kar insan üçün daha cəlbedici olur.
Ola bilsin, sən jest dilini öyrənir və jestdilli yığıncağa gedirsən. Bəs sən bu dildə danışmaq və onu başa düşmək bacarığını necə yaxşılaşdıra bilərsən? Əgər yığıncağında səndən başqa eşidən təbliğçilər varsa, yaxşı olardı ki, onlarla da jest dilində ünsiyyət edəsən. Bu, sənə jest dilində düşünməyə kömək edəcək. Hərdən səndə öz fikirlərini sözlə ifadə etmək istəyi yarana bilər, çünki bu daha asan görünə bilər. Lakin hansısa dildə səlis danışmağa müvəffəq olmaq üçün səbir tələb olunduğu kimi, bu dili öyrənərkən də səbirli olmaq tələb olunur.
Biz jest dilində danışmaq üçün əlimizdən gələni edəndə kar bacı-qardaşlarımıza məhəbbət və hörmət göstərmiş oluruq. İşdə və ya məktəbdə insanları başa düşmədikləri üçün karların hər gün keçirdikləri məyusluq hissini təsəvvür et. Bir kar qardaş deyir: «Mən hər gün danışan insanların əhatəsində oluram. Çox vaxt özümü lazımsız hiss edirəm və tənhalıq hissi get-gedə daxilimdə böyüyür və buna görə də qəzəblənir, hətta özümdən çıxıram. Hərdən hansı hissləri keçirdiyimi sözlə ifadə etmək mümkün olmur». Yığıncaqlarımız kar bacı-qardaşlarımızın ruhani qida aldıqları, xoş ünsiyyətdən və dostluqdan məmnunluq duyduqları bir vahə olmalıdır (Yəh. 13:34, 35).
Hər hansı bir yığıncağın nəzdində olan kiçik jestdilli qruplar da nəzərdən qaçmayıb. Görüşlər onlar üçün tərcümə olunur. Səhnədən deyilənləri tam başa düşmək üçün onlar ön sıralarda əyləşirlər. Bunun sayəsində onlar həm tərcüməçini, həm də natiqi aydın görə bilirlər. Təcrübə göstərir ki, yığıncağın digər üzvləri buna tez alışır və bu, onlara mane olmur. Proqramları jest dilinə tərcümə olunan konqreslər də belə keçir. Jest dilinə tərcümə edən çalışqan bacı-qardaşlar tərifə layiqdirlər, çünki onlar məlumatı mənalı, təbii və başa düşülən tərzdə çatdırırlar.
Ola bilsin, sizin yığıncağın nəzdində jestdilli qrup var, yaxud görüşlər yığıncağa gələn azsaylı kar insanlar üçün tərcümə olunur. Kar bacı-qardaşlarımızın qayğısına qaldığını necə göstərə bilərsən? Onları öz evinə dəvət et. Əgər mümkündürsə, bir neçə jest öyrən. Qoy ünsiyyətdə yaranan maneələr səni qorxutmasın. Siz ünsiyyət etməyin yollarını tapacaqsınız və belə məhəbbət göstərməyin sayəsində yaddaşlarda xoş xatirələr qalacaq (1 Yəh. 4:8). Kar həmimanlılarımızla ünsiyyətdə olmaq olduqca maraqlıdır. Onlar maraqlı həmsöhbət olmaqla yanaşı, dərin anlayışa və gözəl yumor hissinə də malikdirlər. Hər iki valideyni kar olan bir qardaş deyir: «Ömrüm boyu kar insanların əhatəsində olmuşam və onların mənə verdiklərinin əvəzini heç vaxt ödəyə bilməyəcəyəm. Biz kar bacı-qardaşlarımızdan çox şey öyrənə bilərik».
Yehova, karlar da daxil olmaqla, Ona sadiq qalan xidmətçilərini sevir. Onların iman və dözüm nümunələri, sözsüz ki, Yehovanın təşkilatını zənginləşdirir. Buna görə də gəlin kar bacı-qardaşlarımızı qiymətləndirək!
[Haşiyə]
a «Gözətçi Qülləsi»nin 2009-cu il 15 avqust sayının «Yehova ‘Öz nurlu üzünü onlara göstərdi’» adlı məqaləsinə baxın.
[31-ci səhifədəki şəkil]
Padşahlıq haqqında xoş xəbər jest dilində çatdırılanda kar insan üçün daha cəlbedici olur
[32-ci səhifədəki şəkil]
Yığıncaqlarımız kar bacı-qardaşlarımıza ruhani təravət gətirən bir vahə olmalıdır