Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/1 s. 7—11
  • Yehovaya məxsus olmaq lütfdür

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovaya məxsus olmaq lütfdür
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Yehova məxsus olmaq xoşbəxtliyə yol açır
  • Yehovanın tələbləri ağır deyil
  • Yehova hər bir xidmətçisinin qayğısına qalır
  • Allaha olan məhəbbətimizi necə qoruya bilərik?
  • Azadlığı bizə kim verir?
  • «Sən hara getsən, mən də ora gedəcəyəm»
    İman örnəkləri
  • «Rut» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2005
  • Yehova bizim sığınacaq yerimizdir
    Gözətçi qülləsi 2002
  • Yehovanın dostlarından örnək alın
    Gözətçi qülləsi 2016
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/1 s. 7—11

Yehovaya məxsus olmaq lütfdür

«Həmişə Rəbbinik» (ROM. 14:8).

1, 2. a) Bizə hansı şərəf verilib? b) Hansı sualları nəzərdən keçirəcəyik?

YEHOVA İsrail xalqına «siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız» deməklə onları necə də böyük şərəfə layiq görmüşdü (Çıx. 19:5). Müasir məsihçi yığıncağının üzvləri də Yehovaya məxsus olmaq şərəfinə malikdirlər (1 Pet. 2:9; Vəhy 7:9, 14, 15). Və bu, bizə əbədiyyən fayda gətirəcək.

2 Yehovaya məxsus olmaq şərəf olmaqla yanaşı, həm də məsuliyyətdir. Bəziləri deyə bilərlər: «Görəsən, Yehovanın məndən gözlədiklərini yerinə yetirə bilərəmmi? Birdən günah işlətsəm, O, məni rədd etməzmi? Yehovaya məxsus olmaq azadlığımı əlimdən almayacaq ki?» Bu sualları nəzərdən keçirməyə dəyər. Lakin ilk növbədə, başqa bir sual cavab tələb edir: Yehovaya məxsus olmağın hansı faydası var?

Yehova məxsus olmaq xoşbəxtliyə yol açır

3. Raxavın Yehovaya xidmət etmək qərarı ona hansı faydanı gətirdi?

3 Yehovaya məxsus olmağın hansı faydası var? Gəlin qədim Yerixo şəhərində yaşamış fahişə Raxavın nümunəsinə baxaq. Onu uşaqlıqdan iyrənc Kənan allahlarına ibadət etməyə öyrətmişdilər. Lakin o, Yehovanın İsrail xalqına bəxş etdiyi qələbələr haqqında eşidəndə Yehovanın həqiqi Allah olduğunu anlamışdı. Raxav Allahın seçilmiş xalqını qorumaq üçün həyatını təhlükə altına ataraq gələcəyini onlara etibar etmişdi. Müqəddəs Kitabda deyilir: «Məgər fahişə Rahav [Raxav] da eyni cür öz əməllərinə görə saleh sayılmadımı? O, kəşfiyyatçıları qəbul etdi və başqa yol ilə geri göndərdi» (Yaq. 2:25). Raxav Allahın pak xalqının — Onun Qanununa, məhəbbətli və ədalətli yollarına öyrədilmiş bir xalqın üzvü olanda aldığı xeyir-duaları bir təsəvvür edin! Çox güman ki, əvvəlki həyatından yaxa qurtaranda o, çox xoşbəxt oldu. Raxav bir israilli ilə ailə qurdu və Allahın xidmətçisi kimi tanınan Boaz adlı bir oğul dünyaya gətirdi (Yeşua 6:25; Rut 2:4—12; Mat. 1:5, 6).

4. Yehovaya xidmət etmək qərarı Ruta hansı faydanı gətirdi?

4 Moavlı Rut da Yehovaya xidmət etməyi seçmişdi. Görünür, uşaqlıqda o, Kemoş və digər Moav allahlarına ibadət edirdi. Ancaq Rut həqiqi Allah Yehovanı tanıdı və onların ölkəsində daldalanan bir israilli ilə ailə qurdu. (Rut 1:1—6 ayələrini oxu.) Müəyyən vaxtdan sonra Rut və qaynı arvadı Orpa qayınanaları Naomi ilə Bet-Lexemə yola düşdülər. Yarı yolda Naomi gəlinlərini evlərinə qayıtmaları üçün dilə tutdu. Çünki İsraildə yaşamaq onlara heç də asan olmayacaqdı. Orpa «öz xalqının və allahlarının yanına qayıtdı», Rut isə yox. O, imanla hərəkət edir və kimə məxsus olmaq istədiyini yaxşı bilirdi. Rut Naomiyə dedi: «Məcbur etmə ki, səni tərk edib səninlə getməyim. Bil ki, hara getsən, ora gedəcəyəm, harada qalsan, orada qalacağam; xalqın xalqım olacaq, Allahın Allahım» (Rut 1:15, 16). Rut Yehovaya xidməti seçdiyi üçün Qanunda dul qadınlar, kasıblar və torpaq sahələri olmayanlar üçün nəzərdə tutulan imtiyazlardan faydalandı. Yehovanın qanadları altında o, xoşbəxtlik, təhlükəsizlik və sığınacaq tapdı.

5. Yehovaya sədaqətlə xidmət edənlər haqda nə demək olar?

5 Yəqin ki, sən özlərini Yehovaya həsr edib onilliklərlə Ona sədaqətlə xidmət edən bacı-qardaşları tanıyırsan. Nəyə görə Yehovaya xidmət etməyin onlara hansı faydanı gətirdiyini soruşmayasan? Qayğısız insan yoxdur, amma məzmurçunun sözləri danılmazdır: «Nə bəxtiyardır Allahı Rəbb olan xalq!» (Məz. 144:15).

Yehovanın tələbləri ağır deyil

6. Nəyə görə Yehovanın tələblərinə riayət edib-edə bilməyəcəyimiz haqda həddən artıq narahat olmamalıyıq?

6 Yəqin, Yehovanın tələblərinə riayət edib-edə bilməyəcəyin fikri səni rahat buraxmır. Yehovanın xidmətçisi olaraq Onun qanunlarına uyğun yaşamalı və Onun haqqında başqalarına danışmalı olduğun üçün özünü narahat hiss edə bilərsən. Məsələn, Yehova Musanı israillilərlə və fironla danışmağa göndərəndə o, bu işin öhdəsindən gələ bilməyəcəyini düşünürdü. Lakin Allah Musadan onun gücündən artıq bir şey tələb etmirdi. Yehova ona ‘nə etməyi öyrətmişdi’. (Çıxış 3:11; 4:1, 10, 13—15 ayələrini oxu.) Musa Allahın köməyini qəbul etdiyi üçün Onun iradəsini yerinə yetirməkdən sevinc duyurdu. Eynilə, Yehova bizdən də gücümüzdən artıq heç nə tələb etmir. O, qeyri-kamil olduğumuzu başa düşür və bizə kömək etmək istəyir (Məz. 103:14). İsanın davamçısı kimi Allaha xidmət etmək yük deyil, əksinə, bizi təravətləndirir, çünki bu həyat yolu başqalarına fayda gətirir və Yehovanın ürəyini sevindirir. İsa demişdir: «Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram» (Mat. 11:28, 29).

7. Nəyə görə əmin ola bilərik ki, Yehova bizə Onun tələblərini yerinə yetirməyə kömək edəcək?

7 Həmişə Yehovanın gücünə arxalansaq, O, ehtiyac duyduğumuz köməyi bizdən heç vaxt əsirgəməyəcək. Misal üçün Yeremyanın nümunəsinə baxaq. Görünür, o, cəsarətlə danışmağı bacarmırdı. Buna görə də Yehova onu peyğəmbər təyin edəndə o: «Ah, ya Xudavənd Rəbb! Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam»,— deyə etiraz etdi. Bir qədər sonra isə o hətta dedi: «Daha... Onun adı ilə danışmayacağam» (Yer. 1:6; 20:9). Buna baxmayaraq, Yehovanın köməyi ilə Yeremya insanların eşitmək istəmədiyi xəbəri 40 il ərzində təbliğ etdi. Yehova onu dəfələrlə: «Mən səninlə olacağam ki, Səni qurtarıb azad edim»,— deyərək ürək-dirək verirdi (Yer. 1:8, 19; 15:20).

8. Yehovaya etibar etdiyimizi necə göstərə bilərik?

8 Yehova Musa ilə Yeremyanı möhkəmləndirdiyi kimi, bizə də məsihçilərin qarşısına qoyduğu tələblərə uyğun yaşamağa kömək edə bilər. Ən əsası Allaha bel bağlamaqdır. Müqəddəs Kitabda deyilir: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər» (Sül. məs. 3:5, 6). Yehovanın Öz Kəlamı və yığıncağı vasitəsilə təqdim etdiyi köməkdən yararlananda Ona etibar etdiyimizi göstəririk. Əgər ömür boyu Yehovanın addımlarımızı yönəltməsinə yol versək, Ona sadiq qalmaqdan bizi heç nə çəkindirə bilməyəcək.

Yehova hər bir xidmətçisinin qayğısına qalır

9, 10. Məzmur 91-də hansı müdafiə vəd olunur?

9 Özlərini Yehovaya həsr edib-etməməyin üzərində düşünərkən bəzilərinin ağlına belə fikirlər gələ bilər ki, onlar nə vaxtsa günah işlədərək Ona xidmət etmək şərəfindən məhrum olacaq və rədd ediləcəklər. Xoşbəxtlikdən, Yehova Onunla dəyərli münasibətlərimizi qorumağımız üçün bizi lazımi müdafiə ilə təmin edir. Gəlin bunun 91-ci məzmurda necə ifadə olunduğunu nəzərdən keçirək.

10 Həmin məzmur belə sözlərlə başlayır: «Haqq-Taalanın pənahında yaşayan, Külli-İxtiyarın kölgəsində oturan insan Rəbb haqqında belə söyləyir: “O mənim sığınacağımdır, qalamdır, Allahımdır, Ona güvənirəm”. Bil ki, O səni ovçunun tələsindən... qurtarar» (Məz. 91:1—3). Fikir verin ki, Allah Onu sevənləri və Ona bel bağlayanları müdafiə etməyi vəd edir. (Məzmur 91:9, 14 ayələrini oxu.) Söhbət hansı müdafiədən gedir? Düzdür, qədimdə Yehova bəzi xidmətçilərini fiziki təhlükələrdən mühafizə etmişdir və bəzi hallarda Onun məqsədi vəd olunmuş Məsihin nəsil şəcərəsini qoruyub saxlamaq idi. Lakin Allahın bir çox sadiq xidmətçilərini Ondan döndərmək üçün həbsə atır, əzablara məruz qoyur və vəhşicəsinə öldürürdülər (İbr. 11:34—39). Onlar bütün bunlara tab gətirmək üçün lazımi cəsarət tapırdılar, çünki Yehova onlara nöqsansızlıqlarını sındıra biləcək təhlükələrdən ruhani müdafiə təqdim edirdi. Buna görə də, belə bir qənaətə gəlmək olar ki, 91-ci məzmurda bizə ruhani müdafiə vəd olunur.

11. ‘Haqq-Taalanın pənahı’ hansı yerdir və orada Allah kimləri hifz edir?

11 Məzmurçunun xatırlatdığı ‘Haqq-Taalanın pənahı’ ruhani cəhətdən təhlükəsiz bir yerdir. Orada Allahın yanında sığınacaq tapanlar Allaha imanlarını və məhəbbətlərini təhlükə altına alan hər kəsdən və hər şeydən müdafiə olunurlar (Məz. 15:1, 2; 121:5). İmansızlar bu təhlükəsiz yerin harada olduğundan xəbərsizdirlər. Burada Yehova ‘Sən mənim Allahımsan, Sənə güvənirəm’ deyən xalqını hifz edir. Bu təhlükəsiz yerdə qalırıqsa, bizə Şeytanın — «ovçunun» tələsinə düşüb Allahın rəğbətini itirməkdən qorxmaq lazım deyil.

12. Allahla münasibətlərimizi təhlükə altına alan nədir?

12 Allahla münasibətlərimizi təhlükə altına alan nədir? Məzmurçu bir neçə təhlükəni sadalayır. Onların arasında ‘zülmətdə dolanan ağır xəstəliyin [və] məhvedici qırğının’ adını çəkir (Məz. 91:5, 6). ‘Ovçu’ bir çoxlarını xudbin müstəqillik arzusu tələsinə salır (2 Kor. 11:3). Başqaları tamahkarlıq, məğrurluq və var-dövlət hərisliyi tələsinə düşür. Digərlərini o, vətənpərvərlik, təkamül və yalan din fəlsəfəsilə azdırır (Kolos. 2:8). Çoxları isə cinsi əxlaqsızlıq tələsinin qurbanı olur. Ruhaniliyi məhv edən bu cür bəlalar milyonlarla insanların Allaha məhəbbətinin soyumasına səbəb olmuşdur. (Məzmur 91:7—10 ayələrini oxu; Mat. 24:12.)

Allaha olan məhəbbətimizi necə qoruya bilərik?

13. Yehova bizi ruhani firavanlığımızı təhlükə altına alan şeylərdən necə qoruyur?

13 Yehova Öz xalqını bu ruhani təhlükələrdən necə qoruyur? Məzmurda deyilir: «Allah sənə görə mələklərinə əmr edər ki, gedəcəyin hər yerdə səni qorusun» (Məz. 91:11). Xoş xəbəri təbliğ edə bilməyimiz üçün səmavi mələklər bizi istiqamətləndirir və müdafiə edirlər (Vəhy 14:6). Mələklərdən başqa, məsihçi ağsaqqallar bütünlüklə Müqəddəs Kitaba əsaslanaraq təlim verməklə bizi yalan mülahizələrə uymaqdan qoruyurlar. Onlar dünyanın düşüncə tərzinə qarşı durmaq üçün hər kəsə kömək etməyə hazırdırlar (Tit. 1:9; 1 Pet. 5:2). Həmçinin «sadiq və ağıllı qul» bizi təkamül nəzəriyyəsindən, şirnikdirici əxlaqsız arzulardan, var-dövlət və ad-san hərisliyindən, həmçinin saysız-hesabsız digər zərərli arzu və təsirlərdən qorumaq üçün ruhani qida ilə təmin edir (Mat. 24:45). Bu kimi təhlükələrə qarşı durmaqda sənə nə kömək etmişdir?

14. Allahın təqdim etdiyi müdafiədən necə yararlana bilərik?

14 Yehovanın «pənahında» qalmaq üçün biz nə etməliyik? Özümüzü bədbəxt hadisə, cinayət, yaxud xəstəlik kimi fiziki zərərlərdən daima gözləməli olduğumuz kimi, ruhani təhlükələrdən də gözləməliyik. Buna görə də biz Yehovanın nəşrlər, yığıncaq görüşləri və konqreslər vasitəsilə təqdim etdiyi rəhbərlikdən hər zaman yararlanmalı və məsləhət üçün ağsaqqallara müraciət etməliyik. Həmçinin bacı-qardaşlarımızın təzahür etdirdikləri xüsusiyyətlər bizə yaxşı təsir edir. Yığıncaqla sıx ünsiyyətdə olmaq, həqiqətən də, bizə müdrik olmağa kömək edir. (Sül. məs. 13:20; 1 Peter 4:10 ayəsini oxu.)

15. Nəyə görə əmin ola bilərik ki, Yehova bizi Onun rəğbətini itirməyimizə səbəb olacaq şeylərdən qorumağa qadirdir?

15 Zərrə qədər də şübhəmiz olmamalıdır ki, Yehova bizi Onun rəğbətini itirməyimizə səbəb olacaq hər şeydən qorumağa qadirdir (Rom. 8:38, 39). O, ümumdünya məsihçi yığıncağını güclü dini və siyasi düşmənlərdən qorumuşdur; onların başlıca məqsədi bizi öldürmək yox, müqəddəs Allahımızdan ayrı salmaq idi. Yehova «sənə qarşı işlənən heç bir silah işə yaramayacaq» vədinə sadiq çıxdı (Yeşaya 54:17).

Azadlığı bizə kim verir?

16. Nəyə görə dünyadan azadlıq ummaq boş şeydir?

16 Yehovaya məxsus olmaq bizi azadlıqdan məhrum edirmi? Əksinə, bu dünyaya məxsus olmaq azadlıqdan məhrum olmaq deməkdir. Dünya Allahdan uzaqlaşıb və insanları kölə edən qəddar allah tərəfindən idarə olunur (Yəh. 14:30). Məsələn, Şeytanın sistemi insanları azadlıqdan məhrum etmək üçün iqtisadi təzyiqlərdən istifadə edir. (Vəhy 13:16, 17 ayələri ilə müqayisə et.) İnsanları kölə etmək üçün günah da böyük təsir gücünə malikdir (Yəh. 8:34; İbr. 3:13). İmansızlar Yehovanın təlimlərinə zidd həyat tərzini cəlbedici bir şey kimi qələmə verməklə azadlıq vəd edirlər, lakin onlara qulaq asan hər kəs tez bir zamanda günahlı və insanı ləyaqətindən məhrum edən həyat tərzinin köləsi olur (Rom. 1:24—32).

17. Yehova bizə hansı azadlığı vəd edir?

17 Digər tərəfdən isə, özümüzü Yehovaya etibar etsək, O, bizi hər bir zərərdən qurtaracağına söz verir. Müəyyən mənada bizim vəziyyətimizi ölümcül xəstəlikdən canını qurtarmaq üçün həyatını təcrübəli cərraha etibar edən insanın vəziyyəti ilə müqayisə etmək olar. Hamımız ölümcül xəstəliyi — günahı miras almışıq. Yalnız Məsihin fidyə qurbanlığı əsasında özümüzü Yehovaya etibar etdiyimiz təqdirdə günahın təsirindən azad olacağımıza və əbədi yaşayacağımıza ümid edə bilərik (Yəh. 3:36). Cərrah haqqında daha çox öyrəndikcə ona olan etibarımız artdığı kimi, Yehova haqqında biliyimiz artdıqca da Ona daha çox etibar etməyi öyrənəcəyik. Məhz buna görə də biz Allahın Kəlamını diqqətlə araşdırırıq ki, Ona məhəbbətimiz daha da artsın, onda bu məhəbbət Ona məxsus olmaq qorxusuna üstün gələcək (1 Yəh. 4:18).

18. Yehovaya məxsus olanlar nəyə nail olacaqlar?

18 Yehova hamıya seçim azadlığı verir. Onun Kəlamında deyilir: «Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz. Allahınız Rəbbi sevin» (Qanun. t. 30:19, 20). Yehova istəyir ki, biz Ona xidmət etməyi könüllü surətdə seçək və bununla Ona olan məhəbbətimizi təzahür etdirək. Sevdiyimiz Allaha məxsus olmaq bizi azadlıqdan məhrum etmir, əksinə, bizə xoşbəxtlik gətirir.

19. Nəyə görə biz yalnız Yehovanın lütfü sayəsində Ona məxsus ola bilərik?

19 Günahlı olduğumuz üçün biz kamil Allaha məxsus olmağa layiq deyilik. Bu yalnız Allahın lütfü sayəsində mümkündür (2 Tim. 1:9). Buna görə də Pavel yazırdı: «Yaşayırıqsa, Rəbb üçün yaşayırıq; ölürüksə, Rəbb üçün ölürük. Buna görə, yaşayırıqsa da, ölürüksə də, həmişə Rəbbinik» (Rom. 14:8). Biz Yehovaya məxsus olmağı seçdiyimizə görə heç vaxt peşman olmayacağıq.

Necə cavab verərdiniz?

• Yehovaya məxsus olmaq hansı faydanı gətirir?

• Nəyə görə Yehovanın qarşımıza qoyduğu tələblər ağır deyil?

• Yehova xidmətçilərini necə mühafizə edir?

[8-ci səhifədəki şəkillər]

Bacı-qardaşlardan Yehovaya xidmət etməyin onlara hansı faydanı gətirdiyini soruş

[10-cu səhifədəki şəkil]

Yehova bizi qorumaq üçün nə təqdim edir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş