Yehovanın rəhbərliyi bəraət qazanıb!
«İnsan padşahlıqları üzərində Allah-Taala hökmranlıq edir» (DAN. 4:17).
1, 2. İnsan rəhbərliyinin müvəffəqiyyətsizliyə uğramasının bəzi səbəbləri hansılardır?
İNSAN hakimiyyətləri iflasa uğrayıb! Buna heç bir şübhə yoxdur. Bunun əsas səbəblərindən biri odur ki, müvəffəqiyyətlə idarə etmək üçün insanlar kifayət qədər müdrikliyə malik deyillər. İnsan hakimiyyətinin uğursuzluğu bu gün xüsusilə nəzərə çarpır, çünki bir çox rəhbərlər ‘xudbin, pulpərəst, lovğa, təkəbbürlü, qüdsiyyətdən məhrum, barışmaz, böhtançı, nəfsini saxlamayan, azğın, rəhmsiz, yaxşılığın düşməni, xain [və] məğrurdurlar’ (2 Tim. 3:2—4).
2 Bəşər tarixinin lap başlanğıcında ulu valideynlərimiz Allahın rəhbərliyini rədd etdilər. Onlar heç kimdən asılı olmayacaqlarını düşünürdülər. Əslində isə Şeytanın tabeçiliyi altına düşdülər. «Bu dünyanın rəisi» olan Şeytanın böyük təsiri altındakı insanların altı minillik uğursuz rəhbərliyi nəticəsində bəşəriyyət ən acınacaqlı vəziyyətə gəlib çatıb (Yəh. 12:31). Bir mənbədə bəşəriyyətin bugünkü vəziyyətinə şərh verilərək deyilir ki, «mükəmməl bir dünya qurmağa cəhd etməyin» heç bir faydası yoxdur. Orada izah olunur: «Təkcə qeyri-mümkün olduğu üçün yox, həm də ona görə ki, bunu etmək cəhdləri ən dəhşətli bədbəxtliklərə, totalitarizmə və müharibələrə gətirib çıxarır» («The Oxford History of the Twentieth Century»). Bu etiraf sözləri insan rəhbərliyinin müvəffəqiyyətsizliyə uğradığını necə də aydın göstərir!
3. Adəmlə Həvva günah işlətməsəydilər, Allah yer üzündə rəhbərliyi necə həyata keçirəcəkdi?
3 Necə də acınacaqlıdır ki, ulu valideynlərimiz yeganə düzgün rəhbərliyi — Allahın rəhbərliyini rədd etdilər! Əlbəttə, Adəmlə Həvvanın Allaha sadiq qaldıqları təqdirdə Allahın yer üzündə hansı idarə sistemini quracağını dəqiq bilmirik. Lakin bir şeyə şübhə yoxdur ki, bütün bəşəriyyətin qəbul edəcəyi Allahın rəhbərliyi altında məhəbbət və ədalət hökm sürəcəkdi (Həv. iş. 10:34; 1 Yəh. 4:8). Yehovanın hədsiz müdrikliyini nəzərə alsaq, biz həmçinin ona əmin ola bilərik ki, əgər bəşəriyyət Yehovanın rəhbərliyi altında qalsaydı, insan hakimiyyətinin tərəfdarlarının buraxdıqları bütün səhvlərdən qaçınmaq olardı. Allahın rəhbərliyi — teokratiya müvəffəqiyyətlə ‘bütün canlıları doyunca yedirəcək’, yəni onların bütün istəklərini həyata keçirəcəkdi (Məz. 145:16). Qısa müddət ərzində mükəmməl rəhbərlik sistemi qurulacaqdı (Qanun. t. 32:4). Təəssüf ki, insanlar onu rədd etdilər!
4. Şeytana verilən səlahiyyət nə dərəcədə genişdir?
4 Ancaq yadda saxlamaq lazımdır ki, Yehova insanlara özlərini idarə etməyə izin versə də, yaratdığı varlıqlar üzərində hökmranlıq etmək hüququndan heç vaxt imtina etməmişdir. Hətta qüdrətli Babil hökmdarı etiraf etməli oldu ki, «insan padşahlıqları üzərində Allah-Taala hökmranlıq edir» (Dan. 4:17). Əvvəl-axır Allahın Padşahlığı Onun iradəsini həyata keçirəcək (Mat. 6:10). Düzdür, Yehova Şeytanın qaldırdığı suala qəti cavab verilməsi üçün ona «əsrin tanrısı» olmağa, yəni bu dünyanı idarə etməyə izin verib (2 Kor. 4:4; 1 Yəh. 5:19). Lakin Şeytan Yehovanın icazə vermədiyi şeyi heç vaxt edə bilməmişdir. (2 Saln. 20:6; müqayisə et: Əyyub 1:11, 12; 2:3—6.) Allahın ən böyük Düşməni tərəfindən idarə edilən bir dünyada yaşamalarına baxmayaraq, Onun hökmranlığına tabe olan insanlar həmişə olub.
Allah İsrail üzərində necə rəhbərlik edirdi?
5. İsraillilər Allaha nə söz verdilər?
5 Habilin günlərindən İsrail xalqının yaranmasına qədərki dövrdə Yehovaya ibadət edən və Onun göstərişlərini həyata keçirən sədaqətli insanlar olmuşdur (İbr. 11:4—22). Musanın günlərində Yehova Yaqubun övladları ilə əhd bağladı və onlar İsrail xalqı oldu. Eramızdan əvvəl 1513-cü ildə israillilər: «Rəbbin bütün söylədiklərinə əməl edəcəyik»,— deməklə övladları ilə birgə Yehovanın hökmranlığına tabe olacaqlarına söz verdilər (Çıx. 19:8).
6, 7. Allahın İsrail xalqı üzərindəki rəhbərliyini necə təsvir edərdiniz?
6 Yehovanın israilliləri Öz xalqı kimi seçməkdə müəyyən məqsədi vardı. (Qanunun təkrarı 7:7, 8 ayələrini oxu.) O, bunu sadəcə israillilərin rifahı üçün etməmişdi. Buraya Allahın adı və ali hökmranlıq məsələsi də cəlb olunmuşdu, bunlar isə olduqca böyük əhəmiyyət kəsb edir. İsraillilər Yehovanın yeganə həqiqi Allah olduğuna şahidlik etməli idilər (Yeşaya 43:10; 44:6—8). Buna görə də Yehova İsrail xalqına dedi: «Siz Allahınız Rəbbin müqəddəs xalqısınız. Rəbb yer üzərində olan bütün xalqlar arasından sizi Özünə məxsus xalq olaraq seçdi» (Qanun. t. 14:2).
7 Yehova israillilərə rəhbərlik edəndə onların qeyri-kamil olduqlarını nəzərə alırdı. Eyni zamanda, Allahın onlara Musa vasitəsilə verdiyi qanunlar mükəmməl idi və Onun keyfiyyətlərini əks etdirirdi. Bu qanunlar Onun müqəddəs, ədaləti sevən, səbirli və bağışlamağa hazır olduğunu aydın göstərirdi. Yeşuanın və onun müasirlərinin günlərində xalq Onun əmrlərinə itaət edirdi, buna görə də əmin-amanlıq içində yaşayır və ruhani xeyir-dualar alırdı (Yeşua 24:21, 22, 31). İsrail tarixinin həmin dövrü Allahın rəhbərliyinin uğurlu olduğunu göstərir.
İnsan rəhbərliyinin acı nəticələri
8, 9. İsrail xalqı hansı ağılsız tələbi irəli sürdü və bu, nə ilə nəticələndi?
8 Lakin müəyyən vaxtdan sonra israillilər tez-tez Allahın rəhbərliyinə qarşı çıxmağa başladılar, bu səbəbdən də Onun müdafiəsindən məhrum olurdular. Hətta bir gün onlar Şamuel peyğəmbərdən onların üzərinə bir padşah qoymasını tələb etdilər. Yehova Şamuelə dedi ki, xalqın bu xahişini yerinə yetirsin. Lakin O əlavə etdi: «Rədd etdikləri sən deyilsən, onlar üzərində hökmranlıq etməyim deyə, yalnız Məni rədd edirlər» (1 Şam. 8:7). Yehova israillilərin xahişini yerinə yetirsə də, xəbərdarlıq etdi ki, insan rəhbərliyi xalqa çoxlu bəlalar gətirəcək. (1 Şamuel 8:9—18 ayələrini oxu.)
9 Tarix Yehovanın xəbərdarlığının doğru olduğunu göstərdi. Padşahlar — xüsusilə də Allahdan üz döndərəndə — İsrail xalqının başına ciddi problemlər açırdılar. İsrailin bu nümunəsini nəzərə alsaq, təəccüblü deyil ki, əsrlər boyunca dünyada mövcud olan və Yehovanı tanımayan hökumətlər uzunmüddətli fayda gətirəcək bir şey edə bilməmişlər. Düzdür, bəzi siyasətçilər Allahdan sülh və təhlükəsizlik yaratmaq cəhdlərinə xeyir-dua verməyi xahiş edirdilər. Bəs Allah Onun rəhbərliyinə tabe olmayan insanları necə xeyir-dualandıra bilər? (Məz. 2:10—12).
Allahın rəhbərliyi altında olan yeni xalq
10. Nəyə görə Allahın seçilmiş İsrail xalqı başqası ilə əvəz olundu?
10 İsrail xalqı Yehovaya sədaqətlə xidmət etməyə çox da həvəsli deyildi. Allahın təyin etdiyi Məsih yer üzünə gələndə isə israillilər onu qəbul etmədilər, buna görə də Yehova onları rədd edib, yeni xalq təşkil edəcək insanlarla əvəz etmək niyyətinə gəldi. Bu səbəbdən eramızın 33-cü ilində Yehovanın məsh olunmuş xidmətçilərindən ibarət olan məsihçi yığıncağı təşkil olundu. Demək olar ki, həmin yığıncaq Yehovanın rəhbərliyi altında olan yeni xalq idi. Pavel onu «Allahın İsraili» adlandırdı (Qalat. 6:16).
11, 12. Qədim İsraillə «Allahın İsraili» arasında rəhbərliyin həyata keçirilməsində hansı oxşarlıqlar var?
11 İsrail xalqı ilə «Allahın [yeni] İsraili» arasında həm fərqli, həm də oxşar cəhətlər var. Qədim İsraildən fərqli olaraq, məsihçi yığıncağının üzərində insan padşahlıq etmir və onun üzvlərinə günahlarının bağışlanması üçün heyvan qurbanları gətirməyə ehtiyac yoxdur. İsrail xalqı ilə məsihçi yığıncağı arasındakı oxşarlıqlardan biri aralarında ağsaqqalların təyin olunmasıdır (Çıx. 19:3—8). Bu məsihçi ağsaqqallar sürüyə ağalıq etmirlər. Əksinə, onlar yığıncağın qayğısına qalır və məsihçi fəaliyyətində rəhbərliyi sədaqətlə öz üzərlərinə götürürlər. Onlar yığıncaqda hər kəslə məhəbbətlə davranır, hamının mənliyinə və ləyaqətinə hörmətlə yanaşırlar (2 Kor. 1:24; 1 Pet. 5:2, 3).
12 ‘Allahın İsrailinin’ üzvləri və onların ‘başqa qoyunlardan’ olan həmkarları Yehovanın qədim İsraillə rəftarı üzərində düşünəndə Yehovanı və Onun rəhbərliyini daha çox qiymətləndirirlər (Yəh. 10:16). Məsələn, tarix göstərir ki, İsrail padşahlarının öz təbəələrinə göstərdikləri təsir — istər yaxşı olsun, istərsə də pis — çox güclü olmuşdur. Məsihçi yığıncağında rəhbərliyi üzərinə götürən qardaşlar qədim İsrailin padşahları kimi hökmranlıq etməsələr də, həmişə yadda saxlamalıdırlar ki, imanda başqalarına yaxşı nümunə olmalıdırlar (İbr. 13:7).
Yehova bu gün necə idarə edir?
13. 1914-cü ildə hansı vacib hadisə baş verdi?
13 Məsihçilər bu gün bütün dünyada bəyan edirlər ki, insanların bəşəriyyət üzərindəki rəhbərliyinə tezliklə son qoyulacaq. Yehova 1914-cü ildə İsa Məsihin rəhbərliyi altında göydə Öz Padşahlığını qurdu. O zaman Yehova İsaya ‘fateh kimi fəth etmək’ səlahiyyətini verdi (Vəhy 6:2). Yenicə taxt-tac verilmiş Padşaha deyildi: «Düşmənlərinin arasında hökmranlıq et» (Məz. 110:2, KM). Əfsuslar olsun ki, millətlər Yehovanın rəhbərliyinə tabe olmaqdan inadkarlıqla imtina edirlər. Onlar özlərini elə aparırlar ki, sanki, «Allah yoxdur» (Məz. 14:1).
14, 15. a) Allahın Padşahlığı bu gün bizə necə rəhbərlik edir və bununla əlaqədar özümüzə hansı sualları verməliyik? b) Allahın rəhbərliyinin üstünlüyü artıq indidən nədən bəllidir?
14 «Allahın İsraili»nin məsh olunmuş üzvlərindən bəziləri hələ yer üzündədirlər və onlar İsanın qardaşları kimi, ‘Məsihin səfirləri’ qismində çıxış edirlər (2 Kor. 5:20). Onlar sadiq və ağıllı qul sinfi təyin olunublar ki, məsh olunmuşların, o cümlədən sayı get-gedə artan və yer üzündə yaşamaq ümidinə malik olan milyonlarla məsihçilərin qayğısına qalsın və onları ruhani qida ilə təmin etsinlər (Mat. 24:45—47; Vəhy 7:9—15). Yehovanın bu quruluşa xeyir-dua verməsi Onun həqiqi xidmətçilərinin ruhani firavanlığından görünür.
15 Hər birimiz özümüzdən soruşmalıyıq: «Məsihçi yığıncağında nə etməli olduğumu dərk edirəmmi? Yehovanın rəhbərliyini layiqincə dəstəkləyirəmmi? Yehovanın hökmranlıq edən Padşahlığının təbəəsi olduğumla fəxr edirəmmi? Əlimdən gəldiyi qədər Allahın Padşahlığını bəyan etmək qərarımda əzmliyəmmi?» Biz, bir qrup kimi, Rəhbərlik Şurasından aldığımız rəhbərliyi həvəslə izləyir və yığıncaqda təyin olunmuş ağsaqqallarla əməkdaşlıq edirik. Bununla biz Allahın rəhbərliyinə tabe olduğumuzu göstəririk. (İbranilərə 13:17 ayəsini oxu.) Parçalanmış dünyada təzahür etdirdiyimiz itaətkarlıq ruhu sayəsində nadir ümumdünya birliyimiz mövcuddur. Bunun sayəsində aramızda həm də sülh və salehlik hökm sürür və bu, Yehovanın rəhbərliyinin ən yaxşı rəhbərlik olduğunu göstərərək Ona izzət gətirir.
Yehovanın rəhbərliyi zəfər çalır
16. Bu gün hər bir insan hansı qərarı verməlidir?
16 Eden bağında qaldırılan məsələlərin həll olunacağı vaxt sürətlə yaxınlaşır. Buna görə də indi qərar vermək vaxtıdır. Hər bir insan ya Yehovanın, ya da insan hakimiyyətlərinin tərəfini tutacağına qərar verməlidir. Həlim insanlara düzgün qərar verməkdə kömək etmək bizim üçün şərəfdir. Tezliklə Har-Megidonda Şeytanın təsiri altında olan insan hakimiyyətləri Yehovanın hakimiyyəti ilə həmişəlik əvəz olunacaq (Dan. 2:44; Vəhy 16:16). İnsan hakimiyyətlərinə son qoyulacaq, Allahın Padşahlığı isə bütün Yer kürəsi üzərində hökmranlıq edəcək. Sözün əsil mənasında Yehovanın rəhbərliyinə bəraət qazandırılacaq. (Vəhy 21:3—5 ayələrini oxu.)
17. Həlim insanlara hökmranlığa dair düzgün qərar verməkdə nə kömək edə bilər?
17 Hələ Yehovanın tərəfini tam tutmayanlar dua edərək Allahın insanlar üzərində rəhbərliyinin gətirəcəyi xeyir-dualar barədə düşünməlidirlər. İnsan hakimiyyətləri cinayətkarlığın və terrorizmin qarşısında acizdirlər. Allahın hakimiyyəti bütün pislik edənləri yer üzündən siləcək (Məz. 37:1, 2, 9). İnsan hakimiyyəti arasıkəsilməyən müharibələrə gətirib çıxarıb; Allahın hakimiyyəti isə ‘yerin ucqarlarınadək döyüşləri dayandıracaq’ (Məz. 46:9). Allahın hakimiyyəti hətta insanlarla heyvanlar arasında da sülhü bərpa edəcək! (Yeşaya 11:6—9). İnsan rəhbərliyi zamanı daima yoxsulluq və aclıq olmuşdur, amma Allahın hakimiyyəti buna son qoyacaq (Yeşaya 65:21). Hətta ən yaxşı niyyətlə hərəkət edən insanlar belə xəstəliyi və ölümü aradan qaldırmağa müvəffəq olmamışlar; Allahın hakimiyyəti altında isə yaşlı və xəstə insanlar yenidən gənclik çağlarına qayıdacaqlar (Əyy. 33:25; Yeşaya 35:5, 6). Həqiqətən də, bütün yer üzü Cənnətə çevriləcək və hətta ölən insanlar həyata qaytarılacaqlar (Luka 23:43, YD; Həv. iş. 24:15).
18. Allahın rəhbərliyinin ən yaxşı rəhbərlik olduğuna inandığımızı necə göstərə bilərik?
18 Bəli, Şeytan ulu valideynlərimizi Yaradanlarından üz döndərməyə təhrik etdikdən bəri törətdiyi bütün pislikləri Allahın hakimiyyəti aradan qaldıracaq. Bir düşünün, Şeytanın təxminən 6 000 ilə vurduğu zərəri Allah Məsih vasitəsilə 1 000 ilə aradan qaldıracaq! Bu, Allahın rəhbərliyinin üstünlüyünə necə də gözəl sübutdur! Allahın Şahidləri olan bizlər Onu Öz Rəhbərimiz kimi qəbul edirik. Buna görə də gəlin hər gün, hər saat Yehovanın xidmətçiləri və Onun Padşahlığının təbəələri olduğumuzu göstərək və Onun Şahidləri olmağımızla fəxr edək. Gəlin hər fürsətdən istifadə edərək qulaq asmaq istəyənlərə təbliğ edək və Yehovanın rəhbərliyinin ən yaxşı rəhbərlik olduğunu vurğulayaq.
Növbəti ayələrdən Allahın hökmranlığı barədə nə öyrəndiniz?
• Vəhy 21:3—5.
[29-cu səhifədəki şəkillər]
Yehova hökmranlıq etmək hüququndan heç vaxt imtina etməmişdir
[31-ci səhifədəki şəkil]
Yehovanın rəhbərliyinə tabe olduğumuzun sayəsində nadir ümumdünya birliyimiz mövcuddur