Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/6 s. 25—29
  • Qoy ruhani məşğuliyyətlər sənə təravət gətirsin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qoy ruhani məşğuliyyətlər sənə təravət gətirsin
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Həmimanlılarla ünsiyyətdən təravətlən
  • Təbliğ xidməti təravət gətirir
  • Ailəvi ibadət təravət gətirir
  • Heç nəyin sizi ağırlaşdırmasına yol verməyin
  • «Boyunduruğumu üzərinizə götürün»
    Müqəddəs ibadətimiz 2008
  • «Yanıma gəlin, mən sizə təravət verəcəyəm»
    Gözətçi qülləsi 2019
  • Həyatdakı gərginliyi azaltmağa dair praktiki rəhbərlik
    Gözətçi qülləsi 2002
  • Ailələrə kömək
    Müqəddəs ibadətimiz 2011
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/6 s. 25—29

Qoy ruhani məşğuliyyətlər sənə təravət gətirsin

«Boyunduruğumu üzərinizə götürün,.. canınıza rahatlıq taparsınız» (MAT. 11:29).

1. Yehova Sina dağında hansı qanunu verdi və nə üçün?

SİNA DAĞINDA təntənəli surətdə kəsilən Qanun əhdinə həftəlik şənbə barədə qanun da daxil edilmişdi. Yehova təmsilçisi Musa vasitəsilə İsrail xalqına əmr etdi: «Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin ki, mal-qaranız və eşşəyiniz rahatlansın, evinizdə doğulan qullar və qəriblər də dincəlsin» (Çıx. 23:12). Bəli, Qanun altında olanları düşünərək Yehova xalqının dincələ bilməsi üçün istirahət günü təyin etdi.

2. İsraillilər şənbə günündən necə faydalanırdılar?

2 Yehova şənbəni yalnız istirahət üçün təsis etmişdi? Xeyr, bu, israillilərin Yehovaya ibadətinin vacib bir hissəsini təşkil edirdi. Şənbə günü ailə başçılarına ailələrinə ‘saleh işlər görmələri üçün Rəbbin yolu ilə getməyi’ öyrətməyə imkan verirdi (Yar. 18:19). Həmçinin bunun sayəsində ailələrin və dostların bir yerə toplaşıb Yehovanın işləri üzərində düşünmək və xoş ünsiyyətdən zövq almaq imkanı vardı (Yeşaya 58:13, 14). Ən vacibi isə, şənbə günü Məsihin Minillik Hökmranlığının gətirəcəyi əsil təravətli günlərin rəmzi idi (Rom. 8:21). Bəs bizim dövrümüz haqda nə demək olar? Yehovanın yollarına biganə olmayan əsil məsihçilər əsil təravəti harada və necə tapa bilərlər?

Həmimanlılarla ünsiyyətdən təravətlən

3. Birinci əsrdəki məsihçilər bir-birlərinə necə dəstək olurdular və bunun onlara hansı faydası oldu?

3 Həvari Pavel məsihçi yığıncağını «həqiqətin dirəyi və əsası» adlandırmışdı (1 Tim. 3:15). Erkən məsihçilər həmimanlılarını ruhlandırmaqla və məhəbbətdə möhkəmləndirməklə bir-birlərinə dəstək olurdular (Efes. 4:11, 12, 16). Pavel Efesdə ikən Korinf yığıncağının üzvləri ona baş çəkib ruhlandırmışdılar. Görün, bu, Pavelə necə təsir etdi: ‘Mən Stefanas, Fortunat və Axaikin gəlməsinə sevinirəm. Onlar mənim ruhuma fərəh gətirdilər’ (1 Kor. 16:17, 18). Titus qardaşlara xidmət etmək üçün Korinfə gedəndə Pavel oradakı yığıncağa göndərdiyi məktubda yazdı: «Onun ruhu hamınız sayəsində fərəhlənmişdir» (2 Kor. 7:13). Elə bu gün də həmimanlıları ilə ünsiyyət Yehovanın Şahidlərinə fərəh, əsil təravət gətirir.

4. Yığıncaq görüşləri bizi necə təravətləndirir?

4 Yəqin, sən də yığıncaq görüşlərinin böyük sevinc mənbəyi olduğuna əmin olmusan. Burada biz «müştərək iman vasitəsilə» bir-birimizi ruhlandırırıq (Rom. 1:12). Məsihçi bacı-qardaşlarımız vaxtaşırı rastlaşdığımız adi tanışlardan deyil. Onlar bizim əsil dostlarımız, bizim sevdiyimiz və hörmət etdiyimiz insanlardır. Onlarla bərabər müntəzəm olaraq görüşlərdə iştirak etmək bizə sevinc və təsəlli verir (Filim. 7).

5. Konqreslərdə bir-birimizi necə təravətləndirə bilərik?

5 Hər il keçirilən konqreslər də bizə təravət gətirir. Həyatverici sulardan, yəni Allahın Kəlamı olan Müqəddəs Kitabdan əldə etdiyimiz həqiqi bilikdən əlavə, bu böyük görüşlər hər birimizə ‘ürəyimizi’ digər bacı-qardaşlar üçün ‘açmağa’ imkan verir (2 Kor. 6:12, 13). Əgər biz utancaq olduğumuzdan insanlarla ünsiyyət etməkdən çəkiniriksə, onda necə? Bacı-qardaşlarla tanış olmağın üsullarından biri konqreslərdə kömək etməkdir. Beynəlxalq konqresdə yardım göstərən bir bacı qeyd edir: «Ailə üzvlərimdən və bir-iki dostlarımdan savayı, mən orada heç kimi tanımırdım. Lakin təmizlik işində iştirak edərkən çoxlu bacı-qardaşlarla tanış oldum. Vaxtımız çox şən keçdi!»

6. İstirahət zamanı bizə nə təravət gətirə bilər?

6 İldə üç dəfə keçirilən bayramlarda iştirak etmək üçün israillilər Yerusəlimə səfər edirdilər (Çıx. 34:23). Onlar, adətən, zəmilərini və dükanlarını buraxıb bir neçə gün tozlu-torpaqlı yollarla piyada getməli olurdular. Bununla belə, məbədə ziyarət etmək ‘böyük sevincə’ səbəb olurdu, çünki bayramda iştirak edənlər «Rəbbə həmd edirdilər» (2 Saln. 30:21). Bizim günlərdə Yehovanın bir çox xidmətçilərinə ailəlikcə Bet-Elə — Yehovanın Şahidlərinin yaxınlıqda yerləşən filialına baş çəkmək sevinc gətirir. Gələn dəfə ailəlikcə istirahət edərkən filiala baş çəkməyi planlarınıza daxil edə bilərsinizmi?

7. a) Dostluq görüşləri bizə hansı faydanı gətirir? b) Dostluq görüşlərini yaddaqalan və təravətləndirici edən nədir?

7 Ailə üzvlərimizlə və dostlarımızla birgə vaxt keçirmək də bizi ruhlandıra bilər. Müdrik Süleyman padşahın belə bir kəlməsi var: «İnsan üçün yeyib-içməkdən və gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur» (Vaiz 2:24). Dostluq görüşləri nəinki canımıza təravət gətirir, həm də həmimanlılarımızla yaxından tanış olduqca aramızdakı məhəbbət tellərini möhkəmləndirir. Dostluq görüşünün xoş xatirələrlə yadda qalması və ruhlandırıcı keçməsi üçün yaxşı olardı ki, qonaqların sayı çox olmasın və məclisə lazımi qaydada nəzarət edilsin; spirtli içkilər olacaqsa, bunu etmək xüsusilə vacibdir.

Təbliğ xidməti təravət gətirir

8, 9. a) İsanın təbliğ etdiyi xəbər fərisey və din alimlərinin qaydalarından nə ilə fərqlənirdi? b) Müqəddəs Kitab həqiqətlərini insanlarla bölüşmək bizə hansı faydanı gətirir?

8 İsa xidmətə can yandırırdı və şagirdlərini də xidmətə bu cür yanaşmağa təşviq edirdi. Bunu onun növbəti sözlərindən görmək olar: «Məhsul çox, işçilər isə azdır. Beləliklə, məhsulun Sahibi olan Rəbbə yalvarın ki, Öz məhsulunu yığmağa işçilər göndərsin» (Mat. 9:37, 38). İsanın bəyan etdiyi xəbər həqiqətən də təravətləndirici idi; bu, əsil «Müjdə» idi (Mat. 4:23; 24:14). Onun təbliğ etdiyi bu xəbər fəriseylərin xalqın üzərinə qoyduğu ağır qaydalardan kəskin surətdə fərqlənirdi. (Matta 23:4, 23, 24 ayələrini oxu.)

9 Padşahlıq xəbərini insanlarla bölüşəndə onlara ruhani təravət gətiririk, eyni zamanda isə, qiymətli Müqəddəs Kitab həqiqətlərini ürəyimizə və zehnimizə həkk edirik. Buna uyğun olaraq, məzmurçu demişdi: «Rəbbə həmd edin! Allahımızı tərənnüm etmək nə qədər yaxşıdır!.. Ona həmdlər söyləmək xoşdur!» (Məz. 147:1). İnsanlar qarşısında Yehovanı izzətləndirməkdən duyduğun sevinci artırmaq üçün nə edə bilərsən?

10. Xidmətdə uğurlu olmağımız insanların xoş xəbərə hay vermələrindənmi asılıdır? İzah edin.

10 Düzdür, bəzi ərazilərdə insanlar digər yerlərə nisbətən xoş xəbərə daha çox maraq göstərirlər. (Həvarilərin işləri 18:1, 5—8 ayələrini oxu.) Əgər sən çoxlarının Padşahlıq xəbərinə laqeyd yanaşdığı ərazidə yaşayırsansa, diqqətini xidmətdə əldə etdiyin yaxşı şeylərə cəmləməyə çalış. Yadda saxla ki, Yehovanın adını izzətləndirmək üçün davamlı olaraq səy göstərməyin əbəs deyil (1 Kor. 15:58). Bundan əlavə, insanların xoş xəbərə münasibəti xidmətdə uğurlu olub-olmamağımızın meyarı deyil. Biz arxayın ola bilərik ki, Yehova Padşahlıq haqqında xəbəri qəbul etmək istəyənlərə onu eşitmək imkanını verəcək (Yəh. 6:44).

Ailəvi ibadət təravət gətirir

11. Yehova valideynlərin üzərinə hansı məsuliyyəti qoyub və onlar bunun öhdəsindən necə gələ bilərlər?

11 Allahdan qorxan valideynlər uşaqlarına Yehova və Onun qanunları barədə öyrətmək məsuliyyəti daşıyırlar (Qanun. t. 11:18, 19). Əgər sizin uşaqlarınız varsa, onlara məhəbbətli səmavi Atamız haqqında öyrətmək üçün vaxt ayırırsınızmı? Bu vacib vəzifənin öhdəsindən gəlməkdə və ailənizin ehtiyaclarını ödəməkdə sizə kömək etmək üçün Yehova bol-bol sağlam ruhani qida — kitab, jurnal, audioyazılar və videofilmlər təqdim edir.

12, 13. a) Ailələr ailəvi ibadət axşamlarından necə faydalana bilərlər? b) Valideynlər ailəvi ibadətlərinin təravətləndirici olması üçün nə edə bilərlər?

12 Bundan əlavə, sadiq və ağıllı qul ailəvi ibadət axşamlarının keçirilməsi üçün müvafiq dəyişikliklər edib. Ailəvi ibadət axşamı hər həftə Müqəddəs Kitabı ailəlikcə öyrənmək üçün ayrılan bir vaxtdır. Çoxları görmüşlər ki, ailəvi ibadət ailə üzvləri arasındakı məhəbbəti və Yehova ilə münasibətləri möhkəmləndirir. Bəs ailəvi ibadət əsil təravət gətirsin deyə valideynlər nə edə bilərlər?

13 Ailəvi ibadət quru və cansıxıcı keçməməlidir. Axı biz ‘xoşbəxt Allaha’ (YD) ibadət edirik, O isə istəyir ki, ibadət bizə sevinc gətirsin (1 Tim. 1:11; Filip. 4:4). Müqəddəs Kitabın dəyərli ruhani həqiqətlərini müzakirə etmək üçün ixtiyarımızda əlavə axşamın olması əsil xeyir-duadır. Valideynlər məharət və fantaziyalarını işə salaraq təlim üsullarını uşaqlarının maraq və tələbatlarına uyğunlaşdırmağa çalışmalıdırlar. Məsələn, onyaşlı Brendonun valideynləri ona «Nəyə görə Yehova Şeytanın rəmzi kimi ilandan istifadə edir?» mövzusuna aid balaca bir çıxış hazırlamağı tapşırdılar. Bu sual Brendonu narahat edirdi, çünki o, ilanları çox sevir; Müqəddəs Kitabda ilanın Şeytanın rəmzi olması onu kədərləndirirdi. Bəzi ailələr vaxtaşırı olaraq Müqəddəs Kitab hadisələrini rollara bölüb onu ya oxuyur, ya da ki səhnələşdirirlər. Bu kimi təlim metodları şən olmaqla yanaşı, uşaqlarınızı ailəvi ibadətdə fəal iştirak etməyə təşviq edir, bunun sayəsində də Müqəddəs Kitab prinsipləri onların ürəyinə yol tapa biləra.

Heç nəyin sizi ağırlaşdırmasına yol verməyin

14, 15. a) Axır günlərdə gərginlik və təhlükə necə baş alıb gedir? b) Biz daha hansı təzyiqlərlə üzləşə bilərik?

14 Yaşadığımız sistemin axır günlərində gərginlik və təhlükə artmaqdadır. İşsizlik və başqa iqtisadi çətinliklər milyonlarla insana təsir göstərir. Hətta işləri olanlar belə qazandıqları pulların ailələrinə çox az fayda gətirdiyini hiss edirlər, sanki, ‘məvaciblərini cırıq kisəyə qoyurlar’. (Haqqay 1:4—6 ayələri ilə müqayisə et.) Siyasətçilər və digər rəhbərlər terrorizmin və bir çox pisliklərin qarşısında aciz görünürlər. Bir çox insanlar isə öz səhvləri ucbatından ruh düşkünlüyünə qapılırlar (Məz. 38:4).

15 Şeytanın sistemini çənginə keçirən problem və çətinliklər həqiqi məsihçilərdən də yan keçmir (1 Yəh. 5:19). Bəzən məsihçilər Yehovanın qarşısında sadiqliklərini qorumağa çalışdıqları üçün əlavə təzyiqlərlə üzləşə bilərlər. İsa demişdi: «Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər» (Yəh. 15:20). Ancaq biz ‘təqib ediləndə’ belə ‘tərk edilmirik’ (2 Kor. 4:9). Nəyə görə belə demək olar?

16. Sevincimizi qorumaqda bizə nə kömək edə bilər?

16 İsa demişdi: «Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm» (Mat. 11:28). Məsihin fidyə qurbanlığına tam iman gətirməklə özümüzü Yehovanın ixtiyarına veririk. Bununla da «ən üstün qüdrət»i almış oluruq (2 Kor. 4:7). «Köməkçi» (YD), yəni Allahın müqəddəs ruhu imanımızı əhəmiyyətli dərəcədə möhkəmləndirir ki, nəinki sınaq və çətinliklərə tab gətirə bilək, hətta sevincimizi qoruyub saxlayaq (Yəh. 14:26; Yaq. 1:2—4).

17, 18. a) Özümüzü nədən gözləməliyik? b) Bu dünyada kef dalınca düşmək nə ilə nəticələnə bilər?

17 Həqiqi məsihçilər ehtiyatlı olmalıdırlar ki, bu dünyaya xas olan əyləncə düşkünlüyünə qapılmasınlar. (Efeslilərə 2:2—5 ayələrini oxu.) Əks təqdirdə, biz ‘cismani ehtirasın, gözlərin ehtirasının və həyatın təkəbbürünün’ tələsinə düşə bilərik (1 Yəh. 2:16). Yaxud da yanlış olaraq elə qənaətə gələ bilərik ki, cismani arzularımızı təmin etmək bizə əsil təravət gətirə bilər (Rom. 8:6). Məsələn, bəzi insanlar narkotik maddələrdən və spirtli içkilərdən sui-istifadə etməklə, pornoqrafiyaya aludə olmaqla, həmçinin təhlükəli idman növləri və bir çox qanunsuz işlərlə məşğul olmaqla kəskin həyəcan hissləri yaşamağa, adrenalin almağa can atırlar. Şeytanın çoxsaylı ‘hiylələri’ insanlarda saxta təravət hissi yaratmağa yönəldilib (Efes. 6:11).

18 Əlbəttə, yeyib-içmək və sağlam əyləncə növləri ilə məşğul olmaq qəbahət deyil, lakin bu zaman tarazlığı qorumaq vacibdir. Bununla belə, biz yol vermirik ki, bu kimi məşğuliyyətlər həyatımızda birinci yeri tutsun. Tarazlığı qorumaq və nəfsimizə hakim olmaq həmişə — xüsusilə də yaşadığımız dövrdə çox vacibdir. Şəxsi məqsədlərimizə can atmaq bizi o dərəcədə ağırlaşdıra bilər ki, bu, «İsa Məsihi tanımaqda fəaliyyətsiz və səmərəsiz» olmağımıza gətirib çıxara bilər (2 Pet. 1:8).

19, 20. Həqiqi təravəti necə tapmaq olar?

19 Düşüncə tərzimizi Yehovanın tələblərinə uyğunlaşdıranda başa düşürük ki, bu dünyanın təklif etdiyi istənilən əyləncə müvəqqətidir. Musa kimi, bunu biz də dərk edirik (İbr. 11:25). Həqiqətən də, əsil təravəti — dərin və tükənməz olan sevinc və məmnunluğu yalnız səmavi Atamızın iradəsini yerinə yetirməkdən əldə etmək mümkündür (Mat. 5:6).

20 Qoy ruhani şeylər hər zaman bizə təravət gətirsin. Bununla «biz Allaha qarşı hörmətsizliyi və dünyəvi ehtirasları rədd edib,.. Böyük Allah və Xilaskarımız Məsih İsanın mübarək ümidini və izzətli zühurunu gözləyə[cəyi]k» (Tit. 2:12, 13). Buna görə də gəlin İsanın hakimiyyətinə və rəhbərliyinə tabe olaraq onun boyunduruğunu üzərimizdə saxlamaq qətiyyətində olaq. Belə etməklə biz əsil xoşbəxtlik və təravət tapacağıq!

[Haşiyə]

a Ailəvi ibadəti maraqlı və məzmunlu etməyin əlavə üsulları barədə məlumatı «Gözətçi Qülləsi»nin 2009-cu il 15 oktyabr sayının 29—31 və 2010-cu il 15 yanvar sayının 16—20-ci səhifələrində tapa bilərsiniz.

Necə cavab verərdiniz?

• Bu gün Yehovanın xidmətçiləri təravəti necə tapırlar?

• Təbliğ xidməti bizi və bizi dinləyənləri necə təravətləndirir?

• Ailə başçıları nə edə bilərlər ki, onların ailəvi ibadətləri təravətləndirici olsun?

• Bizi ruhən ağırlaşdıran nədir?

[26-cı səhifədəki şəkillər]

İsanın boyunduruğunu üzərimizə götürməklə biz əsil təravət mənbəyini tapırıq

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş