Dünyanın sonu haqqında dörd suala cavab
İSA PEYĞƏMBƏR sonun gələcəyini peyğəmbərlik etmişdi. Həmin gün haqqında o, belə sözlər demişdi: «O vaxt elə bir böyük müsibət olacaq ki, beləsi dünya yaranandan bəri olmamışdır və bir daha olmayacaq» (Matta 24:14, 21).
Peyğəmbərin son haqda dediyi sözlər və Allahın Kəlamında buna dair yazılanlar insanda bir neçə vacib sual doğurur. Gəlin bu sualların cavabını Müqəddəs Kitabda axtaraq.
1 Nəyin sonu gələcək?
Müqəddəs Kitab yer üzünün hərfi mənada məhv olacağını öyrətmir. Məsələn, məzmurçu Allaha müraciət edərək deyir: «[Ya Rəbb] yer üzünün təməllərini elə qurdun ki, əsla sarsılmasın» (Məzmur 104:5). Həmçinin orada bəşəriyyətin qlobal müharibə nəticəsində məhv olacağı barədə də deyilmir (Yeşaya 45:18). İsa peyğəmbər özü demişdi ki, həmin gün xilas olanlar olacaq (Matta 24:21, 22). Yaxşı, bəs onda Müqəddəs Kitaba əsasən, nəyin sonu gələcək?
Uğursuzluğa düçar olan insan hökumətlərinə son qoyulacaq. Allahdan ilham alaraq Daniel peyğəmbər yazmışdır: «O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq» (Daniel 2:44).
Müharibələrə və ətraf mühitin çirklənməsinə son qoyulacaq. Məzmur 46:9 ayəsində Allahın hansı tədbirlərə əl atacağı deyilir: «O, yerin ucqarlarınadək döyüşləri dayandırar, kamanları qırar, nizələri sındırar, döyüş arabalarını oda atar». Həmçinin Müqəddəs Kitab öyrədir ki, Allah «yeri tələf edənləri» tələf edəcək (Vəhy 11:18).
Cinayətkarlığa və ədalətsizliyə son qoyulacaq. Allahın Kəlamı vəd edir: «Əməlisalehlər yer üzündə sakin olacaq, kamillər burada qalacaq. Pis adamlar bu torpaqdan atılacaq, xainlərin kökü buradan qoparılacaq»a (Süleymanın məsəlləri 2:21, 22).
2 Son nə vaxt gələcək?
Yehova Allah pisliklərə son qoymaq və Öz Padşahlıq hakimiyyətini bərqərar etmək üçün müəyyən vaxt təyin etmişdir (Mark 13:33). Lakin Müqəddəs Kitabda aydın göstərilir ki, biz bu günün nə vaxt gələcəyini dəqiq hesablaya bilmərik. Çünki İsa demişdi ki, «o günü və saatı heç kəs bilmir: nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir» (Matta 24:36). Lakin İsa və onun şagirdləri Allahın təyin etdiyi bu son gündən qabaq yer üzündə vəziyyətin necə olacağını peyğəmbərlik etmişlər. Bir şeyi qeyd etmək lazımdır ki, aşağıda sadalanan bütün hadisələr eyni vaxtda və dünya miqyasında baş verəndə son gələcək.
Misli görünməmiş siyasi və ictimai çaxnaşmalar və təbii fəlakətlər. Son günlər haqda verilən suala cavab olaraq Məsih İsa demişdi: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Bir çox yerlərdə zəlzələlər və qıtlıq olacaq. Bunlar bəlaların başlanğıcıdır» (Mark 13:8). Allahın I əsrdə yaşamış xidmətçisi Pavel yazırdı: «Bunu bil ki, axır günlərdə son dərəcə ağır bir zəmanə gələcək. Çünki insanlar xudbin, pulpərəst, özünü öyən, özündən razı, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, vəfasız, doğmalarını sevməyən, tərs, böhtançı, təmkinsiz, zalım, yaxşılığın düşməni, xain, öz bildiyini edən, lovğa olacaqlar, Allahdan çox eyş-işrəti sevəcəklər» (2 Timoteyə 3:1—5).
Müxtəlif dillərdə keçirilən ümumdünya təbliğ kampaniyası. İsa peyğəmbərlik etmişdi: «Padşahlıq haqqındakı bu xoş xəbər millətlərin hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Matta 24:14).
3 Sonra nə baş verəcək?
Müqəddəs Kitabda deyilmir ki, bütün yaxşı insanlar göydə cənnət həyatına qovuşacaq. Ancaq İsa Məsihin öyrətdiyi kimi, Allahın bəşəriyyət üçün başlanğıcda olan niyyəti həyata keçəcək. O demişdi: «Həlimlər nə xoşbəxtdirlər, çünki Yer onların olacaq» (Matta 5:5; 6:9, 10). Son gəlməzdən əvvəl ölən insanlar isə, Müqəddəs Kitabda deyildiyi kimi, dirildilərək yenidən həyata qaytarılacaqlar (Əyyub 14:14, 15; Yəhya 5:28, 29). Bəs ondan sonra nə baş verəcək?
Allahın təyin etdiyi Padşah İsa Məsih göylərdən yer üzünü idarə edəcək. Daniel peyğəmbər Allahdan aldığı görüntünü belə təsvir edir: «Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri [dirildilmiş İsa Məsih] göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana [Yehova Allaha] yaxınlaşdı və Onun hüzuruna gətirildi. Ona [İsa Məsihə] hakimiyyət, izzət və padşahlıq verilmişdi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq» (Daniel 7:13, 14; Luka 1:31, 32; Yəhya 3:13—16).
Allahın Padşahlığının təbəələri kamil, sağlam, təhlükəsiz və əbədi həyatdan zövq alacaqlar. «Onlar evlər tikib orada məskunlaşacaq, üzüm bağları salacaq, bəhrələrindən yeyəcək, — deyə peyğəmbər Yeşaya yazır. — Tikdikləri evdə özgələr yaşamayacaq, əkdikləri bağın meyvələrini başqaları yeməyəcək. Çünki xalqım ağaclar tək uzun ömür sürəcək, seçilmişlərim əllərinin işlərindən zövq alacaq. Onlar boş yerə əlləşməyəcək, övladları bəlalarla üzləşməyəcək. Çünki özləri də, övladları da, Rəbbin xeyir-dualı nəsli olacaq» (Yeşaya 65:21—23). Allah tərəfindən vəhy almış həvari Yəhya isə bu haqda yazırdı: «Bu vaxt taxtdan gələn gur bir səs eşitdim. Səs deyirdi: “Allahın çadırı insanlarladır və O, insanlarla yaşayacaq, onlar da Allahın xalqı olacaqlar. Allah Özü onlarla olacaq. Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq nə ölüm, nə dərd, nə fəryad, nə də ağrı olacaq, çünki əvvəlki şeylər keçib getdi”» (Vəhy 21:3, 4).
4 Son gələndə xilas olmaq üçün insan nə etməlidir?
Allahın digər xidmətçisi Peter bilirdi ki, axır zəmanədə bəziləri Allahın insanların işinə qarışıb pisliyə və əzab-əziyyətə son qoyacağı fikrini cəfəngiyat hesab edəcəklər (2 Peter 3:3, 4). Bununla yanaşı həvari Peter son günlərdə yaşayanları aşağıda deyildiyi kimi davranmağa təşviq edir.
Keçmiş hadisələrdən ibrət götürün. «[Allah] allahsızlarla dolu qədim dünyaya rəhm etməyib onu daşqında məhv edərkən salehlik təbliğçisi olan Nuhu və onunla bərabər yeddi nəfəri xilas etdi», — deyə Peter yazır (2 Peter 2:5). Axırın gələcəyini cəfəngiyat hesab edənlər barədə isə o deyir: «Onlar bu həqiqətə bilə-bilə göz bağlayırlar ki, qədim zamanlarda göy və suyun ortasında olub Allahın sözü ilə sudan bərk kütlə şəklində çıxmış yer var idi. Bunların vasitəsilə o vaxt mövcud olan bəşər də daşqın suları altında qalıb məhv olmuşdu. İndiki göylər və yer də həmin söz vasitəsilə allahsızların məhv ediləcəyi Hökm gününün alovu üçün saxlanılır» (2 Peter 3:5—7)b.
Allahın tələblərinə uyğun həyat tərzi sürün. Əgər kimsə son gündə xilas olmaq istəyirsə, o, gərək, «müqəddəs davranışı» və Allaha sədaqətli həyat tərzi ilə digərlərindən seçilsin (2 Peter 3:11). Fikir verin, bu ayədə «müqəddəs davranış» ifadəsi vurğulanır, yəni biz Allaha sədaqətimizi əməllərimizdə göstərməliyik. Gördüyümüz kimi, sadəcə olaraq Allaha inanmaq və ya son anda tövbə etmək kifayət deyil.
Bəs Allah hansı əməl və davranışı məqbul hesab edir? Öz biliyinizi Müqəddəs Kitabın dedikləri ilə müqayisə edin. Yehovanın Şahidləri sizdən öz köməklərini əsirgəməyəcəklər. Onlar dediklərini Müqəddəs Kitaba əsaslandırırlar. Siz özünüz buna əmin ola bilərsiniz. Son günlərin bir çoxlarını qorxu içində saxlamasına baxmayaraq, belə etməklə siz gələcəyə cəsarətlə və əminliklə baxacaqsınız.
[Haşiyələr]
a Həmçinin bu jurnalın 22-ci səhifəsindəki «Allah haqqında öyrənmək üçün hamıya eyni imkan veriləcəkmi?» adlı məqaləyə baxın.
b Burada Peter «yer» sözünü məcazi mənada işlədir. Hərfi mənada Yer kürəsi məhv olunmayacaq. Əksinə, Peterin dediyi kimi, bütün allahsız insanlar məhvə düçar olacaqlar.
[7-ci səhifədəki yazı]
Yer yox, onu tələf edənlər tələf olacaq