Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/9 s. 3—7
  • Təbliğ işinin ən qızğın çağlarında xidmət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təbliğ işinin ən qızğın çağlarında xidmət
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Təqiblərlə üz-üzə
  • Konqreslər bizi möhkəmləndirir
  • Padşahlıq işinin ən qızğın çağlarında xidmətdə fəal iştirak edirəm
  • Səyyar xidmət
  • Missioner xidməti
  • Təbliğ işinin genişlənməsini filialdan müşahidə edirəm
  • Təbliğ işinin genişlənməsində başqalarının əməyi
  • Tammüddətli xidmətdə sorağım haralardan gəldi!
    Gözətçi qülləsi 2014
  • Yehova haqda öyrənməyi və öyrətməyi sevirəm
    Gözətçi qülləsi 2022
  • Xidmətinizi necə genişləndirə bilərsiniz?
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Verdiyim qərarlarda Yehovanın bərəkətini gördüm
    Gözətçi qülləsi 2018
Gözətçi qülləsi 2010
w10 15/9 s. 3—7

Təbliğ işinin ən qızğın çağlarında xidmət

Nəql etdi Harli Harris

1950-ci il sentyabrın 2-si idi. Missuri ştatının (ABŞ) Kennet şəhərində rayon konqresində idik. Birdən bir qrup insan bizi hər tərəfdən əhatəyə aldı. Bizi bu qəzəbli insanların əlindən qurtarmaq üçün şəhərin meri Milli qvardiyanın qoşunları ilə birgə özünü oraya çatdırdı. Süngülü tüfənglərlə silahlanmış əsgərlər küçəni nəzarət altına aldılar. Hər tərəfdən təhqir və söyüşlər eşidə-eşidə maşınlarımıza sarı getdik. Konqresin qalan hissəsinə qulaq asmaq üçün Keyp-Cirardo şəhərinə (Missuri ştatı) yola düşdük. Orada mən 14 yaşımda vəftiz oldum. Belə hərc-mərclik dövründə Yehovaya xidmət etməyə necə başladığım haqda danışmaq istərdim.

BABAMLA nənəm və onların səkkiz övladı 1930-cu illərin əvvəlində Ruterford qardaşın çıxışlarının bəzi yazılarına qulaq asmış və həqiqəti tapdıqlarına əmin olmuşlar. Mənim valideynlərim, Bey və Mildred Harris 1935-ci ildə Vaşinqtonda keçirilən konqresdə vəftiz olublar. Bu konqresdə ‘böyük izdihama’ kimlərin daxil olduğu açıqlanmışdı. Bir təsəvvür edin, valideynlərim onun bir hissəsi olduqlarını biləndə necə də sevinmişdilər! (Vəhy 7:9, 14).

Bir il sonra mən anadan oldum. Bir yaşım tamam olanda valideynlərim Missisipinin ucqar ərazilərindən birinə köçmək qərarına gəldilər. Orada yaşadığımız müddətdə rayon nəzarətçisinin başçəkməsinin nə olduğunu bilmədik. Bununla belə, valideynlərim Bet-Ellə məktublaşır və konqreslərə gedib-gəlirdilər. Bir müddət həmimanlılarımızla yalnız bu yolla əlaqə saxlaya bildik.

Təqiblərlə üz-üzə

İkinci Dünya müharibəsi zamanı Yehovanın Şahidləri bitərəf mövqelərinə görə çoxlu təqiblərlə üzləşirdilər. Ailəmiz Arkanzas ştatındakı Mauntin-Houm şəhərinə köçmüşdü. Günlərin bir günü, atamla küçədə təbliğ edərkən bir kişi onun əlindəki jurnalları alıb gözümüzün qabağındaca yandırdı. O, bizi müharibəyə getməyən qorxaqlar adlandırdı. Mən hönkür-hönkür ağlamağa başladım. O vaxt cəmi-cümlətanı beş yaşım vardı. Atam isə kişi çıxıb gedənəcən dinməz-söyləməz yerində durub ona baxırdı.

Bizə yaxşı münasibət göstərənlər də var idi. Bir dəfə maşında oturarkən bir qrup insan bizi əhatəyə aldı. Bu zaman yoldan keçən prokuror ayaq saxlayıb soruşdu: «Burada nə baş verir?» Bir nəfər ona cavab verərək dedi: «Bu Yehovanın Şahidləri vətənlərini müdafiə etmək istəmirlər!» Prokuror bu sözləri eşidən kimi maşınımızın ayaq yerinə qalxıb ucadan dedi: «Mən Birinci Dünya müharibəsində vuruşmuşam, bu müharibədə də vuruşacağam! Buraxın onları getsinlər. Bu adamlardan heç kəsə ziyan gəlməz!» Bundan sonra camaat yavaş-yavaş dağılışdı. Bizə yaxşılıq edən xeyirxah insanlara çox minnətdar idik! (Həv. iş. 27:3).

Konqreslər bizi möhkəmləndirir

1941-ci ildə Missuri ştatının Sent-Luis şəhərində keçirilən konqres lap vaxtında idi! Bir hesablamaya görə, həmin konqresdə 115 000 nəfər iştirak etmişdi. Vəftiz olunanların sayı isə düz 3 903 nəfər idi! Ruterford qardaşın həmin konqresdə söylədiyi «Padşahın övladları» adlı məruzəsi indiyədək yadımdadır. O, çıxışı boyu birbaşa olaraq biz gənclərə müraciət edirdi. Sonda hamımıza «Uşaqlar» adlı göy rəngdə gözəl bir kitab hədiyyə etdilər. Növbəti il birinci sinfə gedəcəkdim və bu konqres məni məktəbdə qarşılaşacağım sınaqlara hazırladı.

Dərs ili yetişdi. Əmim qızları ilə mən bayrağa təzim etmədiyimiz üçün məktəbdən qovulduq. Buna baxmayaraq, müdiriyyətin fikrini dəyişəcəyi ümidilə hər gün meşəlikdən keçən yolla məktəbə gedirdik, ancaq bizi hər dəfə geri qaytarırdılar. Bu, xeyli vaxt davam etdi. Lakin mən hesab edirdim ki, bununla biz Allahın Padşahlığına sadiqliyimizi göstəririk.

Bir neçə vaxtdan sonra Birləşmiş Ştatların Ali Məhkəməsi qərar verdi ki, bayrağa təzim etmək mütləq deyil və bizi yenidən məktəbə qəbul etdilər. Müəllimimiz çox mehriban insan idi və dərs proqramından geri qalmamağımız üçün bizə kömək etdi. Elə sinif yoldaşlarımız da bizə hörmətlə yanaşırdılar.

1942-ci ildə Klivlenddə (Ohayo ştatı) keçirilən konqres də yadımdadır. Həmin konqresdə Neytan Norr qardaş «Sülh çox sürəcəkmi?» adlı məruzə ilə çıxış etmişdi. O, «Vəhy» kitabının 17-ci fəslini müzakirə edərək qeyd etmişdi ki, İkinci Dünya müharibəsi qurtarandan sonra nisbi sülh dövrü başlayacaq və Padşahlıq işi geniş vüsət alacaq. Buna görə də 1943-cü ildə Gilead Məktəbinin əsası qoyuldu. O vaxtlar mən heç ağlıma belə gətirə bilməzdim ki, bu məktəb nə vaxtsa həyatımda mühüm rol oynayacaq. Müharibə bitəndən sonra, həqiqətən də, nisbi sakitlik yarandı və təqiblər səngidi. Ancaq 1950-ci ildə Koreya müharibəsi başlayanda, əvvəldə dediyim kimi, yenidən təqiblərə məruz qaldıq.

Padşahlıq işinin ən qızğın çağlarında xidmətdə fəal iştirak edirəm

1954-cü ildə, məktəbi bitirdikdən sonra pioner xidmətinə başladım. 1950-ci ildə izdihamın bizi əhatəyə aldığı Kennet şəhərində bir müddət xidmət etdikdən sonra 1955-ci ilin mart ayında Bet-Elə dəvət olundum. Təyin olunduğum yığıncağın ərazisinə Nyu-Yorkun mərkəzində yerləşən Tayms-skver meydanı da daxil idi. Buradakı həyat əvvəllər yaşadığım balaca şəhərdəki həyatdan necə də fərqlənirdi! Başları işə qarışan nyu-yorkluların diqqətini xoş xəbərə cəlb etmək üçün mən jurnaldan maraqlı məqalə seçir və onlara göstərərək soruşurdum: «Nə vaxtsa özünüzə belə bir sual vermisinizmi?» Çoxları jurnallarımızı götürürdülər.

Bet-Eldə ən çox xoşuma gələn şeylərdən biri də Norr qardaşın apardığı səhər ibadəti idi. Onun Müqəddəs Kitab ayələrini şövqlə izah etməsi və onların praktiki faydasını göstərməsi heç yadımdan çıxmaz! Norr qardaş biz gənc və subay qardaşlara bir ata kimi yanaşırdı və əks cinslə necə davranmağa dair çoxlu gözəl məsləhətlər verirdi.

1960-cı ildə ailə qurmaq qərarına gəldim və 30 gün qabaq Bet-Eldən gedəcəyimi xəbər verdim, lakin heç bir cavab almadım. Çox utancaq olmağıma baxmayaraq, 30 gündən sonra bütün cəsarətimi toplayıb nə vaxt gedəcəyimi soruşmaq qənaətinə gəldim. Dəstəyi Robert Uollen qardaş götürdü və işlədiyim yerə gəldi. O, məndən soruşdu:

— Harli, xüsusi pionerlik və ya səyyar xidmət barədə nə düşünürsən?

— Bob, axı mənim 24 yaşım var və mən təcrübəsizəm!

Səyyar xidmət

Həmin axşam otağıma qayıdanda masanın üzərində böyük bir zərf gördüm. İçində iki blank vardı: biri xüsusi pioner, digəri isə səyyar xidməti üçün idi. Gözlərimə inanmadım! Beləliklə, mən Missuri ştatının cənub-qərbində və Kanzas ştatının şərqində səyyar nəzarətçi kimi şərəfli, lakin özümü layiq görmədiyim xidmətə başladım. Ancaq Bet-Eli tərk etməzdən əvvəl səyyar nəzarətçilər üçün təşkil olunmuş görüşdə iştirak etdim. Görüşün sonunda Norr qardaş bizə müraciət edərək dedi: «Rayon və vilayət nəzarətçisi kimi xidmət etməyiniz o demək deyil ki, siz başqa qardaşlardan daha çox bilirsiniz. Sizdən də təcrübəli olanlar var. Sadəcə olaraq onların şəraiti buna yol vermir. Onlardan çox şey öyrənə bilərsiniz».

Norr qardaş haqlı idi! Kanzas ştatının Parsons şəhərindən olan Fred Molohan qardaş, onun həyat yoldaşı və doğma qardaşı Çarli mənim üçün gözəl nümunə idi. Onlar həqiqəti 1900-cü illərin əvvəlində öyrənmişdilər. Hələ mən dünyaya gəlməmişdən əvvəl xidmətdə onlarla baş verən hadisələri eşitmək necə də xoş idi! Digər qardaş isə Missurinin Coplin şəhərindən olan Con Risten idi. Bu yaşlı qardaş çox xeyirxah insan idi və uzun illər pioner kimi xidmət edirdi. Onlar teokratik nizam-intizama böyük hörmətlə yanaşırdılar və gənc olmağıma baxmayaraq, məni rayon nəzarətçiləri kimi qiymətləndirirdilər.

1962-ci ildə pioner kimi xidmət edən Klaris Noşla ailə qurdum. O, kürənsaçlı şən bir qız idi. Xidmətimi onunla birgə davam etdirdim. Qardaşların evində qalanda onlarla yaxından tanış olmaq imkanımız olurdu. Biz gənclərdə tammüddətli xidmətə həvəs oyatmağa çalışırdıq. Təyin olunduğumuz rayonda xidmət etməyə hazır olan Cey Kasinski və Coann Kresiman adlı iki yeniyetmə vardı. Bunun üçün sadəcə kiminsə onlara təkan verməsi lazım idi. Onlarla xidmətə çıxmağımız və fədakar həyatın gətirdiyi xeyir-dualar haqda ağızdolusu danışmağımız onları qarşılarına ruhani məqsədlər qoymağa təşviq etdi. Coann xüsusi pioner, Cey isə bet-elli oldu. Bir müddət sonra onlar evləndilər və təxminən 30 ildir ki, birlikdə səyyar xidmətdə iştirak edirlər.

Missioner xidməti

1966-cı ildə Norr qardaş bizdən xaricdə xidmət etmək barədə nə düşündüyümüzü soruşdu. Klarislə mən: «Bura da bizim üçün pis deyil, amma harasa getmək lazımdırsa, — baş üstə!» — deyə cavab verdik. Bir həftədən sonra bizi Gilead Məktəbinə dəvət etdilər. Yenidən Bet-Eldə olmaq, sevdiyim və hörmət bəslədiyim insanları görmək necə də xoş idi! Bir sinifdə oxuduğumuz bacı-qardaşlarla dost olduq. Onlar bu günə kimi Yehovaya sədaqətlə xidmət edirlər.

Dennis və Edvina Kristi, Ana Rodrigesi və Delia Sançesi bizimlə birgə Cənubi Amerikada yerləşən Ekvadora təyin etdilər. Dennislə Edvina paytaxta — Kitoya getdi. Bizim kimi Ana və Delianı da Ekvadorun üçüncü böyük şəhəri olan Kuenkaya göndərdilər. Təbliğ etdiyimiz əraziyə iki əyalət daxil idi. Kuenkadakı ilk yığıncaq görüşləri bizim qonaq otağımızda keçirilirdi. Bu görüşlərdə dördümüzdən savayı, iki nəfər də iştirak edirdi. Biz narahat idik ki, görəsən, sayımız az ola-ola, burada təbliğ işini necə başa vura biləcəyik.

Kuenkada çoxlu kilsələr var idi və onların müqəddəs günlərində şəhərdə dini yürüşlər keçirən adamların əlindən tərpənmək olmurdu. Buna baxmayaraq, Kuenka camaatının sualları çox idi. Məsələn, Kuenkanın velosiped yarışlarının qalibi olan Mario Polo ilə ilk dəfə tanış olanda onun «“Vəhy” kitabındakı fahişə kimdir?» sualı məni yaman təəccübləndirdi.

Bir axşam Mario bizə gəldi. Nəyə görəsə o çox narahat görünürdü. Sən demə, keşiş ona Yehovanın Şahidlərinə qarşı ciddi ittihamlar irəli sürən bir neçə nəşr vermişdi. Mən ondan soruşdum: «Bir insan nədəsə ittiham olunursa, məgər özünü müdafiə etməyə haqqı yoxdur?» Ertəsi gün Mario həmin keşişi və məni öz evinə dəvət etdi ki, ittihamlara cavab verim. Mən Üç üqnum barədə danışmağı təklif etdim. Keşiş Yəhya 1:1 ayəsini oxuyanda Marionun elə özü onun mənasını izah etdi, özü də ki düzgün. Və beləcə o oxunan bütün ayələri özü başa saldı. Üç üqnum təlimini əsaslandıra bilməyən keşiş pərt halda durub getdi. Beləliklə, Mario ilə həyat yoldaşı əmin oldular ki, bu yol həqiqətdir və bundan sonra onlar hər zaman Müqəddəs Kitab təlimlərini məharətlə müdafiə edirdilər. Vaxt keçdi və ilk təyinat aldığımız geniş ərazidə yığıncaqların sayı 63-ə, Kuenka şəhərində isə 33-ə qalxdı. Təbliğ işinin bu dərəcədə geniş vüsət almasının canlı şahidi olmaq necə də sevindirici idi!

Təbliğ işinin genişlənməsini filialdan müşahidə edirəm

1970-ci ildə Al Şulo qardaşla birgə Quayakil şəhərində yerləşən filialda xidmət etməyə dəvət aldım. Biz məktublara baxır və digər işlərlə məşğul olurduq. Bet-Eldə yarım iş günü çalışan Co Sekeraka isə həmin vaxt ölkədə fəaliyyət göstərən 46 yığıncağın sifariş etdiyi ədəbiyyatı qutulara yığmaq həvalə olunmuşdu. Bir ara, mən Bet-Eldə işlədiyim müddətdə Klaris sahədə missioner xidmətini davam etdirirdi. O, 55 nəfərə özünü Yehovaya həsr etməyə kömək etmişdi. Bəzən bir konqresdə onun Müqəddəs Kitabı öyrətdiyi 3—5 adam birdən vəftiz olurdu.

Klaris Lukresiya adında bir qadınla Müqəddəs Kitabı öyrənirdi, əri isə ona mane olurdu. Buna baxmayaraq, o vəftiz olunub daimi pioner kimi xidmət etməyə başladı. O, uşaqlarını da Yehovanın yolunda böyütmüşdü. Lukresiyanın iki oğlu hal-hazırda ağsaqqal, digəri xüsusi pioner, qızı isə pionerdir. Onun nəvəsi yetkin bir qardaşla ailə qurdu. Onlar da xüsusi pioner kimi xidmət edirlər. Bu ailənin çoxlarının həqiqətə gəlməsində böyük zəhməti olub.

1980-ci ildə Ekvadorda 5 000-ə yaxın təbliğçi vardı. Xidmət etdiyimiz balaca ofis artıq bizə azlıq edirdi. Bir qardaş bizə Quayakildən kənarda yerləşən 32 hektarlıq torpaq sahəsini satdı. 1984-cü ildə biz burada yeni filialın və Konqres Zalının inşasına başladıq. 1987-ci ildə isə bu binalar Yehovaya həsr olundu.

Təbliğ işinin genişlənməsində başqalarının əməyi

Ekvadorun təbliğçilərə ehtiyac olan ərazilərinə başqa ölkələrdən ildən-ilə çoxlu təbliğçilərin və pionerlərin gəldiyini görəndə qəlbimiz fərəhlə dolurdu. Kanadadan gəlmiş Endi Kid adında təqaüdə çıxmış müəllim heç yadımdan çıxmaz. O, 1985-ci ildə 70 yaşında Ekvadora köçmüş və ömrünün sonunadək Yehovaya sədaqətlə xidmət etmişdi. Bu qardaş 2008-ci ildə, 93 yaşında vəfat etdi. Mən onunla ilk dəfə tanış olanda o, kiçik bir yığıncaqda yeganə ağsaqqal idi. İspan dilində güc-bəla ilə danışa-danışa, bu qardaş açıq məruzə söyləyir və «Gözətçi Qülləsi»nin öyrənilməsini aparırdı. Teokratik Xidmət Məktəbi və Xidməti görüşün çox hissəsi də onun üzərinə düşürdü! İndi bu ərazidə, demək olar ki, 200 təbliğçisi və çoxlu yerli ağsaqqalı olan günü-gündən inkişaf edən iki yığıncaq fəaliyyət göstərir.

Ailəsi ilə birgə Birləşmiş Ştatlardan Ekvadora köçən Ernesto Dias adlı digər qardaş isə burada səkkiz ay yaşadıqdan sonra dedi: «Uşaqlarımız dili çox tez öyrəndilər və üçü də məharətli təbliğçi oldu. Mən heç ağlıma belə gətirə bilməzdim ki, oğul-uşaq sahibi ola-ola, bu dünyada nə vaxtsa ailəmlə birgə daimi pioner kimi xidmət edə biləcəyəm. Hal-hazırda biz 25 nəfərlə Müqəddəs Kitabı öyrənirik. Bu, ailəmizdəki birliyi daha da möhkəmləndirir. Mən hələ heç vaxt özümü Yehovaya bu qədər yaxın hiss etməmişəm. Bundan vacib nə ola bilər ki!» Bu bacı-qardaşlar bizim üçün çox əzizdirlər.

1994-cü ildə filial əvvəlkindən iki dəfə böyüdü. 2005-ci ildə təbliğçilərin sayı 50 000-i ötəndə filialın genişlənməsinə yenə də ehtiyac yarandı. Konqres Zalı genişləndirildi, yeni yaşayış binaları və tərcüməçilər üçün ofislər tikildi. 2009-cu ilin oktyabrın 31-də isə bu binaların həsrolunma mərasimi keçirildi.

1942-ci ildə mən məktəbdən qovulanda Birləşmiş Ştatlarda təxminən 60 000 Yehovanın Şahidi var idi. İndi isə onların sayı bir milyondan çoxdur. 1966-cı ildə biz Ekvadora gələndə burada 1 400-ə yaxın təbliğçi olduğu halda, indi onların sayı 68 000-i ötüb. Mən əminəm ki, təbliğçilərin sayı bundan sonra da artacaq. Bu, 2009-cu ildə Məsihin ölümünün Xatirə Gecəsinə gələnlərin sayının 232 000-dən çox olmasından və Müqəddəs Kitabı öyrənənlərin 120 000-ə çatmasından görünür. Yehovanın Öz xalqını belə xeyir-dualandıracağını biz heç təsəvvürümüzə belə gətirə bilməzdik! Padşahlıq işinin ən qızğın çağları zamanı yaşamaq və bu yerlərdə xidmət etmək, həqiqətən də, heyrətamizdir!a

[Haşiyə]

a Bu məqalə çapa hazırlanan zaman Harli Harris qardaş Yehovaya axıradək sadiq qalaraq vəfat etmişdi.

[5-ci səhifədəki şəkillər]

Açıq havada Quayakildə konqres (1981-ci il) və həmin yerdə Konqres Zalı (2009-cu il)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş