Görüşlərin ruhlandırıcı şəkildə keçməsində sənin payın varmı?
«Siz bir yerə yığışanda... elə edin ki, hər şey yığıncağın ruhən möhkəmlənməsinə xidmət etsin» (1 KOR. 14:26).
1. Korinflilərə birinci məktubun 14-cü fəslinə əsasən, məsihçi görüşlərinin əsas məqsədlərindən biri hansıdır?
«NECƏ də ruhlandırıcı görüş idi!» Padşahlıq Zalında keçirilən görüşdən sonra sən də belə hisslər keçirmisənmi? Şübhəsiz ki, keçirmisən! Yığıncaq görüşləri, həqiqətən də, bizi ruhlandırır və burada təəccüblü bir şey yoxdur. Çünki birinci əsrdə olduğu kimi, bu gün də onların vacib məqsədlərindən biri iştirak edənlərin hamısını ruhən möhkəmləndirməkdir. Həvari Pavelin korinflilərə yazdığı birinci məktubunda məsihçi görüşlərinin bu məqsədə xidmət etdiyini necə göstərdiyinə fikir verək. Həmin məktubun 14-cü fəslində o, dönə-dönə vurğulayır ki, yığıncaq görüşlərinin hər bir hissəsi məhz bu məqsədə xidmət etməlidir, yəni ‘yığıncağı ruhən möhkəmləndirməlidir’. (1 Korinflilərə 14:3, 12, 26 ayələrini oxua.)
2. a) Görüşlərimiz nəyin sayəsində ruhlandırıcı şəkildə keçir? b) Biz hansı sualı nəzərdən keçirəcəyik?
2 Biz dərk edirik ki, görüşlərimizin ruhlandırıcı və ya maarifləndirici olması, ilk növbədə, müqəddəs ruhun təsirinin nəticəsidir. Bu səbəbdən biz hər görüşə Yehovaya dua etməklə başlayır və Ondan görüşümüzə müqəddəs ruhu ilə xeyir-dua verməsini diləyirik. Biz onu da başa düşürük ki, proqramın ruhlandırıcı olmasında yığıncağın hər bir üzvünün payı ola bilər. Bunu nəzərə alaraq, şəxsən hər birimiz həftəlik görüşlərimizin həmişə ruhlandırıcı və ruhən təravətləndirici keçməsi üçün nə edə bilərik?
3. Məsihçi görüşləri nə dərəcədə mühüm əhəmiyyət kəsb edir?
3 Bu suala cavab tapmaq üçün görüşlərlə bağlı olan və görüşləri keçirən qardaşların yadda saxlamalı olduqları bəzi amilləri nəzərdən keçirəcəyik. Biz həm də görüşlərin hər bir kəs üçün ruhlandırıcı olmasından ötrü bütün yığıncağın nə edə biləcəyindən də söz açacağıq. Yığıncaq görüşləri müqəddəs olduğundan bu, bizim üçün xüsusi maraq kəsb etməlidir. Həqiqətən də, yığıncaq görüşlərinə gəlmək və iştirak etmək Yehovaya ibadətimizin vacib bir hissəsidir (Məz. 26:12; 111:1; Yeşaya 66:22, 23).
Müqəddəs Kitabı öyrənmək üçün nəzərdə tutulan görüş
4, 5. «Gözətçi Qülləsi»nin öyrənilməsinin məqsədi nədir?
4 Hər birimiz «Gözətçi Qülləsi»nin həftəlik öyrənilməsindən fayda əldə etmək istəyirik. Lakin bu görüşün əsas məqsədini aydın başa düşmək üçün gəlin «Gözətçi Qülləsi» jurnalı və öyrənmə məqalələri ilə bağlı edilən bəzi dəyişikliklərə nəzər salaq.
5 «Gözətçi Qülləsi»nin 2008-ci il 15 yanvar sayından, yəni ilk təlim nəşrindən etibarən onun üz qabığına vacib bir şey əlavə edilib. Sən buna fikir vermisən? Hal-hazırda əlində tutduğun jurnalın üz qabığına diqqətlə bax. Qüllənin altında açıq Müqəddəs Kitab görəcəksən. Bu dəyişiklik «Gözətçi Qülləsi»nin öyrənilməsinin məqsədini vurğulayır. Onun məqsədi bu jurnalın köməyilə Müqəddəs Kitabı öyrənməkdir. Bəli, «Gözətçi Qülləsi»nin həftəlik öyrənilməsində Allahın Kəlamı ‘oxunub aydınlaşdırılır’ və qədimdə yaşamış Nehemyanın günlərində olduğu kimi, ‘mənası’ izah olunur (Neh. 8:8; Yeşaya 54:13).
6. a) «Gözətçi Qülləsi»nin öyrənilməsi ilə əlaqədar hansı dəyişiklik edilmişdir? b) Yanında «oxu» yazılan ayələrlə bağlı nəyi yadda saxlamalıyıq?
6 Müqəddəs Kitab bizim əsas dərsliyimiz olduğuna görə «Gözətçi Qülləsi»nin öyrənilməsinə də dəyişiklik edilmişdir. Öyrənmə məqalələrində bəzi ayələrin yanında «oxu» yazılıb. Görüş zamanı bu ayələr oxunanda hamımız onları öz Müqəddəs Kitabımızda izləməyə təşviq olunuruq (Həv. iş. 17:11). Bu, nəyə görə vacibdir? Çünki öz Müqəddəs Kitabımızda Allahın məsləhətlərini görəndə bu, bizə daha böyük təsir bağışlayır (İbr. 4:12). Buna görə də bu ayələr ucadan oxunmazdan əvvəl görüşü aparan qardaş zalda əyləşənlərə kifayət qədər vaxt verməlidir ki, onlar da həmin ayələri tapıb izləyə bilsinlər.
İmanımızı ifadə etməyə vaxtımız indi daha çoxdur
7. «Gözətçi Qülləsi»nin öyrənilməsi zamanı indi hansı imkanımız var?
7 «Gözətçi Qülləsi»nin öyrənmə məqalələrinə edilən digər dəyişiklik isə onların həcmi ilə bağlıdır. Əvvəlki illərə nisbətən indi məqalələr daha qısadır. Abzasların oxunmasına daha az vaxt getdiyindən şərh vermək imkanımız daha çoxdur. İndi görüşdə iştirak edən daha çox insanın çap olunmuş suallara cavab verməklə, ayələri tətbiq etməklə, Müqəddəs Kitab prinsiplərinə riayət etməyin müdriklik olduğunu göstərən qısa əhvalat danışmaqla imanını açıqca ifadə etmək imkanı var. Şəkillərin müzakirəsinə də vaxt ayrılmalıdır. (Məzmur 22:22; 35:18; 40:9 ayələrini oxu.)
8, 9. «Gözətçi Qülləsi»nin öyrənilməsini aparan qardaşın rolu nədən ibarətdir?
8 Yalnız qısa şərhlər verildiyi və görüşü aparan qardaşın çox danışmadığı təqdirdə şərh vermək imkanı daha çox olacaq. Buna görə də görüş hamı üçün ruhlandırıcı şəkildə keçsin deyə görüşü aparan qardaş özünün və dinləyicilərin verdiyi şərhlər arasında tarazlığı necə gözləməlidir?
9 Bu suala cavab vermək üçün bir nümunəyə baxaq. Yaxşı keçirilən «Gözətçi Qülləsi»nin öyrənilməsini gözoxşayan gül dəstəsinə bənzətmək olar. Böyük gül dəstəsi ayrı-ayrı çiçəklərdən ibarət olduğu kimi, «Gözətçi Qülləsi»nin öyrənilməsi də çoxlu müxtəlif şərhlərdən ibarətdir. Güllər ölçüsünə və rənginə görə bir-birindən fərqləndiyi kimi, şərhlər də həcminə və verilmə tərzinə görə bir-birindən fərqlənir. Bəs bu nümunədə görüşü aparan qardaşın şərhlərini nəyə bənzətmək olar? Onun hərdənbir verdiyi şərhləri bəzək məqsədilə gül dəstəsinə qoyulan yaşıl yarpaqlara və budaqlara bənzətmək olar. Güllərlə müqayisədə onların sayı azdır. Onlar gül dəstəsinə quruluş verir və onu tamamlayır. Eynilə, görüşü aparan qardaş yadda saxlamalıdır ki, onun rolu həddən artıq çox qeydlər etmək yox, yığıncağın təqdim etdiyi mədh qurbanlarını, yəni şərhləri tamamlamaqdır. Bəli, yığıncaq çoxlu və müxtəlif şərhlər verəndə, görüşü aparan qardaş isə yerində olan bir neçə qeydlər edəndə bütün iştirakçıların zövqünə oxşayan gözəl bir söz dəstəsi ərsəyə gəlir.
‘Gəlin hər zaman Allaha mədh qurbanı təqdim edək’
10. Erkən məsihçilər yığıncaq görüşlərinə necə yanaşırdılar?
10 Pavelin korinflilərə yazdığı birinci məktubunun 14-cü fəslinin 26—33-dək ayələrindən birinci əsrdə yığıncaq görüşlərinin necə keçirildiyini görmək olar. Bir Müqəddəs Kitab alimi bu ayələrə şərh verərək demişdi ki, birinci əsrdə ibadət üçün keçirilən məsihçi görüşlərində «diqqətəlayiq məqam, demək olar ki, hər kəsin görüşlərə töhfə verməyi özünə şərəf və borc bilməsi idi. İnsan yalnız passiv dinləyici qismində orada iştirak etmirdi: onun məqsədi yalnız görüşdən nə isə götürmək yox, həm də vermək idi». Həqiqətən də, erkən məsihçilər üçün yığıncaq görüşləri imanlarını ifadə etməyə bir fürsət idi (Rom. 10:10).
11. a) Görüşlərimiz nəyin sayəsində ruhlandırıcı şəkildə keçir və nəyə görə? b) Hansı məsləhətlər şərhlərimizi yaxşılaşdırmaqda bizə kömək edə bilər? (Haşiyəyə bax.)
11 Biz imanımızı ifadə edəndə, doğrudan da, ‘yığıncaq ruhən möhkəmlənir’. Yəqin, razılaşacaqsan ki, yığıncaq görüşlərində nə vaxtdan iştirak etməyimizdən asılı olmayaraq, bacı-qardaşların verdiyi şərhləri dinləmək çox xoşdur. Yaşlıların, sadiq həmimanlılarımızın sidq-ürəkdən verdikləri şərhlər bizi riqqətə gətirir; qayğıkeş ağsaqqalların söylədiyi dərin fikirlər bizi ruhlandırır; balaca uşaq isə Yehovaya saf məhəbbətini ürəkdən ifadə edəndə üzümüzdə təbəssüm doğur. Gördüyümüz kimi, görüşlərin ruhlandırıcı şəkildə keçməsində hər kəsin payı varb.
12. a) Musa ilə Yeremyanın nümunəsindən nə öyrənə bilərik? b) Dualar şərh verməyimizdə hansı rolu oynayır?
12 Utancaq adamlar üçün şərh vermək əsil mübarizədir. Əgər sən də cavab verməyə utanırsansa, yadda saxla ki, belə vəziyyətlə qarşılaşan təkcə sən deyilsən. Bu, sənə kömək edə bilər. Hətta Musa və Yeremya kimi Allahın sadiq xidmətçiləri belə camaat qarşısında danışmaqdan çəkindiklərini söyləmişdilər (Çıx. 4:10; Yer. 1:6). Lakin Yehova xalq qarşısında Ona həmd etmələri üçün qədimdə yaşamış bu xidmətçilərinə kömək etdiyi kimi, sənə də mədh qurbanını təqdim etməyə kömək edəcək. (İbranilərə 13:15 ayəsini oxu.) Şərh vermək qorxusunun öhdəsindən gəlmək üçün Yehovadan necə kömək ala bilərsən? İlk növbədə, görüşlərə yaxşı hazırlaş. Sonra, Padşahlıq Zalına getməzdən öncə Yehovaya dua et və Ondan şərh verməyin üçün cəsarət dilə (Filip. 4:6). Xahişin Onun «iradəsinə müvafiq» olduğuna görə əmin ola bilərsən ki, O, dualarını cavabsız qoymayacaq (1 Yəh. 5:14; Sül. məs. 15:29).
‘Ruhən möhkəmləndirən, ürəkləndirən və təsəlli gətirən’ görüşlər
13. a) Görüşlər bütün iştirakçılara necə təsir bağışlamalıdır? b) Hansı sualın üzərində ağsaqqallar xüsusilə ciddi fikirləşməlidirlər?
13 Pavel görüşlərin vacib bir məqsədə xidmət etdiyini vurğulayır. Onun sözlərinə əsasən, görüşlər iştirakçıları ‘ruhən möhkəmləndirməli, ürəkləndirməli və onlara təsəlli gətirməlidir’c (1 Kor. 14:3). Bu gün ağsaqqallar necə əmin ola bilərlər ki, onların təqdim etdiyi bəndlər, həqiqətən də, bacı-qardaşları ruhlandırır və onlara təsəlli verir? Bu suala cavab vermək üçün gəlin İsanın dirildikdən az sonra keçirdiyi görüşə nəzər salaq.
14. a) İsanın keçirdiyi görüşdən əvvəl hansı hadisələr baş vermişdi? b) Nəyə görə İsanın şagirdlərinə yaxınlaşaraq söhbət etməsi onları ürəkləndirdi?
14 Əvvəla, həmin görüşdən qabaq baş verən hadisələrə nəzər salaq. İsanın ölümündən bir az öncə həvarilər «onu qoyub qaçdılar» və əvvəlcədən deyildiyi kimi, ‘evlərinə dağılışdılar’ (Mark 14:50; Yəh. 16:32). İsa dirildikdən sonra isə məyusluğa qapılmış həvarilərini xüsusi görüşə dəvət etdid. «On bir şagird Qalileyaya, İsanın dediyi dağa gəldi». Onlar oraya çatanda ‘İsa yaxınlaşıb şagirdləri ilə’ söhbət etdi (Mat. 28:10, 16, 18). İlk addımı İsanın atdığını görən həvarilərin necə də ürəkləndiyini bir anlığa təsəvvürünə gətir! İsa onlarla nə haqda danışdı?
15. a) İsa şagirdləri ilə nə haqda danışdı və o, nə etmədi? b) Həmin görüş həvarilərə necə təsir bağışladı?
15 İsa görüşə elanla başladı: «Göydəki və yerdəki bütün hakimiyyət mənə verilib». Sonra onlara bir tapşırıq verdi: «Buna görə də gedin və bütün millətlərin içində şagird hazırlayın». Sonda onları bir dost kimi əmin edərək dedi: «Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mat. 28:18—20). Səncə, İsa nə etmədi? O, həvarilərinə irad tutmadı; həmin görüş zamanı nə onların niyyətlərinə şübhə etdiyini göstərdi, nə də ki ani iman zəifliklərinə istinad edərək vicdan əzabı çəkən şagirdlərinin yarasına duz səpdi. Əksinə, İsa şagirdlərinə vacib tapşırıq həvalə edərək onları bir daha özünün və Atasının məhəbbətinə əmin etdi. Bu, həvarilərə necə təsir bağışladı? Onlar o qədər möhkəmlənib ürəkləndilər ki, bu görüşdən bir qədər sonra yenidən ‘xoş xəbəri bəyan etməyə’ başladılar (Həv. iş. 5:42).
16. Ağsaqqallar İsanı təqlid edərək görüşlərin təravətləndirici şəkildə keçməsi üçün nə edirlər?
16 Ağsaqqallar İsanı təqlid edirlər və onlar üçün yığıncaq görüşləri həmimanlılarını Yehovanın Öz xalqına bəslədiyi məhəbbətin tükənməz olduğuna əmin etməyə bir fürsətdir (Rom. 8:38, 39). Buna görə də ağsaqqallar öz bəndlərini təqdim edərkən bacı-qardaşların mənfi yox, müsbət cəhətlərinə toxunurlar. Onlar həmimanlılarının niyyətlərini şübhə altına almırlar. Bunun əvəzinə, ağsaqqalların sözlərindən bəlli olur ki, onlar hər bir həmimanlının Yehovanı sevdiyinə və düzgün olanı etmək istədiyinə inanırlar (1 Salon. 4:1, 9—12). Əlbəttə, bəzən ağsaqqallara bütün yığıncağa düzəliş vermək lazım gəlir. Lakin yalnız bir neçə nəfərə məsləhət vermək lazım olanda, yaxşı olardı ki, bu, təklikdə edilsin (Qalat. 6:1; 2 Tim. 2:24—26). Bütün yığıncağa müraciət edəndə ağsaqqallar, əgər münasibdirsə, yığıncağı tərifləməlidirlər (Yeşaya 32:2). Onlar elə danışmalıdırlar ki, görüşün sonunda bütün iştirakçılar təravət və güc əldə etsinlər (Mat. 11:28; Həv. iş. 15:32).
Təhlükəsiz sığınacaq
17. a) Nəyə görə məsihçi görüşlərimizin təhlükəsiz sığınacaq olması indi daha vacibdir? b) Şəxsən sən görüşlərin ruhlandırıcı şəkildə keçməsi üçün nə edə bilərsən? («Görüşləri həm özümüz, həm də başqaları üçün ruhlandırıcı etməyin on üsulu» adlı çərçivəyə bax.)
17 Yaşadığımız Şeytan dünyası günü-gündən qəddarlaşdığından biz məsihçi görüşlərimizin təhlükəsiz sığınacaq — hamı üçün güc-qüvvə mənbəyi olsun deyə əlimizdən gələni etməliyik (1 Salon. 5:11). Həyat yoldaşı ilə birgə böyük sınaqlarla üzləşən bir bacı bir neçə il bundan əvvəl demişdi: «Bizim üçün Padşahlıq Zalında olmaq Yehovanın qayğıkeş əllərində olmaq kimi idi. Bütün bu vaxt ərzində, məsihçi bacı-qardaşlarımızın əhatəsində olanda Yehovanın bizim qayğı yükümüzü daşıdığını hiss edirdik, bu isə bizə müəyyən qəlb rahatlığı verirdi» (Məz. 55:22). Qoy görüşlərimiz hər kəsi bu cür ruhlandırsın və təsəlli versin. Buna görə də gəlin görüşlərimizin ruhlandırıcı şəkildə keçməsi üçün öz töhfəmizi əsirgəməyək!
[Haşiyələr]
a Müqəddəs Kitabda peyğəmbərlik edilmişdi ki, məsihçi görüşləri ilə bağlı bəzi dəyişikliklər ediləcək. Məsələn, bu gün biz nə ‘əcnəbi dillərdə danışır’, nə də «peyğəmbərlik» edirik (1 Kor. 13:8; 14:5). Buna baxmayaraq, Pavelin göstərişlərindən məsihçi görüşlərini necə keçirməli olduğumuza dair faydalı məlumatlar əldə edə bilərik.
b Yığıncaq görüşlərində verdiyimiz şərhləri necə yaxşılaşdıra biləcəyimizə dair məsləhətləri «Gözətçi Qülləsi»nin 2003-cü il 1 sentyabr sayının 19—22 səhifələrində (rus.) tapmaq olar.
c «Vaynın Əhdi-Ətiq və Əhdi-Cədidin sözlərinə dair izahlı lüğəti»ndə izah olunur ki, ‘ürəkləndirmək’ sözündən fərqli olaraq, ‘təsəlli gətirmək’ kimi tərcümə edilən yunan sözündə nəvaziş daha çox hiss olunur («Vine’s Expository Dictionary of Old and New Testament Words»). (Yəhya 11:19 ayəsi ilə müqayisə et.)
d Çox ehtimal ki, həvari Pavel İsanın ‘beş yüzdən çox qardaşa göründüyünü’ deyəndə məhz bu hadisəyə istinad edirdi (1 Kor. 15:6).
Necə cavab verərdiniz?
• Məsihçi görüşləri nə dərəcədə vacibdir?
• Nəyə görə görüşlərdə verilən şərhlər ‘yığıncağın ruhən möhkəmlənməsinə xidmət edir’?
• İsanın davamçıları ilə görüşündən nə öyrənmək olar?
[22 və 23-cü səhifələrdəki çərçivə/şəkil]
GÖRÜŞLƏRİ HƏM ÖZÜMÜZ, HƏM DƏ BAŞQALARI ÜÇÜN RUHLANDIRICI ETMƏYİN ON ÜSULU
[22 səhifədəki şəkil]
Qabaqcadan hazırlaş. Padşahlıq Zalında müzakirə ediləcək materiala qabaqcadan hazırlaşanda görüş sənə daha maraqlı olur və daha dərin təsir bağışlayır.
Müntəzəm iştirak et. Başqaları kimi, sənin də görüşlərə müntəzəm gəlməyin əhəmiyyət kəsb edir.
Vaxtında gəl. Əgər proqram başlamazdan əvvəl yerini tutsan, onda yığıncaqla birgə ilk nəğməni oxuyacaq və duada iştirak edəcəksən. Bunlar Yehovaya ibadətimizin bir hissəsidir.
Lazım olan hər şeyi özünlə gətir. Özünlə Müqəddəs Kitabı və görüşdə istifadə olunacaq vəsaitləri götür ki, müzakirə olunan materialı izləyə və onu daha yaxşı başa düşə biləsən.
Fikrinin yayınmasına yol vermə. Məsələn, telefonuna gələn mesajları görüş vaxtı yox, ondan sonra oxu. Onda yığıncağın öz yeri, şəxsi işlərin də öz yeri olacaq.
Müzakirələrdə iştirak et. Şərhlər nə qədər çox olsa, bir o qədər yaxşıdır. Çünki başqa-başqa insanların öz imanını ifadə etməsi daha çox insanı ruhlandıracaq və möhkəmləndirəcək.
Qoy şərhlərin qısa olsun. Bunun sayəsində başqalarına da şərh verməyə imkan verəcəyik.
Tapşırıqlarını yerinə yetir. Teokratik Xidmət Məktəbində tapşırığın varsa və ya Xidməti görüşdə hansısa bəndlə çıxış edəcəksənsə, onda yaxşı hazırlaş, məşq et və çalış ki, sonradan imtina etməyəsən.
İştirak edənləri təriflə. Bəndlərlə çıxış edənlərə və ya şərh verənlərə onların əməyini nə qədər qiymətləndirdiyini söylə.
Ünsiyyət et. Görüşə gələnləri görüşdən əvvəl və ya sonra dostcasına salamlamaq və onlarla mehribancasına ünsiyyət etmək görüşü daha gözəl və faydalı edir.