«İcazə ver, Yehovaya təqdimlər gətirək»
KİMSƏ sizə yaxşılıq edəndə öz minnətdarlığınızı necə bildirirsiniz? Gəlin israilli sərkərdələrin midyanlılarla döyüşdən sonra öz minnətdarlıqlarını necə göstərdiklərinə fikir verək. Bu döyüş israillilərin Peordakı Baal bütünə səcdə edərək günah işlətmələrindən sonra olmuşdu. Allah bu döyüşdə xalqına qələbə qazandırmışdı və əldə olunan qənimət 12 000 əsgər və qalan israillilər arasında bölüşdürülmüşdü. Yehovanın göstərişinə əsasən, əsgərlər öz payından kahinlərə, digər israillilər isə levililərə verdilər (Say. 31:1—5, 25—30).
Amma sərkərdələr daha artığını vermək istəyirdilər. Onlar Musaya yaxınlaşıb dedilər: «Biz qulların hökm etdiyimiz döyüşçülərin sayını öyrəndik. Onlardan heç kim əskik deyildir». Yehovaya təqdim olaraq, onlar qızıl və müxtəlif zinət əşyaları ianə etmək qərarına gəldilər. Bu əşyaların ümumi çəkisi 190 kiloqramdan çox idi (Say. 31:49, 50, YD, 51—54).
Bu gün də Yehovanın yaxşılıqlarını görən bir çoxlarının ürəyində Ona öz minnətdarlıqlarını bildirmək istəyi yaranır. Belə istək təkcə özlərini Allaha həsr edən insanlarda olmur. 2009-cu ildə İtaliyanın Bolonya şəhərində keçirilən beynəlxalq konqres zamanı bir qrup nümayəndəni stadiona aparıb-gətirən avtobus sürücüsünün nümunəsinə baxaq. O, çox diqqətcil və mülayim olduğuna görə qardaşlar ona minnətdarlıq əlaməti olaraq açıqca yazmaq, «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabını, eləcə də əlavə pul vermək qərarına gəldilər. Bunları sürücüyə verəndə o dedi: «Açıqcanı və kitabı böyük məmnuniyyətlə qəbul edərəm, lakin pulu götürə bilmərəm, onu ümumdünya işiniz üçün ianə etmək istəyirəm. Yehovanın Şahidi olmasam da, bunu etmək istəyirəm, çünki görürəm ki, siz bu işi ürəkdən görürsünüz».
Yehovaya minnətdarlığımızı bildirməyin üsullarından biri Yehovanın Şahidlərinin ümumdünya işinə ianələr etməkdir (Mat. 24:14). Aşağıdakı çərçivədə bunu necə etməyin bəzi üsulları göstərilir.
[20-ci səhifədəki çərçivə]
BƏZİLƏRİ NECƏ İANƏ EDİRLƏR?
ÜMUMDÜNYA İŞİ ÜÇÜN PUL İANƏLƏRİ
Çoxları öz büdcələrindən müəyyən miqdarda pul ayırır və üzərində «Ümumdünya işi üçün ianələr (Matta 24:14)» yazılan qutuya atırlar.
Yığıncaqlar bu könüllü ianələri hər ay yerli filiala göndərir. Könüllü edilən pul ianələrini ölkənizə baxan filiala göndərmək olar. Zəhmət olmasa, ianə ilə birlikdə onun hədiyyə olduğunu bildirən qısa məktub da göndərin.
İANƏNİN DİGƏR NÖVLƏRİ
Bəzi ölkələrdə ümumdünya təbliğ işini dəstəkləmək üçün pul ianə etməkdən savayı, başqa üsullar da var. Onlardan bəziləri bunlardır:
Daşınmaz əmlak. Satışa yararlı olan daşınmaz əmlakı hədiyyə kimi ya birbaşa filiala ianə etmək olar, ya da hədiyyə edənin ölənədək orada yaşayıb əmlakına sahiblik hüququna malik olmaq şərtilə ianə etmək olar. Öz əmlakınızı hədiyyə olaraq filiala vermək üçün sənədləri hazırlamazdan öncə, zəhmət olmasa, filialla əlaqə saxlayın.
Vəsiyyətnamə. Əmlakı və ya pulu qanunla müəyyən olunmuş formada tərtib edilən vəsiyyətnamə əsasında filiala vermək olar. Belə olan halda, zəhmət olmasa, vəsiyyətnamənin surətini filiala göndərin.