Həqiqi ibadətin qeyrətini çək
«Məhsul bol, işçi isə azdır» (MAT. 9:37).
1. Bizə təcili iş tapşırılanda özümüzü necə hiss edirik və necə davranırıq?
TƏSƏVVÜR ET ki, əlində günün sonunadək bir nəfərə çatdırılası sənəd var. Sən nə edəcəksən? Onun üzərinə «TƏCİLİ!» yazacaqsan. Yaxud da sən vacib bir görüşə gedirsən, amma gecikirsən. Bəs bu halda nə edəcəksən? Yəqin ki, sürücüyə: «Xahiş edirəm, bir az tez olun. Bu TƏCİLİDİR!» — deyə onu tələsdirəcəksən. Həqiqətən də, hər hansı bir işi görəndə və onu qurtarmaq üçün az vaxtımız qalanda daxilimizdə gərginlik və həyəcan hiss edirik. Həyəcan artdıqca işimizi mümkün qədər tez və səylə görməyə çalışırıq. Bizə təcili, yəni təxirəsalınmaz iş tapşırılanda özümüzü belə hiss edirik və bu cür davranırıq.
2. Bu gün həqiqi məsihçilər üçün ən təcili iş hansıdır?
2 Həqiqi məsihçilər üçün Padşahlıq haqqında xoş xəbəri təbliğ etməkdən və bütün millətlərin içindən şagird hazırlamaqdan daha təcili iş yoxdur (Mat. 24:14; 28:19, 20). İsanın sözlərini sitat gətirən Mark bu işin «əvvəlcə», yəni sonun gəlməsindən öncə yerinə yetirilməli olduğunu yazmışdı (Mark 13:10). Bu, belə də olmalıdır, çünki İsa demişdir: «Məhsul bol, işçi isə azdır». Biçin vaxtı gözləyə bilməz: məhsul biçin vaxtının sonunadək yığılıb qurtarmalıdır (Mat. 9:37).
3. Çoxları təcili olan təbliğ işində iştirak etmək çağırışına necə hay veriblər?
3 Təbliğ işi bu qədər vacib olduğundan çoxlu vaxt, güc və diqqət tələb edir. Əksər bacı-qardaşların ona məhz bu cür yanaşması çox tərifəlayiqdir. Bəziləri pioner, missioner və ya bet-elli kimi tammüddətli xidmət etmək üçün həyatlarını sadələşdiriblər. Onlar çox məşğuldurlar. Bu bacı-qardaşlar çox şeydən keçməli olurlar və çoxsaylı çətinliklərlə qarşılaşırlar. Bununla belə, Yehova onları bol-bol xeyir-dualandırır. Biz onlara görə çox sevinirik. (Luka 18:28—30 ayələrini oxu.) Digərlərinin tammüddətli xidmətçilər sırasına qoşulmağa imkanı olmasa da, uşaqlarına qəzəb günündən qurtulmağa kömək etməyi də özünə daxil edən bu xilasedici işə mümkün qədər çox vaxt sərf etməyə çalışırlar (Qanun. t. 6:6, 7).
4. Nəyə görə bəziləri işimizin təxirəsalınmaz olduğunu unuda bilərlər?
4 Gördüyümüz kimi, insan işin təxirəsalınmaz və ya təcili olduğunu dərk edəndə həmin işi onun üçün qoyulmuş cədvəl üzrə, yəni müəyyən vaxt çərçivəsi daxilində yerinə yetirməyə çalışır. Biz son günlərdə yaşayırıq və bunu həm Müqəddəs Kitab, həm də tarixi hadisələr sübut edir (Mat. 24:3, 33; 2 Tim. 3:1—5). Bununla belə, heç kim sonun nə zaman gələcəyini dəqiq bilmir. İsa «dövrün yekununun əlaməti»ni təşkil edən hadisələrdən danışaraq xüsusilə qeyd etmişdi ki, «o günü və saatı heç kəs bilmir: nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir» (Mat. 24:36). Buna görə də bəziləri, xüsusilə də həqiqətdə çoxdan olanlar illər ötdükcə Yehovanın işinin təxirəsalınmaz olduğunu unuda bilərlər və nəticədə, xidmətdə səyləri azala bilər (Sül. məs. 13:12). Səndə də hərdən belə olurmu? Əgər olursa, onda bizə Yehova Allahın və İsa Məsihin məhz indi etməyimizi istədikləri işə təxirəsalınmaz bir iş kimi baxmağa və onu səylə icra etməyə nə kömək edə bilər?
Nümunəmiz olan İsa Məsihə diqqət yetirək
5. İsa xidmətin təxirəsalınmaz olduğunu dərk etdiyini necə göstərmişdi?
5 Yehovanın tapşırdığı işin təxirəsalınmaz olduğunu ən çox dərk edən və bu işi ən böyük səylə yerinə yetirən şəxs, əlbəttə ki, İsa Məsihdir. Bu sahədə bizə ən yaxşı nümunəni də o qoyub. Nəyə görə İsa öz tapşırığına belə yanaşırdı? Səbəblərdən biri odur ki, o, üç il yarım ərzində çox iş görməli idi. Bununla belə, İsa başqaları ilə müqayisədə həqiqi ibadət üçün daha çox iş görüb. O, Atasının adını, niyyətini, Padşahlıq haqqında xoş xəbəri bəyan etmiş, din rəhbərlərinin ikiüzlülüyünü, yalan təlimlərini ifşa etmiş və ölümədək Allahın ali hökmranlığına sadiq qalmışdır. O, İsraili qarış-qarış gəzib insanlara təlim verir, onlara kömək edir və xəstələri sağaldırdı (Mat. 9:35). Hələ heç kəs belə qısa vaxt ərzində bu qədər iş görməyib. İsa bu iş üçün əlindən gələni əsirgəmirdi (Yəh. 18:37).
6. İsa həyatda bütün fikrini nəyə yönəltmişdi?
6 İsanı usanmadan xidmət etməyə nə təşviq edirdi? Danielin peyğəmbərliyindən İsa Yehovanın bu işə nə qədər vaxt ayırdığını dəqiq bilirdi (Dan. 9:27). Orada deyildiyi kimi, onun xidməti «yeddiillik dövrün ortasında», yəni üç il yarımdan sonra sona yetməli idi. İsa eramızın 33-cü ilinin yazında Yerusəlimə təntənəli surətdə daxil olandan bir qədər sonra demişdi: «İnsan oğlunun şöhrətlənmək vaxtı gəldi» (Yəh. 12:23). İsa ölümünün qaçılmaz olduğunu bilsə də, bütün diqqətini buna cəmləmirdi. Onun səylə çalışmasının əsas səbəbi də məhz bu idi. Əksinə, o, bütün diqqətini Atasının iradəsini yerinə yetirməyə və insanlara məhəbbət göstərməyə yönəltmişdi və bunun üçün də hər fürsətdən istifadə edirdi. Bu məhəbbət onu şagird toplamağa, onlara təlim verib təbliğ səyahətinə göndərməyə təşviq edirdi. Şagirdlər onun bünövrəsini qoyduğu təbliğ işini gələcəkdə davam etdirəcək və daha böyük işləri görəcəkdilər. (Yəhya 14:12 ayəsini oxu.)
7, 8. İsa satıcıları və sərrafları məbəddən qovanda şagirdlərinin yadına nə düşdü və nəyə görə İsa bunu etdi?
7 İsanın həyatında baş verən bir hadisə onun həqiqi ibadətin qeyrətini nə dərəcədə çəkdiyini çox gözəl göstərir. Həmin hadisə onun xidmətinin əvvəlində, eramızın 30-cu ilinin Pasxa bayramı zamanı baş vermişdi. İsa şagirdləri ilə birgə Yerusəlimdəki məbədə gələrkən orada «mal-qara, qoyun və göyərçin satanları, həmçinin oturub sərraflıq edənləri gördü». İsa nə etdi və bu, onun şagirdlərinə necə təsir göstərdi? (Yəhya 2:13—17 ayələrini oxu.)
8 İsanın o zaman dediyi sözlər və etdiyi hərəkətlər tam yerində olaraq şagirdlərinə Davudun peyğəmbərlik kimi söylədiyi bir məzmuru xatırlatdı: «Evinin qeyrəti məni yandırıb-yaxdı» (Məz. 69:9). Nəyə görə onlar bu sözləri yadlarına salmışdılar? Çünki İsanın gördüyü bu iş çox təhlükəli idi. Orada gedən biabırçı alverin arxasında məbədin nüfuzlu şəxsləri — kahinlər, mirzələr və başqaları dururdu. Onların çirkin niyyətlərini ifşa etməklə və onlara mane olmaqla İsa bu nüfuzlu şəxslərin düşməninə çevrildi. Şagirdlərin tamamilə haqlı olaraq qeyd etdikləri kimi, Allahın «evinin qeyrəti», yəni həqiqi ibadət üçün onun göstərdiyi qeyrət göz qabağında idi. Qeyrət nədir?
Qeyrət nədir?
9. Qeyrət sözünü necə izah etmək olar?
9 Bir lüğətə əsasən, «qeyrət» «fövqəladə səy, cəhd, çalışma» deməkdir və bu sözün «coşqunluq, qızğınlıq, şövq» kimi sinonimləri var. Əlbəttə, İsanın yer üzündəki xidmətini bu sözlərlə təsvir etmək olar. Çox maraqlıdır ki, bəzi şərq dillərində «qeyrət» sözü hərfi mənası «isti ürək» olan və sanki, ürəyin içində alov yandığını göstərən iki sözdən ibarətdir. Buna görə də şagirdlərin İsanın məbəddə etdiklərini görəndə Davudun sözlərini xatırlamaları təəccüblü deyil. İsanın ürəyinin od kimi alışıb-yanmasına və onun bu cür hərəkət etməsinə səbəb nə idi?
10. Müqəddəs Kitabda istifadə olunan «qeyrət» sözü hansı mənanı daşıyır?
10 Davudun məzmurda istifadə etdiyi «qeyrət» sözünə Müqəddəs Kitabın bir çox yerlərində rast gəlinir və bu söz dərin məna daşıyır. (Çıxış 20:5; 34:14; Yeşua 24:19 ayələrini oxu.) Bir Müqəddəs Kitab lüğətində izah olunduğu kimi, «qeyrət» sözü çox vaxt ər və arvad arasındakı münasibətlərlə əlaqədar işlənir. Ərlə arvadın bir-birinin üzərində ixtiyarı olduğu kimi, Yehovaya məxsus olanların da ixtiyarı Onun əlindədir və O, Öz hüququnu irəli sürür və müdafiə edir. Beləliklə, Müqəddəs Kitabda «qeyrət» sözü hansısa işlə məşğul olarkən, məsələn, sevimli idman növünə pərəstişkarlıq edərkən insanın göstərdiyi coşğun həvəsdən daha böyük məna kəsb edir. Davud «qeyrət» sözünü müsbət mənada istifadə etmişdi, yəni o, rəqabətə, istehzaya qarşı dözümsüzlüyü, təmiz adı qorumağa və ədalətsizliyi aradan qaldırmağa dair güclü istəyi nəzərdə tuturdu.
11. İsanı qeyrət göstərməyə nə təşviq edirdi?
11 İsanın məbəddə etdiklərinin şahidi olan şagirdlər tam haqlı olaraq Davudun sözlərini ona aid etmişdilər. İsa yalnız Allahın tapşırığını müəyyən vaxt çərçivəsi daxilində yerinə yetirməli olduğunu bildiyi üçün yox, Atasının adının və həqiqi ibadətin qeyrətini çəkdiyi üçün bu işə bütün qüvvəsini sərf edirdi. O, Allahın adına küfr edildiyini görəndə qeyrət onu mövcud vəziyyəti düzəltməyə təşviq edirdi. İsa din rəhbərlərinin təvazökar insanlara zülm verdiyini və onları istismar etdiyini görəndə qeyrət onu insanların iztirablarını yüngülləşdirməyə və zalım din rəhbərlərini mühakimə etməyə təşviq edirdi (Mat. 9:36; 23:2, 4, 27, 28, 33).
Həqiqi ibadətin qeyrətini çək
12, 13. a) Xristian aləminin din rəhbərləri Allahın adını insanlardan necə gizlədirlər? b) Xristian aləminin ruhaniləri Allahın Padşahlığını insanların gözündən necə salırlar?
12 Hal-hazırda dünyada hökm sürən dini vəziyyət İsanın yaşadığı dövrdəki dini vəziyyətə oxşayır, bəlkə də, ondan da pisdir. Bir nümunəyə nəzər salaq. İsa davamçılarına dua etməyi öyrədərkən ilk əvvəl Allahın adı barədə dua etməyi tapşırmışdı: «Qoy adın müqəddəs tutulsun» (Mat. 6:9). Bəs din rəhbərləri, xüsusilə də Xristian aləminin ruhaniləri insanlara Allahın adını və bu adı müqəddəs tutmağı, yəni ona hörmət etməyi öyrədirlərmi? Əksinə, onlar Üç üqnum, ölməz ruh və cəhənnəm kimi yalan təlimlər yayaraq Allahı yanlış olaraq müəmmalı, dərkedilməz, qəddar, hətta başqalarına işgəncə verməkdən həzz alan bir şəxs kimi təqdim edirlər. Onların biabırçı hərəkətləri və ikiüzlülüyü Allahın adını rüsvay edir. (Romalılara 2:21—24 ayələrini oxu.) Üstəlik, onlar Allahın şəxsi adını gizli saxlamaq üçün hər üsula əl atırlar, hətta öz Müqəddəs Kitab tərcümələrindən Onun adını götürürlər. Bununla onlar insanlara Allaha yaxınlaşmağa və Onunla şəxsi münasibət qurmağa maneçilik törədirlər (Yaq. 4:7, 8).
13 İsa həmçinin öz davamçılarına Allahın Padşahlığı haqqında dua etməyi öyrədirdi: «Qoy padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» (Mat. 6:10). Xristian aləminin din rəhbərləri bu duanı tez-tez təkrarlasalar da, camaatı siyasi və digər insan təşkilatlarını dəstəkləməyə təşviq edirlər. Üstəlik, onlar Padşahlıq haqqında təbliğ etməyə çalışanlara və bu barədə şahidlik edənlərə həqarətlə baxırlar. Buna görə də özünü Məsihin davamçısı adlandıranların əksəriyyəti Allahın Padşahlığına inanmır, qaldı ki onun haqqında danışsınlar.
14. Xristian aləminin din rəhbərləri Allahın Kəlamını dəyərdən necə salıblar?
14 İsa Allaha dua edərkən aydın şəkildə demişdi: «Sənin sözün həqiqətdir» (Yəh. 17:17). İsa göylərə qayıtmazdan əvvəl, insanları ruhani qida ilə təmin edəcək «sadiq və ağıllı nökər» təyin edəcəyini bildirmişdi (Mat. 24:45). Xristian dünyasının ruhaniləri Allahın Kəlamını öyrətdiklərini iddia etsələr də, Ağanın tapşırdığı bu işi sədaqətlə həyata keçirirlərmi? Xeyr. Onlar Müqəddəs Kitaba nağıllar və əfsanələr toplusu damğasını vurublar. İnsanları təsəlliverici və maarifləndirən ruhani qida ilə təmin etmək əvəzinə, din rəhbərləri onların beynini qulağa xoş gələn insan fəlsəfəsi ilə doldururlar. Bütün bunlar az imiş kimi, onlar yeni mənəvi dəyərlərlə ayaqlaşmaq xatirinə Allahın əxlaq normalarını qurban vermişlər (2 Tim. 4:3, 4).
15. Din xadimlərinin Allahın adı naminə etdiklərini görəndə hansı hissləri keçirirsən?
15 Xristian dünyasının ruhanilərinin etdiklərini nəzərə alsaq, (dediklərinə görə, bunları Allahın adı naminə ediblər) bir çox səmimi insanların məyus olmaları, yaxud da Allaha və Müqəddəs Kitaba olan imanlarını tamamilə itirmələri təəccüblü deyil. Onlar Şeytanın və onun pis dünyasının qurduğu tələyə düşmüşlər. Günbəgün belə şeyləri görəndə və ya eşidəndə bu, sənə necə təsir edir? Yehovanın bir xidmətçisi kimi, Onun adına qara yaxıldığını eşidəndə məgər Onu müdafiə etmək üçün əlindən gələni etmək istəmirsən? Səmimi, təmizürəkli insanların aldadıldığını və din rəhbərlərinin onları mənafeləri naminə istifadə etdiklərini görəndə məgər ürəyində onlara təsəlli vermək istəyi yaranmır? İsa adamların «çobansız qoyunlar kimi yazıq və pərakəndə halda» olduqlarını görəndə yalnız onların halına acımadı. O, «onlara çox şeylər öyrətməyə başladı» (Mat. 9:36; Mark 6:34). İsa kimi, bizim də həqiqi ibadətin qeyrətini çəkmək üçün tam əsasımız var.
16, 17. a) Bizi canla-başla və var gücümüzlə xidmət etməyə nə təşviq etməlidir? b) Növbəti məqalədə biz nə müzakirə edəcəyik?
16 Biz xidmətə səylə yanaşanda həvari Pavelin 1 Timoteyə 2:3, 4 ayələrində yazdığı sözlər bizim üçün xüsusi əhəmiyyət kəsb etməyə başlayır. (Ayələri oxu.) Bizim səylə xidmət etməyimizin yeganə səbəbi axır günlərdə yaşadığımızı bilməyimiz deyil. Bundan əlavə, biz dərk edirik ki, bu, Allahın iradəsidir. O, bütün insanların Ona düzgün ibadət və xidmət etmələri, həmçinin bununla bağlı xeyir-duaları almaları üçün həqiqi biliyə yiyələnmələrini istəyir. Biz yalnız vaxtın tükənmək üzrə olduğu üçün yox, Allahın adını şərəfləndirməyə, həmçinin insanlara Onun iradəsini öyrənməyə kömək etmək istədiyimiz üçün canla-başla xidmətdə iştirak edirik. Biz həqiqi ibadətin qeyrətini çəkirik (1 Tim. 4:16).
17 Yehova Öz xalqı olan bizlərə bəşəriyyətə və Yer kürəsinə dair niyyəti barədə həqiqəti açıqlayıb. Məgər bu, xeyir-dua deyil? Biz insanlara xoşbəxtliyi və gələcəyə həqiqi ümidi tapmağa kömək edə bilərik. Şeytan dünyası məhv edilən zaman sağ qalmağın necə mümkün olduğunu biz onlara deyə bilərik (2 Salon. 1:7—9). Yehovanın gününün gecikdiyini fikirləşərək məyusluğa qapılmaq əvəzinə, biz sevinməliyik ki, bizim hələ vaxtımız var və biz həqiqi ibadətin qeyrətini çəkə bilərik (Mik. 7:7; Hab. 2:3). Bu cür qeyrətə necə yiyələnə bilərik? Bunu növbəti məqalədə müzakirə edəcəyik.
İzah edə bilərsinizmi?
• İsanı usanmadan xidmət etməyə nə təşviq edirdi?
• Müqəddəs Kitabda «qeyrət» sözü hansı mənada istifadə olunur?
• Hal-hazırda gördüyümüz hansı hadisələr bizə həqiqi ibadətin qeyrətini çəkməyə təşviq etməlidir?
[8-ci səhifədəki şəkil]
İsa bütün diqqətini Atasının iradəsinin yerinə yetirməyə və insanlara məhəbbət göstərməyə yönəltmişdi
[10-cu səhifədəki şəkil]
Həqiqi ibadətin qeyrətini çəkmək üçün bizim tam əsasımız var