Allahın Kəlamından nə öyrənirik?
Allah kimdir?
Bu məqalə sizi maraqlandıran suallara toxunur və onların cavabını Müqəddəs Kitabınızda tapmağa kömək edir. Yehovanın Şahidləri sizinlə bu sualları məmnuniyyətlə müzakirə edəcəklər.
1. Allah kimdir?
Allah hər şeyin Yaradanıdır. Müqəddəs Kitabda O, «əbədiyyət Padşahı» adlanır, bu da o deməkdir ki, Onun nə başlanğıcı var, nə də sonu (Vəhy 15:3). Həyat mənbəyi Allahdır və biz yalnız Ona ibadət etməliyik. (Vəhy 4:11 ayəsini oxu.)
2. Allahı təsvir etmək mümkündürmü?
Allahı heç vaxt heç kim görməmişdir, çünki O, gözəgörünməz Ruhdur. Ruh yer üzündə yaşayan fiziki varlıqlardan daha üstün həyat formasıdır (Yəhya 1:18; 4:24). Allahın xüsusiyyətləri Onun yaratdıqlarından aydın görünür. Məsələn, biz cürbəcür meyvələri və gülləri seyr edəndə Allahın məhəbbət və müdrikliyini görürük. Ucsuz-bucaqsız Kainat bizə Onun gücündən xəbər verir. (Romalılara 1:20 ayəsini oxu.)
Biz Müqəddəs Kitabdan Allah haqqında çox şey öyrənə bilərik. Orada Allahın nəyi bəyənib-bəyənmədiyi, yaratdığı bəndələrlə necə rəftar etdiyi, eləcə də müxtəlif vəziyyətlərdə necə davrandığı barədə danışılır. (Məzmur 103:7—10 ayələrini oxu.)
3. Allahın adı varmı?
İsa peyğəmbər belə dua edirdi: «Səmavi Atamız, qoy adın müqəddəs tutulsun» (Matta 6:9). Allahın çoxlu titullarının olmasına baxmayaraq, Onun yalnız bir adı var. Bu ad hər dildə müxtəlif cür tələffüz olunur. Azərbaycan dilində isə «Yehova» və ya bəzən «Yahve» kimi tələffüz edilir. (Matta 4:10 və Yaradılış 3:15 ayəsindəki haşiyəni oxu.)
Yehovanın adı Müqəddəs Kitabın bir çox tərcümələrində «Rəbb» və ya «Allah» kimi titullarla əvəz olunub. Ancaq Müqəddəs Kitabın orijinal mətnində bu ada təxminən 7000 dəfə rast gəlinirdi. İsa Məsih Müqəddəs Kitabı izah edərkən Allahın adını insanlara bəyan edirdi. O, insanların Allahı tanımalarına kömək edirdi. (Yəhya 17:26 ayəsini oxu.)
4. Allah bizim qayğımıza qalırmı?
Yehova Allah dualarımızı dinləməklə bizimlə maraqlandığını göstərir (Məzmur 65:2). Bəs dünyada bu qədər əzab-əziyyətin mövcud olması o deməkdirmi ki, Allah bizim qayğımıza qalmır? Bəziləri iddia edirlər ki, Allah insanlara əzab verməklə onları sınağa çəkir, lakin bu, həqiqət deyil. Müqəddəs Kitabda deyilir: «Məgər Allah pislik edərmi?» (Əyyub 34:10; Yaqub 1:13 ayəsini oxu.)
Allah insana iradə azadlığı verməklə onu şərəfə layiq görüb. Biz bu azadlığımızdan Allaha xidmət etmək üçün istifadə etməli deyilikmi? (Yeşua 24:15). Bir çoxları başqalarına pislik etdikləri üçün dünyada iztirablar baş alıb gedir. Bu cür haqsızlıqları görmək Allah üçün çox ağırdır. (Yaradılış 6:5, 6 ayələrini oxu.)
Tezliklə Yehova Allah İsa Məsih vasitəsilə bütün iztirabları və pislik törədənləri yox edəcək. Bununla belə, Allahın müvəqqəti olaraq əzablara yol verməsinin əsaslı səbəbləri var. Bu jurnalın növbəti saylarından birində Allahın əzablara nə üçün yol verməsinin səbəbləri izah olunacaq. (Yeşaya 11:4 ayəsini oxu.)
5. Allah bizdən nə gözləyir?
Yehova Allah bizi Onu tanıyıb sevmək bacarığı ilə yaradıb. Allah istəyir ki, biz Onun haqqında həqiqəti öyrənək (1 Timoteyə 2:4). Müqəddəs Kitabı öyrənməklə biz Onu bir dost kimi tanıya bilərik. (Süleymanın məsəlləri 2:4, 5 ayələrini oxu.)
Həyatı bizə Yehova bəxş etdiyi üçün hamıdan çox Onu sevməliyik. Allahı sevdiyimizi duada Ona deməklə və buyurduqlarına əməl etməklə göstərə bilərik (Süleymanın məsəlləri 15:8). Yehova Allah bizim başqaları ilə məhəbbətlə rəftar etməyimizi istəyir. (Mark 12:29, 30; 1 Yəhya 5:3 ayələrini oxu.)
Daha çox məlumat əldə etmək üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs kitab əslində nə öyrədir?» kitabının 1-ci fəslinə baxın.
[17-ci səhifədəki şəkil]
Müvəqqəti olaraq əzab-əziyyətlərə yol verməyin əsaslı səbəbləri ola bilərmi?