Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh fəs. 1 s. 8—17
  • Allah haqqında həqiqət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah haqqında həqiqət
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Başlıqlar
  • Oxşar material
  • DOĞRUDANMI ALLAH E’TİNASIZ VƏ QƏDDARDIR?
  • ALLAHIN ƏDALƏTSİZLİYƏ MÜNASİBƏTİ
  • ALLAH BİZİM ONUNLA TANIŞ OLMAĞIMIZI İSTƏYİR
  • YEHOVAYA YAXINLAŞMAQ MÜMKÜNDÜRMÜ?
  • Yaradanımızı yaxından tanıyaq
    Müqəddəs Kitab təlimləri
  • Müqəddəs Kitabın əslində nə öyrətdiyini öyrədin
    Gözətçi qülləsi 2007
  • Allah və İsa Məsih haqqında həqiqət
    Gözətçi qülləsi (kütləvi) 2020
  • Allah kimdir?
    Gözətçi qülləsi 2011
Əlavə
Müqəddəs Kitab əslində nə öyrədir?
bh fəs. 1 s. 8—17

Fəsil 1

Allah haqqında həqiqət

  • Allah həqiqətən də qayğımıza qalırmı?

  • Allah necə Şəxsiyyətdir və Onun adı varmı?

  • Allaha yaxınlaşmaq mümkündürmü?

Balaca qız sual verir

1, 2. Suallar vermək nəyə görə faydalıdır?

UŞAQLARIN hər şeyi bilməyə meylli olduqlarına diqqət yetirmisinizmi? Dil açan gündən böyükləri sorğu-suala tutmağa başlayırlar. Geniş açılmış balaca gözlərinə baxanda anlayırsan ki, onlar öz suallarına cavab almamış sakitləşən deyillər. Onlara hər şey maraqlıdır: göy niyə mavidir? Ulduzlar nədən düzəlib? Quşlara oxumağı kim öyrədib? Hərdən bu vəziyyət böyükləri hövsələdən çıxara bilər, çünki nə qədər yaxşı cavab verirlər-versinlər, yenə də «niyə?» sualını eşidirlər.

2 Ancaq suallar verən yalnız uşaqlar deyil. Biz hamımız yaşa dolduqca yeni şeylər öyrənməyə davam edirik. Adətən bunu, həyatda öz yolumuzu tapmaq, təhlükələrdən qaçmaq və ya hər şeyi bilmək həvəsimizi tə’min etmək üçün edirik. Lakin, görünür, vaxt keçdikcə bir çox insanlar suallar verməkdən əl çəkirlər. Xüsusilə də ən vacib suallarla maraqlanmırlar, maraqlansalar da cavab axtarmırlar.

3. Nəyə görə bir çoxları ən vacib suallara cavab axtarmağa son qoymuşlar?

3 Bu kitabın üzündə, müqəddiməsində və birinci fəslinin əvvəlində olan sualların üzərində düşünün. Bunlar həyatda ən vacib suallardır. Lakin bir çox insanlar suallarına cavab axtarmağa son qoymuşlar. Nəyə görə? Bəs Müqəddəs Kitab həmin suallara cavab verirmi? Bə’ziləri hesab edirlər ki, Müqəddəs Kitab çox qəlizdir və onu anlamaq çətindir. Başqaları isə suallar verməyə utanırlar. Bir çoxlarının fikrincə, bu kimi mövzuları din rəhbərləri və ilahiyyatçılar müzakirə etməlidirlər. Bəs bu haqda siz nə fikirləşirsiniz?

4, 5. Həyatda hansı suallar daha vacibdir və nə üçün onlara cavab axtarmaq lazımdır?

4 Yəqin ki, siz həyatın ən vacib suallarına cavab tapmaq istəyirsiniz. Ola bilsin, dəfələrlə düşünmüsünüz: «Həyatın mə’nası nədədir? Ölümdən sonra həyat varmı? Allah necə Şəxsiyyətdir?» Amma özümüzə bu cür suallar verməklə yanaşı, tam və düzgün cavab tapmaq üçün sə’y göstərməyimiz də çox vacibdir. Böyük müəllim İsa Məsih demişdir: «Diləyin, sizə veriləcəkdir; axtarın, tapacaqsınız; qapını döyün, sizə açılacaqdır» (Matta 7:7).

5 Əgər həyati vacib sualların cavabını axtarmağa davam etsəniz, axtarışlarınız mütləq mükafatlandırılacaq (Süleymanın məsəlləri 2:1-5). İnsanlar hər nə desələr də, əmin olun ki, cavab tapmaq mümkündür və siz onları Müqəddəs Kitabdan tapa bilərsiniz. Bu cavabları başa düşmək çətin deyil. Üstəlik, Müqəddəs Kitabdan əldə edilən bilik ümid və sevinc bəxş edir. Onlar həyatda əsl xoşbəxtliyə nail olmağınıza da kömək edə bilər. Gəlin ilk növbədə insanların əksəriyyətini narahat edən bir sualı müzakirə edək.

DOĞRUDANMI ALLAH E’TİNASIZ VƏ QƏDDARDIR?

6. Nəyə görə bir çox insanlar Allahın e’tinasız olduğunu düşünürlər?

6 İnsanların əksəriyyəti Allah haqqında məhz bu fikirdədir. Onlar deyirlər: «Əgər Allah bizim qayğımıza qalsaydı, dünya tamam başqa cür olardı». Bu gün dünyada müharibələr, ədavət və yoxsulluq hökm sürür. İnsanlar xəstələnir, qocalır və əzizlərini itirirlər. Bu kimi hadisələrlə üzləşdikdə çoxlarında belə sual yaranır: «Allah bizi sevsəydi və köməyimizə çatmaq istəsəydi, bütün bunlara yol verərdimi?»

7. a) Çoxlarında Allahın qəddar olduğu fikrinin yaranmasına din xadimləri necə tə’sir göstərmişlər? b) Müqəddəs Kitab həyatda qarşılaşdığımız sınaqlar haqqında nə öyrədir?

7 Ən dəhşətlisi odur ki, insanların Allahı qəddar sanmalarına səbəb, bə’zən din xadimlərinin tə’limləri olur. Bədbəxtlik baş verən zaman onlar iddia edirlər ki, bu, Allahın iradəsidir. Bununla onlar baş verən bütün cinayət və fəlakətlərdə Allahı günahlandırmış olurlar. Bəs Allah haqqında irəli sürülən bu fikir həqiqətə uyğundurmu? Bu haqda Müqəddəs Kitab nə öyrədir? Yaqub 1:13 ayəsində deyilir: «İmtahan olunan zaman, qoy heç kim: “Allah məni imtahan edir”, — deməsin. Çünki Allah pisliklə imtahan olunmur və Özü də heç kimi imtahan etmir». Gördüyümüz kimi, dünyada baş verən pisliklərin səbəbkarı heç vaxt Allah olmamışdır (Əyyub 34:10-12). Düzdür, O, fəlakətlərə və bədbəxtliklərə yol verir. Ancaq bir şeyə yol verməklə, onun səbəbkarı olmaq arasında böyük fərq var.

8, 9. a) Bir şeyə yol verməklə, onun səbəbkarı olmaq arasında böyük fərq olduğunu anlamağa hansı nümunə kömək edir? b) Bəşəriyyətə yanlış yol ilə getməyə izin verdiyi üçün Allahı ittiham etmək nəyə görə haqsızlıq olardı?

8 Bir nümunəni nəzərdən keçirək. Öz valideynləri ilə yaşayan bir gəncin atası xeyirxah və qayğıkeşdir. Ancaq oğul inadkarlıq göstərərək, evdən getmək qərarına gələndə, ata ona mane olmur. O, pis həyat tərzi sürməyə başlayır və bəlaya düşür. Oğulun problemlərinə görə atanı ittiham etmək olarmı? Əlbəttə, yox! (Luka 15:11-13). Buna bənzər tərzdə, yanlış yol seçdikləri zaman Allah da insanlara mane olmadı, amma Allahı onların düçar olduqları bəla və bədbəxtliklərin səbəbkarı hesab etmək düzgün deyil. Buna görə də, dünyada bu qədər pisliyin baş verməsində Allahı günahlandırmaq haqsızlıq olardı.

9 Bəşəriyyətin yanlış yol ilə getməsinə izin verməkdə Allahın əsaslı səbəbləri var. Əlbəttə, müdrik və qüdrətli Yaradan bizə hesabat verməyə borclu deyil. Lakin O, məhəbbətdən irəli gələrək, nə üçün belə davrandığını izah edir. Siz bu haqda kitabın 11-ci fəslindən öyrənəcəksiniz. Əmin olun ki, çəkdiyimiz əzablara və bədbəxtliklərə görə Allah günahkar deyil. Əksinə, O bizi bütün bunlardan azad edəcəyini və’d edir (Yeşaya 33:2).

10. Nəyə görə əmin ola bilərik ki, Allah pisliyin bütün nəticələrini aradan qaldıracaq?

10 Hər şeydən əlavə, Allah müqəddəsdir (Yeşaya 6:3). Bu, Onun təmiz və pak olduğunu göstərir. Allahda zərrə qədər də pislik yoxdur. Buna görə də biz Ona tam e’tibar edə bilərik. Bunu insanlar haqqında demək olmaz, çünki onlar satqın və ədalətsiz ola bilərlər. Hətta hakimiyyət sahibi olan ən düzgün insan belə, pis insanların vurduqları zərərin hamısını aradan qaldırmaq qüvvəsində deyil. Allah isə hər şeyə qadirdir. O, pisliyin bütün nəticələrini aradan qaldırmaq iqtidarındadır və bunu mütləq edəcəkdir. Vaxtı çatanda, Allah insanları iztirab və kədərdən əbədiyyən azad edəcəkdir (Məzmur 37:9-11).

ALLAHIN ƏDALƏTSİZLİYƏ MÜNASİBƏTİ

11. a) Allah ədalətsizliyə necə münasibət göstərir? b) Allah həyatda qarşılaşdığınız çətinliklərə necə yanaşır?

11 Allah bu gün dünyada baş verənlərə və həyatda qarşılaşdığınız çətinliklərə necə münasibət göstərir? Müqəddəs Kitab Allahın ‘ədaləti sevdiyini’ öyrədir (Məzmur 37:28). Nəyin yaxşı və nəyin pis olması Onun üçün çox vacibdir. O, hər cür ədalətsizliyə nifrət edir. Müqəddəs Kitabda deyilir ki, Allah qədimdə dünyanın pisliklə dolduğunu görüb «ürəyində kədərləndi» (Yaradılış 6:5, 6). Allah dəyişməyib (Malaki 3:6). O, dünyada baş verən iztirab və dəhşətlərə indi də nifrət edir və hər bir insanın əzab-əziyyətini görmək Ona ürəkağrısı verir. Müqəddəs Kitabın əmin etdiyi kimi, O, hər birimizin qayğısına qalır (1 Peter 5:7).

Allahın yaratdıqları dağlar, göl, balıqlar, quş və ağaclar

Müqəddəs Kitab öyrədir ki, Yehova — Kainatın məhəbbətli Yaradanıdır

12, 13. a) Nəyə görə insanlar məhəbbət kimi gözəl xüsusiyyətlər təzahür etdirirlər və məhəbbət dünyada baş verənlərə münasibətimizə necə tə’sir göstərir? b) Allahın yer üzündən pisliyi siləcəyinə nə üçün əmin ola bilərik?

12 Haradan bilirik ki, insanların iztirablarını görmək Allah üçün çox ağırdır? Buna bir çox sübutlar var. Müqəddəs Kitab öyrədir ki, insan Allahın surətində yaradılıb (Yaradılış 1:26). Allah yaxşı xüsusiyyətlərə malik olduğu üçün, həmin xüsusiyyətlər bizdə də var. Məsələn, siz təqsirsiz insanların əzab çəkdiyini görəndə hansı hissləri keçirirsiniz? Əgər siz başqalarının ağrı-acısına biganə qala bilmirsinizsə, əmin olun ki, Allah buna görə daha çox narahatdır, çünki Onun hissləri bizimkindən qat-qat güclüdür.

13 İnsanın malik olduğu ən gözəl xüsusiyyətlərdən biri məhəbbətdir. Biz bu sahədə də Allaha bənzəyirik. Müqəddəs Kitab öyrədir ki, «Allah məhəbbətdir» (1 Yəhya 4:8). O, məhəbbət təzahür etdirdiyi üçün, biz də sevməyi bacarırıq. Siz dünyadakı əzab-əziyyətə və ədalətsizliyə son qoymaq istərdinizmi? Hər şey sizdən asılı olsaydı, bunu etməzdinizmi? Əlbəttə, məhəbbətdən irəli gələrək siz belə də davranardınız. Buna bənzər tərzdə, Allahın da bütün fəlakət və haqsızlıqları yer üzündən mütləq siləcəyinə əmin ola bilərik. Bu kitabın müqəddiməsində bəhs olunan və’dlər sadəcə arzu deyil. Onlar mütləq həyata keçəcək! Lakin Allahın və’dlərinə e’tibar edəsiniz deyə, Onunla daha yaxından tanış olmalısınız.

ALLAH BİZİM ONUNLA TANIŞ OLMAĞIMIZI İSTƏYİR

İki qadın bir-biri ilə tanış olur

Kiminləsə tanış olmaq istəyəndə, adətən adımızı deyirik. Allah da Öz adını bizə Müqəddəs Kitab vasitəsilə açır.

14. Allahın adı nədir və bu adı nə üçün istifadə etməliyik?

14 Tanışlıq nədən başlayır? Adətən özümüzü təqdim edirik. Bəs Allahın adı varmı? İmanlı insanların əksəriyyəti Onun adının «Allah» və ya «Rəbb» olduğunu hesab edirlər. Lakin bunlar Allahın adı deyil, «padşah» və ya «prezident» kimi titullardır. Müqəddəs Kitabdan görünür ki, Allahın çoxlu titulları var. «Allah» və «Rəbb» onlardan bə’ziləridir. Lakin Müqəddəs Kitab öyrədir ki, Allahın şəxsi adı var — Onun adı Yehovadır. Yeşaya 42:8 (KM) ayəsində deyilir: «Mən Yehovayam, ismim odur; və izzətimi bir başqasına və həmdimi oyma bütlərə verməyəcəyəm». Ola bilsin, sizin istifadə etdiyiniz Müqəddəs Kitab tərcüməsində Allahın adı yoxdur. Onda bu kitabın «Əlavələr» bölməsində, 195-197-ci səhifələrdəki mə’lumatı oxumaq sizə maraqlı olacaq; orada Allahın adının bə’zi tərcümələrdə istifadə olunmamasının səbəbi izah edilir. Müqəddəs Kitabın qədim əlyazmalarında Allahın adına bir neçə min dəfə rast gəlinir. Göründüyü kimi, Yehova Allah istəyir ki, siz Onun adını biləsiniz və istifadə edəsiniz. O Öz adını bizə Müqəddəs Kitab vasitəsilə açır.

15. Yehova adı hansı mə’nanı daşıyır?

15 Allahın Özünə seçdiyi ad dərin mə’na daşıyır. Yehova adı bildirir ki, Allah bütün və’dlərini və niyyətlərini həyata keçirməyə qadirdira. Allahın adı nadir və özlüyündə yeganə addır. Bu adı daşımağa yalnız Allah layiqdir. Yehovanın Özü də bir çox cəhətdən bənzərsizdir. Nəyə görə?

16, 17. Yehovanın: a) «Küll-İxtiyar»; b) «əbədiyyət Padşahı»; c) «Yaradan» titulları bizə Onun haqqında nə öyrədir?

16 Məzmur 83:18 ayəsində Yehova haqqında «ancaq Sən Haqq-Taalasan!» deyilir. Həqiqətən də, yalnız Yehova «Küll-İxtiyar» adlanır. Vəhy 15:3 ayəsində deyilir: «Ey Küll-İxtiyar Rəbb Allah! Sənin əməllərin böyük və xariqul’adədir. Ey millətlərin Hökmdarı [«əbədiyyət Padşahı», YD]! Sənin yolların doğru və həqiqidir». «Küll-İxtiyar» titulu Yehovanın ən qüdrətli Şəxsiyyət olduğunu göstərir. O, hədsiz və misilsiz gücə malikdir. «Əbədiyyət Padşahı» titulu isə Yehovanın başqa bir cəhətdən də bənzərsiz olduğunu aşkar edir. O, hər zaman mövcud olmuşdur. Məzmur 90:2 ayəsində deyilir: «Əzəldən axıradək [əbədiyyən] Allah Sənsən». Bu fikir insanı lərzəyə gətirir, elə deyilmi?!

17 Bundan əlavə, yalnız Yehova Yaradandır. Vəhy 4:11 ayəsində deyilir: «Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı». Təsəvvür edin: gözəgörünməz ruhani varlıqlardan tutmuş gecə göy üzünə səpələnən ulduzlara kimi, ağacların meyvələrindən tutmuş çaylarda və okeanlarda üzən balıqlara kimi bütün hər şey Yehovanın Yaradan olması sayəsində mövcuddur!

YEHOVAYA YAXINLAŞMAQ MÜMKÜNDÜRMÜ?

18. Nəyə görə bə’ziləri Allaha yaxınlaşmağın qeyri-mümkün olduğunu düşünürlər, bəs Müqəddəs Kitab nəyi öyrədir?

18 Yehovanın əzəmətli xüsusiyyətləri haqqında oxuyanda bə’zi insanlarda çaşqınlıq yaranır. Onlar Allahın əlçatmaz və Ona yaxınlaşmağın qeyri-mümkün olduğunu düşünürlər. Həmçinin onlara elə gəlir ki, bu qədər qüdrətli bir Allah onlara heç vaxt diqqət yetirməz. Bəs bu həqiqətən də belədirmi? Müqəddəs Kitab bunun tam əksini öyrədir. Orada deyilir ki, Yehova «heç birimizdən uzaq deyil» (Həvarilərin işləri 17:27). Müqəddəs Kitab, hətta bizi təşviq edir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşar» (Yaqub 4:8).

19. a) Yehovaya yaxınlaşmaq üçün birinci addım nədən ibarətdir və bu, hansı xeyir-duaları gətirəcək? b) Allahın hansı xüsusiyyətləri sizin daha çox xoşunuza gəlir?

19 Allaha necə yaxınlaşmaq olar? İlk növbədə, Allah haqqında öyrənməyə davam etmək lazımdır. İsa demişdir: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3). Bəli, Müqəddəs Kitab Yehova və İsa haqqında bilik əldə etməklə «əbədi həyatı» miras ala biləcəyimizi öyrədir! Artıq qeyd olunduğu kimi, «Allah məhəbbətdir» (1 Yəhya 4:16). Yehova bir çox başqa gözəl xüsusiyyətlərə də malikdir. Misal üçün, Müqəddəs Kitabda Onun «rəhmli və lütfkar», «bol məhəbbətli və sədaqətli» Allah olduğu deyilir (Çıxış 34:6). Yehova, həmçinin ‘xeyirxah və bağışlayandır’ (Məzmur 86:5). Səbir edəndir (2 Peter 3:9). Siz, Müqəddəs Kitabı oxuduqca, Yehovanın bu və ya digər gözəl xüsusiyyətləri necə təzahür etdirdiyini görəcəksiniz.

20-22. a) Allahı görə bilməməyimiz Ona yaxınlaşmağımıza mane olurmu? İzah edin. b) Bə’ziləri yaxşı niyyətlərdən irəli gələrək nəyə çalışa bilərlər, amma siz hansı əhval-ruhiyyədə olmalısınız?

20 Allahı görmək mümkün deyil, çünki O, gözəgörünməz ruhdur (Yəhya 1:18; 4:24; 1 Timoteyə 1:17). Lakin Müqəddəs Kitab Allahla tanış olmağa kömək edir, çünki orada Onun şəxsiyyəti açıqlanır. Məzmurçunun dediyi kimi, biz Yehovanın ‘camalını’ görə bilərik (Məzmur 27:4; Romalılara 1:20). Yehova haqqında nə qədər çox öyrənsəniz, O, sizin üçün bir o qədər də real olacaq. Allaha olan məhəbbətiniz artacaq və siz Ona yaxınlaşa biləcəksiniz.

Sevən ata çiyinlərində uşağını saxlayıb Allahın yaratdığı şeyləri göstərir

Sevən atanın övladlarına bəslədiyi məhəbbət, səmavi Atamızın bizi nə qədər çox sevdiyini anlamağa kömək edir

21 Yehovanın Müqəddəs Kitabda nəyə görə Ata adlandığını tədricən anlayacaqsınız (Matta 6:9). Allah bizə həyat verməklə yanaşı, sevən atanın övladlarına xoşbəxtlik dilədiyi kimi, O da bizə ən gözəl həyat arzulayır (Məzmur 36:9). Həmçinin Müqəddəs Kitab öyrədir ki, insanlar Yehovanın dostu ola bilərlər (Yaqub 2:23). Təsəvvür edin: siz Kainatın Yaradanı ilə dost ola bilərsiniz!

22 Ola bilsin, bə’zi insanlar yaxşı niyyətlərdən irəli gələrək, sizi Müqəddəs Kitabı öyrənmək fikrindən daşındırmağa çalışsınlar. Onlar sizin öz dini e’tiqadlarınızı dəyişəcəyinizdən ehtiyat edərək, narahat ola bilərlər. Lakin ən yaxşı Dostu qazanmağınıza kiminsə mane olmasına yol verməyin.

23, 24. a) Nəyə görə öyrənmə zamanı suallar verməkdən çəkinmək lazım deyil? b) Növbəti fəsildə nə haqda öyrənəcəyik?

23 Əlbəttə, ilk dəfədən başa düşmədiyiniz şeylər olacaq. Buna görə də kömək istəməkdən çəkinməyin. Bunun üçün sadəcə bir az təvazökarlıq tələb olunur. İsa, balaca uşaq kimi təvazökar olmağın tə’rifəlayiq olduğunu söylədi (Matta 18:2-4). Bildiyimiz kimi, uşaqlar olduqca çox suallar verirlər. Allah bizim də öz suallarımıza cavab axtarıb tapmağımızı istəyir. Müqəddəs Kitab qədimdə yaşamış və Allah haqqında öyrənməyə sə’y göstərmiş insanları tə’rifləyir. Onlar Müqəddəs Yazıları əsaslı surətdə tədqiq edərək, öyrəndiklərinin həqiqət olub-olmadığına əmin olmağa çalışırdılar (Həvarilərin işləri 17:11).

24 Yehovanı tanımağın ən yaxşı üsulu Müqəddəs Kitabı öyrənməkdir. Bu kitab bütün başqa kitablardan fərqlənir. Hansı sahədə? Bu mövzu növbəti fəsildə müzakirə edilir.

a Allahın adının mə’nası və tələffüzü haqqında bu kitabın «Əlavələr» bölməsindən, 195-197-ci səhifələrdən öyrənmək olar.

MÜQƏDDƏS KİTABIN ÖYRƏTDİKLƏRİ

  • Allah sizin qayğınıza qalır (1 Peter 5:7).

  • Allahın adı Yehovadır (Yeşaya 42:8, KM).

  • Yehova bizi Ona yaxınlaşmağa də’vət edir (Yaqub 4:8).

  • Yehova məhəbbətli, rəhmli və lütfkar Allahdır (Çıxış 34:6).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş