Yehovaya tam ciddiyyətlə xidmət edin
«Ciddi diqqətə layiq... nə varsa, bunlar haqqında daima düşünün» (FİLİP. 4:8, haşiyə).
1, 2. Nəyə görə çoxları həyata qeyri-ciddi yanaşır və bununla əlaqədar hansı suallar ortaya çıxır?
BİZ bəşər tarixinin ən ağır və məşəqqətli dövründə yaşayırıq. Yehova ilə sıx münasibətləri olmayan insanlar üçün belə bir ağır zəmanədən baş çıxartmaq əsil mübarizə ola bilər (2 Tim. 3:1—5). Yalnız öz gücləri və iradələri sayəsində onlar birtəhər günü başa vurmalı olurlar. Çoxları həyatın özü ilə gətirdiyi ağrı-acıları unutmaq üçün daima yeni əyləncələr axtarırlar.
2 Həyat qayğıları ilə mübarizədə insanlar çox vaxt zövq və əyləncə dalınca qaçırlar. Ehtiyatı əldən versələr, məsihçilər də asanlıqla bu tələyə düşə bilərlər. Bundan qaçınmaq necə mümkündür? Məgər indi həmişə ciddi olmalı və heç vaxt əylənməməliyik? Məsuliyyətlərimizlə əyləncələr arasında tarazlığı necə qorumaq olar? Həyatımızda əsas yeri vacib şeylər tutsa da, həddən artıq ciddi, ağır insan olmamaq üçün hansı Müqəddəs Kitab prinsiplərini əldə rəhbər tutmalıyıq?
Əyləncə düşkünü olan bir dünyada ciddi olmaq
3, 4. Müqəddəs Yazılar bizə ciddiliyin vacibliyini anlamağa necə kömək edir?
3 Dünyanın ‘eyş-işrət’ düşkünü olduğu göz qabağındadır (2 Tim. 3:4). Onun «kef elə» şüarı ilə yaşaması bizim ruhaniliyimiz üçün ciddi təhlükə yarada bilər (Sül. məs. 21:17). Buna görə təəccüblü deyil ki, həvari Pavel Timoteyə və Titusa yazdığı məktublara ciddilik məsələsinə dair məsləhətlər daxil etmişdi. Həmin məsləhətlərə əməl etsək, dünyanın həyata olan qeyri-ciddi və laqeyd münasibətinə yoluxmayacağıq. (1 Timoteyə 2:1, 2; Titusa 2:2—8 ayələrini oxu.)
4 Paveldən əsrlər öncə yaşamış Süleyman yazmışdı ki, həyatda ciddi məsələlər barədə düşünmək daima əylənməkdən daha yaxşıdır (Vaiz 3:4; 7:2—4). Bəli, həyatın qısa olduğunu nəzərə alsaq, biz ‘var gücümüzlə’ xilasa nail olmağa çalışmalıyıq (Luka 13:24). Bunun üçün «ciddi diqqətə layiq» olan nə varsa, daima onu düşünməliyik (Filip. 4:8, 9). Bu, məsihçi həyatının hər bir sahəsinə diqqətlə yanaşmaq deməkdir.
5. Həyatımızın hansı sahəsinə ciddi yanaşmalıyıq?
5 Misal üçün, Yehovanı və İsanı təqlid edən məsihçilər səylə işləmək məsuliyyətlərinə ciddi yanaşırlar (Yəh. 5:17). İşlərinə vicdanla yanaşdıqları və etibarlı insanlar olduqları üçün onları çox vaxt tərifləyirlər. Xüsusilə də ailə başçıları ailələrini dolandırmaq üçün səylə işləməlidirlər. Çünki ailə üzvlərini maddi cəhətdən təmin etməmək Yehovanı inkar etməyə bərabərdir! (1 Tim. 5:8).
Xidmətə ciddi münasibət sevinc gətirir
6. İbadətimizə ciddi yanaşmalı olduğumuzu haradan bilirik?
6 Yehova həqiqi ibadətə heç vaxt başdansovdu yanaşmayıb. Qədimdə Musanın Qanunu altında olan israillilər Yehovaya ibadətdən yayınanda bunun acı nəticələri ilə üzləşirdilər (Yeşua 23:12, 13). Eramızın birinci əsrində Məsihin davamçıları ibadətlərini yalançı təlimlərlə və pis xüsusiyyətlərlə ləkələməmək üçün var gücləri ilə mübarizə aparmalı idilər (2 Yəh. 7—11; Vəhy 2:14—16). Bu gün də həqiqi məsihçilər ibadətlərinə ciddi yanaşırlar (1 Tim. 6:20).
7. Pavel xidmətə necə hazırlaşırdı?
7 Təbliğ xidməti bizim üçün əsil sevinc mənbəyidir. Ancaq sevincimizi qorumaq üçün biz ona ciddi yanaşmalı və əvvəlcədən hazırlaşmalıyıq. Pavel təlim verdiyi insanların tələbatlarını necə nəzərə aldığını izah etmişdi. O deyir: «Hər cür adam üçün hər şey oldum və hər fürsətdən istifadə etdim ki, heç olmasa kimisə xilas edə bilim. Bütün bunları xoş xəbər uğrunda edirəm ki, onu başqalarına çatdıra bilim» (1 Kor. 9:22, 23). Pavel insanlara ruhani köməklik göstərməkdən zövq alırdı və o, həmişə dinləyicilərinin konkret tələbatlarını necə ödəmək barədə ciddi düşünürdü. Buna görə də onları ruhlandırmaq və Yehovaya ibadət etməyə təşviq etmək onun üçün çətin deyildi.
8. a) Xidmətdə öyrətdiyimiz insanlara münasibətimiz necə olmalıdır? b) Başqalarına Müqəddəs Kitabı öyrətmək xidmətdə sevincimizi necə artıra bilər?
8 Pavel xidmətə nə dərəcədə ciddi yanaşırdı? O həm Yehovaya, həm də həqiqət xəbərinə qulaq asan insanlara «qul» kimi xidmət etməyə hazır idi (Rom. 12:11; 1 Kor. 9:19). Evdə, məsihçi görüşlərində və ya ailəvi ibadət zamanı kiməsə Müqəddəs Kitabı öyrədərkən onların qarşısında daşıdığımız məsuliyyəti dərk edirikmi? Ola bilsin, biz düşünürük ki, kiminləsə müntəzəm olaraq Müqəddəs Kitab öyrənməsi keçirmək ağır yükdür. Düzdür, başqalarına ruhən kömək etmək üçün, adətən, öz şəxsi işlərimizə sərf etdiyimiz vaxtı azaltmaq lazım gəlir. Məgər bu, İsanın: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir», — sözlərinə müvafiq deyil? (Həv. iş. 20:35). İnsanlara xilas yolunu öyrətmək bizə başqa məşğuliyyətlərdən daha çox sevinc gətirəcək.
9, 10. a) Ciddi olmaq o deməkdirmi ki, biz dincələ və ya insanlarla xoş vaxt keçirə bilmərik? İzah edin. b) Ağsaqqallar nə etməlidirlər ki, başqaları onlara sərbəst yaxınlaşa bilsin və özlərini onların yanında rahat hiss etsinlər?
9 Ciddi olmaq o demək deyil ki, biz dincələ və ya insanlarla xoş vaxt keçirə bilmərik. Bu sahədə bizim üçün gözəl nümunə qoyan İsa insanlara təlim verməklə yanaşı, istirahətə və xoş ünsiyyətə də vaxt ayırırdı (Luka 5:27—29; Yəh. 12:1, 2). Üstəlik, ciddi olmaq o demək deyil ki, biz həmişə zahirən ciddi görünməliyik. İsa xasiyyətcə ağır insan olsaydı, başqaları ona yaxın durmazdı. Hətta balaca uşaqlar belə özlərini onun yanında çox rahat və sərbəst hiss edirdilər (Mark 10:13—16). Biz İsa kimi tarazlığı necə qoruya bilərik?
10 Bir qardaş yığıncaq ağsaqqalı barədə demişdi: «O, özünə qarşı çox tələbkar olsa da, başqalarından heç vaxt kamillik gözləmir». Sənin barəndə də bunu demək olarmı? Həddən artıq tələbkar olmamaq şərtilə başqalarından nə isə gözləmək normaldır. Məsələn, valideynlər uşaqlarının qarşısına əlçatan məqsədlər qoyanda və bu məqsədlərə nail olmaqda onlara kömək edəndə uşaqların, adətən, buna münasibəti yaxşı olur. Eynilə, ağsaqqallar da yığıncağa gələnləri ruhən böyüməyə təşviq edə və bununla əlaqədar konkret köməklik göstərə bilərlər. Özünə qarşı tarazlı baxışa malik olan ağsaqqal mülayim olacaq və onda başqaları üçün ona yaxınlaşmaq çətin olmayacaq (Rom. 12:3). Bir bacı qeyd etmişdi: «Mən istəməzdim ki, ağsaqqal hər şeyi zarafata salsın. Amma o, hər zaman ciddi olsa, ona yaxın durmaq mümkün olmayacaq». Başqa bacı isə deyir: «Bəzi ağsaqqallar xasiyyətcə həddən artıq ciddi olduqlarından adam onlardan qorxur». Ağsaqqallar həmimanlılarında elə təəssürat yaratmamalıdırlar ki, Yehovaya xidmət etmək əslində sevindirici deyil. Axı Yehova «xoşbəxt Allah»dır və bütün bacı-qardaşlar Ona xidmətdən sevinc duymalıdırlar (1 Tim. 1:11).
Məsuliyyətlərə can atmaq
11. Yığıncaqda məsuliyyətlərə can atmaq nə deməkdir?
11 Pavel yığıncaqdakı kişilərə daha çox məsuliyyətlərə can atmağı məsləhət görürdü. Ancaq onun məqsədi onları şöhrətpərəstliyə təşviq etmək deyildi. O yazırdı: «Nəzarətçi vəzifəsinə can atan adam yaxşı iş görür» (1 Tim. 3:1, 4). Yığıncaqda məsuliyyətlərə «can atan» qardaşlardan tələb olunur ki, özlərində həmimanlılarına xidmət etmək üçün lazım olacaq ruhani xüsusiyyətlərə yiyələnmək arzusunu inkişaf etdirsinlər. Əgər qardaş ən azı bir ildir ki, vəftiz olubsa və 1 Timoteyə 3:8—13 ayələrində nəzarətçilər üçün qoyulan tələblərə kifayət qədər cavab verirsə, onda həmin qardaşı xidməti köməkçi kimi tövsiyə etmək olar. Səkkizinci ayədə aydın deyilir ki, xidməti köməkçilər «ciddi olmalıdırlar».
12, 13. Gənc qardaşlar yığıncaqda məsuliyyətlərə necə can ata bilərlər?
12 Əgər sən yeniyetməlik dövründən çıxmaq üzrəsənsə, həqiqi ibadətə ciddi yanaşırsansa və artıq vəftiz olunmusansa, yığıncaqda məsuliyyətlərə necə can ata bilərsən? Üsullardan biri təbliğ xidmətində daha fəal olmaqdır. Müxtəlif yaşlı qardaşlarla xidmətə çıxırsanmı? Müqəddəs Kitabı öyrənmək istəyən insanları tapmağa çalışırsanmı? Əgər sən başqalarına yığıncaq görüşlərində səslənən məsləhətlərə uyğun təlim verirsənsə, müəllimlik qabiliyyətin get-gedə yaxşılaşacaq. Üstəlik, Yehovanın yollarını öyrənən insana şəfqət göstərməyin nə demək olduğunu başa düşəcəksən. O, həyatında dəyişiklik etməli olduğunu dərk edəndə sən səbirlə və nəzakətlə ona Müqəddəs Kitab prinsiplərini tətbiq etməyə köməklik göstərməyi öyrənəcəksən.
13 Gənc qardaşlar yığıncaqdakı yaşlı həmimanlılarına müxtəlif cür yardım göstərə bilərlər. Həmçinin Padşahlıq Zalının təmizlik işində iştirak etməyiniz onun gözəl və səliqəli görünməsini istədiyinizdən xəbər verəcək. Əgər kömək etməyə həmişə hazırsınızsa, deməli, xidmətə ciddi yanaşırsınız. Timotey kimi, siz də səmimi-qəlbdən yığıncağın tələbatlarının qayğısına qalmağı öyrənəcəksiniz. (Filipililərə 2:19—22 ayələrini oxu.)
14. Gənc qardaşların yığıncaqdakı məsuliyyətlər üçün yararlı olub-olmadıqları necə müəyyən edilir?
14 Ey ağsaqqallar, gəncliyə xas olan istəklərdən qaçan, üstəlik, salehlik, iman, məhəbbət, sülh və bu kimi digər gözəl xüsusiyyətlərə can atan gənc qardaşlara müxtəlif işlər tapşırın (2 Tim. 2:22). Yığıncaqda onlara tapşırıq veriləndə bu məsuliyyətləri daşımağa yararlı olub-olmadıqları sınanır. Bununla da onların inkişafı hamıya bəlli olur (1 Tim. 3:10; 4:15).
Yığıncaqda və ailədə ciddi olmaq
15. Pavelin 1 Timoteyə 5:1, 2 ayələrindəki sözlərinə əsasən, başqalarına ciddi yanaşdığımız nədən görünəcək?
15 Ciddi olmaq həmçinin bacı-qardaşlarımızın ləyaqətinə hörmət etmək deməkdir. Pavel Timoteyə məsləhət verərkən başqalarına hörmətlə yanaşmağın vacibliyini vurğulamışdı. (1 Timoteyə 5:1, 2 ayələrini oxu.) Bu xüsusilə də əks cinslə münasibətdə vacibdir. Əyyubun qadınlara, xüsusilə də həyat yoldaşına hörmət göstərməsi təqdirəlayiqdir. O çalışırdı ki, başqa qadınlara şəhvətlə baxmasın (Əyy. 31:1). Əgər biz bacı-qardaşlarımıza, həqiqətən də, ciddi yanaşırıqsa, onlarla eşqbazlıq etməyəcəyik və bizim yanımızda özlərini narahat hiss etməsinlər deyə artıq-əskik hərəkətlərə yol verməyəcəyik. İki nəfər evlənmək məqsədilə bir-birilə görüşəndə başqalarının ləyaqətinə hörmət göstərmələri xüsusilə vacibdir. Bundan əlavə, ciddi məsihçi heç vaxt əks cinsdən olan insanın hissləri ilə oynamayacaq (Sül. məs. 12:22).
16. Bu dünya kişinin ailədəki ər və ata vəzifəsinə necə yanaşır? Bəs Müqəddəs Kitabda bu barədə nə deyilir?
16 Üstəlik, biz diqqətli olmalıyıq ki, Allahın bizə ailədə verdiyi vəzifəyə başdansovdu yanaşmayaq. Şeytan dünyası kişilərin ailədə ər və ata vəzifəsini lağa qoyur. Əyləncə sənayesi ailə başçılarını gülünc obyektinə çevirərək onları hörmətdən salır. Ancaq Müqəddəs Yazılara əsasən, «ər... arvadının başıdır». Bu da ərin üzərinə böyük məsuliyyət qoyur (Efes. 5:23; 1 Kor. 11:3).
17. Ailəvi ibadətdə iştirak etməyimiz ailədəki vəzifəmizə ciddi yanaşdığımızı necə göstərir? İzah edin.
17 Ər ailəsini maddi cəhətdən təmin etməlidir. Amma əgər o, ailəsinin ruhani tələbatlarının qayğısına qalmırsa, bu, onda müdrikliyin çatışmadığından xəbər verir (Qanun. t. 6:6, 7). Buna görə də 1 Timoteyə 3:4 («İncil», 1993) ayəsində deyilir ki, yığıncaqda məsuliyyətlərə can atan ailə başçısı «öz ailəsini yaxşı idarə etməli, tam ciddilik göstərərək, uşaqlarını öz tabeliyində saxlamalıdır». Özündən soruş: «Ailəvi ibadət keçirmək üçün müntəzəm olaraq vaxt ayırırammı?» Bəzi bacılar, az qala, ərlərinə yalvarırlar ki, ruhani məsələlərdə başçılığı öz üzərlərinə götürsünlər. Hər bir ailə başçısı vəzifəsinə necə yanaşdığını ciddi götür-qoy etməlidir. Məsihçi qadın isə ailəvi ibadəti dəstəkləməli və onun uğurlu keçməsi üçün əri ilə əməkdaşlıq etməlidir.
18. Uşaqlar ciddi olmağı necə öyrənə bilərlər?
18 Uşaqlar da həyatda daha vacib şeylərə ciddi yanaşmalıdırlar (Vaiz 12:1). Balacalıqdan səylə işləməyi öyrənməyin uşaqlara zərəri olmayacaq. Onlara yaşlarına və qabiliyyətlərinə uyğun ev işləri tapşırmaq olar (Mərs. 3:27). Padşah Davud uşaqlıqdan çobanlıq edirdi. Həmçinin o, musiqi alətlərində çalmağı və mahnı bəstələməyi öyrənmişdi. Belə gözəl bacarıqlarına görə o, İsrail hökmdarı qarşısında xidmət etmək dəvətini almışdı (1 Şam. 16:11, 12, 18—21). Şübhəsiz, Davud uşaq ikən oynayırdı, oyana-buyana qaçırdı, bununla belə, o, lazımi bacarıqlara da yiyələnmişdi və böyüyəndə bu bacarıqlarından Yehovanı izzətləndirmək üçün istifadə edirdi. O, uşaqlıqda çobanlıq etdiyi üçün padşah olanda İsrail xalqına səbirlə rəhbərlik edirdi. Bəs siz, gənclər, hansı bacarıqlara yiyələnirsiniz? Unutmayın ki, bu bacarıqlar sizə Yaradana xidmət etməyə və gələcəkdə alacağınız məsuliyyətlərə hazırlaşmağa kömək edəcək.
Tarazlı baxış
19, 20. Sən özünə və ibadətinə necə yanaşmaq niyyətindəsən?
19 Biz özümüzə tarazlı yanaşmağı, yəni həddən artıq ciddi, ağır insan olmamağı öyrənə bilərik. Heç kəs «həddən artıq saleh» olmaq istəməzdi (Vaiz 7:16). Bəzən evdə, işdə, yaxud həmimanlılarımızla ünsiyyət edərkən gərgin vəziyyətlər yaranır. Yaxşı olardı ki, onları zarafata salıb sadəcə üstündən keçək. Evə gəldikdə isə, burada xoş ab-hava hökm sürməlidir. Bu ab-hava pozulmasın deyə ailə üzvləri tənqidi olmamalıdırlar. Yığıncaqda hər birimiz deyib-gülməyi, bir-birimizlə ünsiyyətdən zövq almağı öyrənə bilərik. Bunun üçün söhbətlərimiz və təlim vermək üsullarımız müsbət və ruhlandırıcı olmalıdır (2 Kor. 13:10; Efes. 4:29).
20 Biz Yehovanı və Onun qanunlarını ciddi qəbul etməyən insanların arasında yaşayırıq. Amma onlardan fərqli olaraq, Yehovanın xalqı Ona itaət etmək və sadiq qalmaq məsələsinə çox ciddi yanaşır. Yehovaya ‘tam ciddiyyətlə’ xidmət edən böyük bir xalqın üzvü olmaq necə də xoşdur! Buna görə də gəlin bundan sonra da həyatımıza və ibadətimizə ciddi yanaşaq.
Necə cavab verərdiniz?
• Həyata qeyri-ciddi yanaşan dünyanın ruhuna yoluxmamaq üçün bizdən nə tələb olunur?
• Xidmətə ciddi yanaşmaq, eyni zamanda ondan sevinc duymaq necə mümkündür?
• Yığıncaqdakı məsuliyyətlərə hansı niyyətdən irəli gələrək can atmalıyıq və bizim ciddi olub-olmamağımız bundan necə görünür?
• Nəyə görə bacı-qardaşlarımızın və ailə üzvlərimizin ləyaqətinə hörmət etmək ciddi məsələdir?
[12-ci səhifədəki şəkillər]
Ər ailəsinin həm maddi, həm də ruhani tələbatlarını ödəməlidir