MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR
«İndi özümə hörmət edirəm» (VİKTORİYA TANQ).
DOĞULDUĞU İL: 1957
ÖLKƏ: AVSTRALİYA
KEÇMİŞDƏ: UŞAQLIĞI PİS KEÇİB
KEÇMİŞİM.
Mən Yeni Cənubi Uelsin Nyukasl şəhərində böyümüşəm. Yeddi uşaqdan böyüyü idim. Anam zorakı idi, atam isə həm zorakı, həm də içki düşkünü idi. Anam məni döyür, söyürdü. Həmişə deyirdi ki, mən yaramaz uşağam, cəhənnəmdə yanacağam. Bu sözlər məni qorxuya salırdı.
Bəzən anam məni o qədər döyürdü ki, məktəbə də gedə bilmirdi. On bir yaşım olanda məni valideynlərimdən aldılar. Əvvəlcə dövlətin açdığı uşaq evinə, sonra isə monastıra verdilər. On dörd yaşında monastırdan qaçdım. Ancaq evimizə qayıtmaq istəmədim, odur ki, Sidneyin şəhərdən kənar ərazisi olan Kinqs Krossun küçələrində yaşamağa başladım.
Küçədə yaşayanda narkotikə, spirtli içkilərə qurşandım. Pornoqrafiyaya baxır, fahişəlik edirdim. Ancaq bir dəfə başıma çox qorxulu hadisə gəldi. Gecə klubunun yiyəsinin evində qalırdım. Bir axşam onun yanına iki kişi gəldi. O məni yataq otağına göndərdi. Ancaq oradan onların söhbətini eşidirdim. Klubun sahibi məni bu kişilərə satmaq istəyirdi. Onlar məni yük gəmisi ilə gizlicə Yaponiyaya aparacaqdılar ki, orada barda işləyim. Mən təlaş içində eyvandan tullanıb qaçdım.
Sidneyə qonaq gəlmiş bir nəfərlə rastlaşdım. Vəziyyəti ona danışdım, ümid edirdim ki, mənə bir az pul verər. O isə məni qaldığı yerə dəvət etdi ki, çimim, bir az yemək yeyim. İş elə gətirdi ki, mən həmişəlik onunla qaldım. Bir ildən sonra isə evləndik.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.
Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladım. Öyrəndikcə məni bir tərəfdən qəzəb hissi çulğayırdı, digər tərəfdən də qəlbimə rahatlıq çökürdü. Əzabların səbəbkarının Şeytan olduğunu öyrənəndə ona qəzəbləndim. Axı mənə həmişə elə başa salmışdılar ki, əzablar Allahdandır. Bundan başqa, öyrəndim ki, Allah insanları cəhənnəmdə yandırmır. Bunu biləndə isə sanki qəlbimə su səpdilər. Çünki uşaqlıqdan bu təlim məni çox qorxudurdu.
Fikir verirdim ki, Yehovanın Şahidləri hər nə məsələ olursa olsun, qərar verəndə Müqəddəs Kitabı rəhbər tuturlar. Onlar həyatlarını imanları əsasında qururlar. Mənim xasiyyətim ağır idi. Amma nə desəm də, nə etsəm də, onlar mənimlə məhəbbətlə, hörmətlə davranırdılar.
Ən böyük çətinliyim o idi ki, özümdən zəhləm gedirdi, özüm özümdən iyrənirdim. Hətta Yehovanın Şahidi kimi vəftiz olunandan sonra da uzun müddət özümə bu cür yanaşırdım. Yehovanı sevirdim, amma əmin idim ki, O heç vaxt mənim kimi bir adamı sevməz.
Ancaq vəftiz olunmağımdan on beş il sonra ibadət evində eşitdiyim bir fikir düşüncəmi dəyişdi. Nitqlə çıxış edən qardaş Yaqub 1:23, 24 ayələrini izah edirdi. Orada Allahın Kəlamı güzgüyə bənzədilir. Bu güzgüyə baxanda özümüzü Yehovanın gözündə göründüyümüz kimi görürük. Bu məni düşündürdü. Fikirləşdim: «Görəsən mən, doğrudan, özümü Yehovanın gördüyü kimi görürəm?» Əvvəl-əvvəl bu fikri beynimdən qovmağa çalışdım. Hələ də düşünürdüm ki, Yehova məni sevə bilməz.
Bir neçə gün sonra oxuduğum ayə bütün həyatımı dəyişdi. Bu, Əşiya 1:18 ayəsi idi. Orada Yehova deyir: «Gəlin aramızdakı məsələləri həll edək. Günahlarınız al-qırmızı olsa da, onları qar kimi ağappaq edəcəyəm». Mənə elə gəldi ki, Yehova mənə deyir: «Viki, gəl aramızdakı məsələləri həll edək. Mən sənin günahlarından agaham, ancaq ürəyini də görürəm. Səni çox sevirəm».
Həmin gecə gözümə yuxu getmədi. Hələ də Yehovanın məni sevdiyinə inana bilmirdim. Amma birdən İsanın fidyə qurbanlığı barədə düşünməyə başladım. Elə o an mənə çatdı ki, gör neçə vaxtdır Yehova mənə səbir edir, cürbəcür yollarla məni sevdiyini göstərməyə çalışır. Mən isə sanki Ona deyirəm: «Yox, Sənin məhəbbətin o qədər deyil ki, məni də sevəsən. Oğlunun qurbanlığı isə mənim günahlarımı örtməyə yetməz». Bu cür düşünməklə sanki qurbanlığı rədd edirdim. Ancaq fidyə qurbanlığı barədə fikirləşəndən sonra, nəhayət ki, Yehovanın mənə olan sevgisini duymağa başladım.
MƏNƏ FAYDASI.
İndi özümə hörmət edirəm, özümü təmiz hiss edirəm. Yoldaşımla münasibətlərimiz yaxşılaşıb. Çox sevinirəm ki, öz başıma gələnləri danışıb başqalarına kömək edə bilirəm. Ən əsası isə Yehovaya günü-gündən daha da çox yaxınlaşıram.