Müqəddəs Kitab həyatları dəyişir
Günü motosiklet sürmək və idmanla məşğul olmaqla keçən bir narkoman nə üçün həyat tərzini dəyişib Allaha tammüddətli xidmətə başladı? Mahir qumarbazı öz vərdişindən əl çəkib ailəsini dolandırmaq üçün halal zəhməti ilə pul qazanmağa nə təşviq etdi? Uşaqlıqdan Yehovanın Şahidi kimi tərbiyə alan, lakin sonralar Müqəddəs Kitab normalarından uzaqlaşan gənc qızı həyat tərzi haqqında düşünməyə nə vadar etdi? Gəlin özlərinin bu haqda dediklərinə nəzər salaq.
ÜMUMİ TANIŞLIQ
ADI: TERRENS O’BRAYN
YAŞI: 57
ÖLKƏ: AVSTRALİYA
TARİXÇƏSİ: NARKOMAN VƏ MOTOSİKLET HƏVƏSKARI
KEÇMİŞİM: Uşaqlığım Kvinslend ştatının insanlarla qaynaşan paytaxtı Brisben şəhərində keçib. Baxmayaraq ki, valideynlərim katolik idi, səkkiz yaşım olanda biz kilsədən ayağımızı kəsdik və artıq evdə din haqqında bir kəlmə də kəsmədik. Ailəm Qold-Kost (Avstrailya) şəhərinə köçəndə mənim on yaşım var idi. Biz sahilə yaxın yaşayırdıq. Yeniyetməliyimin ilk illəri çimməklə və sörfinqlə məşğul olmaqla keçib.
Bütün bunlara rəğmən, uşaqlığım elə də xoş olmayıb. Atam bizi atıb gedəndə səkkiz yaşım var idi. Anam yenidən ailə qurdu, o vaxtdan içki və dava-dalaş evimizdən əskik olmurdu. Bir axşam valideynlərim arasında olan qızğın mübahisədən sonra mən çarpayımda oturub özümə söz verdim ki, nə vaxtsa evlənsəm, heç vaxt arvadımla mübahisə etməyəcəyəm. Bu qədər problemlərə baxmayaraq, altı uşaq, anam və atalığımdan ibarət ailəmiz mehriban idi.
Yeniyetməliyimin son illərində həmyaşıdlarımın əksəriyyəti özbaşına həyat sürməyə başladı. Onlar marixuana, tütün çəkir və başqa narkotik maddələr qəbul edirdilər, həmçinin spirtli içkilərdən sui-istifadə edirdilər. Mən həmyaşıdlarımdan heç də geri qalmırdım. Üstəlik, motosiklet dəlisi idim. Bir neçə dəfə ciddi qəza keçirməyimə baxmayaraq, bu əyləncədən əl çəkmədim və motosikletlə bütün Avstraliyanı dolaşmağı planlaşdırdım.
Öz kefinə yaşayan insan olsam da, dünyanın vəziyyəti haqda düşünəndə və bəşəriyyətin problemlərinə əksər insanların laqeyd yanaşdığını görəndə həmişə narahatçılıq keçirirdim. Mən Allah, din və dünyanın vəziyyəti haqqında həqiqəti bilməyi çox istəyirdim. Bu haqda iki katolik keşişinə sual verəndə, onların cavabı məni qane etmədi. Eyni sualları müxtəlif protestant ruhanilərinə də verəndə onların da irəli sürdükəri fikirlər mənim üçün qənaətbəxş olmadı. Sonra dostum məni Eddi adlı Yehovanın Şahidi ilə tanış etdi. Eddi ilə dörd dəfə söhbət etdik, hər dəfə də o, mənim suallarıma Müqəddəs Kitabdan cavab verirdi. Elə ilk görüşdən başa düşdüm ki, xüsusi bir şey tapmışam. Ancaq onda hələ dərk etmirdim ki, həyatımı kökündən dəyişməliyəm.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ: Avstraliyanı dolaşdığım vaxt başqa bir Yehovanın Şahidinə rast gəldim və onunla söhbət etdim. Lakin Kvinslendə qayıdandan sonra altı ay Yehovanın Şahidləri ilə əlaqəm olmadı.
Sonra bir dəfə işdən evə qayıdarkən yolda əllərində balaca çanta, səliqəli geyinmiş iki kişini gördüm və düşündüm ki, yəqin onlar Yehovanın Şahididir. Onlara yaxınlaşanda fikrimdə yanılmadığımı anladım və mənə Müqəddəs Kitabı öyrətməyi xahiş etdim. Elə həmin andan Yehovanın Şahidlərinin yığıncaq görüşlərinə getməyə başladım və hətta 1973-cü ildə Sidneydə keçirilən konqresdə oldum. Ancaq ailəm, xüsusilə də anam mənim Müqəddəs Kitabı öyrənməyimdən xəbər tutanda qəti etirazını bildirdi. Bu və digər səbəblərdən irəli gələrək mən Yehovanın Şahidləri ilə əlaqəni kəsdim. Düz bir il başım yeni məşğuliyyətə, kriket oynamağa qarışdı.
Bir gün başa düşdüm ki, yalnız Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənəndə özümü həqiqətən xoşbəxt hiss edirdim. Mən onlarla yenidən əlaqə saxladım və yığıncaq görüşlərinə getməyə başladım. Həmçinin narkoman dostlarımla bütün münasibətlərimi kəsdim.
Bu dəyişiklikləri etməyə məni ən çox Müqəddəs Kitabdan Əyyub haqqında öyrəndiklərim təşviq etdi. Bill adlı mehriban, eyni zamanda açıq sözlü yaşlı bir Şahid mənə müntəzəm Müqəddəs Kitabı öyrədirdi. Əyyubun əhvalatını araşdırdıqdan sonra Bill məndən soruşdu ki, Şeytan daha kimlərin öz mənfəəti üçün Allaha xidmət etdiyini iddia etmişdir (Əyyub 2:3—5). Müqəddəs Kitabdan bildiyim personajların adlarını çəkdikcə o, səbirlə deyirdi: «Düzdür, onun da». Sonra o, düz gözümün içinə baxıb dedi: «Şeytan bunu elə sənin haqqında da deyir!» Bunu eşidəndə az qala stuldan yıxılmışdım. Buna kimi də mən öyrəndiklərimin hamısının həqiqət olduğuna əmin idim. Amma yalnız indi başa düşdüm ki, nə üçün öyrəndiklərimə uyğun yaşamalıyam. Bundan dörd ay sonra mən vəftiz olub Yehovanın Şahidlərinin sırasına qoşuldum.
MƏNƏ FAYDASI: Ağlıma gətirməyə belə qorxuram ki, Müqəddəs Kitab normalarına uyğun yaşamağı öyrənməsəydim, başıma nələr gələrdi. Yəqin çoxdan ölmüşdüm. Narkotik və içki keçmiş dostalarımın çoxunun axırına çıxdı. Bəzilərinin isə ailəsində xoşbəxtlikdən əsər-əlamət yoxdur. Düşünürəm ki, mənim də aqibətim eyni cür olardı.
İndi mən ailəliyəm və arvadım Marqaretlə Yehovanın Şahidlərinin Avstraliyadakı filialında xidmət etməkdən sevinc duyuruq. Qohumlarımdan heç kim Yehovanın Şahidi olmadı. Buna baxmayaraq, ötən illər ərzində Marqaretlə mən bir çox insanlara və mənim kimi, həyat tərzlərini dəyişən ər-arvadlara Müqəddəs Kitabı öyrətməyin gətirdiyi sevinci yaşamışıq. Nəticədə, biz çoxlu gözəl dostlar qazanmışıq. Bundan savayı, Yehovanın Şahidi kimi tərbiyə olunan Marqaret mənə qırx il bundan əvvəl verdiyim sözün üstündə durmağa kömək edir. Biz artıq 25 ildən çoxdur ki, xoşbəxt ailə həyatı sürürük. Təbii ki, nədəsə sözlərimizin üst-üstə düşmədiyi vaxtlar olur, ancaq indiyə kimi bir dəfə də olsun mübahisə etməmişik. Biz yaxşı bilirik ki, bütün bunlara Müqəddəs Kitabın sayəsində nail olmuşuq.
ÜMUMİ TANIŞLIQ
ADI: MASAHİRO OKABAYAŞİ
YAŞI: 39
ÖLKƏ: YAPONİYA
TARİXÇƏSİ: QUMARBAZ
KEÇMİŞİM: Mən Naqoya şəhərindən qatarla təxminən yarım saatlıq məsəfəsi olan nisbətən kiçik şəhər İvakurada boya-başa çatmışam. Atam da, anam da xatirələrimdə mehriban insan kimi qalıblar. Ancaq daha sonra öyrəndim ki, sən demə, atam «yakuza» bandasının üzvü imiş. O, beş nəfərdən ibarət ailəmizi haram yolla qazandığı pulla dolandırırmış. Atam hər gün o qədər içirdi ki, axırda qaraciyər sirrozundan öldü. Onda mənim 20 yaşım var idi.
Atam koreyalı olduğundan cəmiyyət içində bizə qarşı çox vaxt ayrı-seçkilik edilirdi. Bu və digər problemlərə görə mənim yeniyetməlik illərim heç də xoş keçmədi. Yuxarı sinifdə oxuyanda tez-tez dərsləri buraxırdım, bir ildən sonra isə məktəbə tamamilə getmədim. Həm polisin qeydiyyatında olduğumdan, həm də yarı koreyalı olduğum üçün iş tapmaq müşkül məsələ idi. Nəhayət, mən bir iş tapdım, amma sonra dizimdən zədələndiyim üçün artıq fiziki iş görə bilmirdim.
Özümü dolandırmaq üçün paçinko (yapon qumar oyunu) oynamağa başladım. O vaxt mən bir qızla yaşayırdım. O, mənim normal iş tapmağımı və onunla evlənməyimi istəyirdi. Amma qumardan çoxlu pul gəldiyi üçün həyat tərzimi dəyişmək istəmirdim.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ: Bir gün qapımızı Yehovanın Şahidlərindən biri döydü və mənə «Həyat necə əmələ gəlib? Təkamül, yoxsa yaradılma yolu ilə?» kitabını verdi. Əvvəllər mən bu sualın üzərində heç düşünməmişdim. Ancaq bu kitabı oxuduqdan sonra mən Müqəddəs Kitab haqqında daha çox öyrənməyə razı oldum. Məni həmişə insan öləndən sonra onunla nə baş verdiyi maraqlandırırdı. Bu və digər suallara Müqəddəs Kitabdan aydın cavab aldıqda sanki gözlərim açıldı.
Mən başa düşdüm ki, Müqəddəs Kitabdan öyrəndiklərimi tətbiq etməliyəm. Buna görə də nikahsız yaşadığım qızla münasibətlərimi rəsmiləşdirdim, siqareti atdım, saraltdığım uzun saçlarımı kəsdim və üst-başıma əl gəzdirdim. Həmçinin qumarın da daşını atdım.
Bu dəyişiklikləri etmək mənə heç də asan olmadı. Məsələn, siqareti atmağa gücüm çatmırdı. Lakin Yehova Allaha ürəkdən dua etməyin və Ona güvənməyin sayəsində bunu bacardım. Qumarı atandan sonra tapdığım birinci iş də mənim üçün əsil sınaq idi. İş çox çətin və gərgin idi, aldığım maaş isə qumarda qazandığımın yarısı idi. Bu çətin vaxtlarımda Müqəddəs Kitabın Filipililərə 4:6, 7 ayələri mənə çox kömək etdi. Orada deyilir: «Heç nəyin qeydinə qalmayın, amma hər şeydə, dua və niyaz edərək, öz xahişlərinizi Allaha şükranla bildirin. Və Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərinizi və düşüncələrinizi qoruyacaqdır». Bu sözlərin həqiqət olduğuna dönə-dönə əmin olmuşam.
MƏNƏ FAYDASI: İlk dəfə Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayanda arvadım buna heç də razı deyildi. Ancaq hərəkətlərimdə böyük dəyişikliklər etdiyimi görəndə o da Müqəddəs Kitabı öyrənməyə və mənimlə Yehovanın Şahidlərinin yığıncaq görüşlərinə getməyə başladı. İndi hər ikimiz Yehovanın Şahidiyik. Allaha birlikdə xidmət etmək əsil xeyir-duadır!
Müqəddəs Kitabı öyrənməzdən əvvəl xoşbəxt insan olduğumu düşünürdüm. Ancaq əsil xoşbəxtliyin nə demək olduğunu indi anlayıram. Müqəddəs Kitab normalarına uyğun yaşamaq asan deyil, lakin əminəm ki, bu, həyatda tuta biləcəyim ən gözəl yoldur.
ÜMUMİ TANIŞLIQ
ADI: ELİZABET CEYN SKOFİLD
YAŞI: 35
ÖLKƏ: BÖYÜK BRİTANİYA
TARİXÇƏSİ: ƏYLƏNCƏ ÜÇÜN YAŞAYAN
KEÇMİŞİM: Mən Şotlandiyanın Qlazqo şəhərindən bir az aralıda yerləşən Hardqeyt adlı kiçik şəhərdə böyümüşəm. Yehovanın Şahidi olan anam yeddi yaşım olanda mənə Müqəddəs Kitabı öyrətməyə başladı. Ancaq 17 yaşım olanda mənə məktəb yoldaşlarımla vaxt keçirmək — gecə klublarına getmək, ağır roka qulaq asmaq, spirtli içki içmək daha maraqlı gəlirdi. Ruhani şeylər məni qətiyyən maraqlandırmırdı. Əylənmək üçün istirahət günlərini səbirsizliklə gözləyirdim. Lakin 21 yaşım olanda hər şey dəyişdi.
Mən Şimali İrlandiyada yaşayan qohumlarımgilə getmişdim. Mən orada olanda «narıncı orden»in tərəfdarı olan protestantlar mitinq keçirirdilər. Protestantlarla katoliklərin bir-birinə qarşı göstərdikləri nifrət və fanatizm məni şoka salmışdı. Bu hadisə məni sanki yuxudan ayıltdı. Anamın mənə Müqəddəs Kitabdan öyrətdikləri yadıma düşdü. Mən bilirdim ki, Allah Onun normalarına uyğun yaşamayan insanlardan heç vaxt razı qalmayacaq. Birdən başa düşdüm ki, Allahın mənim necə yaşamağımı istədiyinə əhəmiyyət verməyib, özüm üçün yaşayıram. Qərara gəldim ki, evimizə, Şotlandiyaya qayıdanda Müqəddəs Kitabı tam ciddiyyətlə araşdıracağam.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ: Bu qədər fasilədən sonra mən öz doğma şəhərimdə Yehovanın Şahidlərinin yığıncaq görüşünə gedəndə özümü narahat hiss edir və həyəcanlanırdım. Ancaq hamı məni gülərüzlə qarşıladı. Müqəddəs Kitabdan öyrəndiklərimi həyata keçirməyə başladım. Elə o vaxtdan bir yetkin bacı mənə xüsusi diqqət yetirirdi. O, mənə özümü yenidən yığıncağın bir üzvü kimi hiss etməyə kömək etdi. Keçmiş dostlarım məni gecə klublarına yenə də dəvət edirdilər, amma onlara bildirdim ki, Müqəddəs Kitab normaları ilə yaşamağa qəti qərarlıyam. Bir müddət sonra onlar məni rahat buraxdılar.
Əvvəllər Müqəddəs Kitaba yalnız qanun-qayda kitabı kimi baxırdım. İndi ona münasibətim tamamilə fərqlidir. Mənim keçirdiyim hissləri yaşayan və eyni zəiflikləri olan Müqəddəs Kitab personajlarına real insanlar kimi baxmağa başladım. Onlar da mənim kimi səhvlər buraxmış, lakin ürəkdən tövbə etdikdən sonra Yehova Allah onları bağışlamışdı. Bu, məni əmin etdi ki, əgər Allahı razı salmaq üçün əlimdən gələni etsəm, yeniyetməliyimdə Ondan üz döndərdiyimə baxmayaraq, məni bağışlayacaq və etdiyim səhvləri unudacaq.
Mənə ən çox təsir edən anamın davranışı oldu. Mən Allahdan üz döndərsəm də, o, bunu etmədi. Onun Yehovaya sadiqliyi sayəsində başa düşdüm ki, Yehovaya xidmətdə hər şeydən keçməyə dəyər. Mən uşaq olanda anam məni özü ilə evdən-evə təbliğ etməyə aparırdı. Bu, mənim heç xoşuma gəlmirdi və təsəvvür edə bilmirdim ki, başqalarına təbliğ etməklə vaxtı necə hədər vermək olar. Ancaq indi İsanın Matta 6:31—33 ayələrində yazılmış vədini öz üzərimdə yoxlamaq qərarına gəldim. O demişdi: «“Nə yeyəcəyik?”, “Nə içəcəyik?”, “Nə geyəcəyik?” — deyə qayğı çəkməyin... səmavi Atanız da bütün bu şeylərə ehtiyac duyduğunuzu bilir. Lakin əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın; və bunların hamısı sizə əlavə olaraq veriləcəkdir». Yehovanın Şahidi kimi vəftiz olunduqdan çox keçməmiş bütün vaxtımı aparan işimi dəyişib, yarımgünlük işə düzəldim və tammüddətli xidmətə başladım.
MƏNƏ FAYDASI: Yeniyetməlik illərimi əylənməklə keçirsəm də, heç nədən məmnunluq duymurdum. Həyatım mənasız idi. İndi bütün gücümü Yehovaya xidmətə sərf etdiyim üçün həyatımdan olduqca razıyam. Mənalı və məqsədyönlü həyat sürürəm. İndi mən ailəliyəm və yoldaşımla hər həftə Yehovanın Şahidlərinin müxtəlif yığıncaqlarına baş çəkir, həmimanlılarımızı ruhlandırırıq. Bu, mənim üçün böyük şərəfdir. İkinci dəfə mənə şans verdiyi üçün Yehovaya çox minnətdaram!
[19-cu səhifədəki yazı]
«Elə ilk görüşdən başa düşdüm ki, xüsusi bir şey tapmışam. Ancaq onda hələ dərk etmirdim ki, həyatımı kökündən dəyişməliyəm»
[21-ci səhifədəki yazı]
«Siqareti atmağa gücüm çatmırdı. Lakin Yehova Allaha ürəkdən dua etməyin və Ona güvənməyin sayəsində bunu bacardım»
[22-ci səhifədəki yazı]
«Əvvəllər Müqəddəs Kitaba yalnız qanun-qayda kitabı kimi baxırdım. İndi ona münasibətim tamamilə fərqlidir. Mənim keçirdiyim hissləri yaşayan və eyni zəiflikləri olan Müqəddəs Kitab personajlarına real insanlar kimi baxmağa başladım»