Ailəvi ibadət və şəxsi öyrənmə üçün təkliflər
YEHOVANIN ŞAHİDLƏRİNİN yığıncaq görüşlərinin cədvəlində 2009-cu ilin əvvəlində dəyişiklik edilmişdir. Həftəarası günlərdə keçirilən iki görüş birləşdirilib bir gündə keçirilməyə başladı və hamı yaranan boş vaxtı ailəvi ibadətə və ya şəxsi öyrənməyə həsr etməyə təşviq olundu. Bu yeniliyə necə yanaşırsan? Ondan tam faydalanırsanmı?
Bəziləri ailəvi ibadət zamanı müzakirə ediləcək materialı seçməkdə çətinlik çəkirlər. Rəhbərlik Şurasının bütün ailələr üçün bir qayda təsis etmək fikri yoxdur. Şəraitlərin fərqli olduğunu nəzərə alsaq, hər ailə və ya Yehovanın ayrı-ayrı xidmətçisi bu axşamı necə səmərəli keçirə biləcəyini özü üçün müəyyən etməlidir.
Bəziləri yığıncaq görüşlərinə hazırlaşırlar, lakin ailəvi ibadəti yalnız bu cür keçirmək şərt deyil. Başqaları Müqəddəs Kitabı oxuyub onu müzakirə edir, balaca uşaqları olan ailələr isə hətta oxuduqları parçaları səhnələşdirirlər. Ailəvi ibadəti, yığıncaq görüşlərimizdə olduğu kimi, həmişə sual-cavab şəklində keçirməyə ehtiyac yoxdur, hətta məsləhət də deyil. Sərbəst şərait ruhlandırıcı müzakirə və fikir mübadiləsi üçün daha münasibdir. Bu cür xoş ab-hava yaradıcılıq qabiliyyətini işə salmaq üçün gözəl şərait yaradır. Onda ailəvi ibadət hamı üçün unudulmaz və sevindirici keçəcək.
Üç uşaq atası olan bir qardaş yazır: «Çox vaxt biz ailəvi ibadət zamanı Müqəddəs Kitabı oxuyuruq. Hər birimiz oxuyacağımız fəslə qabaqcadan hazırlaşırıq. Uşaqlar özləri üçün bəzi fikirləri seçib onları araşdırırlar, sonra isə öyrəndiklərini bizimlə bölüşürlər. Oğlum Maykl [7 yaşı var] tez-tez şəkil çəkir və ya abzasları öz sözləri ilə yazır. Devid və Ketlin [13 və 15 yaşları var] isə Müqəddəs Kitab hekayələrini müşahidəçinin nöqteyi-nəzərindən yazırlar. Misal üçün, bir dəfə biz Yusifin fironun çörəkçisinin və saqisinin gördükləri yuxuları yozması barədə oxumuşduq. Ketlin bunu müşahidə edən dustağın nöqteyi-nəzərindən inşa yazmışdı» (Yar., fəs. 40).
Artıq qeyd olunduğu kimi, şəraitlər fərqlənir və bu təbiidir. Bir ailə və ya adam üçün münasib olan şeylər digərləri üçün münasib olmaya bilər. Burada gətirilən çərçivədə şəxsi öyrənmə və ailəvi ibadət üçün bir çox təkliflər var. Ümidvarıq ki, onların çoxu sizin üçün yararlı olacaq.
[6 və 7–ci səhifələrdəki çərçivə/şəkil]
Yeniyetmə uşaqları olan ailələr üçün:
• «Gənclərin sualları. Praktiki məsləhətlər» (rus.) kitabını oxuyun və müzakirə edin.
• Özünüzü Müqəddəs Kitabda qələmə alınan hadisələrin iştirakçısı kimi təsəvvür edin. («Gözətçi Qülləsi»nin 1996-cı il 15 may sayının 14-cü səhifəsindəki 17-ci və 18-ci abzaslara baxın, rus.)
• İndiki və gələcək məqsədləriniz barədə danışın.
• Vaxtaşırı olaraq təşkilatın videofilmlərinə baxın və onları müzakirə edin.
• «Gözətçi Qülləsi»ndəki «Gənc oxucularımız üçün» rubrikasını nəzərdən keçirin.
Uşaqları olmayan cütlüklər üçün:
• «Ailə xoşbəxtliyinin sirri» kitabından 1, 3, 11—16-cı fəsilləri müzakirə edin.
• Müqəddəs Kitabı oxuyarkən və ya araşdırma zamanı tapdığınız fikirləri bir-birinizlə bölüşün.
• Yığıncağın Müqəddəs Kitab öyrənməsinə və ya «Gözətçi Qülləsi»nə hazırlaşın.
• Birgə xidməti necə genişləndirə biləcəyiniz haqda danışın.
Subay bacı və qardaşlar, eləcə də ailə üzvləri imanlarına şərik olmayanlar üçün:
• Vilayət konqresində çıxan yeni nəşrləri araşdır.
• «İllik məcmuə»lərin yeni və köhnə buraxılışlarını oxu.
• Sizin ərazinizdə aktual olan sualları araşdır.
• Təbliğ xidməti üçün təqdimələr hazırla.
Balaca uşaqları olan ailələr üçün:
• Müqəddəs Kitabdakı hadisələri səhnələşdirin.
• Yaddaşı itiləməyə kömək edən oyunlar oynayın. Məsələn, «Oyanın!» jurnalının 30 və 31-ci səhifələrinə (rus.) baxmaq olar.
• Vaxtaşırı uşaqların fantaziyasını inkişaf etdirən nə isə edin. («Oyanın!» jurnalının 1996-cı il 8 mart sayının 16—19-cu səhifələrində yerləşən «Müqəddəs Kitabı zooparkda öyrənin!» adlı məqaləyə baxın, rus.)
• «Gözətçi Qülləsi»ndəki «Uşaqlarınızı öyrədin» rubrikasını müzakirə edin.